AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərov ABŞ-da “Nyu-York - Manhetten 2020” Beynəlxalq Fotoqrafiya Festivalında Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının (FIAP) qızıl medalına layiq görülüb.
Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının prezidenti Rikkardo Busi, Amerika Fotoqrafiya Cəmiyyətinin (PSA) prezidenti Elena Maktig, Amerika Foto Alyansının prezidenti Joanna Stolte, habelə dünyanın tanınmış fotoredaktorlarından və fotoustalarından ibarət səlahiyyətli beynəlxalq münsiflər heyəti festivalda dörd nominasiya üzrə iştirak edən dünyanın 70 ölkəsindən 900-dən çox fotoqrafın 14 min fotosuna baxıblar.
Fotojurnalistika nominasiyasında FIAP-ın qızıl medalına İlqar Cəfərovun 2016-cı ilin sentyabrında Braziliyada keçirilən Paralimpiya Oyunlarında çəkdiyi "Qalibin hissləri" fotosu layiq görülüb.
Qeyd edək ki, bu, AZƏRTAC-ın fotomüxbirinin beynəlxalq fotomüsabiqələrində 100-cü mükafatıdır. Onlardan 75-i FIAP tərəfindən keçirilən fotomüsabiqələrdə və fotofestivallarda qazanılıb.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində dramaturq və aktyor Məcid Vahidzadənin eyniadlı əsəri əsasında hazırlanmış “Bir səbət tənhalıq” tamaşası iyunun 14-də sənət ocağının sosial şəbəkələrdəki hesabları vasitəsilə onlayn nümayiş ediləcək.
Müvafiq olaraq saat 19:00-da izləyicilərin ixtiyarına veriləcək səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Nofəl Vəliyev, tərtibatçısı Zəminə Orucova, musiqi tərtibatçısı İradə Muradovadır.
Rejissor Nofəl Vəliyev tamaşa haqqında məlumat verərək çox aktual bir məsələ qoyulduğu üçün bu pyesə müraciət etdiyini bildirib. O, tamaşada əlil insanların cəmiyyətə inteqrasiyasının diqqət mərkəzində olduğunu qeyd edərək vurğulayıb ki, heç kim qüsurlu doğulmaqdan sığortalanmayıb.
Tamaşada söhbət mənəvi tənhalıqdan gedir, səhnə əsəri iki tənha qəlbin nəhayətdə bir-birini tapmasından bəhs edir.
İsa Hüseynov (Muğanna) Azərbaycan nəsrinin milli ruh və emosiya potensialını özünə qaytardı. Onun ədəbiyyatımızda oynadığı başlıca rol birmənalı şəkildə bundan ibarətdir. Təsadüfi deyil, 60-cı illər nəsrinin keyfiyyət özəlliklərindən bəhs edən bütün mətnlərdə İsa Hüseynovun rolu bu yöndə xüsusi önə çəkilir, mənəvi diriliyin, qurulan sahmanın, yeni düşüncə hərəkatının təməli olaraq dəyərləndirilir.
Bu gün təkcə Azərbaycanın deyil, bütöv türk dünyasının böyük yazıçısı İsa Hüseynovun doğum günüdür. Bu münasibətlə filologiya üzrə elmlər doktoru Elnarə Akımovanın görkəmli yazıçıya həsr etdiyi yazını oxucularla bölüşürük.
