Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • AZAL, ATB və “China Tourism Group” arasında Anlaşma Memorandumu imzalanıb

    "Azərbaycan Hava Yolları" QSC, Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu (ATB) və “China Tourism Group” arasında turizm sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

    Report bu barədə AZAL-a istinadən xəbər verir.

    Məlumata görə, sənədə noyabrın 15-də Çinin paytaxtı Pekində imza atılıb.

    İmzalanma mərasimində AZAL-ın icraçı direktorunun I müavini Nazim Səmədov, ATB-nin baş icraçı direktoru Florian Zenqstşmid, “China Tourism Group”un baş direktorunun müavini Van Çençen və digər rəsmi şəxslər iştirak ediblər.

    Memorandum çərçivəsində Azərbaycanda yeni turizm məhsullarının yaradılması, onların təşviqi, həmçinin onlayn və əyani şəkildə müxtəlif tədbirlərin təşkili üzrə birgə işlərin görülməsi nəzərdə tutulur.

    “Bu təşəbbüs Azərbaycan və Çin arasında turizmin inkişafı və turist axınının artırılmasına töhfə verəcək. AZAL müasir təyyarə parkına malik dünyanın sürətlə inkişaf edən aviadaşıyıcılarından biridir və marşrut şəbəkəsini daima genişləndirməkdədir. Belə ki, aviaşirkət dekabr ayından etibarən Çinin paytaxtı Pekinə uçuşlar həyata keçirməyi planlaşdırır. Bundan əlavə, AZAL gələcəkdə Çin istiqamətlərini inkişaf etdirməyə hədəflənib”, — deyə N.Səmədov bildirib.

    F.Zenqstşmid isə Çinin getmə turizmi üzrə geniş potensialının mövcudluğunu qeyd edib, imzalanmış memorandumun Azərbaycana səfər edən Çin vətəndaşlarının sayının daha da artmasına öz töhfəsini verəcəyini diqqətə çatdırıb. O, bu ilin yanvar-oktyabr dövrü ərzində Çindən Azərbaycana səfər edən ziyarətçilərin sayının 20 469 nəfər olduğunu, bunun da ötən ilin eyni dövrü ilə müqayisədə 7 dəfədən çox artım sayıldığını bildirib, bu rəqəmlərin çinli səyahətçilərin Azərbaycana xüsusi marağının göstəricisi olduğunu vurğulayıb.

  • Panel müzakirəsi: “Azərbaycan ədəbiyyatı beynəlxalq müstəvidə"

    Mədəniyyət Nazirliyinin təşkilatçılığı və “Caspian Event Organisers” şirkətinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçirilən 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Yazıçılar Birliyi və Azərbaycan Ədəbiyyat Fondunun birgə təşkilatçılığı ilə “Azərbaycan ədəbiyyatı beynəlxalq müstəvidə” mövzusunda panel müzakirəsi keçirilib.

    AZƏRTAC xəbər verir ki, tədbirdə gənc yazıçılar, şairlər, məktəblilər və media nümayəndələri iştirak edib.

    Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru, Əməkdar jurnalist Varis Yolçuyevin moderatorluğu ilə keçirilən tədbirdə çıxış edən yazıçı Yunus Oğuz Azərbaycan tarixinin və mədəniyyətinin çox qədim olduğunu deyib: “Bizim başlıca məqsədimiz ölkəmizin qədim tarixini dünyada tanıtmaqdır. Bu vəzifə balaca oxucularımızın və gənclərimizin üzərinə düşür”.

    Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri Sayman Aruz qeyd edib ki, Azərbaycan xalqının böyük və zəngin ədəbiyyatını yalnız ümumiləşdirərək dünyaya çatdırmaq mümkündür.

    Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, şair-publisist İntiqam Yaşar bildirib ki, dünyada ədəbiyyatın təbliğ edilməsi nəşriyyatların üzərinə düşür. Beynəlxalq əlaqələrin qurulmasında isə burada keçirilən kitab sərgisi mühüm rol oynayır.

    Onun sözlərinə görə, hər il Bakı Beynəlxalq Kitab Sərgisində müxtəlif ölkələrdən nəşriyyat evləri iştirak edir. Bu isə gələcəkdə əməkdaşlıq etmək üçün gözəl bir fürsətdir.

    Sonra tədbir panel diskussiyalarla davam edib.

    Fəal olan iştirakçılara kitab hədiyyələri təqdim olunub.

  • “Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa: “Edama məhkumun son günü”

    Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilən “Qonaq Teatr” layihəsi çərçivəsində Naxçıvan Dövlət Milli Dram Teatrı Bakıda “Edama məhkumun son günü” (Viktor Hüqo) tamaşasını təqdim edəcək. Tamaşa noyabrın 20-də Teatr Xadimləri İttifaqında nümayiş olunacaq.

