Koronavirus ilə əlaqədar karantin şəraitində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi-tədqiqat laboratoriyasının, Bakı Humanitar kollecin müəllim kollektivinin iştirakı ilə ulu öndər Heydər Əliyevə həsr olunmuş elmi seminar keçirilib.
Seminarda məruzəçi sənətşünaslıq üzrə fəlsəfə doktoru, böyük elmi işçi Mehparə Rzayeva ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyəti və incəsənətinə bəxş etdiyi töhfələrdən, qayğı və diqqətindən bəhs edib.
Məruzəçi elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, bəstəkar Rüfət Ramazanovun “Əsrin Dahisi” simfonik poemasını təqdim edərək, əsər haqqında məlumat verdikdən sonra simfonik poemanı səsləndirib.
Ü.Hacıbəyli adına BMA-nın elmi işlər üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə və elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayıl-zadə seminarın mahiyyətini, Ulu Öndərimizin əziz xatirəsinin yaradıcı insanların, o cümlədən bəstəkarlarımızın əsərlərində musiqinin dili ilə əks olunan yüksək təcəssümünü vurğulayıblar.
Daha sonra Azərbaycan Respublikasının Xalq Artisti, professor Ramiz Quliyev, Heydər Əliyevin xalqına, millətinə olan sevgi və qayğısından bəhs edib.
Seminarda iştirak edən Bakı Humanitar kollecin əməkdaşları, musiqi və dirijorluq kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Xankişiyeva, xanəndə müəllimi Sara Abdullayeva və Tuqay İsmayılov, musiqi müəllimi Samirə Kərimova, kamança müəllimi Gülnarə Məmmədova, teatrşünas müəllimi Zülfiyyə Dəvəliməhəmməd, musiqi nəzəriyyə müəllimi Afaq Məmmədova seminardan məmnun qaldıqlarını və gələcəkdə də bu cür elmi-praktiki seminarlarda iştirak etmək arzularını bildiriblər.
Seminar elmi tədqiqat laboratoriyasının əməkdaşlarının təklif və tövsiyələri ilə başa çatıb.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Xarı bülbülümü gülə qaytarın” adlı elektron buklet hazırlanıb.
İdarədən bildirilib ki, buklet Azərbaycan tarixində əvəzsiz iz qoymuş Şuşa şəhəri və onun 1992-ci il 8 may tarixində quldur erməni dəstələri və hərbi hissələri tərəfindən işğalına həsr olunub.
Azərbaycan Milli Xalça Muzeyi artıq bir müddətdir ki, “Xalça hekayələri” layihəsini həyata keçirməyə başlayıb. Bu layihə Azərbaycanla yanaşı dünyanın müxtəlif ölkələrində yaşayan xalça həvəskarları tərəfindən də böyük maraqla qarşılanır. Belə ki, Azərbaycan Milli Xalça Muzeyinin çağırışına qoşulan şəxslər evlərində, kolleksiyalarında olan sevimli xalçalarının tarixçəsini, onlarla bağlı xatirələrini, hekayələrini bizimlə bölüşürlər.
Milli Xalça Muzeyi Şuşanın işğalı günü ilə əlaqədar həmin hekayələrdən birini - Qarabağ nisgilini el-el, ev-ev özü ilə gəzdirərək Bakıya qədər gətirən Qarabağın “Baxçada güllər” xalçası haqqında hekayəni oxucularla bölüşür. Fərəh Əhmədovanın onlara nənəsindən yadigar qalan gözəl və eyni zamanda maraqlı tarixçəsi olan bu xalça barədə hekayəsi ilə aşağıdakı videoçarxı izləməklə tanış ola bilərsiniz. https://cloud.mail.ru/stock/cAd5n1KS3d1AA7SMbxj5eMmT
Məlumat üçün qeyd edək ki, Azərbaycan Milli Xalça Muzeyi “Xalça hekayələri” layihəsini davam etdirir. Layihəyə arzu edən hər kəs qoşula bilər.
Kürdəmir Regional Mədəniyyət İdarəsində karantin dövründə muzey, kitabxana və klubların fəaliyyətinə həsr olunmuş videokonfrans keçirilib.
Videokonfransda idarənin əhatə etdiyi rayonlarda fəaliyyət göstərən muzey, kitabxana və klub tipli müəssisələrin rəhbərləri və baş məsləhətçilər iştirak ediblər.
