Suraxanı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətləri olan Mikayıl Müşfiqin anadan olmasının 112 illiyi münasibətilə videoçarxlar hazırlayıb.
Kitabxanadan bildirilib ki, videoçarxlarda şairin ömür yolu və yaradıcılığından söhbət açılır və ona həsr olunan kitablar barədə məlumat verilir.
Qeyd olunur ki, Mikayıl Müşfiqin yaradıcılığı XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Ədəbi fikir tariximizə yenilikçi şair kimi daxil olmuş Müşfiq dövrün yüksək bədii dəyərə malik, romantik ruhlu və dərin ictimai məzmunlu zəngin poeziyasını yaradıb.
Tanınmış tədqiqatçı Nərman Qocatürkün “Biz türklərik! Çadırımız göy qübbəsi̇” adlı yeni kitabı İstanbulda türk dilində işıq üzü görüb.
Kitabın elmi məsləhətçisi, akademik Nizami Cəfərovun türk dövlətçilik tarixinin bir-birindən zəngin dövrlərinin, mərhələlərinin müasir elmi-metodoloji prinsiplər, sələf-xələflik ardıcıllığı ilə araşdırıldığı nəşrlə bağlı qeydlərini oxucularla bölüşür.
Həmişə olduğu kimi, tarixin indiki mərhələsində də sosial-mədəni, iqtisadi, mənəvi-əxlaqi inkişafı elmsiz təsəvvür etmək mümkün deyil. Elmin özü də məzmun, metodologiya və dünyagörüşü olaraq sürətlə yeniləşir, meydana öncələr müşahidə edilməyən fərqli nəzəri-praktiki məqamlar çıxır. Bir sözlə, elm-cəmiyyət-insan bağlantısı tarixdə görünməmiş səviyyədə qarşılıqlı asılılıq halına gəlib. Bu da özlüyündə fəlsəfi-elmi idrakın təkamül dinamikasını müxtəlif aspektlərdə tədqiq etməyin daha da aktuallaşmasına əlavə stimul verməkdədir. O cümlədən humanitar elmlər üçün xalqın mifik, fəlsəfi və elmi təfəkkürünün təkamül dinamikasının müxtəlif kontekstlərdə araşdırılması son dərəcə vacib vəzifəyə çevrilib.
Ulu öndər Heydər Əliyev göstərir ki, hər bir xalqın yaşamasında və inkişafında mədəniyyətin, elmin, dilin, mənəvi-əxlaqi dəyərlərin həlledici rolu vardır: “Biz öz milli-mənəvi dəyərlərimizlə fəxr etməliyik. Bizim milli-mənəvi dəyərlərimiz əsrlərboyu xalqımızın həyatında, yaşayışında, xalqımızın fəaliyyətində formalaşıbdır. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz. Bizim üstünlüyümüz ondan ibarətdir ki, gənc və güclü dövlətimiz möhkəm təməl üzərində qurulub. Çoxəsrlik tarix, mədəniyyət üzərində qurulub. Milli-mənəvi dəyərlər bizim üçün ən vacib məsələdir. Biz təbii ki, ümumbəşəri dəyərləri bölüşürük. Ancaq bizim üçün başlıca dəyərlər öz milli Azərbaycan dəyərlərimizdir. Biz fəxr edirik ki, “Kitabi-Dədə Qorqud” kimi böyük tarixi abidəmiz var. Biz fəxr edirik ki, Dədə Qorqud övladlarıyıq. Biz fəxr edirik ki, Dədə Qorqud elində yaşayırıq. Biz fəxr edirik ki, “Kitabi-Dədə Qorqud” bütün türkdilli dövlətlərə mənsub olaraq, eyni zamanda və birinci növbədə, Azərbaycan xalqına mənsubdur. Fəxr edirik ki, biz “Kitabi-Dədə Qorqud”un sahibiyik, onu yaşadacağıq və gələcək nəsillərə daha da böyük töhfələrlə verəcəyik”.
Prezident İlham Əliyev Ulu Öndərin müstəqil dövlət quruculuğu kursunu uğurla davam etdirərək, milli-mənəvi dəyərlərin saxlanması və inkişaf etdirilməsi işində fəlsəfi-elmi tədqiqatların çox aktual olduğunu ifadə edib. Ölkə başçısı dövlətçiliyin inkişafında milli-mənəvi dəyərlərin nə qədər əhəmiyyətli olduğunu vurğulayaraq demişdir: “Azərbaycan öz milli, dini dəyərlərinə sadiqdir. Bizi əsrlərboyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. Bu gün qloballaşan, çətinliklərlə üzləşən dünyada milli dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini təşkil edir”. İlham Əliyev insan kapitalının inkişaf etdirilməsi, intellektin milli sərvətə çevrilməsi kimi strateji əhəmiyyətli vəzifələr qarşıya qoyub. Onlara nail olunması üçün fəlsəfi-elmi tədqiqatlara böyük ehtiyac mövcuddur.
Ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın söylədiyi kimi: “Azərbaycan xalqı öz yaddaşını, dilini, eposlar yaratmaq bacarığını bir çox nəsillər boyu yaşada bilmişdir... Biz öz mədəniyyətimizin, adət-ənənələrimizin, tarixi irsimizin təkrarolunmaz incilərini qoruyub saxlayaraq müasir dünya mədəniyyətinə təqdim etmişik”.
Bunlar xalqın mənəvi-mədəni dəyərləri ilə əlaqəli olan və tarixi xarakter daşıyan mövzuların tədqiqinin böyük aktuallıq kəsb etdiyini müasir dövrün tələbləri aspektində aydın ifadə etməkdədir. O cümlədən milli yaddaşımızın, milli- mənlik şüurumuzun hərtərəfli dərk edilməsi son dərəcə vacib problemdir.
Belə ki, insan təfəkkürünün təkamülü qədər dramatik proses yoxdur. Dünya bəzən insan üçün o dramatizmin yaratdığı “rənglər”in mənzərəsini xatırladır. Burada hər “rəngin” öz mənası, rolu və məqsədi var. Təfəkkürün ilkin qatlarına aid olan mifik düşüncəyə bu prizmadan baxanda qəbul edilmiş təsəvvürləri dəyişə biləcək reallıqla üz-üzə qalırıq. İnsan övladı həyatının qaynağına aid düşündüklərinə yenidən baxmaq məcburiyyətini duyur. Fəlsəfi mövqedən bu, miflərin toplumun formalaşmasında və tarixi təkamülündə nə qədər yeri və rolu olduğunu bir daha yenidən düşünmək zərurəti ilə üz-üzə qalmaq deməkdir.