    Teatr Xadimləri İttifaqından AZƏRTAC-a bildirilib ki, tamaşa Naxçıvan Teatrının 140 illik yubileyi münasibətilə hazırlanıb.

    Səhnə əsərinin quruluşçu rejissoru Mir Qabil Əkbərov, quruluşçu rəssamı isə Səyyad Bayramovdur.

  • Bakı Beynəlxalq Kitab Sərgisində növbəti təqdimat – “Türk ədəbiyyatının inciləri”

    9-cu Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin müvafiq sərəncamı ilə nəşr edilmiş “Türk ədəbiyyatının inciləri” toplusunun təqdimatı keçirilib.

    AZƏRTAC xəbər verir ki, tədbirdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin inspektoru Kərimulla Məmmədzadə “Türk ədəbiyyatının inciləri” adlı toplu haqqında məlumat verib, burada bütün türkdilli dövlətlərin görkəmli şair və yazıçıları haqqında məlumatların toplandığını bildirib. Yüz cildlik nəşrin 16 cildinin Azərbaycana həsr olduğunu qeyd edən K.Məmmədzadə burada 183 azərbaycanlı müəllifin əsərinin yer aldığını vurğulayıb.

    Özbəkistanın Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Atabek Ramazanov çıxış edərək yüzcildlik “Türk ədəbiyyatı toplusu”nu bütün Türk dünyası tarixində önəmli bir hadisə kimi dəyərləndirib.

    Tədbirdə Özbəkistan nəşriyyatının baş redaktoru Muhiddin Amanov sözügedən yüzcildlik nəşr haqqında geniş məlumat verərək sərgidə iştirakından məmnunluq duyduğunu bildirib. Qeyd edib ki, Özbəkistan və Azərbaycan söz, sənət adamları arasındakı əlaqələrin daha da inkişaf etdirilməlidir.

    Tədbirdə Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov çıxış edərək dövlətlərimiz arasında mədəni əlaqələrin qurulmasını çox yüksək qiymətləndirib.

    Sonda TÜRKSOY-un nümayəndəsi Vüqar Novruzoğlu bildirib ki, TÜRKSOY-un məqsədi milli mirasımızı gələcək nəsillərə ötürməkdir və bu cür layihələrin həyata keçirilməsi bu sahədə görülən vacib işlərdəndir.

  • Mahnı Teatrında ustad sənətkar Hüseyn Bozalqanlının anadan olmasının 160 illiyi qeyd olunub

    Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Aşıqlar Birliyinin (AAB) təşkilatçılığı ilə görkəmli saz-söz ustadı aşıq Hüseyn Bozalqanlının anadan olmasının 160 illiyinə həsr olunmuş tədbir keçirilib.

    AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı Hüseyn Bozalqanlının keçdiyi ömür yolundan və ustad sənətkar kimi yaradıcı fəaliyyətindən söz açıb. Qeyd edib ki, Hüseyn Bozalqanlı kiçik yaşlarından saza-sözə bağlanıb və on iki yaşından etibarən şeir yazmağa başlayıb. Eyni zamanda, məşhur aşıqların – Mirzə Bayramov, Qədir İsmayılov, Vəli Bozalqanlı, Ələkbər Əsgərov və başqalarının müəllimi olub.

    Bildirilib ki, Tovuzun Bozalqanlı kəndində anadan olan Hüseyn Bozalqanlı mədrəsədə təhsil aldığından ərəb və fars dillərini mükəmməl bilib. Azərbaycan aşıqlarının I və II qurultaylarında mötəbər qonaq kimi iştirak edib. Bozalqanlı 1941-ci ildə Tovuzda vəfat edib. Bu gün Tovuzda fəaliyyət göstərən Aşıq Muzeyi uzun illərdir ki, bu böyük sənətkarın adını daşıyır.

    Tədbirdə aşıqlar müxtəlif saz havaları üstündə Hüseyn Bozalqanlının şeirlərini ifa ediblər.

    Sonda ustad aşıq, Əməkdar mədəniyyət işçisi Əli Quliyev çıxış edərək tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

  • SOCAR-da talassemiyalı uşaqlar üçün qanvermə aksiyası keçirilib

    Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə başladılan "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Baş ofisinin inzibati binasında növbəti qanvermə aksiyası keçirilib.

