Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Lənkəran Dövlət Teatrında tamaşaların onlayn qaydada nümayişi davam edir

    Koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi günlərində Mədəniyyət Nazirliyinin tövsiyəsi əsasında Lənkəran Dövlət Dram Teatrının tamaşalarının onlayn nümayişi davam edir.

    Teatrın direktoru Tofiq Heydərovun bölgə müxbirinə verdiyi məlumata görə, koronavirus pandemiyası (COVID-19) ilə bağlı tətbiq olunmuş məhdudiyyətlər kollektivin yaradıcılıq mühitinə təsir göstərməyib. Öz işini onlayn və virtual əsaslarla quran teatrın kollektivi ötən müddət ərzində sosial şəbəkələr üzərindən yeni və retro səhnə əsərlərini tamaşaçılarına təqdim edib.

    Bu ilin repertuar planına müvafiq olaraq, teatrda fransız dramaturqu Marsel Berkye Marinyenin “Oğru” tamaşasının məşqləri aparılır.

    T.Heydərov bildirib ki, aprel və may aylarında teatrın sosial şəbəkələrdəki səhifələri vasitəsilə onlayn qaydada 12 tamaşa nümayiş etdirilib. İyun ayı ərzində isə uşaqlar və böyüklər üçün daha 11 tamaşanın onlayn nümayişi nəzərdə tutulub.

    Buraya teatrın hazırkı repertuarında olan və böyük tamaşaçı marağı qazanmış Bəhram Beyzayi “İlan Sultan” və “Senemar”, Tərlan Abdullayevin “Tilsimlənmiş qız”, Hafiz Mirzənin “Ay lolo və ya moskvalı gəlin”, Əjdər Olun “Meşəbəyinin dostları”, Eduardo de Filipponun “Ruhlar”, Çingiz Aytmatovun “Manqurt” və digər səhnə əsərləri daxildir. İndiyədək 4 tamaşanın təqdimatı reallaşıb.

    “Əlbəttə, tamaşalarımızın virtual və onlayn qaydalarla nümayişi təcrübəmizdə yeni olsa da, gündən-günə izləyicilərimizin sayı artmaqdadır. Lazım gəldiyi təqdirdə, biz gələcəkdə də bu üsuldan istifadə edəcəyik”, - deyə teatrın direktoru bildirib.

     
  • Mədəniyyət evi Milli Qurtuluş Günü ilə əlaqədar videoçarxlar təqdim edib

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Ş.Ələkbərova adına Mədəniyyət evi 15 iyun – Milli Qurtuluş Günü ilə əlaqədar videoçarxlar təqdim edib.

    İdarədən bildirilib ki, ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından bəhs edən videoçarx Azərbaycan tarixinin səhifələrini vərəqləyir. Bu təqvim Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb.

    Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətinin memarı kimi dövlətçiliyimizin ideya təməlini qoyub. Azərbaycan xalqı bu gün, Ulu Öndərin siyasi və mənəvi varisi Prezident İlham Əliyevin ətrafında sıx birləşərək ona sədaqətini nümayiş etdirir.

    İkinci videomaterial isə əlamətdar günə həsr olunmuş şeir parçasından ibarətdir.

     
  • Kitabxana Milli Qurtuluş Günü ilə əlaqədar virtual tədbirləri davam etdirir

    Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası 15 İyun- Milli Qurtuluş Günü ilə əlaqədar virtual tədbirləri davam etdirir.

    Kitabxanadan bildirilib ki, kitabxananın metodika və biblioqrafiya şöbəsinin müdiri Aysel İsmayılova mövzu ilə əlaqədar videoçarx hazırlayıb. Şöbənin böyük metodisti İradə Hüseynova Milli Qurtuluş Günü haqqında virtual olaraq məlumat verib və Məstan Günərin “Şöhrətim Vətəndir” şeirini söyləyib. Materiallar kitabxananın sosial şəbəkələrindəki səhifələrində yerləşdirilib.

    Qeyd edilib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaradıb, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlayıb.