İsa Hüseynov yaradıcılığı elə bir dönəmdə parladı ki, bu dönəmə qədər milli varlıq yad düşüncəyə, yad kontekstə güzəştə gedirdi və güzəşt ədəbiyyatı estetik hadisə doğura bilmədiyi üçün 20-ci illərdən sonra ədəbiyyatı qapsamış sosialist düşüncənin direktivləri əsasında hasilə gələn mətnlər bədii-estetik səviyyə baxımından uğur vəd etmirdilər. Amma məsələ bununla qapanmırdı ki... Zamanın dəngəsi pozulmuşdu, sistem bir tərəfdən sovet varlığını təcəssüm etdirmək, dövrün epoxal hadisələrinə yeni münasibətin bədii həllini verməyi yazıçıların qarşısına qoyur, onlardan xalq həyatını, inqilabi səciyyəni, yeni quruculuq məsələlərini önəmsəməyi tələb edir, digər tərəfdən 20-ci illərə qədər mövcud nəsr ənənəsinin yetişdirməli olduğu zehniyyətin qarşısını alırdı. Sonucda XX əsrdə başlanan hərəkat yarıda qırıldı. Ədəbiyyat dəyərlərindən uzaq düşdü. Milli ədəbiyyat anlayışı və bu anlayışı yaradıcılığında ehtiva edən aydınlar məhv edildilər. Bizdə milli dövlətçilik ideyasının tarixi o qədər uzağa getməsə də, milli dövlətçiliyi, müstəqillik ideyalarını şərtləndirən milli mənlik şüurunun yaranmasının aspektləri məhz bədii düşüncəyə söykənir. Yəni milli, etnik mənlik şüuru əvvəlcə bədii, sonra isə ictimai-siyasi təfəkkürdə təşəkkül tapır. 20-ci illərə qədər proses o şəkildə aparılırdı ki, ədəbiyyat dövrün milli-mənəvi ruh yüksəkliyini, mədəni ruhunu təyin etməyə qadir görünürdü. Sonra onları nələr əvəz etdi? Yenilik, inqilabi dəyişiklik, kollektiv əmək və sosial bərabərlik, qadın hüququ, kütləvi maarif və mədəniyyət ideyalarının cəmiyyətə tətbiqi ədəbiyyatın stixiyasını pozdu, birmənalı şəkildə inqilab stixiyasının təcəssümü, kolxoz quruculuğu, istehsalat mübarizəsi, xalqlar dostluğunun tərənnümü, başqa millətləri daim dostluq və qardaşlıq şəraitində təqdim etmək, neft uğrunda sovet adamının mübarizəsi və s. - hətta mövzular belə şüur hadisəsinə yönəlmiş antiədəbiyyat anlayışına xidmət edirdi. İsa Hüseynovun 60-cı illərin əvvəllərində çap olunan "Doğma və yad adamlar", "Yanar ürək" romanları, "Teleqram", "Tütək səsi", "Kollu koxa" kimi pyes və hekayələrində vəziyyətin başqa qütbə yuvarlandığını nişan verən əlamətlər əksini tapırdı və "yaddaşsızlığa atılan daşlar"dan hörülən yeni nəsrin ilk örnəkləri kimi əlahiddə idilər.
İsa Hüseynovun Mehdi Hüseynlə olan dialoqunu həmişə yetişən, dünənin acı təcrübəsindən silkinib ayrılan yeni ədəbiyyatın başlanğıcı kimi anlayıram. "Oçerkdə niyə atandan yazmısan" sualına gənc yazıçı İ.Hüseynov "çünki atamı yaxşı tanıyıram" cavabını verir. Sonradan İ.Hüseynovun bütün yaradıcılığı ədəbiyyatla "atamızı" - kök, soy başlanğıcını axtarmağa, onu tanıtmağa, milli kimliyindən perik salınmış düşüncəni özünə yönəltməyə ithaf olundu. Çingiz Aytmatov manqurtluq sindromunu ədəbiyyatın bədii təcəssüm predmetinə çevirəndə İ.Hüseynov soyumuz, kökümüz, baba yazımız kimi məsələləri qabardıb ictimai düşüncəyə təsir göstərməyə nail oldu. Niyə? Çünki bütün böyük yazıçılar kimi İ.Hüseynov da anlayırdı ki, milli statusundan bilərəkdən perik salınmış bir xalqın mənəvi ruhunu geri qaytarmayınca sabahlı ədəbiyyat, gələcək inkişaf üçün kontekst müəyyənləşdirmək qeyri-mümkündür. Odur ki, ədəbiyyatın milli düşüncəyə təsiri məsələsi XX əsrin əvvəllərindən sonra ilk dəfə İ.Hüseynovun əsərləri ilə start götürməyə başladı. Buzlar nisbətən əridi, insanı görmək təşnəsi önə keçdi. Mövzular dəyişməsə olardı. Dəyişən insan, ona münasibət, onun duyğu və düşüncələrinin, hərarət və hənirinin ədəbiyyata adlaması oldu. Yaşar Qarayev 80-ci illərdə haqlı olaraq yazırdı: "Əgər əvvəllər nəsrdə bədii tədqiqin (yaxud təfsirin) ağırlıq mərkəzi sosial-sinfi qanunauyğunluğun dərki və ifadəsi idisə, indi nasirlər mənəvi aləmdə fərdi-şəxsi, daxili-intim zolağı və qatı eyni dəyərdə bədii həssaslıq hədəfinə çevirdilər".