    Reportun SOCAR-a istinadən verdiyi məlumata görə, talassemiya və hemofiliyadan əziyyət çəkən uşaqlara köməklik göstərmək məqsədilə könüllü olaraq “Qan ver, həyat xilas et!” devizi altında keçirilən xeyirxah aksiyada hər il olduğu kimi, bu il də SOCAR əməkdaşları fəallıq göstəriblər. Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya institutunun tibb personalının iştirakı ilə həyata keçirilən aksiyada “SOCAR Tower” də çalışan əməkdaşlar qan veriblər.

    SOCAR-ın bütün idarə və müəssisələrində təşkil olunacaq aksiya 2024-cü ilin 30 aprel tarixinə qədər davam edəcək.

    Qeyd edək ki, SOCAR "Talassemiyasız həyat naminə" proqramına 2009-cu ildən qoşulub və aksiyalarda ümumilikdə 41 min nəfərə yaxın SOCAR əməkdaşları iştirak ediblər.

  • Azərbaycan poçt sahəsində iki əlavə protokola qoşulub

    Prezident İlham Əliyev “Ümumdünya Poçt İttifaqının Nizamnaməsinə On Birinci Əlavə Protokol”a qoşulmaq haqqında" və "Ümumdünya Poçt İttifaqının Ümumi Reqlamentinə Üçüncü Əlavə Protokol”a qoşulmaq haqqında qanunları təsdiqləyib.

    Report xəbər verir ki, bununla da, ölkəmiz 2021-ci il avqustun 26-da Abican şəhərində imzalanmış iki protokola qoşulub.

  • “Animation in Azerbaijan 2023” adlı kataloq hazırlanır

    Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Animasiya Assosiasiyası “Animation in Azerbaijan 2023” adlı kataloq hazırlayır.

    Azərbaycan Animasiya Assosiasiyasından AZƏRTAC-a bildirilib ki, kataloq beynəlxalq tədbirlərdə, festivallarda, sərgilərdə, o cümlədən, Annecy Beynəlxalq Animasiya Filmləri Festivalında təqdim olunacaq.

    Sözügedən kataloqda Azərbaycanda çəkilmiş və hazırlıq mərhələsində olan animasiya filmləri və seriallar, animasiya sahəsində fəaliyyət göstərən studiyalar, kinofestivallar, animasiya kinosuna dəstək göstərən dövlət qurumları və qeyri-hökumət təşkilatlarının siyahısı yer alacaq.

    Qeyd edək ki, kataloqa öz işlərini təqdim etmək istəyən animasiya peşəkarları və animasiya studiyaları noyabrın 20-dək elektron qaydada müraciət edə bilərlər.

  • Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun nəşr etdiyi “Ana Tarla” kitabının təqdimatı olub

    Bakı Ekspo Mərkəzində görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun 95 illiyi münasibətilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun nəşr etdiyi “Ana Tarla” kitabının təqdimatı keçirilib.

    Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondundan AZƏRTAC-a bildirilib ki, kitabın Azərbaycan dilində çap olunması qırğız xalqının görkəmli yazıçısı, ictimai-siyasi xadimi Çingiz Aytmatovun zəngin irsinin tanıdılması, eləcə də Azərbaycan ilə Qırğızıstanın arasında ədəbi-mədəni əlaqələrinin daha da gücləndirilməsi məqsədini daşıyır.

    Əsəri Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair, publisist, tərcüməçi Teymur Elçin tərcümə edib.

    Nəşrdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı və dəstəyi ilə Çingiz Aytmatovun "Ana tarla" povesti əsasında səhnələşdirilən dram, eləcə də cari ilin aprel ayında Bakı Bələdiyyə Teatrı tərəfindən nümayiş olunan tamaşadan fotolar yer alır.

    Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Bakıda 9-cu Beynəlxalq Kitab Sərgisinin Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmasının böyük simvolik məna daşımasından söz açıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin Qırğızıstanın və Türk ədəbiyyatının böyük siması Çingiz Aytmatov ilə dostluq əlaqələri olub. Heydər Əliyevin mədəniyyətə, incəsənətə xüsusi məhəbbətindən bəhs edərək, Ulu Öndərin Azərbaycanın və bütövlükdə Türk dünyasının sənət adamları, şair və yazıçıları ilə səmimi münasibətlərinə diqqət çəkib.

    Günay Əfəndiyeva Fond tərəfindən Çingiz Aytmatovun “Ana Tarla” kitabının nəşrinin əhəmiyyətindən, əsərin mövzusunun müasir dünyada, eləcə də Azərbaycanda aktuallığından bəhs edərək deyib: “Əsəri oxuyarkən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü bərpası naminə canlarını fəda etmiş qəhrəman oğulların və onları bizlərə bəxş edən anaların obrazları gözlərimizin önündə canlanır. Bu kitab Vətən uğrunda şəhidlik zirvəsinə ucalmış igid oğulları böyüdüb boya başa çatdıran mərd analara ithafdır”.

