İyunun 4-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası və Rusiya Milli Kitabxanasının iştirakı ilə kitab irsi və beynəlxalq kitabxana əməkdaşlığının inkişafına həsr edilən onlayn mətbuat konfransı keçirilib.
Mətbuat konfransında Rusiya Milli Kitabxanasının baş direktoru Aleksandr Pavloviç Verşinin, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, A.S.Puşkin adına Brest şəhər Mərkəzi Kitabxanasının direktoru Svetlana Qorodeskaya, MDB Parlamentlərarası Assambleyasının məsul katibi Pşenko Konstantin Andreyeviç iştirak edib.
Onlayn mətbuat konfransında kitabxanalar arasında kitab mübadiləsindən, kitab irsinin qorunub saxlanması, eləcə də koronavirus dövründə kitabxanaların onlayn rejimdə göstərdikləri xidmətlər barədə çıxışlar olub. Milli Kitabxananın direktoru, professor Kərim Tahirov Rusiya Milli Kitabxanası ilə həyata keçirilən qarşılıqlı kitab mübadiləsindən, Sankt-Peterburq Milli Kitabxanasında və Şərq Əlyazmaları İnstitutunda mühafizə olunan Azərbaycan klassiklərinin əlyazmalarının elektronlaşdırılaraq Azərbaycana gətirilməsi layihəsinə toxunub və koronavirus dövründə təmsil etdiyi kitabxananın fəaliyyəti barədə danışıb.
Konfrans iştirakçıları Azərbaycan Milli Kitabxanasının pandemiya şəraitində onlayn xidmətləri sahəsindəki fəaliyyətini yüksək qiymətləndirib və sonda K.Tahirov onların bu mövzuda suallarını cavablandırıb.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə araşdırmaçı alim Emin Arifin “İngiltərənin geosiyasi maraqlarında “erməni məsələsi”nin yeri və Azərbaycana təsiri (1917-1920)” adlı kitabı Daşkənddə özbək və rus dillərində çap olunacaq.
Kitabı artıq Şahistə Kamranlı özbək dilinə çevirib və əsərin rus dilinə tərcüməsi üzərində iş gedir.
Əsərdə XX əsrin əvvəllərində “erməni məsələsi”nin dünyanın aparıcı güc mərkəzi olan Böyük Britaniyanın geosiyasi planlarında tutduğu yerdən, Birləşmiş Krallığın müxtəlif qurumları tərəfindən qəbul edilən qərarlarla ermənilər üçün külli miqdarda maliyyə vəsaitinin, müxtəlif silah və sursatın təmin edilməsindən bəhs olunur. Müəllif Böyük Britaniyanın arxiv materialları əsasında yazdığı əsərdə qeyd edir ki, ingilislərin ermənilərlə əməkdaşlığı Azərbaycanın bir çox bölgəsində minlərlə insanın qətlə yetirilməsinə səbəb olub.
Nəşrdə böyük güclərin geosiyasi maraqlarının toqquşması kontekstində “erməni məsələsi”nin yeri, bu dövlətlərin siyasətlərinə uyğun olaraq silahlandırılan və güclənən ermənilər tərəfindən gerçəkləşdirilən kütləvi qırğınların mahiyyətinin araşdırılması, rəqabət və təhriklər nəticəsində ortaya çıxan problemin Azərbaycan üzərindəki ağır nəticələri xarici mənbələr və arxiv materialları əsasında təhlil edilir.
Əsərin əsas elmi yeniliyi ondan ibarətdir ki, Azərbaycan xalqına qarşı erməni millətçiləri tərəfindən törədilən cinayətlər İngiltərənin arxiv materiallarına əsaslanır.
Prezident İlham Əliyevin Azərbaycan rеalist ədəbiyyatının görkəmli nümayəndələrindən biri Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illik yubileyinin geniş şəkildə keçirilməsi haqqında Sərəncamına uyğun olaraq ölkəmizin İndoneziyadakı səfirliyinin təşəbbüsü ilə ədibin bir sıra əsərləri yerli dilə tərcümə edilib.
