Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Kukla Teatrı iyun ayı üçün nəzərdə tutulan repertuarını açıqlayıb

    Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı iyun ayı üçün nəzərdə tutulan repertuarını açıqlayıb.

    Repertuarı təqdim edirik:

    6 iyun – “Turp”

    7 iyun – “Oyaq gözəl”

    13 iyun – “Sehrli üzük”

    14 iyun – “Nağıl haqqında nağıl” (rus dilində)

    15 iyun – “O olmasın, bu olsun”

    20 iyun – “Kral”

    21 iyun – “Zəng”

    26 iyun – “Balaca şahzadə”

    27 iyun – “Ağ və qara”

    28 iyun – “Dərviş Parisi partladır”

    Qeyd edək ki, tamaşalar teatrın “YouTube” kanalından saat 12.00-da yayımlanacaq.

  • Kitabxana Beynəlxalq Uşaqların Müdafiəsi Günü ilə bağlı tədbirlər təşkil edib

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının əməkdaşları 1 iyun – Beynəlxalq Uşaqların Müdafiəsi Günü ilə əlaqədar bir sıra tədbirlər həyata keçirib.

    Biləndər Tədris Mərkəzinin “Mehriban” vokal qrupunun ifasında uşaqlara həsr olunmuş videoçarx hazırlandı. Uşaqların ifa etdiyi mahnının sözləri və musiqisi “Mehriban” qrupunun bədii rəhbəri Esmiralda Hüseynovanındır.

    Eyni zamanda, kitabxanada “Uşaqlar bizim gələcəyimizdir” adlı kitab sərgisi hazırlanıb.

     
  • Azərbaycan vətəndaşları Monteneqroya karantin tələbi olmadan girəcək

    Monteneqro bu gündən bütün sərhədlərini açıq elan edib.

    Monteneqro hökuməti ilkin olaraq vətəndaşlarının karantin tələbi olmadan gələ biləcəyi ölkələrin siyahısını açıqlayıb. Bu ölkələr arasında Azərbaycan da var.

    Seçilən ölkələrdə koronavirusa yoluxma əmsalı hər 100 minə maksimum 25 təşkil etməlidir. Siyahı hər həftə yenilənəcək.

    İlkin olaraq Monteneqroya karantin tələbi olmadan Sloveniya, İslandiya, Xorvatiya, Slovakiya, İsveçrə, Albaniya, Avstriya, Norveç, Monako, Kosovo, Almaniya, Yunanıstan, Macarıstan, Danimarka, Latviya, Litva, Estoniya, İsrail və digər ölkələrin vətəndaşları daxil olacaq.

  • Fuad Nağıyev: Daxili turizmin inkişafı prioritet istiqamətdir

    İyunun 1-də pandemiya dövründə dünya turizminin vəziyyəti və post-pandemiya dövrü üçün ölkələr tərəfindən nəzərdə tutulan planlar haqqında “Bərpaya doğru yol” mövzusunda videokonfrans keçirilib.

    Region ölkələri arasında keçirilən konfransda çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Özbəkistanın Turizm naziri Aziza Abdukarova və Zurab Polokalaşviliyə təşəbbüs üçün təşəkkürünü bildirib və pandemiyanın Azərbaycan turizminə təsirlərinin azaldılması və sənayenin bərpası üçün görülən tədbirlər barəsində məlumat verib.

    O bildirib ki, Azərbaycan hökuməti və Dövlət Turizm Agentliyi tərəfindən 2020-ci ilin fevral ayının ikinci yarısından etibarən turizm sənayesinin dayanıqlılığını təmin etmək və pandemiyanın təsirlərini minimuma endirilmək üçün preventiv tədbirlər görülüb.

    O vurğulayıb ki, pandemiyanın turizmə mümkün təsirləri barəsində müxtəlif ssenarilər hazırılanaraq hökumətə təqdim edilib. Buraya gözlənilən risklər, iş yerlərinin saxlanılması və turizm sahəsində sahibkarların fəaliyyətinə böhranın təsirlərinin azaldılması üzrə təkliflər daxil edilib.

