Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə noyabrın 27-dən dekabrın 3-dək “Yaradıcı Həftə” təşkil ediləcək.
AZƏRTAC xəbər verir ki, Yaradıcılıq layihəsi Prezident İlham Əliyevin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası ilə bağlı həyata keçiriləcək.
Layihənin məqsədi mədəniyyət və yaradıcı sənayelərin vahid sahə kimi formalaşmasının və bazar iştirakçılarının fəaliyyətinin dəstəklənməsi, o cümlədən sahəvi klasterləşmənin təşviqidir.
Müvafiq dövlət qurumlarının rəhbərləri, yaradıcı sektorun təmsilçiləri, onlarla beynəlxalq və yerli təşkilatın nümayəndələri, yüzlərlə yaradıcı şəxs, şirkətlər və ictimai birliklərin iştirakı ilə təşkil olunan bu həftə çərçivəsində “Mədəniyyət və Yaradıcı Sənayelər Forumu” keçiriləcək, ölkəmizdə ilk dəfə “Musiqi Sənayesi Platforması”nın yaradılması istiqamətində addımlar atılacaq.
Eyni zamanda, “Yaradıcı Həftə”də kreativ məhsulların sərgisi, hakatonlar, yaradıcı diskussiyalar, müsabiqələr, festivallar, təqdimatlar və digər tədbirlərin keçirilməsi planlaşdırılır.
Bu gün Azərbaycan xalça sənətinin inkişafında böyük xidmətlər göstərmiş Xalq rəssamı, SSRİ Dövlət mükafatı laureatı Lətif Kərimovun anadan olmasının 117-ci ildönümü tamam olur.
AZƏRTAC xəbər verir ki, dekorativ-tətbiqi sənətimizin, xüsusilə xalçalarımızın el sənəti qaynaqları ilə bağlı olan milli cəhətlərini, eləcə də onların bədii xüsusiyyətlərini və texnologiyalarını dərindən bilən görkəmli sənətkar Azərbaycan xalçalarına əsl mənada ikinci ömür verib, onların dünya miqyasında tanıdılmasında böyük işlər görüb.
Lətif Kərimov 1906-cı il noyabrın 17-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada dünyaya göz açıb. Onun nəsli - bütün “Allahverənlər” tayfası toxuduqları qəşəng xalçaları ilə Qarabağ mahalında məşhur olublar. Onun atası Məşədi Hüseyn papaqçı, anası Telli Hacı Nəsib qızı isə Qarabağın tanınmış xalçaçılarından olub. 1912-ci ildə Kərimovlar ailəsi İranın Məşhəd şəhərinə köçüb. Burada Lətif Kərimov klassik Şərq sənəti olan kalliqrafiya üzrə təhsil almaqla yanaşı, rəssamlıq bacarığını da təkmilləşdirib.1922-ci ildə məktəbi bitirdikdən sonra Mirzə Hüseyn Ələkbərzadənin xalça emalatxanasında əvvəlcə təlimatçı köməkçisi, sonra təlimatçı, daha sonra isə rəssam kimi fəaliyyət göstərərək püxtələşib və xalça sənətinə mükəmməl yiyələnib. 1929-cu ildə Azərbaycana qayıdan Lətif Kərimov bir müddət sonra “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyində çalışıb.
Lətif Kərimov 1930-cu illərdə xalq ənənələrinə əsaslanaraq klassik xalça rəsmləri hazırlayıb və xalça sənətinə bir sıra yeniliklər gətirib. Onun təşəbbüsü ilə 1937-ci ildə Bakıda mərkəzi boyaqçılıq emalatxanası yaradılıb. Rəssam ilk dəfə olaraq xalça üçün rəng şkalasını yaradıb. O, 1945-ci ildən ömrünün sonlarına kimi Azərbaycan SSR EA-nın Memarlıq və İncəsənət İnstitutunun dekorativ-tətbiqi sənət şöbəsinə (1984-cü ildən etibarən isə xalça sənəti şöbəsinə) rəhbərlik edib. Lətif Kərimov “Azərbaycan xalçalarında ornamentlərin mənşəyi” əsərinə görə 1950-ci ildə sənətşünaslıq namizədi alimlik dərəcəsi alıb.