Həmin hekayələrin tərcüməsi Azərbaycan Prezidenti tərəfindən 2020-ci ilin “Könüllülər ili” elan edilməsi çərçivəsində İndoneziyada təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə həyata keçirilib.
Ədibin həyat və yaradıcılığı haqqında səfirliyin hazırladığı məlumatın, həmçinin Əbdürrəhim bəy Haqverdiyevin “Ovçu Qasım”, “Hacı Leylək”, “Sərçə”, “Sarı toyuq” kimi hekayələrinin daxil edildiyi toplu İndoneziya Milli Kitabxanasının (İMK), habelə bu ölkədə mövcud olan nüfuzlu universitetlərin onlayn kitabxanalarına təqdim olunub. Bununla yanaşı, İMK-nin “Instagram” və “Facebook” səhifələrində hər bir hekayə kiçik illüstrativ videolar şəklində hazırlanaraq ayrı-ayrılıqda oxucuların istifadəsinə verilib. O cümlədən, hekayələrin İslam Əməkdaşlıq Təşkilatının İndoneziya üzrə gənclər təşkilatının “Facebook” səhifəsində də yayılmasına nail olunub. Sözügedən hekayələrə “Google” axtarış bazası (cerpen abdurrahimbey hagverdiyev) vasitəsilə də keçid edilə bilər.
Tərcümələrin İndoneziyanın digər onlayn kitabxanalarında yerləşdirilməsi işi il ərzində davam etdiriləcək.
Azərbaycan Dövlət “Yuğ” Teatrı “Vəsvəsə” tamaşası ilə iyunun 11-də teatrsevərlərin görüşünə gələcək.
Teatrın mətbuat xidmətindən bildirilib ki, tanınmış Norveç yazarı Henrik İbsenin “Vahimə” əsəri əsasında hazırlanmış tamaşa sənət ocağının sosial şəbəkədəki səhifələri vasitəsilə canlı göstəriləcək.
Tamaşanın quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı, Əməkdar rəssam Rəşid Şərif, geyim üzrə rəssamı Elnarə Bəkirova, musiqi tərtibatçısı Səbinə Süleymanova, rejissor assistenti Səidə Süleymanovadır.
Tamaşada Əməkdar artist Elxan Abbasov (Keşiş Manders), aktyorlar Mətanət Abbaslı, Zümrüd Qasımova (Frü Alvinq), Amid Qasımov (Keşiş Manders), Vüqar Hacıyev, Oqtay Mehtiyev (Enqstrand), Elgün Həmidov (Osvald), Ləman Mərrih və Günel Səfərova (Regina) çıxış edirlər.
Dəmyə yerin işi çox çətindi, toxumu əkdin bitə də bilər, bitməyə də. Amma onun “əkdikləri” bitdi, özü də dən-dən. Ona görə ki, “Bu dünya dəmyə dünyadı, nə bitdi, bitdi...” deyən Vaqif Səmədoğlu göyərib dən olunca çox əzablara qatlaşdı. Nə atasının şöhrətinə sığındı, nə də imkanına. Əlinə qələm alıb yazmağa başladığı ilk gündən sözün məsuliyyətini, dəyərini anladı, sözün böyüklüyünə tapındı, dəmyə yerdə də hər dənin sünbül olacağına inandı və çıxdığı yolla geriyə baxmadan, tərəddüd etmədən irəlilədi. O yerə qədər gəlib çatdı ki, artıq orada təkcə Səməd Vurğunun oğlu Vaqif yox, həm də Vaqif Səmədoğlu oldu.
Bu gün ssenarist, dramaturq, Dövlət mükafatı laureatı, Xalq şairi Vaqif Səmədoğlunun anadan olmasının 81-ci ildönümü tamam olur.
Azərbaycan poeziyasında öz yolu, öz dəstxəti ilə seçilən, heç kəsə bənzəməyən qələm sahiblərindən idi Vaqif Səmədoğlu. Ömrü boyu yazsa da az çap olunan şair həmişə özünü, qəlbini, ruhunu kağıza köçürdü. Səməd Vurğun kimi böyük söz ustadının evində dünyaya qucaq açdı. İlk laylasını “Azərbaycan” şeiri üstə köklədilər. Bəlkə də bu səbəbdəndir ki, özü də, sözü də böyüdü, Azərbaycan boyda oldu. İlk qələm təcrübəsindən son şeirinə qədər heç kəs onun yaratdıqlarının yaşının hansı dövrünə aid olduğunu bilmədi. Bu artıq Allah vergisi, bənzərsiz istedad idi. Vaqif Səmədoğlu dövrünün qəribə şairi idi. Onun poeziyasında inilti, sızıltı, ah-nalə yoxdur. Bəşəri bir kədər var. İnsanları düşündürən, duyğularına həzinlik, kövrəklik, xeyirxahlıq gətirən, dünya poeziyasını məşğul edən əbədi bir kədər.
Ötən əsrin 60-cı illərində ölkəmizdə ədəbi mühitə yeni ab-hava gətirən istedadlı sənətkarlardan biri olaraq Vaqif Səmədoğlu yarım əsrdən artıq dövr ərzində xalqımızın söz xəzinəsinə dəyərli töhfələr verib. Onun yaradıcılığı müasir Azərbaycan ədəbiyyatında yeni poeziyanın xüsusi mərhələsini təşkil edir. Sənətkarın əsərlərində mənalandırdığı hər bir ifadə Azərbaycan xalqının zəngin ədəbi-bədii irsi, milli folklorun tükənməz imkanları və dünya ədəbiyyatının nailiyyətləri ilə əlaqəlidir. Səmədoğlu həyat və zaman, dünya və insan haqqında lirik-fəlsəfi düşüncələrin özünəməxsus üslubda bənzərsiz mənzərəsini və poetik tapıntılarla dolu zəngin aləmini yaradıb. O, müraciət etdiyi rəngarəng mövzularda Vətən obrazını daim diqqət mərkəzində saxlayıb.
Onun “Yeddi şeir” adlı ilk yaradıcılıq məhsulu 1963-cü ildə “Azərbaycan” jurnalında dərc olunub. Bundan sonra Vaqif Səmədoğlunun dövri mətbuatda əsərləri vaxtaşırı dərc edilib. Şairin əsərləri bir çox xarici dillərə tərcümə edilib, kitabları MDB ölkələrində, Türkiyə və İranda nəşr olunub.
Şairin yaradıcılıq yoluna nəzər salan Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvi Nizami Cəfərov yazır: Vaqif Səmədoğlunun müdrik ironiyası ona saxta gülüşün, laqqırtının Azərbaycan teatrı səhnələrini başına aldığı bir dövrdə "Uca dağ başında", "Bəxt üzüyü", "Lotoreya", "Yayda qartopu oyunu", "Yaşıl eynəkli adam", "Generalın son əmri", "Mamoy kişinin yuxuları" kimi pyesləri yazdırdı ki, onlar bütövlükdə milli ictimai şüurla oyadıcı, maarifləndirici təsirini göstərdi. Ümumiyyətlə, Vaqif Səmədoğlu insan-cəmiyyət münasibətlərinin dərinliklərinə nüfuz etməyi bacaran, əgər belə demək mümkünsə, "böhranlı" məqamları həssaslıqla müəyyənləşdirən mütəfəkkir bir sənətkardır”.
Yaşasaydı bu gün 81 yaşını qeyd edəcəkdi Vaqif Səmədoğlu. Olumla ölümün haqq olduğunu, dünyanın faniliyini, heç nəyin və heç kimin əbədi olmadığını çoxlarından yaxşı dərk edən şair, bəlkə də elə buna görə yazırdı:
Məzarıma
nə başdaşı qoyun,
nə heykəl.
