Kolumbiyanın məşhur “De la literatura” (“Ədəbiyyat haqqında”) “facebook” səhifəsi Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı virtual aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı Mir Cəlalın ispan dilinə tərcümə olunmuş “İki ananın bir oğlu” hekayəsinin yayımına başlayıb.
Tərcümə Mərkəzindən bildirilib ki, hekayə yazıçının həyat və yaradıcılığı haqqında geniş məlumatla təqdim edilir.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı iyunun 11-də saat 19:00-da “İtalyansayağı xoşbəxtlik” tamaşasını sosial şəbəkədəki səhifələri vasitəsilə nümayiş etdirəcək.
Görkəmli italyan dramaturqları Dario Fonun “Markolfa” və Pepino de Filipponun “Don Raffael Tranbomçu” əsərlərinin əsasında hazırlanmış ikihissəli komediyanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır. Tamaşanın plastik həlli və rəqslərin quruluşu Əməkdar artist Boris Lukinskiyə, bədii tərtibatı Zəminə Orucovaya, musiqi tərtibatı İradə Muradovaya, tryukların quruluşu isə İsa Əsədova məxsusdur.
Tamaşanın süjet xətti otuz altı aydır evində xadiməlik etdiyi sahibi Markiz Treratedən bir qara qəpik almayan Markolfa bir anda uduşlu lotereyadan zənginləşməsi üzərində qurulub. Eyni gündə 3 nəfər – Cuzeppe (ev sahibinin ona külli miqdarda borcu var), Markiz Trerate (borc içində üzür), Cuzeppe (30 ildir ki, Markolfa ilə nişanlıdır) ona evlilik təklif edirlər. Elə bütün hadisələr bundan sonra başlanır...
Tamaşanın ikinci hissəsində nümayiş etdirilən “Don Raffael Tranbomçu” mahiyyət və süjet xətti etibarilə “Markolfa” ilə çox oxşardır. Əvvəlki tamaşada olduğu kimi, burada da hadisələr pul ətrafında cərəyan edir. Bir anda böyük məbləğdə pula sahib olan Don Raffael, elə bir anın içində də müflisləşir...
Rusiya Federal Turizm Agentliyi iyulun 1-dən ölkədə turizm müəssisələrinin tam fəaliyyətə başlayacağına ümid bəsləyir.
Bu fikri agentliyin rəhbəri Zarina Doquzova jurnalistlərə bildirib. O deyib ki, iyun ayı boyunca Rusiya turizmi yay mövsümünə hazırlığa başlayıb, kurort mövsümü isə artıq iyulun 1-dən başlanacaq. “Təbii ki, hər şey ayrı-ayrı regionların epidemioloji vəziyyətindən asılı olacaq”, - deyə o, vurğulayıb.
Z.Doquzova xatırladıb ki, iyunun 1-dən Rusiyada otellər və turizm sahəsi məhdudiyyətdən çıxışın 1-ci mərhələsinə start veriblər.
Qafqazın qocaman sənət ocaqlarından biri, 138-ci teatr mövsümünü yaşayan, həmişə öz repertuarında milli-vətənpərvərlik mövzulu əsərlərə önəm verən C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı iyun ayı üçün nəzərdə tutulmuş virtual repertuar çərçivəsində tamaşaçıları sevindirməkdə davam edir.
Teatrın növbəti günlər üçün tamaşalarını təqdim edirik.
