Xalq artisti Tofiq Kazımovun 100 illik yubileyinə həsr olunan “Sənsiz” tamaşası noyabrın 25-26-da Akademik Milli Dram Teatrında teatrsevərlərə təqdim ediləcək.
AZƏRTAC xəbər verir ki, Şıxəli Qurbanovun eyniadlı dramı əsasında səhnələşdirilən əsərin quruluşçu rejissoru Nihad Qulamzadə, bəstəkarı Vüqar Babayev, quruluşçu rəssamı Vüsal Rəhimdir.
Tamaşada rolları Xalq artisti Mehriban Zəki, Əməkdar artist Füzuli Hüseynov, aktyorlar İlahə Həsənova, Elçin Əfəndi, Elsevər Rəhimov və Lalə Süleymanova ifa edəcəklər.
“Sənsiz” repressiyaya məruz qalan, həyatdan və ailəsindən qoparılmış insanların dramından bəhs edir.
Noyabrın 25-26-da Dövlət Turizm Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şamaxı şəhərinin Meysəri kəndində II Üzüm və Şərab Festivalı keçiriləcək.
Report Agentliyə istinadən xəbər verir ki, tədbirin məqsədi yerli üzüm və şərab istehsalının təşviq edilməsi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda üzüm və şərab istehsalının tarixinin, bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırmaqdır.
Festivalda çərçivəsində şərabçılıqla bağlı müxtəlif tədbirlər - şərab dequstasiyaları, yarmarkalar, yerli və beynəlxalq ekspertlərin iştirakı ilə somelye kursları, musiqili proqramlar, əyləncələr təşkil olunacaq, qonaqlara “Azərbaycanda şərabçılıq və şərab istehsalı tarixi” haqqında məlumat xarakterli təqdimatlar nümayiş etdiriləcək.
Sərgi, əyləncə, piknik, suvenir, kulinariya kimi zonaları olan festival ərazisində ziyarətçilər yerli və xarici istehsalçıların şərab məhsullarını dequstasiya edə, həmçinin bəyəndikləri məhsulları ala biləcəklər.
Iticket.az saytı vasitəsilə qeydiyyatdan keçən şəxslərin 25 və 26 noyabr tarixlərində saat 11:00-da Heydər Əliyev Mərkəzinin qarşısından Meysəri kəndinə aparılıb-gətirilməsi təşkil olunacaq. Festival qeyd olunan tarixlərdə 13:00-19:00 zaman aralığını əhatə edəcək.
Dövlət Turizm Agentliyi Azərbaycanın beynəlxalq səviyyədə tanınan yerli üzüm sortlarının və şərab növlərinin mövcudluğunu nəzərə alaraq şərabçılıq turizminin beynəlxalq səviyyədə təbliğatını aparır. Ölkəmizdə qərb, şimal və şimal-qərb turizm marşrutları üzrə, o cümlədən Xocavənd rayonunun Tuğ qəsəbəsində mövcud qədim şərabçılıq ənənələrinin yaşadılması və turizm məqsədli istifadəsi əsas inkişaf istiqamətləri sırasındadır.
Azərbaycan 20 ölkənin şərabçılıq marşrutunu özündə birləşdirən, Avropa Şurası və Avropa Mədəni Marşrutlar İnstitutu tərəfindən şərab irsi və şərabçılıq turizmini, eləcə də dayanıqlı turizm növlərini təşviq etmək məqsədini yaradılmış “İter Vitis” maddi və qeyri-maddi şərabçılıq mədəni marşrutunun üzvüdür.
Belarusda “MDB məkanında muzey təşəbbüsləri” mövzusunda birinci beynəlxalq elmi-nəzəri konfrans keçirilib.
AZƏRTAC Müstəqil Dövlətlər Birliyi (MDB) İcraiyyə Komitəsinin saytına istinadla xəbər verir ki, konfransın plenar iclasında və panel sessiyalarında Azərbaycan, Belarus, Qazaxıstan, Rusiya və Qırğızıstandan təxminən 60 tədqiqatçı iştirak edib.
Konfrans iştirakçıları MDB İcraiyyə Komitəsində keçirilən plenar iclasda və sessiyaların işində muzey fəaliyyətində yeni texnologiyaların inkişafı və tətbiqi üzrə fikir mübadiləsi aparıb, muzeylərin işini və tarix-mədəniyyət irsinin mühafizəsi və təbliği məsələlərini müzakirə edib, həmçinin tədqiqat və mədəni-maarif üzrə fəaliyyəti nəzərdən keçirib, tarixi regionlarda mədəni mühitin mühafizəsi və inkişafında muzeylərin roluna toxunublar.
Konfrans Belarus Mədəniyyət Nazirliyi, MDB İcraiyyə Komitəsi və Birliyin iştirakçı dövlətlərinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə keçirilib.
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti, bəstəkar Eldar Mansurovun yaradıcılıq gecəsi keçirilib.
Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, gecədə bədii rəhbər və baş dirijor, Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər və baş dirijor, Xalq artisti Gülbacı İmanova) və solistlər - Əməkdar artistlər Ramil Qasımov (tenor) və Nərgiz Kərimova (soprano) bəstəkarın əsərlərini dinləyicilərə təqdim ediblər.
Eldar Mansurov “Kleopatra” və “Olimp” rok-baletləri, 5 simfoniya, “Mahur-hindi” simfonik muğamı, skripka və simfonik orkestr üçün konsert, bir çox simfonik, kamera və xor əsərlərinin müəllifidir. Bir sıra filmlərə və tamaşalara musiqilər bəstələyib, 3 mindən artıq mahnı və instrumental musiqinin müəllifidir.
Qətərin ölkəmizdəki səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab Azərbaycan Milli Kitabxanasının qonağı olub.
