Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • “İçərişəhər” Qoruq İdarəsi ziyarətçilərin təhlükəsizliyi üçün davamlı tədbirlər görməkdədir

    “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində xüsusi aksiya keçirib.

    İdarədən bildirilib ki, aksiya çərçivəsində iyunun 3-də İçərişəhərdə gün ərzində bütün ziyarətçilərə qurumun əməkdaşları tərəfindən tibbi maskalar paylanıb.

    Bununla yanaşı, İçərişəhərin ən ziyarət edilən muzeylərindən olan Qız qalasında çalışan bütün işçilər və mühafizəçilər idarə tərəfindən xüsusi tipli maskalarla təchiz edilib ki, həmin maskalar bütün qonaqların əlavə təhlükəsizliyini maksimal dərəcədə təmin edəcək.

    Karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin yumşaldılması istiqamətində muzey və ictimai iaşə obyektlərinin fəaliyyətinin bərpa olunması ilə əlaqədar idarənin tabeliyində fəaliyyət göstərən muzeylərin, eləcə də ərazinin qala divarları boyunca yerləşən restoranların ofisiantları da müştərilərə gün ərzində həmin xüsusi maskalarda xidmət göstərməsi nəzərdə tutulub.

    Qeyd edək ki, bütün bu tədbirlər karantin rejimi qaydalarının yumşaldılması çərçivəsində idarə tərəfindən tibbi-profilaktik tədbirlərin gücləndirilməsi və ziyarətçilərin lazımi qaydada səhhətlərinin təhlükəsizliyinin təmin olunması məqsədilə həyata keçirilir.

     
  • Azərbaycanın turizm potensialının tanıdılması onlayn platformalar vasitəsilə aparılır

    Azərbaycan Turizm Bürosu tərəfindən dünyada yaranmış cari vəziyyət nəzərə alınaraq, ölkəmiz haqqında məlumatlılığın saxlanılması və genişləndirilməsi məqsədilə keçirilən onlayn vebinarlar və görüşlər davam etdirilir.

    Dövlət Turizm Agentliyindən bildirilib ki, may ayı ərzində Azərbaycan Turizm Bürosu tərəfindən Hindistan, Çin, Cənubi Koreya, BƏƏ, İsrail, Rusiya, Belarus, Ukrayna, Polşa, Almaniya, Avstriya, İsveçrə və bir sıra digər Avropa ölkələrindən olan turizm şirkətlərinin nümayəndələrinin iştirakı ilə 30 vebinar təşkil edilib. Beynəlxalq turizm şirkətləri üçün ölkənin turizm məhsulları, yeni marşrutlar, Bakı və regionlarda fəaliyyət göstərən hotellər, istirahət mərkəzləri barəsində məlumatların verildiyi vebinarlara 1300-dən çox iştirakçı qatılıb.

    Azərbaycanın turizm imkanları haqqında olan vebinarlara yüksək maraq göstərildiyindən iyun ayı üçün yeni vebinarlar təşkil olunacaq.

    Bundan əlavə, xarici bazarlarda olan turizm tərəfdaşları ilə 54 onlayn görüş təşkil olunub.

    Almaniya, Avstriya, İsveçrə, Böyük Britaniya, İtaliya, Niderland, Polşa, Hindistan, Çin, BƏƏ, Qətər, Səudiyyə Ərəbistanı, Oman, Rusiya, Ukrayna, Belarus, Qazaxıstan kimi 17 ölkədən olan tur operatorlar və turizm şirkətləri ilə dünya turizm sənayesində olan cari vəziyyət, gələcək əlaqələr, postpandemiya dövründə atılacaq ilkin addımlar və digər mövzular müzakirə olunub.

    Eyni zamanda, beynəlxalq turizm sənayesinin nümayəndələrinə Azərbaycanın təqdim etdiyi turizm imkanları barədə təlimlər keçirilməsi məqsədi daşıyan Azərbaycan haqqında “E-öyrənmə” onlayn təlim platforması (elearning.tourismboard.az) üzərindən fəaliyyət də davam etdirilir.