Zənnimcə, klişelərin dağılmasında, mətnə diri, canlı insan obrazının gətirilməsində əsas rolu İsa Hüseynovun mətnləri oynadı. Bu mətnlər həm də dərinliyə enişin, idrakı tutumun siqlətinə görə fərqlənə bildilər. Elçinin "Ədəbi düşüncələr" esselər kitabında belə bir fikir yer alır: "Çingiz Aytmatovun "Ağ gəmi" povestini oxudum. Çingiz "Cəmilə"ni yazanda Azərbaycanda onun ədəbi nəslindən olan və ondan daha yüksək bir bədiiliklə, ondan daha artıq bir dərinliklə yazan yazıçılar var idi. Ancaq Çingiz əsərdən-əsərə dərinlərə getdi, bizimkilər isə əsərdən-əsərə üzə qalxmağa başladılar". Burada üzə çıxmaq məsələsini bircə İsa Hüseynova aidləmək olmur. Tək "Qapalı dünya" faktını götürək. Bu, üzə çıxmaq idimi?! Düşünmürəm. Əksinə, İsa Hüseynov gərəkdiyindən artıq dərinlərə endi. O dərinlər ki, orda insanın batini həyatının gizlinlərini üzə çıxarmaq ehtirası önə keçmişdi, millətə kimliyini tanıtmaq təəssübünün uca vurğusu eşidilirdi. Akademik Nizami Cəfərov deyirdi: "Yalnız Azərbaycan ədəbiyyatında deyil, ümumən dünya ədəbiyyatında hələ heç bir yazıçı bu qədər dərinliyə (tarixə!) getməyə, cəmiyyətdəki (insan təbiətindəki) qüsurları (təhrifləri!) bu qədər dərindən (tarixdən!) təhlil etməyə cəhd göstərməmişdir ki, bu, qaibdən İsa Hüseynova (Muğannaya) təklif edilir".
Yazıçının nəsrinin müvəffəqiyyəti sadəcə olaraq ədəbiyyata yeni mövzu, problem, yeni qəhrəman, xarakter gətirməklə, mühitin antihumanist mahiyyətini açmaqla məhdudlaşmadı, həm də nəsrimizə yeni üslub gətirdi. Bu üslub o qədər fərqli oldu ki, Azərbaycan nəsrində zaman və məkan çoxqatlılığı, daxili-psixoloji dialoqlar, hadisələrə fəlsəfi yanaşmalar, bir anın içinə bütöv bir dövrü sığdırmaq kimi yeni-yeni formalar görünməyə başladı. Yazıçının üslubu qəhrəmanın fikir və hərəkətlərində, daxili düşüncə və psixologiyalarında açılır, yeni məzmun kəsb edir, yeni ədəbi dəyər qazanırdı. Bu pafos ilk növbədə, qəhrəmanı ya tarixi planda, ya da müasir həyat lövhələrində əks etdirmiş olsun, sovet mühitinin eybəcərliklərini açıb ortaya qoymaq üçün "mübarizə" planında nəsrə gətirilir. Müasir planda birbaşa, tarixi planda "mərkəzdənqaçma tendensiyasına" meyil etmək, unudulmağa, silinməyə cəhd edilən tarixi keçmişi diriltmək çabası ilə.
Ümumiyyətlə, İsa Hüseynovun nəsrində qəhrəman və mühit problemi çox kəskin ifadəsini tapıb. Yazıçı dərk edirdi ki, mühitdəki əyintiləri təsvir etmədən onu sarsıtmaq mümkünsüz olacaq. Ona görə sovet mühitində yaşayan qəhrəman obrazı ilə rejimin insanların mənəvi aləmində açdığı dərin yaraları, ictimai quruluşun antihumanist mahiyyətini göstərməyə çalışırdı.