İdarə rəisi Elman Məmmədov kitabxanalarda virtual müsabiqələr və elektron kitabxanaların təşkil olunmasının zəruriliyi, klub tipli müəssisələrin onlayn konsertinin, dərnək üzvlərinin virtual sərgilərinin təşkilinin, insanların asudə vaxtının səmərəli təşkili üçün virtual konsertlərin təşkil edilməsi, muzey tipli müəssisələrdə virtual ekskursiyaların keyfiyyətinin artırılmasın barədə danışıb.
Videokonfransda Mədəniyyət Nazirliyinin elan etdiyi müsabiqələrdə fəal iştirak etmək, yeni videoçarxların yüksək səviyyədə hazırlanıb təqdim edilməsi tövsiyə edilib.
Yaşı 65-dən yuxarı olan mədəniyyət işçilərinin sosial və məişət həyatını diqqətdə saxlamaq və onlara qayğı göstərilməsinin vacibliyi qeyd olunub.
Mədəniyyət və Təhsil nazirlikləri, “Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti” (QSC), Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə reallaşan “Azərbaycanım” adlı üçüncü respublika rəsm müsabiqəsi davam edir.
Müsabiqəyə son qeydiyyat mayın 15-də başa çatır. Müsabiqə haqqında ətraflı məlumatı Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı (azgallery.az), Xətai Sənət Mərkəzinin saytı (xsm.az) və sosial şəbəkələrdəki hesabları vasitəsilə əldə etmək mümkündür.
İştirak etmək istəyənlər www.xsm.az saytında tədbirlər bölümündəki “Azərbaycanım” afişasına toxunmaqla və ya http://xsm.az/site/azerbaycanimfestival/ linkinə daxil olmaqla 1 və ya 2 əsərinin fotosunu daxil edərək göstərilən anketi doldura bilər.
Qeyd edək ki, müsabiqəyə 21 yaşadək gənc və yeniyetmələr qatıla bilər.
Azərbaycan Dövlət “Yuğ” Teatrı A.P.Çexovun “Albalı bağı” pyesi əsasında hazırlanmış “Birinci akt” tamaşasını mayın 16-da sosial şəbəkədəki hesabları vasitəsilə onlayn nümayiş etdirəcək.
Tamaşanın quruluşçu rejissoru mərhum sənətkar Vaqif İbrahimoğlu, quruluşçu rəssamı Rəşid Şerifdir. Tamaşada P.Çaykovskinin “İlin çağları” musiqisindən istifadə olunub.
Tamaşanın janrı futuroloji aksiya kimi müəyyənləşdirilib. Ona görə ki, Çexovun sözündə, düşüncəsində, dramaturgiyasında əvvəlcədən güclü xəbərdarlıq potensialı vardır və bu səhnə əsəri onu açmağa çalışır. Tamaşa bir növ insanlara “bütün sınaqlara qatlaşaraq yaxşı günlər naminə dözüb, dayanmaq lazımdır” mesajını verir.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Ucar rayon Mərkəzi Kitabxanası ilə birgə layihə əsasında Azərbaycan xalqının ümummilli lideri, dahi siyasətçi Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Ulu Öndər xatirələrdə” adlı videoçarx hazırlayıb.
İdarədən bildirilib ki, “Heydər Əliyev – milli sərvətimizdir” sözləri videoçarxın şüarıdır.
Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş ümummilli lider Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir.
Videoçarxda qeyd olunur ki, ümummilli lider Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşüb. Burada Ümummilli Liderin keçdiyi həyat yolu qısa şəkildə işıqlandırılır.
Daha sonra vurğulanır ki, dünya şöhrətli siyasətçi Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yaranıb, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanıb. Ümummilli lider Heydər Əliyev milli ideyanın yaranması, xalqa çatdırılması istiqamətində xalqımıza çox böyük, əhəmiyyətli elmi-nəzəri bir irs ərməğan edib. Həmin irs üzərində bu gün müstəqil Azərbaycan dövləti sürətlə inkişaf etməkdədir. Ulu Öndərin bizə qoyduğu bu irsin öyrənilməsi və tədqiqi baxımından son illərdə çox böyük işlər görülüb, nailiyyətlər əldə edilib. Ölməz öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi müstəqil dövlətin ideya prinsipləri yalnız bugünkü Azərbaycan üçün deyil, gələcəkdə də ölkəmizin inkişafı üçün başlıca mənbə rolunu oynayacaq.
Videoçarxda Ulu Öndərin məşhur sözləri, nitqlərindən fraqmentlər, maraqlı və tarixi fotoşəkillər, onun haqqında yazılan bir neçə kitabın fotoşəkilləri də əks olunub.
Videoçarxı “YouTube” səhifəsindən izləmək olar.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Xalq yazıçısı Kamal Abdullanın “Bir, iki – bizimki!” pyesi əsasında hazırlanan eyniadlı tamaşanı bu ay da repertuara salıb.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, mayın 13-də sənət ocağının “Facebook” hesabında onlayn nümayiş ediləcək səhnə əsərinin quruluşçu rejissoru Əlif Cahangirli, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq rejissoru Rafael Həsənov, səs rejissoru Şahanə Səlimova, rejissor assistenti Nərmin Camalovadır.
Tamaşanın bədii rəhbəri Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətovdur.
Səhnə əsəri iki fərqli dünya insanının söhbəti, bir-birinə təmassız toxunuşları, ehtirası, sevgisi, peşmanlığı, əsəbi, mübahisəsi, yenə də qovuşmaq arzuları üzərində qurulub. Onların dialoqu kişinin xarakteri, kimliyi haqqında geniş düşüncələr yaradır. Bu iki nəfər bir-birini eşitmək istəyir, amma eşitmir, görmək istəyir, amma görmür, duymaq istəyir, amma duymur. Bütün ömürlərini öz ağuşuna alan faciə də məhz budur: bir-birini sevən, bir-birinə can atan insanların bir-birinin dünyalarındakı ayrılıq. Elə birinin ölü, o birinin diri olması da simvolikdir.
Müəllif Kamal Abdulla pyesi 5 şəkildən ibarət, bir-birini anlamaq istəyən və anlamayan, tapmaq istəyən və tapmayan iki nəfərin duyumlar dramı kimi təqdim edir.
Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialı Azərbaycan karikatura sənətinin banisi, görkəmli fırça ustası Əzim Əzimzadənin 140 illik yubileyi münasibətilə virtual sərgi hazırlayıb.
Kitabxanadan bildirilib ki, sərgidə sənətkarın müxtəlif mövzulu karikaturaları nümayiş edilib.
Xatırladaq ki, Əzim Əzimzadə 40 illik səmərəli yaradıcılıq fəaliyyəti ərzində 3 mindən çox satirik rəsm, karikatura, illüstrasiya, plakat, səhnə dekorasiyası, geyim eskizi və başqa əsərlər yaradıb. Yaradıcılığı boyu əsrlərdən bəri formalaşan Təbriz Azərbaycan miniatür məktəbinin və rus rəssamlıq məktəbinin ənənələrindən bəhrələnmiş, rəssamlığa məşhur “Molla Nəsrəddin” jurnalında əsərlərini dərc etməklə başlayıb. 1906-cı ildən “Molla Nəsrəddin”, “Baraban”, “Zənbur”, “Tuti”, “Kəlniyyət”, “Zənbur”, “Babayi-Əmir” və sair jurnalların səhifələrində satirik qrafik karikaturalarını nəşr etdirməklə Azərbaycan satirik qrafikasının əsasını qoyub.
Çəkdiyi “İt boğuşdurma”, “Kişi arvadını döyür”, “Varlı evində toy”, “Su üstündə dava”, “Köhnə bakılılar” kimi əsərlərində müxtəlif sosial təbəqələrə məxsus insanların iç üzünü açaraq qadın hüquqsuzluğuna, ədalətsizliyə qarşı çıxış edib. Bu mənada, o dövrdə cəmiyyətdəki sosial ədalətsizlikləri daha qabarıq əks etdirən “Köhnə Bakı tipləri” və “100 tip” əsəri xüsusilə təqdirəlayiqdir.
Türkiyədə nəşr olunan “Qardaş qələmlər” jurnalında yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizdə türk dünyasının apardığı birgə mübarizənin uğurlu nəticələrindən bəhs olunur.
“Koronavirus dalanından çıxışda türk dünyası” sərlövhəli məqalənin müəllifi Avrasiya Yazıçılar Birliyinin sədri, yazıçı-publisist Yaqub Öməroğludur.
Keçmir sovetləri birliyinin süqutu əsasında dövlət müstəqilliyini bərpa edən türkdilli ölkələrin keçdiyi inkişaf yoluna nəzər salan müəllif Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) çərçivəsində görülən işlər barədə oxuculara ətraflı məlumat verir. Prezident İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşü və onun nəticələrinə nəzər yetirən Y. Öməroğlu yazır ki, Türk Şurasının bu tədbiri Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus iştirakı ilə məlum virusa qarşı keçirilən ilk beynəlxalq konfrans kimi tarixə düşüb.