Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Uşaqlar üçün bir çox məşhur musiqi əsərlərinin müəllifi - Oqtay Zülfüqarov

    Görkəmli bəstəkar Oqtay Zülfüqarov ömrünün 60 ilindən çoxunu uşaq mahnılarının yazılmasına, Azərbaycan mədəniyyətinin inkişafına həsr edib. Uşaqlara daim böyük sevgi və həssaslıqla yanaşan Oqtay müəllim onlar üçün şən, gözəl mahnı nümunələri yaratmış və neçə-neçə nəsil bu mahnılarla böyüyüb.

    Bu gün görkəmli sənətkar, Xalq artisti Oqtay Zülfüqarovun anadan olmasından 91 il ötür.

    Oqtay Zülfüqarov 1929-cu il mayın 31-də hakim ailəsində anadan olub. Musiqi Məktəbinin violonçel sinfini, A.Zeynallı adına Musiqi Məktəbi və Dövlət Konservatoriyasının violonçel sinfində təhsil alıb, professor Qara Qarayevin tələbəsi olub.

    1957-ci ildə üçüncü kursda oxuyarkən Azərbaycan bəstəkarlarının qurultayında gənc bəstəkarın fortepiano triosu uğur qazanıb. 1958-ci ildə Qara Qarayevin sinfini uğurla başa vuran Oqtay Zülfüqarov müəlliminin məsləhəti ilə uşaqlar üçün silsilə mahnılar yaratmağa başlayıb.

    O, uşaqlar üçün yazılan “Qız-ulduz”, “Pişik və Sərçə” və "Meşə nağılı" operalarını da yazıb. "Şəngülüm, Şüngülüm və Məngülüm" adlı musiqili komediya, violonçel və fleyta üçün konsertlər, simfonik poemalar, kantatalar, dörd simfoniya, instrumental pyeslər, teatr və kino üçün musiqi yazan bəstəkarın böyük simfonik orkestr üçün yaratdığı "Şənlən, mənim xalqım" uvertürası kimi bir çox məşhur musiqi əsərlərinin müəllifidir.

    2010-2012-ci illərdə O.Zülfüqarov "Məlik Məmməd" nağılı əsasında uşaqlar üçün “Sehrli alma” ikihissəli balet, eyni zamanda, musiqi dərslikləri yazıb. Uzun illər "Tumurcuq" və "Aysel" Uşaq Mahnı Teatrı Oqtay Zülfüqarovun rəhbərliyi altında Azərbaycan Dövlət Televiziyasında verilişlər hazırlayıb. Musiqi ilə yanaşı, bəstəkar həm də şeirlər yazıb və onlar "Oxuyur Aysel" adlı topluda işıq üzü görüb. 1972-ci ildə Əməkdar incəsənət xadimi adına, 2000-ci ildə Xalq artisti adına layiq görülüb. Prezident təqaüdçüsü olan bəstəkar uzun illər Dövlət Uşaq Filarmoniyasının bədii rəhbəri işləyib.

    Oqtay Zülfüqarov ömrünün 60 ilindən çoxunu uşaq mahnılarının yazılmasına, Azərbaycan mədəniyyətinin inkişafına həsr edib. O, Azərbaycanın ən böyük uşaq bəstəkarlarından biri kimi bu sənətə öz möhürünü vurub. Uzun müddət Azərbaycan televiziyasında onun uşaqlarla apardığı veriliş uşaqların sevə-sevə izlədiyi proqram idi.

    Oqtay Zülfüqarov 2016-cı il avqustun 31-də 87 yaşında vəfat edib.

     
  • Valideyn himayəsindən məhrum uşaqlar üçün virtual tur təşkil olunacaq

    “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “İçərişəhər” Muzey Mərkəzi 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə muzeyləri və tarixi abidələri ziyarət etmək imkanı olmayan uşaqlar üçün virtual tur təşkil edəcək.

    İdarədən bildirilib ki, iyunun 1-də saat 14:00-da "Ümid yeri" uşaq sığınacağının sakinlərinə Bakının incisi olan Qız qalası olduqca maraqlı turla, virtual olaraq nümayiş olunacaq.

