Ölkəmizdə yaranmış mövcud vəziyyət, habelə sosial izolyasiya və karantin şərtlərinə riayət olunması səbəbindən müəssisələrin fəaliyyətində rəqəmsal texnologiyaların aktuallaşmasını nəzərə alaraq, mədəniyyət işçilərində yeni peşə səriştələrinin formalaşması məsələləri müzakirə edilib. Mayın 6-da Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən təşkil olunan növbəti təlim də məhz ixtisasartırma kursların gələcək formatına həsr olunub.
Mərkəzdən bildirilib ki, vebinarda qurumun əməkdaşları ilə yanaşı, vebinarda müxtəlif regionlarda çalışan mədəniyyət işçiləri də iştirak ediblər. Vebinarda Ağcabədi Regional Mədəniyyət İdarəsi, Sumqayıt Regional Mədəniyyət İdarəsi, İsmayıllı Regional Mədəniyyət İdarəsi, Lənkəran Regional Mədəniyyət İdarəsi, Şəki Mədəniyyət İdarəsi, habelə Şəmkir Mədəniyyət idarələrinin nümayəndələri fərqli məruzələr ilə çıxış ediblər.
İştirakçılar elektron formada ixtisasartırma təlimlərinin gələcək perspektivləri, hansı formatda davam etdirilməsi, onlayn dərslərin keçirilməsi haqqında fikir mübadiləsi də aparıblar. Əməkdaşlarda yeni peşə keyfiyyətlərinin formalaşması, xüsusilə də mədəniyyət müəssisələrinin sosial aktuallığının qorunması məqsədilə gələcəkdə informasiya texnologiyaları, PR, kreativ səriştələr, onlayn tədbirlərin xüsusiyyətləri, müasir mədəniyyət siyasətinin prioritetləri və s. bu kimi mövzulara həsr olunmuş mühazirələrə böyük tələbat olduğu iştirakçılar tərəfindən bildirilib.
Tədbirin sonunda Mərkəzin direktoru Asif Usubəliyev nazirlik tərəfindən mövcud istiqamətdə görülmüş işlər haqqında geniş məlumat verərək mövcud vəziyyətdə regionlarda çalışan əməkdaşların şəxsi təşəbbüslərinin əhəmiyyətini bildirib. Daha sonra mərkəz tərəfindən gələcəkdə reallaşması nəzərdə tutulan ixtisasartırma kursları haqqında müzakirələr aparılıb.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Manqurt” tamaşası növbəti dəfə mayın 12-də sənət ocağının “Facebook”dakı səhifəsi vasitəsilə onlayn nümayiş olunacaq.
Səhnə əsəri Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının motivləri əsasında hazırlanıb.
Tamaşanın bədii rəhbəri Anar Babalı, rejissoru İzamə Babayeva, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğludur.
Birhissəli epik rəvayət olan səhnə əsərində Əməkdar artistlər Mehriban Xanlarova, Elşən Rüstəmov, aktyorlar Ramin Şıxəliyev, İmran Ali Qurban və Fərid Vəliyev iştirak ediblər.
2020-ci ilin may ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq, nasir, publisist və teatr təşkilatçısı, tanınmış ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyi tamam olur. Əbdürrəhim bəy Haqverdiyev öz məşhur sələflərinin ədəbi ənənələrinin layiqli davamçısı və geniş erudisiyaya malik müasir dünyagörüşlü maarifpərvər ziyalı kimi çoxşaxəli fəaliyyət göstərib, Azərbaycan realist ədəbiyyatını və maarifçi-demokratik fikrini yeni mərhələyə qaldıraraq milli düşüncənin inkişafında əhəmiyyətli rol oynayıb.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 31 yanvar 2020-ci il tarixində Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası ölkə başçısının Sərəncamı ilə əlaqədar Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi münasibətilə ədibə həsr olunmuş virtual sərgi və videoçarx hazırlayaraq sosial şəbəkə izləyicilərinə təqdim edib. Bu gərəkli iş kitabxananın şöbə müdiri Səadət Şəfiyeva tərəfindən ərsəyə gətirilib.
Təqdim olunan bu materiallarda ictimai-siyasi xadim, azərbaycanlı yazıçı, dramaturq, pedaqoq, ədəbiyyatşünas, teatr xadimi, klassik Azərbaycan ədəbiyyatının korifeyi Əbdürrəhim bəy Haqverdiyevin həyat və yaradıcılığı haqqında əhatəli məlumatlar verilib. Hazırlanan hər iki materialda ədibin həyat və yaradıcılığına, təhsil illərinə, ilk qələm təcrübələrinə geniş yer ayrılıb. İstər videoçarxda, istərsə də virtual sərgidə Əbdürrəhim bəy Haqverdiyevin Azərbaycan SSR Əməkdar incəsənət xadimi, Birinci Rus Dumasının Azərbaycandan deputatı, Gürcüstan Parlamentinin deputatı, “Leyli və Məcnun” operasının premyerasında ilk dirijor, Teatr Şurasının təsisçisi və birinci rəhbəri, Yazıçılar İttifaqının üzvü, məşhur “Molla Nəsrəddin” jurnalının baş editorlarından biri olması və s. faktlar yer alıb. Virtual sərgidə ədibin müxtəlif illərdə çap olunmuş kitabları haqqında məlumat verilib, mətbuat səhifələrindən nümunələr göstərilib. Həmçinin bu materiallarda ədibin pyesləri əsasında tamaşaya qoyulan səhnə əsərləri, fotoşəkillər də öz əksini tapıb.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin fəal oxucuları ciddi karantin dövründə kitabxana ilə internet üzərindən daha sıx əlaqə saxlayırlar. Onlar öz nikbin əhval-ruhiyyələrini hamı ilə paylaşmaq üçün çəkdikləri rəsmləri, ifa etdikləri şeir, rəqs və musiqi parçalarını videoçarxlar şəklində kitabxanaya göndərərək birlik nümayiş etdirirlər.
İdarədən bildirilib ki, kitabxananın fəal oxucusu Ramizə Məmmədli skripkada gözəl musiqi ifa etməklə hamını evdə qalaraq pozitiv olmağa və musiqiyə köklənməyə səsləyir.
Videoçarxa aşağıdakı keçiddən baxa bilərsiniz: https://www.instagram.com/tv/B_zJyf0BJdJ/?utm_source=ig_web_copy_link
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında məşhur rus yazıçı-dramaturqu Yuri Polyakovun eyniadlı pyesi əsasında hazırlanan “Sinif yoldaşları” tamaşası mayın 16-da sənət ocağının “Facebook” səhifəsi vasitəsilə onlayn nümayiş olunacaq.
Tamaşanın müəllifi, quruluşçu rejissoru və rəssamı Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, rejissor assistenti Ceyran Həsənlidir.
Yeni yaradıcılıq işində teatrın məşhur və sevilən aktyorları – Xalq artistləri Ramiz Novruz, Cəfər Namiq Kamal, Səidə Quliyeva, Əməkdar artistlər Sənubər İsgəndərli , Şəlalə Şahvələdqızı, Füzuli Hüseynov, Rövşən Kərimduxt, aktyorlar Mətləb Abdullayev, İlahə Həsənova, Rüstəm Rüstəmov və Vüsal Mustafayev, Ziya Ağa, Vüsal Məmmədov və Mehman Fətullayev çıxış edirlər.
Əsəri Azərbaycan dilinə yazıçı Etimad Başkeçid tərcümə edib.
Tamaşa sinif yoldaşlarının 20 il sonrakı görüşü, yaxud insan mənəviyyatının deqradasiyası haqqındadır. Müharibədən - həyatın müxtəlif imtahanlarından çıxan sinif yoldaşları müharibə əlili İvanın ad günündə təkcə sosial vəziyyətlərindəki böhranı göstərmir, eyni zamanda, mənəvi simalarını hansı şəkildə itirdiklərini də tamaşaçıya nümayiş etdirirlər. “Sinif yoldaşları” tamaşası təkcə ölkəmizin mədəni həyatındakı hadisə deyil, həm də Rusiya-Azərbaycan teatr əlaqələrində körpü rolunu oynayan növbəti uğurlu addımdır.
Qeyd edək ki, Yuri Polyokov “Əmrə yüz gün qalmış”, “Rayon miqyaslı fövqəladə vəziyyət”, “Süddə çəpiş” romanları ilə məşhurlaşıb. Əsərləri əsasında iyirmiyə yaxın bədii film çəkilib, pyesləri çoxlu sayda teatr səhnələrində tamaşaya qoyulub.
Moskvada nəşr olunan “Literaturnaya qazeta”nın baş redaktoru, Rusiya Dramaturqlar Gildiyasının sədridir.
Ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar mədəniyyət idarələrin tabeliyində olan müəssisələr fəaliyyətini onlayn şəkildə davam etdirir.
Kürdəmir Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi rayonlarda fəaliyyət göstərən uşaq incəsənət və musiqi məktəblərin rəhbərlərinin iştirakı ilə videokonfrans keçirilib.
İdarə rəisi Elman Məmmədov mövcud şəraitdə məktəblərin fəaliyyətini yeni dövrün tələblərinə uyğun qurmaq, şagirdlərin musiqi təhsilinin səviyyəsini yaxşılaşdırmaq üçün müasir texnoloji imkanlardan istifadə edilməsinin zəruriliyi barədə məlumat verib .
