Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • “Azərbaycan Xalq Cümhuriyyəti” adlı sərgi virtual rejimdə təqdim olunub

    Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “Azərbaycan Xalq Cümhuriyyəti” adlı virtual sərgidə Müsəlman Şərqində ilk demokratik dövlət - Azərbaycan Xalq Cümhuriyyətinə dair fotolar, kitab və məqalələr təqdim olunur.

    Virtual sərgidə nümayiş olunan materiallar tam mətnləri ilə verilib. “Azərbaycan Xalq Cümhuriyyəti” adlı virtual sərgi ilə tanış olmaq istəyənlər bu linkdən istifadə edə bilərlər.

     
  • “Bir dəfə yüksələn bayraq bir daha enməz” adlı vebinar təşkil olunub

    Cari ilin 28 may tarixində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən  “Bir kərə yüksələn bayraq bir daha enməz” adlı vebinar təşkil olunub.

    28 may Respublika Gününə həsr olunmuş vebinarda Mərkəzin direktoru Asif Usubəliyev, elmi katibi Cavid Əliyev, şöbə müdirləri Nəzakət Rəhmanova, Nurəddin Babazadə, metodistlər Rəfiqə Nəsirova və İsmayıl Nəsirov çıxış ediblər.

    Çıxış edənlər qeyd etdilər ki, Cümhuriyyətin mövcud olduğu 23 ay ərzində demokratik dövlət və ordu quruculuğu, iqtisadiyyat, təhsil, mədəniyyət və digər sahələrdə mühüm islahatlar həyata keçirilib. M. Rəsulzadədən, F.X.Xoyski, Ə.Hüseynzadədən danışaraq vurğulandı ki, o dövrdə dövlət bayrağı, himni və  gerbi yaradılıb, dövlətçiliyin və milliyətçiliyin əsası qoyulub.

    Vebinarın sonunda, Mərkəzin direktoru Asif Usubəliyev  qeyd etdi ki, hər bir xalq, dövlət  öz  tarixini tanımalı və  düzgün qiymətləndirməlidir.

  • “Gənclik” ansamblı distant konsert proqramı təqdim edəcək

    Salyan rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Gənclik” vokal-instrumental ansamblı 28 may tarixdə, saat 20:00-da Respublika Günü münasibətilə distant konsert proqramı təqdim edəcək. Konsert proqramı Mədəniyyət Mərkəzinin “Youtube” kanalı və “Facebook” səhifəsi vasitəsilə canlı yayınlanacaq.

    “Gənclik” ansamblının tərkibinə Salyan rayonunun mədəniyyət işçiləri, eləcə də könüllülər daxildir. Gənc və istedadlı musiqiçiləri öz ətrafında birləşdirən ansamblın çıxışları hər zaman böyük maraqla qarşılanmışdır.

    Xüsusi karantin rejimi ilə əlaqədar ansamblın bu dəfəki çıxışı virtual olaraq təqdim olunacaq. Repertuarında xalq mahnıları və müasir musiqi janrlarının yer aldığı ansamblın yeni konsert proqramı əsasən vətənpərvərlik ruhlu mahnılardan təşkil olunmuşdur.

    Hər kəsi izləməyə dəvət edirk.

    “Youtube” kanalı    “Facebook” səhifəsi

     
  • Gözəl mahnı möhtəşəm ifada

    Bütün dünyanın COVID-19 pandemiyasının törətdiyi fəsadlardan əziyyət çəkdiyi bir vaxtda incəsənət xadimlərimiz Azərbaycanın musiqi mədəniyyətini təbliğ edərək öz təkrarolunmaz ifaları ilə insanlara dəstək verməkdədirlər. Bu sırada Azərbaycanın Xalq artisti Ramiz Quliyevin də özünəməxsus yeri var.

    May ayının əvvəllərində görkəmli tarzən, Xalq artisti, professor, BMA-nın elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi Ramiz Quliyevin İran İslam Respublikası Milli Alətlər Orkestrinin bədii rəhbəri Əli Əkbər Qurbaninin təşəbbüsü ilə görkəmli bəstəkarımız Vasif Adıgözəlovun “Layla” mahnısına onlayn rejimdə beynəlxalq layihə kimi gözəl bir klip çəkilib.