Əslində, mifik təfəkkürün insan gerçəkliyini formalaşdırdığı haqqında ciddi elmi mövqe mövcuddur. Hər bir şüuri fəaliyyətin qaynağında isə qeyri-şüurinin dayandığı ehtimalı hətta bir sıra mükəmməl fəlsəfi sistemlərin ruhuna belə hopdurulub. Hər bir xalqın tarixində miflərdən qaynaqlanan elə dəyişməz (invariant) faktorlar var ki, insan həyatının quruluşunda çox ciddi rol oynayır. Hətta o dərəcədə ki, toplumun həyatının özünə bu elementlərin təşkil etdiyi sistemin özünüinkişaf etdirməsi kimi baxmaq lazım gəlir. Odur ki, millətin təşəkkülü ilə mifin tarixi təkamülü, “özünü açması”, yüksəliş mərhələlərinə keçməsi arasında orqanik bağlantı görə bilərik və bu proses dövlətçilik səviyyəsinə qədər ucala bilir. Əslində, yaddaş tarix, tarix isə yaddaş deməkdir və hər ikisi bütöv bir toplumun bu gününü özündə əks etdirmək gücünə malikdir. Bu mənada, yaddaş əbədiyaşarlıq enerjisinin daşıyıcısıdır, yəni, millətin həm də gələcəyini özündə əks etdirir. Tarix zamanın içərisindən bir toplum formalaşdırır. Xalq isə öz içərisindən gələcəyin tarixini yaradacaq dahi şəxsiyyətlərini, sərkərdələrini yetişdirir. Onlar tarix adına hər nə yazsalar, sonrakı dönəmlərdə xalqın yaddaş saxlancına dönəcəkdi. Bu isə əsl xalq yaradıcılığı deməkdir.
Xalq yaradıcılığı insanların həyatında aktuallaşır və orada konkret məzmun alır. Həm də əsrlərlə mövcud olan formaları konkret şəxslər improvizasiya əsasında yeniləşdirir. Bununla yeknəsəklikdən yaxa qurtarılır, həm də ənənə hər şəxsin ifasında yeni nəfəs alır. Ənənə saxlanır, ancaq yeni ritmdə və nəfəsdə ifadə olunur. Bu da onu göstərir ki, yaddaş adlı tarix, əslində, daim yaşayır, əsrlərdən əsrlərə yeni improvizasiyada keçir. Tarix elə bil folklorun təkamül yolu, bəşəriyyətin yaşam qaydasıdır. Yaddaş özünütəşkil edərək insanda yaşayır və insanı yaradır. Bu proses ümumi səviyyədə xaosdan nizamlılığın yaranması təsiri bağışlayır.
Hər bir millət öz yaddaşı ilə doğular, yaddaşı ilə yaşayar... Amma sonunda yaddaşından bir iz qoyub gedər yer üzündə. Sonradan gələn nəsillər müqəddəs ruh kimi tapınarlar həmin yaddaşa. İzinin işığına düşüb min illər yol gedərlər üzü sabahlara doğru.
Min illərdir bəşəriyyəti birliyə, bütövlüyə, dostluğa, qardaşlığa, sivilizasiyaları, mədəniyyətləri dialoqa çağıran, tolerantlığı, humanizmi həyat tərzinə çevirən, türk dünyasının, Şərqin bir parçası olan Azərbaycan bu il Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına ev sahibliyi edir. “Biz çox istəyirik ki, türkdilli xalqlar, ölkələr arasında birlik daha da güclənsin. Bu, bizim tariximizdir, bizim mədəniyyətimizdir, bizim köklərimizdir”, “Biz birlikdə güclüyük” nidası ilə quruma rəhbərlik edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev türk xalqlarının mənəvi birliyi üçün genişmiqyaslı layihələrin gerçəkləşməsinə töhfələr verir.
İstər Cümhuriyyət zamanı, istərsə də azadlığa yenidən qovuşduğumuz illərdə respublikamızın müstəqilliyini ilk tanıyan ölkə olan Türkiyə Cümhuriyyəti Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərin müzakirələrində birmənalı mövqe nümayiş etdirir. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türk millətini hələ tanımayıblar! Biz bir ölər, min dirilərik. Bu, bizim xarakterimizdir” gerçəyi ilə mənəvi mücadiləsini davam etdirir.
Böyük bir ərazini özünə yurd yeri edən türk, həm də bir millət olaraq, çoxlu sayda tayfaları birləşdirir. Daha doğrusu, onlarla tayfa birlikləri türk millətlərini təmsil etmişlər. Böyük türk adını daşımaqdan şərəf duyan bu tayfaların yaddaş dünyasına baş vuraraq, türkün doğuluş tarixindən bu günümüzə boylanmaqla bu dünyanın zirvəsindən böyük türk ruhunun necə bir parlaqlıqla işıq saçdığının şahidi ola bilərik. Hunların, saqların, göytürklərin, xəzərlərin, uyğurların, qıpçaqların bu günümüzə yetirdiyi əski qaynaqlarla yanaşı, Qafqaz - Azərbaycan, Anadolu türklərinin, Türküstan xalqlarının - türkmən, özbək, qırğız, başqırd və qazaxların, Sibir türklərinin - yakut, xakas, şor, qumuq, kalmık və digər türk törələrinin yaddaşlarına yazılanları bir araya gətirərək əski yaddaşı canlandırmaqla çağdaş dünyanın daha güclü bir toplumunu, böyük türk toplumunu görüntüyə gətirə bilərik.
Bu gün ən böyük amalı da məhz bu sevgiyə köklənən, türk və müsəlman dünyasının mənəvi birliyinə, siyasi- iqtisadi, mədəni yüksəlişinə töhfələrdə bulunan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası), Türkdilli Dövlətlərin Parlament Assambleyası (TÜRKPA), Türkiyə Odalar və Borsalar Birliyi (TOBB), Azərbaycan Sahibkarlar Konfederasiyası kimi türk adına güclü siyasi-iqtisadi təşkilatların rəyi ilə mənəvi dəyərlərimizin tədqiqi, təbliği istiqamətində bir çox ilklərə imza atan “Turanbank”ın “Dəyərlərimizi qoruyaq və təbliğ edək” layihəsi çərçivəsində Nərman Qocatürkün bu günlərdə İstanbulda türk dilində işıq üzü görən “Biz türklərik! Çadırımız göy qübbəsi̇” adlı kitabı da əslində, belə bir amalın, ideyanın gerçəkliyinə xidmət etdiyini həmin əsərin elmi redaktoru olaraq tam əminliklə söyləyirəm. Türk xaqanlıq tarixinə həsr olunan bu layihənin gerçəkləşməsində Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti, iqtisad elmləri doktoru Məmməd Musayevin icraçı direktor, yazıçı-publisist İbrahim Nəbioğlunun redaktor kimi fəaliyyətini xüsusilə qeyd etmək lazımdır.
Kitabda Doğudan Batıya atı getdikcə çapan, qılıncı işlədikcə kəsən, qılıncla qələmin vəhdətində dünyanın tarixini yazan, öz uduq Yazısı ilə Mif ucalığında əbədiyaşarlıq qazanan Böyük Türkün qüdrətli xaqan-sərkərdələrinin, el bilicilərinin dünyasından soraq verilir. Türkün Yaddaş Kitabının altun səhifələrini vərəqləyən müəllif mif ruhuna bürünmüş əski yaddaşımızdan çağdaş günümüzə boylanmaqla türk adından qürur duyan hər bir kəsi bu uca Sevgiyə tapınmağa səsləyir. Böyük türkün yaddaş dastanı yenidən varaq-varaq səhifələnir. Türkün yaddaş dastanı deyib qələmə alınan bu yazı həm də Köç Yolu boyunca binələnmiş neçə- neçə türk soylarının dünənindən bu gününə soraqçıdır.
