Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildən həyata keçirilən “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” (AKDT) layihəsinin növbəti mərhələsi olaraq, istedadlı gənc şair-yazıçıların əsərlərinin Türkiyədə tanıdılması işinə başlanılıb.
İlk olaraq layihə üzrə “Əlifba sırası”, “Dözmək üçün məşq”, “Qandalı görməsin”, “Bir də heç vaxt”, “Ömür – doğum günü hədiyyəmi”, “Hər kəsin öz eşqi”, “Əlvida ağacları”, “Kəpənək dərsi”, “Sevdiyin əsər” adlı kitabları ilə Azərbaycan oxucusuna yaxşı tanış olan Fərid Hüseynin fərqli mövzularda qələmə aldığı şeirlərdən ibarət “Yalan bayramı” adlı kitabı Türkiyə türkcəsində işıq üzü görüb.
Tədqiqatçı-jurnalist, publisist və naşir Vasif Quliyevin “İgidlərin sayı çoxdur bu yerdə...” kitabı işıq üzü görüb.
Kitabda müəllif Şuşanın keçmişini arayır, elin ziyalılarını, cəsur oğul və qızlarını axtarıb tapır, onların keçdikləri həyat və qəhrəmanlıq yollarına işıq tutur, doğma yurda şöhrət gətirən övladları bugünkü nəsillərə tanıtmağa və sevdirməyə çalışır.
Bir neçə illik tədqiqat və axtarışların məhsulu olan kitabda publisist tarixi hadisə və faktları özünəməxsus yanaşma ilə təhlil edərək bir çox hallarda görünməyən tərəfləri üzə çıxarır, əlaqələndirir, onlara dolğun məzmun verib mahiyyət və dəyərini artırmağı bacarır, həmçinin Cəlil Məmmədquluzadə, Yusif Vəzir Çəmənzəminli, Səməd Vurğun, Mikayıl Müşfiq kimi görkəmli ədiblərin Şuşa ilə, Qarabağla əlaqələri haqqında bir-birindən maraqlı yeni hekayə və faktlar təqdim edilir.
“İgidlərin sayı çoxdur bu yerdə...” kitabında 24 oçerk, 5 xatirə və 3 elmi məqalə toplanıb.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində bolqar yazıçısı Panço Pançevin “Dörd əkizin nağılı” əsəri əsasında səhnələşdirilən eyniadlı ikihissəli tamaşa sənət ocağının sosial şəbəkədəki səhifələri vasitəsilə nümayiş olunacaq.
Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu, quruluşçu rəssamı isə Elşən Sərxanoğludur.
Səhnə əsərində musiqi tərtibatının müəllifliyi İradə Muradovaya, səhnənin rəqslər və plastikası Vüsal Mehrəliyevə məxsusdur.
Qeyd edək ki, “Dörd əkizin nağılı” tamaşası uşaqlar üçün nəzərdə tutulub.
Əsasən komik rolların ifaçısı kimi tanınan Hacıağa Abbasov ömrünü teatra bağlayan, səhnə üçün yaşayan sənətkarlardan idi. Bakının Maştağa kəndində müəllim ailəsində anadan olan Hacıağa Abbasov ilk təhsilini kənddəki rus-tatar məktəbində alıb, daha sonra görkəmli ziyalı, maarifçi Həbib bəy Mahmudbəyovun məktəbində oxuyub. Burada o, Hüseyn Xələfovla (Ərəblinski) ilə görüşüb və bu xoş təsadüf onun gələcək həyatını müəyyənləşdirib. C.Zeynalov, M.Əliyev, S.Ruhulla kimi görkəmli aktyorların fəaliyyət göstərdiyi mühitə düşən H.Abbasov onlarla çiyin-çiyinə Azərbaycan teatrını inkişaf etdirməyə başlayıb.
Bu gün Hacıağa Abbasovun anadan olmasının 132-ci ildönümü tamam olur. O, səhnə fəaliyyətinə 1905-ci ildə M.F.Axundzadənin “Hekayəti Molla İbrahimxəlil Kimyagər” əsərində Molla İbrahimxəlil rolu ilə başlayıb. Bu, cəhalətin, qara qüvvələrin teatra, aktyorlara qarşı çıxışlarının tüğyan etdiyi dövr idi. Lakin hədə-qorxular, maddi çətinliklər onun iradəsini qıra bilməyib. Əksinə, o, həyatının mənası bildiyi teatra daha sıx bağlanıb.