İ.Hüseynov güvənilən insanların pozulan mənəviyyatından, onlara verilən imtiyazların artırılması ilə getdikcə cəmiyyət üçün daha təhlükəli olmalarından, bu insanların milli hiss, milli düşüncədən uzaqlaşmalarından, azğınlaşmalarından ilk dəfə yazmağa başladı və bunlar bizim ədəbiyyat üçün tamamilə yeni hadisə, yeni baxış idi. Dünənə qədər mühitin qəhrəmanları olanlar İ.Hüseynov nəsrində artıq antiqəhrəmanlara çevrilirdilər. İsa Hüseynovun "Tütək səsi", "Teleqram" kimi əsərlərində estetik mühakimələrin zənginliyindən, fəlsəfi qənaətlərin və mündəricənin dərinliyindən tutmuş, insanın daxili aləmi, mənəvi sarsıntıları, ağrıları və mühitə münasibəti ədəbiyyatın konkret predmetinə çevrildi. Ən başlıcası, mühit probleminə yeni baxışla ədəbiyyatımıza tarixdən və müasir dövrdən alınmış yeni obrazlar gətirildi. Yazıçı "İdeal"da dərin mənalı yozumlarla, sətiraltı anlamlarla antidemokratik, antihumanist sovet mühitinin və bu mühitdə yaşayan insanların dramını verirdi.
Kənd problemi və bu müstəvidə şəxsiyyət və zaman rakursu İsa Hüseynovun əsərlərində də özünəxas bir şəkildə qoyulur. İsa Hüseynovun "Məhşər", "İdeal" əsərləri kəskin sosial ziddiyyətlərin toqquşması şəraitində psixoloji sarsıntı keçirən intellektual insanların mənəvi aləmlərinin, yaşantılarının ədəbiyyata gətirilməsi demək idi. İsa Hüseynov yalnız kənd təsvirlərindən, kənddə yaşayan insanların həyat tərzindən, faciəsindən, problemlərindən yazmırdı, onun təsvir etdiyi kənd mühitindən dünyaya çıxış aparıcı idi, dünyanın gedişatı, həyatın əbədi sualları, olum və ölüm, tərəqqi və tənəzzül, kamillik və nadanlıq haqqında düşünürdü, fəlsəfi qənaətlərlə mühakimələr yürüdürdü, daxili monoloqlarla dərin problemlər üzərində baş yorurdu. Bu dərinlik ona qəhrəmanların mənəvi dünyasını dolğun qələmə almağa, psixologizmi gücləndirməyə kömək edirdi.
İ.Hüseynov mühitin çirklənməsinin səbəbini sadəcə, urbanizasiyada görmürdü. Eləcə də onun qəhrəmanlarının təsəvvüründə kəndin təbiiliyi, saflığı heç də geniş mənada mühitin saflığı demək deyildi. Mənəviyyatsızlıq insan xislətinin təzahürü olaraq mənalanırdı bu mətnlərdə. Zənnimcə, onları hər zaman üçün diri saxlayan da elə bu məziyyəti olacaq: İnsan xislətinin bütün qatlarını ədəbiyyata ötürmək, onu bədii təcəssümün predmetinə çevirmək məqsədyönlülüyü...
Əsl aktyor kimi yaddaşlara əbədi həkk olunmaq hər sənətkara nəsib olası xoşbəxtlik deyil. Elə sənətkarlar var ki, onlar bəlkə də ömürlərində bir və ya bir neçə dəfə yaddaqalan obraz yarada bilirlər. Lakin haqqında söhbət açmaq istədiyim Azərbaycanın Xalq artisti Hacıbaba Bağırov isə demək olar ki, yaratdığı bütün obrazlarla yaddaşlara həkk olunub. Onun teatr tariximizdə özünəməxsus yeri var. Bu yeri o, heç şübhəsiz, öz sənətkar istedadının, zəhmətinin qüdrəti ilə fəth edib.
Bu gün unudulmaz sənətkarımız Hacıbaba Bağırovun anadan olmasından 88 il ötür.
Çox maraqlı tərcümeyi-halı ilə seçilən Hacıbaba Bağırovun həyat yolu heç də hamar olmayıb. Uşaq ikən pionerlər sarayındakı dram dərnəyində çalışıb. Görkəmli rejissor Adil İsgəndərov onu “Vaqif”də Vidadi rolunda görəndən sonra teatr studiyasına dəvət edib. Hacıbaba Bağırov görkəmli teatr xadiminin rəhbərliyi altında aktyorluq sənətinin sirlərini öyrənib. Hələ uşaqlıqdan sevib-seçdiyi sənət onun qanına hopub. Sonra teatr fəaliyyətini Lənkəranda və Gəncədə davam etdirib.