Kitab dünyanın yarıdan çoxuna hakim kəsilən, yenilməz orduları ilə yanaşı, zəngin bazarları, ticarət və mədəniyyət mərkəzləri ilə də Böyük İpək Yoluna nəzarət edib günçıxandan günbatana sarı dünyanın siyasi mənzərəsini cızan türk milli dövlətlərinin, xaqan- sərkərdələrin, millət fədailərinin, el və dil bilicilərinin gücünü, qüdrətini özündə əks etdirir.
Türk xaqanlıq tarixindən və saray mədəniyyətindən, eləcə də həmin zəngin mədəniyyətin inkişafında Azərbaycan xalqının, milli Azərbaycan dövlətlərinin və bu dövlətləri təmsil edən qüdrətli şəxsiyyətlərin, dövlət xadimlərinin möhtəşəm fəaliyyəti Qazi Mustafa Kamal Paşa Atatürkün, ümummilli lideri Heydər Əliyevin simasında geniş və hərtərəfli şərh olunub. Böyüklüyünü bütün dünyanın etiraf etdiyi Heydər Əliyev millətləri, dövlətləri əski yola, dünyanın yaddaş yerinə, Böyük Köç Yoluna səsləyərkən Azərbaycandan keçən bütün yolların qapısını Türkiyə deyə göstərdi. Azərbaycandan Avropaya uzanan yolun üstündə cızılan layihələrin hamısında Türkiyə-Azərbaycan müştərəkliyini hər şeydən öndə gördü.
Bu addımı ilə türkün şərəf və ləyaqət rəmzinə çevrilən Heydər Əliyevin layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin reallaşdırdığı bütün layihələrdə də Türkiyə Azərbaycanla birgə sevindi. Çünki hər iki dövlətin prezidentlərinin – Rəcəb Tayyib Ərdoğanın və İlham Əliyevin imzaladıqları layihələrdə millətin ortaq payı var. Kitabda bu məqamlarla yanaşı, türk birliyinə xidmət edən bir çox tarixi anlar, görüşlər, toplantılar öz əksini tapıb, uğurlu daxili və xarici siyasəti ilə Azərbaycanı regionda sabitliyin, dünyada enerji təhlükəsizliyinin təminatçısına çevirən, transmilli layihələri gerçəkləşdirməklə Azərbaycanı Avropa ailəsinə qovuşduran Prezident İlham Əliyevin genişmiqyaslı fəaliyyətinin elmi-fəlsəfi şərhi verilib. Mən şübhə etmirəm ki, kitab bütün türk dünyasında maraqla qarşılanacaqdır.
Əbu-Dabi Universitetinin beynəlxalq əlaqələr kafedrasının müəllimi Şəhrizad Süleyman və Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu “Əl-Bayan” qəzetinin redaktoru, tanınmış jurnalist Marvat Əbdulkərim ərəb dünyasında Azərbaycanın zəngin tarixinin və mədəniyyətinin təbliği üzrə maraqlı layihə həyata keçirəcəklər.
Ş.Süleyman bildirib ki, layihə çərçivəsində Qafqazın incisi sayılan, füsunkar təbiətə malik əsrarəngiz gözəlliklər diyarı olan Azərbaycanın qədim tarixi, əsrlərə meydan oxuyan abidələri, türbələri, dini məbədləri, möhtəşəm qalaları, zəngin mədəni irs nümunələri, milli adət-ənənələri, ləziz mətbəxi, habelə dahi şəxsiyyətləri, elm xadimləri haqqında silsilə məqalələr dərc olunacaq. Ərəb oxucusuna qədim mədəniyyət və dövlətçilik ənənələrinə malik böyük bir xalqın həyat hekayələri də təqdim ediləcək.
“Biz oxuculara ölkəmizin keçmişi və bu günü, mədəniyyətimizin tarixi mənzərəsi ilə bağlı bələdçilik edəcək, müsəlman Şərqində ilk peşəkar teatrın, kinematoqrafın, operanın məhz Azərbaycanda yarandığı diqqətə çatdıracağıq. Şərqlə Qərbin kəsişməsində, Böyük İpək Yolunun üzərində yerləşən Azərbaycan tarixi ənənələri və müasirliyi birləşdirən ölkə olmaqla yanaşı, qədim abidələri, yaşı minilliklərlə ölçülən yaşayış məskənləri, mədəniyyət mərkəzləri ilə diqqəti cəlb edir. Bu kontekstdə Azərbaycanın paytaxtı Bakı şəhəri, həmçinin qədim Azərbaycan tarixinin rəmzləri - milli memarlığımızın unikal nümunələri olan Qız qalası, İçərişəhər, Şirvanşahlar Sarayı, Məhəmməd məscidi haqqında məqalələr dərc ediləcək. Bundan əlavə, ərəb oxucular Şərq memarlığının inciləri olan Qarabağlar, Möminə Xatun, Şahxəndan, Şeyx Dursun, Yusif ibn Küseyir, Nuh peyğəmbər türbələrinin tarixi və orijinal memarlıq üslubları ilə yaxından tanış olacaqlar”, deyə o əlavə edib.
Ş. Süleyman qeyd edib ki, sözügedən layihə çərçivəsində Qarabağ həqiqətlərinə mükəmməl tarixi-hüquqi yanaşma sərgilənəcək.
“Əzəli yurd yerlərimizin qədim tarixi, işğal altında qalan torpaqlarımızdakı maddi-mədəni sərvətlərin erməni vandalları tərəfindən dağılıb-talan edilməsi tarixi, xronoloji faktlarla oxucuların diqqətinə çatdırılacaq. Bundan əlavə, Şərq xalçaçılıq sənətinin bir qolu olan Azərbaycan xalçalarından, Qarabağ, Şirvan, Qazax xalçaçılıq məktəbindən bəhs edən məqalələrin dərc olunması nəzərdə tutulur”, - deyə Əbu-Dabi Universitetinin müəllimi vurğulayıb.
Onun sözlərinə görə, ərəb oxuculara Şərqin böyük alim və mütəfəkkirləri Nəsrəddin Tusi, Bəhmənyar, Bakuvi, Ağ Şəmsəddin, Mir Mövsüm Nəvvab, Qütbəddin Şirazi, Qətran Təbrizi, Əkmələddin Naxçivani, Yəhya Təbrizi, Fəthullah Şirvani, İbrahim Gülşəninin həyat və yaradıcılığı haqqında ətraflı məlumat veriləcək.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialı Azərbaycanın göz oxşayan, gəzməli, görməli abidələrindən olan Şəki Xan Sarayına virtual səyahət təşkil edib.