1906-1909-cu illərdə təhsilini Port-Petrovskda (indiki Mahaçqala) davam etdirib. H.Abbasov burada azərbaycanlılardan ibarət teatr truppası yaradıb və sonralar bu truppanı Teymurxanşurada (Dağıstanın indiki Buynaksk rayonu) teatra çevirib. Bakıya müəllim kimi qayıdan gənc aktyor Müsəlman Artistləri Cəmiyyəti İttifaqının “Nicat”, “Həmiyyət” teatr truppalarında, daha sonra isə “Səfa” cəmiyyətinin, “Zülfüqar və Üzeyir bəy Hacıbəyli qardaşlarının müdiriyyəti” adlı teatr truppasında fəaliyyətini davam etdirməklə yanaşı, Balaxanı kənd məktəbində böyük satirik Mirzə Ələkbər Sabirlə birlikdə müəllim işləyir.
Hələ kiçik yaşlarından rus dilini mükəmməl öyrənən görkəmli aktyor rus ədəbiyyatına, xüsusilə də Lev Tolstoya böyük maraq göstərirdi, onun əsərlərini tərcümə edir, tamaşaya qoyurdu. Böyük rus ədibinin yaradıcılığına maraq onu 1907-ci ildə Tolstoyun Yasnaya Polyanadakı mülkünə gətirmiş və o, ədiblə yaxından tanış olmuşdu. H.Abbasov bu barədə xatirələrində yazır: “Mən böyük ədibə Azərbaycan oxucuları tərəfindən çox sevildiyini dedikdə o, xeyli məmnun oldu. Biz ayrılarkən “Hərb və sülh” kitabına “Yadigar üçün L.N.Tolstoydan” sözlərini yazıb, mənə bağışladı”.
H.Abbasovun səhnə fəaliyyətinin mühüm hissəsi özünün yaratdığı və rəhbərlik etdiyi Tənqid-Təbliğ Teatrı ilə bağlıdır. 1921-ci il noyabrın 13-də teatrın açılışında o dövrün çox böyük mədəniyyət və dövlət xadimləri - rus rejissoru Konstantin Stanislavski, Nəriman Nərimanov, mühəndis Zivər bəy, Əzim Əzimzadə, Məmməd Səid Ordubadi iştirak edib.
H.Abbasov teatrın səhnəsində, müxtəlif ədiblərin əsərləri ilə yanaşı, özünün yazdığı pyesləri də tamaşaya qoyub. Dünya və rus dramaturqlarının yaradıcılığını öyrənməklə, onları tərcümə etməklə yanaşı, dramaturgiya sahəsində qələmini müvəffəqiyyətlə sınayıb. O, “Bakının fəthi”, “Ağa Məhəmməd şah Qacar və Molla Pənah Vaqif”, “Əsgər oğluma”, “Sabirin məhkəməsi”, “Rus macərası” kimi bir-birindən maraqlı, zamanla səsləşən pyeslər yazıb. “Sabirin məhkəməsi” pyesində o, böyük satirikin keşməkeşli həyatını təsvir edib. Əsər haqqında H.Abbasov yazırdı: “1923-cü ildə mən Sabirlə işlədiyim günlərin xatirinə “Sabirin məhkəməsi” adlı kiçik bir pyes yazdım. Bu pyes o vaxt Tənqid-Təbliğ Teatrında, Bakı fəhlə klublarında bir müddət müvəffəqiyyətlə oynanıldı. Bu mənim müəllim yoldaşım olan böyük şairə kiçik bir hədiyyə idi”.
