Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Yaşamaq gözəl şeydir, qardaşım...

    XX əsr dünya ədəbiyyatının ən böyük şairlərindən olan Nazim Hikmət təkcə türk xalqının deyil, bütün Şərq xalqlarının poeziyasına misilsiz təsir göstərib, şeirdə yeni yollar açmış novator sənətkar, əsrin klassikidir. O, özünün romantik ruhlu, coşqun pafoslu, dərin məzmunlu əsərləri ilə müasir türk ədəbiyyatının inkişafına böyük təkan verib. Nazim Hikmət həm mübariz ictimai xadim, həm də istedadlı şair və dramaturq idi. Lakin poeziya onun yaradıcılığının ana xəttini, istedadının ən qüvvətli istiqamətini təşkil edirdi.

    Bu gün türk inqilabi poeziyasının banisi, şair, dramaturq, ssenarist, Beynəlxalq Sülh Mükafatı laureatı Nazim Hikmətin vəfatından 57 il ötür.

    Nazim Hikmət 1902-ci il yanvarın 15-də Selamik şəhərində dünyaya göz açıb. O, 1918-ci ildə İstanbulda Hərbi Dənizçilik məktəbinə daxil olub. Həmvətənlərinin acınacaqlı həyatını kiçik yaşlarından hiss edərək Türkiyənin xarici müdaxiləçilər tərəfindən işğalı əleyhinə şeirlər yazdığı, inqilabi hərəkata qoşulduğu üçün 1919-cu ildə məktəbdən xaric edilib. Bütün yaradıcılığını xalqının azadlığı, xoşbəxt həyatı uğrunda mübarizəyə həsr etdiyi Vətənini, xalqını sevdiyinə görə şair iztirablı, tufanlı, qasırğalı bir həyat yolu keçib, fasilələrlə ömrünü məhbəslərdə keçirib, qürbətdə yaşamağa məcbur olub. Şair şeirlərinin birində bunu belə ifadə edib.

     

    Bağlısan deyə ölkənə,

    Dünyaya, insana,

    Ya boğazdan asılarsan

    Ya atılarsan zindana.

     

    Şairin "Sərvlikdə” adlı ilk şeiri 1918-ci ildə "Yeni məcmuə” jurnalında dərc olunub. 1921-ci ildə Moskvaya gələrək Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində oxuyub. 1924-cü ildə Ankaraya qayıdıb və həbs edilib. Bir müddət sonra azadlığa çıxaraq qəzet və jurnalda çalışıb. 1925-ci ildə qiyabi olaraq 15 il həbsə məhkum edilən Nazim Hikmət 1927-ci ildə yenidən gizli yolla Moskvaya gəlib. Onun 1926-cı ildə yazdığı ilk poeması "Neft dünyasına səyahət” Bakı neftçilərinə həsr olunub. Bir il sonra ilk dəfə Bakıya gəlir. Bakını, Xəzəri görəndə ona elə gəlib ki, mühacirliyi yarıb öz doğma diyarına qayıda bilib. Özünə doğma bildiyi bu diyarda unudulmaz anlarını yaşayıb.

    Şairin 1928-ci ildə ikinci Vətəni saydığı Azərbaycanda ilk kitabı - "Günəşi içənlərin türküsü” nəşr olunub. Nazimə həsr olunmuş ilk məqaləni də Bakıda dövrün görkəmli tənqidçisi Əli Nazim yazıb. Məqalə "Günəşi içirik... günəşlənirik” adlanırdı. Əli Nazim böyük türk şairinin çağdaş Azərbaycan şeirinə göstərdiyi təsiri xüsusi vurğulayıb.

    Onun şeirləri içərisində xüsusi yer tutan "Bayram oğlu”, "Arpa çayının iki yanı”, "Xəzər”, "Neftə doğru” əsərlərinin mövzusu Azərbaycanla əlaqədardır. 1929-1932-ci illərdə yazdığı "835 misra”, "Baron-3”, "1+1=1”, "Səsini itirmiş şəhər” kitabları, "Jakonda” və "Berinci özünü niyə öldürdü” mənzum romanı ilə imperializmin müstəmləkə siyasətinə qarşı çıxıb. 1936-cı ildə yazmış olduğu "Alman faşizmi və irqçiləri” adlı məqaləsində şair faşizmin dünya azadlığı iddialarını ifşa edir, bütün mütərəqqi bəşəriyyəti insanlığın bu qəddar düşmənlərinə qarşı mübarizəyə çağırıb. Həmin il şairin Türkiyədə sonuncu şeirlər kitabı - "Şeyx Bədrəddin haqqında dastan” nəşr olunub. Dastanda orta əsrlərdə türk tarixində baş vermiş kəndli hərəkatından bəhs edir.