     
  • “Mədəniyyət qalası” qəzetinin növbəti sayı çapdan çıxıb

    “Mədəniyyət qalası” qəzetinin  növbəti nömrəsi çapdan çıxıb.

    Qəzetin yeni sayında oxuculara Ulu Öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü, 28 May Respublika Günü, “Vətənin daşını ürəyində daşıyan Vətəndaş, “Biz birlikdə güclüyük”, “Şəki Regional Mədəniyyət İdarəsi xüsusi karantin dövründə”, “Milli Mədəniyyətimiz yeni inkişaf mərhələsində, Faşizm üzərində Böyük Qələbənin 75 illiyinə həsr olunmuş “Babalarımızın rəşadət yolu” kimi və regionun mədəni həyatını əks etdirən digər xəbərlər təqdim olunub.

    Qəzetlə onlayn tanış olmaq üçün www.sheki.mctgov.az ünvanına keçmək təklif olunur.

  • “Mədəniyyət/culture” oxucularla görüşə gəlib

    “Mədəniyyət/culture” jurnalının növbəti nömrəsi işıq üzü görüb.

    Jurnalın yeni nömrəsi həyatımızın yeni təzahürləri barədə hesabat və mədəni həyatımızın yeni istiqamətləri barədə məqalə ilə başlayır.

    Azərbaycanın indiki vaxtında ən böyük uğurlarından biri də Prezident İlham Əliyevin bütün dünyaya nümunə olaraq həyata keçirdiyi türk dünyasının onlayn görüşməsi oldu. Bütün dünya Azərbaycan modelindən öyrənir - pandemiya dövrünün ilk beynəlxalq konfransı da türk dünyasının birliyinə həsr olunmuşdu. Mövzu Türkiyə yazarlarının da diqqət mərkəzində idi. Uzun illər Azərbaycanda çalışan həmkarımız Yüksəl Dəyərcan türk birliyi fürsətindən yazıb.

    Baş redaktor Zöhrə Əliyevanın “Viva, İtaliya, viva, Azərbaycan” sərlövhəli məqaləsi bu çətin günlərdə bütün dünyada yaşayan dostlarımıza ithafdır.

    “Nisgilimiz Qarabağ” rubrikasında, təəssüf ki, hələ də işğal tarixləri xatırlanır. Növbəti səhifələrdə Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyəti qurucularından olan Əli bəy Hüseynzadənin qızı Feyzavər xanımın vəfatı ilə əlaqədar verdiyi başsağlığı yer alıb. Həmçinin yazıçı və jurnalist Dilqəm Əhmədin cümhuriyyət sevdalısı Məhəmməd Əmin Rəsulzadənin Türkiyədə aşkar etdiyi yeni portreti ilə bağlı yazısı da oxucuların ixtiyarına verilib.

    “Ədəbiyyat” bölümündə Prezidentin Sərəncamı ilə 150 illiyi qeyd olunan yazıçı Əbdürrəhim bəy Haqverdiyevin həyat və yaradıcılığına nəzər salınır, “Musiqi” deyəndə Vaqif Mustafazadə yada düşür, istedadlı dirijor Fuad İbrahimovun Şuşa şəhəri və sənət barədə xatirələri, gənc skripkaçı

    Osmanın Karneqi-Holl qələbəsindən bəhs olunur, “Teatr” rubrikasında müqtədir aktyor Rafiq Əliyevin xatirəsi anılır, korifeylərin “Portret”i silsiləsində bu dəfə bəstəkar Əşrəf Abbasovun 100 illiyi qeyd olunur, yaşadığımız zamanın “multikultural” əhvali-ruhiyyəsi Şahdağın rəngarəng canlı koloritini təsvir edir.

    “Uzaq və yaxın vətənimizin” “bizə və bizdən yazanları” əskik deyil heç vaxt, “Həmkarlarımız”ın gözü ilə yeni əsrin olaylarını izləyə-izləyə həm “Gündəm”i, həm də “Mədəni irsimiz”i öyrənmiş olur, amma həm də “Evdə qal-evdə yarat” əzmiylə birliyimizin güclü fəlsəfəsini dərk edirik.