Teatr tez-tez Bakı kəndlərində tamaşalar verib. Teatrın fəaliyyəti Hacıağa Abbasovun və görkəmli sənətkar Mirzəağa Əliyevin adı ilə bağlı olduğundan xalq arasında “Hacımirzə” teatrı kimi tanınırdı. Məhz bu teatrın səhnəsində H.Abbasov özünün ən çox sevdiyi Şeyx Nəsrullah (“Ölülər”, Cəlil Məmmədquluzadə) rolunu 50 dəfədən çox oynamışdı. Aktyor “Ulduz” jurnalının 1974-cü il 5-ci nömrəsində dərc etdirdiyi məqaləsində yazırdı: “Bu obraz mənim ifamda Mirzə Cəlilin çox xoşuna gəlirdi”.
Görkəmli aktyor həm də maarif fədaisi idi. Onun fəaliyyətə başladığı dövr qaragüruhun xalqın maariflənməsinə ciddi əngəl törətdiyi illər idi. O, mövhumatın güclü olduğu kəndlərdə məktəblərin açılması, qızların məktəbə cəlb olunması işində fəal iştirak edirdi. Elə doğma Maştağa kəndində yaratdığı məktəb üçün az çalışmamışdı.
Böyük Vətən müharibəsi illərində o, respublika Xalq Komissarları Soveti yanında İncəsənət İşləri İdarəsi rəisi vəzifəsində çalışırdı. Qazax, Şamaxı, Göyçay, Zaqatala və Bərdədə teatrların yaradılması bilavasitə onun adı ilə bağlıdır. H.Abbasov Azərbaycanı kənd-kənd, oba-oba gəzir, istedadlı gəncləri toplayır, onlara kömək edirdi. O, Adil İsgəndərovu Gəncədən Bakıya gətirmiş və onun Moskvaya oxumağa göndərilməsinə nail olmuşdu. Görkəmli sənətkar tez-tez Bakının Balaxanı, Sabunçu, Zabrat, Əmircan, Keşlə, Maştağa, Nardaran və Mərdəkan kəndlərində zəhmətkeşlər qarşısında maraqlı çıxışlar edirdi. Bir sözlə, o, bütün yaradıcı gücünü səhnəyə, xalqın maariflənməsinə həsr etmişdi.
1927-ci ildə Milli Dram Teatrının direktoru vəzifəsinə təyin olunan H.Abbasov burada özünü bacarıqlı, fədakar bir mədəniyyət xadimi kimi göstərə bildi. Azərbaycan teatrının inkişafında yorulmadan çalışan H.Abbasov hər şeydən əvvəl yeni aktyor nəslinin yetişdirilməsinin qayğısına qalırdı. Məhz bu keyfiyyətləri nəzərə alınaraq onu 1929-1937-cu illərdə Bakı Teatr Texnikumuna rəhbər təyin etmişdilər. Burada o, ilk növbədə, teatrı bacarıqlı rejissor və aktyorlarla təmin etmək qayğısına qalırdı. Bu illərdə o, Azərbaycan səhnəsi üçün bütöv bir aktyor nəsli yetişdirmişdi. Həmin aktyorların bir çoxu - Ələsgər Ələkbərov, Adil İsgəndərov, Barat Şəkinskaya, Rza Əfqanlı - təkcə Azərbaycanda deyil, ozamankı Sovet İttifaqı məkanında geniş tanınan sənətkarlar idilər. Bütün bu xidmətlərinə görə H.Abbasov 1932-ci ildə Azərbaycanın ilk Xalq artisti adına layiq görüldü.
H.Abbasov Azərbaycan səhnəsinin bəzəyi olan bir-birindən gözəl obrazlar yaradıb. Bu sırada Mirzə Fətəli Axundzadənin “Hacı Qara” komediyasında Hacı Qara, Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” əsərində Hacı Qəmbər, Nəriman Nərimanovun ”Nadir Şah” əsərində Mirzə Mehdi xan, “Şamdan bəy”də Şamdan bəy, Şəmsəddin Saminin “Dəmirçi Gavə” əsərində Qubad , Nikolay Qoqolun “Müfəttiş” əsərində Osip, S.L.Lanskoyun “Qəzavat” əsərində Molla Hüseyn Dərbəndi, Üzeyir Hacıbəylinin “Arşın mal alan”ında Soltan bəy, “O olmasın, bu olsun”da Məşədi İbad, “Ər və arvad”da Kəblə Qubad, Zülfüqar Hacıbəyovun “Əlli yaşında cavan” əsərində Orduxan bəy, “Evliykən subay”da Kəblə Hacı rolu kimi bir-birindən dolğun obrazlar silsiləsini qeyd etmək olar.
