Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Kürdəmir rayon Mədəniyyət Mərkəzi, Kürdəmir rayon Mərkəzi Kitabxanası və Kürdəmir rayon Uşaq İncəsənət Məktəbi xalqımızın ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar beş nominasiya üzrə onlayn “İstedad–baxış” müsabiqəsinə yekun vurulub.
Regional Mədəniyyət İdarəsindən verilən məlumata görə, 8 yaşdan 30 yaşadək uşaq və gənclərin iştirak etdiyi müsabiqənin məqsədi yeniyetmə və gənclərin bədii-estetik səviyyəsini yüksəltmək, mədəni həyat tərzini formalaşdırmaq, incəsənətimizin, mədəniyyətimizin ayrı-ayrı növləri üzrə istedadlı gəncləri üzə çıxarmaq, onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək verməkdən ibarət olub.
Münsiflər heyətinin rəyinə əsasən müsabiqədə bədii qiraət, rəsm, rəqs, musiqi və əl işləri nominasiyaları üzrə ilk üç yeri tutanlar mükafata layiq görülüblər. Hər nominasiya üzrə əlavə iki həvəsləndirici diplomlar verilib.
Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının növbəti virtual sərgisi ümummilli lider Heydər Əliyevin 97-ci ildönümünə həsr edilib.
Sərgidə Heydər Əliyevin Azərbaycan xalqının taleyində, ölkənin beynəlxalq mövqeyinin daha da möhkəmlənməsində əvəzsiz xidmətlərindən bəhs edən, eyni zamanda dahi şəxsiyyətin fəaliyyəti dövründə respublikamızın ictimai-siyası, sosial, iqtisadi, elmi-mədəni həyatındakı hadisələri əks etdirən, ümummilli liderin incəsənət xadimləri ilə birgə fotoları, Heydər Əliyevin rəssamlar tərəfindən müxtəlif texnika və üslubda işlənmiş əsərlər nümayiş olunub.
Azərbaycan Dövlət Rəsm Qalereyası sənətsevərləri xüsusi karantin rejimi və sosial izolyasiya şəraitində sərgi salonlarının müvəqqəti bağlı olmasını nəzərə alaraq virtual sərgini izləməyə dəvət edir.
Virtual sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izləmək mümkündür.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin Vikipediya könüllüləri tərəfindən ümummilli lider Heydər Əliyev haqqında yaradılan bölmə yeni materiallarla zənginləşdirilib, orada “Heydər Əliyev və Özbəkistan” adlı məqalə yerləşdirilib.
Məqalədə qeyd olunur ki, ulu öndər Heydər Əliyev qardaş Özbəkistanla münasibətlərə xüsusi önəm verib, hələ Sovet İttifaqı dövründə onun türkdilli qardaş ölkələrə xüsusi rəğbəti olub. Onun Azərbaycan KP MK-nın birinci katibi vəzifəsində işləyərkən Özbəkistan KP MK-nın birinci katibi Şərəf Rəşidovla dostluq əlaqələrinin olduğu, ötən əsrin 80-ci illərinin ortalarından İttifaq ölkələrində başladılan milli ayrı-seçkiliklə həm Heydər Əliyevin, həm də Siyasi Büro üzvlüyünə namizəd Şərəf Rəşidovun mübarizələri, müstəqillikdən sonrakı dövrdə də Heydər Əliyevin Özbəkistana önəm verməsi materialda öz əksini tapıb. Vurğulanır ki, məhz Heydər Əliyevin verdiyi bu önəmin nəticəsi olaraq 1996-cı ilin ortalarında Azərbaycanın Özbəkistanda, 1998-ci ilin may ayında Özbəkistanın Azərbaycanda səfirlikləri fəaliyyətə başlayıb.
Bölmədə Heydər Əliyevin Özbəkistana səfərləri, ölkələr arasında çoxsaylı sənədlərin imzalanması, 1996-cı ildə Türkdilli Dövlət Başçılarının IV Forumunda və görkəmli dövlət xadimi Əmir Teymurun 660 illik yubiley mərasimində iştirak etmək üçün Daşkəndə səfəri, ölkələrimiz arasında əməkdaşlığın inkişafına, mədəni və mənəvi əlaqələrin genişlənməsinə, müstəqilliyin möhkəmləndirilməsinə dair səsləndirdiyi fikirlər yer alıb.