    “Əslində Ramiz Quliyevin Avropa ölkələrində və Amerikada bir necə aparıcı simfonik orkestrləri ilə istər konsertləri, istər beynəlxalq simpozium və festivallar çərçivəsində saysız çıxışları olub. Elə həmin - İranın Milli Alətlər Orkestri ilə də bir neçə il əvvəl “Fəcr” festivalında birgə ifaları baş tutmuşdur. Lakin indiki çıxışlarının tam fərqli, virtual formatda çəkilməsi müasir çağırışlara tam cavab verir”,- deyə Nuridə İsmayilzadə vurğulayıb.

    Onun sözlərinə görə, həmin mahnı kiçik həcmli olsa da burada bəstəkarın fikir aydınlığı görünür, eyni zamanda xarakterində etnomusiqimizə aid laylayların intonasiyası aydın eşidilir. “Laylay” mahnısını bir çox musiqiçilərimiz ifa ediblər, hətta onun bəstəkar Pikə Axundova tərəfindən kamera orkestri üçün işləməsi də mövcuddur. Ramiz müəllimin İran musiqiçilərinin müşayiətilə onu birgə səsləndirməsi tamamilə yeni təəssürat yaratdı, bunun da səbəbi, təbii ki, Ramiz Quliyevin fövqəladə sənət istedadına sahib olmasıdır. Müxtəlif Şərq çalğı alətlərində ifa edən (onlar içərisində kamança, İran tarı, sitar, ud, nağara və.s) musiqiçilərin hamısı elə bil möhtəşəm musiqi və ifanın seyrinə düşmüşdülər: “Ramiz Quliyevin əsl klassik ifa üslubunda sevimli tarını bağrına basıb yanıqlı çalaraq, barmaqlarının vurduğu xallarla, həzin melodiyanın axıcılığı ilə xəyalən bizi işğal altında olan Şuşaya, Cıdır düzünə apardı.

    Əslən qarabağlı olan Ramiz Quliyevin ifasında doğma torpaqları üçün həsrəti hiss olunurdu və sanki o, düşmənlərimizə ismarıc göndərirdi: “Nə qədər ki, Azərbaycan xalqı və onun sözünü dünyaya çatdıran elm və mədəniyyət xadimləri var, heç vaxt musiqi mədəniyyətimizin “beşiyi” olan Şuşa şəhəri düşmənlərimizin olmayacaq!”.

    Yeni çəkilmiş klipin bu günlərdə televiziya kanallarında nümayişi başlanacaq.

    Qeyd etmək lazımdır ki, Ramiz Quliyevin müasir tar ifaçılığının təbliğində, tətbiqində və inkişafında misilsiz xidmətləri var. O, həm görkəmli tarzən, həm də musiqişünas-alim kimi tar aləti ilə bağlı yaranan bütün problemlərə olduqca həssas yanaşır. Buna sübut kimi, onun Mədəniyyət Nazirliyinin təşkil etdiyi ümumrespublika seminarlarında və regionlarda təşkil olunan ustad dərslərində gənc müəllim və tarzənlərə verdiyi vacib tövsiyələrini və məsləhətlərini göstərmək olar. Bəlkə də, Ramiz Quliyevin böyük əməyi bahasına yetişdirdiyi neçə nəsil tar ifaçıları və ustadımızın baş tutmuş saysız xarici konsertlərindəki mükəmməl çıxışları sayəsində bu gün xalqımızın “şah” aləti sayılan tarın məhz Azərbaycan incəsənətinə məxsus olması heç kimdə şübhə doğurmur.

  • Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi - Firəngiz Əlizadə

    Hələ gənc yaşlarından Firəngiz Əlizadə özünü çox istedadlı musiqiçi kimi tanıdıb. Ona görə də Qara Qarayevin tələbələrindən söz düşəndə ilk olaraq F.Əlizadənin adı çəkilir. O, yeganə azərbaycanlı bəstəkardır ki, "UNESCO-nun Sülh Artisti" fəxri adına layiq görülüb. Firəngiz Əlizadənin yaradıcılığında uğurlar çoxdur. Bu, təkcə onun deyil, Azərbaycan mədəniyyəti tarixinin səhifələrinə yazılan uğurlardır. Firəngiz xanım bu uğurlara böyük istedadı və zəhməti sayəsində nail olub. Mayın 28-i Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Firəngiz Əlizadənin ad günüdür.

    Müəlliminin xeyir-duası ilə bəstəkarlıq yoluna qədəm qoyan F.Əlizadə hələ sovet dövründə yazdığı əsərləri ilə yaradıcılıq mühitinə yeni nəfəs gətirməsi ilə seçilib. Təsadüfi deyil ki, 1992-ci ildə Firəngiz xanıma Türkiyə dövləti tərəfindən "Boş beşik" baletinin yazılması sifariş olunub. Mersin Opera və Balet Teatrının açılışı münasibətilə səhnəyə qoyulan bu əsər böyük uğur qazanıb. Türkiyə hökumətinin xahişi ilə Firəngiz xanım qardaş ölkədə bir neçə il fəaliyyət göstərib. 1997-ci ilədək Mersin Opera və Balet Teatrında və Mersin Konservatoriyasında professor vəzifəsində çalışan F.Əlizadə 1999-cu ildə Almaniyaya, Berlin İncəsənət Akademiyasının professoru vəzifəsinə dəvət alıb. O, 2007-ci ilə kimi burada bəstəkar, pianoçu və dirijor kimi fəaliyyət göstərib. Bu illər ərzində Firəngiz xanım dünyanın müxtəlif ölkələrində möhtəşəm konsertlər verməklə müasir musiqinin ən görkəmli nümayəndələrindən biri kimi adını tarixə yazdırıb.

    F.Əlizadə öz yaradıcılığı ilə milli mədəniyyətimizi Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda uğurla təbliğ edir. Xarici ölkələrin məşhur musiqi kollektivlərinin sifarişi ilə yazılmış və ifa olunmuş əsərlərindən: Violonçel üçün "Oyan!" (Paris, 2005), Kvintet üçün "Xəzər" (Nyu-York, 2006), Fleyta, klarnet, skripka və zərb alətləri üçün "Atəş" (Sietl, 2006), "Optical İdentity" baleti (Sinqapur, 2007), Misteriya "Al Kamandcaty" (Roma, 2007), Skripka üçün "Dastan" (Ausburq, 2007), fortepiano, violonçel və kamera orkestri üçün "Dəniz" (Bern, 2008), "Your name means the Sea" operası (Hyuston, 2011), xanəndə, flamenko ifaçısı və ansambl üçün "Mugflagamenco" (Amsterdam, 2011), Skripka və fortepiano üçün "İmpuls" (ABŞ, 2012), fortepiano üçün "Landscape" (Fransa, 2012) və sair qeyd etmək olar.

    Bəstəkarın əsərlərini dünya şöhrətli musiqiçilər - Mstislav Rostropoviç, Yo-Yo Ma, Monigetti, Evelin Qlenni, Yulius Berger və musiqi kollektivləri - "Kronos-Quartet", "Collegium Novum", "Continuum" və başqaları ifa edib və bu gün də ifa etməkdədir. Bu ansambllara Azərbaycanın görkəmli musiqiçiləri Alim Qasımovun, Möhlət Müslümovun, Fəxrəddin Dadaşovun və başqalarının da adlarını əlavə etmək yerinə düşər. Çünki F.Əlizadə öz əsərlərində Avropa alətlərində milli alətlərin səslənməsindən alınan tembr boyalarına üstünlük verməklə yanaşı, məhz qərb və şərq musiqiçilərini bir ansamblda birləşdirməyi də çox sevir.