Görkəmli aktyorun həyat yolu heç də asan keçməyib. O, repressiyaya məruz qalmış, uzun müddət təqib olunmuşdu. Orta Asiyada məcburi sürgün həyatı yaşayarkən burada səhnə fəaliyyətini davam etdirmiş, teatr truppaları, dərnəklər yaratmışdı.
H.Abbasov özünün keçdiyi çətin həyat yolunu, səhnə və ictimai fəaliyyətini 1973-cü ildə Azərbaycan teatrının 100 illiyi münasibəti ilə nəşr etdirdiyi ”Xatirələrim” kitabında geniş əks etdirmişdi. Əsər Bakının əhalisi, ictimai-siyasi həyatı, coğrafiyası, etnoqrafiyası haqqında maraqlı məlumatlarla zəngindir. Bu baxımdan “Xatirələrim”i Bakı tarixinə aid qiymətli mənbə saymaq olar.
Hacıağa Abbasov 1975-ci il mayın 7-də Bakıda dünyasını dəyişib və 2-ci Fəxri xiyabanda dəfn olunub.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə konsert proqramı hazırlanıb.
Azərbaycanın tanınmış estrada ulduzlarının iştirak etdikləri konsert COVID-19 infeksiyası ilə mübarizədə ön cəbhədə dayanan peşə sahiblərinə həsr olunub.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişinin 27-ci ildönümündə – Milli Qurtuluş Günündə təqdim olunacaq konsert proqramı həm də vətəndaşlara növbəti sınaq qarşısında birliyə, vahid qüvvə kimi çıxış etməyə, koronavirus pandemiyası ilə mübarizəyə dəstək verməyə, özləri və yaxınlarının sağlamlıqlarını qorumaq məqsədilə xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etməyə çağırış məqsədi daşıyır.
Layihə ölkə ərazisində davam edən xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq Heydər Əliyev Mərkəzində, tamaşaçısız həyata keçirilib. Konsert iyunun 15-də AZTV və Xəzər Televiziyasında 21:00-da, İctimai Televiziyada isə 21:30-da yayımlanacaq.
Azərbaycan çox qədim dövlətçilik ənənələrinə malik olan ölkələrdən biridir. Əsrlər boyu xalqımızın dövlətçilik ənənələri uzunmüddətli tarixi inkişaf prosesi keçərək bütünləşib, tamlaşıb. Dövlətçilik siyasi müstəvidə milli özünütəsdiq prosesinin mahiyyətini izah edir. Dövlət qurmaq və müstəqil yaşamaq isə heç də bütün xalqlara nəsib olmur. Tarixdə vaxtı ilə dövləti olub, sonralar müxtəlif səbəblərdən varlığına son qoyulan ölkələr də az deyil.
Mədəniyyət Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri Aydın Tağıyevin Milli Qurtuluş Günü münasibətlə hazırladığı yazını təqdim edirik.
Müstəqilliyi olan hər bir xalq onu quran, qoruyub saxlayan və dünyaya tanıdan ali liderə, dahi şəxsiyyətə, xilaskara borcludur. Çünki bu məsuliyyətli və taleyüklü missiyanı yerinə yetirmək, milli quruculuğun lideri, eləcə də xalqın böyük etimadına layiq olmaq dövlət xadiminin fədakar əməyini tələb edir. Tarix boyu az sayda siyasi lider adı çəkmək olar ki, onun adı həm yaddaşlara həkk olub, həm də dövlətçilik simvoluna çevrilib.
Azərbaycanın müstəqil dövlət kimi müasir tarixi məhz belə bir liderin adı ilə bağlıdır. Xalqımızın ümummilli lideri Heydər Əliyevin XX əsrdə yaratdığı milli dövlətçilik tarixi bizim üçün milli sərvətdir desək yanılmarıq. Bu böyük ad - Heydər Əliyev adı qüdrətli şəxsiyyəti, vətəndaş mübarizliyi, obyektiv prinsipiallığı və dönməz fədakarlığı ilə səciyyələnir. Bütün bu insani dəyərlərin əbədi daşıyıcısı olan Ulu Öndər yarım əsrə yaxın dövrdə Azərbaycan xalqı qarşısında müstəsna xidmətləri, ölkəmizin müstəqilliyinin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlətin qurulmasında və onun hərtərəfli inkişafında misilsiz fəaliyyəti olmuş dahi şəxsiyyətdir.