Onun xidmətləri dövlət tərəfindən də yüksək qiymətləndirilib. O, 1950-ci ildə SSRİ Dövlət mükafatına, 1955-ci ildə Əməkdar incəsənət xadimi, 1960-cı ildə isə Xalq rəssamı fəxri adına layiq görülüb.
Dekorativ-tətbiqi sənətimizin, xüsusilə xalçalarımızın el sənəti qaynaqları ilə bağlı olan milli cəhətlərini, eləcə də onların bədii xüsusiyyətlərini və texnologiyalarını dərindən bilən görkəmli sənətkar Azərbaycan xalçalarına əsl mənada ikinci ömür verib, onların dünya miqyasında tanıdılmasında böyük işlər görüb.
Lətif Kərimov ilk olaraq xalçaçılıq sənətinin özəl dəyəri, onun xalqın tarixi mədəniyyəti ilə qədim bağlılığı haqqında fikir söyləyib. Sənətkar Azərbaycan xalçalarının bir çox unudulmuş milli ornament növlərini və kompozisiyalarını bərpa edib. Lətif Kərimovun xalq ənənələrinin dirçəlməsi, inkişafı və zənginləşməsində rolu olduqca böyükdür. O, xalçaçılıq sənətinin başlıca bədii istiqamətlərini, onların üslub xüsusiyyətlərini müəyyən edib, Azərbaycan xalçalarının dəqiq təsnifatını verib ki, bu da onun “Azərbaycan xalçası” üçcildlik fundamental kitabında öz əksini tapıb. Azərbaycan xalçaları uzun müddət “Qafqaz xalçası” adı altında təqdim edirdilər. Lətif Kərimovun elmi araşdırmaları bu inciləri vətənə qaytardı, sübut etdi ki, dünya muzeylərində “Qafqaz xalçaları” adlandırılan xalçaların azı 90 faizi Azərbaycan xalçalarıdır.
Böyük sənətkarın təşəbbüsü ilə 1967-ci ildə Bakıda unikal muzeyin – Azərbaycan Xalça Muzeyinin əsası qoyulub, 26 il sonra isə muzeyə milli mədəniyyət və incəsənətinin görkəmli xadimi Lətif Kərimovun adı verilib. Muzey yarandığı vaxt dünyada xalçaların qorunub saxlanıldığı, öyrənildiyi, sərgiləndiyi yeganə müəssisə idi. Bu mədəniyyət ocağında xalqımızın qiymətsiz sərvəti olan Azərbaycan xalçalarının və xalça məmulatlarının ən mötəbər və rəngarəng kolleksiyası qorunur, tədqiq olunur və nümayiş etdirilir.
Lətif Kərimov tanınmış rəssamlarımız (K.Kazımzadə, İ.Axundov və başqaları) ilə birlikdə 1940-1941-ci illərdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin yubileyinə həsr edilmiş beş xalça hazırlayıb. Bu xalçalarda şairin “Xəmsə”sinə daxil olan poemalardan götürülmüş epizodlar təsvir edilib.
Böyük xalçaçı rəssam uzun illər M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) xalça sənəti üzrə pedaqoji fəaliyyətlə məşğul olub. O, çoxsaylı xalça çeşniləri, bir sıra memarlıq tikililərinin bədii tərtibatı, divar bəzəkləri, zərgərlik əsərləri, parça naxışları və digər nümunələrin müəllifidir.