    Nazim Hikmət 1938-ci ildə saxta bir ittihamla yenidən həbs olunub və 28 illik məhbəs cəzasına məhkum edilib. Həbsxanada məşhur "İnsan mənzərələri” epopeyasını, "Həbsxanadan məktublar” silsiləsini, "Məhəbbət əfsanəsi”, "Yusiflə Züleyxa” pyeslərini və başqa dəyərli əsərlərini yazıb. 1950-ci ildə əfv edilərək azadlığa buraxılan Nazim Moskvaya köçüb. Bu dövrlərdə "Türkiyədə”, "Qərib adam”, "İvan İvanoviç vardımı, yoxdumu” bir çox şeir və poemalarını, dramaturgiyaya dair məqalələrini qələmə alıb.

    Nazim Hikmət həm də istedadlı nasir idi. "Romantika” romanı onun çox qüvvətli nəsr əsəridir. Romanda Nazim Hikmətin inqilabi fəaliyyəti, Moskvada təhsil alması, yaşamağın gözəl olduğunu bilən və onun gözəlləşməsinə can atan insanların mübarizəsi əksini tapıb. Ədibin romanı əsasında "Yaşamaq gözəldir, qardaşım” filmi çəkilib.

    Böyük ədibin yaradıcılığında dram əsərləri də mühüm yer tutur. Onun pyesləri dəfələrlə Azərbaycan teatr səhnəsində tamaşaya qoyulub.

    Şair ikinci dəfə Bakıya 30 il sonra gəlib. Öz məmləkətindən sonra heç bir torpaq ona Azərbaycan qədər doğma olmayıb. Nazim Türkiyənin ətrini bizə yetirən, canımız qədər doğma olan türk dilini ölümsüz şeirləri ilə bizə çatdıran milli ruhlu, qüdrətli şairdir. Şair Bakını İzmirə bənzədirdi. Ona görə də Bakı, Xəzər haqqında təsirli şeirlər yazardı. Bakı həm də şairə ona görə doğma gəlirdi ki, burada onun şeirlərini saatlarla, doymadan dinləyəcək geniş dinləyici kütləsi, qiymət verə biləcək şair, yazıçı, bəstəkar, alim dostları, bütün Azərbaycan xalqı vardı.

    Görkəmli bəstəkarımız Arif Məlikovun Nazim Hikmətin librettosu əsasında yaratdığı "Məhəbbət əfsanəsi” baleti dünyanın bir çox ölkələrində tamaşaya qoyulub. Heykəltəraş Münəvvər Rzayeva şairin büstünü, Toğrul Nərimanbəyov və başqa rəssamlar portretini yaradıblar.

    Şair həyatının son günlərində Vətəndə olmaq, öləndə Anadolu məzarlığında - məzar daşı da istəməyərək, uca bir çinarın altında uyumaq arzulayıb. Ancaq şair doğulduğu torpaqdan çox uzaqlarda, qürbət diyarda - Moskvada 1963-cü il iyunun 3-də Vətən həsrəti ilə əbədiyyətə qovuşub.

    Məşəqqətli, qasırğalı bir həyat yolu keçmiş Nazim Hikmət insan dünyasının zənginliyini, duyğu aləminin incəliklərini, həyatın mürəkkəbliyini, dünyanın təzadlarını bütün dolğunluğu ilə əks etdirə bilən və türk şeiri tarixində əbədiyaşar qalacaq korifey bir sənətkardır.

     
  • “Bakı Musiqi Akademiyasının Türkiyənin ali təhsil ocaqları ilə elmi əməkdaşlığı” mövzusunda elmi seminar təşkil olunub

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) 100 illik yubileyi ərəfəsində “Bakı Musiqi Akademiyasının Türkiyənin ali təhsil ocaqları ilə elmi əməkdaşlığı” mövzusunda “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi laboratoriyasında onlayn rejimində növbəti elmi seminar təşkil olunub.

