Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Musiqi məktəbi Ümummilli Liderin 97-ci ildönümü münasibətilə onlayn tədbir keçirib

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi 34 nömrəli uşaq musiqi məktəbi ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə onlayn tədbir keçirib.

    İdarədən bildirilib ki, tədbirdə dahi rəhbərin keçdiyi şərəfli ömür yolundan danışılıb və musiqi məktəbinin şagirdlərinin ifasında musiqi nömrələri ifa olunub.

  • “Generalın son əmri” tamaşası yenidən səhnədə

    Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Xalq şairi Vaqif Səmədoğlunun “Generalın son əmri” əsəri əsasında eyniadlı ikihissəli tragikomik tamaşa mayın 29-da sənət ocağının “facebook” hesabı vasitəsilə onlayn göstəriləcək.

    Teatrın mətbuat xidmətindən bildirilib ki, tamaşanın quruluşçu rejissoru Xalq artisti Ramiz Həsənoğlu, quruluşçu rəssamı Xalq rəssamı Nazim Bəykişiyev, bəstəkarı isə Əməkdar incəsənət xadimi Cavanşir Quliyevdir.

    Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan tamaşada əsas rolları Xalq artistləri Cəfər Namiq Kamal, Sabir Məmmədov, Əjdər Həmidov, Əməkdar artistlər Mehriban Xanlarova, Dilarə Əliyeva, Almaz Amanova, Ayşad Məmmədov, Rövşən Kərimduxt, aktyorlar Rəşad Bəxtiyarov, Ramin Şıxəliyev, Elnar Qarayev və Cümşüd Zeynalov ifa edəcək.

    Qeyd edək ki, tamaşanın premyerası 2014-cü il sentyabrın 19-da baş tutub.

     
  • “Fəna” tamaşası onlayn göstəriləcək

    Dövlət “Yuğ” Teatrı Orxan Fikrətoğlunun “İtki” və bir neçə hekayəsi əsasında hazırladığı “Fəna” tamaşasını sənət ocağının sosial şəbəkədəki hesabları vasitəsi ilə bu gün onlayn nümayiş olunacaq.

    Teatrdan bildirilib ki, rejissor Mir Sahib Ağazadənin quruluşu əsasında göstəriləcək səhnə əsərində rəsmlərin quruluşu Əməkdar rəssam Rəşid Şərifə məxsusdur.

    Saat 19:00-da göstəriləcək səhnə əsərində aktyorlar Qasım Nağı, Natəvan Qeybani, Oqtay Mehdiyev və başqaları iştirak edəcək.

    “Özü”nü itirmiş bir kişi birdən-birə bunun fərqinə varır. Xanımı və dostu ilə bunun necə baş verdiyini araşdırmağa çalışır. Sonradan məlum olur ki, sən demə onlar da “özlərini” itiriblərmiş. Çox çək-çevirdən sonra hər üçü öz fitrətlərini insan surətində görüb “özləri”nə qayıdırlar.

    Janrı “bir nəfəslik mərifət oyunu” kimi təqdim olunan tamaşada Mərcan Dədənin musiqilərindən istifadə olunub.

     
  • “Mənim günahım” tamaşası nümayiş olunacaq

    Mayın 15-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrının rəsmi “facebook” səhifəsində “Mənim günahım” tamaşası (videoçəkilişi) canlı yayım vasitəsilə nümayiş olunacaq.

    Teatrın mətbuat xidmətindən bildirilib ki, sənət ocağının repertuarında özünəməxsus yer tutan tamaşa Xalq yazıçısı İlyas Əfəndiyevin eyniadlı pyesi əsasında səhnələşdirilib.

    Tamaşada ölməz sənətkar Qara Qarayevin “Yeddi gözəl” baletindən və onun digər əbədiyaşar musiqilərindən istifadə edilib. Sevgi haqqında pritça olan balet-tamaşanın ideya müəllifi və bədii rəhbəri teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, quruluşçu rejissoru İradə Gözəlovadır.

    Tamaşada Nurcahan rolunu, Əməkdar artist Nərgiz Kərimova ifa edəcək. Digər rolları Əməkdar artist İlham Hüseynov (Sahib) və balet artisti Mələk Səfərova (Ayqız) canlandıracaqlar. Səhnə əsərinin dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysteri Əməkdar artist Yelena Ağayeva, quruluşçu rəssam Elnur Axundov, konsertmeyster Fidan Babayeva, rejissor assistenti Elməddin Dadaşovdur.

    Əsərin süjet xəttində yaşlandığını qəbul etməyən Nurcahan adlı balerinadan bəhs edilir. O, həyat yoldaşını gənc balerina - Ayqıza hədsiz qısqandığı üçün gərgin psixoloji sarsıntılar keçirir. Nurcahan Ayqızı təkçə ömür-gün yoldaşına deyil, həm də sənətinə qısqanır... Bəzən sənətə aşırı dərəcədə sevgi acınacaqlı nəticələr verir...

    Nurcahan səhnəyə yenicə qədəm qoyan gənc qızın gələcəkdə onun yerini tuta biləcəyindən qorxur. Buna görə də qarşısında maneə kimi gördüyü Ayqıza zərbə vurmaq üçün böyük bir günah işlədir. Sonra isə əməlindən çox peşman olur və bu mənəvi əzabını çəkir...

     
  • “Vətənimizə virtual səyahət” layihəsi davam edir

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası koronavirus pandemiyası ilə bağlı karantin dövründə “Vətənimizə virtual səyahət” layihəsinin davamlığını virtual formada həyata keçirir. Layihə əsasında bir çox şəhər və rayonlara bir-birindən maraqlı virtual səyahətlər təşkil olunub.

    İdarədən bildirilib ki, layihə çərçivəsində hazırlanan növbəti videoçarx ölkəmizin cənubunda yerləşən Masallı rayonu haqqındadır.

    Videoçarx Masallı rayonu haqqında ümumi məlumatla başlayır. Daha sonra sistemli şəkildə təbiətinin təsviri maraq doğuran fotolarla əks olunur. Videoçarxda Talış, Dəmbəlov, Bonabənd meşələri, Viləş, Boradigah, Alvadı, Bədalan, Tatyan kimi çaylar, Ərkivan, Ayran, Bağı, Şah Səfəvi, Şır-şır, Mehdi və s. bulaqlar yer alır.

    Rayonun flora və faunası videoçarxda maraqlı keçidlərlə nümayiş olunur. Florasına müxtəlif növ dərman bitkiləri, qeyri-adi quruluşa malik ağaclarından isə akasiya, hirkan ənciri, əzgil, şümşad, lantana, fikus, azaliya, beqoniya, banan palması, iqliminə görə uyğunlaşan faunasına oxlu kirpi, qunduz, porsuq, gərəf, cüllüt, vağ, qaşqaldaq, fısıldayan qu və s. daxil edilib.

    Tunc dövrünə aid Hişkədərə kəndində Qaraxantəpə, Qoşatəpə, Allahqulutəpə, Mirzətəpə kimi çoxlu sayda kurqanlar, III-IX əsrlərə aid Mahmudavar kəndində arxeoloji abidə, IX-X əsrlərə aid Ərkivan qalası, IX əsrə aid Güllütəpə kəndində Əmir türbəsi, XIV əsrə aid Hişkədərə kəndində Nəzirə Xanım türbəsi, XIX əsrə aid Masallı şəhər Cümə məscidi və müxtəlif dövrə aid qədim yaşayış yerləri videoçarxda əks olunur.

    Videoçarxda qədim ziyarətgahların və tarixin müxtəlif dövrlərində tanınmış görkəmli şəxsiyyətlərin siyahısı verilir.

    Masallıda tarixən inkişaf etmiş sənətkarlıq sahələrindən sandıqçılıq, dulusçuluq, oyma sənəti, həsir toxuma, zənbillik videonun davamında əks olunur.

    Azərbaycanın digər rayonları kimi Masallının da özünəməxsus mətbəx təamları var. Videoçarxda şüyüdlü plov, ləvəngi, lökü, sırdaq, kahı salatını görmək olar.

    Videoçarxda son olaraq, Masallının müasir binaları, parkları, İstisu sağlamlıq mərkəzi, Baba bulağı, Olimp, Gülüstan, Yanardağ mərkəzi kimi turizm və istirahət mərkəzlərinin fotoları təqdim olunur.

    Videoçarx “Masallı” mahnısı ilə müşayiət olunur.

     
  • Turan Manafzadə: Sənətimlə həm türk dünyası, həm də Vətənimin adına layiqli olmağa çalışıram

    Əvvəllər həkim olmaq istəyirdim. İlk müayinələrimi də atamın üzərində aparmışam. Lakin məni musiqiyə bağlayan qəribə bir bağ var idi. Yəqin ki, bu, musiqiçi ailəsində doğulmağımdan irəli gəlir. Həm də elə uşaq yaşlarından valideynlərim musiqiyə yatqın olduğumu hiss etmişdilər. Elə buna görə də fikrimi dəyişdim. İnsan bəzən hansı sahəyə aid olduğunu hiss etməyə bilir. Lakin mən valideynlərimin sözünə qulaq asdığım üçün çox xoşbəxtəm.