    Platforma vasitəsilə Almaniya, Avstriya, Belçika, İtaliya, Niderland və bir çox Avropa ölkələri, BƏƏ, Səudiyyə Ərəbistanı kimi Körfəz ölkələri, Hindistan, Şri-lanka, Yaponiya kimi Asiya ölkələri, İsrail, Pakistan və bir sıra Yaxın Şərq ölkələri, Rusiya, Gürcüstan, İran və Azərbaycan da daxil olmaqla indiyədək 32 ölkədən 472 nəfər qeydiyyatdan keçərək “Azərbaycan turizmi üzrə ekspert” statusunu qazanıb və müvafiq sertifikat əldə ediblər.

    Təlimlər Azərbaycan haqqında ümumi məlumat, müalicəvi turizm məhsulları, qastronomiya, şərab turları, alman irsi, yəhudi irsi, Azərbaycan təbiəti, Azərbaycan toy destinasiyası kimi, həmçinin ölkənin mədəni irsi kimi bir neçə moduldan ibarət olmaqla müxtəlif mövzuları əhatə edir.

     
  • Beynəlxalq Muğam Mərkəzinin "Unudulmayanlar" layihəsinin növbəti mühazirəsi Xalq artisti Əlövsət Sadıqova həsr olunub

    Beynəlxalq Muğam Mərkəzinin (BMM) "Unudulmayanlar" layihəsi çərçivəsində növbəti onlayn mühazirə Xalq Artisti, muğam operalarında baş rolların mahir ifaçısı Əlövsət Sadıqova həsr olunub.

    Musiqişünas, professor Nailə Rəhimbəyli sənətkar haqqında geniş məlumatı izləyicilərə təqdim edərək diqqətə çatdırıb ki, şöhrətli ifaçılar arasında öz dəsti-xətti olan, ecazkar səsə malik Əliövsət Sadıxovun ifa etdiyi rollar Azərbaycan opera sənətində xüsusi yer tutur. O, “Koroğlu”da Eyvaz, “Leyli və Məcnun”da Məcnun, Aşıq Qərib, Şah İsmayıl obrazlarını böyük ustalıqla oynayıb. 

    Üzeyir bəyin klassik operalarının lirik məhəbbət qəhrəmanlarının partiyaları Əliövsət Sadıqovun yaradıcılığında daha mühüm yer tutub. Unudulmaz opera ifaçısı, müğənni Əlövsət Sadıqovdan xoş xatirələrlə bərabər, həm də oxuduğu xalq mahnıların, muğamların radio lent yazıları yadigar qalıb. Sənətsevərlər onun səhnə fəaliyyətini ehtiramla xatırlayırlar. Sənətkar ömrünün son illərində opera teatrında məsləhətçi pedaqoq kimi çalışıb.

    17 noyabr 1970-ci ildə vəfat edən Əliövsət Sadıqov ikinci Fəxri xiyabanda dəfn olunub.

    Qeyd edək ki, layihənin məqsədi insanları incəsənətə, muğam irsimizə bir addım daha yaxın etmək və milli musiqi alətlərimiz, muğam korifeylərimizi böyük auditoriyaya tanıtmaqdır.

    https://www.facebook.com/mughamcentre/videos/249490443153060

  • Mədəni konsaltinq xidmətləri davam edir

    Karantin dövründə reallaşan “Mədəni konsaltinq” layihəsi çərçivəsində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən "Postpandemiya: kitabxanaçılıq fəaliyyətinin yeni fəlsəfəsi" mövzusunda onlayn mühazirə təşkil olunub.

    Onlayn keçirilmiş mühazirədə 70-ə yaxın sahə əməkdaşı, yəni mövcud olan kitabxanaların nümayəndələri, digər gənc mədəniyyət işçiləri, mədəniyyət könüllüləri iştirak ediblər.

