Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Turizm Nazirlərinin V konfransı keçiriləcək.
Türk Şurasından verilən məlumata görə, videoformatla təşkil olunacaq konfransa quruma üzv ölkələrlə yanaşı Macarıstanın turizm naziri də qatılacaq.
Türk Şurasının Baş katibliyi tərəfindən iyunun 23-də təşkil olunacaq konfransda nazirlər yeni növ koronavirus (COVID-19) pandemiyası səbəbindən iflic vəziyyətinə düşən turizm sektorunda canlanma yaratmaq üçün vəziyyətdən çıxış yolunu müzakirə edəcəklər.
Konfrans çərçivəsində Türk Şurasının “Modern İpək Yolu Turu” layihəsinə aid təqdimat olacaq.
Polşanın www.turistiko.pl portalında yerli turistlər üçün Azərbaycanda mütləq gəziləcək yerlərin və dadılacaq təamların siyahısı dərc olunub.
Məqalədə polyaklar üçün görülməsi maraqlı yerlər olaraq Bakı, o cümlədən, Xalça Muzeyi, İçərişəhər, “Flame Towers”in müşahidə meydançası, Qız qalası, Fəvvarələr Meydanı, Port Baku, Heydər Əliyev Mərkəzi, Palçıq vulkanları, habelə Quba rayonun adı çəkilib.
Milli mətbəx nümunələrindən isə polyaklara piti, plov, dolma (bütün çeşidləri), cızbız, düşbərə, kabablar məsləhət görülür.
Səudiyyə Ərəbistanında 4 milyard dollar büdcəsi olan Turizmin İnkişafı Fondu yaradılıb. Fondun fəaliyyətini təmin etmək üçün əlavə olaraq özəl banklarla 45 milyard dollar məbləğində kreditlər ayrılması barədə razılıq əldə olunub.
Krallığın Turizm naziri Əhməd əl-Xətib jurnalistlərə müsahibəsində turizm sektorunun ölkə üçün böyük əhəmiyyətini qeyd edib. Vurğulayıb ki, bu sektorun fəaliyyətinin gücləndirilməsi Səudiyyə Ərəbistanının daha populyar turizm istiqamətinə çevrilməsi, əhalinin məşğulluğunun təmin edilməsi və ölkəyə valyuta axınının artması baxımından mühümdür.
Krallığın vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın rəhbərlik etdiyi Milli İnkişaf Fondu artıq yeni fondun İdarə Heyətinin tərkibini təsdiq edib. Turizmin İnkişafı Fondu 2022-ci ilədək Səudiyyə Ərəbistanının 38 şəhərində yerli və beynəlxalq turizmin inkişafı üzrə milli strategiyanı həyata keçirəcək.
Qeyd edək ki, hazırda turizm sektorundan gəlirlər ümumi daxili məhsulun 3 faizini təşkil edir və Krallığın Nazirlər Şurası 2030-cu ildə bu göstəricini 10 faizə çatdırmağı planlaşdırır.
Tanınmış Azərbaycan şairi, Puşkin adına “Qızıl medal”, ABŞ Xeyriyyə Cəmiyyətinin “Həyat açarı” (“Key to life”) mükafatı laureatı Leyla Əliyevanın gürcü dilinə tərcümə edilmiş “Dünya yuxutək əriyir” kitabı Gürcüstanda nəşr olunub.
Tərcümə Mərkəzindən bildirilib ki, Gürcüstanın zəngin ədəbi ənənəli “Merani” nəşriyyatında işıq üzü görmüş kitaba şairin “Gecə”, “İnanmıram”, “Şair”, “Sevgi qulu”, “Ümid”, “Həyat nədir, ölüm nə?”, “Mənim yüküm”, “Bəzən qəm gələndə ağlamaq olmur” kimi 100-dən çox şeiri daxil edilib.
Şeirlərin gürcü dilinə tərcüməçisi və “Ön söz”ün müəllifi – görkəmli gürcü şairi, İlia Çavçavadze, Qalaktion Tabidze və Anna Kalandadze mükafatları laureatı, Gürcüstan Yazıçılar Birliyinin sədri Makvala Qonaşvilidir.
