Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • “Zəng” tamaşası onlayn nümayiş olunacaq

    İyunun 21-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün sosial şəbəkədəki səhifələrində “Zəng” tamaşasını nümayiş etdirəcək.

    Böyüklər üçün hazırlanan “Zəng” tamaşasının ssenari müəllifi və quruluşçu rejissoru teatrın baş rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubovadır.

    Həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulan tamaşa ailədə valideynlərə olan münasibətdən bəhs edir. Tamaşa izləyicilərdə valideynləri unutmamaq, onları diqqətdən kənarda saxlamamaq kimi müsbət keyfiyyətlər aşılayır.

    Quruluşçu rəssamı Rəvanə Yaqubova olan musiqi tərtibatlı tamaşa dəfələrlə beynəlxalq festivallarda qalib olub.

     
  • Milli Kitabxana tərəfindən “15 iyun - Milli Qurtuluş Günü” adlı virtual sərgi açılıb

    M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası tərəfindən “15 iyun - Milli Qurtuluş Günü” adlı virtual sərgi təqdim olunub.

    Sərgidə rəsmi sənədlər, Azərbaycan, rus və ingilis dillərində kitab və məqalələrin elektron resursları yer alır. Burada nümayiş olunan materiallar tam mətnləri ilə verilib.

    Sərgi ilə http://anl.az/el/vsb/15_iyun/index.html  linkindən tanış olmaq olar.

  • Lənkəran Dövlət Teatrında tamaşaların onlayn qaydada nümayişi davam edir

    Koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi günlərində Mədəniyyət Nazirliyinin tövsiyəsi əsasında Lənkəran Dövlət Dram Teatrının tamaşalarının onlayn nümayişi davam edir.

    Koronavirus pandemiyası (COVID-19) ilə bağlı tətbiq olunmuş məhdudiyyətlər kollektivin yaradıcılıq mühitinə təsir göstərməyib. Öz işini onlayn və virtual əsaslarla quran teatrın kollektivi ötən müddət ərzində sosial şəbəkələr üzərindən yeni və retro səhnə əsərlərini tamaşaçılarına təqdim edib.

    Bu ilin repertuar planına müvafiq olaraq, teatrda fransız dramaturqu Marsel Berkye Marinyenin “Oğru” tamaşasının məşqləri aparılır.

    T.Heydərov bildirib ki, aprel və may aylarında teatrın sosial şəbəkələrdəki səhifələri vasitəsilə onlayn qaydada 12 tamaşa nümayiş etdirilib. İyun ayı ərzində isə uşaqlar və böyüklər üçün daha 11 tamaşanın onlayn nümayişi nəzərdə tutulub.

    Buraya teatrın hazırkı repertuarında olan və böyük tamaşaçı marağı qazanmış Bəhram Beyzayi “İlan Sultan” və “Senemar”, Tərlan Abdullayevin “Tilsimlənmiş qız”, Hafiz Mirzənin “Ay lolo və ya moskvalı gəlin”, Əjdər Olun “Meşəbəyinin dostları”, Eduardo de Filipponun “Ruhlar”, Çingiz Aytmatovun “Manqurt” və digər səhnə əsərləri daxildir. İndiyədək 4 tamaşanın təqdimatı reallaşıb.

    “Əlbəttə, tamaşalarımızın virtual və onlayn qaydalarla nümayişi təcrübəmizdə yeni olsa da, gündən-günə izləyicilərimizin sayı artmaqdadır. Lazım gəldiyi təqdirdə, biz gələcəkdə də bu üsuldan istifadə edəcəyik”, - deyə teatrın direktoru bildirib.

  • Beynəlxalq Muğam Mərkəzi canlı yayımlarını davam etdirir

    Beynəlxalq Muğam Mərkəzindən (BMM) “Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində canlı yayımlar davam edir. Canlı efirin növbəti buraxılışı Xalq artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin muğam kafedrasının müdiri Teyyub Aslanovun yaradıcılığına həsr olunub.