Hacıbaba Bağırov yaradıcılığının Azərbaycan gülüş mədəniyyəti tarixində xüsusi yeri vardır. Sənətkarın repertuarına daxil olan obrazlar komik çalarları sayəsində qısa müddətdə tanınıb sevilməyə başlayıb. Onun milli mentalitetə uyğun olaraq yaratdığı və özünəməxsus yumorla oynadığı rollar Azərbaycan Dövlət Musiqili Teatrının tarixinə həmişəlik daxil olub.
Hacıbaba Bağırovun əsl sənətkar kimi formalaşması, tanınması 1962-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına (indiki Azərbaycan Dövlət Musiqili Teatrı) dəvət aldıqdan sonra başlayıb. Burada fəaliyyət göstərdiyi 26 il ərzində yaratdığı 50-dən çox surətin onun gülüş ustası kimi püxtələşməsinə və populyarlıq qazanmasına böyük təsiri olub.
Üzeyir Hacıbəylinin “Arşın mal alan”ında Soltan bəy, “O olmasın, bu olsun”da Məşədi İbad, Zülfüqar Hacıbəyovun “50 yaşında cavan”ında Orduxan, Süleyman Ələsgərovun “Həmişəxanım”ında Cəbi Cüməzadə, “Hardasan, ay subaylıq”da Novruzəli, Əşrəf Abbasovun “Həyətim mənim-həyatım mənim”ində Qulam, Emin Sabitoğlunun “Hicran”ında Mitoş, “Nəğməli könül”də Fərzəli, Vasif Adıgözəlovun “Nənəmin şahlıq quşu”nda Cəsarət, Soltan Hacıbəyovun “Qızılgül”ündə Nadir, Ağası Məşədibəyovun “Toy kimindir?”ində Uzun, Emin Sabitoğlu, Tamara Vəliyevanın “Bankir adaxlı”, “Sizinlə gülə-gülə”, “Bildirçinin bəyliyi”, “92 dəqiqə gülüş” trilogiyasında Sonqulu, “Məhəbbət oyunu”nda Nuruş, “On min dollarlıq keyf”də Fərzəli kimi tamaşaçıların dərin rəğbətini qazanmış rolları milli mədəniyyətimizin inkişafına xidmət edir.
Hacıbaba Bağırov sənətinin ən xarakterik xüsusiyyətlərindən biri də tamaşaçıda hüsn-rəğbət oyadan incə komik məqamları canlandırdığı obrazlar vasitəsilə açmaq məharəti idi. Dərin milli koloriti ilə səciyyələnən Hacıbaba Bağırov sənəti onu xalqımızın ən sevimli aktyorlarından biri etmişdir. Cəmiyyətin mənəvi saflaşması yolunda çalışan sənətkar çoxşaxəli yaradıcılığı ilə ölkəmizdə komediya janrı ənənələrini layiqincə davam etdirib. Teatr rəhbəri və teleşou təşkilatçısı kimi gördüyü işlər isə onun nadir istedadının yeni mühüm çalarlarını meydana çıxarıb.
Aktyor səhnə fəaliyyəti ilə yanaşı, Azərbaycan kinematoqrafiyasının inkişafına da öz sanballı töhfəsini verib. Onun kinofilmlərdə oynadığı müxtəlif xarakterli rollar Azərbaycan tamaşaçısının yaddaşına həkk olunub və kino sənətimizin diqqətəlayiq uğurları kimi qiymətləndirilib.
Hacıbaba Bağırov ilk dəfə 1964-cü ildə rejissor Ağarza Quliyevin “Ulduz” musiqili kinokomediyasında çəkilərək, teatrda olduğu kimi, bu filmdə də Möhsün surətini ustalıqla yaradıb. Aktyor müsahibələrinin birində bu rolu barədə belə deyib: “Möhsün mənim kinoda ilk rolumdur. Səhnədə Möhsünü oynamaq mənim üçün çox asan idi. Ancaq eşidəndə ki, bu operettanı ekranlaşdıracaqlar, çox həyəcanlandım. Əvvəla, mən heç zaman filmə çəkilməmişdim. Olsaydı, ilk rolum olacaqdı. Film ekranlara çıxanda qanadım olsaydı, uçardım. İlk dəfə idi ki, öz oyunuma oturub kənardan baxa biləcəkdim. Doğrudan da, “Ulduz” mənim aktyorluq fəaliyyətimə, aktyor asimanıma əsl ulduz bəxş elədi. Möhsün rolunun uğurunun başlıca səbəbi obrazın mənə yaraşması idi”.
