Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) və Belarus Respublikasının Baş Mədəniyyət müəssisəsi sayılan Mogilyov Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Canlı mədəniyyət naminə” adlı videokonfrans təşkil olunub.
MEMİM-dən bildirilib ki, videokonfransda Azərbaycan və Belarus mütəxəssisləri mədəniyyətin postkoronavirus dövründə inkişaf xüsusiyyətlərini müzakirə ediblər.
Mədəniyyət mərkəzlərinin rəhbərlərinin iştirakı ilə keçirilmiş videokonfransda qaçılmaz virtuallaşma dövündə xalq kollektivlərinin və ənənəvi mədəni xidmətlərin toxunulmazlığının təmin olunmasının üsul və metodları ətrafında geniş fikir mübadiləsi aparılıb. Mövcud istiqamətdə yeni metodiki vəsaitlərin birgə hazırlanması və zəruri internet aksiyaların keçirilməsi məsələləri də xüsusi olaraq vurğulanıb.
Sosial təcrid şəraitində koronavirusla mübarizədə Azərbaycanda mədəniyyət işçilərinin iştirakı haqqında geniş məruzə ilə çıxış edən mərkəzin direktoru Asif Usubəliyev bildirib ki, karantin dövrünü mülayımləşdirilməsi və insanları müxtəlif streslərdən uzaqlaşdırılmasında Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən müəssisələr tərəfindən yüzlərlə müxtəlif səpkili layihələr reallaşdırılıb.
Xalqların milli identikliyinin qorunmasında, milli adət-ənənələrin toxunulmazlığının təmin olunmasında və gənclər arasında folklora qarşı marağın artırılması işinin əhəmiyyətini bildirən konfrans iştirakçıları mövcud istiqamətdə gələcəkdə də birgə layihələrin reallaşmasına dair razılığa gəliblər.
Qeyd edək ki, məhz sözügedən iki qurumun təşəbbüsü ilə 2017-ci ildə metodiki mərkəzlərinin rəhbərlərini birləşdirən Beynəlxalq Metodiki Şura yaradılıb ki, Azərbaycan həmin şuraya həmsədrlik edir.
4-cü İMAGİNE Avropa Tolerantlıq Festivalı bu il COVID-19 virusu səbəbindən onlayn formatında keçiriləcək.
Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinə istinadən xəbər verilir ki, Festivalın bu buraxılışında əvvəlcədən Bakıda olmuş və ya 2020-ci ildə ziyarət etmək fikrində olan dünyanın müxtəlif yerlərindən bir neçə musiqi qrupu, musiqiçilər və müğənnilər Bakı və Azərbaycana “Bakı üçün bir mahnı” adlı xüsusi musiqi proqramında bir mahnı həsr edəcəklər.
Bununla da koronavirus pandemiyası dövründə Azərbaycan xalqı ilə həmrəylik nümayiş olunacaq. Konsert mayın 9-u Avropa Günü canlı baş tutacaq.
9 mayda keçiriləcək “İdeyalar Forumu”nda dünyanın müxtəlif yerlərindən olan fəallar, mütəfəkkirlər, ekspertlər “COVID-19 Avropanı və beynəlxalq əlaqələri necə formalaşdırır?” mövzusunda öz fikirlərini bölüşəcəklər.
Həmçinin mayın 12-də çili-belçikalı olan tenor və soprano saksafon ifaçısı və bəstəkar Marselo Monkadanın canlı konserti və mayın 15-də dünyanın müxtəlif yerlərindən olan musiqiçilərin birlikdə ifa edəcəyi “Brasilidade” qrupunun konserti də qeyd edilməlidir.
Bununla yanaşı, müzakirələr, ustad dərsləri, şer gecələri, bədii sərgilər, film nümayişləri və s. keçiriləcək.
Azərbaycan Dövlət Rəsm Qalereyası “Evdə qal, qalib gəl!” layihəsi çərçivəsində “Qadınlar və güllər” adlı virtual sərgi təşkil edib.
Dövlət Rəsm Qalereyasından bildirlib ki, sərgidə qalereyanın kolleksiyasına məxsus, Azərbaycan rəssamlıq sənətinə böyük töhfələr verən sənətkarlarının müxtəlif üslub və texnikalarda işlədiyi natürmort və portret janrına aid əsərlər virtual şəkildə nümayiş edilib.