İdarədən bildirilib ki, Xan Sarayı haqqında videoslayd hazırlanıb, kitabxananın “Instagram” və “Facebook” hesablarında paylaşılıb.
Videoslaydda qeyd edilir ki, Şəkidə yerləşən Xan Sarayı dünya əhəmiyyətli tarixi və memarlıq abidəsidir. XVIII əsrdə inşa edilən saray binası şəhərin şimal-şərq hissəsində, qala divarları ilə əhatə olunmuş ərazidə yerləşir. Otuz metr uzunluğu olan ikimərtəbəli bina 300 kvadratmetr sahəni əhatə edir. Saray altı otaq, dörd dəhliz və iki güzgülü eyvandan ibarətdir. Özündə həm də xalq yaşayış binalarının xüsusiyyətlərini daşıyan saray binası, Qafqazda XVIII əsr saray memarlığının ən gözəl nümunələrindən biri olmaqla, həm də İslam Şərqinin memarlıq incilərindəndir. Şəhərin tarixi mərkəzi ilə birlikdə saray 120 hektar ərazini əhatə edir.
Şəhərin ən yüksək hissəsində, əski xan qalasının içərisində, 1762-ci ildə Azərbaycan memarlığının ən gözəl nümunəsi olan ikimərtəbəli yay sarayı kimi tikilib. Sarayı üzük qaşı kimi dörd bir tərəfdən möhtəşəm divarlar əhatə edir. Xalq sənətkarları çox məharətlə bürc və ziqzaqlar vasitəsilə daşlardan “Məhəmməd Həsən xan” kəlməsi yazıblar.
Saray kompleksinin 1853-cü ildə tərtib olunmuş planından məlum olur ki, qalanın içərisində xanların və onların ailələri üçün qış və yay saraylarından başqa, digər tikililəri də olub. Saray divarlarının ucaldılmasında çay daşlarından və çiy kərpicdən istifadə olunub. Lakin bu divarlar üzərində kirəc məhlulu və gəcdən istifadə etməklə sənətkarlar milli memarlıq sənətimizdə yeni dəst-xətt gətiriblər. Sarayın birinci mərtəbəsi qonaqların qəbulu üçün ayrılıb. Burada xan Şəkiyə gələn rəsmi nümayəndələri, səfirləri, dövlət elçilərini və başqa qonaqları qəbul edib. İkinci mərtəbədə xan və onun ailə üzvləri yerləşiblər. Sarayın altı otağından hər birisi öz mənsubluğuna uyğun olaraq həndəsi, nəbati və cəng-döyüş rəsmləri ilə bəzədilib, alt və üst mərtəbələrdə simmetrik salınmış otaqlar bir-birindən, əsasən divar rəsmlərinin süjetləri ilə fərqlənir. Qadınlara məxsus otaqların divarları bütünlüklə gül-çiçəklə, ağac budaqlarına qonmuş cəh-cəh vuran bülbüllərlə, əfsanəvi quş və heyvan şəkilləri ilə bəzədilib. Birinci mərtəbənin orta, böyük salonundakı karnizdə, iti gözlərdən uzaq bir yerdə, ümumiyyətlə, binanın bədii tərtibatında olan rəsmlərin içərisindən yeganə rəsm olan rəqqasə qadınların rəsmləri verilib. Müxtəlif musiqi alətlərində çalan və oynayanlar milli geyimdə təsvir olunublar.
Bildirilir ki, sarayın ikinci mərtəbəsindəki xanın otağı bütünlüklə döyüş səhnələri ilə bəzədilib və məzmunca çox müxtəlifdir. Məşhur Şəki hökmdarı Hacı Çələbi nəslindən olan və bu sarayda yaşayan Şəki xanlarının faciəli həyatı sanki bu otaqların divarlarında olan rəsmlərdə tam təsvir olunub.
Diqqətə çatdırılır ki, bu gün Şəki Xan Sarayı və Şəkinin tarixi abidələri ölkəmizə gələn turistlərin mütləq baş çəkəcəyi bir məkana çevrilib. Dövlətimizin böyük səyi nəticəsində 2019-cu ilin iyulun 7-də Bakı Konqres Mərkəzində keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının növbəti iclasında Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyası UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
Qırğızıstanın məşhur Literatura.kg (Ədəbiyyat.kg) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı virtual aləmdə” layihəsi çərçivəsində Xalq yazıçısı İsa Hüseynovun rus dilinə tərcümə olunmuş “Saz” hekayəsini yerləşdirib.
Tərcümə Mərkəzindən bildirilib ki, “Yaxın xaric ölkələrdə ədəbiyyat – Azərbaycan” adlı xüsusi bölməyə yerləşdirilmiş əsər yazıçı və onun yaradıcılığı ilə bağlı geniş məlumatla təqdim edilir.
Qeyd edək ki, “Yaxın xaric ölkələrdə ədəbiyyat – Azərbaycan” bölməsi mütəmadi olaraq Belarus, Ukrayna, Özbəkistan, Tacikistan və digər ölkələrin aparıcı ədəbiyyatlarına yer ayırır.
Parisdə UNESCO-nun İcra Şurasının 209-cu sessiyası onlayn formatda keçirilir.
Azərbaycan Respublikasının UNESKO yanında daimi nümayəndəsi, səfir Anar Kərimovun sessiyada çıxışı gözlənilir. Səfir COVID-19 pandemiyasına qarşı mübarizədə Azərbaycanın töhfələrinə toxunacaq, təcridolma rejimi müddətində İcra Şurasının iş metodu müzakirə olunacaq.
Sessiyada A.Kərimov ölkəmizin Qoşulmama Hərəkatının sədri kimi üzv dövlətlərə müraciətini də təqdim edəcək.
Həmçinin, sessiya iştirakçıları COVID-19 pandemiyasının UNESCO-nun proqram və fəaliyyətinə təsirinə dair fikir mübadiləsi aparacaqlar. Katibliyin baş qərargahda mövcud vəziyyətlə bağlı sessiyasının işinə pandemiyanın təsirlərinə dair təqdimatlara da baxılacaq.
Qeyd edək ki, İcra Şurasının 209-cu sessiyası iyunun 9-dək davam edəcək.
Həyatda rəngli bir ömür yaşamaq, insanlara mənəvi gözəllik bəxş etmək hər kəsə nəsib olan bəxtiyarlıq deyil. Uca Yaradan belə bir ömrü ən çox incə, zərif, romantik təbiətli insanlara, qəlbi saf duyğularla süslü olan sənət xiridarlarına bəxş edir. Bu xüsusiyyətlər sənət adamlarının həyat tərzində, davranışında, daxili aləminin gözəlliyində özünü büruzə verir. Bu füsunkarlıq o qədər bənzərsiz, rayihəli ki, yazda çiçəkləyən ağaclar, minbir rəngə çalan gülzarlıq təki adamın ruhunu oxşayır. Bütün bunları sadəcə təsəvvür etmək, uzaqdan-uzağa duymaq belə, insanı ehtizaza gətirir. Bəs görəsən, xarakterik cizgilər, fərdilik və özəlliklər həqiqi sənətkarda necə yaranır?
Mənə görə, hər hansı bir sənətə maraq, sevgi insanın ruhunda doğulur, qəlbində boy atdıqca alova dönür, ta ki, bağlandığı sənətin əsl ustadı oluncaya qədər için-için yandırır onu... Bu sətirləri sıraladıqca sağlığında yaxından tanıdığım, sıx-sıx ünsiyyətdə olduğum bir sənətkarı düşünürəm. Xatirələrimin aynasında çöhrəsindən nur süzülən xanım-xatın qadın, Azərbaycanda ilk monumentalçı heykəltəraş Münəvvər Rzayeva canlanır. Deyirəm, nə yaxşı ki, sağlığında belə bir sənətkarla həmsöhbət olmuş, müxtəlif vaxtlarda onunla görüşmüşəm. Elə ilk görüşdən də bilmişəm ki, Münəvvər xanımda heykəltəraşlığa maraq rəssamlıqdan başlayıb. O vaxtlardan da düşüncəsində, həyata baxışlarında göy qurşağının parlaq rənglərini özündə təcəssüm etdirən romantika olub. Bəlkə də romantik hiss və duyğular uşaqlıq yaddaşına atası, xalça ustası Məcid kişinin könlündən-gözündən süzülüb qızının əhvalına, ruhuna. Bilmirəm...
Fransız yazıçısı Andre Morya “Bənövşələr” hekayəsində yazırdı ki, romantika, dünyada ona layiq olanlar üçün həmişə mövcud olacaq. Münəvvər Rzayevanın da hələ yeniyetmə çağlarından qəlbində çiçəkləyən romantika həyatının ən mürəkkəb, təlatümlü vaxtlarında belə, solmadı, sozalmadı, əksinə, yaratdıqca, obrazlarına əbədilik qazandırdıqca sənət dünyasını rövnəqləndirdi. Bəs necə, Qarabağımızın tacı – füsunkar Şuşada doğulan Münəvvər xanım romantik olmaya bilərdimi!
Bu sənətkar xanımın tərcümeyi-halı ilk sətrindən başlamış, son sətrinədək onun incəsənət aləminə məxsus olduğunu göstərir. Münəvvər Rzayeva 1950-ci ildə Əzim Əzimzadə adına rəssamlıq məktəbini, 1956-cı ildə isə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsini bitirmişdir (N.V.Tomskinin sinfi). Sənətkar həyatı boyu 100-ə qədər müxtəlif sənət əsəri yaratmışdır. Onun əsərləri paytaxt Bakıdan başlayaraq, Azərbaycanın bir sıra bölgələrində yerləşdirilmişdir. Heykəltəraş xanım 1943-cü ildən müxtəlif sərgilərdə iştirak edib. 1953-cü ildən Rəssamlar İttifaqının, Mədəniyyət Nazirliyinin Dövlət Komissiyasının üzvü olub. O, AMEA Nizami adına Ədəbiyyat muzeyində bərpaçı rəssam kimi də fəaliyyət göstərmişdir. Azərbaycan Respublikasının Əməkdar rəssamı Münəvvər Rzayevanın ömrü sözün bütöv anlamında təzadlar içində keçmişdir. Mənəvi gözəlliyinin meyarı isə sənətkarın yaratdığı çeşid-çeşid əsərlərində ehtiva olunur.
Münəvvər xanım həyatın ona sürpriz etdiyi çətinliklər, problem və qayğılarla dolu bir həyat yaşamışdır. Buna baxmayaraq, qəlbi əlvan duyğularla çağlayan sənətkarın gözləri hər yerdə və hər şeydə gözəllik axtarırdı. O, bayırda lopa-lopa yağan qarın paklığından, baharın xoş nəsimindən, al-əlvan çəmən ətrindən zövq alan və bunların yaratdığı ruhsallıqdan təsirlənərək, şövqlə işləyən bir sənətkar idi. Onun orijinal dəstxəti yaratdığı sənət incilərində özünəməxsusluqla ifadə olunurdu. Bütün sənət dostları da heykəltəraşın xarakterinə xas olan bu mühüm cəhəti görür və təqdir edirdilər. Belə ki, o, ən çox görkəmli şəxsiyyətlərin, şair, yazıçı və filosofların, dövlət xadimlərinin abidə-obrazını yaradarkən heykəllərdə obrazın daxili aləmini, hiss və duyğularını tam dolğunluğu ilə əks etdirməkdən ötrü gözləri xüsusi bir səylə, məhəbbətlə və həssaslıqla işləyirdi. Bu işlərin sırasında Nazim Hikmət, Hüseyn Cavid, Mikayıl Müşfiq, Sergey Yesenin, Nəriman Nərimanovun abidə-büstlərini xüsusi qeyd etmək istərdik. Adlarını çəkdiyimiz bu görkəmli şəxsiyyətlərə, onların yaradıcılığına, ictimai fəaliyyətlərinə və mənəvi aləmlərinə xüsusi marağı və sevgisi Münəvvər xanımı hər zaman böyük həvəslə işləməyə sövq etmişdir.
Münəvvər Rzayeva 100-ə yaxın monumental əsərin müəllifidir. Bu əsərlərin sırasında Bəhmənyar, Məhsəti Gəncəvi, M.Ə.Sabir, Mehdixan Vəkilov, Nigar Rəfibəyli, Sevil Qazıyeva, Ayna Sultanova, Əlibala Şirinov, Şahnabat Nəsirova və digərlərinin abidə-büstləri heykəltəraşın sənət inciləri arasındadır.
Münəvvər Rzayevanın son əsəri isə ulu öndər Heydər Əliyevin tuncdan olan barelyefidir (uzunluğu 82 sm, eni 59 sm, çəkisi 42 kq). Heydər Əliyevin 75 illik yubileyi münasibətilə yaradılmış bu barelyef Qusar rayonunda yerləşən dağın 3763 m hündürlüyündə olan ən uca dağ zirvəsinə bərkidilmişdir.
Deyim ki, M.Rzayevanın əsərləri məni hələ gənclik illərimdən maraqlandırmış və bu maraq sənətkarla görüşümə körpü salmışdı. Beləliklə, ötən əsrin 80-ci illərindən onu tanıdım, bir sıra əsərlərinə maraq göstərdim. Heykəltəraşın sənət dünyası məndə böyük təəssürat oyatdı. Bundan sonra haqqında qələmə aldığım bir neçə portret yazılarla mətbuatda çıxış etdim. O zamanlar münasibətlərimiz hər ikimizdən ötrü incə bir maraq kəsb etdiyindən dəfələrlə sənətkarın emalatxanasında görüşmüş, onun iş prosesini də böyük həvəslə izləməyə imkanım yaranmışdı. Elə o vaxtlardan Münəvvər Rzayevanı daha yaxından tanımağa, mənəvi aləmini duymağa çalışırdım. O, marağımı hiss etdiyindən mənə əsərləri üzərində işlədiyi zamanların ovqatından danışırdı. Deyirdi, Məhsəti Gəncəvinin abidəsi üzərində nə az-nə çox, düz 20 il işləmişəm, ürəyimcə olan nəticəni görənəcən onun nə qədər eskizlərini hazırlayırdım. Başqa əsərləri də bu prinsiplə işləyirdim...