Hacıbaba Bağırovun “Ulduz”da Möhsün, “Mehman”da Arif, “Onun bəlalı sevgisi”ndə Qaraxalov, “Alma-almaya bənzər”də Məmmədəli, “Şirbalanın məhəbbəti”ndə Şirbala rolları kino həvəskarları tərəfindən maraqla qarşılanıb. Bu obrazlara baxıb sənətkarın “Teatr, kino mənim həyatımdır” deməsinə haqq qazandırmaq olar.
Həyata 74 yaşında əlvida deyən sənətkar adını Azərbaycan teatr sənətinə elə əbədi həkk edib ki, bu gün olduğun kimi, hələ neçə-neçə qərinələr, əsrlər xatırlanacaq və onun sənət yolu gənc sənətkarlar üçün bir məktəb olaraq qalacaq.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi tədqiqat laboratoriyasında “Musiqinin və səsin insan orqanizminə və psixologiyasına təsiri” adlı növbəti online seminar keçirilib.
BMA-dan bildirilib ki, laboratoriyanın kiçik elmi işçisi Sevda İsayevanın məruzə etdiyi seminarda əvvəlcə, musiqi ilə beyin arasındakı əlaqə haqqında məlumat verilib. Bildirilib ki, musiqi beyinə birbaşa təsir göstərən səs dalğalarından ibarət olub orqanizmin fizioloji və psixoloji durumuna təsir edir. Səs, eyni zamanda, vibrasiyaya səbəb olub, enerji sahəsi yaradan bir enerji axınıdır ki, bu da səsin yüksəkliyindən, tezliyindən, ritmikliyindən, harmonik kompozisiyasından asılı olaraq, müsbət və mənfi yüklənməni əmələ gətirir. Məhz musiqinin bu xüsusiyyətindən istifadə edərək, daha qədim zamanlardan ondan müalicə məqsədilə, xüsusən də insan psixikasını sakitləşdirmək və stabilləşdirmək məqsədilə istifadə olunub. Qeyd edilib ki, Azərbaycanda XX əsrin ortalarında görkəmli alim, professor İ.Topcubaşov musiqi terapiyası adlı tibbi müalicənin əsasını qoyub.
Seminarda çərçivəsində simfonik əsərlər, o cümlədən Xalq artistləri Ramiz Quliyevin, Şəfiqə Eyvazovanın, Zümrüd Məmmədovanın, Əməkdar incəsənət xadimi, professor Arif Əsədullayevin ifalarında musiqi parçaları səsləndirilib. Bundan başqa V.A.Mosartın və L.V. Bethovenin əsərləri dinlənilib.
Seminarın sonunda BMA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru, professor Gülnaz Abdullazadə və laboratoriyanın bir sıra əməkdaşları məruzəçiyə öz dəyərli tövsiyələrini veriblər.
Üçüncü “Azərbaycanım” Respublika Uşaq Rəsm Müsabiqəsinin yekun sərgisi virtual olaraq açılıb.
Xətai Sənət Mərkəzindən bildirilib ki, müsabiqədə seçilmiş rəsm əsərləri Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin “facebook” və “Instagram” səhifələrində nümayiş olunur. Əsərləri sərgilənən hər kəs diplomlarını, qaliblər hədiyyə və diplomlarını və fəal tədris mərkəzləri isə təşəkkürnamələrini Xətai Sənət Mərkəzindən götürə bilərlər.
Qeyd edək ki, müsabiqə Mədəniyyət və Təhsil nazirlikləri, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə rəssamlıq istedadına malik olan uşaqlar, yeniyetmə və gənclərin yaradıcılıq duyğularını və bədii zövqünü inkişaf etdirmək, onların yaradıcılığını stimullaşdırmaq, uşaqlarda əhatə olunduqları mədəni mühitə münasibət formalaşdırmaq və ona yanaşma tərzini təkmilləşdirmək, doğma Vətənə məhəbbət hisslərini aşılamaq məqsədi ilə təşkil edilmişdi.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsi, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti və Daşkənddəki “Kitob dunyosi” qəzetinin birgə təşkilatçılığı ilə iyunun 13-də “Azərbaycan-Özbəkistan dostluğu və əməkdaşlığı: mədəni-ədəbi əlaqələr münasibətlərimizin fövqündə” mövzusunda beynəlxalq onlayn konfrans keçiriləcək.
Konfransda hər iki ölkənin tanınmış alim və mədəniyyət xadimləri mövzu ilə bağlı fikirlərini bölüşəcəklər.
Çıxışlarda konfransın əhəmiyyəti, Azərbaycan ilə Özbəkistan arasında mövcud əməkdaşlıq məsələləri, ötən illərdə humanitar sahədə həyata keçirilən layihələr, Türk Şurası çərçivəsində əlaqələrin genişləndirilməsi və Mədəniyyət Mərkəzinin gələcək planları haqqında məlumat veriləcək.
Yaponiyanın “Sərhədləri aşanlar 3.0” “YouTube” kanalında Azərbaycan barədə xüsusi veriliş yayımlanıb.
Azərbaycan və dünya ölkələri haqqında “YouTube” üzərindən məlumatlar yayan kanalda bu dəfə ölkəmizdə koronavirus pandemiyasına qarşı həyata keçirilən tədbirlər, turizm imkanları, görməli yerləri barədə ətraflı danışılıb.
Verilişin aparıcıları Kazuyası İşida və Yasuhiro İşibaşi “Azərbaycana səfər edək! Bakını tanıyaq!” adlanan və birbaşa yayımla efirə çıxan verilişdə “Google Street View” vasitəsilə yapon tamaşaçılara ölkəmizin tarixi, mədəniyyəti, müstəqilliyin bərpasından sonra ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən sosial-iqtisadi uğurlar barədə ətraflı məlumat veriblər. Azərbaycanın enerji siyasətindən, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlardan bəhs ediblər.
Bakının Heydər Əliyev Mərkəzi, İçərişəhər, Alov qüllələri, Heydər Əliyev Beynəlxalq Aeroportu, Yanardağ, Qız qalası, Xalça muzeyi, Şəhidlər xiyabanı, digər tarixi və görməli yerlər “Wazu” bələdçi kanalı vasitəsilə birbaşa nümayiş olunub. Yapon tamaşaçıların ilk dəfə müşahidə etdiyi həmin yerlər barədə veriliş boyunca səsləndirdiyi suallar ətraflı cavablandırılıb.
Bir saatdan çox davam edən verilişdə bütün dünyanı əhatə edən koronavirus pandemiyası dövründə Azərbaycan rəhbərliyinin əhalinin sağlamlığını qorumaq, sosial təminatını möhkəmləndirmək üçün həyata keçirdiyi tədbirlər barədə də ətraflı bəhs olunub.
Verilişin aparıcıları yapon tamaşaçıları qədim və zəngin mədəniyyəti, qonaqpərvər insanları, özünəməxsus təbiəti və ləziz mətbəxi ilə seçilən Azərbaycana səfərə dəvət ediblər.
Azərbaycan Dövlət “Yuğ” Teatrının yaradıcı heyəti görkəmli şair İmadəddin Nəsimiyə həsr olunmuş “Mənəm, mən...” adlı tamaşanı növbəti dəfə iyunun 25-də onlayn təqdim edəcək.
Azərbaycan Dövlət “Yuğ” Teatrı və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə layihəsi əsasında hazırlanan səhnə əsərinin janrı mistik-psixoloji dramı kimi təyin edilib.
Səhnə əsərində aktyorlar Xalq artisti Məmməd Səfa, Əməkdar artist Qasım Nağı, aktyorlar Əbdülqəni Əliyev, Ziya Ağa, Vüqar Hacıyev, Elgün Həmidov, Elşən Əsgərov və Amid Qasımov çıxış edəcək.
Qeyd edək ki, yazıçı-dramaturq İlqar Fəhminin pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Vüsal Rəhim, bəstəkarı Xalq artisti Aygün Səmədzadə, plastik həllin müəllifi Ceyhun Dadaşov, rejissor assistenti Günel Səfərovadır.
