Yasamal rayon Heydər Əliyev Mərkəzinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə elan etdiyi “Azərbaycanın xilaskarı” adlı rəsm müsabiqəsi davam edir.
Koronavirus pandemiyası ilə əlaqədar onlayn formatda keçirilən müsabiqəyə təqdim olunan rəsm əsərləri mayın 1-dən etibarən Yasamal rayon Heydər Əliyev Mərkəzinin “Facebook” (https://www.facebook.com/Haydar-Aliyev-Merkezi-319041938623779/) səhifəsində paylaşılır.
Qeyd edək ki, müsabiqənin qalibi mərkəzin “Facebook” səhifəsində onlayn səsvermə əsasında müəyyən olunacaq. “Azərbaycanın xilaskarı” rəsm müsabiqəsinin nəticələri isə mayın 10-da açıqlanacaq.
Mayın 17-dən 25-dək Tehranda keçirilməsi nəzərdə tutulan 38-ci “Fəcr” film festivalı təxirə salınıb.
Bu barədə məlumatı festivalın katibliyinin rəhbəri Məhəmməd Mehdi Əsgərpur verib. O bildirib ki, koronavirus pandemiyası festivalın keçirilməsini qeyri-mümkün edib. İran beynəlxalq təyyarə reyslərini dayandırıb ki, bu da festival iştirakçılarının Tehrana gəlişinə maneə yaradıb. Festivalda iştirak etmək istəyən ölkələrdə də koronavirus pandemiyası ilə əlaqələr nəqliyyat və digər problemlər mövcuddur.
M.M.Əsgərpur bildirib ki, təşkilatçılar bütün bu problemləri nəzərə alaraq festivalın 2021-ci ilin mayında keçirilməsini nəzərdə tutublar.
Qeyd edək ki, hər il Tehranda keçirilən “Fəcr” film festivalında Azərbaycan filmləri də nümayiş etdirilir.
O, çoxlarından fərqli olaraq şöhrətə gedən yolu çox gənc yaşlarından fəth etdi. 26 yaşında yazdığı “Məhəbbət əfsanəsi” ilə milyonların məhəbbətini qazandı. Amma bu uğur heç də onu arxayın salmadı. Gecəsini gündüzünə qataraq daha böyük inam və inadla yazıb-yaratdı. Nə yazdısa ürəyinin səsi, qəlbinin hökmü ilə yazdı. Bir an da olsun belə sənətə ötəri həvəs kimi yanaşmadı. Bəlkə də onu xalqa sevdirən də içindəki düzlük, Üzeyir Hacıbəyli ənənələrinə sadiqlik, Azərbaycana, onun milli-mənəvi, mədəni sərvətlərinə olan sonsuz sevgi idi. Belə sevgiləri qazanmaq isə yalnız və yalnız Arif Məlikov kimi dühalara nəsib olur.
Bu gün müstəqil Azərbaycanın və SSRİ-nin Xalq artisti, Dövlət mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Arif Məlikovun vəfatından bir il ötür. Arif Məlikov ötən il mayın 9-da 85 yaşında dünyasını dəyişib və I Fəxri xiyabanda dəfn olunub.
A.Məlikov öz simfoniyaları ilə XX əsrin sonu–XXI əsrin əvvəlində milli simfonik musiqimizin əsas inkişaf istiqamətini müəyyən etmiş, bu sahədə aparıcı rol oynamış bəstəkardır. Sənətdə ilk addımlarından o, musiqi aləmində bir ulduz kimi parlayıb, sahibi olduğu fitri istedadını sonrakı illərdə cilalayıb kamilləşdirdiyi peşəkarlığı ilə tamamlayaraq yeni zirvələrə yüksəlib.
O, belə möhtəşəm əsərləri - “Metamorfozlar”, Nazim Hikmətin sözlərinə 2 vokal silsilə, xalq çalğı alətləri orkestri üçün əsərlər, 7 nömrəli simfoniya, “Azərbaycan” balladası, 8 nömrəli simfoniya və digər teatr tamaşalarına yazdığı musiqiləri ilə çoxdan əbədiyaşarlıq qazanıb.
A.Məlikov, eyni zamanda, ən gözəl Azərbaycan filmlərinə musiqi yazmış bəstəkardır. Onların sırasında “Sehrli xalat”, “Axırıncı aşırım”, “Ulduzlar sönmür”, “Qərib cinlər diyarında” və başqalarını xüsusi qeyd etmək olar.
Görkəmli bəstəkarın xalqımız tərəfindən böyük rəğbətlə qarşılanan, sevilən əsərləri eyni həyəcan və coşqu ilə dünyanın hər bir ölkəsində dinlənilir, səhnələşdirilir. Arif Məlikov musiqisi ilə Azərbaycan musiqi sənəti dünyanın bir çox ölkəsində təmsil olunaraq rəğbət qazanır. Buna misal olaraq bəstəkarın hələ gənc yaşlarında yazdığı, dünyanın 60-dan çox ölkəsinin səhnələrini gəzən “Məhəbbət əfsanəsi” baletini göstərmək olar.
Məşhur bəstəkar Dmitri Şostakoviç “Məhəbbət əfsanəsi” baleti haqqında dəyərli fikirlər söyləyərək deyib: “Arif Məlikov istedadlı bəstəkardır. Musiqisi əsl professionaldır. Onun əsərində dərin musiqi dramaturgiyası, daxili inkişaf, dəqiqlik, qəhrəmanların xarakterini yüksək səviyyədə ifadə etmək məziyyətləri vardır. Orkestrin idarə edilməsində Arif Məlikovun nadir istedadı musiqiyə rəngarənglik və tamaşaçılara məftunluq gətirib”.
Əgər iri janrlarda bəstəkar alovlu bir natiq kimi geniş kütlələrə, milyonlara müraciət edərək ümumbəşəri problemlərdən, hamımızı narahat edən həyat məsələlərindən söz açırsa, miniatür əsərlərində – romanslar, fortepiano pyeslərində o, qəlbinin dərinliklərində gizlədiyi ən məhrəm duyğuları, lirik düşüncələri ilə dinləyicilərin ürəyinə yol tapır.
XX əsrin məktəblərinə, cərəyan və təmayüllərinə gözəl bələd olan, müasir kompozisiya texnikasına mükəmməl yiyələnən bəstəkar ən yeni yazı üsullarından sərbəst istifadə edir. Lakin müəllimi Qara Qarayev kimi, o da əvvəla, ən yeni vasitələrin məqsədə çevrilməsinə heç vaxt yol vermir, ikincisi isə heç vaxt möhkəm milli zəmindən, xalq musiqisinin sağlam köklərindən, həmişəyaşar qaynaqlardan ayrılmır. Vaxtilə təhsilini Asəf Zeynallı adına məktəbin xalq çalğı alətləri şöbəsindən başlayan, Əhməd Bakıxanov, Mansur Mansurov kimi sənətkarlardan tar ifaçılığının sirlərini öyrənən, öz barmaqlarını tara toxunduraraq muğamların, xalq musiqisi nümunələrinin cövhərini qəlbinə hopduran A.Məlikov bəstəkar kimi püxtələşib yetişdikdən sonra öz əsərlərində bu milli musiqi incilərinə yeni həyat vermişdir.
Onun bir bəstəkar kimi qazandığı nailiyyətlər özlüyündə təkcə musiqimizdə deyil, ümumilikdə, milli-mədəni tərəqqi naminə göstərilən xidmətlər hesab edilməlidir.
A.Məlikov həm də təcrübəli müəllim kimi böyük nüfuz sahibi idi. Onun sinfində təhsil alan onlarla istedadlı gənc bəstəkar öz müəllimindən sənətin sirlərini, kompozisiyanın əsaslarını öyrənməklə yanaşı, bəlkə bundan daha vacib olan keyfiyyətləri – Vətənə, xalqa məhəbbət hissini, milli-mənəvi sərvətləri göz bəbəyi kimi qorumaq, klassik ənənələrimizi yaşadıb inkişaf etdirmək məsuliyyətini də əxz edib, onun himayəsi altında böyük həyat məktəbi keçib.
Böyük bəstəkar həm də bir vətəndaş kimi Azərbaycanımızın bütün çətin məqamlarında sözünü deməyi, vətəndaşlıq mövqeyini ortaya qoymağı bacarıb. Xalqımızın ağır günündə o, qələmə sarılaraq 20 Yanvar faciəsini əks etdirən “İttiham edirəm” kitabını yazıb. Kitabda bu hadisələrdə günahı olan insanları cəsarətlə ifşa edərək, xalqımızın ağrı-acılarını dünyaya çatdırıb.
Arif Məlikovun sənət yaşını heç kəs bilmir. Onun yaşı musiqimizin yaşı qədər qədimdir.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Suraxanı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) əməkdaşları ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş silsilə layihələr hazırlayırlar.
İdarədən bildirilib ki, Suraxanı rayon MKS-nin 1 nömrəli filialı ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə hazırladığı videoçarxda 97 nömrəli tam orta məktəbin sinif şagirdləri Ulu Öndərimizin hər zaman əhəmiyyətini qoruyub saxlayan müdrik kəlamlarını səsləndiriblər.
Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “Şanlı zəfər tariximiz - 75” adlı virtual sərgidə İkinci Dünya müharibəsinə dair kitab və məqalələr, fotolar, videolar və digər sənədlər təqdim olunur.
Virtual sərgidə nümayiş olunan materiallar tam mətnləri ilə verilib. “Şanlı zəfər tariximiz - 75” adlı sərgi ilə tanış olmaq istəyənlər bu linkdən istifadə edə bilərlər. http://anl.az/el/vsb/Qelebe-75/index.html
Mayın 8-də Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının təşəbbüsü ilə “Azərbaycan Hava Yolları” QSC (AZAL) və ölkəmizdə təmsil olunan beynəlxalq hava yolları şirkətlərinin nümayəndələri arasında “Pandemiya dövründən sonra aviadaşıyıcıların yeni fəaliyyət planları və uçuşların bərpası" mövzusunda onlayn müzakirələr keçirilib.
Müzakirələrdə çıxış edən Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Rüfət Hacıyev turizm şirkətləri və turoperatorlar üçün beynəlxalq uçuşların tezliklə bərpa edilməsinin vacib məsələ olduğunu diqqətə çatdırıb. Assosiasiya rəhbərinin sözlərinə görə beynəlxalq aviauçuşların dayandırılması turizm şirkətlərini çətin vəziyyətə salmaqla yanaşı, böyük itkilərlə üzləşdirib.
“Azərbaycan Hava Yolları”nın beynəlxalq uçuşları tam bərpa etməyə hazır olduğunu deyən şirkətin avidaşımaların satış mərkəzinin rəisi Niyazi Həsənov hazırda qarşıda duran əsas məsələnin dünyada pandemiyanın aradan qaldırılması və ölkələrin öz sərhədlərini uçuşlar üçün açıq elan etməsindən asılı olduğunu bildirib. O, bu maneələr aradan qaldırılmayana qədər beynəlxalq uçuşların dəqiq nə vaxt bərpa olunacağının proqnozlaşdırılmasının çətin olduğunu diqqətə çatdırıb.
Pandemiyadan sonra Novosibirsk-Bakı istiqamətinə ilk uçuşun iyulun 10-da reallaşacağını deyən “Sibir Hava Yolları”nın Azərbaycan üzrə rəsmi nümayəndəsi Arif Şahbazov hazırda şirkətin çətin günlər yaşadığını bildirib. Onun sözlərinə görə indiki mərhələdə şirkət 101 hava gəmisindən yalnız 40-nı daxili uçuşlar olmaqla işə cəlb edib. O üzdən itkilər böyükdür.
Müzakirələrdə iştirak edən “AirAstana” şirkətinin Azərbaycan üzrə rəsmi nümayəndəsi Deulet Yerkenule şirkətin 10 illik fəaliyyəti dövründə ilk dəfə olaraq belə çətin vəziyyətə düşdüklərini deyib. O, Azərbaycan istiqamətinə ilk uçuş tarixinin iyun ayının ortalarına nəzərdə tutulduğunu bildirib. Deulet Yerkenule oktyabrı ayına qədər Bakı-Astana reysinin də ləğv olunacağını qeyd edib. Onun sözlərinə görə, aviaşirkət bu müddət ərzində yalnız Bakı-Almata reyslərini həyata keçirəcək.
“Travelport” şirkətinin Azərbaycan üzrə direktoru Emil Bayramov pandemiyanın ilk günlərindən dünya turizm bazarında baş verən hadisələrlə bağlı onlayn informasiya mərkəzinin yaradıldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, şirkət mart ayından onlayn kurslar və vebinarlar keçirib. Emil Bayramov bu müddət ərzində aviabilet satışları üzrə 300 yaxın mütəxəssis hazırladıqlarını və yeni məhsullar üzərində iş aparıldığını bildirib.
“Özbəkistan Hava Yolları” şirkətinin Azərbaycan üzrə rəsmi nümayəndəsi Hasan Mavlyanov şirkətin satışlara yalnız iyul ayından başlayacağını deyib. O, sərnişinlərin təhlükəsizliyi və sağlamlığı üçün bir sıra yeni tədbirlərin görüləcəyini bildirib.
Müzakirələrdə, eyni zamanda, pandemiyadan öncə alınan biletlərin geri qaytarılması, sərnişinlərin təhlükəsizliyi, uçuşlar üçün prioritet istiqamətlər, aviaşirkətlər tərəfindən qiymət siyasətində edilə biləcək dəyişikliklər və digər mövzular ətrafında da fikir mübadiləsi aparılıb.