    Qeyd edək ki, mərkəz karantin rejiminin tələblərini nəzərə alaraq, regionlarda çalışan mədəniyyət işçiləri üçün mədəni konsaltinq xidmətlərini təqdim etməyə davam edir. Buraya müxtəlif ixtisaslar üzrə təlimlər, metodiki vəsaitlərin müzakirələri, ixtisasartırma təlimləri, fərqli təyinatlı təqdimatlar və açıq mühazirələr də daxildir.

    Mühazirədə A.Usubəliyev kitabxanaların postpandemiya dövründəki fəaliyyətində yeni yanaşmalar, müasir forma və üsullardan istifadə yolları, onların sosial populyarlığı, əməkdaşların peşəkarlığı, kitabxanaların tarixi, fəlsəfəsi və digər önəmli mövzulara toxunub. O, sahə üzrə kadrların hazırlanmasında maarifləndirmənin əhəmiyyətindən danışaraq, mövcud problemlərin həllində müəssisələrin birgə əməkdaşlığının qurulmasının vacibliyini vurğulayıb. Mərkəz olaraq hər zaman təşəbbüsləri dəstəklədiyini, kitabxanalar arasında təcrübə mübadiləsinin aparılmasının zəruriliyini bildirib, onların fəaliyyətində müasir dövrün tələblərini diqqətdə saxlamağı və ona uyğunlaşmanın zəruri olduğunu qeyd edib, gənc kadrların cəlb edilməsinin vacibliyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

    Mühazirə zamanı kitabxanalara dair Qərb və Şərq modellərinin müqayisəsini aparan A.Usubəliyev Azərbaycanda tətbiq oluna biləcək kitabxana konsepsiyaları barəsində də öz mülahizələrini təqdim edib. Belə ki, kitabxanalarda göstərilə biləcək mədəni xidmətlər və əməkdaşlarda yeni kreativ məzmunlu peşə təfəkkürünün formalaşmasına xüsusi diqqət ayırmış məruzəçi mövcud istiqamətdə elmi yeniliklərdən istifadənin zəruriliyini qeyd edib.

    Müzakirə olunan mövzular çərçivəsində konkret layihələr və onların reallaşma imkanları da araşdırılıb. Kitabxanaların cəmiyyətdə populyarlığının artırılması məqsədilə onların sosial imicinin artırılmasına xidmət edəcək virtual layihələrin reallaşması da müzakirə olunub.

    Müasir kreativ və rəqəmsal metodlardan istifadənin və qabaqcıl təcrübənin mənimsənilməsinin vacibliyini bildirən mühazirə dinləyiciləri kitabxanaların xüsusilə gənclər arasında populyarlığının artırılması məqsədilə potensialların səfərbər olmasının vacibliyini bildiriblər.

  • Musiqili Teatr bu dəfə “Dəcəl çəpişlər”lə azyaşlı tamaşaçılarının görüşünə gəlib

    Azərbaycan Dövlət Musiqili Teatrında müəllifləri O.Zülfüqarov və R.Heydər olan “Dəcəl çəpişlər” ikihissəli musiqili nağıl-tamaşa növbəti dəfə azyaşlı tamaşaçıların ixtiyarına verilib.

    Balacaların hər zaman böyük diqqət və maraqla izlədiyi tamaşa Azərbaycanın əbədiyaşar şairlərindən biri Mikayıl Müşfiqin məşhur “Şəngülüm, Şüngülüm, Məngülüm” əsərinin motivləri əsasında hazırlanıb. Bir sıra yeni obrazların, qəhrəmanların əlavə olunduğu səhnə əsərinin yaradıcı heyəti əsasən gənclərdən ibarətdir.

    Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar göstərilən tamaşanın quruluşçu rejissoru Əhəd Hacıyev, quruluşçu baletmeysterləri Leyla və Zakir Ağayevlərdir. Tamaşada rolları Güldanə Əzimova, Elçin İmanov, Gülnarə Abdullayeva, Şaban Cəfərov, Mehriban Zalıyeva, Əmrah Dadaşov, Fərid Rzayev və başqaları ifa ediblər.

    Xatırladaq ki, bu səhnə əsərinin premyerası 2015-ci il mayın 16-da keçirilib.

     
  • Gənc Tamaşaçılar Teatrı “İtalyansayağı xoşbəxtlik” tamaşasına baxmağa dəvət edir

    Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı iyunun 11-də saat 19:00-da “İtalyansayağı xoşbəxtlik” tamaşasını sosial şəbəkədəki səhifələri vasitəsilə nümayiş etdirəcək.

    Görkəmli italyan dramaturqları Dario Fonun “Markolfa” və Pepino de Filipponun “Don Raffael Tranbomçu” əsərlərinin əsasında hazırlanmış ikihissəli komediyanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır. Tamaşanın plastik həlli və rəqslərin quruluşu Əməkdar artist Boris Lukinskiyə, bədii tərtibatı Zəminə Orucovaya, musiqi tərtibatı İradə Muradovaya, tryukların quruluşu isə İsa Əsədova məxsusdur.

    Tamaşanın süjet xətti otuz altı aydır evində xadiməlik etdiyi sahibi Markiz Treratedən bir qara qəpik almayan Markolfa bir anda uduşlu lotereyadan zənginləşməsi üzərində qurulub. Eyni gündə 3 nəfər – Cuzeppe (ev sahibinin ona külli miqdarda borcu var), Markiz Trerate (borc içində üzür), Cuzeppe (30 ildir ki, Markolfa ilə nişanlıdır) ona evlilik təklif edirlər. Elə bütün hadisələr bundan sonra başlanır...

    Tamaşanın ikinci hissəsində nümayiş etdirilən “Don Raffael Tranbomçu” mahiyyət və süjet xətti etibarilə “Markolfa” ilə çox oxşardır. Əvvəlki tamaşada olduğu kimi, burada da hadisələr pul ətrafında cərəyan edir. Bir anda böyük məbləğdə pula sahib olan Don Raffael, elə bir anın içində də müflisləşir...

     
  • Rusiyada Nazim Hikmət adına Mədəniyyət və İncəsənət Fondu yaradılıb

    Moskvada böyük türk şairi Nazim Hikmət adına Mədəniyyət və İncəsənət Fondu yaradılıb.

    Fond şairin irsinin öyrənilməsi, onu yeni nəsillərə tanıtmaq, eləcə də Rusiya və Türkiyə mədəni əlaqələrinə töhfə vermək və iki ölkə arasında dostluq körpüsü rolunu oynamaq məqsədilə təsis edilib.

    Yeni yaradılmış Fond Rusiyanın mədəniyyət və incəsənət dünyası ilə, eləcə də təhsil müəssisələri ilə əməkdaşlıq etmək niyyətindədir.

    Fondun məqsədlərindən biri də Moskvada Nazim Hikmət Muzeyinin yaradılmasıdır.

    Qeyd edək ki, 1963-cü ildə Moskvada vəfat edən Nazim Hikmət "Novodeviçe" qəbiristanlığında dəfn olunub. Rusiyadakı türk diasporu tərəfindən hər il iyunun 3-ü Nazim Hikmətin xatirə günü keçirilir.

     
  • “Unudulmayanlar” layihəsinin növbəti mühazirəsi Xalq artisti Əlövsət Sadıqovun yaradıcılığına həsr olunub

    Beynəlxalq Muğam Mərkəzinin (BMM) “Unudulmayanlar” layihəsi çərçivəsində növbəti onlayn mühazirə muğam operalarında baş rolların mahir ifaçısı Əlövsət Sadıqova həsr olunub.

    BMM-dan bildirilib ki, musiqişünas, professor Nailə Rəhimbəyli sənətkar haqqında geniş məlumat verib. Diqqətə çatdırıb ki, şöhrətli ifaçılar arasında öz dəstxəti olan, ecazkar səsə malik Əlövsət Sadıqovun ifa etdiyi rollar Azərbaycan opera sənətində xüsusi yer tutur. O, “Koroğlu”da Eyvaz, “Leyli və Məcnun”da Məcnun, Aşıq Qərib, Şah İsmayıl obrazlarını böyük ustalıqla oynamışdır.