    BMA-dan bildirilib ki, seminarı laboratoriyanın aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Həbibə Məmmədova keçirib.

    Məruzəçi uzun illər Bakı Musiqi Akademiyası və Türkiyənin nüfuzlu elm ocaqları arasında elmi əməkdaşlığın yüksək müstəvidə keçirilməsini, ilk növbədə Ü.Hacıbəyli adına BMA-nın rektoru, Azərbaycanın və SSRİ-nin Xalq artisti, professor Fərhad Bədəlbəylinin, elmi işlər üzrə prorektor, Əməkdar incəsənət xadimi, professor G.A.Abdullazadənin elm və təhsil sahəsində nüfuzları, möhtəşəm fəaliyyətləri, əldə etdikləri nailiyyətlər sahəsində baş tutmasını xüsusilə vurğulayıb.

    H.Məmmədova BMA-nın təşkilatçılığı, iştirakı və dəstəyi ilə Türkiyədə keçirilmiş konqres və beynəlxalq konfranslarda görülən işlərin yüksək qiymətləndirilməsini qeyd edib. “Uluslararası Müzik və Dans Konqresləri”, 33-cü İSME Dünya Konqresi, “İSME Legacy beynəlxalq konfransı” bilavasitə BMA-nın rəhbərliyi və yaxından iştirakı ilə bir neçə illər ərzində keçirilir.

    Qeyd olunan konfrans və konqreslər bir çox dövlətlərdən olan elm insanlarını birləşdirərək, dünyəvi mədəniyyətin xalqlararası bağlılığı haqqında fikirləri işıqlandırır. Keçirilən konfrans və konqreslərdə BMA-nı təmsil edən professor müəllim heyəti müxtəlif mövzularda çıxışları ilə böyük marağa səbəb olublar.

    Bundan əlavə məruzəçi bildirib ki, elmi işlər üzrə prorektor G.Abdullazadənin rəhbərliyi altında Azərbaycanın ənənəvi musiqi irsinin toplanması, notlaşdırılması və araşdırılması istiqamətində müxtəlif layihələr həyata keçirilib. Layihələrin fəal iştirakçılarından olmuş H.Məmmədova bildirib ki, layihə çərçivəsində yurdumuzun bir çox bölgələrinə səfərlər baş tutub. Bölgələrimizin etnoqrafiyası, folkloru və mədəniyyəti ilə tanışlıq ekspedisiya iştirakçılarına əvəzsiz zövq bəxş edib.

    Seminarın sonunda çıxış edən professor G.Abdullazadə, elmi laboratoriyanın müdiri, dosent N.İsmayılzadə, aparıcı elmi işçi, dosent A.Abduləliyev və başqaları seminardan məmnun qaldıqlarını bildirdilər və məruzəçiyə yaradıcılıq uğurları arzulayıblar.

  • Görkəmli şair Fikrət Sadığın şeirlər kitabı işıq üzü görüb

    Bu günlərdə Fikrət Sadığın 90 illik yubileyi ərəfəsində Azərbaycan Yazıçılar birliyinin sədri, Xalq yazıçısı Anarın təşəbbüsü ilə tanınmış şairin “Mən ot basmış bir cığıram” adlı kitabı işıq üzü görüb.

    “AybKitab” layihəsində çap olunan kitabın tərtibçisi və redaktoru Aysel Fikrətdir. Kitabda şairin son illərinə qədər çap olunmayan şeirləri nəşr olunub. Bu şeirlərlə yanaşı, şairin məşhur və sevilən şeirləri də nəşrdə yer alıb.

    Kitabda 1954-1959-cu illərə qədər Bakı Dövlət Universitetinin qəzetində çap olunmuş ilk şeirlərindən son kitabına qədər olan seçmə nümunələr verilib. Kitab bir neçə bölmədən ibarətdir. Birinci bölmədə şairin ilk şeirləri, ikinci bölmədə çap olunmayan şeirləri, üçüncü bölmədə şairin son şeirləri, sonuncuda isə şairin ən çox sevdiyi iki şeiri nəşr edilib. Kitab şairin dünyasını dəyişdikdən sonra çap olunan ilk kitabdır.