Bir cüt ayaqqabı qoyun,
ayağıyalın
geyib getsin...
Teatr və kino sənətinin qüdrətli aktyorlarından olan Əməkdar artist, respublika Dövlət mükafatı laureatı Hamlet Xanızadə cəmi 49 il ömür sürüb. Bu unudulmaz aktyor yaradıcılığı boyu can verdiyi obrazları ilə mədəniyyətimizin elə zirvələrini fəth etdi ki, yaratdıqları həmişəyaşar oldu. Güclü yaradıcı potensiala malik olan Hamlet Xanızadə zəngin daxili aləmə və istedada malik idi. Bu səbəbdən də müxtəlif xarakterli rolları yaratmaqda çətinlik çəkmirdi. Hansı rolu oynamasından asılı olmayaraq onun təqdim etdiyi obraz canlı və yaddaqalan alınırdı. Bunun başlıca səbəbi ondan ibarət idi ki, Hamlet rollarının daxili aləminə məharətlə nüfuz etməyi, onları təbii və səmimi çatdırmağı bacarırdı.
Bu gün böyük sənətkarın anadan olmasından 79 il ötür.
Hamlet Xanızadə 1941-ci ildə Bakının Şağan qəsəbəsində dünyaya göz açmışdı. Uşaqlıqdan teatra həvəsi vardı. Amma atası Bəbir kişi oğlunu aktyor görmək istəmirdi. Onun uşaqlığı İkinci Dünya müharibəsinin dəhşətli qovğalarına təsadüf etdi. Xüsusilə də ağlı kəsəndən maraqla baxdığı filmlər gənc Hamletin arzularını məhz bir istiqamətə yönəltmişdi. Elə buna görə də Teatr İnstitutunda təhsil alan Hamlet Xanızadə 1961-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında işə başladı. Bu möhtəşəm səhnədə ilk dəfə hansı rolu oynayıb, kimlərlə tərəf müqabili olub, - bilmirik. Amma onun rollarının sırasına boylananda heyrətlənməyə bilmirsən. Son dərəcə fərqli və ziddiyyətli surətləri bir aktyor öz ruhundan, varlığından keçirərək onları necə ustalıqla yarada bilmişdi: Həsən Səbbah ("Xəyyam"), İblis ("İblis"), Qacar ("Vaqif"), Molla Abbas ("Dəli yığıncağı"), Nizami ("Atabəylər"), Doktor ("Şöhrət və ya unudulan adam"), Antonino ("Fırtına") və başqaları. Əgər bir az da diqqət yetirsək ki, Hamlet Xanızadə məhz hansı müəlliflərin əsərlərində özünü bir aktyor kimi taparaq təsdiq edirdi, - onda sənətkarın yaradıcılığı haqqında müfəssəl düşüncəyə sahib ola bilərik. Təbii ki, ilk növbədə Hamlet Xanızadənin məftun olduğu, sevdiyi dramaturqlar vardı: Hüseyn Cavid, Mirzə Cəlil, Şekspir, Nazim Hikmət, Səməd Vurğun, İlyas Əfəndiyev, Nəriman Həsənzadə, Anar, Yusif Səmədoğlu və başqaları. Hamlet Xanızadə Mehdi Məmmədov, Hökümə Qurbanova, Əliağa Ağayev, Ağasadıq Gəraybəyli, İsmayıl Osmanlı, İsmayıl Dağıstanlı kimi müqtədir sənət korifeyləri ilə bir yerdə çalışıb. Tanrının bağışladığı istedad öz yerində, Milli Dram Teatrı Hamlet Xanızadə üçün bir məktəb idi. O, ustadlardan öyrənərək həm də öz məktəbini yaradırdı.