14 iyun – 19:00, Aqşin Babayev “Xilaskar” (Quruluşçu rejissor və tərtibatçı rəssam Əməkdar incəsənət xadimi Oruc Qurbanov)
15 iyun – 19:00, İftixar “Qurtuluş dastanı” (Quruluşçu rejissor Əməkdar incəsənət xadimi Oruc İzzətoğlu)
16 iyun – 19:00, İftixar "İşıqlı, nurlu sabah" (Quruluşçu rejissor, tərtibatçı rəssam və xoreoqraf Əməkdar mədəniyyət işçisi İftixar Piriyev)
17 iyun – 19:00, İftixar “Nurlu ömrün anları” (Quruluşçu rejissor, rəssam və musiqi tərtibatı Əməkdar mədəniyyət işçisi İftixar Piriyev)
20 iyun – 19:00, Ramiz Abdullayev “Biznesmen” (Quruluşçu rejissor Əməkdar artist Loğman Kərimov)
22 iyun – 19:00, İftixar "Haqq mənəm" (Quruluşçu rejissor, quruluşçu rəssam və xoreoqraf Əməkdar mədəniyyət işçisi İftixar Piriyev)
24 iyun – 19:00, Azadə Taleh Abbasqızı “Xocalı şəhidim Şöhrət Həsənov” adlı poeması əsasında hazırlanmış “Xocalıya ədalət!” kompozisiyası (Quruluşçu rejissor Nicat Mirzəzadə)
25 iyun – 19:00, İftixar "Soyqırımı tarixinin dastanı" (Quruluşçu rejissor və tərtibatçı rəssam Əməkdar mədəniyyət işçisi İftixar Piriyev)
28 iyun – 19:00, Marat Haqverdiyev "Məhəbbət əzabları" (Quruluşçu rejissor və səhnə tərtibatçısı Həsən Əsgəri)
29 iyun – 19:00, İftixar "Körpü" (Quruluşçu rejissor Xalq artisti Vaqif Əsədov)
30 iyun – 19:00, Ramiz Abdullayev “Olacağa çarə yoxmuş” (Quruluşçu rejissor Yusif Əkbərov)
Tamaşalar saat 19:00-da teatrın “Facebook” səhifəsində (https://www.facebook.com/irevanteatri/) paylaşılacaq, link vasitəsilə teatrın “YouTube” kanalından (https://www.youtube.com/channel/UCFFw-B_FHYMUOZZ2ryc2jlg/videos) nümayiş olunacaq.
Beynəlxalq Muğam Mərkəzindən "Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində canlı yayımlar davam etməkdədir. Belə ki, ötən həftə BMM –dən layihənin 3 canlı efiri yayımlanmış və tamaşaçılar eləcə də sosial şəbəkə izləyicilər tərəfindın maraqla izlənilmişdir.
Uşaqların müdafiə günü ilə əlaqədar hazırlanan xüsusi canlı efirdə musiqi məktəblərinin istedadlı şagirləri çıxış edərək azərbaycan musiqi mədəniyytinin sabahının parlaqlığını nümayiş etdirmişlər. Növbəti günlərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti efirin qonağı olmuş, universitetin rektoru, professor Ceyran Mahmudova təhsil ocağının fəaliyyətindən söz açmışdır. Həmin gün universitetin tələbələri maraqlı konsert proqramı ilə cıxış etmişlər.
Xalq artisti Zəhra Quliyeva, violin ifaçısı Osman Mustafazadə də həftə ərzində canlı efirin qonağı olublar. Xalq artisti onlayn dərslər və tələbələrinin uğurları ilə bağlı düşüncələrini bölüşüb.
Əməkdar artist , rejissor Nicat Kazımov, ifaçılar Pərvin Lətifov və Aydan Rüstəmzadə də canlı efirin qonaqları sırasında olublar.
BMM-nin solisti, V Muğam Televizya Müsabiqəsinin qalibi Nisbət Sədrayeva “Bizi birləşdirən mədəniyyət” efirində sənətə gəlişi, musiqi təhsili və muğam sənəti ilə bağlı düşüncələrini bölüşüb. Həmin gün Aviasiya işçilərinin peşə bayramı da canlı efir vasitəsilə təqdim olunub. 5 iyun Şairlər günündə Xalq artisti ADMİU-nin Muğam kafedrasının müdiri Teyyub Aslanov və Əməkdar artist Azad Şükürovun qonaq olduğu canlı efir unudulmaz şair Mikayil Müşfiqə həsr edilib. Qonaqlar Müşfiq həyatı və yaradıcılığından söz açıb, tələbələrin ifasında şairin şeirləri və sözlərinə bəstələnmiş mahnılar ifa edilib.
BMM-nin solistləri və Muğam Televiziya müsabiqəsinin qaliblərinin iştirak etdiyi həftəiçi buraxılışlarda həm milli musiqi həm də klassik musiqilərə yer verilib.
Qeyd edək ki, “Bizi birləşdirən mədəniyyət” layihəsinin çəkilişləri həftəiçi canlı olaraq BMM-dən yayımlanır. Canlı yayımlar, eyni zamanda, BMM -nin “Facebook” səhifəsindən də təqdim edilir.
"Azanfilm" Studiyası "Tıq-tıq və dostları möcüzələr axtarışında" maarifləndirici, çoxhissəli animasiya filminin 1-ci hissəsinin istehsalını tamamlayıb.
Animasiya filminin 1-ci hissəsində Tıq-tıq öz dostları ilə cənub bölgəmizə səyahət edir və balaca dostlarımıza orada bitən, nadir ağaclardan olan dəmirağac haqqında məlumat verir. Filmdə, həmçinin, başqa maarifləndirici məlumatlar da fərqli şəkillərdə balacalarımlza çatdırılır.
Mədəniyyət Nazirliyinin sifarişi ilə "Azanfilm" Studiyasında istehsal olunan filmin ssenari müəllifi və quruluşçu rejissoru Sultan Abbasbəyli, bəstəkarı Azər Hacıəsgərli, səs rejissoru Mehman Nadirov, prodüseri Mansur Şəfiyevdir.
Ölkə başçısının təşəbbüsü ilə reallaşan sistemli islahatlar peşəkarlıq amilini son dərəcədə aktuallaşdırıb. Fərqli xarakterli qlobal proseslər, elmi və tərəqqi inkişaf, sürətlə dəyişən ictimai münasibətlər, rəqəmsal cəmiyyətin tələbləri və bir sıra digər mühüm amillər bütün sferalarda olduğu kimi mədəniyyət sahəsində də çalışan əməkdaşlarda yeni peşə təfəkkür və səriştələrin formalaşması məsələsini aktuallaşdırır. Məhz əməkdaşların bilik və bacarıqları sayəsində fəaliyyətin səmərəliliyi təmin oluna bilər və konkret sahələrin perspektivliyi təmin ediləcəkdir. Humanitar sahələr sırasında ən həssas və ideoloji əhəmiyyət kəsb edən mədəniyyət sahəsində də transformasiya prosesləri qaçılmazdır.
Qeyd olunanları və qarşıda duran vəzifələri nəzərə alaraq Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi öz fəaliyyətinin strateji planlaşdırılması və əməkdaşlar qarşısında daha dəqiq vəzifələrin müəyyən olunması məqsədilə “Açıq hesabatlar günləri”ni təşkil edir.
Dünyada müşahidə olunan pandemiya fəlakəti dövlətlərin davamlı inkişafında rəqəmsal texnologiyaların nə qədər vacib olduğunu bir daha qabarıq şəkildə ön plana çəkdi. Mövcud vəziyyətdə respublikanın mədəniyyət sahəsində də inkişafını daima təmin etmək, dayanıqlığı qorumaq üçün rəqəmsal texnologiyaların geniş tətbiqi və elektron xidmətlər sisteminin yenidən qurulması gələcəkdə də bu sahədə işlərin aparılmasına tələbat yaradır.
Belə ki, iyunun 3-dən başlanmış hesabatlar Zoom proqramı vasitəsilə ictimaiyyət üçün tam olaraq açıqdır. Karantin şəraitində görülmüş işlərin təhlili və perspektiv planların müzakirəsinə həsr olunmuş hesabatlarda mərkəzin şöbə və bölmə müdirlərinin məruzələri dinlənilir və geniş müzakirə olunur. Sosial izolyasiya dövrü ərzində distant-məsafədən həyata keçirilmiş tədris və təlimlər, habelə fərqli təyinatlı təqdimatların daha da təkmilləşdirilməsi və bu məqsədlə müxtəlif ixtisaslar üzrə mütəxəssislərin cəlb olunması müəssisənin qarşısında duran vəzifələrdəndir. Açıq hesabatlar çərçivəsində eyni zamanda, əməkdaşların elmi işlərinin müzakirəsi də təşkil olunur.
Belə ki, fəaliyyətin şəffaflığını təmin etmək və əməkdaşların işinin adekvat qiymətləndirilməsi, habelə perspektiv planların müəyyən olunmasına həsr olunmuş “Açıq hesabatlar”da müəssisənin əməkdaşları ilə yanaşı mütəxəssislər və sadəcə sahəyə maraq göstərən hər bir vətəndaş iştirak edə bilər. Düşünürük ki, Mərkəzin sözügedən təcrübəsi ölkə başçısının təşəbbüsü ilə reallaşan islahatların ruhuna uyğun olaraq, daha effektiv fəaliyyətin təşkil olunmasına xidmət edəcəkdir.
Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası da #Evdəqal çağırışına dəstək olaraq “Vətənimizə virtual səyahət” adlı layihəni həyata keçirir. Layihə çərçivəsində kitabxana Quba, Xızı, Tərtər, Göyçay, Ucar, Ağcabədi, Qax, Şəmkir, Siyəzən, Xaçmaz, Tovuz, Samux, Daşkəsən, İsmayıllı, Masallı və s. rayonlarına, Gəncə, Sumqayıt və Şəki şəhərlərinə virtual səyahət təşkil edib.
Kitabxanadan bildirilib ki, növbəti videoçarx Şahdağ silsiləsinin şimal ətəyində, 1460 metr yüksəklikdə, Mis çayının sahilində yerləşən Gədəbəy rayonuna həsr olunub.