COVID-19 pandemiyası ilə qlobal mübarizə çərçivəsində 50-dən çox beynəlxalq təşkilatın (Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), BMT-nin Uşaq Fondu, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətlərinin Beynəlxalq Federasiyası və s.) tərəfdaşlığı ilə həyata keçirilən layihənin nəticəsi olaraq uşaqların virus haqqında biliklərinin artırılması və onların psixoloji sağlamlıqlarının qorunması məqsədini daşıyan "Mənim qəhramanım sənsən" adlı hekayə kitabı hazırlanıb.
Əllidən çox beynəlxalq təşkilatın birgə layihəsi əsasında ərsəyə gələn kitab Azərbaycan dilinə də tərcümə edilib.
Ölkəmizin Cenevrədəki BMT bölməsi və digər təşkilatlar yanında Daimi Nümayəndəliyinin və Ümumdünya Səhiyyə Təşkilatının birgə təşəbbüsü ilə kitab ÜST-nin Azərbaycan nümayəndəliyi tərəfindən dilimizə tərcümə edilib.
Kitabın Azərbaycan dilinə tərcüməsi layihənin icraçısı olan Təşkilatlararası Daimi Komitənin (IASC) fövqəladə vəziyyətlərdə psixoloji sağlamlıq və psixoloji dəstək üzrə qrupunun elektron portalında yerləşdirilib.
Layihədə 104 ölkədən valideynlər, müəllimlər, tərbiyəçilər və uşaqlar iştirak ediblər. COVID-19 pandemiyası zamanı uşaqların psixoloji sağlamlığı və psixososial ehtiyaclarını öyrənmək məqsədilə ərəb, ingilis, italyan, fransız və ispan dillərində beynəlxalq sorğu keçirilib. Hekayədəki mövzular həmin sorğunun nəticələri əsasında müəyyənləşdirilib. Kitabın məzmunu COVID-19-un təsir etdiyi bir neçə ölkədəki uşaqlara nəql olunub. Daha sonra uşaqların, valideynlərin və müəllimlərin rəyləri əsasında hekayə nəzərdən keçirilib və yenilənib. Dünyanın hər tərəfindən 1700-dən çox uşaq, valideyn, tərbiyəçi və müəllim COVID-19 pandemiyası ilə necə mübarizə apardıqları barədə danışıblar. Bu hekayə dünyanın hər yerindən olan uşaqlar tərəfindən və onlar üçün yazılıb.
Sara, Ario, Salem, Saşa, Leyla, Kim və onun dostunun dilindən söylənilən bu hekayə uşaqlara çox sadə məntiqlə, anlaşıqlı və bədii dillə koronavirus pandemiyası şəraitində riayət edilməsi vacib olan qaydaları izah edir. “Dünyada insanları koronavirusdan qoruyan xeyirxah həkimlər və tibb bacıları kimi nə qədər qəhrəman var. Ancaq sən hər gün, hər birimizin qəhrəman ola biləcəyini mənə xatırlatdın və mənim ən böyük qəhrəmanım sənsən!” sonluğu ilə bitən hekayə uşaqların maarifləndirilməsi, onlara psixoloji dəstək, mövcud situasiyada özünəinam keyfiyyətini aşılamaq baxımından dəyərli nümunədir.
Ssenari müəllifi Helen Patuk olan hekayəni Azərbaycan dilinə Sevinc Abdullayeva və Fənarə Bünyadzadə tərcümə edib. Redaktor Fatma Hüseynovadır.
“Mənim qəhrəmanım sənsən” kitabının uşaqlara valideyn, tərbiyəçi və ya müəllim tərəfindən oxunması tövsiyə edilir.
Daha sonra nəşr olunacaq “Qəhrəmanların davranış qaydaları” adlı əlavə təlimatda COVID-19 pandemiyası ilə bağlı suallara aydınlıq gətiriləcək, uşaqların hiss və emosiyalarının necə idarə olunması, eləcə də bu kitab əsasında uşaqlar üçün əlavə məşğuliyyətlər təqdim olunacaq.
Sözügedən kitabı bu linkə daxil olaraq əldə edə bilərsiniz: “Mənim qəhrəmanım sənsən”