Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Beynəlxalq Muğam Mərkəzi qolça qopuz haqqında mühazirəni təqdim edib

    Beynəlxalq Muğam Mərkəzi “Qədim milli alətlərimiz” rubrikasından qolça qopuz haqqında mühazirəni təqdim edib.

    Azərbaycan Milli Konservatoriyasının Milli musiqi alətlərinin təkmilləşdirilməsi laboratoriyasının rəhbəri Məmmədəli Məmmədov bu alət haqqında aparılan tədqiqatlardan danışıb. Qeyd edib ki, mərhum tədqiqatçı alim Məcnun Kərimovun fikrincə, Dədə Qorqudun qolça qopuzu adından da göründüyü kimi qolda gəzdirilib. Deyilənə görə, qolça qopuzu Dədə Qorqud icad edib. Qopuz üç simli imiş, burada üç sim o dünyanı, yerüstü aləmi və kainatı bildirir. Hər bir alət dövrün tələbinə görə inkişaf edib. IX əsrdə qopuzun qolu uzadılıb, hər simin yanına biri əlavə olunub.

    Bugünkü qopuz aləti də günün tələbinə görə təkmilləşdirilib. Qolça qopuz Beynəlxalq Muğam Mərkəzinin “Qədim milli musiqi alətləri” ekspozisiyasında nümayiş olunur.

    Xatırladaq ki, Mərkəz elmi tədqiqat və araşdırma yönlü fəaliyyəti çərçivəsində muğam sənətimizin və musiqinin müxtəlif janrlarını əhatə edən, milli musiqi alətlərimizin tarixi və problemlərinə həsr olunan elmi-praktiki konfrans və müzakirələr keçirib və bu fəaliyyət uğurla davam etdirilir.

  • Mayın 30-u Beynəlxalq Dağınıq Skleroz Günüdür

    Mayın 30-u Beynəlxalq Dağınıq Skleroz Günüdür. Dağınıq skleroz baş-beyni, görmə sinirlərini, onurğa beynini zədələyən xəstəlikdir və orqanizmdə müvafiq funksiyaların pozulmasına səbəb olur. Xəstəlik sinir liflərinin üzərini örtən ağ piy maddəsi mielinin yox olması - xaotik dağınıq mielinsizləşmə ocaqlarının yaranması ilə səciyyələnir.

    Beynəlxalq Dağınıq Skleroz Günü həmin problemlə məşğul olan Beynəlxalq Federasiya tərəfindən təsis edilib. 1935-ci ilə qədər dünyada bu xəstəlik haqqında məlumat olmayıb. Onun əlamətlərini ilk dəfə fransız həkim J.Kryuvele təsvir edib. İki il sonra Böyük Britaniyada R.Karsvell də onun haqqında müşahidələrini açıqlayıb. XIX əsrin ortalarına doğru xəstəlik barədə artıq xeyli məlumat var idi. 1868-ci ildə fransız nevroloq J.Şarko dağınıq sklerozun patomorfoloji əlamətlərini toplayaraq xəstəliyin diaqnostik meyarlarını hazırlayıb. Statistik məlumatlara əsasən, hazırda dünya üzrə dağınıq sklerozdan əziyyət çəkən xəstələrin sayı təxminən 2,3 milyon nəfərdir.

    Azərbaycanda dağınıq skleroz səhiyyənin aktual məsələlərindən biridir. 2018-ci il fevralın 28-də Azərbaycan Prezidentinin imzaladığı Sərəncamla “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Dövlət tibb müəssisələrində müayinə və müalicənin, həcminin və həyat keyfiyyətinin artırılmasına, onların inyeksiya vasitələri və dərman preparatları, o cümlədən daha səmərəli preparatlarla təminatının yaxşılaşdırılması uçun lazımi şərait yaradılıb.

    2013-2017-ci illərdə Dövlət proqramı çərçivəsində ölkə üzrə müayinə olunan 1400-ə yaxın xəstədən 1214-nə dağınıq skleroz diaqnozu qoyulub. 170-dən çox xəstədə diaqnoz tamamilə inkar edilib. 500-ə qədər xəstəyə “Avonex” preparatı, təxminən 200 nəfərə “Mitoksantron” preparatı təyin edilib. Ehtiyac yaranan təqdirdə xəstələr ümumilikdə 20-yə qədər adda digər preparatlarla təmin edilib.