Bölmədə Heydər Əliyevin Özbəkistan haqqında bu fikri də verilib: "Biz Azərbaycanda Özbəkistanla etibarlı tərəfdaş olmaq istəyirik və hər şey edəcəyik ki, bu münasibətlər inkişaf edib möhkəmlənsin".
Daha sonra 1997-ci il iyunun 19-da Azərbaycan Prezidenti Heydər Əliyevə Mirzə Uluqbəy adına Özbəkistan Milli Universitetinin fəxri doktoru diplomu təqdim olunması mərasimi haqqında məlumat yerləşdirilib.
Bölmədə qeyd edilir ki, Heydər Əliyev daim türk dünyası ölkələri arasında inteqrasiyaya çalışıb, türk dünyası ölkələrinin rəhbərləri, elm adamları və yazarları ilə görüşlərdə daim bu məsələlərə toxunub. Özbəkistanla münasibətlərin yüksək səviyyəyə qaldırılmasında, ölkələrimizin strateji tərəfdaş olmasında, ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsində Heydər Əliyevin müstəsna rolu var.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, Mərkəzdəki Heydər Əliyev muzeyində və Azərbaycan-Özbəkistan muzeyində “Heydər Əliyev və Özbəkistan” adlı bölmə yaradılıb, bölmə məlumat və fotoşəkillərlə zənginləşdirilib.
Ulu öndər Heydər Əliyev haqqında Vikipediya Beynəlxalq Elektron Ensiklopediyasında yaradılmış bölmə ilə https://uz.wikipedia.org/wiki/Haydar_Aliyev linkində tanış olmaq mümkündür.
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Vikipediya könüllüləri ilə əlaqəli şəkildə Azərbaycan tarixi, tanınmış şəxsiyyətlərimiz, Azərbaycanın turizm potensialı, milli mədəniyyətimizə dair bölmələrin yaradılması işini davam etdirir.
Dünyada hökm sürən koronavirus pandemiyası səbəbindən digər sahələrdə olduğu kimi, mədəniyyətin onlayn təbliği, insanların evdə asudə vaxtlarının səmərəli təşkili üçün Mədəniyyət Nazirliyinin start verdiyi yeni “Yaradıcılığı evdə öyrən - özünü kəşf et və bacarıqlarınla tanın!” adlı layihəsində Bakı şəhəri, Nizami rayonu (seçki dairəsindən asılı olmayaraq, bütün rayon ərazisini əhatə edib) üzrə qeydiyyatda olan vətəndaşlar da aktiv iştirak edib. Kreativ layihə çərçivəsində 1 ay davam edən müsabiqə 7 may tarixdə yekunlaşıb. Bununla bağlı Nazirliyin rəsmi facebook səhifəsində hər gün xalq sənətkarlığı, aşıq musiqisi, rəsm, bədii qiraət, rəqs kimi mədəniyyətin müxtəlif istiqamətlərinə həsr olunan və ev şəraitində milli mədəni irsimizin bu növlərinin insanlar tərəfindən mənimsənilməsini ehtiva edən videodərslər paylaşılıb. Bu prosesdə müsabiqə iştirakçıları öz maraq dairəsinə uyğun sahəni seçməklə yeni məhsul hazırlayaraq, bu prosesi və hazır variantı evdə mobil telefon vasitəsilə çəkərək təqdim ediblər. Layihə üzrə müsabiqəyə qeyd edilən sahələr üzrə yalnız həvəskar şəxslər qatılıb. İstedadların hazırladığı və facebookda ən çox bəyənilən və baxış sayı yığan ilk 3 video qalib olub. Nəhayət ki, müsabiqənin qiymətləndirməsinə uyğun olaraq, qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Mükafatlandırma mərasimində millət vəkili Könül Nurullayeva da iştirak edib. Mərasimdə çıxış edən K.Nurullayeva mədəniyyətimizin onlayn təbliğinə xidmət edən müsabiqənin böyük maraqla qarşılanmasını müsbət hal kimi dəyərləndirib. O, bu layihənin insanlara təlim proqramlarından faydalanaraq, yeni bacarıqları kəşf etməyə və özünə əminlik hisslərini gücləndirməyə imkan yaratdığını vurğulayıb. Bu cür müsabiqələrin davamlı olmasının vacibliyini diqqətə çatdırıb. Daha sonra mükafatlar qaliblərə təqdim olunub. Qeyd edək ki, Orucova Məryam 1-ci yer, Hacıyeva Leyla 2-ci yer, Əliyeva Fidan və Paşazadə Cahan 3-yerin qalibi olub. 1-ci yerin qalibinə 1000 AZN, 2-ci və 3-cü yerin sahiblərinə isə pul mükafatı ilə yanaşı, hədiyyələr və sertifikatlar təqdim edilib.