Sosial izolyasiya qaydalarının tətbiq olunduğu karantin müddətində musiqi məktəblərində distant təhsilin keyfiyyətinin artırılması və asudə vaxtın səmərəli təşkili üçün verilən virtual konsertlərdən bəhs olunub, Mədəniyyət Nazirliyinin elan etdiyi müsabiqələrdə fəal iştirak etmək, yeni videoçarxların yüksək səviyyədə hazırlanıb təqdim olunması üçün tapşırıqlar verilib.
Videokonfransda yaşı 65-dən yuxarı olan mədəniyyət işçilərinə qayğı göstərilməsinin vacibliyi də vurğulanıb.
Azərbaycan karikatura sənətinin banisi, Xalq rəssamı Əzim Əzimzadə Azərbaycan rəssamlıq sənətində yeni bir cığır açıb. Bu gün onun adına hər kəs hörmətlə yanaşır. Yeni rəssamlar nəsli onun ənənələrindən bəhrələnirlər.
Bu gün Xalq rəssamı Əzim Əzimzadənin anadan olmasının 140 illiyi tamam olur.
Əzim Əzimzadə 1880-ci ilin aprelin 7-də Novxanı kəndində anadan olub. Atasının etirazına baxmayaraq, ibtidai təhsilini rus-tatar məktəbində alıb.
Yaradıcılığı boyu əsrlərdən bəri formalaşan Təbriz Azərbaycan miniatür məktəbinin və rus rəssamlıq məktəbinin ənənələrindən bəhrələnib. Rəssamlığa məşhur "Molla Nəsrəddin" jurnalında öz əsərlərini dərc etdirməklə başlayıb. 1906-cı ildən “Molla Nəsrəddin”, “Baraban”, “Zənbur”, “Tuti”, “Kəlniyyət” və sair jurnalların səhifələrində satirik qrafik karikaturalarını nəşr etdirməklə Azərbaycan satirik qrafikasının əsasını qoyub.
Ə.Əzimzadənin əsərlərinin əsas mövzusunu sosial təzadlar, adətlər və xalqın məişəti təşkil edirdi. O, öz əsərlərində mənfi surətləri gah kəsərli yumor, gah yumşaq kinayə ilə kəskin satira atəşinə tutub. Çəkdiyi “İt boğuşdurma”, “Kişi arvadını döyür”, “Varlı evində toy”, “Su üstündə dava”, “Köhnə bakılılar” kimi əsərlərində müxtəlif sosial təbəqələrə məxsus tiplərin iç üzünü açaraq qadın hüquqsuzluğuna, ədalətsizliyə qarşı çıxış edib.
Rəssam satirik şair Mirzə Ələkbər Sabirin “Hophopnamə”sinə çəkdiyi illüstrasiyalarla (1914) kitab qrafikası sənətinin də əsasını qoyub. Onun teatrlara çəkdiyi geyim eskizləri və dekorasiyalar Azərbaycan rəssamlığının bu sahədəki inkişafına xüsusi təkan verib.
Əsərləri dünyanın bir sıra muzeylərində nümayiş etdirilən rəssamın ilk fərdi sərgisi 1940-cı ildə təşkil olunub. Bakıda keçirilən birinci sərgidə tamaşaçılar rəssamın 1200-dən çox əsərinə tamaşa edib. 1920-1943-cü illərdə Ə.Əzimzadə Azərbaycan Rəssamlıq Texnikumunda müəllim, 1932-1937-ci illərdə isə direktor olub.
Əzim Əzimzadə 1943-cü il mayın 15-də Bakıda vəfat edib.
Bakı Rəssamlıq Texnikumu və Bakı küçələrindən biri onun adını daşıyır. Yaşadığı evdə rəssamın ev muzeyi açılıb, evin yaxınlılığındakı bağda büstü qoyulub.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası tərəfindən “Vətənimizə virtual səyahət” layihəsi təşkil olunub. Layihə əsasında bir çox virtual səyahətlər həyata keçirilir. Xatırladaq ki, Quba, Gəncə, Bərdə, Xızı, Göyçay, Daşkəsən, Qax, Tovuz, Şəki, Ağcabədi, İsmayıllı və s. rayonlara təşkil olunan virtual turlar sosial şəbəkələrdə də təqdim olunur.
Virtual izləyicilər üçün hazırlanmış növbəti səyahət Siyəzən rayonuna həsr edilib. Videoçarxda ilk olaraq, bir şəhər, bir qəsəbə, otuz iki kənddən ibarət olan rayonun ərazisi (7384 km2), əhalisi (40500 nəfər) haqqında məlumat verilib, bu ərazidə yerləşən müasir bina və parkların siyahısı və fotoları təqdim olunub.
Təbiətə əsrarəngiz bir rəng qatan rayonun flora və faunası bütün gözəlliyi ilə videoçarxda nümayiş olunur. Tarixi ilə qədim olan Siyəzən ərazisində Xəlil türbəsi, Daş qutusu nekropolu, Gilgilçay müdafiə səddi, Beşbarmaq yaşayış yeri, Dindağ qalaçası kimi tarixi abidələrin fotoları və yaranma tarixləri ilə bağlı faktlar da videoçarxda əks olunub.
Videoçarxın davamında görkəmli və tarixi şəxsiyyətlərin siyahısı ardıcıl formada verilib. Mətbəxinə aid balıq qızartması, küftə-bozbaş, fəsəli, göy qutabı və bu kimi ləzzətli yeməklərin fotoları da videoçarxda yerləşdirilib.
Videoçarx Böyük Qafqaz sıra dağlarının ətəklərində yerləşən Beşbarmaq dağı, rayonun müxtəlif zonalarından axan Ata çay, Gil-gil çay kimi çayların fotoları da yer alıb.
Videoçarxda Əməkdar artist Mətanət İsgəndərlinin ifasında Abbasqulu Nəcəfzadənin Nəcməddin Mürvətovun sözlərinə yazılmış “Siyəzən” mahnısı səslənir.
Qəyyur Yunusun sehrli və sirlərlə dolu ecazkar əsərlərindən biri “Qarabağ gözəlləri” isimli sənət nümunəsidir.
Maraqlı, seçilən dəstxəti ilə öz “mən”ini təsdiqləyən rəssamın qacar üslubu və şərq miniatürünə olan marağı və müraciəti bu əsərdə də özünü büruzə verib. Rəssamın yaradıcılığının əsas hissəsini qadın obrazları tutur. Əsərdə təbiət mənzərəsinin əhatəsində 3 qadın obrazı ön planda əks olunub. Qırmızı və torpaq rənglərinin müxtəlif çalarlarının incə və güclü kombinasiyası kompozisiyaya bədii güc və enerji aşılayır. Geyimlərin xırda detallar ilə bəzək, sinəbənd ilə təsviri ənənəviliyi və qədimiliyi vurğulayır. Həmçinin sadə, kvadrat planlı və günbəzli kənd evinin təsviri ilə dövrün məişət və yaşayışı haqqında məlumatı bizlərə təqdim edilir. Müasir dövrdə yaradılan bu əsər “Qacar üslubu”nda olan ən gözəl nümunələrdən biridir.
Beynəlxalq əməkdaşlıq çərçivəsində Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Rusiyanın Orenburq Vilayətinin P-Pokrovka model kitabxanası ilə əməkdaşlıq çərçivəsində uğurlu layihələr həyata keçirilir, mühüm hadisələrə həsr olunan interaktiv plakatlar hazırlanır.
Kitabxanadan bildirilib ki, növbəti interaktiv plakat Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinə həsr olunub.
Plakatda Azərbaycan və rus dillərində verilən materiallarda Böyük Vətən müharibəsində Azərbaycan hərbçilərinin şücaətindən, azərbaycanlıların antifaşist hərəkatında iştirakından, Vətənimizin övladlarının arxa cəbhədə əmək fəaliyyətindən, ölkə iqtisadiyyatı və xüsusilə də Bakı neftinin əhəmiyyətli rolundan bəhs edilir.
Azərbaycan müharibə illərində, Qafqaz uğrunda döyüşlər, milli hərbi bölmələr haqqında ətraflı məlumat almaq olar.
Burada akademik Yusif Məmmədəliyevə həsr olunmuş bölmədə onun ixtira etdiyi yüksək oktanlı benzin haqqında məlumatlar verilib.
İnteraktiv plakatda izləyicilər Sovet İttifaqı Qəhrəmanı adını almış 39 azərbaycanlı ilə də tanış ola bilərlər. Bundan başqa, plakatda Mehdi Hüseynzadə, Həzi Aslanov və Rixard Zorge haqqında vikipediyadan götürülmüş məlumatlar da əks olunub. Həmçinin Yasamal rayon Mərkəzi Kitabxanası tərəfindən iki dəfə Sovet İttifaqı Qəhrəmanı adını qazanmış Həzi Aslanovun 110 illik yubileyi ilə əlaqədar hazırlanmış informasiya bülleteni, ona həsr edilmiş şeirlər toplusu, əfsanəvi partizan Mehdi Hüseynzadənin (Mixaylo) 100 illik yubileyi münasibətilə hazırlanmış videoçarxla da tanış olmaq olar.
İnteraktiv plakat MDB kitabxanalarına və həmçinin ölkəmizin bir çox kitabxanalarına göndəriləcək.