    “Elm”in inkişafı bölməsində isə hər zamankı kimi Azərbaycanın intellektual potensialının keşiyində dayanan görkəmli və gənc alimlərimizin yeni kreativ elmi yanaşmalarından danışılır.

  • Musiqili Teatrın əməkdaşları beynəlxalq konfransda iştirak ediblər

    Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əliqismət Lalayev, teatrın direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova və  teatrın əməkdaşı, teatr tənqidçisi Emin Əliyev Avropa Teatr Konvensiyasının (ETC) təşkil etdiyi beynəlxalq onlayn konfransda iştirak ediblər.

    Avropanın ən böyük teatr təşkilatlarından biri olan Avropa Teatr Konvensiyasının həyata keçirdiyi bu virtual görüşdə panel müzakirələri, seminarlar keçirilib, beynəlxalq əlaqələrin genişləndirilməsi, yeni üzvlər və qonaqlarla tanışlıq, sənət mübadiləsi istiqamətində bir sıra söhbətlər aparılıb.  

    Qeyd edək ki, teatrın əməkdaşları bu ilin fevral ayında Avstriyanın Qraz şəhərində keçirilməsi planlaşdırılan “Yeni yazılar” adlı beynəlxalq konfransa da dəvət almışdılar. Lakin pandemiya səbəbindən həmin konfrans virtual olaraq təşkil olunub.

  • “Minnətdarıq” adlı respublika rəsm müsabiqəsinin virtual yekun sərgisi açılacaq

    İyunun 12-də Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Minnətdarıq” adlı respublika rəsm müsabiqəsinin virtual yekun sərgisi açılacaq.

    Sərgi rəssamlıq istedadına malik olan uşaqlar, yeniyetmə və gənc rəssamların yaradıcılığında hazırkı vəziyyətlə əlaqədar səhiyyə işçilərinin, hüquq mühafizə orqanlarının əməkdaşlarının və Azərbaycan polisinin göstərdiyi çoxsaylı fədakarlıq nümunələrinin təsviri sənət əsərləri vasitəsilə təbliği və tərənnümü, milli həmrəylik, milli birlik duyğularını və insanların bədii zövqünü inkişaf etdirmək, rəssamların yaradıcılığını stimullaşdırmaq, doğma vətənə məhəbbət hisslərini aşılamaq məqsədi ilə həyata keçirilir.

    Müsabiqənin yekun sərgisini virtual qaydada Azərbaycan Dövlət Rəsm Qalereyasının və Xətai Sənət Mərkəzinin sosial media hesabları vasitəsilə izləmək mümkün olacaq.

  • Koronavirus pandemiyası ilə mübarizə mövzusunda hekayə müsabiqəsinin qalibləri müəyyənləşib

    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Azərbaycan Yazıçılar Birliyi ilə birgə  elan etdiyi “Koronavirus pandemiyası ilə mübarizə mövzusunda hekayə müsabəqəsi”nin qalibləri müəyyənləşib.

    Müsabiqəyə 417 hekayə təqdim olunmuşdur. 29 hekayə müəyyən edilmiş müsabiqə qaydalarına cavab vermədiyi üçün qəbul edilməmişdir.

    Komissiyanın 5 üzvü tərəfindən müsabiqəyə qəbul olunan 388 hekayənin mövzu, bədii və peşəkar yaradıcılıq baxımından dəyərləndirilməsi aparılmış və müəyyən edilmiş qiymətləndirmə cədvəlinə müvafiq olaraq əsərlələrə hər bir üzv tərəfindən 10 ballıq şkala əsasında qiymət verilmişdir.

    Koronavirus pandemiyası ilə mübarizə mövzusunda hekayə müsabəqəsi”nin komissiyasının fərdi qiymətləndirmə cədvəlinə əsasən alınmış ümumi nəticəyə və komissiyanın yekun qərarına müvafiq olaraq aşağıdakı hekayələr müsabiqənin qalibləri elan edilmişdir:

     

    I YER

    Natiq Məmmədli “Taclı mələklər”

     

    II YER

    Sevinc Elsevər “A quşlarım, getməyin...”