Lətif Kərimovun eskizləri əsasında toxunmuş “Əfşan”, “Qonaqkənd”, “Ləçəkturunc”, “Şuşa”, “Göygöl”, “Qarabağ”, “Butalı”, “Bahar”, “Heyvanlar aləmində”, “Şəbi-hicran”, “Zərxara”, “Firdovsi”, “Səməd Vurğun”, “Vaqif”, “Füzuli”, “Nəsimi”, “Əcəmi” və s. xalçaları Azərbaycan xalçaçılıq sənətinin qiymətli nümunələrindəndir.
Lətif Kərimov 1991-ci ildə Bakı şəhərində vəfat edib.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı, “Caspian Event Organisers” şirkətinin tərəfdaşlığı ilə noyabrın 15-də, sərginin sonuncu günündə Bakı Ekspo Mərkəzinin "Zəfər" təqdimat zonasında mükafatlandırma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, 5 gün davaam edən kitab sərgisi maraqlı tədbir və təqdimatlarla yadda qalıb.
"Ən kreativ stend tərtibatı" nominasiyası üzrə "Everest" və "Çinar", "Ən fəal nəşriyyat" nominasiyasında "Qanun" nəşriyyatları qalib elan edilib. "Heydər Əliyev İli"nə həsr olunmuş ən yaxşı kitab" nominasiyası üzrə "Heydər Əliyev – 100" kitabı qalib olub.
"Ən çox oxunan müəllif" nominasiyasında Rövşən Abdullaoğlu, Kəramət Böyükçöl, "Ən fəal oxucu" nominasiyasında Dinara Əliyeva, Şamil Rəhmanzadə, Ayşən Vəliyeva, "Ən yaxşı qiraətçi" nominasiyasında isə Xəzər Süleymanlı qalib adını qazanıb.
Qaliblərə diplom və pul mükafatı təqdim edilib.
Dünyaşöhrətli kamança ifaçısı Mark Eliyahu 2024-cü il fevralın 11-də Heydər Əliyev Sarayında çıxış edəcək.
AZƏRTAC xəbər verir ki, konsertdə ifaçı tamaşaçıların qarşısına “Journey”, “About love”, “Endless”, “Let it go” kimi əsərlərlə çıxacaq.
Mark Eliyahu Dağıstanda məşhur musiqişünas və musiqiçi Perets Eliyahunun ailəsində dünyaya göz açıb. Gənclik vaxtlarında əfsanəvi kamança ustadı Habil Əliyevin ifasından ruhlanan Mark bu musiqi alətini dərindən öyrənməyə qərar verib. O, 16 yaşında Azərbaycana gəlib və Əməkdar artist Ədalət Vəzirovdan kamança ifaçılığı sənətini mənimsəyib.
Musiqiçi müxtəlif ölkələrdə bir çox musiqi və rəqs layihələrində iştirak edib. Onun “Voices of Judea” (“İudeyanın səsləri”) solo-albomu musiqi tənqidçiləri tərəfindən yüksək qiymətləndirilib.
Mark Eliyahu təkcə musiqiçi deyil, o həm də multikulturalizmin və sülhün nümayəndəsidir. İfası ilə o, coğrafi sərhədləri, dil maneələrini və dini fərqlilikləri aşaraq dünyaya nikbin mesajlar çatdırır. Sevginin universal dili olan musiqi vasitəsilə Mark Eliyahu musiqisevərlərin ürəyinə yol tapır.
Biletləri şəhərin kassalarından və iticket.az saytından əldə etmək olar.
XIV Bakı Beynəlxalq Qısa Filmlər Festivalının bağlanış-mükafatlandırma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, festivalın beynəlxalq tərkibli münsiflər heyətinin üzvləri, həmçinin mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Tədbirdə çıxış edən Bakı Beynəlxalq Qısa Filmlər Festivalının direktoru Fehruz Şamıyev festivalda nümayiş olunan filmlər haqqında danışıb. Bildirib ki, Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festivalın rəsmi tərəfdaşları Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyidir (ARKA): “Layihəyə verdikləri dəstəyə görə, Mədəniyyət Nazirliyinə, Kino Agentliyinə təşəkkür edirəm. Bizim Kino Agentliyinə ümidlərimiz çoxdur. İnanırıq ki, növbəti illərdə əməkdaşlığımız davam edəcək. Festivalı tanıdan yaxşı filmləri və peşəkar münsiflər heyətidir. Filmlərin seçilməsində münsiflər heyətinin böyük əməyi var. Buna görə münsiflər heyətinə təşəkkür edirəm. Altı gün boyunca hər gün saat 11-dən axşama kimi salonlarımız dolu olub. Düşünürəm ki, növbəti festival bundan da rəngarəng filmlərlə bol olacaq”.
Mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu festivala fəaliyyətində uğurlar arzulayıb və qalibləri təbrik edib. “Bu gün burada ARKA işçilərindən mükafat alanlar var. Düşünürəm ki, bu məqam ARKA-nın hansı tərkibdə formalaşması və fəaliyyətinə dair çox şey deyir. Kinematoqrafiya elə bir sahədir ki, burada müxtəlif baxış bucaqları mövcuddur. Biz Mədəniyyət Nazirliyi, Kino Agentliyi heç bir baxış bucağını redaktə etməkdə maraqlı deyilik. Qəbul olunmuş kino kriteriyaları çərçivəsində ərsəyə gələn ekran əsərlərinə dəstək olmaqda maraqlıyıq”, – deyə Orxan Fikrətoğlu bildirib.
Sonra qaliblər nominasiyalar üzrə “Qızıl nar” mükafatı və xüsusi diplomlarla təltif olunublar.
Beynəlxalq müsabiqədə “Ən yaxşı animasiya” nominasiyasında “Fabuladakı canavar” animasiya filmi (rejissorlar Vuk Palibrk və Tanja Brzakovic. Serbiya), “Ən yaxşı sənədli film” nominasiyasında “Qalina Petrovna” filmi (rejissor Nikita Lovetski, Qırğızıstan), “Ən yaxşı bədii film” nominasiyasında “Heç biri” ekran əsəri (rejissor Patrisio Martines və Fransisko Kanton, Argentina) mükafata layiq görülüb.
Yerli müsabiqədə isə “Ən yaxşı bədii film” nominasiyasında “Salam İsa” (rejissor Səməd Ağayev), “Ən yaxşı sənədli film” nominasiyasında “Sabahın xeyir, Sübh anası” (rejissor Kürçaylı Məmmədov), “Ən yaxşı rejissor” nominasiyasında “Nəfəs” (rejissor Elmar Bayramov), “Ən yaxşı ssenari” nominasiyasında “Qütb ulduzu” (rejissor Şirin Əhmədov) filmləri mükafatlandırılıb.
Sonda “Ən yaxşı bədii film” nominasiyası üzrə “Qızıl nar” mükafatı almış Səməd Ağayevin “Salam, İsa” filmi nümayiş olunub.
Noyabrın 15-də Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Turizm Bürosu tərəfindən Çin Xalq Respublikasının Pekin şəhərində təşkil edilmiş tədbirdə Azərbaycan Turizm Bürosu, "Azərbaycan Hava Yolları" QSC və "China Tourism Group" (CTG) arasında strateji tərəfdaşlığa dair üçtərəfli memorandum imzalanıb.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, memoranduma əsasən, Çin mərkəzi hökumətinin "China Tourism Group" (CTG) holdinqi tərəfindən Azərbaycan turizm məhsullarının təşviqi, yeni turizm məhsullarının inkişaf etdirilməsi, onlayn reklam, sosial media vasitəsilə məzmun marketinqi, onlayn və oflayn tədbirlərin təşkili üzrə fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulur.
Həmçinin Azərbaycan Turizm Bürosu ilə Çinin tanınmış onlayn səyahət platforması "Qyer.com" arasında da əməkdaşlığa dair memorandum imzalanıb. Memorandum sənədində müştərək məzmunların yaradılması, brendin təşviq edilməsi, media təbliğatı və data əsaslı təhlil və tədqiqat sahələri üzrə strateji tərəfdaşlığın həyata keçiriləcəyi diqqətə çatdırılır.