    Qeyd edək ki, Fikrət Sadıq Azərbaycan ədəbiyyatının sevilən, seçilən şairlərindən biri olub. 60-cı illərdən Rəsul Rzanın xeyir-duası ilə ədəbiyyata gələn şairin son günlərinə qədər ədəbiyyatımızın inkişafında böyük rolu olub. Onun tərcümələri, fəlsəfi şeirləri, uşaq şeirləri dillər əzbəridir. Şair ömrünün son gününə qədər yazıb-yaradıb. Bu kitabda onun 86 yaşında yazdığı şeirlərə də yer verilib.

     
  • “Yuğ” teatrı iyun repertuarını açıqlayıb

    Azərbaycan Dövlət “Yuğ” Teatrının iyun repertuarı maraqlı tamaşalarla zəngindir.

    Repertuarı təqdim edirik:

    4 iyun - “Quş dili”

    6 iyun - “Müəmmalı bir qətlin üç versiyası”

    11 iyun - “Vəsvəsə”

    13 iyun - “Şok”

    18 iyun - “Lənət” (A)

    20 iyun - “Lənət” (B)

    25 iyun - “Mənəm, mən...”

    27 iyun - “Naməlum Axundzadə”

    Qeyd edək ki, səhnə əsərləri bir qayda olaraq sənət ocağının sosial şəbəkədəki hesabları vasitəsilə göstəriləcək.

  • Polşada “Rzeczpospolita” qəzetinin əlavəsi kimi Azərbaycan ilə bağlı jurnal buraxılıb

    Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı ilə ölkənin nüfuzlu “Rzeczpospolita” qəzetinin əlavəsi kimi Azərbaycan ilə bağlı jurnal buraxılıb.

    Əlavə, həmçinin qəzetin nəzdində fəaliyyət göstərən “Historia” jurnalının internet səhifəsində işıqlandırılıb - (historia.uwazamrze.pl/artykul/1149413/azerbejdzan-dodatek-specjalny).

    Əlavədə aşağıdakı mövzular əhatə edilib:

    - Azərbaycanın ümummilli lideri Heydər Əliyev və Roma Papası II İoann Pavel

    - Bakıda Polyak memarları küçəsi

    - Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı

    - Heydər Əliyev Fondunun fəaliyyəti

    - Polşada Azərbaycan izləri

    - Azərbaycanda Polşa izləri

    - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi

    - Azərbaycan memarlığı: qədim və müasir

    - Bakı limanı – Polşa və Avropa şirkətləri üçün vacib hab

    - Atropatena/Adobayqan/Azərbaycan adlı dövlətin yaranması haqqında

    - Azərbaycan unudulmaz macəraya dəvət edir.

    Qeyd edək ki, jurnalın tirajı 30 mindir.

  • Dövlət Rəsm Qalereyası tədbirlərini onlayn formatda davam etdirir

    Azərbaycan Dövlət Rəsm Qalereyası koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar tədbirlərini onlayn formatda davam etdirir.

    İyunun 2-də saat 21:00-da Toğrul Nərimanbəyovun əziz xatirəsini yad etmək məqsədilə Qalereyanın “Instagram” hesabında canlı yayım olacaq.

    Canlı yayımda Toğrul Nərimanbəyovun qızı Əsmər Nərimanbəyova və Azərbaycanın Dövlət Rəsm Qalereyasının böyük elmi işçisi Vaqif Muğallı çıxış edəcəklər.

  • “12-ci gecə, yaxud hər nə istəsəniz” tamaşası onlayn göstəriləcək

    Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yeni tamaşalardan olan Uilyam Şekspirin “12-ci gecə, yaxud hər nə istəsəniz” əsəri əsasında hazırlanan eyniadlı tamaşa növbəti dəfə iyunun 7-də onlayn nümayiş ediləcək.

    Sənət ocağının “facebook”dakı səhifəsi vasitsilə izləniləcək səhnə əsərinin quruluşçu rejissoru, rəssamı və musiqi tərtibatçısı Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rejissor assistenti Ceyran Həsənli, vokal üzrə repetitoru Zeynəb Safina, video vizualizasiya rəssamları Fərid Əhmədov və Azər Süleymanovdur.