    Xanəndə canlı efirdə həmkarları Əməkdar artistlər Əliağa Sədiyev (tar), Toğrul Əsədullayev (kamança) və Kamran Kərimov (nağara) ilə birgə qonaq olublar. Verilişdə xanəndənin həyat və yaradıcılıq yoluna nəzər salınıb, sənət səhifələri vərəqlənib. O, sənətə gəlişi, ona dərs deyən görkəmli xanəndələr və pedaqoqlarla bağlı xatirələrini bölüşüb.

    Canlı efirdə Teyyub Aslanovun pedaqoji fəaliyyəti, yetişdirdiyi tələbələrlə bağlı məlumatlara da geniş yer ayrılıb. Teyyub Aslanov eyni zamanda bu gün muğam sənətimizə dövlətin qayğısını xüsusi vurğulayıb. Bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın muğama diqqət və qayğısının nəticəsində muğam sənəti bu gün özünün ən yüksək inkişaf dövrünü yaşayır.

    Canlı efirdə xanəndə yeni repertuarla çıxış edib. Proqramda “Mahur təsnifləri” silsiləsindən parçalar, həmçinin bəstəkar mahnıları da yer alıb.

    Qeyd edək ki, “Bizi birləşdirən mədəniyyət” layihəsinin çəkilişləri həftəiçi canlı olaraq BMM-dən yayımlanır. Canlı yayımları BMM-in “Facebook” səhifəsindən də izləmək mümkündür.

  • “Sənə nağıl danışım” adlı nağıl müsabiqəsinin qalibləri elan edilib

    İstedadlı uşaq və yeniyetmələri ətrafına toplayan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı “Sənə nağıl danışım” adlı nağıl müsabiqəsinin qaliblərini elan edib.

    Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyasının Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsi çərçivəsində keçirdiyi müsabiqə 7-13 yaşarası uşaqları əhatə edib. Balacaların koronavirus, ümumilikdə xəstəliklərlə bağlı bilgi və təəssüratlarını öyrənmək məqsədilə reallaşan yarışmaya ümumilikdə 483 nağıl təqdim olunub.

    Tanınmış yazıçı və jurnalistlərdən ibarət 5 nəfərlik münsiflər heyətinin gərgin müzakirələri sayəsində 10 ən yaxşı nağıl seçilərək müvafiq yerlər üzrə sıralanıb.

    “Şah yuxuda olanda” nağılı ilə ilk üçlüyün birincisi Ülvi Hüseynlidir. İkinci yerin qalibi “Hay tayfalarından cadugərin nağılı” ilə Ayhan Anaroğlu, üçüncü yerin qalibi isə “Taclı məxluqun əhvalatı” nağılı ilə Paşa Ömərdir.

    Müsabiqənin şərtinə görə ilk üçlükdə qərarlaşan bu nağıllar əsasında bir tamaşa hazırlanıb mövsümün sonunadək teatrsevərlərə təqdim ediləcək.

    Seçilən yeddi nağılın müəllifinə isə müsabiqənin iştirakçı diplomları təqdim olunacaq. Münsiflər heyətinin balaca nağılçılar arasından seçdikləri yeddi nağıl arasından ən çox oxunan nümunəyə də təşkilatçılar tərəfindən diplom təqdim ediləcək.

    Münsiflərin təyin etdiyi yeddi qalib isə “Xoşbəxtlik diyarı” (Yusif Zamanlı), “Yaxşılıq itmir” (Fəxrəddin İmaməliyev), “Leylanın arzuları” (Leyla Vəlizadə), “Əlinin yuxusu” (Vüsal Davudlu), “Qüsursuz həyat” (Sabir Seyidov), “Nənə və siçan” (Könül Məmmədova) və “Qırmızı velosiped” (Ayan Məmmədli) nağıllarıdır.

    Qeyd edək ki, müsabiqə dünyanı cənginə alan koronavirus pandemiyasının respublikamızın ərazisində daha geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən sosial təcrid layihələrinə dəstək məqsədilə keçirilib.

  • “Unudulmayanlar” layihəsinin növbəti mühazirəsində görkəmli xanəndə Ələsgər Abdullayevdən bəhs edilib

    Beynəlxalq Muğam Mərkəzinin “Unudulmayanlar” layihəsinin növbəti mühazirəsində görkəmli xanəndə Ələsgər Abdullayevdən bəhs edilib.

    Azərbaycan musiqi tarixinin inkişafında mühüm xidmətləri olan görkəmli sənətkarlardan biri də xalq arasında Şəkili Ələsgər adı ilə şöhrət qazanan Ələsgər Abdullayev olub. Yaşadığı dövrdə onun şöhrəti Azərbaycandan uzaqlara da yayılıb, İranda, Türkiyədə, Orta Asiyanın bir çox şəhərlərində verdiyi konsert proqramları dillərdə dastan olub.

    Ələsgər Abdullayev 1866-cı ildə Şəki şəhərində anadan olub. Uşaqlıqdan xalq musiqisinə böyük marağı olsa da, kasıb valideynlərinə kömək məqsədilə gənc yaşlarında bənna köməkçisi işləyib.

    Xanəndə Keştazlı Həşimlə təsadüfi görüş Ələsgərin həyatında dönüş yaradıb və onun köməyilə məclislərə, toy şənliklərinə yol tapıb, zil və məlahətli səsi, muğamatı mükəmməl bilməsi ilə müasirlərinin etimadını qazanmağa müvəffəq olub. Cabbar Qaryağdıoğlunun yazdığına görə, Ələsgər Bakıya gələnə qədər Keştazlı Həşimdən “Bayatı-Şiraz” və “Segah” muğamlarını mükəmməl öyrənib.

    Şəkili Ələsgər 1912-1918-ci illərdə dəfələrlə Orta Asiyanın, İran və Türkiyənin bir çox şəhərlərində konsert proqramları ilə çıxış edib, tamaşaçıların böyük rəğbətini qazanıb. Təsadüfi deyil ki, o, İran məclislərinin birində gözəl ifaçılıq qabiliyyətinə görə şah onu qızıl, medalla təltif edib.

    Görkəmli sənətkar 1929-cu il aprel ayının 1-də Bakıda vəfat edib.

  • Ağstafada Milli Qurtuluş Günü münasibətilə videokonfrans keçirilib

    Ağstafa Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə 15 iyun - Milli Qurtuluş günü münasibətilə “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin azərbaycançılıq ideologiyasının təbliğində Heydər Əliyev Fondunun rolu gənc mədəniyyət könüllülərinin gözü ilə” mövzusunda videokonfrans keçirib.

    Videokonfransda rayonlar üzrə nümayəndələr, müəssisə rəhbərləri və mədəniyyət işçiləri iştirak edib.

    Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov bildirib ki, Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi və o vaxtkı hakimiyyətin xahişi ilə ikinci dəfə hakimiyyətə gəlməsi Azərbaycanda vətəndaş müharibəsinin qarşısını aldı, dövlət müstəqilliyinin itirilməsi təhlükəsi aradan qalxdı. Vüqar Qədirov Heydər Əliyevin həyata keçirdiyi iqtisadi islahatlardan, ordu quruculuğundan, mədəniyyət və incəsənət xadimlərinə göstərdiyi diqqət və qayğıdan, gənclərə dövlət dəstəyinin ən yüksək səviyyədə təmin olunmasından, xarici siyasətdə qazanılan uğurlardan danışaraq bugünkü müasir, güclü Azərbaycanın Heydər Əliyevin şah əsəri olduğunu bildirib.

    Tədbirdə o cümlədən, Ağstafa Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi Valeh Vəliyev, Tovuz rayonu üzrə nümayəndə Adil Həsənov, Tovuz, Qazax və Ağstafa rayon Heydər Əliyev Mərkəzlərinin direktorları Humay Aslanova, Ceyhunə Hüseynova və Ləman Cəlilova Heydər Əliyev irsinin, azərbaycançılıq ideologiyasının təbliğində mərkəzlərin gördükləri işlərdən danışıb, pandemiya dövründə həyata keçirilən virtual tədbirlərdən, hazırlanan videoçarxlardan, digər rayonların Heydər Əliyev Mərkəzləri ilə virtual əməkdaşlıq əlaqələrindən və Mərkəzlərə təşkil edilmiş ekskursiyalardan geniş bəhs ediblər.

