Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • UNESCO-nun rəsmi internet səhifəsində ölkəmizdə koronavirusla mübarizə tədbirlər barədə yazı yerləşdirilib

    UNESCO-nun rəsmi internet səhifəsində Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının hazırladığı ölkəmizdə COVID-19 pandemiyası ilə mübarizə tədbirləri barədə ətraflı məlumat yerləşdirilib.

    Məlumatda, pandemiya ilə mübarizə çərçivəsində UNESCO-nun təhsil, mədəniyyət, elm və informasiya və kommunikasiya sahələri üzrə ölkəmizdə görülən genişmiqyaslı və məqsədyönlü tədbirlərdən bəhs edilib.

    Azərbaycan Respublikasının Təhsil, Mədəniyyət, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, Azərbaycan Milli Elmlər Akademiyası, eləcə də UNESCO üzrə Milli Komissiya tərəfindən həyata keçirilən müvafiq layihə və təşəbbüslər haqqında geniş məlumat verilir.

    Yazı ilə bu linkdən tanış olmaq olar: http://www.unesco.org/new/en/member-states/single-view/news/response_of_the_national_commission_of_the_republic_of_azerb/

  • Vikipediyada Əhmədiyyə Cəbrayılov haqqında özbək dilində bölmə yaradılıb

    Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə İkinci Dünya müharibəsi illərində Fransa Müqavimət hərəkatının iştirakçısı, "Armed Mişel", "Ryus Armed", "Хаrqo" və başqa adlarla Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak edən partizan hərəkatının əfsanəvi qəhrəmanı, azərbaycanlı Əhmədiyyə Cəbrayılov haqqında Vikipediya Beynəlxalq Elektron Ensiklopediyasında özbək dilində bölmə yaradılıb.

    Bölmədə qəhrəmanın həyatı, müharibədə, habelə müqavimət hərəkatında göstərdiyi igidlik, bir sıra fransız şəhərlərinin azad olunmasında iştirakı, Parisin azad olunması münasibətilə keçirilən mitinqdə bütün sovet əsgərlərinin adından çıxış etməsi və s. məlumatlar öz əksini tapıb.

    Bildirilir ki, azərbaycanlılar İkinci Dünya müharibəsində fəal iştirak edərək faşizm üzərində qələbənin əldə olunmasında böyük rol oynayıblar. Həzi Aslanov, Mehdi Hüseynzadə, Əhmədiyyə Cəbrayılov və başqa azərbaycanlı döyüşçülərin müharibədəki qəhrəmanlığı barədə həm Azərbaycanda, həm də ölkənin hüdudlarından kənarda kifayət qədər məlumatlar var və onların şəxsiyyətlərinə böyük maraq göstərilir.

     
  • “Müəmmalı bir qətlin üç versiyası” tamaşası növbəti dəfə göstəriləcək

    Dövlət “Yuğ” Teatrında R.Akutaqavanın “Cəngəllikdə” novellası əsasında hazırlanmış “Müəmmalı bir qətlin üç versiyası” adlı tamaşa növbəti dəfə iyunun 6-da sənət ocağının sosial şəbəkədəki səhifələri vasitəsilə saat 19:00-da göstəriləcək.

    Tamaşanın quruluşçu rejissoru, teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Vüsal Rəhim, musiqi tərtibatçısı Vüqar Camalzadədir.

    Səhnə əsərində Əməkdar artist Gülzar Qurbanova, aktyorlar Oqtay Mehdiyev, Əbdülqəni Əliyev, Vüqar Hacıyev, Amid Qasımov, Elşən Əsgərov çıxış edəcəklər. Tamaşanın janrı postmodern oyun kimi müəyyənləşdirilib.

    Rejissor tamaşanın yozumu barəsində belə deyir: “Mütləq həqiqət yoxdur. Nə irrasional, nə mistik, nə intuisiya, nə fideizm prinsipi burda əsas götürülə bilməz. Heç yerdə həqiqət birmənalı deyil. Hadisəyə hər baxış bucağında bir həqiqət var. Kimsə əksini sübut edə bilmədiyi kimi, əslində, baş verənlərin tam sübutu da mümkün deyil. Hadisə var - müəmmalı bir qətl. İştirakçılar qiyabi və əyanidir. Həqiqət isə iştirakçıların sayı qədərdir. Əsər detektiv təsiri bağışlasa da, daha çox fəlsəfi metaforik üsluba meyillidir. Cəngəllikdə bir ölüm, bir zorlanma hadisəsi baş verib. Əsas sual ortadadır. Kim-kimi öldürüb? Bu suala üç müxtəlif cavab-yanaşma var. Cavab-həqiqət isə yoxdur. Əslində, hadisə necə baş verib? Tamaşada bu suala cavab axtarılır. Bu axtarışda tərəflərin və insan sifətlərinin kəşfi baş verməlidir. Sonuc isə yenə də eyni... birmənalı həqiqət yoxdur. Hətta intersubyektiv həqiqət mütləq həqiqətə çatmır".

  • “Ah, bu uzun sevda yolu” tamaşası canlı nümayiş olunacaq

    Azərbaycan Akademik Milli Dram Teatrının repertuarında maraqlı tamaşalardan olan, görkəmli şair Mikayıl Müşfiqin xatirəsinə ithaf edilmiş “Ah, bu uzun sevda yolu” tamaşası iyunun 13-də sənət ocağının “facebook” hesabı vasitəsilə canlı göstəriləcək.

    Səhnə əsəri dramaturq Əli Əmirlinin eyniadlı əsəri əsasında hazırlanan ikihissəli tale dramıdır.

    Tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir.

    Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan tamaşada rolları Xalq artisti Hacı İsmayılov, Əməkdar artistlər Anar Heybətov, Münəvvər Əliyeva, Ayşad Məmmədov və başqaları ifa edəcək.

     
  • ABŞ-da "Emil ilə nahar" virtual caz konserti keçirilib

    ABŞ-da fəaliyyət göstərən Azərbaycan-Amerika Musiqi Fondunun (AAMF) təşəbbüsü və təşkilatçılığı ilə tanınmış pianoçu Emil Əfrasiyab və müğənni Leyla Babayeva-Əfrasiyabın iştirakı ilə "Emil ilə nahar" adlı virtual caz konsert proqramı keçirilib.

    Azərbaycan Xalq Cümhuriyyətinin 102-ci ildönümü ilə əlaqədar təşkil olunan konsertdə Emil Əfrasiyabın orijinal kompozisiyaları, xalq mahnılarının aranjimanları və Tofiq Quliyev, Fərhad Bədəlbəyli, Rauf Hacıyev, Vaqif Mustafazadə kimi Azərbaycanın görkəmli bəstəkarlarının əsərləri səsləndirilib.

    Virtual konsertdə Leyla Babayeva-Əfrasiyabın ifasında İbrahim Topçubaşovun "Nə bəxtiyardır", Tofiq Quliyevin "Yol ayrıcında" və "Tez gəl" kimi məşhur Azərbaycan mahnıları səslənib.

    Emil Əfrasiyab konsert proqramını "İki dünya" adlı orijinal kompozisiyası ilə başlayaraq "Əzizə" əsəri ilə yekunlaşdırıb. Qeyd edək ki, "Əzizə" əsəri məşhur “caz şahzadəsi” Əzizə Mustafazadənin sənətindən ilhamlanaraq yaradılıb.

    Həmkarları tərəfindən bənzərsiz istedad və sənətinə sədaqətli musiqiçi kimi tanınan Emil Əfrasiyab hazırda dünyanın ən məşhur musiqi kolleclərindən birində, ABŞ-ın Massaçusets ştatının Boston şəhərindəki Berkli Kollecində təhsilini davam etdirir. İfaçı peşəkarlar arasında texniki cəhətdən bacarıqlı və intuitiv çıxışları ilə tanınır. O, həm də bəstəkar və aranjimançı kimi də fəaliyyət göstərir.

    Konsertdə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov və ABŞ-ın Azərbaycan icmasının üzvləri iştirak ediblər. Konsertin dinləyiciləri qismində Diasporla İş üzrə Dövlət Komitəsinin aparıcı məsləhətçisi Lalə İsmayılova, Vaqif Mustafazadənin ev-muzeyinin direktoru və Vaqif Mustafazadə Fondunun sədri Afaq Əliyeva, Azərbaycanın Xalq artisti Ənvər Sadıqov və digər fəxri qonaqlar da iştirak ediblər.

    AAMF-nin təsisçisi və icraçı direktoru, doktor Cəmilə Cavadova-Spitzberqin rəhbərlik etdiyi qurum Azərbaycan musiqisini ABŞ-da və Amerika musiqisini Azərbaycanda tanıtmaqla məşğuldur. Belə ki, 2020-ci ilin aprel ayında təşkilat, həmçinin görkəmli Azərbaycan bəstəkarı Asəf Zeynallının "Muğam üslubunda Fantaziya”sının ən yaxşı ifası üçün virtual aləmdə beynəlxalq müsabiqəsinə də start verib. Müsabiqənin fəxri hakimləri Culia Buşkova (ABŞ) və Zəhra Quliyevadır (Azərbaycan). Müsabiqənin nəticələri avqustda elan ediləcək.

     
  • Misirdə 99 otel yerli turistlər üçün açılıb

    Büdcə gəlirlərinin böyük bir hissəsinin turizm sektorundan əldə edildiyi Misirdə hökumət 99 otelə fəaliyyətini bərpa etmək üçün lisenziya verib.

    Bu barədə Misirin Turizm Nazirliyi məlumat yayıb. Sözügedən otellər paytaxt Qahirə, Qırmızı dəniz sahilləri, İsgəndəriyyə, Süeş və Asuanda yerləşir.

    Nazirliyin məlumatında qeyd olunub ki, iyunun 8-dən fəaliyyətini bərpa edəcək otellərin qonaq qəbuletmə həcmi 50 faizə endirilib. Səhiyyə Nazirliyi və Turizm Assosiasiyası onların COVID-19 pandemiyasına qarşı hazırlıq səviyyəsinə nəzarət edəcək.

    Daxili səyahətlərin və uçuşların bərpa edilməsi ilə yanaşı, beynəlxalq aviareyslərin və turizmin bərpası hazırda Misir hökumətinin qarşısında duran ən vacib məsələlərdən biridir. Mart ayından bəri bağlanılan aeroportlar və otellər bazar ertəsi günündən yenidən fəaliyyətə başlayacaq. Lakin iyunda əcnəbi turistlərin ölkəyə gəlməsi mümkün olmayacaq. Bu, bir çox ölkənin sərhədlərinin hələ də bağlı olması, habelə pandemiya şəraitində insanların səyahətə ehtiyatla yanaşması ilə əlaqədardır.

    Misir hökuməti açılan otellərdə toyların, ad günü və digər şənliklərin keçirilməsinə icazə verməyib. Restoranlarda isə bufet sistemi ilə xidmət göstəriləcək. Turizm Nazirliyi yerli səyahətçilərə yalnız rəsmi sertifikat alan otellərdə qalmağı tövsiyə edib.

     
  • Respublika Gənclər Kitabxanası “Ekologiya və ətraf mühit” adlı biblioqrafik icmal hazırlayıb

    Ölkə iqtisadiyyatının inkişafı və əhalinin sosial-mədəni səviyyəsinin yüksəldilməsi ilə yanaşı, təbii ehtiyatlardan səmərəli istifadə və ekoloji tarazlığın qorunması dövlətin daim diqqət mərkəzindədir. Bununla əlaqədar olaraq, son illər ekologiyaya, təbiəti mühafizəyə və təbii ehtiyatlardan səmərəli istifadəyə dair bir sıra normativ hüquqi aktlar qəbul edilmiş, təbiətin qorunması və sağlamlaşdırılması sahəsində mühüm praktiki addımlar atılmışdır. Ölkədə təbiətin mühafizəsi, bioloji müxtəlifliyin azalmasının və ətraf mühitin çirklənməsinin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi böyük sosial iqtisadi əhəmiyyət kəsb edir.