M.Qonaşvili “Qanadlarımı özümə saxlayıram” sərlövhəli “Ön söz”də yazır: “İnsan genetik mücrüdür – əcdadlarının bir çox xüsusiyyətləri damla-damla bu mücrüyə yığılır. Yaxşısı da, yamanı da, ilahi və insani olanı da.
Tanınmış Azərbaycan şairi Leyla Əliyevanın da bir çox xüsusiyyətləri – istedad, xeyirxahlıq, öncüllük xarizması məhz əcdadlarından gəlir. Bəli, Tanrı öz lütfü ilə sevimli bəndəsinə yalnız gözəlliklər bəxş etmir, onu həm də imtahana çəkir, sınaqlardan çıxarır. Bir çox keyfiyyətlərlə mükafatlandırılan gənc xanıma, üstəlik, şairlik istedadı da verilirsə, bu sınağın əlahiddə yükü, çəkisi daha da artır və həqiqi poeziyanın yaranmasına yol açır. “Poeziya” adlı iztirab və ağrı dolu haləti, azca da olsa yüngülləşdirməyə isə qanadlar, bəli, məhz qanadlar lazımdır.
Yayı saxlayıram yerdə sizlərə,
Təkcə qanadları götürürəm mən.
Bilirəm, bu heç də igidlik deyil,
Bəs bu xəyal həyat... o nədir, görən?..
Şair onu qoruyan mələklərə də məhz bu səbəbdən – ona verilmiş əlahiddə yükü, azca da olsa, yüngülləşdirməkdən ötrü üz tutur...
Nədən tərk etdiniz məni, mələklər,
Bu ağır çağımda, bu dar günümdə?..
Göz-gözü görməyən duman içində
Məni tənha qoyub, hara getdiniz?..
Hindlilərin belə bir hikmətli kəlamı var: “Əgər sevirsənsə, iztirab çəkirsənsə, deməli, insansan”. Leyla xanımın zahiri gözəlliyini də bu fikrə əlavə etsək, gözlərimiz qarşısında ecazkar insan portretinin bədirləndiyinin şahidi olarıq. Bu portret bəzək-düzəksiz, süni rənglər, boyalar qatılmadan, öz təbii axarıyla, əsrarəngiz aləmlər dolu duyğularla yenilənməkdə, şeirdən-şeirə, misradan-misraya dəyişməkdədir. O gah Günəştək bərq vurur, gah sirlər dolu Ay nuruna bürünür, gah tovuz quşu lələklərinin əlvanlığıyla sayrışır, bəzən isə işığın başına dolanan pərvanətək çırpınır. Bütün bu baş verənlərin yaradıcısı da, qəhrəmanı da – parlaq Günəş də, işığa çırpılan kövrək pərvanə də Şairin özüdür...
Sözdü deyirsən ki, intizar üzmür..
Bir dayan, elə hey qaçan pərvanəm.
Mən axı görürəm necə tənhasan,
İşıq sevdasıyla uçan pərvanəm.
Sən gəl ayrı səmtə qanad çal indi
Onsuz da canını alov yaxacaq!
Yaşat şeir dolu duyğular bizə,
Məxmər qanadını qırma sən ancaq...
O yazır, usanmadan yazır. Sanki “uzun illər boyu vaxtı ondan oğurlayan zamanı” qabaqlamaq istəyir. Yaza-yaza, özü də bilmədən, heyrətamiz, bənzərsiz, əbədi qadın portreti yaradır. Bəzən Cənnət bağından yenicə qovulmuş kimi, bu portretin hüdudlarını da adlayır, kənara çıxır və hər hansı bir çərçivənin olmadığı ilğımvari ənginliklərdə dolaşır...
Heç nə istəmirəm, siz məni ancaq
Salmayın içinə çərçivələrin...
Rəhminiz gəlirsə, siz ey insanlar,
Sadəcə ruhuma azadlıq verin...
Məni duymağa da can atmayın heç!
İçimdə bir ayrı fırtınalar var.
Kədər yaxın gəlməz belə ürəyə,
Ruhum bir özümlə rahatlıq tapar...
Sevinclə kədərin, reallıqla təxəyyülün, sadəliklə mürəkkəbliyin, oyanışla, röyanın vəhdəti olan bu poeziyanın dərinliklərində həm də minlərlə suallar yatır. Suallar hamısı dəqiq, cavablarsa şərtidir...
Zaman hara axdı belə sürətlə?..
Qapının ağzını qış aldı yenə.
Yenə yay ruhumu soyuğa verdim,
Tutuldum darıxmaq xəstəliyinə.
Nədən yenə dondun, mənim ürəyim?
Bu daşı, bu buzu kim əridəcək?
Heç cürə qızınmaq istəmirsən sən,
Axı adətindi qışda qəm yemək.
Bu yerdə Andre Marlonun bir kəlamı yada düşür: “Əsas məsələ hər şeyin cavabını tapmaq yox, sualların tükənməməsidir”. Leyla Əliyevanın yaradıcılığı, poetik dillə desək, başdan-başa suallar yağışıdır. Onlar bitmək, tükənmək bilmir...
Təyyarələr uçur quşlar sayağı,
Belə tələsərmi heç uçan quşlar?
Yuxu da görmürəm bu aralıqda
Gözümün, könlümün yaddaşımı var?
Gözlərim tutulub, görürəm ancaq
İnsanlar can atır hey faniliyə.
Hamı gözləyir ki, nəsə olacaq,
Amma olanları görən yox... Niyə?
Apolinerin “Poeziya – hayqırtılardan süzülən duyğular selidir” fikrinə istinad etsək, şairin hamıya eyni miqdarda çatdırmaq istədiyi söz payının haradan baş aldığını, nədən qaynaqlandığını anlamış olarıq. Şair yaralı qəlbin yeganə məlhəminin mərhəmət olduğunu da yaxşı bilir...
Amma göz yaşını görür gecələr...
Bağışla, ürəyim, keç günahımdan.
Mən bir də xətrinə dəymərəm sənin,
Mən bir də getmərəm sənin yanından.
Deyirlər, vaxtım var beşcə dəqiqə.
Qaçaraq yazıram: çatarmı, görən?!
Nöqtəni qoymaq da çıxır yadımdan,
Nöqtə gərəkdirmi bu sətirlərə?
Bu dünyada təqdirəlayiq, ali olan nə varsa, heç də bir insana, yaxud ölkəyə məxsus deyil. O, şəfəqləri bütün Yer üzünü tutan Günəştək hamıya, bütün bəşəriyyətə məxsusdur. Leyla Əliyevanın şeirlərini tərcümə edib, zəngin poetik ənənəsi olan gürcü oxucusuna çatdırmaq qərarına da məhz bu səbəbdən gəldim.
Bu sözləri sənə ünvanlayıram, ey şairlər yurdunun gürcü oxucusu! Sən ki “qafiyələr çarmıxının ağrılarının” nə olduğunu yaxşı bilirsən?! Onu da yaxşı bilirsən ki, “Tanrı əli toxunan yük yüngül olar”. İstedadlı Azərbaycan şairi Leyla Əliyevanın “Dünya yuxutək əriyir” kitabını da sənə məhz bu ümidlə təqdim edirəm”.
Azərbaycan musiqi tarixinə adı qızıl hərflərlə yazılan bəstəkarlardan biri də Cahangir Cahangirovdur. Erkən yaşlarından musiqiyə olan böyük məhəbbəti onu ömrünün sonuna qədər tərk etməyib və o, bu məhəbbətini əsərlərini musiqi dili ilə ifadə etməyə çalışıb. Məhz musiqi sənətinə böyük sevgisi sayəsində C.Cahangirov bu sənətin böyük siması ola bilib.
Bu gün xor və instrumental musiqiləri, operaları, bir-birindən gözəl mahnıları həmişə sevə-sevə dinlənilən görkəmli bəstəkar, Xalq artisti Cahangir Cahangirovun anadan olmasından 99 il ötür.
Cahangir Cahangirov 1921-ci ildə Balaxanıda anadan olub. A.Zeynallı adına Bakı Musiqi Məktəbində, Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Cahangir Cahangirovun xor sahəsindəki yaradıcılığı əsası Üzeyir bəy tərəfindən qoyulan Azərbaycan xor sənətində zirvə sayılır. 1949-cu ildən başlayaraq bəstəkar Azərbaycan radiosunun nəzdində yaradılan xora rəhbərlik edərək 15 ildən artıq bu kollektivlə işləyib. Müəllifin yazdığı mahnıların çoxu ilk dəfə həmin kollektivin ifasında səslənib. Habelə o, Azərbaycan Dövlət Filarmoniyası nəzdindəki Mahnı və Rəqs Ansamblının bədii rəhbəri vəzifəsində çalışıb.