Ulu öndər Heydər Əliyev hansı vəzifədə, hansı şəraitdə olmasından asılı olmayaraq, ona münasibətin vahid ünvanı və məzmunu-ümumxalq məhəbbəti olub. O, 1969-cu ildə hakimiyyətə gəldiyi andan etibarən respublikamızın həyatında geniş vüsət alan dəyişikliklərə təkan verib, qısa müddət ərzində bütün istiqamətlərdə nailiyyətlər əldə olunub, milli mənəvi dəyərlərin dirçəlişi yolunda mühüm addımlar atıb. Sovetlər dönəmindən başlayan Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca istiqamətini milli özünüdərkin güclənməsinə şərait yaradan sürətli inkişaf strategiyası təşkil edib.
Azərbaycan dövlətçiliyinin və xalqının taleyində yeni sabahlara açılan tarixi yolun əsaslı dönüş mərhələsinin həlledici məqamları dəmir iradə, obyektiv prinsipiallıq, səmimiyyət, həssaslıq və müdriklikdən qaynaqlanan bu böyük şəxsiyyətə məxsus ideyalar məhz Heydər Əliyevin adı ilə bağlıdır. 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə yenidən daxili vəziyyət və hakimiyyət böhranı yarandı, eləcə də ictimai həyatın bütün sahələrində xaos başladı. Hakimiyyətdə yaranan boşluq nəticəsində rəhbərliyi əldə etmək uğurunda müxtəlif şəxslər və ayrı-ayrı qruplar arasında mübarizə gedirdi.
Bütün bu hadisələrin fonunda 1992-ci ildə hakimiyyəti ələ alan Xalq Cəbhəsi ölkəni idarə edə bilmədi və 1993-cü ilin yayında vətəndaş müharibəsi təhlükəsi yarandı. Belə çətin şəraitdə həmin ilin iyun ayında Azərbaycan xalqı öz xilaskar oğlunu - dahi Heydər Əliyevi Bakıya dəvət etdi. Vətənin təəssübkeş oğlu xalqın və hakim dairələrinin təkidli dəvətini qəbul edərək, iyunun 9-da Bakıya gəldi. Dövlətçiliyimizin müqəddəratının həll olunduğu belə vacib məqamda Ulu Öndərin Bakıya gəlişi əhalidə böyük ümidlər yaratdı.
Heydər Əliyev 1993-cü il iyunun 15-də yekdilliklə Azərbaycan Ali Sovetinin sədri seçildi. O, tarixi qayıdışı ilə xilaskarlıq missiyasını ləyaqətlə yerinə yetirdi və qısa zamanda vətəndaş müharibəsinin qarşısını aldı. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. 1997-ci ildə xalqın tələbi ilə Milli Məclis bu günü bayram elan etdi.
Beynəlxalq normalara əsaslanan demokratik, hüquqi dövlət quruculuğu, Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, yeni iqtisadi kursun müəyyən edilməsi kimi mühüm məsələlərin həlli ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. O, rəhbərliyə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulub.