    Üzeyir bəyin klassik operalarının lirik məhəbbət qəhrəmanlarının partiyaları Əlövsət Sadıqovun yaradıcılığında daha mühüm yer tutub. Unudulmaz opera ifaçısı, müğənni Əlövsət Sadıqovdan xoş xatirələrlə bərabər, həm də oxuduğu xalq mahnılarının, muğamların radio lent yazıları yadigar qalıb. Sənətsevərlər onun səhnə fəaliyyətini ehtiramla xatırlayırlar. Sənətkar ömrünün son illərində opera teatrında məsləhətçi pedaqoq kimi çalışıb.

    Qeyd edək ki, layihənin məqsədi insanları incəsənətə, muğam irsimizə bir addım daha yaxın etmək və milli musiqi alətlərimiz, muğam korifeylərimizi böyük auditoriyaya tanıtmaqdır.

     
  • “Oyaq gözəl” tamaşası onlayn nümayiş ediləcək

    İyunun 7-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının sosial şəbəkəsindəki səhifəsində “Oyaq gözəl” tamaşası nümayiş etdiriləcək.

    Tamaşa teatrın “YouTube” kanalında saat 12.00-da nümayiş olunacaq.

    Tanınmış rus uşaq yazıçısı Vladimir İlyuxovun fransız yazıçısı Şarl Perronun “Yatmış gözəl” nağılından bəhrələnərək qələmə aldığı ikihissəli “Oyaq gözəl” pyesi əsasında hazırlanan eyniadlı tamaşa maraqlı nümunələrdəndir.

    Teatrın gənc rejissoru Anar Məmmədovun quruluşunda hazırlanan səhnə əsərinin əsas qayəsini böyükləri dinləmək, qəhrəmanlıq, güclə ağlın bərabərliyi və məntiqə əsaslanmaqla bütün maneələrdən keçmənin mümkünlüyü təşkil edir.

    Komik elementlərlə zəngin nağıl-tamaşa müasir üslubda hazırlandığından burada dövrün uşaqlarının yaxından tanıdığı və sevdiyi nağıl qəhrəmanlarının sintezinə nail olunub.

    Birhissəli uşaq tamaşasının bəstəkarı Əməkdar incəsənət xadimi Cahangir Zülfüqarov, rəssamı Əfşan Əsədovadır.

  • ƏSA Teatrından yeni tamaşa - “Balaca Şahzadə”

    Azərbaycanın ilk inklüziv teatrı olan “ƏSA” Teatrı sayca səkkizinci tamaşasını hazırlayır.

    Teatr bu dəfə fransız yazıçı Antuan de Sent-Ekzüperiyə dünya şöhrəti gətirən “Balaca Şahzadə” əsərinə müraciət edib.

    “ƏSA” Teatrının baş meneceri Nicat Qulamın verdiyi məlumata görə, may ayından etibarən intensiv şəkildə tamaşanın hazırlığına başlanılıb. Qarşıdakı müddət ərzində də tamaşanın məşqləri pandemiya ilə əlaqədar sosial izolyasiya və karantin qaydalarına uyğun olaraq həyata keçiriləcək. Səhnə əsərində ümumilikdə 14 aktyor iştirak edir. Nümayiş zamanı eşitmə məhdudiyyətli şəxslər üçün tamaşa sinxron şəkildə surdo-tərcümə olunacaq.

    Sentyabr ayının sonlarında premyerası nəzərdə tutulan “Balaca Şahzadə” tamaşası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyilə hazırlanır.

    Qeyd edək ki, tamaşa-layihəsinin rəhbəri Nihad Qulamzadə, quruluşçu rejissoru Əbdülqəni Əliyev, baş prodüseri Nicat Qulamdır. Əsəri fransız dilindən Cavanşir Yusifli tərcümə edib.

    Xatırladaq ki, əlilliyi olan və olmayan aktyorlardan ibarət İnklüziv “ƏSA” Teatrı 2016-cı ilin sentyabr ayında yaradılıb. Artıq 5-ci teatr mövsümünə başlayan teatr bu günə qədər paytaxt və regionlarımızda uğurlu layihələr həyata keçirib.