Misirin qadın yazıçısı Rem Bəssyuneyin Əyyubilər sülaləsinin süqutundan sonra məmlüklər tərəfindən qurulan türk sultanlığından bəhs edən “Rəiyyət oğulları: Məmlük trilogiyası” əsəri ilin ən yaxşı romanı elan edilib.
Roman ədəbiyyat üzrə Misirin ən yüksək Naqüb Məhfuz mükafatına layiq görülüb və ərəb ölkələrində ən çox satılan kitab olub. Misir Mədəniyyət Nazirliyi nəzdində Ali Mədəniyyət Şurası tarixi romanı yüksək qiymətləndirib.
Misirdə və Yaxın Şərqdə Əyyubi sultanlarının köləsi olan (məmlük “ağ kölə” deməkdir) və 267 il hökmranlıq etmiş məmlüklərin maraqlı tarixini çox maraqlı bədii çalarlarla oxuculara təqdim edən Rem Bəssyuney üç ilə yaxın müddətdə araşdırmalar aparıb və qiymətli əsər ərsəyə gətirib. Sultan Həsən məscidində ilahiyyatçı alimlərlə də tarixi faktları öyrənən yazıçı ilk məmlük sultanı zamanından Osmanlı işğalınadək olan dövrü trilogiyaya sığdırıb. “Mən çalışmışam ki, oxuculara tarixi anlamaqda kömək edim, həmin dövrdə sosial məsələlərdən tutmuş, insanların məişətini, düşüncələrini çatdırım”, -deyə müəllif qeyd edib.
Ədəbi tənqidçilər və tarixçilər Qahirə Amerika Universitetinin sosiologiya üzrə professoru olan yazıçının əsərini Misir və İslam aləmi tarixinə və ədəbiyyatına töhfə kimi xarakterizə ediblər.
Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsi dünya şöhrətli siyasətçi, böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Müdrik şəxsiyyət, dahi azərbaycanlı ölkəmizə rəhbərliyinin hər iki dövründə mədəniyyətimizin əsl himayədarı olub, bu sahənin inkişafı üçün əlindən gələni əsirgəməyib.
Azərbaycan xalqı dövlətçilik tariximizdə müstəsna yeri olan oğlunun əvəzsiz xidmətlərini heç vaxt unutmur və onun əziz xatirəsini daim ehtiramla yad edir.
Mayın 10-da ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü tamam oldu.
Mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev Fəxri xiyabana gələrək ulu öndərin məzarını ziyarət edib, əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Mədəniyyət naziri və nazirin birinci müavini Fəxri xiyabanda görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarını da ziyarət ediblər.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi əməkdaşlarının iştirakı ilə “Davam edən böyük yol” adlı videokonfrans keçirilib.
Muzeydən bildiriblər ki, konfransı giriş sözü ilə açan Milli Məclisin deputatı, muzeyin direktoru, akademik Rafael Hüseynov ümummilli lider Heydər Əliyevin xatirəsinin sessiya və konfranslarla anılma ənənəsinin bu günlərdə onlayn şəkildə davam etdiyini vurğulayıb.
O, faşizm üzərində Qələbənin qəhrəmanlıq tariximizdəki xüsusi yerindən danışaraq, dahi öndərin bu zəfər gününə böyük rəğbətini diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycanın böyük oğlu Heydər Əliyevin bütün həyatını və çoxşaxəli fəaliyyətini qələbələr silsiləsi adlandırmaq olar. Ulu Öndər Azərbaycan Respublikasını yüksəltmək, Azərbaycan adını dünyada təsdiqlətmək istiqamətində çox böyük işlər görüb. Heydər Əliyevin siyasi fəaliyyətinin və mücadiləsinin 1993-cü ildən sonrakı dövrünü şərh edən alim bu illəri Azərbaycan tarixində yeni səhifə adlandıraraq deyib: “Azərbaycan bu gün istiqlal içərisində yolunu davam edirsə, burada Heydər Əliyevin müstəsna xidmətləri var. Müasir Azərbaycan dövlətinin quruculuğu yolunda onun əməyi hər zaman Azərbaycan insanının şüurunda, ürəyində minnətdarlıq duyğuları ilə anılacaq”.