    Bu sözləri Azərbaycanın Əməkdar artisti, dirijor, bəstəkar və pianoçu Turan Manafzadə bildirib.

    Bakıda Azərbaycanın Əməkdar artisti, görkəmli pianoçu İslam Manafov və piano müəllimi Şükufə Manafovanın ailəsində doğulan Turan xanım ilk təhsilini də paytaxt Bakıda alıb.

    O, uşaqlıq xatirələrini bizimlə bölüşərək deyib: “Haradasa on yaşım var idi, qəribə bir şəkildə özümdə musiqi bəstələmə qabiliyyətini kəşf etdim. Bu musiqilərin ətrafımdakı insanlar tərəfindən bəyənildiyini gördüm. Qardaşımla Türkiyənin Memar Sinan Güzel Sənətlər Universitetinin Dövlət Konservatoriyasına imtahan verməyə hazırlaşırdıq. O zaman 12 yaşım var idi. Lakin Türkiyədə yaşayan həmvətənlərimiz bu təhsil müəssisəsinə daxil olmağın imkansız olduğunu demişdilər. Buna inad olaraq biz daha da yaxşı hazırlaşdıq. Nəticə olaraq imtahana girən 400 nəfərin içindən cəmi üç nəfər seçildi ki, onlardan da ikisi biz idik. Bu işin ciddiyyətini də elə onda anladım. Ondan sonra artıq çox böyük ciddiyyətlə, dörd əllə musiqiyə sarıldım. Haradasa 14-15 yaşlarımda artıq “Kenquru”, “Bulud, “Layla” kimi bəstələrim var idi, elə o zaman da səsimi kəşf etdim.

    Biz qardaşımla məktəbə bir yerdə gedirdik. Hər zaman bir-birimizə arxa-dayaq, sirdaş olmuşuq. Elə musiqidə də hər zaman bir-birimizi dəstəkləyirdik. Hətta onu deyə bilərəm ki, məni dirijorluğa məhz qardaşım Abuzər Manafzadə yönləndirib. Bunun üçün də ona çox minnətdaram”.

    Dünyada qadın dirijorların sayının çox az olduğunu deyən həmsöhbətimiz bildirib ki, 1950-ci illərə qədər orkestrlər üçün dirijorluğu kişilər edirdi. O zamandan sonra artıq qadınlar bu sahəyə yönəlməyə başladılar.

    “Hazırda dünyada haradasa 50-dək qadın dirijor var. Onlardan biri olmaq qürurvericidir. Elə buna görə də düzgün seçim etdiyimi, eyni zamanda, həm türk dünyası, həm də vətənimin adına layiqli peşə sahibi olmağa çalışıram. İlk konsertlərimin məşqlərində “dirijorumuz cavan bir qızdır”, “bilinmir necə olacaq” kimi sözlər çox eşitmişəm. Lakin işləməyə başladıqda mən onlara yanıldıqlarını göstərdim. Misal üçün, ilk məşqimizdə insanlar dirijorun harada olduğunu soruşurdular. Halbuki mən yanlarında dayanmışdım. Yəqin ki, onlar yaşlı, sərt simalı bir qadın, ya da kişi gözləyirdilər. Məni onlara təqdim edəndən sonra dirijor olduğumu bildilər. Azərbaycanda az sayda qadın dirijorlardan biriyəm. Bu, qürurverici olduğu qədər məsuliyyəti də ağırdır. Həm sərt olmalısan, həm də mülayim. Orkestrdə hər kəsin öz xasiyyəti var. Ona görə də daha mülayim olmağa üstünlük verirəm. Dünyanın müxtəlif ölkələrinin orkestrləri, musiqiçiləri ilə işləmişəm. Lakin bizim insanımız fərqlidir. Çox mülayim, saf və təmizqəlblidir. Digər ölkələrin orkestrlərində də məni çox dəstəkləyən insanlarla qarşılaşıram. Xüsusilə xanım olduğuma görə çox maraqla yaxınlaşırlar. Dirijor kimi ilk təcrübəmi isə Şimali Kiprdə keçirilən III İpək Yolu Konfransından keçdim. Bu mənim üçün ən yaddaqalan xatirələrdən biridir”, - o, belə söyləyib.

