Beynəlxalq Muğam Mərkəzindən (BMM) "Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində canlı yayımlar davam etməkdədir.
Ötən həftə BMM–dən layihənin 3 canlı efiri yayımlanıb və tamaşaçılar, eləcə də sosial şəbəkə izləyiciləri tərəfindən maraqla izlənilib.
Uşaqların Müdafiə Günü ilə əlaqədar hazırlanan xüsusi canlı efirdə musiqi məktəblərinin istedadlı şagirdləri çıxış edərək Azərbaycan musiqi mədəniyyətinin parlaqlığını nümayiş etdiriblər.
Növbəti günlərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti efirin qonağı olub, universitetin rektoru, professor Ceyran Mahmudova təhsil ocağının fəaliyyətindən söz açıb. Həmin gün universitetin tələbələri maraqlı konsert proqramı ilə çıxış ediblər.
Xalq artisti Zəhra Quliyeva, violin ifaçısı Osman Mustafazadə də həftə ərzində canlı efirin qonağı olublar. Xalq artisti onlayn dərslər və tələbələrinin uğurları ilə bağlı düşüncələrini bölüşüb.
Əməkdar artist, rejissor Nicat Kazımov, ifaçılar Pərvin Lətifov və Aydan Rüstəmzadə də canlı efirin qonaqları sırasında yer alıblar.
BMM-nin solisti, V Muğam Televiziya Müsabiqəsinin qalibi Nisbət Sədrayeva efirdə sənətə gəlişi, musiqi təhsili və muğam sənəti ilə bağlı düşüncələrini bölüşüb. Həmin gün Aviasiya işçilərinin peşə bayramı da canlı efir vasitəsilə təqdim olunub.
5 iyun - Poeziya günündə Xalq artisti ADMİU-nin Muğam kafedrasının müdiri Teyyub Aslanov və Əməkdar artist Azad Şükürovun qonaq olduğu canlı efir unudulmaz şair Mikayil Müşfiqə həsr edilib. Qonaqlar Müşfiqin həyatı və yaradıcılığından söz açıb, tələbələrin ifasında şairin şeirləri və sözlərinə bəstələnmiş mahnılar ifa ediblər.
BMM-nin solistləri və Muğam Televiziya müsabiqəsinin qaliblərinin iştirak etdiyi həftəiçi buraxılışlarda həm milli, həm də klassik musiqilərə yer verilib.
Qeyd edək ki, “Bizi birləşdirən mədəniyyət” layihəsinin çəkilişləri həftəiçi canlı olaraq BMM-dən yayımlanır. Canlı yayımlar eyni zamanda, BMM -nin “Facebook” səhifəsindən də təqdim edilir.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə dahi bəstəkar, peşəkar musiqi sənətinin və milli operanın banisi, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəyli haqqında Vikipediya Elektron Ensiklopediyasında özbək dilində bölmə istifadəyə verilib.
Bölmədə Üzeyir Hacıbəylinin dahi bəstəkar kimi Azərbaycan musiqisini inkişaf etdirməsi, milli opera sənətinin və operettanın əsasını qoyması, dram əsərləri, felyetonlar, elmi-publisist məqalələr, dərsliklər yazıb, çoxsaylı tərcümələr etdiyi barədə məlumatlar yer alıb. Qeyd olunub ki, bəstəkar Azərbaycanda musiqi təhsilinin banilərindən biri olub, musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərərək milli kadrların hazırlanmasına, musiqi kollektivlərinə və məktəblərinə rəhbərlik edib.
Orada Üzeyir Hacıbəylinin həyatı, onun Qarabağda, Şuşada keçirdiyi illər, Qori seminariyasında təhsil alması, yaradıcılığı, publisistikası, yaratdığı ölməz əsərlər, musiqili komediyalar, operalar, habelə onun filmoqrafiyası, haqqında çəkilmiş filmlər, Elmlər Akademiyasında fəaliyyəti öz əksini tapıb. Bundan başqa, bölmədə Üzeyir bəyin həyat və yaradıcılığına dair maraqlı fotoşəkillər, afişalar, not yazıları, Azərbaycanda buraxılmış poçt markaları verilib.
Bölmədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Üzeyir Hacıbəyli haqqında fikirlərindən sitat yerləşdirilib: “Üzeyir Hacibəyli görünməmiş fədakarlığı, gözəl təhsili, erudisiyası, vətənpərvərliyi, fəal ictimai-siyasi fəaliyyəti sayəsində xalqımızın ehtiram bəslədiyi ən görkəmli yaradıcı simalardan birinə çevrilib. O, dünya korifeylərinin ön sırasında Azərbaycanı ləyaqətlə təmsil edir”.
Məlumatda Prezident İlham Əliyevin fikirlərinə də yer verilib: “Üzeyir Hacıbəyli Azərbaycan klassik musiqisinin banisi, Azərbaycan Konservatoriyasının qurucusudur. Üzeyir Hacıbəyli eyni zamanda, Azərbaycanda çox güclü klassik musiqi məktəbini yaratmışdır. Dahi bəstəkarımız Azərbaycan himninin müəllifidir. Onun ölməz əsərləri bu gün də yaşayır.”
Özbək istifadəçilərinə məlumat verilir ki, 2019-cu ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Üzeyir Hacıbəylinin zəngin irsinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasına verdiyi əvəzsiz töhfələrə görə Azərbaycan Bəstəkarlar İttifaqının təsis etdiyi “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilib.
Özbək dilində istifadəyə verilmiş “Uzeyir Hajibeyov” adlı bölmə ilə https://uz.wikipedia.org/wiki/Uzeyir_Hajibeyov linkində tanış olmaq mümkündür.
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi elektron mədəni konsaltinq layihələri çərçivəsində daha bir ilkə imza atıb.
İyunun 5-də mərkəz tərəfindən “Birgə mütaliə” adlı vebinar təşkil olunub. 30-a yaxın mərkəzin əməkdaşları və gənc mədəniyyət işçilərinin iştirakı ilə keçirilmiş vebinarda əvvəlcədən təyin edilən spiker tərəfindən seçilən kitab ətrafında müzakirələr aparılıb.
Layihənin ilk spikeri mərkəzin əməkdaşı Rəfiqə Nəsirova tərəfindən müəyyən edilən Joze Saramaqonun “Korluq” əsəri olub. Kitab bir şəhərdə baş verən yoluxucu xəstəlikdən bəhs edir. Belə ki, bu xəstəlik şəhərin bütün sakinlərini görmə qabiliyyətindən məhrum edir. Nəticədə onları müəyyən bir saya qədər xəstəxanaya yığırlar. Pandemiyanın kütləvi hal aldığını görən məsul şəxslər bu işin mənasızlığını anlayır. Əsərin gedişində şəhərdə bir nəfər belə görən insan qalmır. Bu korluq normal korluq deyildi. Çünki, insanların gözü qarşısında süd kimi ağ bir görüntü vardı. Əsərin sonuna doğru pandemiya bitir, insanların gözü açılır. Mövzunun ana xətti insanların daxili aləmində baş qaldıran korluqdur. Xəstəlik hər kəsin əsl simasını göz önünə qoyur. Əsərdə əslində cəmiyyətdə mövcud olan səmimiyyətin nisbi xarakter daşıdığı göstərilir.
Vebinar çərçivəsində spikerin ətraflı məlumatı dinlənildi, daha sonra isə iştirakçılar tərəfindən əsər haqqında fikirlər səsləndirildi. Qarşılıqlı diskussiya ilə keçirilən vebinar hər kəsin marağına səbəb olub.
Tədbir zamanı mərkəzin direktoru Asif Usubəliyevin müəllifi olduğu ulu öndər Heydər Əliyevə həsr olunmuş “Səbəbkar” adlı videoçarx nümayış olunub.
Direktor A.Usubəliyev vurğulayıb ki, cəmiyyətdə kitab oxuma və mütaliə ənənələrinin inkişafı siyasətinə dəstək xarakterli mərkəzin sözügedən layihəsi, eyni zamanda müasir dövrü xarakterizə edən sosial, mədəni problemlərin açıq müzakirəsinə və bu kimi obyektiv tendensiyalarla mübarizədə ziyalıların rolunun artırılmasına xidmət edir. Mütəmadi şəkildə təşkil olunacaq “Birgə mütaliə” layihəsi çərçivəsində istənilən vətəndaş müzakirələrdə fəal iştirak edə bilər.
İyunun 13-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün sosial şəbəkə hesabı vasitəsilə “Sehrli üzük” tamaşasını nümayiş etdirəcək. Tamaşa teatrın “YouTube” kanalında saat 12-də nümayiş olunacaq.
Tamaşanın qurluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Rəşid Şəfəqdir.
Uşaqlara dostluq, sədaqət, dürüstlük, ədalət, insanlara inam kimi müsbət keyfiyyətlər aşılayan tamaşa xeyrin şər üzərindəki qələbəsinin nümayişi olacaq.
Özünün maraqlı süjet xətti və ideyası olan nağıl nümunəsinə yeni prizmadan baxan, onu çağdaş elementlərlə daha baxımlı etməyə çalışan rejissor tamaşaya yeni yozum verib. Beləliklə, bütün mübarizələrin sonunda qələbənin mümkünlüyü uşaqların hiss edəcəyi tərzdə səhnə ifadəsini tapıb.
Elm aləmində nadir istedada malik elə alimlər var ki, onların elmə gətirdiyi yenilik və çəkdikləri zəhmətin tam həcmi zaman keçdikcə öz dəyərini daha da artırır və elm sahəsində öz dəyərli yerini tutur. İstedadlı alim, ictimai xadim, gözəl qadın və ana olan Aida İmanquliyeva belə alimlərdən, belə şəxsiyyətlərdəndir. Neçə-neçə kitabların, tərcümələrin müəllifi olan Aida xanım Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun ilk qadın direktoru olmuş, Azərbaycan şərqşünaslığını bir çox yaxın və uzaq ölkələrdə elmi konfrans və simpoziumlarda ən yüksək səviyyədə təmsil etmişdir.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası görkəmli şərqşünas-alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın həyat və yaradıcılığından bəhs edən elektron resurs hazırlayaraq geniş istifadəçi auditoriyasına təqdim edib.
Resurs kitabxananın rəsmi saytında yerləşdirilib. Elektron resursda görkəmli alimin həyat və elmi fəaliyyətinin əsas tarixləri, əsərləri, tərcümələri və s. kimi məlumatlar öz əksini tapıb. Elektron resursda Vasim Məmmədəliyev, Nərgiz Axundova, Cəmil Quliyev kimi akademiklərin, yazıçıların, dövlət xadimlərinin Aida xanım haqqında səsləndirdikləri fikirlər, xatirələr də yer alıb. İstifadəçilər elektron resurs vasitəsilə Aida xanımın foto və video qalereyasına baxış keçirmək imkanına da malikdirlər.
Azərbaycan Dövlət “Yuğ” Teatrı türkiyəli yazıçı-dramaturq Turqay Narın “Zibillik” pyesi əsasında hazırlanmış “Şok” tamaşasını iyunun 13-də tamaşaçıların ixtiyarına verəcək.
Sənət ocağının sosial şəbəkədəki səhifələri vasitəsilə onlayn təqdim ediləcək səhnə əsəri rejissor Günay Səttarın quruluşu əsasında izləniləcək. Tamaşanın musiqisi Amid Qasımova və Mələk Vəlizadəyə, səhnə dizaynı Əməkdar incəsənət xadimi Rəşid Şərifə məxsusdur.
Pyesi Azərbaycan dilinə dramaturq Mehman Musabəyli tərcümə edib.
Janrı eqosentrik transaksiya kimi təyin olunan səhnə əsərində rolları aktyorlar Oqtay Mehdiyev, Rasim Cəfər, Amid Qasımov, Vüqar Hacı, Təranə Atacan və Zümrüd Qasımova ifa edəcək.
Tamaşa müharibələrdən, xaosdan, rasional və irrasional dünyanın qlobal təhlükə və dinamikasından ani zaman kəsiyində uzaqlaşmaq, arınmaq, düşünə bilmək və ən başlıcası dünyamızın gözəl olduğunu anlamaq üçün bir teatr oyunudur.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Xalq yazıçısı Kamal Abdullanın “Bir, iki – bizimki!” pyesi əsasında hazırlanan eyniadlı tamaşanı onlayn təqdim edəcək.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, iyunun 12-də saat 19:00-da sənət ocağının “Facebook” hesabında onlayn nümayiş ediləcək səhnə əsərinin quruluşçu rejissoru Əlif Cahangirli, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq rejissoru Rafael Həsənov, səs rejissoru Şahanə Səlimova, rejissor assistenti Nərmin Camalovadır.
Tamaşanın bədii rəhbəri Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətovdur.
Səhnə əsəri iki fərqli dünya insanının söhbəti, bir-birinə təmassız toxunuşları, ehtirası, sevgisi, peşmanlığı, əsəbi, mübahisəsi, yenə də qovuşmaq arzuları üzərində qurulub. Onların dialoqu kişinin xarakteri, kimliyi haqqında geniş düşüncələr yaradır. Bu iki nəfər bir-birini eşitmək istəyir, amma eşitmir, görmək istəyir, amma görmür, duymaq istəyir, amma duymur. Bütün ömürlərini öz ağuşuna alan faciə də məhz budur: bir-birini sevən, bir-birinə can atan insanların bir-birinin dünyalarındakı ayrılıq. Elə birinin ölü, o birinin diri olması da simvolikdir.
Müəllif Kamal Abdulla pyesi 5 şəkildən ibarət, bir-birini anlamaq istəyən və anlamayan, tapmaq istəyən və tapmayan iki nəfərin duyumlar dramı kimi təqdim edir.
Gürcüstanda fəaliyyət göstərən azərbaycanlı icma təşkilatlarına daxil olan "Era Teatrı" ilə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin birgə layihəsi əsasında elan olunmuş qısametrajlı film müsabiqəsinə yekun vurulub.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Mayın 6-dan 27-dək müsabiqənin erateatri@gmail.com ünvanına 10-dan çox qısametrajlı film göndərilib. Üç mərhələdən ibarət olan müsabiqənin gedişində yaradıcılıq fantaziyaları ilə yanaşı, filmlərdə mövzuların aktuallığına, malik olduğu çoxsaylı sosial çağırışlara da diqqət yetirilib.
Sosial şəbəkə izləyicilərinin rəğbətini də nəzərə alan münsiflərin yekun qərarına əsasən, I yerə Sahil Hüseynovun "Yuxu", II yerə Elnur Vəlizadənin "Ölümün rəngi", III yerə Sənan və Kənan Şərifovların "Qumar qurbanı" filmləri çıxıb.
"Era Teatrı"nın bədii rəhbəri Anar Rafiqoğlu bildirib ki, təşkilatçılar COVID-19 koronavirus pandemiyası ilə əlaqədar Gürcüstanda elan olunmuş sərt karantin dövründə yaranmış boşluğun aradan qaldırılması və soydaşlarımızın diqqətini yaradıcılığa cəlb etmək məqsədilə bu layihəni gerçəkləşdiriblər. Müsabiqənin məqsədi, həm də gənclər arasında incəsənətin teatr və kino sahələrinə marağı artırmaq və sevdirmək olub.
Gürcüstan Azərbaycanlıları İnteqrasiya Mərkəzinə xüsusi təşəkkürünü bildirən bədii rəhbər qeyd edib ki, həyata keçirdikləri birgə layihənin səmərəli nəticəsini gördükləri üçün, dəstək göstəriləcəyi təqdirdə, gələcəkdə də müxtəlif müsabiqələr təşkil etmək niyyətindədirlər.
Elm aləmində nadir istedada malik elə alimlər var ki, onların elmə gətirdiyi yenilik və çəkdikləri zəhmətin tam həcmi zaman keçdikcə öz dəyərini daha da artırır və elm sahəsində öz dəyərli yerini tutur. İstedadlı alim, ictimai xadim, gözəl qadın və ana olan Aida İmanquliyeva belə alimlərdən, belə şəxsiyyətlərdəndir. Neçə-neçə kitabların, tərcümələrin müəllifi olan Aida xanım Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun ilk qadın direktoru olmuş, Azərbaycan şərqşünaslığını bir çox yaxın və uzaq ölkələrdə elmi konfrans və simpoziumlarda ən yüksək səviyyədə təmsil etmişdir.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası görkəmli şərqşünas-alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın həyat və yaradıcılığından bəhs edən elektron resurs hazırlayaraq geniş istifadəçi auditoriyasına təqdim edib.
Kitabxanadan bildirilib ki, resurs kitabxananın rəsmi saytında yerləşdirilib. Elektron resursda görkəmli alimin həyat və elmi fəaliyyətinin əsas tarixləri, əsərləri, tərcümələri və s. kimi məlumatlar öz əksini tapıb. Elektron resursda Vasim Məmmədəliyev, Nərgiz Axundova, Cəmil Quliyev kimi akademiklərin, yazıçıların, dövlət xadimlərinin Aida xanım haqqında səsləndirdikləri fikirlər, xatirələr də yer alıb. İstifadəçilər elektron resurs vasitəsilə Aida xanımın foto və video qalereyasına baxış keçirmək imkanına da malikdirlər.
Müxtəlif janrda çalışan fotoqrafların maliyyələşdirilməsi və dəstəklənməsi üçün yeni istedadları aşkara çıxarmaq məqsədilə “Gomma fotoqrafiya qrantı” foto-müsabiqəsi elan olunub.
Müsabiqədə birinci yerin qalibinə 1000 avro məbləğində nağd pul mükafatı veriləcək. Müsabiqə qalibə sosial şəbəkəsi və media tərəfdaşları vasitəsilə dünya miqyasında beynəlxalq tanınma imkanı qazandıracaq.
“Gomma” qrantı hər kəs üçün açıqdır. Şəkillər ağ/qara və ya rəngli, analoq və ya rəqəmsal formada təqdim oluna bilər.
Ətraflı məlumat əldə etmək istəyənlər https://www.gommagrant.com/ elektron ünvanına müraciət edə bilərlər.