Bəstəkarın yaradıcılığı öz çoxşaxəliyi ilə seçilir. Bəstəkarın xor və instrumental musiqiləri, operaları, bir-birindən gözəl mahnıları var. Bunlara misal olaraq bəstəkarın xor musiqisi sahəsində maraqlı əsərlərindən "Arazın o tayında" poemasını, 12 hissədən ibarət "Dostluq mahnısı" kompozisiyasını, "Azad" və "Xanəndənin taleyi" operalarının xor nömrələrini, "Füzuli", "Nəsimi", "Aşıq Alı" kantatalarını, "Sabir" oratoriyasını, Süleyman Ələsgərovla birlikdə yazdığı odanı, onlarca xor miniatürlərini göstərmək olar. Sadalanan əsərlərdən xüsusilə "Füzuli" kantatası Cahangir Cahangirova böyük şöhrət gətirib. O, kantatada böyük şairin möhtəşəm obrazını, onun daxili aləminin özünəməxsus təsirli və qəlboxşayan musiqi dili ilə aça bilib. Kantatanın mətn əsasını Füzulinin üç qəzəli təşkil edir. Hər bir qəzəl isə öz növbəsində bir hissəni özündə birləşdirir.
1949-cu ildə "Arazın o tayında" vokal simfonik poemasını yaradır və bu əsərə görə SSRİ Dövlət mükafatı laureatı adına layiq görülür.1950-ci ildə "Arazın o tayında" poeması Moskvanın Sütunlu Salonunda və Leninqradda ifa olunub, lent yazısı isə Ümumittifaq Radiosunun Qızıl fonduna daxil edilib. 1962-ci ildə Mirzə Ələkbər Sabirin 100 illik yubileyi münasibətilə xor və simfonik orkestr üçün "Sabir" oratoriyasını yazıb.
Cahangir Cahangirov "Azad" və "Xanəndənin taleyi" adlı iki operanın müəllifidir. Hər iki əsərində Cahangirov musiqi klassikamızın korifeyi Üzeyir Hacıbəyovun sənət ənənələrini davam etdirib.
"Xanəndənin taleyi" operası inqilabdan əvvəl Azərbaycanda yaşamış məşhur xanəndə Seyid Mirbabayevin acı taleyindən bəhs edir. Cah-calalla həyat sürmək xatirinə qürbət ölkədə var-dövlətini göyə sovurub yoxsullaşan, təkcə səsi yazılmış sınıq qrammofon valı qalmış xanəndənin bu yadigarı şikəst olmuş həyatının rəmzi kimi qavranılır. Ən başlıcası odur ki, Cahangirovun operası istər üslub, istərsə də musiqi dramaturgiyası baxımından bitkin və kamildir.
Məlumdur ki, xanəndənin repertuarı muğam və təsniflərdən ibarət olur. Operanın qəhrəmanı özü xanəndə olsa da, müəllif ifaçılıq sənətinin materialı kimi muğamlardan sitat şəklində istifadə etməyi qarşısına məqsəd qoymayıb. Lakin onun operadakı musiqi materialı başdan-başa muğam boyaları ilə rövnəqlənib.
1957-ci ildə Xalq yazıçısı Mirzə İbrahimovun eyniadlı əsəri əsasında bəstələdiyi "Azad" operasında istismar olunan bir xalqın ağır işgəncələrlə dolu həyat tərzi, azadlıq yolunda mübarizəsi əks etdirilib. Librettonun müəllifi və tamaşanın quruluşçu rejissoru Kərim Kərimovdur.