Ulu Öndər deyirdi: "Milli azadlığa nail olmaq üçün milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır. Millət dövlət üçün yox, dövlət millət üçün çalışmalıdır". Bu sözlər bir daha dahi şəxsiyyətin əsas qayəsinin millət və onun firavanlığı olduğunu sübut edir. Ümummilli Liderin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsində Azərbaycanın milli mənafelərini qorumağa qadir nizamlı silahlı qüvvələr yaradıldı, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı. Həmçinin atəşkəsə nail olmaq üçün mümkün olan bütün siyasi və diplomatik vasitələr işə salındı. Nəticədə 1994-cü ilin may ayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu. Heydər Əliyevin ölkənin siyasi, iqtisadi, ictimai və mədəni həyatının bütün sahələrində həyata keçirdiyi planları Azərbaycanın gerçəkliyinə çevrildi. Onun müxtəlif sahələrə xüsusi diqqət və qayğısının nəticəsidir ki, hazırda elmin inkişafı, təhsilin tərəqqisi, əhalinin sağlamlığı, milli-mənəvi dəyərlərin qorunub saxlanılması və təbliği sahəsində onlara dövlət proqramı, regional inkişaf proqramları, xüsusi tədbirlər planı və konsepsiyalar yerinə yetirilməkdədir. İdarəçilik istedadı, tükənməz enerjisi, işgüzarlığı və yüksək peşəkarlığı ilə səciyyələnən Heydər Əliyev fenomeni düşüncə və fikir cəsarətinə, sərbəst qərar qəbuletmə qabiliyyətinə görə dünyanın ən nüfuzlu siyasi xadimlərindən biri kimi tanınır, sevilir və öyrənilir.
Memarı olduğu müstəqil Azərbaycan dövləti Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevlə bu gün də tam qətiyyət və iradə ilə yalnız inkişafa doğru irəliləyir və böyük uğurlara imza atır.
Ulu öndər Heydər Əliyev hər bir azərbaycanlının qürur mənbəyidir. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideyasının əsasını məhz onun adı ilə bağlıdır. Ümummilli liderin siyasəti və zəngin fəaliyyəti Azərbaycan tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib.
Sonda isə dahi şəxsiyyətin bu sitatını xatırlatmaq istərdim: “Azərbaycan müstəqil dövlətdir. Azərbaycanın dövlət müstəqilliyi tarixi hadisədir, Azərbaycan xalqının tarixi nailiyyətidir. Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir və bizim borcumuz dövlət müstəqilliyini, əldə etdiyimiz milli azadlığı daim qoruyub saxlamaq, bu müstəqilliyi möhkəmləndirməkdən və gələcək nəsillərə müstəqil, qüdrətli Azərbaycan dövləti çatdırmaqdan ibarətdir”.
15 İyun - Milli Qurtuluş Günü münasibətilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü, Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsi, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti və Daşkənddəki “Kitob dunyosi” qəzetinin birgə təşkilatçılığı ilə “Azərbaycan-Özbəkistan dostluğu və əməkdaşlığı: mədəni-ədəbi əlaqələr münasibətlərimizin fövqündə” adlı onlayn beynəlxalq konfrans keçirilib. Konfransda Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, hər iki ölkənin mədəniyyət və ədəbiyyat sahəsi üzrə dövlət qurumlarının rəhbərləri, alimlər, ziyalılar iştirak ediblər.
Konfransı açan Qənirə Paşayeva Azərbaycan və Özbəkistan arasında tarixi dostluq əlaqələrindən, inkişaf edən münasibətlərdən danışıb, Prezident İlham Əliyevin qardaş ölkəyə xüsusi diqqət yetirdiyini, münasibətlərin bütün sahələrdə genişləndiyini bildirib. O, Özbəkistanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olmasını böyük hadisə adlandırıb, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Türk Şurası çərçivəsində COVID-19 pandemiyası ilə bağlı videokonfransın keçirildiyini və üzv ölkələrin bir-biri ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb. Q.Paşayeva çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı haqqında məlumat verib, Ermənistanın təcavüzü nəticəsində ölkəmizə, habelə onun mədəni irsinə böyük zərər vurulduğunu bildirib. O, ölkələrimiz arasında turizm sahəsində də əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd edib. Deputat dostluğumuzun əbədi olduğunu söyləyərək, mədəni-ədəbi əlaqələrin möhkəmləndirilməsi və inkişafı istiqamətindəki fəaliyyət haqqında danışıb.