    Məşhur amerikalı skripkaçı, meqastar Hillari Hanın Firəngiz Əlizadənin əsəri də daxil olan "Deutsche Grammofon" albomu 2014-cü ildə "İlin ən yaxşı kamera musiqisi" nominasiyasında "Grammy" mükafatına layiq görülüb. Azərbaycan bəstəkarlıq məktəbi tarixində F.Əlizadə bu mükafatı alan ilk bəstəkardır.

    Müasir Azərbaycan musiqisinin görkəmli nümayəndələrindən olan Firəngiz Əlizadə əsərləri ölkə hüdudlarından kənarda böyük məmnunluq hissi ilə ifa olunan yeganə bəstəkardır ki, qastrol etdiyi şəhərlərin coğrafiyası da çox genişdir: Turin, Berlin, Lösern, Boston, San Dieqo, Çikaqo, Los-Anceles, San-Fransisko, Nyu-York, Sietl, Bazel, Amsterdam, Bern, Roma, Sürix, Vyana, Zaltsburq, Bonn, Lion, Tokio, Paris və sair.

    Bəstəkarın milli-mənəvi və psixoloji-əxlaqi keyfiyyətləri tərənnüm edən "İntizar", "Sənin adın Dənizdir", "Ağ atlı oğlan" operaları, "Boş beşik" və "Stadt-Graniza" baletləri, "Habilsayağı", "Oazis", "Dərviş", "Abşeron" - müxtəlif ifaçılıq tərkibi üçün instrumental kompozisiyaları, "Silk road", violonçel və orkestr üçün "Mərsiyə" konsertləri, böyük simfonik orkestr üçün "İthaf" və digər əsərləri dünyanın mötəbər konsert salonlarında sevilə-sevilə ifa olunur və dinlənilir. İstər amerikan, alman, fransız, istər rus, eləcə də türk qardaşlarımız bu bəstəkarı özününkü hesab edir və onun əsərlərinə böyük məmnunluq hissi ilə qulaq asırlar. Bu səbəbdəndir ki, Firəngiz Əlizadəni həmin ölkələrin "composer in residence" (ölkənin rəsmi bəstəkarı) kimi fəxri titulu ilə təltif ediblər. Bu da Firəngiz xanımın beynəlxalq aləmdə böyük nüfuza malik olmasını bir daha təsdiq edir.

    Əsərlərində bəşəri mövzulara toxunaraq insanların diqqətini qlobal məsələlərə yönəltməyi bacaran bəstəkarımızın yaradıcılığının əsas ana xəttini canından artıq sevdiyi doğma Azərbaycanın tərənnümü təşkil edir. Buna misal olaraq, onun yaradıcılığının şah əsəri kimi qiymətləndirilən "İntizar" operasını göstərmək olar. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nərgiz Paşayevanın librettosu əsasında yazılan, yüksək bədii keyfiyyətləri ilə seçilən "İntizar" operasının əsas ideyası - Vətən uğrunda mübarizənin və əbədi məhəbbətə inamın təcəssümüdür. Bu opera Xeyir və Şər qüvvələrin qarşıdurması, haqq-ədalətin qələbə çalması kimi bəşəri mövzuları əks etdirir.

    "İntizar" operasının timsalında biz Qarabağ mövzusunun opera sənətində yüksək sənətkarlıqla uğurlu təcəssümünün, bədii ifadə vasitələrinin, obrazlar sisteminin formalaşmasının şahidi oluruq. Bu mənada opera son dövrdə Azərbaycanda vətənpərvərlik ruhlu əsərlərin yaranmasına olan mənəvi tələbata tam cavab verir.

    Bu opera sözün əsl mənasında musiqi həyatımızda baş verən ən böyük hadisəyə çevrildi, həm dövlət rəhbərliyi, həm də beynəlxalq ictimaiyyət tərəfindən bu əsər xalqımızın sarsılmazlığının, haqq işi uğrunda ədalətli mübarizəsinin təcəssümü kimi böyük rəğbətlə qarşılanıb.