Cahangir Cahangirovun böyükhəcmli, mürəkkəb formalı görkəmli əsərləri ilə yanaşı, musiqi xəzinəmizi zənginləşdirən çoxlu mahnıları da vardır. Onun mahnıları asanlıqla ürəklərə yol tapır. Müasirlik, dövrün tələbi ilə ayaqlaşma Cahangir sənətinin başlıca məziyyətidir. Məhz bunun üçündür ki, bəstəkarın mahnıları müasirlərimizin ürək çırpıntılarını, xoş arzusunu, istəyini ifadə edir, adamları qurmağa, yaratmağa səsləyir.
Bəstəkar çoxlu lirik mahnıların da müəllifidir. Mübaliğəsiz demək olar ki, bəstəkarın hərtərəfli istedadını üzə çıxaran bu janr ona daha çox müvəffəqiyyət gətirib. Onun "Ana", "Aylı gecələr", "Bakı", "Dan ulduzu, bir də mən", "Ay qız", "Ala göz" və s. mahnıları dillər əzbəridir. Bəzi gözəl mahnıları məhz teatr tamaşalarından, ekrandan "ayrılaraq" xalq arasında yayılıb. Bu mənada "Yenilməz batalyon" filmindən "Teymurun mahnısı"nı, "Koroğlu" filmindən "Xanəndə qızın mahnısı"nı, "Dəli Kür" filmindən "Ana kür" və "Bayatılar" mahnılarını yada salmaq olar. Bu mahnılarda lirik ifadə çox güclüdür.
Cahangir Cahangirovun mahnılarında söz və musiqi üzvi surətdə müəlliflərin də əməyini və istedadını təqdir etməmək olmaz. Uzun müddət Cahangirov Zeynal Cabbarzadə, İslam Səfərli və Rəfiq Zəka ilə birlikdə çalışıb.
Bəstəkar klassiklərin yaradıcılığına da müraciət edib, ürəyəyatımlı mahnı və romanslar yazıb. Hələ 1947-ci ildə Nizaminin anadan olmasının 800 illik yubileyi günlərində bəstəkar şairin sözlərinə “Gül camalın” romansını və xor üçün “Qəzəl” əsərini yazıb. Azərbaycanın mütəfəkkir şairi İmadəddin Nəsiminin 600 illik yubileyi günlərində şairin bir qəzəli əsasında mahnı-romans yazıb. “Ənəlhəq” adlanan həmin əsər Azərbaycan Teleradio Verilişləri Şirkətinin keçirdiyi müsabiqədə birinci mükafata layiq görülüb.
Füzuli dühası, Füzuli lirikası Cahangir Cahangirovun yaradıcılıq təxəyyülünə çox uyğundur. Məhz bunun nəticəsidir ki, bəstəkar vaxtaşırı Füzuli şeiriyyatından ilhamlanaraq ürəyəyatımlı əsərlər bəstələyib. Bu baxımdan onun Füzulinin qəzəllərinə bəstələdiyi vokal miniatürlərini qeyd etməliyik. Xüsusilə, "Eşitməzdim" qəzəl-romansı cəlbedicidir.
1992-ci ildə dünyasını dəyişən bəstəkar yaratdığı əsrlərlə hər zaman mənsub olduğu xalqın qəlbində yaşayır.
İyunun 26-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün sosial şəbəkəsindən məşhur fransız yazıçısı və təyyarəçi Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” povestinin motivləri əsasında hazırlanan eyniadlı tamaşanı nümayiş etdirəcək. Tamaşa teatrın “YouTube” kanalında saat 12.00-da nümayiş olunacaq.
Tamaşanın quruluşçu rejissoru Kamran Şahmərdan, quruluşçu rəssamı Oleq Bezrukdur.
Antuan de Sent-Ekzüperi öz qısa ömründə iki həyat yaşayıb - təyyarəçi həyatı, bir də yazıçı ömrü. Əslində onun həyatının bu iki tərəfini bir-birindən ayırmaq da olmaz, çünki yazıçı Ekzüperinin azsaylı əsərləri təyyarəçi Ekzüperinin təcrübəsi, dünyagörüşü, hiss-həyəcanı hesabına yaranıb. Yazıçının şah əsəri sayılan “Balaca şahzadə” povesti əsasında hazırlanan eyniadlı tamaşa həm uşaqlar, həm də böyüklər tərəfindən maraqla qarşılanır.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı “Manqurt” tamaşasını növbəti dəfə “facebook” səhifəsi vasitəsilə onlayn təqdim edib.