Ölkəmizin Özbəkistandakı səfirliyinin birinci katibi, AMM-in direktoru Samir Abbasov Azərbaycan dövlətinin Özbəkistanla münasibətlərə xüsusi önəm verdiyini söyləyib. O, xarici ölkələrdə ilk Mədəniyyət Mərkəzinin məhz Özbəkistanda fəaliyyətə başlamasının bunun bariz nümunəsi olduğunu deyib. S.Abbasov Türk Şurasının Zirvə Görüşü çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında Bakı şəhərində keçirilən görüşün gələcəkdə iki ölkənin əməkdaşlığında yeni imkanlar açacağını qeyd edib. Direktor Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanın tarixi şəhərlərində Azərbaycan mədəniyyəti, ədəbiyyatı, musiqisi günlərinin, habelə çoxsaylı konfransların, dostluq konsertlərinin, təqdimatların, sərgilərin keçirildiyini, qarşılıqlı memorandumların, qardaşlaşmış şəhərlər haqqında müqavilələrin imzalandığını söyləyib. Diplomat Özbəkistan mətbuatında hər il Azərbaycana dair çoxlu məqalənin, televiziya verilişinin yayımlandığını, Azərbaycan klassiklərinin əsərlərinin özbək dilinə çevrilərək nəşr olunduğunu qeyd edib. O, Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Özbəkistanda 70 adda kitabın, habelə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair nəşrlərin çap olunduğunu, hər il özbək mətbuatının aparıcı nümayəndələrinin Azərbaycana mediaturunun təşkil edildiyini bildirib. Samir Abbasov gələcək layihələr haqqında danışaraq mədəniyyət, ədəbiyyat, turizm, habelə elm, təhsil sahələrində Mədəniyyət Mərkəzi tərəfindən çoxsaylı layihələrin həyata keçiriləcəyini bildirib.
Digər çıxış edənlər - “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru Erkin Nuriddinov, Özbəkistan Yazıçılar Birliyi sədrinin müavini, şair Gayrat Majid iki ölkə arasında mədəni - ədəbi əlaqələr sahəsində xeyli iş görüldüyünü, Mədəniyyət Mərkəzi ilə çoxsaylı birgə layihələrin həyata keçirildiyini qeyd ediblər.
AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə, Özbəkistanın Termez Dövlət Universitetinin Filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, "Termez Universiteti” qəzetinin baş redaktoru Obidjon Shofiyev Özbəkistanda Azərbaycana dair zəngin əlyazmaların saxlanıldığını deyib, onların kataloqunun yaradılmasının, gələcəkdə tədqiq edilməsinin vacibliyini bildiriblər. K. Məmmədzadə Mədəniyyət Mərkəzinə müraciət edərək ədəbiyyat və mədəniyyətin müxtəlif sahələri, aktual problemləri üzrə hər ay belə konfransların keçirilməsini təklif edib.
“Kitab dunyosi” qəzetinin baş redaktoru, şairə, tərcüməçi Xasiyyət Rüstəmova, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun professoru, Azərbaycan-Özbəkistan-Türkmənistan şöbəsinin müdiri Almaz Ülvi Binnətova, özbək tarixçisi Şuxrat Salamov, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin dosenti, universitetdəki Məhəmməd Füzuli adına Azərbaycan Mərkəzinin rəhbəri Gülbahar Aşurova tərcümə layihələri, gələcəkdə Özbəkistan ali məktəblərində Azərbaycan dili kafedrasının yaradılması məsələləri haqqında fikirlərini bölüşüblər. Xasiyyət Rüstəmova tərcümə işi sahəsinin təkmilləşdirilməsi, gələcəkdə bu istiqamətdə Özbəkistanın ali məktəblərində müvafiq kafedranın yaradılması təklifi ilə çıxış edib.
Konfrans iştirakçıları ölkələrimiz arasında mədəniyyət, humanitar sahədə həyata keçirilən və davam edən tədbirlər, əldə olunan uğurlar barədə danışaraq, mövcud vəziyyət, qarşıda duran əsas vəzifələr, problemlər və perspektivlərə dair geniş fikir mübadiləsi aparıb, gələcək planları da müzakirə ediblər.
Misir hökuməti turizm sektorunun fəaliyyətinin bərpa edilməsi məqsədilə iyulun 1-dən oktyabrın 31-dək əcnəbi turistlər üçün viza rüsumlarını ləğv edib.
Misirin Turizm naziri Xalid əl-Anani və Mülki Aviasiya naziri Məhəmməd Manar iyulun 1-dən bərpa ediləcək beynəlxalq uçuşlar və turizm üzrə həyata keçirilən tədbirləri və yeni qaydaları Qahirədə keçirdikləri mətbuat konfransında açıqlayıblar.