    Tədbirdə uşaqlar “World Heritage 3D Scanning” proqramı vasitəsilə Qız qalasına ilk dəfə virtual səyahət edərək bütün mərtəbələri asanlıqla gəzəcək və abidə haqqında ətraflı məlumatlar əldə edəcəklər. Daha sonra uşaqlar üçün “İçərişəhər” Muzey Mərkəzinin əməkdaşı tərəfindən İçərişəhərin digər abidələri haqqında canlı məruzə-ekskursiya təşkil olunacaq.

    1997-ci ildə təsis olunmuş sığınacaqda xüsusi qayğıya ehtiyacı olan və valideyn himayəsindən məhrum olmuş 18 yaşadək şəxslər məskunlaşıb. Sığınacaqda qaldıqları müddətdə onlara hüquqi, mənəvi, sosial və tibbi yardımlar edilir, uşaqların cəmiyyətə adaptasiya olunmalarına və təhsil almalarına dəstək göstərilir.

    Qeyd edək ki, “World Heritage 3D Scanning” proqramı vasitəsilə İçərişəhərin mədəni və tarixi irsinin skan edilməsi “İçərişəhər” Muzey Mərkəzinin təşəbbüsü və Almaniyanın "EKМ Global Consulting GmbH" və "3D Scanning Project" şirkətinin birgə əməkdaşlığı ilə həyata keçirilib.

     
  • Azərbaycanlı alim Ukraynanın Qoqol medalı ilə təltif edilib

    Bakı Slavyan Universitetinin Təcrübə və məzunlarının karyera inkişafı şöbəsinin müdiri, dosent Yaşar Alxasov N.V.Qoqol medalı ilə təltif olunub.

    Alim bu mükafata Azərbaycan, İran və Ukraynada rus dilinin qorunub saxlanması və inkişafına, Ukrayna ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişafındakı mühüm şəxsi töhfəsinə görə layiq görülüb.

    Yaşar Alxasov 40 ildən artıqdır ki, tədris, tədqiqat və inzibati işlərlə məşğul olur (rus dilinin tədrisi, konfrans, dəyirmi masa və seminarların təşkili, məktəb və universitetlər üçün rus dilinə dair normativ sənədlər, proqram və dərs vəsaitlərinin hazırlanması). O, xarici vətəndaşlar üçün bir sıra dərslik və lüğətlərin müəllifidir. Y.Alxasovun xidmətləri sırasında, həmçinin Azərbaycan, İran və Ukraynada rus dilinin qorunub saxlanması və inkişaf etdirilməsinə yönəlmiş fəal ictimai fəaliyyətini qeyd etmək lazımdır.

    N.V.Qogol medalı 2012-ci ildən Ukraynanın rus dili mütəxəssislərinə “Ukraynada rus dilinin qorunub saxlanmasına və inkişafına verdiyi töhfələrə görə” verilir. Təltif olunanlar arasında Rusiya, Qazaxıstan, Moldova, Finlandiya və s. ölkələrdən olan alimlər də var.

     
  • Görkəmli qazax yazıçısının “Kızıl cebe” romanının təqdimatı olub

    Görkəmli qazax yazıçısı Şerhan Murtazanın “Kızıl cebe” romanının virtual təqdimatı olub.

    Ankarada fəaliyyət göstərən Avrasiya Yazarlar Birliyi (AYB) tərəfindən təşkil olunan təqdimatın açılışında çıxış edən AYB-in sədri Yaqub Öməroğlu Şerhan Murtazanın həyat və yaradıcılığı barədə qısa məlumat verib.

    Sonra Qazaxıstan Yazıçılar Birliyinin sədri Ulugbek Esdayletov, bu ölkənin Türkiyədəki səfiri Abzal Saparbekuly və başqaları böyük ədibin çətin və şərəfli ömür yolundan, nadir yaradıcılıq üslubundan danışıblar. Diqqətə çatdırılıb ki, Şerhan Murtaza yalnız bədii əsərlər yaratmaqla deyil, ictimai-siyasi fəaliyyəti, publisist yaradıcılığı və tərcümə işləri ilə də qazax xalqının inkişafına və müstəqilliyinin əldə olunmasına böyük töhfələr verib.

    “Kızıl cebe” romanı ilə bağlı fikir və mülahizələrini bölüşən tədqiqatçı Ataman Kalebozan deyib ki, bu roman real hadisələri əks etdirən bədii əsər kimi hər zaman oxucular üçün cəlbedici olacaqdır.

    Virtual təqdimatda yetmişdən yuxarı şəxs, o cümlədən tanınmış şair və yazıçılar iştirak ediblər.

     
  • Respublika Gününə həsr olunmuş “Birlikdə düşünək, birlikdə tapaq” ailəvi viktorinanın qalibləri elan edilib

    F.Köçərli adına Respublika Uşaq Kitabxanası 28 May - Respublika Gününə həsr olunmuş “Birlikdə düşünək, birlikdə tapaq” devizi ilə keçirilən onlayn viktorinanın qaliblərini elan edib.

    “Birlikdə düşünək, birlikdə tapaq” onlayn ailəvi viktorinanın suallarına düzgün cavab verən İbrahimli ailəsi seçilib və kitabxana tərəfindən qalib ailəyə 5 kitab hədiyyə edilib.

    Müsabiqənin keçirilməsində əsas məqsəd valideynlərin övladları ilə evdə qaldıqları müddətdə suallara birgə cavab tapmasıdır.

     
  • Musiqi məktəbi Respublika Gününə həsr olunmuş onlayn konsert keçirib

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 33 nömrəli uşaq musiqi məktəbində 28 May - Respublika Gününə həsr olunmuş videoçarx hazırlanıb və onlayn konsert keçirilib.

    İdarədən bildirilib ki, bu əlamətdar gün münasibətilə xalqımızın mübarizə tarixini əks etdirən videoçarxı nəzəriyyə şöbəsinin müəllimi Nigar İsmayılova hazırlayıb.

    Konsertdə məktəbin şagird və müəllimlərinin ifasında Azərbaycan bəstəkarlarından A.Zeynallı, Niyazi, T.Quliyev, S.Rüstəmov, Ə.Tağıyevin, eləcə də xarici bəstəkarlardan K.Debüssi, K.Qardelin əsərləri səsləndirilib.

     
  • Respublika Uşaq Kitabxanası növbəti onlayn viktorina elan edib

    İyunun 1-də F.Köçərli adına Respublika Uşaq Kitabxanası Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı ailəvi onlayn viktorina keçirəcək.

    Müsabiqə zamanı iştirakçılara 50 sual təqdim olunacaq. Qalib çıxan ailəyə kitabxana tərəfindən dünya və Azərbaycan ədəbiyyatından 5 kitab hədiyyə ediləcək.

    Viktorinanın keçirilməsində məqsəd valideynlərin övladları ilə evdə qaldıqları müddətdə suallara birgə cavab tapmasıdır.

    Suallar clb.az saytında təqdim olunacaq.

     
  • Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Qobustan qoruğunda olub

    Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı Qobustan Milli Tarix-Bədii Qoruğunun qonağı olub.

    Əvvəlcə qonaq qoruğun ərazisində yaradılmış muzeydə nümayiş etdirilən eksponatlara baxıb.

    Məlumat verilib ki, Qobustan Milli Tarix-Bədii Qoruğu açıq səma altında qoruq-muzey kimi böyük şöhrət qazanıb. Ərazidə daş dövründən son orta əsrlərə qədərki həyat və məişəti əks etdirən çoxsaylı maddi mədəniyyət nümunələrini müasir azərbaycanlıların ulu əcdadları min illər ərzində yaradıblar. Qobustan qaya rəsmləri dünyada bu tipli abidələrdən ən zənginidir. Qoruq ərazisində alimlər tərəfindən 6 mindən çox qayaüstü təsvir, 20 mağara və yaşayış yeri, 40 kurqan aşkar edilib və öyrənilib.

    Qonağa Qobustan abidələri, burada aparılan arxeoloji tədqiqat işləri nəticəsində əldə olunmuş maddi-mədəniyyət nümunələri barədə məlumat verilib. Bəşər sivilizasiyasının ilkin izlərini özündə əks etdirən Qobustan abidələrinin 2007-ci ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edildiyi diqqətə çatdırılıb.

    Sonra qonaq qoruq ərazisində aparılmış tədqiqat işləri ilə maraqlanıb, qayaüstü rəsmlərə baxıb. Qobustan abidələrinə heyranlığını ifadə edən qonaq Qobustan Milli Tarix-Bədii Qoruğundan xoş təəssüratlarla ayrılıb.

     
  • İyunda hava necə olacaq?

    "May ayı küləkli günlərlə zəngin oldu. Ay ərzində güclü küləkli (15 m/s-dən artıq) günlərin sayı 16-ya çatdı. Bunlardan 25 m/s-dən çox olan günlərin sayı 4 gün oldu, 2 gün ərzində küləyin sürəti 35 m/s,1 gün ərzində isə 38 m/s-dək şiddətləndi". 

    Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

    O bildirib ki, bu ayın ən isti günü 32 dərəcə ilə mayın 23-ü, ən soyuq günü isə 14.3 dərəcə ilə mayın 10-u oldu: "Orta aylıq temperatur 20 dərəcəyə yaxın olub, bu da iqlim normasından 1.5 dərəcə yüksəkdir. Nisbətən soyuq hava kütlələrinin ölkə ərazisinə daxil olması ay ərzində 9 dəfə baş verib. Yağıntılar qeyri-bərabər paylanıb. Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında normanın 89-124, Kiçik Qafqazın dağətəyi bölgəsində 50-58, Mərkəzi Aran rayonlarında 24-71, Lənkəran-Astara zonasında 29-52, Qazax-Gəncə zonasında 45-50, Balakən-Şəki zonasında 45-97, Şabranda 113 faizini təşkil edib, Quba-Xaçmazda və Ağstafada isə normadan 1,5-3 dəfə çox olub".

    Xidmət rəisi qeyd edib ki, iyun ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan yüksək olacağı gözlənilir: "2017, 2018, 2019-cu illərdə havanın temperaturu normadan 0,7-1,2 dərəcə yüksək olub; 2001, 2002, 2003 və 2008-ci illərdə isə iyun ayı nisbətən sərin keçib. Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecələr 19-24, gündüzlər 26-31, bəzi küləksiz və isti günlərdə 35-38 dərəcəyədək yüksələcəyi gözlənilir. Respublikanın Aran bölgəsində maksimal temperaturun 30-35, bəzi günlərdə 37-39, dağlıq rayonlarda 19-24, bəzi günlərdə 28-30 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasından bir qədər az, bəzi şimal və şərq rayonlarında isə normaya yaxın olacağı ehtimal olunur. Birinci ongünlüyün birinci yarısında ölkə ərazisində hava şəraitinin mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir”.

     
  • Almaniyadakı Azərbaycan kamera orkestri Respublika Günü münasibətilə videoçarx hazırlayıb

    Almaniyadakı Azərbaycan kamera orkestri 28 May – Respublika Günü münasibətilə videoçarx hazırlayıb.

    Videoçarxda orkestr tərəfindən görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacibəylinin “Arazbari” əsəri ifa olunur.

    Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauzerin təşəbbüsü ilə yaradılan orkestrə dahi bəstəkar Səid Rüstəmovun nəvəsi Fəridə Rüstəmova rəhbərlik edir. Orkestrdə onunla birlikdə 14 musiqiçi çalışır. Kamera orkestrinə Fəridə Rüstəmova (skripka), Ferhat Mehmet (skripka), Həsən Abasquliyev (skripka), Arzu Mamedova (skripka), Elgün Ağazadə (skripka), İris İdjelioğlu (viola), Nəriman Akperov (violonçel), Zeynep Akdil (violonçel), Tair Turqanov (cüt bas), Timur Osmanov (fleyta), Meltem Kandemir (viola), Feliks Knarozovski (bas) və Fərəc Əkbərov (klarnet) kimi peşəkar musiqiçilər daxildir.