    Fuad Nağıyev yerləşmə vasitəsi hesab edilən mehmanxana və mehmanxana tipli obyektlər, turizm agentlikləri və turoperatorlar, iaşə obyektləri üçün dəstək paketi haqqında məlumat verərək may ayının 15-dək proqram çərçivəsində ümumi olaraq əməkhaqqı ilə bağlı maliyyə yardımı üçün müraciət etmiş vergi ödəyicilərinə 19 milyon 700 min manatın ayrıldığını bildirib.

    Agentlik sədri, həmçinin 2019-cu il ərzində sahibkarlar tərəfindən ödənilən vergilərin geri qaytarılması, orta və kiçik sahibkarlığın 2020-ci il üçün gəlir vergisinin 75 faizindən azad olunması, sosial ödənişlər və kreditləşmə üzrə güzəştlərin verilməsi və s. haqqında məlumat verib.

    Əlavə edilib ki, proqramdan 650 mehmanxana və mehmanxana tipli obyekt, 18000-dən çox iaşə obyekti və 4402 turagentlik və turoperator faydalanıb.

    Bütövlükdə, turizmdə normallaşma prosesinin dörd mərhələdə nəzərdə tutulduğunu, ilkin mərhələdə təlimlərin keçirilməsi, yeni onlayn platformanın yaradılması, xarici marketinq strategiyasında dəyişiklik, ölkədaxili turizm kampaniyasının təşviq edilməsi və sənayenin dəstəklənməsi, ikinci mərhələdə daxili turizmin bərpasının planlaşdırıldığını, üçüncü və dördüncü mərhələdə isə artıq sərhədlərin, ilk növbədə qonşu və daha sonra digər ölkələrlə açılmasının planlaşdırılğını qeyd edib.

    Fuad Nağıyev postpandemiya dövründə, ilk növbədə, daxili turizmin inkişafının prioritet istiqamət olacağını vurğulayıb və ortamüddətli planda daxili turizmin inkişafı üçün xüsusi proqramların qəbul edilməsinin nəzərdə tutulduğunu qeyd edib.

    Sonda Fuad Nağıyev BMT-nin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasının Bakıda keçirildiyini xatırladaraq, yenidən Bakıda belə görüşlərin keçiriləcəyinə inamını ifadə edib. O, Azərbaycanın təhlükəsiz turizm destinasiyası olduğunu vurğulayaraq bu mövqenin gücləndirilməsi üçün “SAHMAN” proqramının hazırlandığını əlavə edib.

    BMT-nin Ümumdünya Turizm Təşkilatının baş katibi Zurab Polokoşvili çıxış edərək turizmin böhranlardan sonra hər zaman daha güclü inkişaf etmək qabiliyyətinə malik olduğunu, tezliklə əvvəlki inkişaf sürətinə geri qayıdacağına inamını ifadə edib.

    Konfransda, həmçinin Özbəkistanın Baş Nazirinin müavini, Turizmin inkişafı üzrə Dövlət Komitəsinin sədri Aziz Abduxakimov, Belarusun Turizm və İdman naziri Sergey Kovalçuk, Tacikistanın Turizmin inkişafı üzrə Komitəsinin sədri Şirin Amonzoda, Rusiyanın Turizm üzrə Federal Agentliyinin rəhbəri Zarina Doquzova, Türkmənistanın Mədəniyyət naziri Atageldi Şamıradov, Moldovanın İnvestisiya üzrə Agentliyinin direktoru Rodika Verbeniuk, Gürcüstanın Milli Turizm Administrasiyasının sədrinin birinci müavini Rusudan Mamataşvili, Qırğızıstanın Mədəniyyət, İnformasiya və Turizm nazirinin müavini Maksat Damiroğlu, həmçinin müvafiq qurumların əməkdaşları iştirak edib, müvafiq ölkələrin təcrübəsi barədə fikir mübadiləsi aparılıb.

     
  • Mədəniyyət siyasətinin əhatə təsiri uşaqların tərbiyəsindən başlanır

    Bu gün Mədəniyyət üzrə Elmi Metodiki və İxtisasartırma Mərkəzi 1 iyun - Uşaqların Beynəlxalq Müdafiə Gününə həsr olunmuş vebinar-müzakirə təşkil edib.

    “Zoom” vasitəsilə baş tutmuş tədbirdə mərkəzin əməkdaşları ilə yanaşı, regionlarda çalışan gənc mədəniyyət işçiləri, habelə kitabxanaların uşaq şöbələrinin mütəxəssisləri də iştirak ediblər. Belə ki, mərkəzin elmi katibi Cavid Əliyev, şöbə müdirləri Nurəddin Babazadə, Nəzakər Rəhmanova, əməkdaşları Əkbər Rüstəmov, Rəfiqə Nəsirova, Leyla Qılıcova, Validə Hacıyeva, Aygün Hüseynova, habelə Gəncə şəhər Uşaq kitabxanasının şöbə müdiri Ellada Dəhazi Rəhimova və başqaları uşaqlara həsr olunmuş müxtəlif mövzularda çıxış ediblər.

    Vebinar zamanı əməkdaşların uşaqlarının tədbirə canlı qoşulması və fəal iştirak edilməsi iştirakçılar üçün böyük və xoş sürpriz oldu.

    Mərkəz tərəfindən keçirilmiş və uşaqlara həsr olunmuş tədbirlər nümunəsində geniş fikir mübadiləsi aparılıb.

    Tədbirin sonunda çıxış edən Mərkəzin direktoru Asif Usubəliyev uşaqlara qayğı dövlət siyasətinin ayrılmaz hissəsi olduğunu vurğulayıb. Mövcud istiqamətdə uşaqlarda estetik zövqün formalaşması, vətənpərvərlik hisslərinin aşılanması və onların adət-ənənələrə bağlılığının təmin olunması kimi məqsədlərə nail olunmasında görülə biləcək işlər haqqında öz münasibətini bildirib.

    Xatırladaq ki, 1950-ci il iyunun 1-də BMT Baş Məclisi tərəfindən keçirilən qadınların beynəlxalq konfransında bu günü uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərara alınıb. Bu gün Azərbaycanda da geniş qeyd olunur. Azərbaycanda əhalinin təxminən 40 faizini uşaqlar təşkil edir. Ölkəmizdə uşaq və yeniyetmə gənclərin təxminən 95 faizi təhsil alır.

     
  • Pantomima Teatrı unudulmuş tamaşaları yenidən nümayiş etdirməyi planlaşdırır

    Azərbaycan Dövlət Pantomima Teatrı bu gün "Gəldim ki, olam qəmin hərifi" tamaşasını onlayn nümayiş etdirəcək. Tamaşa teatrın “YouTube” kanalından saat 21.00 da yayımlanacaq.

    Teatrdan bildirilib ki, sənət ocağının repertuarında olan vaxtilə televiziya kanallarının lentə aldığı bir çox tamaşaları var ki, onlar artıq oynanılmır. Teatr “Evdə qal, teatrdan qalma” prinsipinə arxalanaraq həmin tamaşaları televiziya kanallarının arxivindən əldə edib yenidən nümayiş etdirməyi planlaşdırır.

    Qeyd olunub ki, pandemiya dövründə ən çox əziyyət çəkən qurumlardan biri də teatrlardı. Epidemiyanın qarşısını almaq üçün tamaşaçılara teatra gəlmək qadağan edilib. Pantomima teatrının kollektivi də evdə oturmaqla teatrdan kənarda qalmayıb izləyiciləri bu unudulmuş tamaşalara baxmağa dəvət edir.

    Vurğulanıb ki, pandemiya dövründən sonra yeni tamaşalar hazırlanacaq.

     
  • “Təklif. Elçilik” tamaşası onlayn göstərilib

    Dövlət “Yuğ” Teatrının yaradıcı kollektivi “Təklif. Elçilik” tamaşasını teatrsevərlər üçün növbəti dəfə mayın 30-da onlayn təqdim edib.

    Teatrdan bildirilib ki, Günay Səttarın quruluşunda izlənilən səhnə əsirinin quruluşçu rəssamı Əməkdar rəssam Rəşid Şerif, bəstəkarı Əməkdar artist Vüqar Camalzadədir.

    Tamaşada Xalq artisti Vidadi Həsənov, aktyorlar Zümrüd Qasımova və Elgün Həmidov çıxış ediblər.

     
  • “Xəzərin dalğaları” adlı I Bakı Beynəlxalq Suluboya Festivalının seçim turu başa çatıb

    Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, IWS Globe-Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycan nümayəndəliyi-IWS Azerbaijan və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Könüllülər ili” çərçivəsində Respublika Gününə həsr olunmuş “Xəzərin dalğaları” adlı I Bakı Beynəlxalq Suluboya Festivalında iştirak üçün müsabiqə elan olunmuşdur.

    Mövzusu Azərbaycan olan festivala dünyanın 20-dən çox ölkəsindən 350-ə yaxın suluboyaçı rəssam 500-dən çox əsəri ilə ölkəmizin mətbəxini, maddi və mənəvi abidələrini, sənət və sənətkarlıq nümunələrimizi, geyim tərzi və qəhrəmanlıq nümünələrimizi təsvir ediblər. Sərgilənmək üçün 19 ölkədən 100 rəssamın hər birindən bir əsər olmaqla festıvalda sərgilənmək üçün dəvət olunmuşdur.

    Müsabiqə akvarel texnikası ilə çəkilmiş əsərlərə marağı artırmaq, həmçinin təsviri sənətin bu istiqamətində çalışan rəssamların yaradıcılığında Azərbaycanın təbiəti, tarixi abidələri, mədəniyyətini, həmçinin müasir inkişafını dünyaya göstərmək məqsədilə həyata keçirilib.

    Münsiflər heyətinin tərkibində Atanur Doğan (Kanada), İlya İbrayev (Rusiya), Nader Mohazabnia (İran),İhor Yurçenko (Ukrayna), Sübhan Məmmədov, Cəlal Ağayev, Xasay Mirzəyev və Səbinə İskəndərova (Azərbaycan) yer alıb. Müsabiqədə birinci yeri Yeketerina Şiliyayeva (Russiya), ikinci yeri İlham Mirzəyev (Azərbaycan) və üçüncü yer Chonkhet Phanwichien (Tailand) tutub.

    Müsabiqənin yekun sərgisi COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan sosial izolyasiya tədbirləri bitdikdən sonra təşkil olunacaq və kataloq çap ediləcək.

     
  • Populyar estrada müğənnisi #senetinledestekle layihəsində

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin başlatdığı, koronavirus pandemiyası ilə mübarizə və ciddi karantin rejimi şəraitində vətəndaşların asudə vaxtının səmərəli təşkilinə, onlarda nikbin əhval-ruhiyyənin yaradılmasına yönədilən #senetinledestekle çağırışına qoşulan sənətçilərin sayı günbəgün artmaqda, konsertlərə və canlı ünsiyyətə maraq genişlənməkdədir.

    İdarədən bildirilib ki, bununla əlaqədar canlı efirləri davam etdirmək və qonaqlarımızı məhz tamaşaçı marağından çıxış edərək proqramlara dəvət etmək qərarına gəlinib.

    İyunun 1-də Baş İdarənin #senetinledestekle layihəsində növbəti konserti populyar müğənni Aysel Əlizadə evindən canlı olaraq təqdim edəcək.

    Aysel xanıma suallarınızı, arzu və istəklərinizi Baş İdarənin - @bakimedeniyyetidaresi rəsmi “Instagram” hesabından təqdim edə və musiqili gecənin iştirakçısına çevrilə bilərsiniz.

     
  • Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə onlayn interaktiv tədbir keçiriləcək

    Bakı Uşaq və Gənclər Teatrı “Miqrasiya Könüllüsü” İctimai Birliyi ilə birlikdə iyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqlar üçün internet üzərindən interaktiv tədbir keçirəcək.

    Əyləncəli, intellektual və teatrlaşdırılmış tədbir Bakı Uşaq və Gənclər Teatrının “Facebook” hesabından saat 11:00-da canlı yayımlanacaq.