Kitabxanadan AZƏRTAC-a verilən məlumata görə, görüşdə Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova qonağa Milli Kitabxananın tarixi, iş rejimi və fondu haqqında məlumat verib.
Görüş çərçivəsində Milli Kitabxananın 100 illik yubileyinin keçirilməsi barədə qonağa məlumat verilib.
Səfir Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab Azərbaycan ilə Qətər arasında beynəlxalq qarşılıqlı münasibətlərdən danışıb və bu münasibətlərin daha da inkişaf edəcəyinə inandığını bildirib. Həmçinin o, səfirlik adından Milli Kitabxanaya Qətərin ədəbiyyatını, tarixini, mədəniyyətini, təbiətini və s. əks etdirən kitablar hədiyyə edib.
Sonda qonağa “Azərbaycan Milli Kitabxanası” fotoalbom, “Bakı simfoniyası” kitabı və Azərbaycan xəritəsi təqdim olunub.
Komediya-dram janrında ekranlaşdırılan “Kobra Key” serialının altıncı mövsümü “Netflix” platformasında yayımlanacaq.
AZƏRTAC xəbər verir ki, Karate Kid film seriyasının davamı olaraq təqdim ediləcək ekran əsərinin çəkilişlərinə 2024-cü ilin əvvəlində başlanacaq.
Serialın əvvəlki sezon bölümləri böyük populyarlıq qazanaraq rekord qırıb.
Ekran əsərində aktyorlar Vilyam Zabka və Ralf Makionun yer alacağı açıqlanıb.
İctimai TV tərəfindən hazırlanmış qısa video-müsahibədə Azərbaycanı İsveçdə, "Avroviziya 2024" səhnəsində təmsil etməyə namizəd olan ifaçılar 7 suala cavab verərək, özlərini izləyicilərə daha yaxından tanıdıblar.
İctimai TV-dən AZƏRTAC-a bildirilib ki, namizədlər musiqi zövqləri, builki Avroviziya mahnıları, səhnə xəyalları barədə danışıblar.
Münsif səsverməsi nəticəsində finala keçən ifaçılar Aisel, Qorqud, Fahree, Mila Miles, İlkin Dövlətov və Etibar Əsədli triosu, Səbinə Quluzadə və Emy Liadır.
Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi və Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin birgə təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində noyabrın 26-da Kəlağayı gününə həsr olunmuş “Anam kəlağayılı bir muğamıydı...” adlı konsert keçiriləcək.
AZƏRTAC xəbər verir ki, konsertdən əvvəl kəlağayıya aid rəsm əsərləri nümayiş olunacaq.
Konsertdə milliliyimizin rəmzi olan kəlağayımıza həsr olunan ifalar, şeirlər səsləndiriləcək.
Biletləri iticket.az saytından əldə edə bilərsiniz.
Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “20 noyabr Ağdam Şəhəri Günü” adlı virtual sərgi hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı, fotolar, dövri mətbuat səhifələrində Ağdam şəhəri haqqında dərc olunan məqalələr, Qarabağ zəfəri, Ağdam şəhərinin tarixi haqqında kitablar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər linkindən istifadə edə bilər.
Noyabr ayının 20-si Ağdam Şəhəri Günüdür. Ağdam Şəhəri Günü Azərbaycanda ilk dəfədir qeyd olunur.
Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis edilməsi haqqında Sərəncamına əsasən 20 noyabr “Ağdam şəhəri günü” kimi qeyd olunur. Bu əlamətdar günün təsis olunması Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 noyabr – “Ağdam Şəhəri Günü” elan olunması ilə bağlı imzaladığı Sərəncama əsasən, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları tərəfindən silsilə materiallar - virtual kitab sərgisi və videomaterial hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildiriblər ki, hazırlanan materiallarda Ağdam rayonunun yaranma tarixi, gözəl təbiəti, Cümə məscidi, Şahbulaq qalası, Qutlu Musa və Pənahəli xanın türbəsi kimi tarixi memarlıq abidələri, dünyada ikinci olan Çörək muzeyi haqqında məlumat verilir.
Materiallarda Ağdam rayonunun erməni işğalı dövründə məruz qaldığı vandallıq aktları-tarixi, mədəni abidələrin, təbii sərvətlərin məhv edilməsi, Ağdamın “ruhlar şəhəri”nə çevrilməsi faktları işıqlandırılır. Azərbaycanın əzəli torpağı olan Ağdam şəhərinin Azərbaycan Respublikasının Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi sayəsində imzalanan kapitulyasiya aktına əsasən geri qaytarılması haqqında geniş məlumat verilir. Videomaterialda bu gün Ağdam şəhərində aparılan bərpa-quruculuq işlərindən, yeni infrastrukturun qurulması, yaşayış məhəllələrinin salınması, sənaye parkları, aqroparkların yaradılmasından bəhs edilir.
Virtual kitab sərgisində Prezident İlham Əliyevin “Şəhər günlərinin” təsis edilməsi haqqında imzaladığı Sərəncamın mətni, “Vətən müharibəsinin 44 günlük Zəfər salnaməsi”, “Zəfər yolu: Qarabağ savaşından Şuşa Bəyannaməsinədək”, “Ölümü fəth edənlər”, “Ağdam rayonu və onun toponimiyası”, “Ağdamım mənim”, “Ağdam rayonu dialektlərinin toplanılması və linqvistik təhlili” kimi 10-dan çox kitabın qısa annotasiyası və dövrü mətbuat nümunələrinin görüntüləri yer alıb.
20 noyabr – “Ağdam Şəhəri Günü” ilə əlaqədar hazırlanan materiallar kitabxananın rəsmi saytında yerləşdirilib.