Bakıdakı Rus evində gənc istedadların sərgisi açılıb. Layihə Bakıdakı Rus evinin dəstəyi ilə Azərbaycanın Rus Gəncləri Assosiasiyası tərəfindən təşkil olunub.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən (RİMM) AZƏRTAC-a bildirilib ki, tədbirin qonaqları gənc istedadlı rəssamların işləri ilə tanış olublar.
Ekspozisiyaya gənc rəssam, təsviri incəsənət müəllimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bakalavrı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının magistri Sonaxanım Kərimova və gənc rəssam, 183 nömrəli məktəbin şagirdi Abdulla Məlikzadənin əsərləri daxil edilib.
Sərgi noyabrın 25-dək davam edəcək, giriş pulsuzdur.
Noyabrın 22-23-də Azərbaycan Bəstəkarlar İttifaqında Xalq artisti, professor Azər Dadaşovun fortepiano əsərlərindən ibarət gənc ifaçıların VI Beynəlxalq müsabiqəsi keçiriləcək.
İttifaqdan AZƏRTAC-a bildirilib ki, müsabiqənin proqramına bəstəkar Azər Dadaşovun 2 hissədən ibarət Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Fortepiano və orkestr üçün Poema”sı daxildir.
Müsabiqədə Azərbaycan, Rusiya, Türkmənistan və İranın ali musiqi tədris müəssisələrini bitirmiş gənc ifaçılar iştirak edəcək.
Müsabiqənin qalibləri Bəstəkarlar İttifaqının üzvlərindən ibarət münsiflər heyəti tərəfindən seçiləcək. Münsiflər heyətinin rəhbəri Xalq artisti, AMEA-nın müxbir üzvü, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadədir.
Müsabiqədə ilk 3 yer tutan qaliblərlə yanaşı, ifaları ilə fərqlənənlərə də xüsusi diplom və mükafatlar təqdim olunacaq.
Qeyd edək ki, cari ildə Azərbaycan Bəstəkarlar İttifaqında “Heydər Əliyev İli” ilə bağlı bir sıra maraqlı tədbirlər keçirilib. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar konsertlər, konfranslar, yeni kitabların təqdimatı olub.
Bakıdakı Rus evində məşhur “Köçəri namələr“ sərgisi açılıb.
“Köçəri namələr“ Əlfiyyə İlyasova və Natalya Nikolayevanın təşəbbüsü ilə yaradılan beynəlxalq bədii sərgidir.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən (RİMM) AZƏRTAC-a bildiriblər ki, sərginin açılışında “Rossotrudniçestvo” təşkilatının Azərbaycandakı nümayəndəlinin rəhbəri İrek Zinnurov, Milli Məclisin deputatı, Azərbaycanın Əməkdar rəssamı, layihənin kuratoru Ülviyyə Həmzəyeva, Milli Məclisin deputatları Hicran Hüseynova və Aydın Mirzəzadə çıxış ediblər.
2006-cı ildən həyata keçirilən layihə müxtəlif məkanlarda təşkil olunur və ən fərqli insanlar arasında əlaqə yaradaraq, yeni məna çalarları təqdim edir. Onun geniş coğrafiyası da əlamətdardır: Rusiya, Qazaxıstan, Türkmənistan və Türkiyənin müxtəlif regionlarından olan rəssamlar yaratdıqları əsərlərin mübadiləsini aparıblar. Layihə Türk dünyası mədəniyyətinin qorunması və inkişafına verdiyi töhfəyə görə TÜRKSOY təşkilatının fəxri nişanı ilə təltif edilib.
Layihənin təşkilatçıları Moskva Şəhər Hökumətinin Regionlararası və Milli Siyasət Komitəsi, Moskva Millətlər Evi, Tatarıstan Respublikasının Mədəniyyət Nazirliyi, Saxa-Yakutiya Mədəniyyət və Mənəvi İnkişaf Nazirliyi, Rusiya Federasiyasının Mədəniyyət və Turizm Nazirliyi, Udmurtiyanın Milli Siyasət və Mədəniyyət Nazirliyi, Başqırdıstan Respublikasının N.Latfullina adına Müasir İncəsənət Muzeyi, Mari-El Respublika Təsviri İncəsənət Muzeyi, “Çingiz xan” yaradıcılıq birliyi, “Tamqa” yaradıcılıq birliyi, Saxa-Yakutiya Rəssamlar İttifaqı, Rusiya Rəssamlar İttifaqının regional bölməsi, Tatarıstan Rəssamlar İttifaqı, Rusiya Rəssamlar İttifaqının regional bölməsi, Rusiya Rəssamlar İttifaqının Naberejnıye Çelnı bölməsi, Yamalo-Nenets Muxtar dairəsi Noyabrsk şəhərinin administrasiyası, Yamalo-Nenets Muxtar Dairəsi Noyabrsk şəhərinin Muzey Resurs Mərkəzi, Naberejnıye Çelnı İncəsənət Qalereyası, Komsomolsk-na-Amur şəhəri Təsviri İncəsənət Muzeyi və Bakıdakı Rus evidir.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası “17 Noyabr - Milli Dirçəliş Günü” adlı videomateriallar əsasında ənənəvi və virtual kitab sərgisi təşkil edib.
AZƏRTAC xəbər verir ki, kitabxana əməkdaşları tərəfindən hazırlanan materiallarda Milli Dirçəliş Gününün tarixinə nəzər salınır, o illərin xronologiyası bir daha canlandırılır.
Xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb. Mənəvi əsaslarını və başlanğıcını ötən əsrin 60-cı illərindən götürən bu tarix sonralar Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə dönməz xarakter almış, müstəqil Azərbaycan dövləti müasir inkişaf yoluna qədəm qoymuşdur.
Materiallarda ermənilərin Topxanada törətdiyi vəhşiliklər, Ağdamda isə iki azərbaycanlını qətlə yetirmələri ilə Bakıda alovlanan milli hisslərin fonunda 1988-ci ildən başlayaraq Azərbaycanda milli istiqlal hərəkatının geniş vüsət alması, 1988-ci ilin noyabrında 100 minlərlə azərbaycanlının Ermənistanın təxribatlarına, Sovet İttifaqının ikili siyasətinə etiraz olaraq Bakıdakı Azadlıq meydanında toplaşması, azadlıq mübarizəsi, bu hadisələrin beynəlxalq mətbuatda işıqlandırılması faktları öz əksini tapır. Həmin mürəkkəb, gərgin dövrlərdə xalqın Heydər Əliyevin ətrafında bir yumruq kimi birləşməsi, onu xilaskar kimi özünə lider seçməsi geniş, tarixi faktlar və görüntülərlə işıqlandırılır. İzləyicilər hazırlanan materiallarda o illərin foto və videogörüntülərini də izləyə bilərlər. Hazırlanan materiallarda Azərbaycan xalqının azadlıq, ərazi bütövlüyü uğrunda əzmkar mübarizəsinin təntənəli nəticəsi – Şanlı Zəfər tarixinin Qələbə sevincinin görüntüləri də yer alır.
Kitabxana əməkdaşları tərəfindən Milli Dirçəliş Günü ilə əlaqədar hazırlanan virtual sərgidə “Heydər Əliyev - Müstəqilliyimiz əbədidir”, “Heydər Əliyev - Müdrik fikirlər”, “1988. Keçmişə pəncərə” kimi kitabların biblioqrafik təsvirləri və qısa annotasiyaları, “Milli dirçəlişdən müstəqilliyə”, “Müstəqillik tariximizin unudulmayan səhifəsi”, “Meydan hərəkatı ilə başlanan azadlıq mücadiləsi”, “Milli dirçəlişin başlanğıcı” kimi qəzet məqalələrinin görüntüləri təqdim edilir.
Bundan əlavə, Milli Dirçəliş Günü ilə əlaqədar kitabxanada özündə 40-a yaxın kitab və qəzet nümunələrini cəmləyən “17 Noyabr - Milli Dirçəliş Günü” adlı kitab sərgisi də təşkil edilib.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə noyabrın 16-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli rejissor, Xalq artisti Tofiq Kazımovun 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, yubiley münasibətilə teatrın hazırladığı “Sənsiz” tamaşasının premyerası olub.
Tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Milli Məclisin deputatları, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Qonaqlar əvvəlcə teatrın foyesində rejissorun həyat və yaradıcılığını əks etdirən fotosərgi ilə tanış olublar.
Milli Dram Teatrının bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə bildirib ki, böyük rejissor Tofiq Kazımovun 100 illik yubileyi Prezident İlham Əliyevin 2023-cü il 3 mart tarixli Sərəncamına əsasən qeyd edilir. Bildirilib ki, Tofiq Kazımovun milli teatr sənətinə böyük xidmətlərindən biri də istedadlı gənclərə meydan verməsi, yol açmasıdır. Elə bu nüans nəzərə alınaraq, nümayiş olunacaq tamaşanın rejissoru, rəssamı və bəstəkarı da gənclərdir. Onların hər üçü bu gün bu məsuliyyəti hiss edir.
Sonra Mehriban Ələkbərzadənin müəllifi olduğu, görkəmli rejissor Tofiq Kazımovun yaradıcılıq yolundan bəhs edən 10 dəqiqəlik qısametrajlı film nümayiş olunub.
Daha sonra yazıçı-dramaturq Şıxəli Qurbanovun “Sənsiz” pyesi əsasında hazırlanan eyniadlı tamaşa təqdim edilib.
Səhnə əsərinin quruluşçu rejissoru Nihad Qulamzadə, bəstəkarı Vüqar Babayev, rəssamı Vüsal Rəhim, işıq üzrə rəssamı Rafael Vaqifoğlu, rejissor assistentləri Xanım Həsənova və Könül Kərimovadır.
Rolları Xalq artisti Mehriban Zəki (Sevinc), Əməkdar artist Füzuli Hüseynov (Tərlan), aktyorlar İlahə Həsənova (Maral), Elçin Əfəndi (Fərhad), Elsevər Rəhimov (gənc Tərlan), Lalə Süleymanova (gənc Sevinc) canlandırıblar.
“20th Century” kinostudiyası tərəfindən hazırlanan "The Omen" adlı məşhur mistik filmin ekranlaşma tarixi açıqlanıb.
AZƏRTAC xəbər verir ki, film 2024-cü il aprelin 5-də tamaşaçılara təqdim olunacaq.
Sözügedən ekran əsərinin rejissoru Arkaşa Stivensondur.
Qeyd edək ki, dünya kino tarixinin əsl şah əsərinə çevrilən film hələ də ən qorxulu və həyəcanlı filmlər siyahısına daxildir.
Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidəsi olan Ə.Əliyev küçəsi 1 ünvanında yerləşən binanın fasadının karniz hissələrində bərpa işləri aparılıb.
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən AZƏRTAC-a bildirilib ki, tarixi binanın karniz hissəsində atmosfer təsirləri nəticəsində piyadalar üçün təhlükə yarada biləcək xırda daş parçalarının, karnizin və kronşteynlərin tökülmə təhlükəsinin qarşısını almaq üçün bərpa işlərinin aparılması üçün zərurət yaranıb.
Bərpa nəticəsində təhlükəli daşlar təmizlənərək bərkidilib, kronşteynlərdə olan nəbati naxışlar xüsusi əhəng məhlulları ilə bərpa edilib, daşları bərkidilib, metal hissələr qoruyucu qatlarla örtülüb.
Nəticədə tarixi bina ilkin vəziyyətə qaytarılıb.
Noyabrın 20-24-də Bakıda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) həftəsi keçiriləcək.
Reportun İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, SPECA həftəsi çərçivəsində noyabrın 20-də Ticarət və Gender və Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə İşçi Qruplarının iclasları, noyabrın 21-22-də İqtisadi Forum, noyabrın 23-də isə SPECA Rəhbər Şurasının 18-ci sessiyası və noyabrın 24-də SPECA Sammiti baş tutacaq.
“SPECA regionunun qlobal bağlantı qovşağına çevrilməsi” başlığı altında SPECA 2023 İqtisadi Forumunun keçirilməsində məqsəd proqramın xidmətyönümlü, çevik və strateji platformaya çevrilməsidir. Tədbirdə təchizat zəncirində məlumatların rəqəmsal transformasiyası və sənəd mübadiləsi, nəqliyyat bağlantısı, SPECA bölgəsində yaşıl enerji bağlılığı mövzularında müzakirələr aparılacaq, yeni çağırışlar fonunda Orta Dəhlizin artan əhəmiyyətinə diqqət yetiriləcək.
SPECA Rəhbər Şurasının 18-ci sessiyasında İqtisadi Forumun nəticələri, Proqramın işləmə mexanizmini tənzimləyən sənədlərin müzakirəsi, o cümlədən digər sənədlər ətrafında fikir mübadiləsi aparılacaq.
Bununla yanaşı, SPECA həftəsi çərçivəsində “SPECA Ölkələri Sərgisi: Dayanıqlı İnkişaf Naminə Regional Əməkdaşlıq” adlı sərginin keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) 1998-ci ildə yaradılıb. Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir. 2023-cü ildə SPECA-ya sədrliyi Azərbaycan Respublikası həyata keçirir.
Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Şirvan şəhərindən Şirvan şəhəri və Hacıqabul rayonundan olan vətəndaşları qəbul edəcək.
Reportun komitəyə istinadən verdiyi məlumata görə, vətəndaşların qəbulu noyabrın 22-də saat 10:00-da Şirvan şəhər Gənclər Evində (ünvan: Şirvan şəhəri, Naxçıvan küçəsi 1 B) baş tutacaq.
Qəbul zamanı Şirvan şəhəri və Hacıqabul rayon sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar “195” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq və ya Komitənin rəsmi internet səhifəsinin “Müraciətlər” və “Virtual qəbul” bölmələrindən daxil olmaqla (https://customs.gov.az/az/muracietler/sedre-mektub) qəbula yazıla bilərlər.
Azərbaycanın mədəniyyət naziri Adil Kərimli IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu çərçivəsində Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə tərəflər iki ölkə arasında mədəni əlaqələrin hazırkı vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər.
O.Lyubimova A.Kərimlinin nazir vəzifəsində Rusiyaya ilk səfərinin ölkələrimizin mədəniyyət qurumları arasında əməkdaşlığın genişlənməsinə, növbəti illərdə daha maraqlı tədbirlərin keçirilməsinə təkan verəcəyinə əminliyini ifadə edib. O, Rusiyada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin geniş qeyd olunduğunu xüsusi vurğulayıb.
Rusiyalı nazir 2024-cü il üçün nəzərdə tutulmuş birgə mədəni tədbirlər planını hazırlamağı, gələn il isə 2024-2026-cı illər üçün tədbirlər proqramının imzalanmasını təklif edib. O.Lyubimova Azərbaycanın yaradıcı kollektivlərinin Rusiyaya səfərlərinin maraqla qarşılandığını qeyd edərək, Beynəlxalq Yeni Bədii və Sənədli Kino Festivalında, eləcə də Beynəlxalq Xəzər Kinoforumunda fəal iştiraka görə azərbaycanlı həmkarlarına təşəkkürünü bildirib.
Öz növbəsində nazir Adil Kərimli Sankt-Peterburq Mədəniyyət Forumuna dəvətə görə təşəkkürünü bildirərək deyib ki, ölkələrimiz arasında bütün sahələrdə sürətlə inkişaf edən əməkdaşlıq Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında qarşılıqlı etimada söykənən münasibətlərdən qaynaqlanır. “Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin Rusiyada geniş qeyd olunması bizim üçün çox vacibdir. Heydər Əliyevin Rusiya mədəniyyətinin də inkişafında böyük xidmətləri var”, - deyə nazir vurğulayıb. A.Kərimli rusiyalı həmkarlarını Bakıda keçiriləcək Kreativ Sənaye Forumuna, eləcə də VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.
Sonda nazir Adil Kərimli Olqa Lyubimovaya “Şuşa. Zirvədən uca” kitabını hədiyyə edib.
Rusiyalı nazir kitabın nazirliyin kitabxanasında özünəməxsus yer tutacağını bildirib.
Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib.