Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Kukla Teatrı “Turp” tamaşasını onlayn nümayiş etdirəcək

    İyunun 6-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün sosial şəbəkəsindən rus xalq nağılı əsasında hazırladıqları “Turp” tamaşasını nümayiş etdirəcək.

    Səhnələşdirəni və quruluşçu rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Vüqar Camalzadə olan bu birhissəli uşaq tamaşasında fərqli kukla texnikaları tətbiq olunub.

    Qoca kəndlinin bağçasında xüsusi qulluqla yetişdirdiyi turp ilə macəraları illərdir ki, uşaqdan böyüyə hər kəsin maraqla oxuyub-izlədiyi nağıllardandır.

    Uşaqları zəhmətsevərlik, güc birliyi və bütün bunların fonunda möcüzələrə təbəssümlə inanmağa səsləyən sevimli və yekə “Turp”un Kukla Teatrındakı səhnə həlli də maraqlı və baxımlıdır. Təbii ki, bunun da əsas səbəbi qısa nağıla tam yeni səhnələşdirmədə usta rejissor yozumudur.

    Musiqi həlli, rəssam işi baxımından da uğurlu kollektiv əməyin bəhrəsi olan “Turp” hər iki bölmədə uşaqların sevərək izlədiyi, maraqla yolunu gizlədikləri tamaşalardandır.

    Qeyd edək ki, tamaşa teatrın “YouTube” kanalından saat 12-də nümayiş olunacaq.

     
  • “Vəsiyyət” tamaşası nümayiş ediləcək

    Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının repertuarında maraqlı tamaşalardan olan “Vəsiyyət” tamaşası iyunun 5-də teatrsevərlər üçün növbəti dəfə təqdim olunacaq.

    Sənət ocağının “facebook”dakı səhifəsi vasitəsilə canlı təqdim olunacaq tamaşa, yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Axirətdən gələn zəng” pyesi əsasında səhnələşdirilib. İkihissəli qara komediyanın quruluşçu rejissoru Əməkdar artist Firudin Məhərrəmov, rejissoru Əlif Cahangirli, quruluşçu rəssamı Xalq rəssamı Nazim Bəykişiyev, musiqi tərtibatçısı Kamil İsmayılovdur.

    Qeyd edək ki, tamaşa Dövran adlı zəngin şəxsin yaxınlarına vəsiyyətindən bəhs edir. Həmçinin səhnə əsəri insanlar arasında var-dövlət hərisliyini, mənəvi eybəcərliyi kəskin tənqid edir, insanı mənəvi kamilliyə səsləyir.

     
  • “Muğam axşamları” layihəsi yeni formatda təqdim olunacaq

    Beynəlxalq Muğam Mərkəzinin (BMM) “Muğam axşamları” möhtəşəm layihəsi tamaşaçılara yeni formatda təqdim ediləcək.

    Bundan sonra mərkəzin canlı konsertləri, həm də “Youtube” kanalı, “Facebook” və “Instagram” səhifələri vasitəsilə yayımlayacaq.

    Qeyd edək ki, bu layihə çərçivəsində indiyədək tanınmış ifaçılar tərəfindən muğamlar, xalq mahnıları və təsniflər səsləndirilib. Muğam sənətimizi gələcək nəsillərə çatdırmaq məqsədilə reallaşan layihəyə tamaşaçılar hər zaman böyük maraq göstəriblər

    Artıq 4 ildən çoxdur, Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş “Muğam axşamları” layihəsini həyata keçirir.

     
  • Yeni Azərbaycan kinosunun ABŞ-da qazandığı uğur

    Amerika Birləşmiş Ştatlarının Florida ştatında 3-cü Cənub-Şərq Regional Film Festivalı keçirilib. Mayın son günündə ABŞ-ın Ceksonvil şəhərindən Azərbaycana sevindirici xəbər gəlib.