Tədbirdə çıxış edən Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid Çinin getmə turizmi üzrə geniş potensialının mövcudluğunu qeyd edərək imzalanmış memorandumların Azərbaycana səfər edən Çin vətəndaşlarının sayının artmasına öz töhfəsini verəcəyini diqqətə çatdırıb. Florian Zenqstşmid 2023-cü ilin yanvar-oktyabr dövrü ərzində Çindən Azərbaycana səfər edən ziyarətçilərin sayının 20 min 469 nəfər olduğunu, bunun da ötən ilin eyni dövrü ilə müqayisədə 7 dəfədən çox artım sayıldığını bildirib və bu rəqəmlərin çinli səyahətçilərin Azərbaycana xüsusi marağının göstəricisi olduğunu vurğulayıb.
Üçtərəfli memorandumun imzalanma mərasimində "Azərbaycan Hava Yolları" QSC İcraçı direktorunun birinci müavini Nazim Səmədov qeyd edib ki, aviaşirkət dekabr ayından etibarən Çinin paytaxtı Pekinə uçuşlar həyata keçirməyi planlaşdırır. Həmçinin bildirilib ki, AZAL müasir təyyarə parkına malik, dünyanın sürətlə inkişaf edən aviadaşıyıcılarından biri olaraq marşrut şəbəkəsini daim genişləndirməkdədir.
Bundan əlavə, Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə "Azərbaycan Hava Yolları" QSC və 9 yerli turizm sənayesi nümayəndəsi Çin Xarici Səyahət və Turizm Bazarı (COTTM) sərgisində ölkə stendi ilə təmsil olunub.
Beynəlxalq turizm sərgisi çərçivəsində Çinin media platformaları, getmə turizm seqmentində fəaliyyət göstərən turizm şirkətləri ilə görüşlər keçirilib, Azərbaycanın turizm məhsulları barədə məlumat verilib.
Xatırladaq ki, ötən həftə Şanxayda Azərbaycanı çinli səyahətçilərin üstünlük verəcəyi turizm istiqamətinə çevirmək məqsədi daşıyan, turizm sənayesinin çinli turistləri qarşılamağa və onlara xidmət göstərməyə hazırlığını təmin etmək üçün nəzərdə tutulan “China Ready” proqramının təqdimatı baş tutub.
Çin turizm sənayesinin Azərbaycan haqqında məlumatlılığını genişləndirmək və ölkənin Çin bazarında iştirakını gücləndirmək məqsədilə Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə 9-13 noyabrda Çinin Şanxay, Quançjou və Çenqdu şəhərlərində silsilə təqdimat tədbirləri keçirilib.
Məşhur rəssam Vədud Müəzzinin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində keçiriləcək fərdi sərgisi təsviri sənət bilicilərini, sənətsevərləri və təsviri sənət həvəskarlarını müəllifin yaradıcılığına xas olan bənzərsiz ab-havaya köklənməyə dəvət edir.
AZƏRTAC xəbər verir ki, sərgidə Vədud Müəzzinin meşələrin gözəlliyini, atların ruhunu, insan portretlərinin dərinliyini və Azərbaycanın nəfəs kəsən mənzərələrini əks etdirən 50-yə yaxın əsəri nümayiş olunacaq.
Sərginin məhz “Heydər Əliyev İli”nə həsr olunması Vədud Müəzzinin əsərlərindən ibarət sərginin ilk dəfə 2002-ci ildə Azərbaycanda keçirilməsinə görə Azərbaycan xalqının Ulu Öndərinə dərin minnətdarlığın bariz nümunəsidir.
Qeyd edək ki, bu, Vədud Müəzzinin Muzey Mərkəzinin Sərgi Qalereyasında təşkil olunan sayca dördüncü sərgisidir. Qalereya ilk dəfə 2013-cü ilin noyabrında rəssamın öz zənginliyi, parlaqlığı və bənzərsiz realizmi ilə heyran qoyan əsərlərini bakılılara və paytaxtın qonaqlarına təqdim edib. Ustadın əvvəlki sərgiləri isə 2018 və 2019-cu illərdə keçirilib.
Vədud Müəzzin 1960-cı ildə İranın Ərdəbil şəhərində anadan olub. O, öz yaradıcılıq fəaliyyətinə 1980-ci ildə başlayıb. Rəssam indiyədək ABŞ (Kaliforniya), Kanada və Avropada (Münhen və Paris) fərdi və qrup şəklində sərgilərdə iştirak edib. Məşhur rəssam təsviri sənət sahəsində müəllimlik fəaliyyəti ilə də məşğul olub və rəsm əsərləri ilə yanaşı, bir çox heykəltəraşlıq nümunələrinə də imza atıb.
"Mistik dünyalar" sərgisi sənətsevərləri həyatın ən dərin elementlərinin parlaq tərənnümünü əks etdirən ecazkar aləmə dəvət edir. Vədud Müəzzinin fırçası sehrli çubuq kimi insanın gözləri önündə möcüzələr dünyasını canlandırır, insanın ruhunu təbiətin şeriyyətini kəşf etməyə səsləyir. Təsviri sənətin və təbiətin gözəlliyinin mükəmməl vəhdətini, ruhun sehrinin hökm sürdüyü və təbiət möcüzələrinin əks olunduğu aləmi təsvir edən əsərlər öz sehri ilə insanın ruhunu valeh edir.
Sərgiyə noyabrın 17–21-də saat 10:00-dan 18:00-dək giriş sərbəstdir.
Ünvan: Bakı şəhəri, Neftçilər prospekti 49, Muzey Mərkəzi (4-cü mərtəbə).
Vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə Xocəsən–Lökbatan avtomobil yolunun 2-ci km-də yerləşən yerüstü piyada keçidində aparılan təmir-bərpa işləri yekunlaşıb.
Bu barədə Reporta Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Layihəyə uyğun olaraq öncə keçidin deformasiyaya uğramış aşırım hissəsinin sökülməsi işləri aparılıb. Daha sonra keçidin yeni aşırım hissəsinin quraşdırılması həyata keçirilib.
Bərpa işləri zamanı keçidin fasadı, tavanı və döşəməsi əsaslı şəkildə təmir olunub, alt hissədə və kənarlarda olan üzlük materialları yeniləri ilə əvəzlənib.
Bundan başqa, keçidin yan şüşələrinin metal torlarla əvəzlənməsi və işıqlandırma sisteminin yenilənməsi işləri icra olunub.
Qeyd edək ki, təmir-bərpa işləri zamanı 36 metr uzunluğa malik sözügedən keçidin yerdən hündürlüyü 4,5 metrdən 5,6 metrə qədər artırılıb.
Bu gün Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə Reporta Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.
Məlumata görə, fasilə su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədardır.
Qurum yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.
Bu gün Zəngilan şəhərində keçirilən “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfrans çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) nəqliyyat nazirlərinin 7-ci iclası keçirilib.
Report xəbər verir ki, iclasda türk dövlətlərinin nazirləri ilə yanaşı nazir müavinləri də iştirak ediblər.
Tədbirdə çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev TDT-nin üzv ölkələr arasında əlaqələrin inkişafı baxımından əhəmiyyətinə toxunub. O qeyd edib ki, son illər türk dövlətləri arasında əlaqələr daha da inkişaf edib, ölkələr arasında tranzit keçidlər artıb.
R.Nəbiyev vurğulayıb ki, Orta Dəhlizə maraq getdikcə artır və Zəngəzur dəhlizi Orta Dəhlizin mühüm hissəsi olacaq: "Bunun üçün imkanlar mövcuddur".