Sərginin ekspozisiyasında Cavad Mircavadovun "Qız muncuqla", Güllü Mustafayevanın "Skripkaçı qız", Yelena Haqverdiyevanın "Absolyut", Altay Sadıqzadənin "Madam Klemans", Toğrul Sadıqzadənin "Qırmızı paltarlı qız", Qəyyur Yunusun "Bahar gözəli", Qafar Seyfullayevin "Qız portreti", Tələt Şıxəliyevin "Qocaman müəllim", Mikayıl Abdullayevin "Çampa", Odtəkin Ağababayevin "İstirahət", Əşrəf Muradın "V.Tereşkovanın portreti", Həsən Haqverdiyevin "Düşüncələrdə", Rafiq Mehdiyevin "İstirahət", Cavad Mircavadovun "Sirk", Böyükağa Mirzəzadənin "Qızılgüllər", Niyaz Nəcəfovun "Payız", Toğrul Nərimanbəyovun "Güllər", Xalidə Səfərovanın "Maral Rəhmanzadənin portreti", Mirnadir Zeynalovun "Maxima çəhrayı ləçəkdə" əsərləri ilə sənətsevərlər virtual şəkildə tanış ola bilərlər.
Azərbaycan Dövlət Rəsm Qalereyası sənətsevərləri xüsusi karantin rejimi və sosial izolyasiya şəraitində sərgi salonlarının müvəqqəti bağlı olmasını nəzərə alaraq virtual sərgini izləməyə dəvət edir. “Qadınlar və güllər” adlı virtual sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izləmək mümkündür.
Ü.Hacıbəyli adına Bakı Musiqi Aakedemiyasının elmi-tədqiqat laboratoriyası onlayn rejimdə iclas və seminarlarını davam etdirir.
BMA-dan bildirlib ki, “Peşəkarlığın zirvəsində” adlanan növbəti elmi seminar Azərbaycanın Əməkdar incəsənət xadimi, sənətşünaslıq namizədi, professor, peşəkar kamança ifaçısı Arif Əsədullayevə həsr olunub. Seminarda elmi-tədqiqat laboratoriyanın elmi işçisi ,dissertant Nigar Bayramova məruzə ilə çıxış edib. O, Arif Əsədullayevin elmi və pedaqoji fəaliyyətindən danışaraq, onun zəngin ifaçılıq təcrübəsinə diqqət çəkib.
Arif Əsədullayevin Azərbaycanın əsas muğamları- Çahargah, Humayun, Rast, Bayatı-Şiraz, Zabul segah, Şur və Şüştər muğamlarını ilk dəfə olaraq nota salınmasından bəhs edib.
Məruzəçi Arif Əsədullayevin müəllifi olduğu “İnstrumental muğamlar”, “7 klassik Azərbaycan muğamı” kitablarından, monoqrafiyalarından söz açıb.
Sonda Arif Əsədullayev kamançada gözəl ifası ilə seminara ayrı bir rəng qatıb. Seminarda Bakı Musiqi Akademiyasının elm və yaradıcılıq işləri üzrə prorektoru, professor Gülnaz Abdullazadə, elmi-tədqiqat laboratoriyasının müdiri, dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nuridə İsmayılzadə və laboratoriyanın əməkdaşları onlayn seminarda iştirak ediblər.
G.Abdullazadə və N.İsmayılzadə seminarın sonunda öz dəyərli fikir və tövsiyyələrini bildiriblər, mövzu barədə laboratoriya əməkdaşları onları düşündürən suallar haqqında maraqlı müzakirələr aparıblar.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi Rusiya Azərbaycanlı Gənclər Birliyi (RAGB) gənc şairlərin yaradıcılığından ibarət poeziya almanaxı dərc edəcək.
RAGB yaradıcı gənclər arasında müsabiqə elan edib. Gənc müəlliflərin müsabiqədə seçiləcək şeirləri poeziya almanaxına daxil ediləcək.
