Rusiya turizm sektoru iyunun 1-dən ölkənin regionlarında karantindən mərhələlərlə çıxmağa başlayacaq.
Bu barədə jurnalistlərə Rusiya Federal Turizm Agentliyinin (“Rosturizm”) rəhbəri Zarina Doquzova məlumat verib.
O bildirib ki, ilkin mərhələdə lisenziyası olan sanatoriyalar, kotteclər və apart-otellər açılacaq. Federal Turizm Agentliyi 10 gün ərzində qubernatorlarla birlikdə hər regionun turizm sahəsinin özünün karantindən çıxış qaydalarını müəyyən edəcək.
Z.Doquzova vurğulayıb ki, hansısa sanatoriyada COVID-19 xəstəsi aşkar edilərsə, müəssisənin karantinə bağlanıb-bağlanmaması məsələsi müzakirə olunacaq. “Rosturizm”in rəhbəri xatırladıb ki, pandemiyanın əvvəllərində Yaponiya sahillərinə yan alan kruiz gəmisinin təcrübəsi bu tədbirin səmərəsizliyini göstərdi. Eyni zamanda, onun sözlərinə görə, təhlükəsizlik tədbirlərini də zəiflətmək olmaz.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi pandemiya dövründə oxuculara ədəbiyyatı təbliğ etmək məqsədilə “Onlayn müzakirə” rubrikasında ədəbiyyatşünaslarla, yazıçı və şairlərimizlə müntəzəm görüşlər keçirir. Rubrikanın təşkilində və keçirilməsində izləyicilərin rəy və təklifləri əsas götürülür.
Kitabxanadan bildirilib ki, “Onlayn müzakirə”nin növbəti qonağı “Yayım” Assosiasiyasının prezidenti Yaşar Zeynalov olub. Yaşar Zeynalov, həmçinin “Yeni nəşrlər” kataloq-jurnalının baş redaktorudur.
Kitabxananın “Instagram” hesabı üzərindən canlı olaraq yayımlanan görüşdə bədii ədəbiyyat, kitab və kitabın təbliği kimi mövzular müzakirə edilib.
“Azər-İlmə” Xalçaçılıq Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin birgə təsisçiliyi ilə nəşr olunan “Azərbaycan xalçaları” elmi-publisistik jurnalının 33-cü nömrəsi işıq üzü görüb.
Tarix və antropologiya ixtisasları üzrə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi nəşrləri sırasında olan jurnalda rəsmi xronika, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin gündəliyi, tarixşünaslıq, ayrı-ayrı xalq tətbiqi sahələrini əhatə edən müəllif yazıları, reportajlar, elmi məqalələr yer alıb.
Jurnalın bu nömrəsində professor Vidadi Muradovun “Fəxralı” (AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu), tarix üzrə fəlsəfə doktoru Tamilla Kərimovanın “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin fəaliyyəti (1923-1929-cu illər)” (AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu), akademik İsmayıl Hacıyevin “Mirbağır Mirbağırzadə: din xadimi, məfkurəli demokrat, inqilabçı və tanınmış tədqiqatçı” (AMEA Naxçıvan Bölməsi), filologiya elmləri doktoru Ramazan Siracoğlunun “Şirvanın Şilyanı var” (Karabük Universiteti, Türkiyə), dosent Gülçin Abdullayevanın “Azərbaycan əl xalçalarının tədqiqinə və kataloqlaşdırılmasına bir yanaşma haqqında” (AMEA İdarəetmə sistemləri İnstitutu), tarix üzrə fəlsəfə doktoru Cavid Bağırzadənin “Qarabağ bölgəsinin ilk orta əsr qəbir abidələri” (Gəncə Dövlət Universiteti) və s. kimi materiallar yer alıb.
Jurnalın baş redaktoru AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Xalçaşünaslıq” sektorunun müdiri, Əməkdar incəsənət xadimi, tarix elmləri doktoru, professor Vidadi Muradovdur.
Oxucular jurnalın elektron variantı ilə http://azerilme.az/ saytında tanış ola bilərlər.
Tanınmış şair Fərqanə Mehdiyevanın xatirəsinə “Fərqanə” ədəbiyyat mükafatı təsis ediləcək.
Bu barədə Dünya Gənc Türk Yazarlar Birliyindən məlumat verilib.
Bildirilib ki, mükafat hər il Fərqanə Mehdiyevanın doğum günü ərəfəsində xanım yazarlar arasında keçiriləcək müsabiqənin qalibinə təqdim olunacaq. Mükafatın təsisçisi Dünya Gənc Türk Yazarlar Birliyidir.