    Münsiflər heyətinin qərarı ilə həmyerlimiz İsmayıl Məlikovun çəkdiyi “UP” (“Yüksəkdən”) adlı qısametrajlı film “Ən yaxşı eksperimental film və virtual reallıq” nominasiyası üzrə qalib elan olunub. İsmayıl Məlikov filmin rejissoru, prodüseri, eyni zamanda xüsusi effektlər üzrə rəssamıdır. Ekran əsərində Litvadan olan bəstəkar Martinas Launun razılığı ilə onun “Eterniy” (Sonsuzluq) kompozisiyasından istifadə olunub.

    Altı dəqiqə yarımlıq filmin yaradılmasına İ.Məlikovu ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi - NASA-nın kitabxanasında toplanılıb və Yer kürəsinin real peyk görüntülərini əks etdirən materiallar ilhamlandırıb. Müasir rəqəmsal texnologiyalardan və yeni metodlardan istifadə etməklə gənc azərbaycanlı rejissor landşaft çəkilişləri üzərində eksperimentlər apararaq planetimizin kosmosdan bənzərsiz və cəzbedici mənzərələrini özünəməxsus tərzdə nümayiş etdirməyə müvəffəq olub.

    On yeddi yaşlı İsmayılın “UP” filminin başqa uğurları da var. Belə ki, o, bu il İngiltərədə keçirilən “İlk filmim” Lift-Off FTF Sessions” müsabiqəsinin də finalçıları sırasında yer alıb. İ.Məlikov, eləcə də Ukraynada təşkil edilən Xarkiv Beynəlxalq İncəsənət və Səyahətlər Festivalının “şort-listinə” daxil edilib.

    Hazırda İ.Məlikov xarici və yerli rəssamlarla birlikdə yeni layihələr üzərində işləməkdədir.

    M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının birinci kurs tələbəsi olan İsmayıl uşaq yaşlarından rəqəmsal sənət və vizual effektlərə böyük maraq göstərir. Gənc kinematoqrafçının əsas məqsədlərindən biri insanları yaradıcı fəaliyyətə ruhlandırmaq, filmlərin çəkilişində qeyri-standart forma və modellərin axtarışına sövq etməkdən ibarətdir.

    AZƏRTAC-ın müxbiri ilə söhbətində İsmayıl Məlikov ABŞ-da uğur qazanmış yeni filmi ilə bağlı deyib: “Mən film üzərində işə başlayanda bir növ özümü sınağa çəkmək qərarına gəldim. Təbiət görünüşü, mənzərələri üzərində eksperimentlərə başladım, qarşıma rəqəmsal texnologiyaların daha mürəkkəb səviyyədə inteqrasiyasını təmin etmək vəzifəsini qoydum. İstədim ki, adi görünən yerlərə qeyri-adi bir baxışla nəzər salım. “UP” (“Yüksəkdən”) filminin planetimizin müxtəlif yerlərində tamaşaçı sevgisi qazanması mənim üçün böyük şərəfdir”.

    İ.Məlikovun qazandığı nailiyyət son illərdə ölkəmizin sərhədlərindən uzaqlarda yeni Azərbaycan kinosunun getdikcə daha artıq tanınması və şöhrətlənməsinin daha bir diqqətəlayiq göstəricisidir.

     
  • Daşkənddə Maqsud Şeyxzadənin anadan olmasının 112 illiyi ilə bağlı videokonfrans keçirilib

    Daşkənddəki Mühəndislik və Dəmiryol Nəqliyyatı İnstitutu Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) ilə birgə özbək ədəbiyyatının klassiki, şair, tərcüməçi, pedaqoq, tanınmış soydaşımız Maqsud Şeyxzadənin anadan olmasının 112-ci illiyi münasibətilə videokonfrans keçirib.

    Tədbirdə institutun professor-müəllim heyəti, tələbələr, digər universitetlərin alimləri iştirak edib.

    Konfransı institutun kafedra müdiri Guldora Mustafayeva açaraq Maqsud Şeyxzadənin həyatı və yaradıcılığı haqqında məlumat verib.