Unudulmaz aktyorun yaradıcılığında ikinci bir mərhələni də kino sənətindəki xidmətləri təşkil edirdi. "Yeddi oğul istərəm", "Axırıncı aşırım", "Arxadan vurulan zərbə", "Şəhərin yay günləri", "Qızıl uçurum", "Babək", "Bir Cənub şəhərində", "İnsan məskən salır", "İstintaq davam edir", "Qatarda", "Qatır Məmməd", "Qəm pəncərəsi", "Qərib cinlər diyarında", "Möcüzələr adası", "Nizami", "Topal Teymur", "Yaramaz", "Yol əhvalatı"... və nəhayət, "Qətl günü" filmlərində yaratdığı müxtəlif xarakterli obrazlarda yenə də Hamlet Xanızadənin özünəməxsus orijinal yozumu hiss olunmaqdadır. O, bu obrazları elə bir şəkildə təqdim edib ki, ikinci bir ifaçı haqqında düşünmək belə ağla gəlmir. "Qətl günü" filmindəki Sədi Əfəndi onun son rolu oldu. Həyat yoldaşı Nailə xanımın sözləridir: "Çəkilişlər zamanı, bəlkə də gündə neçə yol ölüb-dirilirdi. Filmdəki dövrlə bağlı ədəbiyyatı oxuduqca öz-özünə deyirdi: "Gör biz neçə böyük bir millətin övladlarıyıq". Təəssüf ki, bizim milli taleyimizin əks-sədası olan bu filmə Hamletsiz baxdıq".
Həyatın bu amansızlığı imkan vermədi ki, Hamlet Xanızadə yaratdığı obrazın tamaşaçılar tərəfindən necə maraqla qarşılandığının şahidi olsun.
Hansı rolda çəkilməsindən asılı olmayaraq aktyor oynadığı rolun məsuliyyətini gözəl dərk edirdi. O, rejissorlarla çox asan dil tapırdı. Olduqca səmimi, işgüzar bir insan idi. Onu tanıyanlar deyirdilər ki, Hamlet heç vaxt insanların qəlbinə toxunmazdı. Rolları isə əksinə qəddar, zalım, qaniçən insanlar olurdu.
Hamlet Xanızadə güclü yaradıcı potensiala malik aktyor idi. Onun zəngin daxili aləmi müxtəlif xarakterli rolları yaratmağa imkan verirdi. Əməkdar artist idi. Xalq onu sevirdi. Mükafatı isə bir dövlət mükafatı və bir də xalqın ürəyində qazandığı məhəbbət idi. Bu məhəbbət bu gün də var, sabah da olacaq.
Cəmi 49 il ömür sürmüş Hamlet Xanızadə 80-ə yaxın filmdə unudulmayan, bir-birinə bənzəməyən, maraqlı obrazlar yaradıb. Onun qəhrəmanlarının əksəriyyəti tarixin, özü isə sənətin zirvəsində əbədiləşib!
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası “Instagram” səhifəsində Əməkdar incəsənət xadimi, nasir, şair, dramaturq Baba Vəziroğlu ilə evdən canlı görüş keçirib.
Kitabxananın təşkilatçılığı ilə keçirilən canlı yayında “Instagram” istifadəçilərinin sualları cavablandırılıb, mütaliə, şer sənətinin incəlikləri haqqında dəyərli fikirlər söylənilib. Baba Vəziroğlu, ilk növbədə, öz kitabxana xatirələri, ilk mütaliə təcrübələri haqqında danışıb, mütaliənin, kitabın onun həyatında necə mühüm bir rol oynadığını dilə gətirib.
Qonaq, həmçinin müasir gənc yazarlar haqqında dəyərli fikirlər söyləyib, şer sənətinə yenicə qədəm qoyan gənclərə öz tövsiyələrini verib. Canlı yayım müddətində izləyicilərin xahişi ilə Baba Vəziroğlu müəllifi olduğu “Sevgi var ayrılıqdan güclüdür Vallah” və “Xatirədir” şeirlərini səsləndirib.
Sonda kitabxananın şöbə müdiri Günay Həsənova qonağa canlı yayıma qatıldığına görə təşəkkürünü bildirib, bu görüşün Baba Vəziroğlu yaradıcılığının vurğunları üçün xoş bir xatirə olacağını söyləyib.
İyunun 13-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün sosial şəbəkəsindən “Sehrli üzük” tamaşasını nümayiş etdirəcək. Tamaşa teatrın “YouTube” kanalında saat 12-də nümayiş olunacaq.
Tamaşanın qurluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Rəşid Şəfəqdir.
Uşaqlara dostluq, sədaqət, dürüstlük, ədalət, insanlara inam kimi müsbət keyfiyyətlər aşılayan tamaşa xeyrin şər üzərindəki qələbəsinin nümayişi olacaq.
Özünün maraqlı süjet xətti və ideyası olan nağıl nümunəsinə yeni prizmadan baxan, onu çağdaş elementlərlə daha baxımlı etməyə çalışan rejissor tamaşaya yeni yozum verib. Beləliklə, bütün mübarizələrin sonunda qələbənin mümkünlüyü uşaqların hiss edəcəyi tərzdə səhnə ifadəsini tapıb.
Polşanın turizm portalında ölkəmizin turizm potensialı barədə Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmidin geniş müsahibəsi dərc olunub.
Müsahibədə pandemiya dövründə Azərbaycanın turizmi, bundan sonra atılacaq addımlar və tədbirlər barədə məlumatlar verilib.
“Təhlükəsiz, açıq və qonaqpərvər ölkə” olaraq adlandırılan Azərbaycanda turizm mövsümünün nə vaxt açılacağının zamanı tam bəlli olmasa da, ölkə buna hazır olacaq. Bunu Florian Zenqstşmid deyib. O bildirib ki, ölkəmiz buna tam hazırdır və istənilən turistin arzularını gerçəkləşdirməyə zəmanət verir. Lakin hazırda Azərbaycanda əsas prioritet insanların sağlamlığıdır: “Hamımız sərhədlərin açılmasını gözləyirik. Ümid edirəm ki, bu yay xaricdən, o cümlədən Polşadan Azərbaycana qonaq qəbul edə biləcəyik. Azərbaycan Turizm Bürosu turizmin dörd mərhələ üzrə bərpası planını hazırlayıb. Biz bu passiv dövrü onlayn platformalar vasitəsilə ən yaxşı təcrübələrimizi ortaqlarımızla bölüşmək və turistlər üçün vacib olan məzmun yaratmaq üçün istifadə edirik”, - deyə icraçı direktor əlavə edib.
Müsahibədə həmçinin Azərbaycanın dünyəvi ölkə olması, hər cür turistin burada azad şəkildə ənənələri pozmadan dincəlməsi üçün şəraitin olmasından danışılır. Ölkənin milli mətbəxi, dəyərləri, qadın azadlığı, habelə viza qaydaları və sairə barədə də geniş məlumat çatdırılıb.
Azor adaları koronavirus şəraitində məzuniyyət keçirmək üçün Avropada ən təhlükəsiz yerlərdən biri hesab edilir.
Bu qənaətə “European Best Destination” təşkilatı gəlib. Təşkilat təhlükəsizlik amillərindən biri kimi regionda koronavirusa yoluxmanın sayının az olmasını, tibbi xidmətlərin səviyyəsini vurğulayır. Azor adaları hökumətinin nümayəndəsi Marta Qerreyronun sözlərinə görə, beynəlxalq fərqin daha bir səbəbi odur ki, təbiətdə olmağı, balinaları müşahidə etməyi xoşlayan səyahətçilər üçün bu arxipelaq ideal məkandır, onları buraya yerli mətbəx və ənənələr cəlb edir.
Artıq 16 gündür ki, arxipelaqda koronavirusa yeni yoluxma halı qeydə alınmayıb. Bu günədək regionda 146 yoluxma halı aşkarlanıb, 129 nəfər xəstəlikdən sağalıb, 16 nəfər isə dünyasını dəyişib.