  • Builki ANİMAFİLM-in qaliblərini möhtəşəm mükafatlar gözləyir!

    ANİMAFİLM festivalı Fransanın Azərbaycandakı səfirliyi və Fransız İnstitutunun (İFA) tərəfdaşlığı və Annecy Animasiya Filmləri Beynəlxalq Festivalının dəstəyi ilə "Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi" kateqoriyası üzrə yeni mükafat təsis edib. Builki ANİMAFİLM festivalının qalibi 2021-ci ildə Fransada keçiriləcək Annecy Beynəlxalq Animasiya Film Festivalında iştirak edəcək və MİFA adlı peşəkar akkreditasiya alacaqdır. Qalibin bütün səyahət və yaşayış xərcləri İFA tərəfindən ödəniləcək.

     

    ANİMAFİLM festivalı "Qısametrajlı animasiya filmi üçün ən yaxşı Azərbaycan ssenarisi" kateqoriyası üzrə qalibə də yeni mükafat təqdim etmək üçün Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi ilə əməkdaşlıq edir. Ssenari qalibinin mükafatı qiymətli fotokamera olacaq. Ssenari aşağıdakı mövzulardan biri ilə əlaqələndirilməlidir: müxtəliflik, tolerantlıq, multikulturalizm, insan haqları, qadın haqları və iqlim dəyişikliyi.


    Müraciət etmək üçün son tarix: 30.06.2020
    Əlavə məlumat üçün: www.animafilm.az

     

    Xatırladaq ki, III ANİMAFİLM festivalı Oktyabrın 14-dən 18-dək Bakı və Şəki şəhərlərində keçiriləcək. Builki festivalın mövzusu Fransız animasiyasına həsr olunmuşdur. Festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti, Azərbaycan Kinematoqrafçılar İttifaqı, Çex Respublikasının Azərbaycandakı səfirliyi, Fransanın Azərbaycandakı səfirliyi, Azərbaycandakı Fransız İnstitutu, Nizami Kino Mərkəzi, “Mücrü” nəşriyyatı, Barat Abdullayev və digər tərəfdaş və sponsoraların dəstəyi ilə keçiriləcək.

     

  • “Bir səbət tənhalıq” tamaşası nümayiş edilib

    Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində dramaturq və aktyor Məcid Vahidzadənin eyniadlı əsəri əsasında hazırlanmış “Bir səbət tənhalıq” tamaşası sənət ocağının sosial şəbəkələrdəki hesabları vasitəsilə onlayn nümayiş olunub.

    Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Nofəl Vəliyev, tərtibatçısı Zəminə Orucova, musiqi tərtibatçısı İradə Muradovadır.

    Tamaşada əlil insanların cəmiyyətə inteqrasiya olunmasının diqqət mərkəzində olduğu, heç kimin qüsurlu doğulmaqdan sığortalanmadığı qeyd edilir.

    Tamaşada söhbət mənəvi tənhalıqdan gedir, səhnə əsəri iki tənha qəlbin nəhayətdə bir-birini tapmasından bəhs edir.

  • “Manqurt” tamaşası onlayn göstəriləcək

    Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı “Manqurt” tamaşasını iyunun 19-da saat 19:00-da “Facebook” səhifəsi vasitəsilə canlı nümayiş etdirəcək.

    Səhnə əsəri Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının motivləri əsasında hazırlanıb.

    Tamaşanın bədii rəhbəri Anar Babalı, rejissoru Mədəniyyət və İncəsənət Universitetinin diplomçusu İzamə Babayeva, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğludur.

    Birhissəli epik rəvayət olan səhnə əsərində Əməkdar artistlər Mehriban Xanlarova, Elşən Rüstəmov, aktyorlar Ramin Şıxəliyev, İmran Ali Qurban və Fərid Vəliyev iştirak edəcəklər.