    Azərbaycan xalq mahnılarını interpretasiya etməsi barədə danışan dirijor deyib: “Bunu bəzən reallıqdan qopmamaq cəhdi kimi qiymətləndirirlər. Bəli, bu, haradasa belədir. Lakin zaman dəyişir, buna bağlı olaraq tələblər də fərqliləşir. Bütün bunlara baxmayaraq, biz öz mədəni irsimizi, eyni zamanda, musiqimizi gələcək nəsillərə çatdırmağa borcluyuq. Ümumiyyətlə isə yenilik etmək lazımdır. Bəzən mənə musiqiləri təhrif etdiyimi deyirlər. Əksəriyyət bəyənəndə belə, onların haradasa iki faizinin bu xoşuna gəlmir. Bu da normal haldır. Fikirlər fərqlidir. Mən dünyanın müxtəlif ölkələrində konsertlər verirəm. Öz musiqilərimdə də Azərbaycan təamını mütləq eşitdirmək istəyirəm. Bu, azərbaycanlı olaraq mənim borcumdur”.

    “Əməkdar artist kimi fəxri ad almaq insana çox böyük məsuliyyət hissi verir”, - deyən xanım dirijor, bu ada layiq görüldüyü üçün Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

    COVID-19 pandemiyası dövründə Turan Manafzadə ailəsinin musiqiçi üzvləri ilə birlikdə İstanbulda bir sıra onlayn konsertlər verib: “Pandemiya dövründə konsertimizi onlayn platformaya daşıdıq və buna davam edəcəyik. Belə bir çətin zamanlarda insanların mənəvi dəstəyə ehtiyacları var. Ötən bu bir neçə ay ərzində biz ailəliklə bir neçə konsert verdik və tamaşaçılar tərəfindən böyük maraqla qarşılandığını gördük. Zəng və ya mesajla insanlar öz təşəkkürlərini, xoş sözlərini çatdırdılar. Bizim üçün də gözəl təcrübə oldu”.

     
  • “Fond işinin təşkili və idarə edilməsi” mövzusunda onlayn təlim-treninq keçirilib

    Azərbaycan İstiqlal Muzeyi tərəfindən Biləsuvar, Xaçmaz, Ağstafa Regional Mədəniyyət idarələrinin nəzdində fəaliyyət göstərən Biləsuvar, Salyan, Neftçala, Cəbrayıl, Quba, Xaçmaz, Xudat, Yalama, Şabran, Qazax, Tovuz və Ağstafa şəhər və rayonlarının tarix-diyarşünaslıq, Heydər Əliyev mərkəzləri, xatirə və ev-muzeylərinin əməkdaşları üçün “Fond işinin təşkili və idarə edilməsi” mövzusunda onlayn təlim-treninq təşkil edilib.

    Moderator İstiqlal Muzeyinin baş mühafizi, Əməkdar mədəniyyət işçisi Aida Axundova təlim-treninqdə iştirak edən muzey əməkdaşlarının suallarını cavablandırıb.

    Treninqə qoşulan Azərbaycan Mədəniyyət Nazirliyinin mədəniyyət sərvətlərinə nəzarət və reyestrlər sektorunun müdiri Yaşar Hüseynli muzey portalının idarə olunması, muzey sahəsində tez-tez rastlaşılan çətinliklərin aradan qaldırılması haqqında danışıb, tövsiyələrini verib.

    Daha sonra sual-cavab şəklində davam edən treninq zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb və fikir mübadiləsi aparılıb.

    Videokonfransda xüsusi karantin rejimində muzey əməkdaşlarının fəaliyyəti ilə əlaqədar metodiki tövsiyələr də verilib.

     
  • Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Tərcümə Agentliyi fəaliyyətə başlayır

    Dövlət dilinin saflığının qorunması, düzgün istifadəsi və tərcüməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarından irəli gələn tələblərin icrası ilə əlaqədar dövlət dilindən istifadə və tərcümə sahəsinin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən təsis edilmiş ADTM Tərcümə Agentliyi fəaliyyətə başlayır.

    Tərcümə Mərkəzindən bildirilib ki, agentliyin fəaliyyət istiqamətlərinə – dövlət əhəmiyyətli sənədlərin, habelə təşkilatlar, sahibkarlar, eləcə də yerli və xarici vətəndaşların müraciət və sifarişləri ilə təqdim olunan mətn və materialların Azərbaycan dilində tərtibi, xarici dillərə tərcüməsi, redaktəsi və ekspertizası, həmçinin poliqrafiya xidmətləri də daxildir.

    Xidmətlər müvafiq sahədə peşəkarlığı ilə seçilən dil və tərcümə mütəxəssisləri tərəfindən müxtəlif formatda, o cümlədən elektron qaydada göstərilir.

    Agentliyin xidmətləri barədə ətraflı məlumat Azərbaycan Dövlət Tərcümə Mərkəzinin rəsmi internet səhifəsində (www.aztc.gov.az) yerləşdirilib.