Mətbuat konfransında iyulun 1-dən etibarən Misirin bütün aeroportlarında kommersiya uçuşlarının bərpa ediləcəyi bildirilib. Qeyd olunub ki, təyyarələr tam sterilizə edilib, uçuş zamanı sərnişinlərə təkcə quru yeməklər və şüşədəki içkilər təklif ediləcək. Bundan başqa, COVID-19-un geniş yayıldığı ölkələrdən gələn turistlər virus testindən keçməlidir.
Misirin Cənubi Sinay, Qırmızı dəniz və Matruh vilayətlərində otellər əcnəbi turistləri qəbil edəcək. Turizm naziri bildirib ki, əlbəttə, ölkəyə birdən-birə minlərlə turistin gəlməsi gözlənilmir. Onun sözlərinə görə, otel otaqları boşaldıqdan sonra 12 saat ərzində boş saxlanılacaq və sterilizasiya aparılacaq. Qonaqlar və turizm obyektlərinin işçilərinin sutkada bir neçə dəfə bədən temperaturu ölçüləcək. Bundan başqa, turistlər üçün tarixi məkanlara ekskursiyalar da məhdudlaşdırılacaq.
Türkiyənin İstiqlal marşının (dövlət himni) sözlərini yazan şairi Məhmət Akif Ərsoyun həyatı ekranlaşdırılır.
Çəkilişlərinə bu ilin sentyabr ayında start veriləcək “Akif” filminin İstiqlal marşının ölkənin dövlət himni olaraq qəbul edilməsinin 100-cü ildönümü - 2021-ci il martın 12-də ekranlara çıxması planlaşdırılır. Belə ki, himn məhz 1921-ci il martın 12-də Türkiyə Böyük Millət Məclisi tərəfindən rəsmi şəkildə qəbul olunub.
“Darçın” kinostudiyası tərəfindən çəkiləcək filmin rejissoru Kudret Sabancı, ssenari müəllifi isə Hakan Haksundur. Ekran əsərinin məsləhətçiləri Mehmet Akif Ersoyun nəvəsi Selma Ersoy Argon, İstiqlal Marşının ilk nəşr olunduğu “Sebilürreşad” jurnalının baş redaktoru Fatih Bayhan, Türkiyənin keçmiş dövlət xadimi Yüksel Yalova və professor Yasin Aktaydır.
Beynəlxalq Muğam Mərkəzindən (BMM) “Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində canlı yayımlar davam edir. Canlı efirin növbəti buraxılışı Xalq artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin muğam kafedrasının müdiri Teyyub Aslanovun yaradıcılığına həsr olunub.
Xanəndə canlı efirdə həmkarları Əməkdar artistlər Əliağa Sədiyev (tar), Toğrul Əsədullayev (kamança) və Kamran Kərimov (nağara) ilə birgə qonaq olublar. Verilişdə xanəndənin həyat və yaradıcılıq yoluna nəzər salınıb, sənət səhifələri vərəqlənib. O, sənətə gəlişi, ona dərs deyən görkəmli xanəndələr və pedaqoqlarla bağlı xatirələrini bölüşüb.
Canlı efirdə Teyyub Aslanovun pedaqoji fəaliyyəti, yetişdirdiyi tələbələrlə bağlı məlumatlara da geniş yer ayrılıb. Teyyub Aslanov eyni zamanda bu gün muğam sənətimizə dövlətin qayğısını xüsusi vurğulayıb. Bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın muğama diqqət və qayğısının nəticəsində muğam sənəti bu gün özünün ən yüksək inkişaf dövrünü yaşayır.
Canlı efirdə xanəndə yeni repertuarla çıxış edib. Proqramda “Mahur təsnifləri” silsiləsindən parçalar, həmçinin bəstəkar mahnıları da yer alıb.
Qeyd edək ki, “Bizi birləşdirən mədəniyyət” layihəsinin çəkilişləri həftəiçi canlı olaraq BMM-dən yayımlanır. Canlı yayımları BMM-in “Facebook” səhifəsindən də izləmək mümkündür.