“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “İçərişəhər” Muzey Mərkəzi Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə muzeyləri və tarixi abidələri ziyarət etmək imkanı olmayan uşaqlar üçün virtual tur təşkil edib.
İdarədən bildirilib ki, “Ümid yeri” uşaq sığınacağında keçirilən tədbirdə sığınacağın sakinləri üçün Bakının simvolu - tarixi "Qız qalası" olduqca maraqlı virtual tur şəklində nümayiş olunub.
Tədbirdə uşaqlar “World Heritage 3D Scanning” proqramı vasitəsilə Qız qalasına ilk dəfə virtual səyahət edərək, bütün mərtəbələri gəzib və abidə haqqında ətraflı məlumatlar əldə ediblər.
Daha sonra uşaqlar üçün “İçərişəhər” Muzey Mərkəzinin əməkdaşı tərəfindən İçərişəhərin digər abidələri haqqında canlı məruzə-ekskursiya təşkil olunub. Tədbirin sonunda “İçərişəhər” Qoruq İdarəsi tərəfindən uşaqlara müxtəlif hədiyyələr təqdim edilib.
Xatırladaq ki, “World Heritage 3D Scanning” proqramı vasitəsilə İçərişəhərin mədəni və tarixi irsinin skan edilməsi “İçərişəhər” Muzey
Mərkəzinin təşəbbüsü və Almaniyanın “EKМ Global Consulting GmbH” və “3D Scanning Project” şirkətinin birgə əməkdaşlığı ilə həyata keçirilib.
Karantin dövründə reallaşan “Mədəni konsaltinq” layihəsi çərçivəsində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyevin "Postpandemiya: kitabxanaçılıq fəaliyyətinin yeni fəlsəfəsi" mövzusunda canlı mühazirəsi təşkil olunub.
“Zoom” proqramı vasitəsilə keçirilmiş mühazirədə 70-ə yaxın sahə əməkdaşı, yəni mövcud olan kitabxanaların nümayəndələri, digər gənc mədəniyyət işçiləri, mədəniyyət könüllüləri iştirak ediblər.
Qeyd edək ki, mərkəz karantin rejiminin tələblərini nəzərə alaraq, regionlarda çalışan mədəniyyət işçiləri üçün mədəni konsaltinq xidmətlərini təqdim etməyə davam edir. Buraya müxtəlif ixtisaslar üzrə təlimlər, metodiki vəsaitlərin müzakirələri, ixtisasartırma təlimləri, fərqli təyinatlı təqdimatlar və açıq mühazirələr də daxildir.
Mühazirədə A.Usubəliyev kitabxanaların postpandemiya dövründəki fəaliyyətində yeni yanaşmalar, müasir forma və üsullardan istifadə yolları, onların sosial populyarlığı, əməkdaşların peşəkarlığı, kitabxanaların tarixi, fəlsəfəsi və digər önəmli mövzulara toxunub. O, sahə üzrə kadrların hazırlanmasında maarifləndirmənin əhəmiyyətindən danışaraq, mövcud problemlərin həllində müəssisələrin birgə əməkdaşlığının qurulmasının vacibliyini vurğulayıb. Mərkəz olaraq hər zaman təşəbbüsləri dəstəklədiyini, kitabxanalar arasında təcrübə mübadiləsinin aparılmasının zəruriliyini bildirib, onların fəaliyyətində müasir dövrün tələblərini diqqətdə saxlamağı və ona uyğunlaşmanın zəruri olduğunu qeyd edib, gənc kadrların cəlb edilməsinin vacibliyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Mühazirə zamanı kitabxanalara dair Qərb və Şərq modellərinin müqayisəsini aparan A.Usubəliyev Azərbaycanda tətbiq oluna biləcək kitabxana konsepsiyaları barəsində də öz mülahizələrini təqdim edib. Belə ki, kitabxanalarda göstərilə biləcək mədəni xidmətlər və əməkdaşlarda yeni kreativ məzmunlu peşə təfəkkürünün formalaşmasına xüsusi diqqət ayırmış məruzəçi mövcud istiqamətdə elmi yeniliklərdən istifadənin zəruriliyini qeyd edib.
Müzakirə olunan mövzular çərçivəsində konkret layihələr və onların reallaşma imkanları da araşdırılıb. Kitabxanaların cəmiyyətdə populyarlığının artırılması məqsədilə onların sosial imicinin artırılmasına xidmət edəcək virtual layihələrin reallaşması da müzakirə olunub.
Müasir kreativ və rəqəmsal metodlardan istifadənin və qabaqcıl təcrübənin mənimsənilməsinin vacibliyini bildirən mühazirə dinləyiciləri kitabxanaların xüsusilə gənclər arasında populyarlığının artırılması məqsədilə potensialların səfərbər olmasının vacibliyini bildiriblər.
“Portuqaliya turizmi” (Turismo de Portugal) dövlət orqanı turizmin inkişaf etdirilməsi və turizmə dəstək üzrə proqrama start verib. 2025-ci ilin mart ayınadək olan müddət üçün həmin proqrama 10 milyon avro ayrılıb.
Turizm sektoru üzrə dövlət katibi Ruta Markesin sözlərinə görə, turizm sənayesinin iqtisadi aktivliyini stimullaşdıran bu layihənin bir il üçün nəzərdə tutulan pul vəsaitinin miqdarı 2,5 milyon avrodur. Proqram Portuqaliyaya gələn xarici turistlərin sayının və turizm gəlirlərinin artırılmasına dair tədbirlər planını əhatə edir.
Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanası ciddi karantin rejimində oxucularla əlaqəsini internet üzərindən quraraq, onların mütaliəyə marağının artması, dünya ədəbiyyatının incilərindən xəbərdar olması məqsədilə müxtəlif layihələr həyata keçirir.
Kitabxanadan bildirilib ki, “Yubilyar kitablar” layihəsində oxucular bu ildə yubileylərini qeyd edən kitablar, əsərlər və onların müəllifləri haqqında məlumat əldə edir, həmin kitabları virtual sərgi vasitəsilə vərəqləyir və kitabxanaya onlayn müraciət etməklə, onları oxumaq üçün əldə edirlər.
Bu ilin "Yubilyar kitablar" silsiləsindən biri də Luis Kerollun 155 yaşlı "Alisa möcüzələr ölkəsində" adlı əsəridir. “Alisa möcüzələr ölkəsində” — Böyük Britaniya yazıçısı olan Luis Kerrolun 1865-ci ildə "Macmillan Publishers" nəşriyyatı tərəfindən nəşr olunmuş bədii əsəridir. Əsər dovşan yuvasından keçib xəyali dünyaya düşən Alisa adlı qızdan bəhs edir. Əsər Absurd janrının ən yaxşı nümunələrindən sayılır və fantezi janrının formalaşmasında böyük rolu oynayıb.
Papa kolleksiyaları və dahi Mikelancelo və Rafaelin divarüstü rəsmlərini (freskalarını) nümayiş etdirən Vatikan muzeyləri iki aylıq karantindən sonra qapılarını ziyarətçilərin üzünə açıb. Eksponatlara baxmaq üçün artıq 1600 nəfər bilet alıb.
TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə muzeylər direktoru Barbara Yatta məlumat verib.
“Bizdə yaxşı xəbər var. Muzeylərə 1600 ziyarətçinin gəlişi gözlənilir. Növbəti gün üçün isə mindən çox bilet sifariş olunub. Bilet əldə edənlərin çoxu yerli vətəndaşlar olsa da biz hər şeydən razıyıq”, - deyə B.Yatta bildirib.
Qeyd olunub ki, muzeylərin açılışı böyük bir bayramdır və bu münasibətlə ziyarətçilər üçün xüsusi hədiyyələr hazırlanıb. Eyni zamanda, bərpadan sonra Rafael otaqlarına (stanzelərə) aid olan Konstantin zalı tamamilə açılıb. Bu, rəssamın freskalar ilə rənglədiyi papaların keçmiş ibadət otaqlarından biri sayılır.
Azərbaycan Dövlət Musiqili Teatrında müəllifləri O.Zülfüqarov və R.Heydər olan “Dəcəl çəpişlər” ikihissəli musiqili nağıl-tamaşa növbəti dəfə azyaşlı tamaşaçıların ixtiyarına verilib.
Qurumun mətbuat xidmətindən bildirilib ki, balacaların hər zaman böyük diqqət və maraqla izlədiyi tamaşa Azərbaycanın əbədiyaşar şairlərindən biri Mikayıl Müşfiqin məşhur “Şəngülüm, Şüngülüm, Məngülüm” əsərinin motivləri əsasında hazırlanıb. Bir sıra yeni obrazların, qəhrəmanların əlavə olunduğu səhnə əsərinin yaradıcı heyəti əsasən gənclərdən ibarətdir.
Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar göstərilən tamaşanın quruluşçu rejissoru Əhəd Hacıyev, quruluşçu baletmeysterləri Leyla və Zakir Ağayevlərdir. Tamaşada rolları Güldanə Əzimova, Elçin İmanov, Gülnarə Abdullayeva, Şaban Cəfərov, Mehriban Zalıyeva, Əmrah Dadaşov, Fərid Rzayev və başqaları ifa ediblər.
Xatırladaq ki, bu səhnə əsərinin premyerası 2015-ci il mayın 16-da keçirilib.
Uşaq-Gənclər İnkişaf Mərkəzi, F.Köçərli adına Respublika Uşaq Kitabxanası və 95 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş onlayn görüş keçirilib.
Görüşün keçirilməsində əsas məqsəd, uşaqların vətənpərvər ruhda, sağlam, savadlı böyümələrinin gələcəyimiz üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulamaq, onlara sevinc və təbəssüm bəxş etmək olub.
Çıxış edən qonaqlar, hələ zamanında ümummilli lider Heydər Əliyevin göstərişi ilə dövlət tərəfindən uşaqların hüquqlarının hərtərəfli qorunması üçün lazımi qərarların verildiyi, onlara böyük diqqətin göstərildiyi və hazırda da bu siyasi kursun Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb, gələcəyimiz olan uşaqlara xoşbəxtlik arzulayıblar.
Görüşdə çıxış edən kitabxananın direktoru Ş.Qəmbərova Respublika Uşaq Kitabxanasının illərdir uşaqların kitab və kitabxanalara, elmə, təhsilə mütaliəyə ümumilikdə intellektlərinin inkişafı üçün biri-birindən səmərəli layihələrə imza ataraq bu istiqamətdə yorulmadan fəaliyyət göstərdiyini vurğulayıb.
Qeyd edib ki, uşaqlara diqqət və qayğı dövlətin siyasətində vacib yer tutur, uşaqlar üçün imkanlar ildən-ilə genişləndirilir.
Sonda uşaqların rəsm əsərləri nümayiş edilib, onların ifasında şeirlər, mahnılar təqdim olunub.
Azərbaycanlı rejissor Şamil Əliyevin “Çölçü” filmi beynəlxalq film festivallarında üç kateqoriya (Ən yaxşı bədii film, rejissor və operator işinə görə) üzrə mükafatlara layiq görülüb.
Ekran əsəri bu uğura Yaponiya, İtaliya, İsrail və ABŞ-da keçirilən beynəlxalq festivallarda imza atıb.
Müsabiqələrin nəticəsi COVID-19 pandemiyası il əlaqədar olaraq onlayn formatda elan olunub.
Qeyd edək ki, “Çölçü” filmi Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında 2012-ci ildə istehsal olunub. Ekran əsəri 5 qitəni əhatə edən 85 beynəlxalq film festivalda iştirak edərək 45-dən artıq müxtəlif mükafatlara layiq görülüb.
Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur.
“Mərkəzi Asiyanın mədəni həyatı, sosial-humanitar elmlərin aktual problemləri” adlı beynəlxalq elmi-nəzəri onlayn videokonfransda Azərbaycan da iştirak edib.
Videokonfrans Daşkənddəki Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetinin (ODƏU) təşkilatçılığı, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM), M.Lomonosov adına Moskva Dövlət Universitetinin Asiya və Afrika Ölkələri İnstitutunun (AAÖİ) və Muxtar Auezov adına Cənubi Qazaxıstan Dövlət Universitetinin dəstəyi ilə baş tutub.
Tədbirdə Azərbaycan, Amerika Birləşmiş Ştatları, Rusiya, İtaliya, Qazaxıstan və Tacikistandan 100-dən artıq alim, müəllim və tələbə iştirak edib.
Videokonfransı ÖDƏU-nun rektoru, professor Şöhrət Siracəddinov açaraq pandemiya dövründə belə tədbirlərin keçirilməsinin vacibliyindən danışıb, mövzu ilə bağlı fikirlərini bölüşüb, qonşu dövlətlərin universitetləri arasında əlaqələrin dərinləşdirilməsinin vacibliyini vurğulayıb.
AMM-nin direktoru Samir Abbasov konfransın mövzusunun aktuallığından söz açıb, Mərkəzi Asiyada elmin və mədəniyyətin inkişafında Azərbaycan alimlərinin də mühüm rol oynadığını bildirib.
Ölkələrimiz arasında münasibətlərin inkişafından danışan S.Abbasov Özbəkistanın Türk Şurasının tam hüquqlu üzvü olmasını türkdilli dövlətlər arasında münasibətlərin daha da genişlənməsi istiqamətində mühüm addım kimi qiymətləndirib. O deyib ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Türk Şurasının Bakıda keçirilən Zirvə görüşündə iştirak etməsi, Azərbaycan Prezidenti İlham Əliyevin Şavkat Mirziyoyevlə görüşməsi əlaqələrimizin inkişafına təkan verir.
Tədbirdə mövzu ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun professoru Almaz Ülvi, AAÖİ direktorunun müavini Darya Jiqulskaya və digər alimlərin çıxışları da dinlənib.
Azərbaycan Gənc Tamaşaçılar Teatrının səhnəsində bolqar yazıçısı Panço Pançevin “Dörd əkizin nağılı” əsəri əsasında səhnələşdirilən eyniadlı ikihissəli tamaşa sənət ocağının sosial şəbəkədəki hesabları vasitəsilə iyunun 2-də nümayiş olunacaq.
Saat 14:00-da göstəriləcək tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu, quruluşçu rəssamı isə Elşən Sərxanoğludur.
Tamaşada musiqi tərtibatının müəllifliyi İradə Muradovaya, səhnənin rəqslər və plastikası Vüsal Mehrəliyevə məxsusdur.
Qeyd edək ki, tamaşa uşaqlar üçün nəzərdə tutulub.