  • Avropa aviasiyası Brüsselin vauçerlər barədə tövsiyələrindən narazıdır

    Avropa aviasiya sektorunda ən nüfuzlu və ən böyük assosiasiyalardan dördü Brüsselin vauçerlər barədə “dolaşıq tövsiyələrinə” görə təəssüfləndiklərini bildirib. Həmin vauçerlərə görə kompensasiya məbləği artıq 9,2 milyard avro təşkil edir.

    Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA), “Avropa üçün Aviaşirkət”in (A4E), Avropada Beynəlxalq Aviaşirkətlər Nümayəndəliyinin (AIRE) və Avropa Regionları Aviaşirkətləri Assosiasiyasının (ERA) birgə bəyanatında ifadə etdikləri narazılıq bu gün Avropa komissiyası tərəfindən buraxılmış “arzuedilməz və dolaşıq” tövsiyələrlə bağlıdır. Onların fikrincə, bu tövsiyələr təcili olaraq dəqiq və qətiyyətli tənzimləmə tədbirləri görülməli vaxtda aviaşirkətlər və sərnişinlər üçün daha böyük dolaşıqlıq yaradacaq”.

    Avropaya səfərlərin kütləvi ləğvinə görə pul vəsaitlərinin qaytarılması barədə müraciətlərin həcmi artıq 9,2 milyard avro təşkil edir. Buna görə assosiasiyalar təəssüflənirlər ki, Avropa komissiyası Cəmiyyətin reqlamentinə qaytarılmalar haqqında təcili düzəliş edilməsi barədə 16 üzv dövlətin xahişinə əhəmiyyət verməyib.

    Bu gün dərc edilmiş tövsiyələrdə Avropa komissiyası pandemiya ilə əlaqədar reyslərin ləğv edildiyi hallarda “vauçer”ləri seçən sərnişinləri cəlb etmək üçün Avropa ölkələri tərəfindən verilən dövlət zəmanətlərini və ya sığorta şirkətləri vasitəsilə şəxsi zəmanətləri dəstəkləyir.

    Bundan başqa, Brüsselin tövsiyələrinə əsasən, bu vauçerlər istifadə edilməsə, onlar qaytarılmalıdır: “Müvafiq vauçerin verilməsindən ən geci 12 ay sonra sərnişinlər və səyahətçilər istənilən vaxt pul kompensasiyası tələb etmək hüququna malik olmalıdırlar”.

     
  • “Minnətdarıq” adlı respublika rəsm müsabiqəsində qeydiyyat iki günə yekunlaşacaq

    Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə rəssamlıq istedadına malik olan uşaqlar, yeniyetmə və gənc rəssamların yaradıcılığında COVID-19 pandemiyası zamanı səhiyyə işçilərinin, hüquq-mühafizə orqanlarının əməkdaşlarının və Azərbaycan polisinin göstərdiyi çoxsaylı fədakarlıq nümunələrinin təsviri sənət əsərləri vasitəsilə təbliği və tərənnümü, milli həmrəylik, milli birlik duyğularını və insanların bədii zövqünü inkişaf etdirmək, rəssamların yaradıcılığını stimullaşdırmaq, doğma Vətənə məhəbbət hisslərini aşılanmaq məqsədi ilə təşkil edilən “Minnətdarıq” adlı respublika rəsm müsabiqəsi davam edir.

    Qeydiyyatına son iki gün qalan müsabiqədə iştirak etmək üçün uşaqlar, yeniyetmələr və 30 yaşa qədər gənc rəssamların www.xsm.az saytında tədbirlər bölümündəki “Minnətdarıq” afişasına toxunmaları və ya (http://xsm.az/site/minnetdariq) linkinə daxil olub 1 və ya 2 əsərinin fotosunu daxil etməklə göstərilən anketi doldurmaları tələb olunur.

    Seçim 3 yaş kateqoriyası üzrə (5- 12, 12-17, və 17-30 yaş) aparılacaq və 3 hər yaş kateqoriyasına ayrıca sərgi açılacaq. Sərgi Xətai Sənət Mərkəzində təşkil ediləcək.

    Festivalda Azərbaycanda yaşayan xarici ölkə vətəndaşları da iştirak edə bilərlər.

    Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq və hər yaş qrupu üzrə qaliblər elan edilərək Mədəniyyət Nazirliyi tərəfindən mükafatlandırılacaq.

    İlk üç yerin qalibi ilə yanaşı, hər yaş kateqoriyasında həvəsləndirici mükafatlar da nəzərdə tutulub.