    Bununla əlaqədar Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası 5 iyun - Ümumdünya Ətraf Mühit Günü münasibətilə “Ekologiya və ətraf mühit” adlı biblioqrafik icmal hazırlayaraq, onu kitabxananın rəsmi saytına yerləşdirib.

    Kitabxanadan bildirilib ki, icmalda təqdim olunan ədəbiyyat Azərbaycan və rus dilində verilib. Ədəbiyyatın annotasiyasında kitabın məzmunu ilə yanaşı, onun əsas məziyyətləri, ünvanlandığı oxucu auditoriyası və s. göstərilir. Oxuculara, həmçinin elektron resurslar haqqında da məlumat verilir.

     
  • Özbəkistanın orol24.uz portalında Azərbaycanın əfsanəvi qalaları haqqında məqalə yer alıb

    Özbəkistanın orol24.uz portalında əsrlərə şahidlik etmiş, qədim tariximizin, zəngin mədəniyyətimizin nümunəsi olan Azərbaycanın əfsanəvi qalaları haqqında rus dilində məqalə verilib.

    Məqalədə Azərbaycanda çoxsaylı qədim abidələrin və qalaların olduğu qeyd edilir, bütün bu abidə və qalaların qədim dövrlərdə hökmdarlar tərəfindən tikildiyi vurğulanır.

    Materialda İsmayıllı rayonundakı Cavanşir qalası, Şamaxı rayonundakı Gülüstan qalası, Şəkidəki Gələrsən-Görərsən və Narınca qalaları və Naxçıvandakı Əlincəqala haqqında ətraflı məlumat verilir.

    Cavanşir qalası haqqında bildirilir ki, rayonun qədim dövrlərə aid abidələrinin böyük əksəriyyəti Albaniya tarixinə aiddir. Məlumdur ki, Albaniya tarixinin son dövrləri Girdiman vilayəti və tanınmış sərkərdə Cavanşirin adı ilə bağlıdır və qala VII əsrdə tikilib.

    Şəki Narınca qalası haqqında deyilir ki, abidə dəniz səviyyəsindən yüksəklikdə, səfalı bir ərazidə yerləşir. Qala Azərbaycanın ilk müstəqil xanlığının əsasını qoyan Şəki xanı Hacı Çələbinin dövründə (1743-1755) tikilib.

    Gələrsən-Görərsən qalası haqqında bildirilir ki, abidə Kiş kəndinin şimal-şərqində, Kiş çayının qollarından biri olan Damarçın çayının sol sahilində, Qaratəpə dağının üzərində yerləşir.

    Gülüstan qalası haqqında deyilir ki, abidə IX yüzilliyə aid olsa da, XIII əsrin əvvəllərində köklü şəkildə yenidən qurulub və möhkəmləndirilib.

    Əlincəqala haqqında isə bildirilir ki, Naxçıvan şəhərindən 30 km şərqdə, Əlincəçayın sağ sahilində, 1800 metr hündürlüyündə olan Əlincə dağının üzərində yerləşir.

     
  • Qusar rayonuna təşkil olunmuş virtual tur

    Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası tərəfindən təşkil olunmuş “Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində virtual turlar davam edir.

    Kitabxanadan bildirilib ki, növbəti tur “suvari qoşun növü” mənasını verən Qusar rayonunadır. Videoçarx Qusarın giriş fotosu ilə başlayır.

    Videoçarxda 97 min 600 nəfər əhalisi olan Qusar rayonunun bir şəhər, bir qəsəbə, səksən səkkiz kənddən ibarət olduğu ilə bağlı informasiya əks olunur. Videoçarxın davamında rayonun sərhəd olduğu ərazilər haqqında ümumi məlumat verilir.

    Təqdim olunan videoçarxda Qusar rayonunun təbiəti ətraflı işıqlandırılıb. Rayon ərazisindən axan Qusar, Samur, Uqur, Mucuq, Tahircal, Sudur, Əniğ kimi çayların, 22 min 500 hektar ərazisini təşkil edən Hil, Xuray, Güney, Piral, Həzrə, Xulux, Tahircal, Avaran kimi meşələrin, dağların fotoları və adları videoçarxda yer alır.

    Videoçarxda 1998-ci ildə Heydər Əliyevin 75 illiyi şərəfinə fəth edilmiş və Ümummilli Liderin adı verilmiş Heydər zirvəsi də qeyd olunur.

    Məlumatlar sırasında “Şahdağ yaylaq” dağının ətəyində yerləşən Ləzə kəndi haqqında informasiya da yer alır.

    Qusar rayonunun ərazisində olan ziyarətgahların, muzeylərin, müasir binalar və parkların fotolarını videoçarxda sistemli formada izləmək mümkündür.

    Videoçarxda Şeyx Cüneyd türbəsi, Hil məscidi kimi tarixi abidələrin fotoları da əks olunub.

    Qusar rayonunun təbiəti flora və faunası ilə videoçarxda rəngarənglik təşkil edir. Bitkilərin və heyvanların siyahısı onların fotoları ilə birlikdə əks olunur.

    Məlumatlarda Qusar mətbəxi də öz yerini alıb.

    Videoçarx alim, yazıçı, şair, bəstəkar, heykəltəraş, memar, müğənni və digər sahələr üzrə şöhrət qazanmış görkəmli şəxsiyyətlərin siyahısı ilə yekunlaşır.

    Videoçarx Cəmilə Zalovanın ifa etdiyi “Qusar” mahnısı ilə müşayiət olunur.

    “Vətənimizə virtual səyahət” adlı layihəyə daxil olan videoçarxları “Kitabsevər uşaqlar” “Facebook” səhifəsində və “YouTube” kanalında da izləmək mümkündür.

    Videoçarxlar silsilə olaraq davam edir.

     
  • Kitabxana növbəti tədbirini Amerika yazıçısı Ernest Heminqueyin yaradıcılığına həsr edib

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası koronavirus pandemiyası ilə bağlı bir çox onlayn tədbirlər və virtual görüşlər keçirib, şair və yazıçılar ilə canlı yayımlar təşkil edib, slaydlar hazırlayıb.

    İdarədən bildirilib ki, növbəti təşkil olunan vebinarda görkəmli Amerika yazıçısı Ernest Heminqueyin “Qoca və dəniz” əsəri ətrafında fikir mübadiləsi aparılıb. Eləcə də kitabxananın informasiya-resurs şöbəsi karantin dövrü ərzində oxuculara təqdim edilmiş onlayn və virtual xidmətlərdən, beynəlxalq məlumat bazaları ilə iş, elektron sənəd mübadiləsinin fəaliyyətindən söhbət açıb.

    Fəal şagirdlər Sevindik Nəsiboğlu və Ələkbər İsgəndərli müzakirəyə qoşulub, söhbət əsərin məzmunu və təhlili üzərində qurulub.

    Sonda pandemiyadan sonrakı dövrlərdə də kitabxanalarda işin yeni formatda təşkilinin və onlayn xidmətlərin genişləndirilməsinin aktuallığı vurğulanıb. Vebinarda ortaq elektron resursların yaradılması, kitabxanalararası elektron sənəd mübadiləsinin təşkili, ortaq layihələr hazırlanması və “onlayn kitabxana” modelinin daha da inkişaf etdirilməsi ilə bağlı təkliflər səsləndirilib.

    Kitabxana uşaqlara sağlamlıq, vətənə layiqli övladlar kimi böyüməyi və heç zaman kitabı, mütaliəni unutmamağı arzu edib.