İkinci Dünya müharibəsində Qələbənin əldə olunmasının 75-ci il dönümü münasibətilə Rusiya Federasiyası Böyük Vətən müharibəsi muzeyinin təşkilatçılığı ilə “Qələbə ərazisi. Yaddaşımızı birgə saxlayaq” mövzusunda beynəlxalq videokonfrans keçirilib.
Videokonfransda Rusiya, Belorus, Qazaxıstan, Başqırdıstan, Abxaziya, Udmurtiya və Cənubi Ural muzeyləri ilə yanaşı, Azərbaycan İstiqlal Muzeyi də iştirak edib.
Videokonfransda İstiqlal Muzeyinin baş mühafizi Aida Axundova “Azərbaycan Böyük Vətən müharibəsi illərində” mövzusunda mühazirə oxuyub.
Qeyd edək ki, Azərbaycan İstiqlal Muzeyi 2018-ci ilin dekabrında Böyük Vətən müharibəsi muzeyi ilə əməkdaşlıq barədə memorandum imzalayıb. Memorandum çərçivəsində İkinci Dünya müharibəsi ilə əlaqədar muzeydə müxtəlif tədbirlər təşkil edilir.
Bakı Uşaq və Gənclər Teatrı monotamaşalar festivalı keçirməyi planlaşdırır. Bu “Bir teatr-bir festival” layihəsi çərçivəsində sayca dördüncü festival olacaq.
“Bizim teatr - Monotamaşalar” adlandırılan festivalın karantin müddəti bitdikdən sonra keçirilməsi nəzərdə tutulur. “Evdə qal, teatrsız qalma” festivalın devizidir.
Festivalın keçirilməsində məqsəd hər bir aktyora öz bacarıqlarını nümayiş etdirmək üçün meydan vermək, Azərbaycanda festival ənənəsinin genişlənməsinə vasitəçi olmaqdır.
Xatırladaq ki, Bakı Uşaq və Gənclər Teatrı 2011-ci ilin oktyabr ayında daxili monotamaşalar festivalı keçirib. Hazırda teatrın aktyorları İkinci Monotamaşalar Festivalı üçün öz tamaşasını hazırlayır.
Festivalda iştirak üçün janr məhdudiyyəti qoyulmayıb və aktyorlar dünya klassiklərindən tutmuş, müasir Azərbaycan ədəbiyyatına qədər müxtəlif əsərlərə müraciət ediblər. Festivala yalnız birinci mərhələdən (daxili baxışdan) keçən tamaşalar buraxılacaq.
Festivala hazırlıq dövrü karantin müddətində nəzərdə tutulub.
Festivalda iştirak etmək üçün teatrlara dəvət göndərilməsi planlaşdırılır.
Şair Güləmail Muradın “Döyüş yolları” adlı kitabı bu günlərdə “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb.
Kitab Qələbənin 75 illiyinə həsr olunub və Sovet İttifaqı Qəhrəmanı Müseyib Allahverdiyevin döyüş yolundan bəhs edilir.
Kitabın redaktoru yazıçı-tərcüməçi Arifə Əliyeva, bədii redaktoru Çingiz Xəlilov, “Ön söz” müəllifləri filologiya elmləri doktoru, professor Buludxan Xəlilov, şair-publisist Elnur Abdiyev, hərbi ekspert isə ehtiyatda olan polkovnik Elmar Hüseynovdur.
Moskvanın Qorki adına kinostudiyası böyük qələbə münasibətilə ailəvi baxış üçün bir sıra filmlərin siyahısını tərtib edib.
TASS agentliyinə istinadən xəbər verir ki, siyahıda “Alay oğlu” (Сын полка), “Burada şəfəqlər sakitdir…” (А зори здесь тихие…) filmləri də yer alıb.
“Kinonun dili böyüyən nəslə müharibə dövrünün ab-havasını, insanların keçirdiyi hissləri və dünyaya olan münasibətini çatdırmaq üçün ən yaxşı vasitədir. O dəhşətli illərin və Böyük Qələbənin şahidi olan görkəmli rejissorlarımızın çəkdiyi klassik filmlər sadə və parlaq obrazlarla zəngin müharibə dövrünün ifadəli bir salnaməsidir. Biz bu ekran əsərlərinə bayram günlərində uşaqlarla birlikdə baxmağı tövsiyə edirik”, - deyə kinostudiyanın baş direktoru Yuliana Slaşeva bildirib.
Kinostudiyanın “YouTube” kanalına bu mövzuda digər filmlər də daxil edilib.