Qeyd edək ki, Fərqanə Mehdiyeva mayın 2-si uzun sürən xəstəlikdən vəfat edib. Mərhum şair “Ulduz” jurnalının poeziya şöbəsinin rəhbəri, AYB-nin üzvü, “Rəsul Rza”, “Mikayıl Müşfiq”, “Şahmar Əkbərzadə” mükafatlarının sahibi idi.
Respublika Gənclər Kitabxanası “Sevilənlər sevənlər” rubrikası altında keçirdiyi növbəti canlı yayımın qonağı Xalq artisti, xanəndə, milyonların sevimlisi Gülyaz Məmmədova olub.
Kitabxanadan bildirilib ki, çoxlu sayda pərəstişkarlarının qoşulduğu canlı yayımın aparıcısı, kitabxananın şöbə müdiri Günay Həsənovanın və istifadəçilərin sualları, müsahibin cavabları ilə maraqlı və yaddaqalan olub. Gülyaz xanım, ilk növbədə, səhnəyə gəlişindən, keçmiş xatirələrindən söhbət açıb, Nəriman Əliyev, Kamil Vəzirov, Canəli Əkbərov kimi ustadların adını çəkib. Canlı yayım zamanı Gülyaz xanım operada oynadığı rolları haqqında məlumat verib, Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasında Leyli, “Arşın mal alan” operasında Telli, “Koroğlu” operasında Xanəndə qız, Şəfiqə Axundovanın “Gəlin qayası” operasında Gülbahar, Ramiz Mustafayevin “Vaqif” operasında Xanəndə qız, Vasif Adıgözəlovun “Natəvan” operasında Xanəndə qız, Niyazinin “Rast” baletində Xanəndə obrazlarını xüsusi olaraq qeyd edib.
Gülyaz Məmmədova uzun illər ərzində səhnəni tanınmış muğam ifaçıları, Mənsum İbrahimov, Baba Mahmudoğlu, Zahid Quliyev, Səbuhi İbayev, İlkin Əhmədov və digərləri ilə bölüşdüyünü vurğulayıb.
Canlı yayım zamanı muğam sənətinin incəlikləri, müasir dinləyici zövqü və s. mövzular ətrafında maraqlı söhbətlər aparılıb. Bundan əlavə, Gülyaz xanım yayım boyunca izləyiciləri canlı ifası ilə sevindirib, arzu və istəkləri nəzərə alaraq mahnılar səsləndirib.
Sonda qonaq bu cür görüşlərin təşkilinə görə kitabxana rəhbərliyinə və bütövlükdə kollektivə öz dərin təşəkkürünü bildirib.
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi karantin rejiminin tələblərini nəzərə alaraq regionlarda çalışan mədəniyyət işçiləri üçün mədəni konsaltinq xidmətlərini təqdim etməyə davam edir. Buraya müxtəlif ixtisaslar üzrə təlimlər, metodiki vəsaitlərin təqdimatı, fərqli təyinatlı təqdimatlar və açıq mühazirələr də daxildir.
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyevin iştirakı ilə “Mədəniyyət evləri: kreativ fəaliyyət yanaşmaları” mövzusunda canlı mühazirə təşkil olunub. Mühazirə mövcud olan mədəniyyət evlərinin əməkdaşları və digər gənc mədəniyyət işçiləri üçün nəzərdə tutulub.
Zoom proqramı vasitəsilə baş tutmuş mühazirədə A.Usubəliyev mədəniyyət evlərinin fəaliyyətində yeni yanaşmalar, müasir forma və üsullardan istifadə yolları, onların sosial populyarlığı, əməkdaşların peşəkarlığı, mədəniyyət evlərinin tarixi, fəlsəfəsi və digər önəmli mövzulara toxunub. O, sahə üzrə kadrların hazırlanmasında maarifləndirmənin əhəmiyyətindən danışaraq, mövcud problemlərin həllində müəssisələrin birgə əməkdaşlığının qurulmasının vacibliyini vurğulayıb. Mərkəz olaraq hər zaman təşəbbüsləri dəstəklədiyini, müəssisələr arasında təcrübə mübadiləsinin aparılmasının zəruriliyini bildirib, mədəniyyət evlərinin fəaliyyətində müasir dövrün tələblərini diqqətdə saxlamağı və ona uyğunlaşmanın zəruri olduğunu qeyd edib, gənc kadrların mədəniyyət evlərinə cəlb edilməsinin vacibliyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Müzakirə olunmuş mövzular çərçivəsində konkret layihələr və onların reallaşma imkanları araşdırılıb. Mədəniyyət evlərində fəaliyyət göstərən dərnəklərin cəmiyyətdə populyarlığının artırılması məqsədilə onların sosial imicinin artırılmasına xidmət edəcək virtual layihələrin reallaşması və digər pullu xidmətlər də müzakirə olunub.