Videoçarxda rayon haqqında ətraflı məlumat verilir. Bildirilir ki, rayonun bir şəhər, 108 kəndi, 98 min 985 nəfər əhalisi var. Burada Gədəbəyin təbiətinə də xüsusi yer ayrılıb. Tala, Qalakənd, İvanovka, Qovdu, Şamlıqi, Qamış, Gödəkdərə və Soyuqbulaq meşələrinin və Boz dağ, Qocadağ dağlarının əsrarəngiz görüntülərini əks etdirən fotoları isə videoçarxın irəlidəki dəqiqələrində yayımlanır. Bundan başqa çayları, bulaqları, şəlaləsi də görüntülərə daxil edilib.
Virtual tur vasitəsilə Gədəbəyin flora və faunası ilə də tanış olmaq mümkündür. Videoçarx davam etdikcə palıd, fıstıq, yemişan, qələmə, ardıc, Xan çinar ağacları, bənövşə, nərgiz, qaymaqçiçəyi, qarğasoğanı, şirquyruğu, çobanyastığı, andız bitkilərinin və Gədəbəyin təbiətinə məxsus olan bütün heyvanların şəkilləri görünür.
Rayondakı mədəniyyət abidələri e. ə. XII-V əsrləri əhatə edən Xocalı-Gədəbəy mədəniyyətinin bir hissəsi kimi tariximizə daxil olub. Həmin abidələrdən Zəngli kilsə, Qanlı körpü, Qız qalası, Mahrasa məbədi, Cavanşir qalası videoçarxda göstərilib. Bundan başqa, Tarix-Diyarşünaslıq Muzeyi, Haçaqaya, Pir, Seyidqızı, Seyid Əhmədbaba, Seyidağa, Cəfərağa və Seyid Qibləli ziyarətgahları da izləyicilərə videoçarx vasitəsilə nümayiş olunur.
Azərbaycanın digər bölgələri kimi Gədəbəy rayonu da özünün görkəmli və tarixi şəxsiyyətləri ilə məşhurdur. Videoçarxda həmin şəxsiyyətlərdən riyaziyyatçı-alim Qoşqar Əhmədli, akademiklər Tofiq Köçərli, Firudin Köçərli, Əməkdar elm xadimi, professor Nurəddin Rzayev, şair, tərcüməçi İlyas Tapdıq, Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Məzahir Rüstəmov və başqalarının adları verilib.
Rayonda son illər inşa edilən Heydər Əliyev Mərkəzi, Heydər parkı və Aşıq Məktəbinin görüntülərini də izləmək mümkündür.
Gədəbəyin mətbəxinin nümayişindən görmək olur ki, Azərbaycanın bütün milli xörəkləri rayonda məşhurdur.
Gədəbəydə saz havasına xüsusi maraq olduğundan fon musiqisi kimi “Baş Sarıtel” havası seçilib.
“Alagöz”, “Gecələr”, “Lalələr”, “Sənə də qalmaz”, “Küçələrə su səpmişəm”, “Evləri var”, “Tələsin, insanlar” və s. ifa etdiyi mahnılar... Bu şəffaf, bulaq suyu kimi axıcı səsi unutmaq mümkün deyil. Bu səs sehri, cazibəsi ilə təkcə sahibinə deyil, həm də onun mənsub olduğu millətə, xalqa, məmləkətə daim şöhrət gətirərək tükənməz məhəbbət qazandırıb. İyunun 9-da SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, görkəmli müğənni Rəşid Behbudovun vəfatının 31 ili tamam olur.
Səsi, sənəti, fitri istedadı ilə əbədiyaşarlıq qazanan Rəşid Behbudov 1915-ci ildə Tbilisidə xanəndə Məcid Behbudovun ailəsində dünyaya göz açıb. Uşaq yaşlarından məktəb xorunda oxuyan R.Behbudov 1933-cü ildə Dəmir Yolu Texnikumuna qəbul olub. Təhsili dövründə tələbə özfəaliyyət orkestrində çalışıb. Hərbi xidmət zamanı ordu ansamblının, əsgərlik illərindən sonra isə Tbilisi estrada qruplarından birinin solisti olub.
Rəşid Behbudov 1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəylinin eyniadlı operettasının motivləri əsasında çəkilən “Arşın mal alan” filmində baş rola dəvət alıb. 1945-ci ildə efirə çıxan film tezliklə nəinki Azərbaycanda, bütün SSRİ məkanında böyük populyarlıq qazanıb. 1946-cı ildə bu filmdəki Əsgər roluna görə Rəşid Behbudov Stalin mükafatına layiq görülüb. Əsgər obrazını yaradan müğənninin şirin və könül oxşayan səsi hər bir dinləyicini valeh edib. Bundan sonra sevimli müğənninin səsini eşitmək arzusunda olanların sayı gündən-günə artıb. Azərbaycan kinosunun qızıl fonduna daxil olan həmin film bu gün də müvəffəqiyyətlə nümayiş etdirilir.