    Qırğız Respublikasının ölkəmizdəki səfiri Kayrat Osmonaliyev kitabın Azərbaycan dilində nəşrini Azərbaycan və Qırğızıstan arasında tarixi dostluq münasibətlərinin, ədəbi əlaqələrin inkişafına töhfə kimi qiymətləndirib.

    Tədbirdə Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Musa Quliyev Çingiz Aytmatovun dünyəvi mövzuları ehtiva edən ədəbi-bədii yaradıcılığından söz açıb. O qeyd edib ki, fond gənc təşkilat olaraq, qısa müddət ərzində Türk xalqlarının tarixi-mədəni irsinin, ədəbiyyatının təbliğində, ictimai-siyasi əlaqələrinin möhkəmlənməsində önəmli rol oynayır.

    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun icraçı direktoru Mehman Həsənli Çingiz Aytmatovun həyat və yaradıcılığından bəhs edib. Natiq Fond tərəfindən kitabın hazırlanmasının və nəşrinin bütövlükdə Türk dünyası üçün böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.

    Tədbirin bədii hissəsində Bakı Bələdiyyə Teatrının aktyorları Elməddin Zabitli və Zülfiyyə Qurbanova yazıçının əsərlərindən parçaları, eləcə də Azərbaycan şairləri tərəfindən yazıçıya həsr olunmuş şeirləri səsləndiriblər.

    Daha sonra Fondun Bakı Bələdiyyə Teatrı ilə əməkdaşlığı çərçivəsində “Ana Tarla” əsəri əsasında hazırlanmış tamaşadan səhnələr göstərilib. Səhnə əsərinin quruluşçu rejissoru, Azərbaycanın Xalq artisti Mərahim Fərzəlibəyovdur.

    Tədbir böyük maraqla qarşılanıb.

    Qeyd edək ki, təqdimatda tanınmış mədəniyyət və incəsənət xadimləri, Türkdilli ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik korpusunun nümayəndələri, ictimaiyyət və KİV təmsilçiləri iştirak ediblər.

  • Bu gün Xalq artisti Xumar Zülfüqarovanın doğum günüdür

    Bu gün müasir Azərbaycan rəqs sənətinin görkəmli nümayəndəsi, baletmeyster, Xalq artisti Xumar Zülfüqarovanın anadan olmasının 96-cı ildönümü tamam olur.

    AZƏRTAC xəbər verir ki, milli rəqs adət-ənənələrinin qorunması və təbliği, gənclərə milli rəqsin professional öyrənilməsi hissinin aşılanmasında Xumar Zülfüqarovanın böyük xidmətləri olub.

    Xumar Zülfüqarova 1927-ci il noyabrın 15-də Bakı şəhərində anadan olub. O, 1945-ci ildə Bakı Xoreoqrafiya məktəbini bitirib. 1945-1966-cı illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, 1966-1978-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının solisti və bədii rəhbəri, Dövlət Rəqs Ansamblının yaradıcılarından biri, 1978-1988-ci illərdə Azərbaycan Dövlət Qastrol və Konsert üzrə Birliyinin ilk baş baletmeysteri olub. Üzeyir Hacıbəylinin “Koroğlu” operası əsasında rəqs qurub, Qara Qarayevin “Yeddi gözəl” baletində çıxış edib, kinofilmlərdə rol alıb. “Şah İsmayıl”, “Aşıq Qərib”, “Əsli və Kərəm”, “Leyli və Məcnun” operalarında rəqqasə qismində mahircəsinə çıxış edib. Rusiya, İraq, ABŞ və Kanadanın müxtəlif şəhərlərində qastrol səfərlərində olub, Azərbaycan peşəkar rəqs sənət nümunələrini nümayiş və təbliğ edib.

    1950-ci ildə Bakı Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyətə başlayan Xumar Zülfüqarova 60 il ərzində bir neçə nəsil rəqqas və xoreoqraf yetişdirib. Bu gün Azərbaycan səhnəsinin parlaq ulduzlarının bir çoxu, Azərbaycan Respublikasının Xalq və Əməkdar artistləri məhz Xumar Zülfüqarovanın yetirmələridir.

    Xumar Zülfüqarovanın xoreoqrafiya və rəqs sənəti sahəsindəki fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. O, müstəqil Azərbaycanın ali təltiflərindən olan “Şöhrət” ordeninə layiq görülüb.

    Xumar Zülfüqarova 2017-ci il iyulun 2-də ömrünün 90-cı ilində vəfat edib.

    Görkəmli rəqs ustası, tanınmış baletmeyster və səmimi insan Xumar Zülfüqarovanın əziz xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaq.