Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • “COVID-19-dan sonra Azərbaycan və Gürcüstanda turizmin inkişafı” mövzusunda onlayn müzakirələr aparılıb

    Azərbaycanın və Gürcüstanın turizm üzrə ixtisaslaşmış qurumları arasında “COVID-19-dan sonra Azərbaycan və Gürcüstanda turizmin inkişafı” mövzusunda onlayn müzakirələr təşkil olunub.

    Dövlət Turizm Agentliyinin mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid və Gürcütsan Milli Turizm Administrasiyası rəhbərinin birinci müavini Rusudan Mamataşvilinin, həmçinin müvafiq qurumların əməkdaşlarının iştirakı ilə keçirilən müzakirələrdə turizmin post-pandemiya dövründə inkişafı, yeni çağırışlar və mümkün əməkdaşlıq imkanları müzakirə edilib.

    Florian Zenqstşmid hazırkı vəziyyətdə turizm sənayesinə kömək məqsədilə hökumət tərəfindən hazırlanan dəstək paketi, post-karantin dövründə ilkin olaraq təşviq ediləcək “Macəra yaxındadır” adlı daxili turizm kampaniyası haqqında məlumat verib, indiyədək yalnız xarici auditoriya üçün nəzərdə tutulan azerbaijan.travel saytının daxili turizm üçün də istifadə olunacağını qeyd edib.

    O, həmçinin rəqəmsal platformalar vasitəsilə onlayn olaraq hədəf bazarlarda Azərbaycanın tanıdılmasının davam etdiyini bildirib, bu istiqamətdə görülmüş tədbirlərdən biri kimi, Azərbaycan haqqında ümumi məlumat, müalicəvi turizm məhsulları, qastronomiya, şərab turları, ölkənin zəngin mədəni irsi kimi mövzuların əhatə olunduğu “elearning.tourismboard.az” portalında yerləşdirilən təlimlərdən bəhs edib.

    Florian Zenqstşmid Azərbaycanda post-karantin dövründə ilkin mərhələdə mehmanxana və mehmanxana tipli müəssisələrdə, ictimai iaşə obyektlərində (restoran və kafelər) və eyni zamanda, turistlərə xidmət edən nəqliyyat vasitələrində tətbiq olunması nəzərdə tutulan SAHMAN – Sanitariya və Gigiyena Metodları və Normaları Proqramı barəsində danışıb. Bildirib ki, proqram Azərbaycanı təhlükəsiz turizm məkanı kimi tanıtmaq və rəqabətliliyini artırmaq məqsədi daşıyır.

    Gürcüstanın Milli Turizm Administrasiyası rəhbərinin birinci müavini Rusudan Mamataşvili turizm sənayesinin mərhələli şəkildə karantin rejimindən çıxmaq planları və dövlətin turizmə dəstək paketi barəsində məlumat verib, Gürcüstanın daxili turizmə 15 iyundan etibarən start verəcəyini, xarici turistlər üçün sərhədlərin 1 iyuldan etibarən açmağı planlaşdırdığını qeyd edib. Rusudan Mamataşvili Gürcüstanda da post-pandemiya dövrü üçün ilkin olaraq ölkədaxili turizmin əsas istiqamət olacağını vurğulayıb.

    Daha sonra hər iki qurumun müvafiq şöbələri arasında müzakirələr aparılıb.

    Azərbaycan Turizm Bürosunun marketinq və brendinq şöbəsinin rəhbəri Fidan Əliyeva ilə gürcüstanlı həmkarı Gürcüstan Milli Turizm Administrasiyasının brendin inkişafı şöbəsinin rəhbəri Ana Kekelia arasında fikir mübadiləsi aparılıb. Müzakirələrdə Azərbaycan və Gürcüstanın birgə marketinq və təbliğat kampaniyası aparmasının məqsədəuyğunluğu, müştərək məhsullar hazırlanmasının turistlər üçün əlverişli seçim olması və bu istiqamətdə səylərin birləşdirilməsinin hər iki tərəf üçün daha faydalı ola bilməsi barəsində danışılıb.

    Öz növbəsində Azərbaycan Konqreslər Bürosunun rəhbəri Sevda Əliyeva və Gürcüstan Konqreslər və Sərgi Bürosunun rəhbəri Levan Caparidze işgüzar turizmin post-karantin dövründə yeni mümkün inkişaf istiqamətləri və s. haqqında fikir mübadiləsi aparıblar.

     
  • İndoneziya saytı görkəmli Azərbaycan mütəfəkkiri Əbdürrəhim bəy Haqverdiyev haqqında məqalə yayıb

    Azərbaycanda milli düşüncənin inkişafında əhəmiyyətli rol oynamış Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyi ilə əlaqədar ölkəmizin İndoneziyadakı səfirliyinin müşaviri Gültəkin Həbiblinin bu ölkənin nüfuzlu minanews saytında “Əbdürrəhim bəy Haqverdiyev-150” adlı məqaləsi yerləşdirilib. (https://minanews.net/mengenang-sastrawan-besar-azerbaijan-abdurrahim-bey-hagverdiyev/)

    Azərbaycan Prezidenti İlham Əliyevin görkəmli ədibin anadan olmasının 150 illiyi barədə Sərəncamına uyğun olaraq yazılan məqalədə milli düşüncənin inkişafında əhəmiyyətli rol oynamış Əbdürrəhim bəy Haqverdiyevin yubileyinin Azərbaycanla yanaşı, xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərimiz çərçivəsində də qeyd olunduğu, onun yaradıcılığının böyük oxucu kütləsinə tanıdıldığı bildirilir. Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizin tarixinə, ədəbi və mədəni irsinə verdiyi qiymətin nəticəsi olaraq, bu gün Azərbaycanın tək neft ölkəsi kimi deyil, həm də bəşər tarixinin, ədəbiyyatının, mədəniyyətinin nadir beşiyi kimi tanındığı qeyd olunur. Ölkəmizin dünyaya, həm də sözün dəyərini, zəngin tarixini, çoxşaxəli ədəbiyyatını ixrac etdiyi, ölkəmizin bu sahədə də artıq öz modelini yarada bildiyi vurğulanır. Məhz bu cür tədbirlərin sayəsində bir sıra xarici ölkələrdə Azərbaycanın tanınmış mütəfəkkirlərinin, söz ustadlarının, sənət adamlarının, ictimai xadimlərinin heykəllərinin ucaldıldığı, mədəniyyət mərkəzlərinin yaradıldığı, zəngin çalarlara və dərin tarixi köklərə dayanan Azərbaycan mədəniyyətinin və onun simalarının tanıdılması istiqamətində əməli addımların atıldığı diqqətə çatdırılır. Azərbaycanın ədəbiyyat külliyyatının müxtəlif dillərə tərcümə edildiyi, Heydər Əliyev Fondunun bu istiqamətdə tariximizə verdiyi töhfələrin yüksək qiymətə layiq olduğu bildirilir.

    Azərbaycanın ictimai həyatında fəal iştirak etmiş və sosial-mədəni quruculuq işlərində yorulmadan çalışmış, milli ideologiyanın oyanışında misilsiz xidmətləri olan Əbdürrəhim bəy Haqverdiyevin yaradıcılığının dövlət səviyyəsində qeyd olunmasının həyata keçirilən tədbirlərin tərkib hissəsi olduğu vurğulanır. Ə.Haqverdiyevin adının UNESCO-nun 2020–2021-ci illər üçün görkəmli şəxslərinin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilməsinin Azərbaycan ədəbiyyatına, onun tarixinə və zəngin irsinə verilən böyük dəyərin əyani təzahürü olduğu bildirilir.

    Məqalədə qeyd olunur ki, Ə.Haqverdiyev doğma Şuşamızın parçası, Azərbaycan milli ədəbiyyatının ölməz nümayəndəsidir. Bu gün Azərbaycanın dilbər guşəsi olan Qarabağın ürəyi sayılan Şuşa, çox təəssüf ki, Azərbaycanın həyata keçirdiyi beynəlxalq mədəniyyət, ədəbiyyat tədbirlərindən uzaq düşüb. Xatırlanır ki, erməni silahlı birləşmələrinin işğalına qədər mədəniyyət və musiqi beşiyi sayılan Şuşada Azərbaycan mütəfəkkirlərinin doğum tarixləri dövlət səviyyəsində qeyd edilirdi, bu şəhər beynəlxalq musiqi festivallarının beşiyinə çevrilmişdi. Ancaq Azərbaycan xalqı yenə o günlərə qayıdacağına, bu halın müvəqqəti xarakter daşıdığına inanır. Azərbaycanın dövlət başçısının həyata keçirdiyi uzaqgörən, düşünülmüş siyasəti nəticəsində Üzeyir Hacıbəylinin, Natəvanın, Bülbülün, Ə.Haqverdiyevin, Xan Şuşinskinin və bir çox dünya şöhrətli Azərbaycan karifeylərinin yetişdiyi Şuşa da daxil olmaqla, ölkəmizin işğal altında olan əraziləri azad olunacaq, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə “Cıdır” düzündə beynəlxalq tədbirlər keçiriləcək.

    Məqalədə, dövlət başçısının Sərəncamına əsasən, ölkəmizin İndoneziyadakı səfirliyinin təşəbbüsü ilə “İndoneziya Poçt Dövlət Şirkəti” tərəfindən üzərində “Şuşa Azərbaycan” yazısı və ədibin gənclik şəkli ilə yanaşı, arxa fonda “Şuşa qalası” təsvir olunmuş poçt markasının təsviri, o cümlədən, ədibin şəkli də yer alıb.

  • Xalq artisti Murad Hüseynovun Fransada lentə alınan konserti Ulu Öndərin 97-ci ildönümü münasibətilə nümayiş olunub

    “Mədəniyyət” kanalında ulu öndər Heydər Əliyevin 97-ci ildönümü münasibətilə Xalq artisti Murad Hüseynovun konserti nümayiş olunub.

    Beynəlxalq Muğam Mərkəzindən bildirilib ki, Fransanın Paris şəhərində Madeleine kilsəsində lentə alınan konsert tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

    Qeyd edək ki, konsert ümummilli liderin 90 illiyi münasibətilə 2013-cü ildə keçirilib. Konsertdə Azərbaycan və Qərb bəstəkarlarının əsərləri ifa olunub. Proqramda F.Şopen, R.Şuman, F.Listin əsərləri daxil edilib. Tədbirdə Fransa rəsmiləri, diplomatik korpusun və ölkəmizin UNESCO yanındakı daimi nümayəndəliyinin əməkdaşları, Parisdə səfərdə olan tanınmış siyasi xadimlər və diaspor təşkilatlarının rəhbərləri iştirak ediblər. Nümayiş olunan konsertdə dünyanın siyasi və mədəni arenasının görkəmli xadimlərinin iştirakı Ulu Öndərin xatirəsinə dərin ehtiramın bariz nümunəsidir.

     
  • “Mənəm, mən...” tamaşası nümayiş ediləcək

    Azərbaycan Dövlət “Yuğ” Teatrının yaradıcı heyəti görkəmli şair İmadəddin Nəsimiyə həsr olunmuş “Mənəm, mən...” adlı tamaşanı növbəti dəfə mayın 28-də onlayn şəkildə təqdim edəcək.

    Azərbaycan Dövlət “Yuğ” Teatrı və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə layihəsi əsasında hazırlanan səhnə əsərinin janrı mistik-psixoloji dramı kimi təyin edilib.

    Səhnə əsərində aktyorlar Xalq artisti Məmməd Səfa, Əməkdar artist Qasım Nağı, aktyorlar Əbdülqəni Əliyev, Ziya Ağa, Vüqar Hacıyev, Elgün Həmidov, Elşən Əsgərov və Amid Qasımov çıxış edəcək.

    Qeyd edək ki, yazıçı-dramaturq İlqar Fəhminin pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Vüsal Rəhim, bəstəkarı Xalq artisti Aygün Səmədzadə, plastik həllin müəllifi Ceyhun Dadaşov, rejissor assistenti Günel Səfərovadır.

     
  • Şəms Təbrizinin doğum günü onlayn qeyd ediləcək

    Təbrizin “Şəms Təbrizi” İnstitutu ilə İranın Humanitar və Fəlsəfə Araşdırmaları Mərkəzi İranın görkəmli azərbaycanlı şairi Şəms Təbrizinin doğum gününü onlayn şəkildə keçirəcək.

    Hər il iyulun 29-da İranda Şəms Təbrizi Günü kimi qeyd edilir. Bununla əlaqədar olaraq beynəlxalq elmi konfrans və simpoziumlar təşkil olunurdu. Lakin cari ildə koronavirus pandemiyası ilə əlaqədar olaraq dahi şairin doğum günü onlayn şəkildə elmi müsabiqə ilə qeyd olunacaq. Bunun üçün xüsusi (info@anjoman-erfan.com) elektron ünvan yaradılıb. Müsabiqədə iştirak etmək üçün Azərbaycanın, Türkiyənin, Orta Asiya respublikalarının və bəzi Şərqi Avropa ölkələrinin universitetlərinə dəvətnamə göndərilib. Müsabiqədə iştirak etmək istəyən tədqiqatçı alimlər məqalələrini yuxarıda göstərdiyimiz e-poçta göndərə bilərlər. Müsabiqəyə humanitar sahədə tədqiqatlar aparan elmi mərkəzlər də məqalə təqdim edə bilərlər. Məqalələr iyulun 21-dək qəbul ediləcək.

    Şəms Təbrizi ləqəbi ilə tanınan Məhəmməd Bin Əli İbn Məlikdad 1185-ci ildə Təbrizdə anadan olub. Onun şeirləri XII əsrdə bütün Yaxın Şərqdə, Türkiyədə dillər əzbəri olub. Şeirlərindən ibarət kitablar bu gün də ABŞ-da ən çox satılan kitablar arasındadır. Şair 1248-ci ildə İranın Qərbi Azərbaycan vilayətindəki Xoy şəhərində dəfn edilib.

    Qeyd edək ki, iyulun 29-da Şəms Təbrizinin, 30-da isə görkəmli filosof şair Cəlaləddin Məhəmməd Belihin də (Cəlaləddin Rumi) doğum günü olduğundan müsabiqəyə onunla bağlı məqalə və tədqiqat əsərləri təqdim edilə bilər.

     
  • “Qətibə İnanc” bu dəfə onlayn göstəriləcək

    Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının repertuarında xüsusi yer tutan “Qətibə İnanc” tamaşası növbəti dəfə - mayın 20-də sənət ocağının “facebbok” səhifəsi vasitəsilə onlayn göstəriləcək.

    İkihissəli səhnə əsəri görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanının motivləri əsasında Çingiz Ələsgərli tərəfindən yeni səhnə versiyasında işlənib.

    Xalq artisti Mərahim Fərzəlibəyevin quruluşunda təqdim olunacaq tamaşada rolları Xalq artistləri Bəsti Cəfərova, Sabir Məmmədov, Əməkdar artistlər Kazım Abdullayev, Mirzə Ağabəyli, Rövşən Kərimduxt, Elxan Quliyev, Məzahir Cəlilov, Əlvida Cəfərov, aktyorlar Rüstəm Rüstəmov, İlyas Əhmədov, Şəhla İsmayılova, Fidan Cəfərova, Elnur Qədirov və Cümşüd Zeynalov ifa edəcək.

    Rəsmlərinin quruluşu Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu olan səhnə əsərinin musiqi tərtibatı Kamil İsmayılova məxsusdur.

    Tamaşa Gəncə hakimi Əmir İnancın qızı Qətibə İnancın Şeyx Nizamiyə olan məhəbbətindən bəhs edir. Şeyx tərəfindən məhəbbəti rədd ediləndən sonra Qətibə İnancda hamıya qarşı nifrət yaranır. Bu nifrətinə görə Qətibə sevmədən Məhəmməd Cahan Pəhləvana ərə gedir.

    Qeyd edək ki, ilk dəfə 1977-ci ildə görkəmli rejissor Tofiq Kazımov “Qılınc və qələm” əsərini tamaşaya hazırlayıb.

     
  • “Qədim muzey işi ən müasir dövrlərdə” adlı beynəlxalq onlayn konfrans keçiriləcək

    Mayın 15-də “İçərişəhər” Muzey Mərkəzi Gürcüstan Milli Muzeyi ilə birgə 18 may - Beynəlxalq Muzeylər Gününə həsr olunmuş “Qədim muzey işi ən müasir dövrlərdə” adlı beynəlxalq onlayn konfrans keçirəcək.

    Konfrans tarixi və coğrafi baxımdan yaxın qonşularımızın beynəlxalq təcrübələri ilə tanış olmaq imkanı verəcək. Görüşdə, həmçinin gürcüstanlı həmkarlarla muzey sahəsində gələcək əməkdaşlıq imkanları da müzakirə ediləcək.

    “Zoom” konfransda iştirak etmək istəyənlər aydan.selimkhanova@gmail.com elektron ünvanına qısa mesaj göndərməklə qeydiyyatdan keçə bilərlər.

  • “Azərbaycanım” rəsm müsabiqəsinə qeydiyyat davam edir

    Mədəniyyət və Təhsil nazirlikləri, “Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti” (QSC), Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə reallaşan “Azərbaycanım” adlı üçüncü respublika rəsm müsabiqəsinə qeydiyyatın sona çatmasına dörd gün qalıb.

    Onun sözlərinə görə, festivalda iştirak etmək istəyən çoxsaylı insanların müraciətini və koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar müsabiqənin müddətinin artırılması xahişlərini nəzərə alaraq müsabiqəyə qeydiyyatın mayın 15-dək uzadılmasına qərar verilib.

    Müsabiqə haqqında ətraflı məlumatı Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı (azgallery.az), Xətai Sənət Mərkəzinin saytı (xsm.az) və sosial şəbəkələrdəki hesabları vasitəsilə əldə etmək mümkündür.

    Müsabiqədə iştirak etmək istəyənlər www.xsm.az saytında tədbirlər bölümündəki “Azərbaycanım” afişasına toxunmaqla və ya http://xsm.az/site/azerbaycanimfestival/ linkinə daxil olmaqla 1 və ya 2 əsərinin fotosunu daxil edərək göstərilən anketi doldura bilər.

    Qeyd edək ki, müsabiqəyə 21 yaşadək gənc və yeniyetmələr qatıla bilər.

  • Lənkəran Dövlət Dram Teatrı gənc rejissorlar üçün müsabiqə elan edib

    Lənkəran Dövlət Dram Teatrı müsabiqə yolu ilə rejissorları əməkdaşlığa dəvət edir.

    Müsabiqənin keçirilməsində məqsəd koronavirus (COVİD-19) pandemiyası bitdikdən sonra, sənətsevərlərin əhval-ruhiyyəsinə müsbət təsir edən, müasir dövrün tələblərinə cavab verən komediya janrında yazılmış əsəri tamaşaya hazırlamaqdır.

    Müsabiqədə əsasən, gənc rejissorların iştirakı nəzərdə tutulub. Təqdim olunan əsərlərin eksplikasiyası daha çox maraq kəsb edən rejissora üstünlük veriləcək.

    Dramaturji material və eksplikasiya 1 avqust 2020-ci ilə kimi təqdim olunmalıdır. Tamaşanın hazırlıq prosesi isə cari ilin dördüncü rübü üçün nəzərdə tutulub.

    Əlavə məlumat üçün qala-teatr@mail.ru e-mail ünvanına, eləcə də (02525) 5-49-73 və (050) 377-19-24 (mobil) telefon nömrələrinə müraciət etmək olar.

  • Nəğmələri ilə ürəklərdə yaşayan böyük sənətkar – Səid Rüstəmov

    Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən olan Səid Rüstəmovun adı musiqisevərlərə yaxşı tanışdır. Professional musiqimizin, milli bəstəkarlıq məktəbinin banisi dahi Üzeyir bəydən dərs alan və onun yolunu, musiqi irsini layiqincə davam etdirən Səid Rüstəmovun adı musiqi tariximizin səhifələrinə əbədi yazılıb. O, görkəmli bəstəkar olmaqla yanaşı, pedaqoq, dirijor, ictimai xadim kimi də müstəsna xidmətləri ilə özünə əbədiyaşarlıq qazanıb. Ömründə bəstəkarın mahnılarından ən azı birini dinləmiş şəxs sanki bu nəğmənin sehrinə düşərək ondan qurtula bilmir.

    Gözəl, axıcı melodiyaları ilə seçilən bu mahnılar onu dinləyən hər kəsin qəlbinə yol tapmağa, insan hisslərinə hakim kəsilməyə qadirdir. Bəstəkarın "Anamın laylası", “Alagöz”, “Maralım, gəl”, “Qurban adına”, “Bənövşə”, “Haralısan” və onlarla digər mahnılarını xatırlamaq kifayətdir ki, onun bizə qoyub getdiyi irsin necə zəngin olduğunu dərk edək.

    Bu gün bəstəkar, dirijor, pedaqoq, Azərbaycanın Xalq artisti Səid Rüstəmovun anadan olmasından 113 il ötür.

    Səid Rüstəmov 1907-ci il mayın 12-də indi Ermənistan ərazisi olan tarixi yurdumuzda - İrəvanda anadan olub. Səidin musiqiyə olan marağı İrəvanda ibtidai məktəbdə oxuduğu illərdə də nəzərə çarpıb. 1918-ci ildə İrəvanda baş verən erməni vəhşiliyi zamanı Səidgil qaçqın düşüb Türkiyəyə getsələr də, az vaxtdan sonra yenidən İrəvana qayıdıblar. Türkiyədən qayıtdıqdan sonra onlar evlərini dağılmış görüb, 1919-cu ildə Gəncəyə köçürlər. Burada ermənilər Səidin qardaşı Mirhüseyni öldürürlər. Ailə Gəncədə çox qalmayıb Ağdaşda məskunlaşır. Ailə Ağdaşa köçəndə Səidin 12 yaşı var idi. Bu yaşa qədər olan əzab-əziyyətli günlərə baxmayaraq, yeniyetmə Səidin musiqiyə marağı daha da artırdı. Tezliklə Rüstəmovlar ailəsi Bakıya köçür, Səid Müəllimlər Seminariyasına daxil olur. Həmin məktəbdə musiqi dərsləri keçilirdi. Səid burada truba çalmağı öyrənir. Balaca Səidin musiqidən əlavə rəsm çəkməyə də həvəsi olduğundan rəsm məktəbində məşğələlərə başlayır. Rəssamlıq məktəbi musiqi texnikumu ilə bir binada yerləşirdi. Səidin musiqi istedadı müəllimlərdən birinin diqqətini cəlb edir. O, Səidi Üzeyir Hacıbəylinin yanına aparır. Bu da Səidin taleyini həll edir. S.Rüstəmov 1924-cü ildə musiqi məktəbinin xalq çalğı alətləri şöbəsinə qəbul olunur.

    Səid Rüstəmov 1926-cı ildə Müəllimlər Seminariyasını bitirdikdən sonra Süleyman Sani Axundovun müəllimi olduğu 19 nömrəli birinci dərəcəli məktəbə müəllim təyin olunur. Gənc, tələbkar müəllim şagirdlərin dərin hörmətini qazanır. 1932-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirir. Səid Rüstəmovu digər sənətkarlardan - sənət dostlarından fərqləndirən cəhətlərdən biri də budur ki, o, pedaqoji fəaliyyətə ümumtəhsilin əsaslarını öyrədən məktəbdən başlayıb.

    Səid Rüstəmovun müxtəlif vaxtlarda Müəllimlər Seminariyasını, daha sonralar Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirməsi, pedaqogikanı, habelə ayrı-ayrı fənlərin tədrisi metodlarını bilməsi, bu sahədə müəyyən təcrübə keçməsi onun musiqi təhsili sahəsində ustad pedaqoq kimi tanınmasına zəmin yaradıb.

    Musiqi məktəbləri üçün "Not savadı" dərsliyinin əsas tərtibçilərindən biri olanda da, ilk "Tar məktəbi" dərs vəsaitini yazanda da, 1931-ci ildə respublikamızda notla çalan ilk xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijorunun köməkçisi, sonralar isə orkestrin bədii rəhbəri və baş dirijoru, Fioletov adına klubun mahnı və rəqs ansamblının (1945), Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının rəhbəri vəzifəsində çalışanda da öyrətmək məharəti ilə tanınan pedaqoq kimi nəzərə çarpıb. O, tar və dirijorluq ixtisası üzrə gənc musiqiçi kadrlarının hazırlanması işinə də xüsusi diqqət yetirib.

    Müxtəlif musiqi janrlarına müraciət edən S.Rüstəmovun əsərləri zaman, məkan baxımından köhnəlməyən, daim aktualdır. Mahnı S.Rüstəmov yaradıcılığının ən səciyyəvi janrıdır. Məzmun baxımından bu mahnılar çoxşaxəlidir. Belə ki, vətənpərvərlik, əmək-zəhmət, lirik-məhəbbət hisslərini ifadə edən bədii məzmun S.Rüstəmovun musiqisi ilə vəhdət təşkil edir. Bu mahnılardan “Oxu, gözəl”, “Hardasan?”, “Həkim qız”, “Getmə-getmə”, “Haralısan?”, “Bənövşə”, “İntizar”, “Sürəyya”, “Sumqayıt”, “Yürüş marşı”, “Cəbhəyə”, “Qurban adına”, “Sənindir” və başqalarının adını çəkə bilərik. Bu nəğmələr Bülbül, Ş.Ələkbərova, R.Behbudov, G.Məmmədov, S.Qədimova və bu kimi unudulmaz sənətkarlarımızın ifasında səslənərək sevilib, yaddaşlara həkk olunub və bu gün də ifaçıların repertuarında geniş yer tutur. Uşaqları unutmayan S. Rüstəmov onlar üçün də bir neçə gözəl nəğmə bəstələyib.

    Bəstəkarın yaradıcılığında instrumental əsərlər də böyük yer tutur. Bu mənada yenə xalq çalğı alətləri orkestri üzərində dayanacağıq. Çünki S.Rüstəmov “Azərbaycan süitası”nı, “Sevinc” rəqsini və digər əsərlərini məhz bu orkestr üçün yazıb.

    S.Rüstəmovun pedaqoji fəaliyyətinin mühüm bir dövrü Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyası ilə bağlı olub. O, bu mötəbər ali musiqi təhsili ocağında xalq musiqisi kafedrasının yaradıldığı vaxtdan istedadlı tarzənlərin yoluna işıq tutub. Dahi Üzeyir Hacıbəylinin vəfatından sonra Azərbaycan Bəstəkarlar İttifaqının sədri vəzifəsinə seçilməsi və 1953-cü ilədək həmin postda ustad müəllimin adına layiq çalışması həm də onun ictimai xadim kimi yetişməsini göstərirdi.

    S.Rüstəmov dəfələrlə Bakı şəhər sovetinə deputat seçildiyi illərdə də zəhmətkeşlərin mədəni həyat səviyyəsinin yüksəlməsi naminə yorulmadan çalışırdı. O, SSRİ Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü kimi də geniş, məqsədyönlü iş aparıb. Onun səsi-sorağı beynəlxalq konqreslərdən ən mötəbər məclislərdən gəlirdi. O, dəfələrlə xalq çalğı alətləri ifaçıları üçün keçirilən ümumdünya və ümumittifaq festivallarında münsiflər heyətinin sədri və üzvü olub.

    Böyük sənət fədaisi, alovlu vətənpərvər Səid Rüstəmovun geniş, çoxcəhətli fəaliyyəti gərgin əməyi layiqincə qiymətləndirilib. O, 1938-ci ildə Əməkdar incəsənət xadimi, 1957-ci ildə isə Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına, 1951-ci ildə isə SSRİ Dövlət mükafatına layiq görülüb.

    S.Rüstəmov 1983-cü il iyunun 10-da vəfat etsə də o, daima Azərbaycan musiqi sənəti tarixində yaşayır. Çünki bəstəkarın adı həm xalq çalğı alətləri orkestri, həm də əsərləri ilə qoşa çəkilir. Hələ neçə-neçə nəsillər böyük bəstəkarın yaradıcılıq irsindən dərs alıb, onun sənət çeşməsindən bəhrələnəcək.