R.Behbudov uzun illər Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub. 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomima kimi müxtəlif janrlarını özündə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil edib və ömrünün sonunadək onun solisti və bədii rəhbəri olub. Hazırda bu teatr dahi sənətkarın adını daşıyır.
İfaçılıqda xalq yaradıcılığını, vokal sənətini, estrada janrını sintez edən Rəşid Behbudov bənzərsiz səsi, zahiri görkəmi və aktyorluq istedadı ilə dinləyicinin və tamaşaçının qəlbini ovsunlayan ifaçılardandır.
Milli musiqi xəzinəmizin, eləcə də Azərbaycan bəstəkarlarının əsərlərinin ölkə hüdudlarından kənarda populyarlıq qazanması məhz Rəşid Behbudovun ifası sayəsində mümkün olub. Tofiq Quliyev, Fikrət Əmirov, Səid Rüstəmov, Vasif Adıgözəlov, Qara Qarayev, Arif Məlikov və digər görkəmli bəstəkarlarımızın yaradıcılığını onsuz təsəvvür etmək mümkün deyil.
Xalqını sonsuz məhəbbətlə sevən sənətkar sovet respublikaları ilə yanaşı, Argentina, Bolqarıstan, Belçika, Çili, Çin, Efiopiya, Finlandiya, Hindistan, İran, İraq, İtaliya, Misir, Türkiyə və digər ölkələrdə geniş konsert proqramları ilə Azərbaycan xalq mahnılarının və bəstəkar əsərlərinin populyarlaşmasında çox böyük rol oynayıb. Yaradıcılığı sərhəd tanımayan Rəşid Behbudovun ifa etdiyi hər mahnı, yaratdığı hər obraz sənət hadisəsinə çevrilib, sənətkar dəfələrlə dövrünün ən yüksək mükafatlarına layiq görülüb.
Rəşid Behbudovun sənəti Azərbaycan musiqi tarixinə ən şərəfli səhifələrdən biri kimi həkk olunub. SSRİ məkanında, eləcə də dünyanın ayrı-ayrı qitələrində milyonlarla dinləyicinin qəlbini fəth edən sənətkar getdiyi hər yerdə Azərbaycan musiqisinin, onun zəngin mədəniyyətinin yorulmaz təmsilçisi və təbliğatçısı idi.
1989-cu il iyunun 9-da Moskvada vəfat etmiş dahi sənətkar Bakıda Fəxri xiyabanda dəfn edilib.
Respublika Gənclər Kitabxanasının “Sevilənlər sevənlər” rubrikası altında keçirdiyi canlı yayımlar davam edir.
Kitabxanadan bildirilib ki, iyunun 8-də keçirilən canlı yayımın növbəti qonağı Əməkdar artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, aktyor və bədii qiraətçi Azad Şükürov olub. Qısa zamanda ətrafında kifayət qədər geniş izləyici kütləsi toplayan “Sevilənlər sevənlər” rubrikasının bu canlı yayımına 1100-dən çox istifadəçi qatılıb. Canlı yayımın aparıcısının və istifadəçilərin suallarını cavablandıran Azad Şükürov sənətə gəlişindən, ilk rollarından, korifeylər ilə xatirələrindən danışıb.
Söhbət əsnasında teatr və kino sənətinin maraqlı paralelləri aparılıb, qonaq həm kino, həm də teatr sənətinin incəliklərindən söhbət açıb. Bu sənətdə peşəkarlığın üzərində daim işləmək, axtarışda olmaq, sənətə dair biliklərini artırmaq zəruriyyətindən danışılıb. Bundan əlavə, canlı yayım zamanı müasir teatr və kino sənəti, tamaşaçı tələbatı və s. mövzular ətrafında maraqlı söhbətlər aparılıb. Canlı bağlantı zamanı Əməkdar artist çoxsaylı istəkləri nəzərə alaraq Nüsrət Kəsəmənlinin “Bir məktub yazacam sənə” və Rəsul Rzanın “Unutmayın” şerlərini səsləndirib. Sonda qonaq bu cür görüşlərin təşkilinə görə kitabxana rəhbərliyinə və bütövlükdə kollektivə öz dərin təşəkkürünü bildirib.
İstifadəçilər Azad Şükürovla keçirilən canlı yayıma
https://www.instagram.com/tv/CBLuuXohG2Y/
linkı vasitəsilə baxa bilərlər.