     

    III YER

    Cavi Dan  “Ev”

     

    Xüsusi mükafat üzrə

     Reyhan Yusifqızı “Həkimin gündəliyi”

    Əkbər Qoşalı “İradə, mən ölürəm...”

     

    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən müsabiqənin  I yer üzrə qalibinə 2000 (iki min), II yer üzrə qalibinə 1500 (bir min beş yüz) və III yer üzrə qalibinə 1000 (bir min), xüsusi mükafat üzrə qaliblərə 500 manat məbləğində pul mükafatı və nazirliyin xüsusi diplomu təqdim olunacaq.

    Qısa müddət ərzində qaliblərin mükafatlandırılması xüsusi karantin rejimi və sosial izolyasiya qaydlarına müvafiq olaraq təşkil ediləcək.

     
  • Azərbaycan ədəbiyyatı Gürcüstan portalında

    Gürcüstanın populyar “1 TV. Eleqtroliti” elektron ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan şairi Zahid Sarıtorpağın gürcü dilinə tərcümə olunmuş “Kül” romanının yayımına başlayıb.

    Bu barədə Dövlət Tərcümə Mərkəzindən bildirilib.

    Qeyd edək ki, Gürcüstan İctimai Televiziya və Radio Yayımları Şirkətinin aylıq elektron portalı olan “1 TV. Eleqtroliti” 2017-ci ildən fəaliyyət göstərir. Portal əsasən bədii ədəbiyyatın (nəsr, şeir, dramaturgiya), eləcə də tənqidi və publisistik materialların yayımına üstünlük verir. Gürcüstan oxucuları Ömər Xəyam, Cəlaləddin Rumi, Pol Verlen, Artur Rembo, Filip Dik, Tomas Vulf, Rudolf Lapert, Leo Pere, Con Çiver, En Enrayit, Herta Myuler, Hans Maqnus Enserberqer, Olqa Tokarçuk, Jorj Brasens, Esme Varnq, Peter Handke, Lusi Fleçer, Lores Ferlinget, Jak Brel, Lev Rubinşteyn, Con Maksvel Kutzee, Norbert Humelt, Syuzen Zontaq, Frans Holler kimi dünya ədiblərinin əsərlərinin elektron versiyası ilə bu portalda tanış olurlar.

    Portalın baş redaktoru tanınmış Gürcüstan yazıçısı Şadiman Şamanadzedir.

     
  • “Yuğ” Teatrı “Lənət” tamaşasını iki dəfə göstərəcək

    Azərbaycan Dövlət “Yuğ” Teatrının ən yeni tamaşalarından olan V.Şekspirin “III Riçard” əsərinin motivləri əsasında hazırlanmış “Lənət” tamaşası sənət ocağının sosial şəbəkələrdəki hesabları vasitəsilə iki dəfə onlayn nümayiş ediləcək.

    Tamaşa əvvəlcə iyunun 16-da, növbəti dəfə isə iyunun 20-də saat 19:00-da teatrsevərlərin ixtiyarına veriləcək. Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanmış tamaşanın quruluşçu rejissoru Xristo Stoyçev, rejissoru Günay Səttarova, bəstəkarı Xalq artisti Sərdar Fərəcov, quruluşçu rəssamı Olqa Boseva, geyim üzrə rəssamı Səadətxan Ramin, rejissor assistenti Günel Səfərovadır. Pyesi Azərbaycan dilinə teatrın aktyoru Xalq artisti Vidadi Həsənov tərcümə edib.

    Yeni səhnə redaksiyasında təqdim olunacaq səhnə əsərində Əməkdar artist Sonaxanım Mikayılova (Marqarita), aktyorlar Vüqar Hacıyev (Riçard), Zümrüd Qasımova (Kraliça Yelizaveta), Elgün Həmidov (Bekingem) və Natəvan Qeybani (Hersoginya York, Riçardın anası, Kölgə) çıxış edəcək.