    İnstitutun prorektoru Dilşod Baratov Maqsud Şeyxzadənin xidmətlərinin Özbəkistan dövləti tərəfindən yüksək qiymətləndirildiyini və onun dövlət tərəfindən “Böyük xidmətləri üçün” ordeni ilə təltif olunduğunu qeyd edib. O, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevdən sitat gətirib : “Maqsud Şeyxzadə tarixi və mənəvi qohumluğumuzun parlaq rəmzidir və XX əsr özbək ədəbiyyatının ən yaxşı nümayəndələrinin fəxri siyahısına daxil edilib”.

    AMM-nin direktoru Samir Abbasov Azərbaycan mühacir ədəbiyyatının tanınmış nümayəndəsi Maqsud Şeyxzadənin yaradıcılığı, onun özbək ədəbiyyatına verdiyi töhfələrdən danışıb, ədibin özbək xalqının qəhrəmanı Cəlaləddin Manguberdi, hökmdar Mirzə Uluğbəy kimi tarixi şəxsiyyətlərlə bağlı yaratdığı ölməz əsərlərlə özbək dramaturgiyasının əsasını qoyduğunu bildirib.

    S.Abbasov Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanda yaşayan tanınmış azərbaycanlıların irsinin geniş təbliğ edildiyini vurğulayıb və bu məsələnin daim Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin diqqətində olduğunu söyləyib.

    “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı katibi, professor Erkin Nuriddinov Maqsud Şeyxzadənin dünya şöhrətli özbək şairi Əlişir Nəvai irsinin əsas tədqiqatçısı olduğunu qeyd edib. O, ədibin dram əsərlərini Şekspirin “Hamlet”, “Otello”, “Kral Lir” əsərləri ilə müqayisə edib və onun “Mirzə Uluğbəy”, “Cəlaləddin Manguberdi” kimi əsərlərinin nəinki Özbəkistanda və Azərbaycanda, bütün Şərq aləmində şöhrət qazandığını bildirib.

    AMM-nin əməkdaşı Kifayət Pirməmmədova Mədəniyyət Mərkəzində Maqsud Şeyxzadə ilə bağlı keçirilən tədbirlər haqqında məlumat verib.

     
  • Hazırda Nəriman Nərimanovun Xatirə Muzeyində 6 mindən çox eksponat nümayiş olunur

    İctimai fikir tariximizin görkəmli nümayəndələrindən olan yazıçı, publisist, maarifçi-pedaqoq, həkim, görkəmli dövlət xadimi Nəriman Nərimanovun aprel ayında 150 yaşı tamam oldu. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə görkəmli yazıçı və dövlət xadiminin anadan olmasının 150 illiyi ölkəmizdə geniş şəkildə qeyd olunmaqdadır.

    N.Nərimanovun ictimai-siyasi fəaliyyətinin araşdırılması və tədqiq olunmasına ötən əsrin 60-cı illərindən başlanılsa da, bu böyük şəxsiyyətin həyat yoluna müstəqilliyimizin bərpasından sonra geniş aspektdə, həm də illərlə məxfi saxlanılan sənədlər, faktlar əsasında aydınlıq gətirilmişdir. Biz də yeni nəsil olaraq Nərimanovun obrazını maarifçi-pedaqoji-siyasi fəaliyyətindən, xalqımıza yadigar qoyduğu bədii-publisistik əsərlərindən tanımış, onu bir nur timsalında yaddaşımıza köçürmüşük.