Müasir kreativ və rəqəmsal metodlardan istifadə olunmasının və qabaqcıl təcrübənin mənimsənilməsinin vacibliyini bildirən mühazirə iştirakçıları mədəniyyət evlərinin sosial imicinin və onların cəmiyyətdə, xüsusilə gənclər arasında, populyarlığının artırılması məqsədilə potensialların səfərbər olmasının vacibliyini bildiriblər.
Qeyd olunmalıdır ki, mədəniyyət işçiləri ilə yanaşı, mədəniyyət könüllüləri də sözügedən seminarda iştirak ediblər.
Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 18-dən etibarən ölkə ərazisində xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə qərarına uyğun olaraq Qobustan Milli Tarix-Bədii Qoruğunun fəaliyyəti bərpa olunub.
Qoruğun mətbuat xidmətindən bildirilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qaydaları və metodiki göstərişlərinə əsasən ziyarətçilər qoruğu 10 nəfərdən artıq olmayan qruplarla, sosial məsafə və sanitar-epidemioloji qaydalara əməl etmək şərti ilə ziyarət edə bilərlər.
Mədəniyyət və Təhsil nazirlikləri, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC), Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə reallaşan “Azərbaycanım” adlı üçüncü respublika rəsm müsabiqəsinə qeydiyyat başa çatıb.
Müsabiqə 21 yaşadək olan gənc və yeniyetmələr üçün təşkil olunur.
Yaxın günlərdə, müsabiqədə seçilmiş əsərlər və onlardan ibarət onlayn sərgi barədə ictimaiyyətə məlumat veriləcək.
Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə rəssamlıq istedadına malik olan uşaqlar, yeniyetmə və gənc rəssamların yaradıcılığında COVID-19 pandemiyası zamanı səhiyyə işçilərinin, hüquq-mühafizə orqanlarının əməkdaşlarının və Azərbaycan polisinin göstərdiyi çoxsaylı fədakarlıq nümunələrinin təsviri sənət əsərləri vasitəsilə təbliği və tərənnümü, milli həmrəylik, milli birlik duyğularını və insanların bədii zövqünü inkişaf etdirmək, rəssamların yaradıcılığını stimullaşdırmaq, doğma Vətənə məhəbbət hisslərini aşılanmaq məqsədi ilə təşkil edilən “Minnətdarıq” adlı respublika rəsm müsabiqəsinə qeydiyyat başa çatıb.
Müsabiqə uşaqlar, yeniyetmələr və 30 yaşa qədər gənc rəssamlar üçün nəzərdə tutulub.
Müsabiqəyə seçim 3 yaş kateqoriyası üzrə (5- 12, 12-17, və 17-30 yaş) aparılıb.
Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq və hər yaş qrupu üzrə qaliblər elan edilərək Mədəniyyət Nazirliyi tərəfindən mükafatlandırılacaq.
İlk üç yerin qalibi ilə yanaşı, hər yaş kateqoriyasında həvəsləndirici mükafatlar da nəzərdə tutulub.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında gürcü dramaturqu A. Saqarelinin “Xanuma” əsəri əsasında hazırlanan eyniadlı tamaşa növbəti dəfə mayın 31-də sənət ocağının “facebook” səhifəsi vasitəsilə onlayn nümayiş olunacaq.
İkihissəli musiqili parodiya Əməkdar incəsənət xadimi Mikayıl Mikayılovun quruluşunda təqdim olunacaq. Tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Xalq Artisti Tofiq Quliyevdir.
Səhnə əsərində rolları Xalq artistləri Bəsti Cəfərova, Ramiz Novruz, Hacı İsmayılov, Cəfər Namiq Kamal, Zemfira Nərimanova, Əməkdar artistlər Mətanət Atakişiyeva, Şəlalə Şahvələdqızı, Elşən Rüstəmov və başqaları ifa edəcəklər.
Dramaturqun 1882-ci ildə yazdığı ailə-məişət, ülvi sevgi hissələrindən bəhs edən əsər əsasında hazırlanan tamaşada hadisələr XIX əsrdə Tbilisidə cərəyan edir.
Qeyd edək ki, tamaşanın premyerası 2011-ci ildə reallaşıb.