    Firəngiz Əlizadə respublikanın musiqi-ictimai həyatında önəmli rolu olan görkəmli mədəniyyət xadimidir. 1974-cü ildən SSRİ və Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) üzvü olan F.Əlizadə 1979-cu ildə ABİ-nin idarə heyətinin katibi, 2007-ci ildən sədri seçilib və bu günə kimi həmin vəzifədə fəaliyyətini uğurla davam etdirir.

    Azərbaycan Bəstəkarlar İttifaqı yarandığı gündən musiqi mədəniyyətinin inkişafında mühüm rol oynayır. Üzeyir Hacıbəylidən sonra idarə heyətinin sədrləri görkəmli bəstəkarlar - Səid Rüstəmov, Qara Qarayev, Tofiq Quliyev və başqaları olublar. Bu ənənə bu gün də davam edir. Bəstəkarlar İttifaqının idarə heyətinin sədri Firəngiz Əlizadə təşkilatın işinin daha səmərəli qurulmasına böyük əmək sərf edir. Bu gün Bəstəkarlar İttifaqı respublikanın musiqi həyatında öndə gedir, yüksək bədii səviyyənin saxlanılması istiqamətində öz sözünü deyir. Bəstəkarlar İttifaqı Heydər Əliyev Fondunun dəstəyi ilə "Muğam aləmi", habelə "İpək Yolu" beynəlxalq musiqi festivallarını təşkil edir. Bəstəkarlarımızın dəyərli əsərləri İttifaqın xətti ilə festivallarda, plenumlarda, baxışlarda, konsertlərdə səsləndirilir, onların albomları buraxılır. Həmçinin ittifaqın təşəbbüsü ilə tanınmış bəstəkarlar və musiqişünasların həyat və yaradıcılığından bəhs edən broşürlər nəşr olunur.

    Professor Firəngiz Əlizadə həm də bir neçə sənədli filmin ssenari müəllifidir. Rejissor Cahangir Zeynalovun çəkdiyi "Hüdudsuz muğam aləmi" sənədli filmi buna ən gözəl nümunədir. Filmdə 2009-cu ildə Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Beynəlxalq Muğam Festivalı bütün təfərrüatı ilə öz əksini tapıb.

    Dünya şöhrətli bəstəkarımız yaradıcılığının müdrik çağında bu gün də gənclik şövqü ilə uğurlar ənənəsini davam etdirir. Belə ki, 2019-cu ildə Firəngiz xanıma "Aga Khan Music Award" musiqi mükafatı təqdim edilib. Portuqaliyanın paytaxtı Lissabonda baş tutan mükafatlandırma mərasimində mükafatı Firəngiz Əlizadəyə Portuqaliya Prezidenti Marselu Rebelu da Soza, Əlahəzrət Ağa Xan və Şahzadə Amin təqdim ediblər.

    Qeyd edək ki, 1967-ci ildə yaradılan “Aga Khan Foundation” “Aga Khan Music Award” nominasiyasını yeni təsis edib. Bəstəkarlıq sahəsində verilən mükafatın ilk laureatı Firəngiz Əlizadə olub.

    Firəngiz xanımın fəal musiqi-ictimai fəaliyyəti Azərbaycan dövləti tərəfindən hər zaman yüksək qiymətləndirilib və o, Azərbaycanın Əməkdar incəsənət xadimi, Xalq artisti fəxri adlarına, "Şöhrət", "Şərəf" ordenlərinə və bir sıra mükafatlara, o cümlədən "Uğur", "Zirvə" mükafatlarına layiq görülüb.

    Həyatı boyu yaradıcılıq axtarışında olan Firəngiz xanım ömrünün 72-ci baharında da ənənəsinə sadiqdir. O, Azərbaycanı, doğma Vətənini böyük məhəbbətlə sevir və ona vicdanla xidmət edir. İnanırıq ki, onun əsərlərinin sədası bundan sonra da dünyanın ən məşhur konsert salonlarından gələcək.

  • Türkiyənin Azərbaycandakı səfirliyi ölkəmizi Respublika Günü münasibətilə təbrik edib

    Azərbaycan xalqının həyatında yeni bir mərhələ və tarixi hadisə olan Azərbaycan Xalq Cümhuriyyətinin 102-ci ildönümü münasibətilə onu səmimi qəlbdən təbrik edirəm. Bununla əlaqədar Şərqdə ilk demokratik respublika olan, müstəqilliyini ilk olaraq Osmanlı dövlətinin tanıdığı Azərbaycan Respublikasının banisi Məmməd Əmin Rəsulzadə və azərbaycanlı qardaşları ilə çiyin-çiyinə mübarizə aparmış Qafqaz İslam Ordusunun komandiri Nuru Paşa başda olmaqla şəhidlərin xatirəsini ehtiramla anıram.

    Bunu Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan ölkəmizi 28 May - Respublika Günü münasibətilə təbrikində bildirib.

    “Allahdan şanlı Azərbaycan bayrağının bu torpaqlar üzərində daim dalğalanmasını və bu ölkənin bir daha müstəqillik uğrunda mübarizə aparmaq məcburiyyətində qalmamasını arzulayırıq. Həqiqət odur ki, Azərbaycanın istiqlalı Türkiyənin də istiqlalıdır. “Sən bizimsən, bizimsən, durduqca bədəndə can. Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!” - deyə H.Altınalan vurğulayıb.

  • BDU-da onlayn tədbir: 28 May - Azərbaycan tarixinin şanlı səhifəsi

    Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Tələbə Həmkarlar Təşkilatının təşəbbüsü ilə 28 May - Respublika Gününə həsr olunmuş “28 May - Azərbaycan tarixinin şanlı səhifəsi” mövzusunda onlayn tədbir keçirilib.

    BDU-dan bildirilib ki, moderator, Kimya fakültəsinin dekan müavini Taleh Qəhrəmanov bu tarixi günün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olduğunu və Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyətinin istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirdiyini söyləyib. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlərin müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

    Sonra Respublika Günü münasibətilə hazırlanmış videoçarx nümayiş etdirilib, tələbələrin ifasında şeirlər səsləndirilib. AXC haqqında tarixi məlumatlar təqdim olunduqdan sonra “Bakı mənzərəsi” adlı rəsmin çəkiliş videotəqdimatı və “Xalq Cümhuriyyəti dövrundə Azərbaycan qadınları” mövzusunda məruzə iştirakçıların böyük marağına səbəb olub.

    Qeyd edilib ki, Kimya fakültəsinin dekanı Abdulsəyid Əzizov, dekan müavini Fuad Kərimli və fakültənin tələbə həmkarlar təşkilatının sədri Emin Qulusoy 1991-ci ildə ölkəmizin dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqilliyini möhkəmləndirdiyini, dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər görüldüyünü, bu gün respublikanın hərtərəfli və sürətli inkişafı naminə Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyiblər.

    “Microsoft Teams” platforması üzərindən təşkil olunan tədbir sualların cavablandırılması ilə yekunlaşıb.

     
  • Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib

    Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə Bakının İstiqlaliyyət küçəsində ucaldılmış abidəni Respublika Günü münasibətilə ziyarət edib.

    Dövlətimizin başçısı abidənin önünə gül dəstəsi qoyub.

    X X X

    Yüz iki il bundan əvvəl - 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən - Əqdnamədən də göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi.

    Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.

    Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.

    XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Beləliklə, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu.

    Ulu Öndərimiz dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq. Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verən Heydər Əliyev deyirdi: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”.

    Ümummilli Liderin bu siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısının sərəncamları ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olundu və AXC-nin 100 illik yubileyi təntənəli şəkildə qeyd edildi. Xalqımız Cümhuriyyətin yarandığı 28 May – Respublika Gününü bu il də milli bayram kimi qeyd edir.

  • Havanın temperaturu 37 dərəcəyədək yüksələcək

    Azərbaycanda mayın 29-da gözlənilən hava şəraiti açıqlanıb. 

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. 

    Səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub küləyi əsəcək.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 18-20, gündüz 25-30, Bakıda gecə 18-20, gündüz 27-29 dərəcə isti olacaq.

    Atmosfer təzyiqi 761 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.

    Mayın 29-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər duman olacaq, mülayim qərb küləyi əsəcək. 

    Havanın temperaturu gecə 15-20, gündüz 32-37, dağlarda gecə 7-12, gündüz 15-20 dərəcə isti olacaq.

  • “Şollerin arxivi” filmi ABŞ-da qranta layiq görülüb

    Bu gün mənim üçün çox sevindirici bir hadisə baş verib. “Şollerin arxivi” filminin 2-ci hissəsini istehsal etmək üçün “From the Hearts Production Prodakshn”a ssenari təqdim etdik.

    Bunu “Şollerin arxivi” filminin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov bildirib.

    “From the Hearts Production Prodakshn” 1960-cı ildən Amerika Birləşmiş Ştatlarının Koliforniya ştatının Oksnard şəhərində fəaliyyət göstərir. Prodakşının müxtəlif proqramları var. Belə ki, onun “Roy W.Dean” qrantı 1992-ci ildə təsis olunub və pul mükafatları təqdim edir.

    İstehsal etdiyimiz “Şollerin arxivi” filmi də bu qrant proqramı üçün seçilmişdi. Qrantın internet səhifəsində film barədə məlumatlar yerləşdirilmişdi. Qrant üçün əsasən, cəmiyyəti faydalandıran filmlər seçilir. Payızda “Şollerin arxivi” filminin reklamı onların qəzetində yerləşdiriləcək.

    “From the Hearts Production Prodakshn” cəmiyyətə töhfə verən unikal filmləri olan müstəqil rejissorların filmlərini maliyyələşdirməyə kömək edir. Əsas odur ki, güclü hekayələri olsun və professional şəkildə təqdim olunsun. Bu prodakşının müxtəlif sponsorluq proqramları ilə bu günə kimi müxtəlif filmlərə 30 milyon dollardan çox maliyyə köməyi edilib”,- deyə C.Qasımov əlavə edib.

    Qeyd edək ki, filmin rejissorunu qrantla bağlı 15 dəqiqəlik virtual iclasa dəvət ediblər.

    “From the Hearts Production Prodakshn” fondunun prezidenti Carole Dean “Şollerin arxivi” filminin yaradıcı heyətinə ünvanladığı məktubda deyir: “Parlaq filminizi nəzərdən keçirməyə göndərdiyiniz üçün təşəkkür edirik. Əsərinizi izləməkdən və oxumaqdan səmimi qəlbdən zövq aldıq...”

    C.Qasımov bildirib ki, başda özü olmaqla bir qrup yaradıcı insan ölkə başçısı İlham Əliyevin almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə imzaladığı Sərəncama ictimai dəstək olaraq “Şollerin arxivi” bədii filmini çəkib.

    “Şollerin arxivi” filmi Avropa mədəniyyətinə azərbaycanlıların sədaqətindən, Azərbaycan-Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir.

    Triller janrında çəkilmiş ekran əsərində Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Əjdər Zeynalov, Rövşən Kərimduxt, Ramiz Vəliyev, Sevda Ələkbərova, aktyor Mətləb Ərdəbilli və başqaları rol alıblar.

    Ekran əsərinin süjet xətti ötən əsrin 40-cı illərində Azərbaycanda yaşamış alman mənşəli Şollerlər ailəsinin həyatı üzərində qurulub. Filmin çəkilişləri Gəncə, Göygöl, Tovuz və Bakıda aparılıb. Ekran əsərində alman ailəsinin timsalında insan dramı göstərilib. Eyni zamanda, xalqımızın multikultural dəyərlərə sadiq qalması nəzərdən qaçmayıb. Filmdə baş verən hadisələr real həyatdan götürülüb.

    Qeyd edək ki, dünyada böyük marağa səbəb olan “Şollerin arxivi” bədii filmi Azərbaycan kino tarixində beynəlxalq festivallarda ən çox uğur əldə edən ekran əsərlərindəndir.