    Tamaşada rolları Əməkdar artistlər Elşən Rüstəmov, Anar Heybətov, Ayşad Məmmədov, Aslan Şirin, Məsmə Aslanqızı, aktyorlar Elnar Qarayev və Vüsal Məmmədov, Ziya Ağa, Vüsal Mustafayev və Rəşad Bəxtiyarov və başqaları canlandıracaq.

    Tamaşanın dekorasiyası ənənəvi formada yox, monitorlar vasitəsilə qurulub. Səhnə əsərinin orijinallığı burada klassika ilə müasirliyin vəhdət təşkil etməsindədir. Belə ki, aktyorların geyimlərində həm Şekspir dövrünün, həm də müasir dövrün geyimlərinə müraciət olunub. Eləcə də musiqi seçimində klassik musiqi ilə yanaşı, müasir musiqi, həmçinin də rok musiqisinə də yer verilib.

     
  • Kukla Teatrı “Turp” tamaşasını onlayn nümayiş etdirəcək

    İyunun 6-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün sosial şəbəkəsindən rus xalq nağılı əsasında hazırladıqları “Turp” tamaşasını nümayiş etdirəcək.

    Səhnələşdirəni və quruluşçu rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Vüqar Camalzadə olan bu birhissəli uşaq tamaşasında fərqli kukla texnikaları tətbiq olunub.

    Qoca kəndlinin bağçasında xüsusi qulluqla yetişdirdiyi turp ilə macəraları illərdir ki, uşaqdan böyüyə hər kəsin maraqla oxuyub-izlədiyi nağıllardandır.

    Uşaqları zəhmətsevərlik, güc birliyi və bütün bunların fonunda möcüzələrə təbəssümlə inanmağa səsləyən sevimli və yekə “Turp”un Kukla Teatrındakı səhnə həlli də maraqlı və baxımlıdır. Təbii ki, bunun da əsas səbəbi qısa nağıla tam yeni səhnələşdirmədə usta rejissor yozumudur.

    Musiqi həlli, rəssam işi baxımından da uğurlu kollektiv əməyin bəhrəsi olan “Turp” hər iki bölmədə uşaqların sevərək izlədiyi, maraqla yolunu gizlədikləri tamaşalardandır.

    Qeyd edək ki, tamaşa teatrın “YouTube” kanalından saat 12-də nümayiş olunacaq.

  • “Yarımçıq qalmış” tamaşası yenidən göstəriləcək

    Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı quruluşçu rejissoru Xalq artisti Vaqif Əsədov olan “Yarımçıq qalmış” tamaşasını növbəti dəfə sosial şəbəkədəki hesabları vasitəsilə iyunun 8-də təqdim edəcək.

    Yevda Abramov və Leyla Bəyimin “Yarımçıq qalmış...” (Xəyalpərvər oğlan”) əsəri əsasında hazırlanan eyniadlı tamaşa 2016-cı ilin aprel ayında cəbhə xəttində gedən döyüşlər zamanı şəhid olan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsinin məzunu Samir Kaçayevin xatirəsinə həsr olunub. Səhnə quruluşçu rəssamı Elşən Sərxanoğlu, rejissoru Gülnar Hacıyeva, plastik səhnələrin rejissoru Pərviz Məmmədrzayev, musiqi tərtibatçısı Ramiq Nəsirov, rejissor assistenti isə Sevda Hacışəmiyevadır.

    Tamaşada əsas rollarda Əməkdar artistlər Elnur Kərimov, Leyla Vəliyeva, Elşən Rüstəmov, Rasim Cəfərov, aktyorlar Bəhram Həsənov, Anar Seyfullayev, Günel Məmmədova, Asya Atakişiyeva, Zemfira Əbdülsəmədova, Elnur Hüseynov, Manaf Dadaşov, Vahid Orucoğlu, Ramil Məmmədov, İlqarə Tosova, Nuriyyə Əliyeva və Elgün Yəhyayev çıxış edəcək.

     
  • “Vətənimizə virtual səyahət” layihəsi əsasında Ağstafa rayonuna tur

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası koronavirus pandemiyası ilə bağlı “Vətənimizə virtual səyahət” layihəsini mütəmadi olaraq bir-birindən maraqlı videoçarxlarla davam etdirir.

    İdarədən bildirilib ki, “Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində Azərbaycanın müxtəlif regional quruluşa malik rayonlarına virtual səyahətlər təşkil olunub. Layihə əsasında hazırlanmış növbəti videoçarx Azərbaycanın şimal-qərb hissəsində yerləşən Ağstafa rayonuna həsr edilib.

    Videoçarxda ilk olaraq, Ağstafa rayonu haqqında geniş ümumi məlumat əks olunur. Məlumatlar sırasında rayonun 1939-cu ildə təşkil olunduğu, 1959-cu ildə ləğv edilərək ərazisi Qazax rayonu ilə birləşdiyi, 1990-cı il yenidən müstəqil rayon olduğu qeyd edilir. Videoçarxda bununla yanaşı, rayonun ərazisi, əhalisi, qəsəbələrinin siyahısı verilib və coğrafi yerləşdiyi ərazi də təsvir edilib.

    Videoçarxda rayonun təbiəti ardıcıl və sistemli formada izləyicilərə təqdim olunur. Təbiətinin 3 min 519 hektarı meşəliklə əhatə olunur və əsas hissəsini Tuqay meşələri təşkil edir. Videoçarxda, həmçinin Qarayazı Dövlət Təbiət Qoruğundan da bəhs edilir.

    Təbiətinin bir parçası olan və rayon ərazisindən axan çaylardan Kür və Ağstafaçayı, göllər sırasından isə Candargölün adı xüsusilə qeyd edilərək fotolarla əks olunur.

    Ağstafa rayonunda məskən salan heyvanların siyahısı fotolarla birlikdə nümayiş olunur.

    Rayon ərazisində çoxsaylı arxeoloji və tarixi abidələr var. Videoçarxda abidələr tarixi dövrlərinə görə sistemli formada verilib. Paleolit düşərgəsi, Molla Nağı təpəsi kimi abidələr daş dövrünə, Böyüktəpə, Araçı təpə kimi abidələr tunc dövrünə, Tatlı Alban məscidi, Daşkəsəmən kəndində IV-VII əsrlərə məxsus yaşayış yerləri kimi tarixi abidələr isə orta əsrlər dövrünə daxil edilib. Təqdim olunan tarixi abidələr haqqında məlumat və onların fotoları ahəngdar formada təşkil olunaraq izləyicilər üçün nümayiş olunub.

    Videoçarxda Ağstafa ərazisində əlli iki adda tarixi və mədəniyyət abidələrinin yer aldığı qeyd olunur. Abidələrdən ikisi dünya, otuz altısı ölkə, on dördü yerli əhəmiyyətlidir və bunlardan on ikisi tarixi memarlıq abidələri sayılır.

    Hər bir rayonun torpağına bağlı olan özünəməxsus görkəmli və tarixi şəxsiyyətləri var. Hazırlanmış videoçarxda həmin şəxsiyyətlər arasında Azərbaycan xalq qəhrəmanı Qaçaq Kərəmin, Hüseyn Arif və Nəriman Həsənzadə kimi Azərbaycan xalq şairlərinin, Tariyel Qasımov və Sabir Məmmədov kimi Azərbaycan xalq artistlərinin adı da yer alır.

    Ağstafa rayonu cürbəcür yeməkləri ilə fərqlənir. Videoçarxda Ağstafa mətbəxinə aid cücəli xəngəl, xəşil, bəhməz, çoban pörtləməsi, xüsusilə qeyd olunur.

    Tarixi abidələrlə yanaşı rayon ərazisində bir çox müasir binalar və parklar yerləşir. Videoçarxda Aqro park, Gənclər mərkəzi, Azərbaycan parkı kimi müasir tikililər də əks olunur.

    Videoçarxda yer alan musiqi Əmir Qazaxlı tərəfindən ifa olunan “Yaşa Ağstafa” mahnısıdır.

    Təşkil olunan virtual turları “Kitabsevər uşaqlar” “Facebook” səhifəsində və eyni adlı “YouTube” kanalında izləmək mümkündür.

    “Vətənimizə virtual səyahət” layihəsi davam edir.