Daha sonra videokonfrans muzeyin elmi işlər üzrə direktor müavini, professor Xatirə Bəşirlinin “Heydər Əliyevin ədəbiyyat siyasəti”, Komprativistika və bədii tərcümə şöbəsinin müdiri, professor Şəfəq Əlibəylinin “Heydər Əliyev: həyat həqiqətləri”, İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri Nəzmiyyə Yigitoğlunun “Azərbaycançılıq ideyasının inikasında Nizami muzeyinin rolu” mövzusunda məruzə və çıxışları ilə davam edib.
Məruzə və çıxışlarda Ulu Öndərin Azərbaycan xalqının ədəbi-bədii irsinə, ədəbiyyat xadimlərinə və onların adının əbədiləşdirilməsinə göstərdiyi xüsusi qayğıdan və bunun əməli təzahürlərindən bəhs olunub, Heydər Əliyev şəxsiyyəti, onun ölməz xatirəsi haqqında fakt və mülahizələr öz ifadəsini tapıb.
Videokonfransa yekun vuran akademik Rafael Hüseynov vurğulayıb ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi onillər boyunca yorulmaz fəaliyyətindən çox yadigarlar qalıb. Bunlar müxtəlif istehsalat müəssisələri, tədris ocaqları, möhtəşəm tikililər, yollar, körpülər, ən müxtəlif istiqamətlərdə qazanılan zəfərlərdir. Lakin Heydər Əliyevin xalqa ən böyük yadigarı onun yaratdığı böyük yoldur. Həmin yol bu gün Ulu Öndərin sədaqətli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycanı inamla daha böyük zəfərlərə doğru aparır.
Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış növbəti elektron məlumat bazası Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, ümummilli lider, müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevə həsr edilib.
Kitabxanadan bildirilib ki, “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev” adlı elektron məlumat bazası rəsmi sənədlər, Heydər Əliyev-əbədiyaşar şəxsiyyət, əsərləri, haqqında nəşrlər, mədəniyyətimizin inkişafının Heydər Əliyev mərhələsi, Heydər Əliyev dünya kitabxanalarında, Heydər Əliyev surəti bədii ədəbiyyat və incəsənətdə, xatirəsinin əbədiləşdirilməsi, fotoqalereya və videoqalereya bölmələrindən ibarətdir. Məlumat bazasında görkəmli ictimai-siyasi dövlət xadiminin həyatı, ictimai fəaliyyətinin əsas tarixləri, müdrik kəlamları, Azərbaycan, rus, ingilis və digər xarici dillərdə nəşr olunmuş kitabları, məqalələri, çıxışları, mədəniyyətlə bağlı fərman və sərəncamları, Milli Kitabxanada keçirilən tədbirlərdə iştirakına dair materiallar, təltifləri və digər sənədlər təqdim edilir. Elektron məlumat bazasında Azərbaycanın elm və ictimai-siyasi xadimləri ilə bərabər, dünyanın tanınmış dövlət xadimlərinin də ulu öndər haqqında fikirləri, mülahizələri öz əksini tapıb. Bazada təqdim olunan “Heydər Əliyev dünya kitabxanalarında” bölməsində dünya milli kitabxanalarında və aparıcı universitet kitabxanalarında Ulu Öndərin mühafizə olunan əsərləri və onun haqqında materiallar toplanıb.
Elektron məlumat bazasında təqdim olunan resurslar tam mətni ilə verilib. Baza ilə tanış olmaq istəyənlər bu linkdən istifadə edə bilərlər. http://anl.az/el/emb/H.Aliyev/index.html
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə virtual konsert proqramı hazırlanıb. Ölkə ərazisində koronavirus (COVID-19) pandemiyası ilə bağlı xüsusi karantin rejimi tətbiq olunduğundan layihə Heydər Əliyev Mərkəzində tamaşaçısız zalda həyata keçirilib.
Layihə dizayn və texniki həll baxımından maraqlı cəhəti ilə fərqlənir. Belə ki, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası üzvlərinin çıxışları hər biri ayrılıqda çəkilib, Heydər Əliyev Mərkəzinin auditorum zalındakı solo çıxışlarla sinxronlaşdırılıb. Konsertdə Azərbaycanın Xalq artistləri Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə, Samir Cəfərov, Alim Qasımov, Ənvər Sadıxov, Əməkdar artistlər Sevda Ələkbərzadə, Fərqanə Qasımova, Sahib Paşazadə, Şəhriyar İmanov, tanınmış opera müğənnisi Azər Zadə, skripka ifaçısı Ceyla Seyidova, “Natiq” Ritm Qrupu və digərləri iştirak edirlər.
Eləcə də xarici ölkələrdə yaşayan azərbaycanlı incəsənət ustaları – Xalq artistləri Əlixan Səmədov, Elçin Əzizov və Dinarə Əliyeva, mahir pianoçu Etibar Əsədli də konsert proqramına virtual olaraq qoşulub.
Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə keçən konsertdə Azərbaycan və dünya bəstəkarlarının əsərləri təqdim olunacaq.
Konsert proqramı bu gün saat 21:30-da Azərbaycan Televiziyası, İctimai TV və Real TV-də yayımlanacaq.
Mayın 10-da Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə videokonfrans keçirib.
Bu barədə teatrın mətbuat xidmətindən məlumat verilib.
İrəvan Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyev bildirib ki, ulu öndər Heydər Əliyev bütün həyatı boyu Vətəninin, xalqının gələcəyini düşünüb, Azərbaycanın müstəqilliyinin əbədiliyinə bütün varlığı ilə inanaraq bu dövlətin ideya əsaslarını, strateji inkişaf istiqamətlərini müəyyənləşdirib. Heydər Əliyev zamanın çağırışına cavab verən, zamanı qabaqlayan dahi şəxsiyyət idi. Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, Ümummilli Lider və xalq məhəbbətini qazanan Ulu Öndər kimi qalıb. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərmiş ikinci dövlət başçısı və siyasi lider tapmaq mümkün deyil.
İftixar Piriyev müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin bədii obrazını ilk dəfə bütün çalarları və ağır sanbalı ilə İrəvan Teatrının səhnəsində yazıçı-dramaturq Aqşin Babayevin “Xilaskar”, şair-dramaturq Hidayətin “Burdan min atlı keçdi” və özünün müəllifi olduğu “Qurtuluş dastanı” əsərlərinin tamaşalarında ifa etməsindən danışaraq deyib: “2009-cu ildə oynanılan “Xilaskar” tamaşasında Heydər Əliyev obrazını Azərbaycan teatrında ilk dəfə olaraq ifa etmək böyük məsuliyyət tələb edən məsələ idi. Bu məsuliyyəti varlığımla dərk edərək Ulu Öndərin obrazının portret cizgilərindən daha çox onun zəngin daxili aləmini əks etdirməyə, bu obrazı istənilən səviyyədə təqdim etmək üçün sənətçidən tələb olunan bütün komponentlərdən yararlanmağa çalışırdım. Müxtəlif səhnələrdə 53 dəfə anşlaqla nümayiş olunan “Xilaskar” tamaşası həm Azərbaycanda, həm də Gürcüstan, Dağıstan və Türkiyədə böyük tamaşaçı sevgisi ilə qarşılandı. Gürcüstan qastrolu zamanı tamaşada sabiq prezident, dünya miqyaslı siyasətci Eduard Şevardnadze “Xilaskar” tamaşasını böyük rəğbətlə qarşıladı. 2013-cü ildə müəllifi olduğum, bütün həyatını xalqına, milli dövlətçiliyimizin möhkəmlənməsinə və inkişafına həsr etmiş Heydər Əliyevin ömür yolundan, zəngin fəaliyyətindən bəhs edən, onun 90 illik yubileyi münasibətilə hazırlanmış “Qurtuluş dastanı” adlı pyesimdə yenidən Ulu Öndərin obrazı üzərində işə başlamaqdan fərəh hissi keçirirdim. 2014-cü ildə Hidayətin “Burdan min atlı keçdi” dramında isə Ulu Öndərin obrazı artıq daha geniş miqyasda – Heydər Əliyevçilik – Azərbaycançılıq ideyası ətrafında öz bədii mücəssəməsini tapmış oldu”.
Sonra konfransda şair-dramaturq İftixar Piriyevin Ulu Öndərin həyatından, ölkəmizin quruculuq və inkişafı istiqamətində gördüyü misilsiz işlərdən bəhs edən “Müstəqil Vətənin Memarı” poeması ilk dəfə virtual tamaşa-kompozisiya formatında ifa olunub.