    Bu gün bu böyük şəxsiyyətin bütövlükdə həyat yoluna işıq salan bir məkan da var. Bakının mərkəzindəki İstiqlaliyyət küçəsində azərbaycanlı memar Məşədi Mirzə Qafar İsmayılovun layihəsi əsasında inşa edilmiş əzəmətli bir bina... N.Nərimanov 1913-1918-ci illərdə bu binanın ikinci mərtəbəsində 5 otaqlı mənzildə yaşayıb-yaratmış, ictimai-siyasi fəaliyyətlə məşğul olmuşdur. Bu gün həmin mənzildə görkəmli şəxsiyyətin Xatirə Muzeyi fəaliyyət göstərir. Muzey yaranandan 43 ildir ki, öz qapılarını respublikamızdan, eləcə də digər ölkələrdən gəlmiş ziyarətçilərə açır, hər kəs də burdan N.Nərimanov haqqında aldığı qiymətli məlumatlar və zəngin təəssüratla ayrılır. Bildiyimizə görə muzey son illərdə özünün eksponatları ilə daha da zənginləşmişdir. Görkəmli yazıçısı və dövlət xadiminin anadan olmasının 150 illiyinin qeyd olunduğu bu günlərdə Azərtac-ın müxbiri Nəriman Nərimanovun Xatirə Muzeyi haqqında oxuculara daha dolğun məlumat təqdim etmək üçün yolunu həmin ünvandan salıb...

    Bu da üzərində Nəriman Nərimanovun Xatirə Muzeyi yazılmış lövhə. Giriş qapısından keçib, pillələrlə ikinci mərtəbəyə qalxıram və muzeyin direktor Kamilə Hüseynova ilə görüşüb, söhbətləşirəm...

    - Nəriman Nərimanovun Xatirə Muzeyi kimin təşəbbüsü ilə və nə vaxt yaradılıb?

    - İlk olaraq deməyi özümə borc bilirəm ki, Nəriman Nərimanovun XX əsr Azərbaycan tarixində əhəmiyyətli iz qoymuş ictimai-siyasi fəaliyyəti məhz ulu öndər Heydər Əliyevin nüfuzu və qətiyyəti sayəsində layiqli qiymətini alaraq bütöv şəkildə doğma xalqa çatdırılıb. Nəriman Nərimanovun 100 və 125 illik yubileylərinin təntənə ilə qeyd edilməsinin, Bakıda əzəmətli abidəsinin ucaldılmasının və ev-muzeyinin yaradılmasının, həmçinin ölkəmizin hüdudlarından kənarda xatirəsinin əbədiləşdirilməsinin təşəbbüskarı məhz ümummilli lider Heydər Əliyev olub.

    1970-ci ildə Nəriman Nərimanovun 100 illik yubileyi ilə bağlı həyata keçirilən tədbirlər planında ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə bir sıra məsələlər nəzərdə tutulmuşdu. O vaxt Moskva sənədlərində N.Nərimanov millətçi kimi qələmə verildiyindən onun yubileyinin keçirilməsinə qadağa qoyulmuşdu. Bu səbəbdən də yubiley öz vaxtında deyil, 1972-ci ildə ulu öndər Heydər Əliyevin böyük çətinliklə nail olduğu razılıqdan sonra keçirilir və həmin ildə də Nəriman Nərimanovun heykəlinin açılışı olur. 1977-ci il noyabrın 6-da isə onun Xatirə Muzeyi yaradılır. Muzeyin açılmasında mərhum Vəli Məmmədov, professor Teymur Əhmədov kimi nərimanovşünaslarla yanaşı, bir çox tədqiqatçılar, görkəmli ziyalılar da dəstək olmuşlar. O dövrə görə bu muzey siyasi xarakter daşıdığından bu evin divarlarından Orcenikidzenin, Leninin, Kirovun, Şaumyanın və Sovet İmperiyasının digər siyasi xadimlərinin şəkilləri asılmışdı. İnsanlar N.Nərimanovun adını çəkməzdən əvvəl onları tanımağa, xatırlamağa məhkum idilər. Çünki bu muzey sovet ideologiyasına uyğun yaradılmışdı.

    Məlumdur ki, 1957-ci ilə qədər N.Nərimanova qarşı münasibət nəinki birmənalı deyildi, onu hətta xalq düşməni kimi tanıdırdılar. Adının çəkilməsi belə, qadağan idi. Yalnız 60-cı illərin əvvəllərində görkəmli ədəbiyyatşünas alimlərimiz Azərbaycanın böyük oğlunu həqiqət prizmasından tədqiq etməyə başlasalar da, ancaq müstəqilliyimizin bərpasından sonra xeyli arxiv sənədlərinin əsasında onu xalqımıza olduğu kimi təqdim edə bildik.

    -Bilirik ki, sizin görkəmli ictimai-siyasi xadim, yazıçı, publisist, pedaqoq, həkim Nəriman Nərimanovla qohumluq əlaqəniz vardır. Xahiş edirəm, bu barədə danışasınız?.

    -Mən Nəriman Nərimanovun böyük qardaşı Salman Nərimanovun nəticəsiyəm. S.Nərimanov da dövrünün tanınmış ziyalılarından olub. O, Qafqazda ilk mürəttib, poliqrafiya sənətini inkişaf etdirən mütəxəssislərdən idi. Salman Nərimanov “Səyyarə”, “Qoca Salman” təxəllüsləri ilə mütəmadi olaraq “Həyat”, “Kaspi” qəzetlərində felyeton, qəzəl, mənzum hekayələrlə çıxış edirdi. O, 1907-ci ildə Bakıda dünyasını dəyişib. Ondan bir il sonra isə həyat yoldaşı rəhmətə gedib. Bundan sonra onların başsız qalan dörd övladı Nəriman Nərimanovun himayəsində yaşayıb, tərbiyə olunub, təhsil alıblar.

    -Kamilə xanım, məlumdur ki, bu gün muzeyinizdə belə zəngin eksponatların toplanması heç də asan başa gəlməyib. Maraqlıdır, bu qədər sənədləri, maddi dəlilləri, N.Nərimanova məxsus olan əşyaları hansı mənbələrdən əldə edibsiniz?

    - Gördüyünüz bu eksponatları tapıb gətirmək, əlbəttə, çətin olub. Əsasən Moskva, Sankt-Peterburq, Odessa, Həştərxan və Tbilisiyə edilən ezamiyyətlər nəticəsiz qalmamış, Nərimanova aid çoxlu sənəd və şəkillər, eləcə də onun büstü əldə edilərək muzeyimizə gətirilib. Hazırda muzeydə 6 mindən çox eksponat nümayiş olunur. Onların əksəriyyəti N.Nərimanovun öz əşyalarıdır. Həmin dövrdə Muzey Mərkəzindən bir yazı masası və bir eksponat da Tarix Muzeyindən gətirilib. Başqa əşyalar qohumları tərəfindən verilib. İndiyə qədər də biz soraqlaşa-soraqlaşa ona məxsus olan əşyaları toplamağa çalışırıq. Burada N.Nərimanovun doğum haqqında şəhadətnaməsi, Qori seminariyasını bitirməsi haqqında attestatı, Həştərxan dövrünə aid olan və digər sənədlər, əlyazmalarının surəti və başqa maddi dəlillər nümayiş olunur.

    -Bilirik ki, respublikamızda bu muzeyə maraq göstərənlər çoxdur. Xüsusən də elm, mədəniyyət xadimləri, tədqiqatçılar Nərimanovla bağlı nələrisə öyrənməkdən ötrü bura gəlirlər. Bəs, xarici ölkələrdən muzeyə maraq göstərənlər olurmu?

    -Mənim direktor kimi fəaliyyətim müddətində buraya Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral, Türkiyənin Kadir Has Universitetinin dosenti Arif Selcuq Öyemçi, İngiltərədən tarixçi-politoloq Patrik Volş, Avstraliyadan musiqiçi Con Varni, Bolqarıstanın “Cənub-Qərb Neofit Rilskiy” Universitetinin dosentləri Kristina Popova və Marişka Pıskova və digər qonaqlar muzeyimizi ziyarət ediblər və xatirə kitabında öz fikir və təəssüratlarını yazıblar. Burda onu da qeyd edim ki, 2013-cü ildən muzeyin ikinci ekspozisiyası qurulub və N.Nərimanovun bütün həyatı – uşaqlığı, gəncliyi, təhsili, pedaqoji, bədii-publisist, ictimai-siyasi fəaliyyəti bütünlükdə əhatə olunaraq xalqımıza təqdim edilib.

    -Yəqin ki, Xatirə Muzeyində tez-tez görüşləriniz olur. Bilmək istərdim, burada Nərimanovun xüsusi günlərindən başqa daha hansı tədbirlər keçirirsiniz?

    Muzeyimizdə N.Nərimanovla bağlı tədbirlərdən əlavə klassik yazıçılarımızın, görkəmli şəxsiyyətlərin yubileylərini, eləcə də ədəbiyyat-mədəniyyət adamlarının kitablarının təqdimatını keçiririk. Tədbirlərimiz demək olar ki, özünün maraqlı olması ilə yadda qalır. Karantin dövründə isə işimizi onlayn rejiminə keçirmişik. Muzeyin bütün materiallarını sosial şəbəkələrdəki hesablarımızda yerləşdirmişik. Onu da qeyd edim ki, muzeyə maraq həmişəki kimi bu gün də böyük anlamda qarşılanır...

    N.Nərimanovun ictimai-siyasi fəaliyyətinin az öyrənilən sahələrinə dair sənədlər, kitablar, qəzetlər, arxiv materialları ilə ildən-ilə zənginləşdiyi üçün muzey özlüyündə kiçik bir elmi mərkəzi xatırladır. Kamilə xanım onu da dedi ki, XIX əsrin sonlarına aid (Nərimanovun ailəsinə məxsus) mebel dəsti, xalça, bir-neçə rəsm əsəri, əlyazmalar, kitablar, Çin kaşıları ilə bəzədilmiş qədim divar sobası bir neçə il əvvəl bərpa edilərək əvvəlki görkəminə qaytarılıb. Muzey öz ziyarətçilərini zəngin və müasir, təkmilləşmiş ekspozisiya, maraqlı, rəngarəng tədbirlərlə hər zaman sevindirir. İnanıram ki, muzeyimizə ayaq basan hər kəs Vətəni Nərimanov kimi böyük məhəbbətlə sevməyi, millətinə təmənnasız xidmət etməyi öyrənəcək...

    Kamilə xanımla söhbətimiz N.Nərimanovun həyat yoluna aydınlıq gətirən bütün istiqamətləri əhatə etdi. Amma məsəl var, deyərlər, yüz eşitməkdənsə, bir görmək yaxşıdır. Bu mənada eksponatların yerləşdiyi otaqları ziyarət edirəm. Muzeyin bələdçisi Vəsilə Salmanova mənə nümayiş olunan eksponatlar haqqında geniş məlumat verir.

    Muzeyimizin ekspozisiyası 4 otaqdan ibarətdir. Birinci otaqda (yemək otağı) N.Nərimanovun uşaqlıq və gənclik illərinin, eləcə də ailə üzvlərinin fotoları, doğum və təhsil şəhadətnamələri, müəllimliyini və ictimai fəaliyyətinin ilk dövrünü əks etdirən sənəd və fotolar, tərtib etdiyi dərsliklər, yaratdığı bədii əsərlərin ilk nəşrləri, Tbilisidəki ata-baba mülkünün maketi və digər eksponatlar nümayiş etdirilir.

    İkinci otaqda (qonaq otağı) 1920-1925-ci illərdən bəhs edən bu bölmədə N.Nərimanovun siyasi mübarizəsinin az öyrənilmiş tərəflərini və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəsini əks etdirən “məxfi” qrifli sənədlər, nadir fotolar, məktublar və şəxsi əşyalar təqdim edilir.

    Üçüncü otaqda (yataq otağı) N.Nərimanovun həyat yoldaşı Gülsüm xanımın və oğlu Nəcəfin həyat yolları haqqında sənədlər, ailəvi fotolar, təltif sənədləri, şəxsi əşyalar, eləcə də onların vəfatı və dəfni ilə bağlı sənədlər nümayiş olunur.

    Dördüncü otaq (həkim otağı) N.Nərimanovun vaxtilə xəstələri qəbul etdiyi həkim otağıdır. Zamanında olduğu kimi bərpa edilmiş bu otaqda N.Nərimanovun həkimlik diplomu, cərrahlıq alətləri, yazdığı reseptlər, tibbə dair əsərlərinin müxtəlif illərdəki nəşrlərindən nümunələr və başqa eksponatlar sərgilənir.

    Bələdçi bildirib ki, muzeyə ildə orta hesabla 8 mindən çox ziyarətçi gəlir. Onların arasında daha çox ali məktəb tələbələri və orta məktəb şagirdləri çoxluq təşkil edir. Onları Nəriman Nərimanovun bədii yaradıcılığından daha çox siyasi fəaliyyəti maraqlandırır.

    Muzeyin fəaliyyəti ilə tanışlıqdan öyrəndim ki, burada ardıcıl olaraq tematik tədbirlər, görüşlər, nərimanovşünaslığa dair yeni kitabların təqdimat mərasimləri də keçirilir. Ənənəyə görə hər il aprel ayının 14-də N.Nərimanovun tədqiqatçıları, qohumları, məktəblilər və tanınmış ziyalılar bu böyük insanın doğum gününün ildönümünü qeyd edirlər.

    Eksponatlarla tanış olarkən bir daha əmin oldum ki, Xatirə Muzeyinin böyük əhəmiyyət kəsb etməsini ehtiva edən cəhətlər yetərincədir. Ən başlıcası, muzeyin əməkdaşları Nərimanov irsindən bəhrələnmək istəyənlərin bütün suallarını maddi dəlillərə söykənərək çoxlu sayda sənədlərlə cavablandırırlar. Təsadüfü deyildir ki, müxtəlif tarixi mövzularla bağlı araşdırma aparan tədqiqatçılar N.Nərimanova aid məqamları dəqiqləşdirmək üçün məhz onun Xatirə Muzeyindəki materiallara müraciət edirlər. Maarifçi pedaqoqun, ictimai xadimin şəxsiyyətinə artan maraq muzeyin də fəaliyyətinə yaxşı mənada təkan verir. Gördüklərim məndə belə bir təəssürat yaratdı ki, Xatirə Muzeyi həm də sözün əsl mənasında bir ziyalı ocağıdır. Bura yolu düşən hər bir ziyarətçi XIX əsrin sonu və XX əsrin ilk onilliklərinin siyasi-ictimai mənzərəsi haqqında müəyyən bilgiyə malik olur.

    Azərbaycan xalqı qədirbilən xalqdır. O, özünün görkəmli ictimai-siyasi xadimlərinə, ədəbi şəxsiyyətlərinə qəhrəman oğullarına dəyər verməyi, xatirəsini ehtiramla yad etməyi bacarır. Bu məna da Azərbaycanın böyük oğlu Nəriman Nərimanovun da adı, əməlləri xalqımızın yaddaşında əbədi yaşayacaq.

  • Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə onlayn interaktiv tədbir keçirilib

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq və Gənclər Teatrı “Miqrasiya Könüllüsü” İctimai Birliyi ilə birlikdə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqlar üçün internet üzərindən interaktiv tədbir keçirib.

    İdarədən bildirilib ki, əyləncəli, intellektual və teatrlaşdırılmış tədbir Bakı Uşaq və Gənclər Teatrının “Facebook” hesabından canlı yayımlanıb.

    Tədbir zamanı tamaşalardan hissələr, şeir, musiqi nömrələri təqdim edilib, Azərbaycanın ən məşhur illüzionisti sehrbaz Tofiq əmi isə maraqlı illüziya nömrələri ilə çıxış edib.

    Tamaşaçılar rəy bölməsində aktiv iştirak edərək verilən sualları cavablandırıb, hədiyyələr qazanıblar.

     
  • “Muzey eksponatının hekayəsini sən danış” müsabiqəsinin qalibləri elan olunacaq

    Mədəniyyət Nazirliyi Azərbaycan mədəniyyətini, xalça və xalçaçılıq, təsviri və dekorativ sənət nümunələrinin ən yaxşı hekayəsi ilə bağlı müsabiqə elan etmişdir.

    Müsabiqənin təşkilində əsas məqsəd ölkəmizdə yeni koronavirus (COVID-19) infeksiyası ilə bağlı tətbiq edilən karantin rejimi ilə əlaqədar ev şəraitində asudə vaxtın səmərəli və faydalı təşkil edilməsi, muzey sahəsində cəmiyyətin yaradıcılıq fəaliyyətinin inkişaf etdirilməsi, istedadlı müəlliflərin aşkara çıxarılması, həmçinin mədəniyyətimizə marağın artırılması və yeni fikirlərin toplamasından ibarətdir.

    “Muzey eksponatının hekayəsini sən danış” müsabiqəsinin qalibləri “Ən yaxşı hekayə”, “Ən yaxşı məktəbli hekayəsi”, “Ən yaxşı xarici dildə yazılan hekayə” və “Qran-Pri mükafatı” kateqoriyalar üzrə elan olunacaq.

    Nazirlikdən bildirilib ki, müsabiqənin şərtlərinə əsasən münsiflər tərəfindən hər kateqoriya üzrə qaliblər təyin olunmalıdır.

    Müsabiqənin bütün iştirakçılarına Mədəniyyət Nazirliyinin diplomu və Azərbaycan Milli İncəsənət Muzeyinə və Azərbaycan Milli Xalça Muzeyinə ödənişsiz giriş üçün biletlər təqdim ediləcək.

    Qeyd edilib ki, bu müsabiqə davam etdiriləcək və yaxın zamanlarda yeni eksponatların siyahısı təqdim olunacaq.

     
  • “Kitabxana – koronavirusa yox deyir!” layihəsi davam edir

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası oxuculara virtual xidmət göstərir.

    İdarədən bildirilib ki, “Kitabxana – koronavirusa yox deyir!” layihəsi çərçivəsində “Evdə qal, evdə yarat” çağırışına dəstək olaraq, virtual formada öz şeirini oxuculara təqdim edən şairlərdən biri də şairə-publisist, Azərbaycan Yazıçılar Birliyinin Gülarə Munisdir.

    Yaradıcılığında uşaqlara xüsusi diqqət verən şairə onlar üçün nağıllar və şeirlər yazıb. Onun Azərbaycanda ilk dəfə latın əlifbasının bütün hərfləri ilə kiçik mətnlərdən və yanıltmaclardan ibarət “Ana dilim, can dilim” adlı uşaq kitabı nəşr olunub. Şairə növbəti dəfə kiçikyaşlı oxuculara “Vaxtın qədrini bilək” şeirini təqdim edib.

     
  • Şanxayda Azərbaycan mədəniyyəti gecəsi təşkil olunub

    Çinin maliyyə mərkəzi hesab olunan Şanxay şəhərindəki "Pullman Jingan" mehmanxanasında "Odlar yurdu" adlı Azərbaycan mədəniyyəti gecəsi təşkil olunub.

    Gecənin qonaqları dolma, plov, müxtəlif salatlar, şirniyyatlar daxil olmaqla Azərbaycan mətbəxinin ləziz təamlarından və şərablarından dadıblar.

    Tədbir "Caspian coast winery and vineyards" və "Eva Global (Shanghai) International Trading co. Ltd" şirkətlərinin təşkilatçılığı ilə baş tutub. Şanxayda keçirilmiş kulinariya festivallarının fəal iştirakçısı Aysel Lətifli mehmanxananın aşpazları ilə birgə Azərbaycan yeməklərinin hazırlayıb. Uzun illərdir Şanxayda yaşayan digər həmvətənimiz Anna Vey isə təşkilati məsələlərdə yaxından iştirak edib.

    Tədbirdə Azərbaycan musiqisi səslənib, qonaqlar həmvətənlərimizin ifasında milli rəqslərimizi izləyiblər.