    Dağınıq skleroz adətən gənc yaşlarda başlanır. Lakin 15 yaşdan 60 yaşa qədər istənilən dövrdə onunla rastlaşmaq mümkündür. Qadınlar kişilərə nisbətən xəstəliyə daha çox meyillidir. Ən yüksək xəstələnmə faizi mülayim iqlimdə yaşayan ağ irqə mənsub olanlar arasında müşahidə edilir. Xəstəlik irsən keçmir. Dağınıq skleroz həyatının məhsuldar dövründə tam əlilliyə səbəb olan travmalardan və revmatoloji xəstəliklərdən sonra üçüncü yeri tutur.

     
  • Kukla Teatrı “Ələddin” tamaşasını onlayn nümayiş etdirəcək

    Mayın 31-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı “YouTube” kanalında “Ələddin” tamaşasını nümayiş etdirəcək.

    “Min bir gecə” nağıllarından birinin – “Ələddinin sehrli çırağı” əsasında Əməkdar artist Nicat Kazımovun səhnələşdirdiyi tamaşa daim maraqla izlənilən nümunələrdəndir.

    Quruluşçu rejissoru Elşad Rəhimzadə, quruluşçu rəssamı Lətifə Quluzadə olan tamaşa məşhur qəhrəmanlıq nağılını əks etdirir. Ələddin, Şah, Budur, Vəzir, Ana, Cəllad obrazları vasitəsilə təqdim olunan tamaşa balaca izləyicilərə əzmkarlıq, mübarizlik və qəhrəmanlıq hissləri aşılayır.

     
  • Könüllülər “Bir-birimizi qoruyaq!” kampaniyası çərçivəsində yeni aksiyaya başlayıblar

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Biz birlikdə güclüyük” təşəbbüsü çərçivəsində Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) tərəfindən start verilən “Bir-birimizi qoruyaq!” adlı kampaniyanın bir hissəsi olaraq könüllülər yeni maraqlı aksiyaya başlayıblar.

    AKƏM-dən bildiriblər ki, respublikanın şəhər və rayonlarında, o cümlədən Bakının 12 rayonunda keçirilən aksiya çərçivəsində, əhalinin çox olduğu müxtəlif məkanlarda - restoran, kafe, parklarda könüllülər üzərində koronavirusdan qorunmaq məqsədilə hazırlanan təbliğat və təşviqat yazıları əks olunmuş stikerlər yapışdırıblar. Belə ki, karantin qaydalarına riayət olunan məkanların girişlərinə “Burada qaydalara əməl olunur” və “Nümunəvi obyekt”, ictimai nəqliyyatda və parklarda, şəxsi avtomobillərdə, insanların köynəklərində “Aralı əyləşin, sağlam olun”, “Məsafə saxla”, “Bir birimizi qoruyaq”, “Sağlamlıq məsafəsi saxlayın” yazılı xüsusi stikerlər yapışdırılır, həmçinin insanlar arasında maarifləndirmə aparılır.

    “Bir-birimizi qoruyaq!” adlı kampaniyanın məqsədi karantin rejiminin yumşaldılması ilə əlaqədar insanların kütləvi toplaşdığı yerlərdə sosial məsafə və digər davranış qaydaları barədə ictimai maarifləndirmənin aparılması, həm xəstəliyin yayılmasının qarşısının alınması üçün vaxtında səmərəli tədbirlər həyata keçirən dövlətimizə, həm də koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə gecə-gündüz çalışan vətəndaşlarımıza könüllülərin dəstəyini nümayiş etdirməkdən ibarətdir.

    Qeyd edilməlidir ki, yeni növ koronavirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə martın 27-də formalaşan və fəaliyyətində “ASAN Könüllüləri” Təşkilatı, “Regional İnkişaf” İctimai Birliyi, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, “Könüllü DOST” Proqramı, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, “Nəqliyyat Könüllüləri” Proqramı, “Formula 1 Azərbaycan Qran Prisi” Könüllülük Proqramı, “Miqrasiya Könüllüsü” İctimai Birliyi, “Könüllü gömrükçü” Dəstəsi, “Turizm Könüllüləri” Təşkilatı, “Ekokönüllüləri” Qrupu, “AFFA və Avro-2020” Könüllülər Proqramı, “Gənc Könüllülər” Hərəkatı və digər təşkilat və hərəkatların iştirak etdiyi Mərkəzin işinin əlaqələndirilməsi Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən həyata keçirilir.

    Fəaliyyətində Azərbaycan Respublikası Prezidentinin “Biz birlikdə güclüyük!” şüarını rəhbər tutan AKƏM tərəfindən respublikanın demək olar ki, bütün şəhər və rayonlarında könüllülər səfərbər olunub, onların əlaqələndirilməsi və lazımi fəaliyyətlərə yönləndirilməsi həyata keçirilib. Bu günədək AKƏM-in təşkilatçılığı ilə keçirilən “Böyüklərimizi qoruyaq!”, “Könüllü qonşu”, “Könüllü donor” aksiyalarında minlərlə könüllü iştirak edib.

     
  • Məcburi köçkünlərin mənzil–məişət probleminin həlli dövlətimizin prioritet vəzifəsidir

    Azərbaycanda həyata keçirilən sosial siyasət, insanların həyat səviyyəsinin daha da yaxşılaşdırılması doğma torpaqlarının nisgili ilə yaşayan qaçqın və məcburi köçkünlərin timsalında da özünü aydın büruzə verir. Azərbaycan Prezidentinin bu qəbildən olan insanlara xüsusi diqqət və qayğısının müsbət nəticəsini ata-baba yurdlarından didərgin salınmış hər bir soydaşımız gündəlik həyatında açıq şəkildə hiss edir. Məcburi köçkün həyatı yaşayan insanların həyat səviyyəsinin, mənzil-məişət şəraitinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması, onların məşğuliyyətinin təmin olunması dövlətimizin qarşıya qoyduğu prioritet vəzifələrindən biridir. Bunu indiyədək reallaşdırılan çoxsaylı faktlar da təsdiqləyir.

    Bu fikirləri Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə bildirib.

    Çingiz Qənizadə deyib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından didərgin salınaraq qaçqın və məcburi köçkünə çevrilən soydaşlarımıza dövlətimiz tərəfindən daim diqqət göstərilir. Bu istiqamətdə reallaşdırılan dövlət siyasəti, müvafiq proqramların uğurla icrası göz önündədir. Hətta bəşəriyyətin başı üzərini almış koronavirus pandemiyasının tüğyan etdiyi bir vaxtda da sosial proqramların icrası davam etdirilir, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva reallaşdırılmış layihələrin açılış mərasimlərində iştirak edirlər. Xalqımız üçün əziz olan 28 May - Müstəqillik Günündə də belə bir xeyirxah, humanist addımın şahidi olduq. Söhbət Birinci vitse-prezident Mehriban xanın Əliyevanın təşəbbüsü ilə əsası qoyulmuş “Qobu Park-3” yaşayış kompleksinin açılışından gedir.

    Xüsusi vurğulanıb ki, məcburi köçkünlərin mənzil-məişət probleminin, habelə məşğulluğunun təmin olunması Mehriban xanımın daim diqqət mərkəzində saxladığı prioritet vəzifələrdən biridir. Ümumiyyətlə, Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi ilk müşavirəni məcburi köçkünlərin sosial problemlərinə həsr etməsi onun yurd-yuvasını müvəqqəti itirmiş vətəndaşlarımıza diqqətindən və həssas münasibətindən xəbər verir. Həm xalqımıza, həm də beynəlxalq ictimaiyyətə məlum olduğu kimi, Mehriban xanım Əliyeva Heydər Əliyev Fonduna rəhbərlik etdiyi illərdə və deputatlıq fəaliyyəti dövründə də ölkə həyatının elə bir sahəsi olmayıb ki, oradakı problemli məsələlər onun diqqətindən kənarda qalsın. Həmçinin bir sıra xarici ölkələrdə məktəb tikintisində və digər xeyirxah missiyalarda öz köməyini əsirgəmiş olsun. Mehriban xanımın rəhbərliyi ilə həyata keçirilən layihələr təhsil, səhiyyə, mədəniyyət və sosial sferaları, ekologiya, idman və sair sahələri əhatə edir. Bütün imkan və bacarığını insanların rifahı naminə humanitar proqramların reallaşmasına, Azərbaycanın dünyada sivil ölkə kimi tanınmasına yönəldən Birinci vitse-prezident köməyə ehtiyacı olan insanlara hər an yardım etməyə hazır olub və bu gün də hazırdır. Qarşıya qoyulan növbəti prioritet vəzifə isə qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, həyat səviyyəsinin yüksəldilməsidir. Son illər həyata keçirilən tədbirlər, yeni yaşayış komplekslərinin tikilməsi, hər cür infrastruktura malik qəsəbələrin salınması bunun əyani sübutudur. “Qobu Park-3” yaşayış kompleksi növbəti nümunədir.

    Bu, məcburi köçkünlər üçün salınmış 111-ci qəsəbədir. 1336 məcburi köçkün ailəsinin yerləşəcəyi kompleksin ərazisində istehsalat sahələri, ticarət obyektləri və digər zəruri infrastruktur yaradılıb. Bütün mənzillər mətbəx mebeli, soyuducu, fərdi kombi sistemi ilə təchiz edilib. Ərazidə sakinlərin asudə vaxtının səmərəli təşkili məqsədilə istirahət parkı salınıb, uşaq əyləncə meydançaları quraşdırılıb, geniş yaşıllıq və işıqlandırma işləri görülüb. Burada həm də 3 idman meydançası və 360 yerlik açıq avtomobil dayanacağı sakinlərin ixtiyarına veriləcək.

    “Qobu Park-3” bu qəsəbədə salınmış üçüncü böyük yaşayış kompleksidir. Qəsəbədə, həmçinin 960 şagirdlik məktəb fəaliyyət göstərəcək və böyük uşaq bağçası artıq tikilib, istifadəyə hazırdır. Bütövlükdə, Qobu qəsəbəsində 3 layihədə ümumilikdə 3700-ə yaxın məcburi köçkün ailəsi yerləşdiriləcək. Xatırladım ki, “Qobu-1” və “Qobu-2” layihələri artıq 2018-ci və 2019-cu illərdə istifadəyə verilib. Bu şəhərciklərin tikintisinin də təşəbbüskarı Mehriban xanım olub və 2017-ci ildə onun iştirakı ilə burada təməl daşı qoyulub. Qısa bir müddətdə 20 minə yaxın soydaşımızın məskunlaşdığı hər cür infrastruktura malik 3 şəhərciyin salınması bir daha onu göstərir ki, əgər iradə varsa, siyasət düzgün aparılırsa və insanların ürəyində ən ülvi hisslər reallıqda öz əksini taparsa, istənilən təşəbbüs, istənilən gözəl ideya həyata keçər. Hətta bəşəriyyəti təhlükəyə salmış koronavirus pandemiyası da bu iradənin qarşısında acizdir. Bunu “Qobu Park-3” yaşayış kompleksinin tikintisi də təsdiqlədi.

    “Bütün bunlar bir daha təsdiqləyir ki, məcburi köçkünlərin problemləri ardıcıl şəkildə öz həllini tapır. Hətta ikili standartlar mərəzindən əl çəkə bilməyən bəzi beynəlxalq təşkilatların erməni vandalizminə laqeyd münasibəti də Azərbaycanı tutduğu yoldan döndərə bilməz. Birinci vitse-prezident Mehriban Əliyeva da çıxışlarının birində bu faktı cəsarətlə vurğulayıb. O, dünyada insan hüquqlarını qoruyan bir çox təşkilatların fəaliyyət göstərdiyini də diqqətə çatdırmışdır: “Niyə Azərbaycanın bir milyon qaçqın və məcburi köçkününün ən əsas hüququ – öz doğma torpağında, öz evində yaşamaq hüququ pozulub? Niyə bu təşkilatlar bu insanların hüquqlarının bərpası üçün heç bir səy göstərmirlər? Niyə dünya mediasının səhifələrində, saytlarında bu barədə məqalələr dərc etdirmirlər? Niyə dünya ictimaiyyətinə dolğun və doğru informasiya çatdırmırlar? Niyə işğalçı ölkəyə qarşı lazımi təzyiqlər göstərilmir? Bütün bu sualların cavablarını biz bilirik və hamı bilməlidir ki, əsas səbəb Azərbaycanın gücü, Azərbaycanın möhkəmlənməsi, Azərbaycanın müstəqilliyi və Azərbaycanın müstəqil siyasətidir”.

    Ölkə əhalisinin ən həssas təbəqəsi olan, doğma yurdlarından didərgin salınmış soydaşlarımıza diqqət və qayğı, onların qarşılaşdıqları problemlərin aradan qaldırılması dövlət siyasətinin prioritetini təşkil edir. Bu məsələdə dövlətimizin mövqeyi qəti və birmənalıdır: Torpaqlarımız işğaldan azad ediləcək və doğma ata-baba yurdlarından didərgin salınmış soydaşlarımız isti ocaqlarına qayıdacaqlar. Dövlətimizin başçısı bunu “Qobu Park-3” yaşayış kompleksinin açılışında da diqqətə çatdırdı: “Mən tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Bunu deməyə əsas verən bir çox amillər var - bizim hərbi gücümüz və biz bunu göstərmişik. 2016-cı və 2018-ci illərdə uğurlu hərbi əməliyyatlar nəticəsində minlərlə hektar torpaq işğalçılardan azad edildi. Cocuq Mərcanlı kəndinin timsalında biz görürük ki, işğaldan azad olunacaq digər torpaqlarda hansı işlər görüləcək və hansı sürətlə görüləcək. Biz Cocuq Mərcanlını uğurlu hərbi qələbədən sonra cəmi bir il ərzində yenidən qurduq və indi orada həyat qaynayır, köçkünlər öz doğma torpağına qayıdıblar. Bəzən belə fikirlər səsləndirilir ki, bəzi köçkünlər torpaqlar işğaldan azad olunandan sonra qayıtmaya bilərlər. Amma mən tam əminəm ki, bütün köçkünlər öz doğma torpaqlarına qayıdacaqlar, necə ki, Cəbrayıl köçkünləri… Biz bu gün işğal altında olan bütün digər torpaqlarda da bərpa işləri görəcəyik. Azərbaycan öz suverenliyini təmin edəcək”, - deyə Çingiz Qənizadə vurğulayıb.

     
  • “Dövlət satınalmaları haqqında” qanuna dəyişiklik edildi

    Prezident İlham Əliyev “Dövlət satınalmaları haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

    Sənədə əsasən, güzəştli düzəliş qeyri-neft məhsullarının istehsalı sahəsində investisiyaların stimullaşdırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan istehsal prosesinin hər hansı mərhələsi Azərbaycan Respublikasının ərazisində həyata keçirilən mallara da şamil ediləcək.

     
  • Tbilisidəki televiziya qülləsi və “Sülh korpusü” Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

    Mayın 28-də axşam saatlarında Tbilisinin ən hündür nöqtəsində, Mtatsminda parkında yerləşən televiziya qülləsi və Kür çayının Gürcüstan paytaxtının mərkəzindən keçən hissəsində quraşdırılmış “Sülh korpusü” (şüşəli körpü) Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

    Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə təşkil olunan aksiya 28 May - Respublika Gününə həsr olunub.

    Axşam saatlarından etibarən teleqüllə və şüşəli körpü yaşıl, qırmızı və göy rənglərlə işıq saçmağa başlayıb.

    İşıqlandırma mayın 29-u səhər saatlarınadək davam edib.

  • Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir

    Azərbaycanda mayın 30-na gözlənilən hava proqnozu açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 17-21°, gündüz 24-27° isti, Bakıda gecə 18-20°, gündüz 24-26° isti olacaq. Atmosfer təzyiqi 753 millimetr civə sütunundan 759 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək.

    Mayın 30-da Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 16-21°, gündüz 31-36° isti, dağlarda gecə 9-14°, gündüz 18-23° isti olacağı ehtimal edilir.

    Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, mayın 30-u gündüzdən 31-i axşamadək Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

     
  • Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

    Mayın 30-u səhər saatlarından etibarən Bakı şəhərinin mərkəzi və qəsəbələrdəki 300-dən artıq əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

    Bu barədə paytaxtın kommunal strukturlarından məlumat əldə edib. 

    Bildirilib ki, bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

  • Mayın 29-u Ümumdünya Sağlam Qidalanma Günüdür

    Mayın 29-u Ümumdünya Həzm Günü və ya Ümumdünya Sağlam Qidalanma Günüdür.

    Bu gün Ümumdünya Qastroenteroloqlar Təşkilatının təşəbbüsü ilə təsis olunub. Təşkilat 1935-ci ildə qastroenteroloqların Brüsseldə keçirilən birinci Beynəlxalq konqresində yaradılsa da, onun rəsmi təsis tarixi 1958-ci il mayın 29-u hesab olunur. Həmin gün Vaşinqtonda keçirilən Qastroenteroloqların Birinci Dünya Konqresində təşkilatın nizamnaməsinin qəbul edildiyi günün Sağlam Qidalanma Günü elan edilməsi qərara alınıb.

    Beynəlxalq qeyri-hökumət, peşəkar tibb federasiyası olan Ümumdünya Qastroenteroloqlar Təşkilatı yüzdən çox milli cəmiyyəti və dörd regional assosiasiyanı birləşdirir. Qurumun 50 mindən çox fərdi üzvü var.

    Bu günü qeyd etməklə Ümumdünya Qastroenteroloqlar Təşkilatının əsas məqsədi əhali arasında maarifləndirmə tədbirləri aparmaq, ictimaiyyətin diqqətini həzm pozulması səbəbindən yaranan problemlərə yönəltmək, o cümlədən hər il qastroenteroloji xəstəliklərin sayının çoxalması barədə xəbərdarlıq etməkdir. Təşkilat həmin məsələlərin işıqlandırılması, xəstəliyin profilaktikası, həmçinin həzm sistemi xəstəliklərinin müalicəsinin səmərəli üsullarının axtarışı ilə məşğul olur.

    Statistika göstərir ki, əhalinin 50-60 faizi düzgün olmayan həyat tərzi və həzm sistemi orqanlarının xəstəliklərinin pozulmasından əziyyət çəkir. Böyük şəhərlərdə həmin rəqəm 90 faizə çatır. Qıcqırma, köp, mütəmadi təkrarlanan qarın ağrısı həzm pozuntusu əlamətləri sayılır. Həmçinin düzgün qidalanmamağın nəticələri özünü piylənmə, maddələr mübadiləsinin pozulması və digər xəstəliklərlə büruzə verir. Həmin problemlərdən qorunmaq üçün qastroenteroloq və diyetoloqların məsləhət gördüyü əsas üsullardan biri də profilaktikadır. Profilaktik tədbirlərin əsası zərərli vərdişlərdən və az hərəkətli həyat tərzindən imtina etmək, stressdən uzaq olmaq, fiziki fəallığı artırmaq, rejim və qidalanma rasionuna diqqət yetirməkdən ibarətdir.

    Hər il Ümumdünya Sağlamlıq Gününə uyğun müxtəlif mövzular seçilir və bununla əlaqədar keçirilən bütün tədbirlər qastroenterologiyanın müəyyən probleminə, onun müalicəsi və profilaktikası üsullarına həsr edilir.

    Azərbaycanda da sağlam qidalanmanın təşviqi məqsədilə müxtəlif addımlar atılır. Ölkəmizdə aktiv həyat tərzinin təbliği, düzgün qidalanma, insan sağlamlığı üçün ziyanlı olan plastik qablaşdırıcılardan istifadənin azaldılması, zərərli vərdişlərdən imtina istiqamətində tədbirlər görülür. Sağlam qidalanmanın insanlara kiçik yaşlardan aşılanmasını nəzərə alaraq Qida Təhlükəsizliyi Agentliyi məktəblilər arasında “Sağlam məktəbli” layihəsini həyata keçirir.