Səhnə əsəri Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının motivləri əsasında hazırlanıb.
Tamaşanın bədii rəhbəri Anar Babalı, rejissoru Mədəniyyət və İncəsənət Universitetinin diplomçusu İzamə Babayeva, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğludur.
Birhissəli epik rəvayət olan səhnə əsərində Əməkdar artistlər Mehriban Xanlarova, Elşən Rüstəmov, aktyorlar Ramin Şıxəliyev, İmran Ali Qurban və Fərid Vəliyev iştirak ediblər.
İspaniyanın tanınmış yazıçısı Karlos Ruis Safon 55 yaşında dünyasını dəyişib.
TASS agentliyinə istinadən xəbər verilir ki, bu barədə “Planeta” nəşriyyatı özünün “Twitter” səhifəsində yazıb.
KİV-lərin yaydığı məlumata görə, yazıçı uzun sürən xəstəlikdən sonra Los-Ancelesdə vəfat edib.
Karlos Ruis Safon 1964-cü ildə Barselonada dünyaya gəlib. Bədii karyerasına 1993-cü ildə yeniyetmələr üçün yazdığı mistik kitablardan başlayıb. 2001-ci ildə çap etdirdiyi “Küləyin kölgəsi” romanı (La sombra del viento) 30-dan çox dilə tərcümə olunaraq 15 milyon tirajla yayımlanıb. Müəllifin digər məşhur əsərlərindən “Mələyin oyunu” (El juego del angel, 2008) və “Səma məhbusu” (El prisionero del cielo, 2011) romanları böyük marağa səbəb olub.
Norveçin paytaxtı Osloda Əmir Cavad Şeyx, Norveçin sabiq Baş Naziri Xyel Maqne Bundevik və İslam Dünyası Cəmiyyətinin baş katibi Məhəmməd Bin Əbülkərim Əl-İsa tərəfindən “Nifrət və ayrı-seçkiliyə qarşı necə mübarizə aparmaq olar?” mövzusunda tədbir keçirilib.
Norveçdəki “CAN” Azərbaycan diaspor təşkilatının sədri və modelyer Şervin Nəcəfpur tədbirdə iştirak edərək, Norveçin Baş Naziri Erna Sulberq ilə fikir mübadiləsi aparıb, ona Azərbaycanda baş tutmuş “Milli mirasımızın mənşəyini kəşf et” layihəsindən hədiyyə təqdim edib.
Söhbət əsnasında Ş.Nəcəfpur layihənin mahiyyətini izah edərək deyib: “Biz Norveçlə Azərbaycanın mədəniyyətini bir araya gətirməyə çalışdıq. Azərbaycanlı model Elvin İsmayıla öz milli geyimimizi, Norveçdən Azərbaycana səyahət etmiş bloqer Jeanette Hildebrandta isə Norveç milli geyimini geyindirib Qobustanda, Şamaxıda, Atəşgahda, Yanardağda onların fotosessiyalarını etdik”.
Diaspor fəalı vurğulayıb ki, “CAN” təşkilatının təşəbbüsü və “Caspian Media Holding”in təşkilati dəstəyi ilə Norveç və Azərbaycan dostluğunun təcəssümü olan “Discovering The Land of Origin” (Milli mirasımızın mənşəyini kəşf et) layihəsi 2019-cu ilin iyul ayında həyata keçirilib. Bu layihənin fotoları məşhur norveçli fotoqraf və art-direktor Edmond Yanq tərəfindən çəkilib və böyük maraq oyadıb.
Baş Nazir Erna Sulberq minnətdarlığını bildirərək layihəni yüksək qiymətləndirib. O, layihənin çox vacib məsələyə toxunduğunu vurğulayaraq, diaspor təşkilatına fəaliyyətində uğurlar arzulayıb.
COVID-19 pandemiya dövründə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Respublika Komitəsi öz növbəsində həmkarlar ittifaqı üzvləri və onların ailələrinə dəstək məqsədilə bir sıra layihələr gerçəkləşdirib.
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi öz xidmətində olan Bakı şəhəri üzrə təşkilatlarda çalışan aztəminatlı ailələrə ərzaq yardımlarının paylanılmasını davam etdirir.