Heykəltəraşın gənc həmkarlarına nümunə olacaq sənət vərdişləri vardı. O, hər hansı bir şairin, yazıçının, filosofun obrazını yaratmazdan əvvəl onların həyatını, yaşadığı mühitini öyrənir, əsərlərini oxuyur, özünü o dövrün, zamanın içində görməyə çalışır, bundan sonra həmin obrazları sevərək, duyaraq yaradırdı. Heykəltəraş bütün işlərində özünü azad hiss edir, yaradıcılığında özəlliklərin olmasını sevirdi. Amma çox zaman bu cəhəti bəzi həmkarlarına xoş gəlmir, onu özbaşınalıqda qınayırdılar. Bir dəfə mənə danışmışdı ki, Sevil Qazıyevanın abidəsini yaratmışdım, işim Bədii şurada müzakirə olunurdu. Bu zaman üstümə hücumlar başladı, nə başladı! Dedilər, bu heykəltəraş xanım ipə-sapa yatan deyil, necə istəyir, elə də işləyir. O zaman Bədii şuranın iclasında iştirak edən nazir Rauf Hacıyev hamını dinlədikdən sonra bütün bu söhbətlərə maraqlı bir yekun vurur: Siz deyirsiniz, bu qız özbaşınadır, necə istəyir, elə də edir. Nə olsun? Siz onun işlərindəki mükəmməlliyə baxın! Unutmayın ki, Münəvvər Rzayeva abidə qoyan yeganə qadın sənətkardır, vaxt gələcək siz özünüz onun abidəsini qoyacaqsınız...
Yəqin, bugünkü nəsil Münəvvər Rzayevanın sənət taleyində böyük əhəmiyyət kəsb edən bəzi məqamlardan xəbərsizdir. Elə bu mənada onun Nazim Hikmətlə bağlı həyatından bəzi epizodları yada salmaq istəyirəm. Münəvvər xanım V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsində təhsil alarkən bir xoş təsadüf nəticəsində onunla rastlaşır. Həyat yoldaşı Münəvvərdən ayrı düşən şairin bu qıza bir övlad məhəbbəti yaranır. Onu qızlığa götürmək istəyir və bu məqsədlə Bakıda yaşayan ailəsinə - anasına məktubla müraciət edir. Ana bir şərtlə razılıq verir ki, Münəvvər Akademiyanı bitirdikdən sonra doğma yurdu Azərbaycana qayıtsın. Şair razılaşır... O illərdə Münəvvər xanımın taleyinə sanki günəş doğur, bu qayğı, doğmalıq onu tələbəliyin ehtiyacından və həmin vaxtlar düçar olduğu xəstəliyin cəngindən xilas edir...
Nazim Hikmət onun qayğısını doğma balası təki çəkir, əsl sənətkar kimi yetişməsinə kömək edir. Münəvvər xanım onun portretini də böyük məhəbbətlə yaradır. İş başlayanda şair ona deyirmiş ki, gözlərimi çək, Münəvvər, onlar ruhumun aynasıdır. Münəvvər xanım şairin gözlərini gördüyü, duyduğu kimi çəkməyə nail olur. Bir dəfə Münəvvər xanımın evində Nazim Hikmətin portretini gördüm, arxasında şairin iki misralıq belə bir qeydi vardı:
Adaşın mənim üzümdən qara bəxt oldu,
Sənə faydam toxunur inşallah, qızım...
Bir haşiyə: Heykəltəraş Münəvvər Rzayevanın məndə olan gündəliyində onun Rəsul Rza ilə bağlı qeydlərini oxumuşam. Münəvvər xanım yazır ki, Mikayıl Müşfiqin heykəlini işləmişdim. Rəsul Rza Cəfər Cəfərovla emalatxanama gəlib hələ üzə çıxarmadığım heykəli görmüş və ikisi də onu çox bəyənmişdi. Şair 20 günə bu işi böyütməyi məndən xahiş etdi, daha doğrusu, mənə ictimai tapşırıq verdi. O vaxt R.Rza Yubiley Komitəsinin sədri idi. Müşfiqin heykəlini doğum gününə çatdırmağımı istəyirdi. İşi deyilən vaxta qədər tamamladım. Lakin Bədii şura işimi qəsdən gözdən salır, qəbul etmək istəmirdi. Bir gün Rəsul müəllim mənə zəng etdi, xəbər aldı ki, niyə səsin çıxmır? Mən vəziyyəti olduğu kimi şairə dedim. Rəsul müəllim əsəbiləşdi, mənə tapşırdı ki, şuranın növbəti yığıncağında mənə xəbər elə. O, Bədii şuranın yığıncağına gəlib çatdı. Şuranın üzvləri bir-bir çıxış edib, deyirdilər ki, burda obrazlılıq yoxdur. Rəsul Rza onları təmkinlə dinləyib, çıxış üçün söz aldı. Üzünü çıxış edənlərə tutub hamısına müraciətlə dedi ki, Müşfiqdən bir şeir söyləsinlər. Heç birindən səs çıxmadı. Rəsul müəllim belə olanda açıldı, özü də necə! Əsəbi halda dedi: “Amma biz Müşfiqlə yaxın olmuşuq, günlərlə bir-birimizə şeirlərimizi oxumuşuq, baş-ayaq yatmışıq, deməli, mən sizdən yaxşı bilərəm ki, burda obrazlılıq var, ya yox. Münəvvər Rzayevanın heykəli Müşfiqin xatirəsinə dəyərli bir töhfədir”. Rəsul Rza heykəlin yerini seçdiyim məkana narazılıq edənlərə də sərt cavab verdi. Bu işdə axıra qədər məni müdafiə etdi...
Bəli, elə xatirələr var ki, məqamı yetdikcə onları yada salmağa bir zərurət, mənəvi ehtiyac yaranır. Onları mənə heykəltəraş özü danışıb, indi mənim üçün tutiya olan o görüşlərdə birgə dərdləşib-bölüşmüşük. Nə vaxt ki, Münəvvər xanımın sənət dünyasından söz düşür, o zaman yaddaşımda yer almış xatirələrimiz alışıb yanır...
Münəvvər Rzayevanın taleyində qəribə təsadüflər qədərincədir. Bunlardan sonuncusu isə onun olum-ölüm tarixi ilə bağlıdır. Heykəltəraşlıq sənətimizin münəvvər siması – Münəvvər Rzayeva doğum günündə - 6 iyun 2004-cü ildə dünyasını dəyişib. Ömrünün son çağlarında yaşadığı durumu yadıma düşəndə indi də ürəyim ağrıyır... Münəvvər Rzayeva həyatının axır illərində gözünün nurunu itirmişdi. Baxışlarından heç nə yayınmayan, gördüyü gözəlliklərdən doyunca zövq alan, ruhlanan, həyatın vəsvəgəlməz füsunkarlığından ilhamlanan heykəltəraş xanım bu mənzərələri bir daha görmək səadətindən məhrum oldu... Amma həyatda təkzib olunmayan bir həqiqət var. Sənətkarın gözü də, ruhu da onun yaratdığı əsərlər deyilmi? Təskinliyimiz də odur ki, Qarabağın sonası, Şuşanın sənətkar övladı Münəvvər Rzayeva bu gün cahana məhz yaratdığı monumental əsərlərinin gözü ilə baxır...
Özbəkistanın Fikr.uz, Nargis.uz və “Veçernıy Taşkent” sayt və qəzetlərində İkinci Dünya müharibəsinin iştirakçısı, partizan, Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri, Azərbaycan xalqının qəhrəman oğlu Əhmədiyyə Cəbrayılov haqqında məqalələr verilib.
Məqalələrdə faşizmlə mübarizədə Əhmədiyyə Cəbrayılovun göstərdiyi qəhrəmanlıqdan bəhs olunur.
Qeyd edilir ki, faşizm üzərində Qələbədə Azərbaycan nefti həlledici rol oynayıb. Müharibədə 600 min azərbaycanlı iştirak edib, onlardan 300 mini həlak olub.
Onun ömür kitabını vərəqləyərkən gənc yaşlarında həyatı tərk etmiş bir şairin çoxsaylı əsərlərinə heyrətlənməyə bilmirsən. Şübhəsiz, məsələ təkcə əsərlərin sayında deyil. Hər biri şedevr hesab olunmağa layiq bu əsərlərin hər misrası, hər bəndi həyatdan nakam köçmüş müəllifin özü ilə oxucusu arasında yaratdığı əbədi mənəvi körpüdən xəbər verir. O körpü ki, şairin bu günümüz üçün də müasir olan həyat ideallarını bizlərə çatdırmaqdadır. “Yenə o bağ olaydı...”, “Oxu, tar!”, “Sənə qurban”, “Sənin gülüşlərin”, “Əbədiyyət nəğməsi”, “Həyat sevgisi”, “Sənin gözlərin”, “Mənim eşqim”, “Ürək” və digər şeirlər hər birimizin qəlbinə yaxındır.
Sən onun eşqilə, məhəbbətilə,
Vurmadın ömrünü başa ürəyim,
Sevgi hədəfini nişan alanda
Dəydimi oxların daşa ürəyim!?
Bu gün görkəmli şair Mikayıl Müşfiqin anadan olmasından 112 il ötür.
Mikayıl Əbdülqadir oğlu İsmayılzadə 1908-ci il iyunun 5-də Bakının Dağlı məhəlləsində ziyalı ailəsində dünyaya göz açıb. Atası müəllimlik edib, “Vüsuqi” təxəllüsü ilə şeirlər yazıb. Atası 1902-ci ildə Xızıdan Bakıya köçüb. Çox körpə ikən anası Züleyxanı, altı yaşında isə atasını itirmiş balaca Mikayıl yaxın qohumlarının himayəsində böyüyüb. Onun körpə qəlbi bu itkilərdən yaralansa da, həyatdan küsməyib və hər zəhmətə qatlaşaraq ardıcıl təhsil alıb. 1915-1920-ci illərdə rus-Azərbaycan məktəbində, 1920-1927-ci illərdə əvvəlcə Bakı Darülmüəllimində, sonra isə 12 nömrəli iki dərəcəli məktəbdə, 1927-1931-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində oxuyub. Əmək fəaliyyətinə müəllimliklə başlayıb, Bakı məktəblərində yeddi il dərs deyib. Son iş yeri isə indi Mikayıl Müşfiqin adını daşıyan Bakı şəhərindəki 18 nömrəli orta məktəb olub.
Mikayıl Müşfiqin ilk mətbu əsəri olan “Bu gün” şeiri 1926-cı ildə “Gənc işçi” qəzetində, “Duyğu yarpaqları” adlı son şeiri isə 1937-ci ildə “Ədəbiyyat qəzeti”ndə dərc edilib. Məhsuldar yaradıcılığı sayəsində 1930-cu ildən başlayaraq onun “Küləklər”, “Günün səsləri”, “Buruqlar arasında”, “Bir may”, “Pambıq”, “Vuruşmalar”, “Şeirlər”, “Şəngül, Şüngül, Məngül”, “Qaya”, “Kəndli və ilan” kitabları nəşr olunub. 1957-ci ildən başlayaraq “Seçilmiş əsərləri”, “Əsərləri”, “Duyğu yarpaqları”, “Əbədiyyət nəğməsi”, “Könlümün dedikləri”, “Həyat sevgisi” və digər adlar altında kitabları çap edilib. Şairin ömür-gün yoldaşı Dilbər Axundzadənin 1968-ci ildə “Müşfiqli günlərim” adlı xatirələr kitabı nəşr olunub, kitabın son genişləndirilmiş nəşri 2005-ci ildə işıq üzü görüb.
Mikayıl Müşfiq tərcümə ilə də məşğul olub. A.Puşkinin “Qaraçılar” (Ş.Abbasov ilə birlikdə), M.Lermontovun “Demon” poemalarını (R.Rza ilə birlikdə), S.Marşakın “Huşsuza bax, huşsuza” şeirini, T.Şevçenkonun, Ö.Xəyyamın və başqa şairlərin irsindən nümunələri, eləcə də M.F.Axundzadənin “Şərq poeması”nı Azərbaycan dilinə çevirib.
Sovet imperiyasının repressiya dalğasına tuş gələn Mikayıl Müşfiq 1938-ci il yanvarın 6-da güllələnib. Nakam şair Azərbaycan xalqı üçün əsl sənət xəzinəsini yadigar qoyub, eyni zamanda, böyük bir xəzinənin açarını da özü ilə əbədiyyətə aparıb.
Şairin zəngin ədəbi irsinə şeirdən tutmuş poemayadək (“Çoban”, “Mənim dostum”, “Qaya”, “Sındırılan saz”, “Səhər”, “Azadlıq dastanı”) lirik növün əksər janrları daxildir. Dərin emosionallıq, ahəngdarlıq, yığcamlıq Mikayıl Müşfiq poeziyasının əsas bədii keyfiyyətləridir. O, lirik-epik lövhələrin, peyzajların ən mükəmməl nümunələrini yaradıb.
Mikayıl Müşfiq poeziyası şifahi xalq və yazılı klassik ədəbiyyatımızdan bəhrələnib. Folklora dərindən bələd olması və ondan məharətlə istifadə etməsi şairin poeziya dilinin axıcılığını, əsərlərinin maraqla oxunmasını şərtləndirir:
Yazmaram ürəyim sizi anmasa,
Sizin eşqinizlə alovlanmasa;
Burdaca el durub məndən sordu ki:
Gözdən yaş çıxarmı ürək yanmasa?
Mikayıl Müşfiqin poeziyasında oxucunun ürəyindən xəbər verən yığcam, lakin dərin məzmunlu ifadələr çoxdur: “Həyat həm gülməkdir, həm ağlamaqdır”, “Bədbəxt bu dünyada tək yaşayandır”, “Həyat ondan küsənləri incidər”, “Nə qədər yaraşır insana gülmək!”. “Özümüzü öyməyəlim, Füzuliyə dəyməyəlim” yazan Mikayıl Müşfiq dahi şairin yaradıcılığından yaradıcı şəkildə bəhrələnib.
Rəngarəng mövzuları əhatə edən Mikayıl Müşfiq poeziyası milli və bəşəri keyfiyyətlərə malikdir. Milli musiqi alətlərimizdən olan tarın konservatoriyada tədrisi qadağan ediləndə, şair cəsarətlə məşhur “Oxu, tar!” şeirini yazıb. Bu şeir hər bir azərbaycanlının qəlbini riqqətə gətirməyə, onu mübarizəyə ruhlandırmağa qadirdir. “Bayram axşamı” şeirində Novruz bayramına dair uşaqlıq xatirələrini danışmaqla müəllif sovet rejiminin milli adət-ənənənin yaddaşlardan silinməsinə yönəlmiş siyasətinə qarşı çıxıb.
Mikayıl Müşfiq yaradıcılığında humanizm əsas aparıcı xətdir. Şairin fəal vətəndaş mövqeyi hər zaman özünü göstərir. “Dilənçi” şeirində “fəhlə-kəndli” cəmiyyətindəki ziddiyyətlərdən birinin – soyuq qış günündə körpə qızın dilənməsinin təsviri müəllifin mövcud rejimə etirazının bədii ifadəsidir. Onun poeziyasında insana yüksək qiymət, sevgi və digər bəşəri mövzular xüsusi yer tutur.
Demək, yer də mənim, göy də mənimdir,
Hüzurumla cahan nə bəxtiyardır
- deyən şair cahanın bəxtiyarlığını məhz onun insan qarşısında durmasında görür. Bu da insana verilən ən yüksək qiymətin poetik ifadəsidir. Onun şeirlərində irqindən, milliyyətindən asılı olmayaraq bütün xalqlar birdir.
Mikayıl Müşfiqin “Sevgilər”, “Maralım”, “Yenə o bağ olaydı!” şeirləri bəşəri mövzu olan sevginin Azərbaycan poeziyasında yaddaqalan nümunələrindəndir. İnsanın ən ülvi hisslərinin səmimi dillə tərənnüm edildiyi bu əsərlər oxucuya romantik, müqəddəs hissləri duymağı, qorumağı aşılayır və bu gün də tərbiyəvi əhəmiyyətə malikdir.
Müşfiq poeziyasının qüdrəti onun milli mövzudan qaynaqlanan şeirlərinə bəşəri məzmun verməsindədir. Sovet rejimində “Azadlıq dünyanın dərin ruhudur, Azadlıq sənətin, şeirin ruhudur!”, - deyən şairin əsərləri millət, Vətən mənafeyini əsas tutanlar üçün əsl həyat məktəbidir.
Şair əmək, təhsil, ziyalı, səfil həyat keçirən uşaqlar, gənclərin düzgün tərbiyəsi, Vətənin görkəmli şəxsiyyətləri, sənət və sənətkar, həyat eşqi, təkliyin acı aqibəti, qadına hörmət, anaya məhəbbət və digər mövzuları poetik sənətkarlıqla işləyib. Maraqlıdır, şair çox körpə ikən anasını itirsə də, onun “Ana” şeiri poeziyamızda bu mövzuya həsr edilmiş ən yaxşı əsərlərdən biri hesab olunur:
Ana, ana!… Bu kəlmənin vurğunuyam əzəldən,
Onu gözəl anlatamaz düşündüyüm satırlar.
Ana olmaz bizə hər bir “yavrum” deyən gözəldən,
Çünki onun xilqətində ayrıca bir füsun var.
Mikayıl Müşfiq şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinədir. Onun şeirlərinə mahnılar bəstələnib, ədəbi irsi çoxsaylı elmi-tədqiqat əsərlərinin predmetinə çevrilib. Şairin əbədiyaşar sənət naminə çəkdiyi zəhmət layiqincə qiymətləndirilib. Onun xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulub, yaşadığı binanın qarşısına xatirə lövhəsi vurulub, qəsəbəyə, məktəbə, küçəyə və meydana adı verilib, Xızıda xatirə muzeyi yaradılıb.
Ruhun şad olsun, Müşfiq! Vaxtilə böyük uzaqgörənliklə “Oxu, tar!” harayı saldın. Bu gün ən qədim milli musiqi alətimiz nəinki bütün dünyada səslənir, hətta tar ifaçılıq sənətimiz daha uzağa gedərək UNESCO–nun Bəşəriyyətin Qeyri–Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.
Kann Festivalının 59-cu “Tənqid həftəsi”nin (la Semaine de la Critique) qısametrajlı filmləri arasında azərbaycanlı rejissor Teymur Hacıyevin “Axşama doğru” qısametrajlı filmi də yer alıb.
“Tənqid həftəsi” fiziki olaraq baş tutmasa da, digər seksiyalar yeni istedadları aşkarlamaq və onları, eləcə də kino sənayesini dəstəkləmək fəaliyyətini davam etdirib.
“Tənqid həftəsi” bu il COVID-19 pandemiyası səbəbindən xüsusi müşayiət proqramı ilə işə başlayıb. Bu il 5 uzunmetrajlı və 10 qısametrajlı film “Semaine de la Critique 2020” etiketindən faydalanacaq.
Həftənin sadiq tərəfdaşı olan kino üzrə Qan Fondu (Fondation Gan pour le Cinema) yeni rejissorları dəstəklədiyini bildirərək, I və II yerləri tutan bədii filmlərə Qan Fondu Yayım Mükafatını təqdim edəcəyini deyib.
“Tənqid həftəsi 2020” etiketi olan 10 qısametrajlı film oktyabrın 19-dan 25-dək Festival Scope Pro platformasında rəqəmsal formada və oktyabrın 22-dən 25-dək isə geniş ictimaiyyət üçün yayımlanacaq.
Xatırladaq ki, T.Hacıyevin prodüseri olduğu “Ayrılıqda” (“Torn” ) filmi hələ 2014-cü ildə Kann Festivalının “Rejissor ikihəftəliyi” proqramına daxil edilib.
Bakı Dövlət Universitetinin İqtisadi Kibernetika üzrə bakalavr və Vest Texas A&M Universitetində MBA dərəcəsinə yiyələnmiş T.Hacıyev 2013-cü ildə “FİL PRODUCTİON” şirkətini təsis edib. ABŞ-da “Palm Springs ShortFest” qısametrajlı film festivalında premyerası olan “Yara” ilk qısametrajlı filmini 2013-cü ilin sentyabrında tamamlayıb. 2015-ci ildə çəkdiyi “Şanxay, Bakı” qısametrajlı filmi Finlandiyada Tampere Film Festivalında nümayiş olunub. “Duz, istiot zövqə görə” filmi Rotterdam Beynəlxalq Film Festivalında ilk dəfə təqdim edilib.