Müsabiqədə qatılmaq istəyən gənclər mayın 20-dək öz şeirlərini projects@amor.az elektron poçt ünvanına göndərə bilərlər. Müəllifin ad və soyadı, təhsil aldığı ali məktəb, telefon nömrəsi “Word” formatında göstərilməklə məktuba əlavə edilib. Hər müəllif müsabiqəyə beş şeirini təqdim edə bilər.
Respublika Gənclər Kitabxanası “Sevilənlər sevənlər” rubrikası altında keçirdiyi canlı yayımları ilə izləyiciləri sevindirməkdə davam edir.
Mayın 5-də keçirilən canlı yayımın növbəti qonağı “Məlhəm” Humanist Qadınlar İctimai Birliyinin sədri, şair, dramaturq Xədicə Murad olub. Qısa bir zaman kəsiyində öz ətrafında kifayət qədər geniş izləyici kütləsi toplayan “Sevilənlər sevənlər” rubrikasının qonağı Xədicə Murad ilk növbədə izləyicilərə özü haqda məlumat verib, fəaliyyəti və yaradıcılığından bəhs edib. Sonradan qonaq izləyicilərin suallarını cavablandırıb, onların arzu və istəklərini nəzərə alaraq öz şeirlərini, müəllifi olduğu bayatıları canlı yayımda səsləndirib. Bundan əlavə Xədicə xanım təsisçisi olduğu “Məlhəm” Humanist Qadınlar İctimai Birliyinin yaranma tarixindən, birliyin məqsəd və vəzifələrindən, indiyə qədər qazandığı uğurlardan söhbət açıb. Canlı yayımda müasir gənclik, mütaliə maraqları və s. bu kimi mövzular ətrafında maraqlı söhbət aparılıb.
Sonda qonaq bu cür görüşlərin təşkilinə görə kitabxana rəhbərliyinə və bütövlükdə kollektivə öz dərin təşəkkürünü bildirib.
Koronavoris (COVID-19) infeksiyasının dünya üzrə elan olunmuş pandemiya dövrü ərzində vətəndaşların maddi-rifah halının və məşğulluğunun aşağı düşməməsinə yol verilməməsi istiqaməti üzrə respublikada dövlət qurumları, ictimai və özəl təşkilatları tərəfindən bir çox tədbirlər həyata keçirilib.
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Respublika Komitəsi öz növbəsində həmkarlar ittifaqı üzvlərinə dəstək məqsədi ilə bir sıra layihələr gerçəkləşdirib. İlk olaraq MİHİ Respublika Komitəsinin bölgələrdə fəaliyyət göstərən şəhər və rayon komitələri aztəminatlı ailələrə ərzaq məhsulları və tibbi ləvazimatlarla təmin edib. Bu işlərin davamı olaraq MİHİ Respublika Komitəsi 4-5 may tarixlərində Bakı şəhəri üzrə xidmətdə olan müəssisə və təşkilatlarda çalışan 300 nəfər həmkarlar İttifaqı üzvünə ərzaq sovqatlarının verilməsi aksiyasını həyata keçirib. MİHİ Respublika Komitəsi daima üzvlərinə dəstək olaraq, bu cür işləri gələcəkdə də davam etdirəcək.
Beynəlxalq Muğam Mərkəzindən (BMM) “Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində bu gün yayımlanacaq növbəti konsert ustad xanəndə, Xalq artisti Əlibaba Məmmədov yaradıcılığına həsr olunacaq.
BMM-nin solistləri xanəndənin repertuarından seçmələr, həmçinin müəllifi olduğu təsnifləri səsləndirəcəklər.
“Mədəniyyət” kanalı və BMM-nin “Facebook” səhifəsindən canlı yayımlanacaq efirdə xanəndələr Babək Quliyev ( Şuşalı) "Qızıl güllər arasında" və "Vilayəti" təsnifi, Elnur Zeynalov "Şur" təsnifi , Səbinə Ərəbli "Mehriban həkim" mahnisini, balaban ifaçısı Rəfael Əsgərovun ifasında isə "Azərbaycan maralı" xalq mahnısı təqdim olunacaq.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası oxucuların biliyini zənginləşdirmək, dünyagörüşünü inkişaf etdirmək və asudə vaxtını səmərəli təşkil etmək məqsədlə “Birlikdə mütaliə edək” adlı layihəyə başlayıb.
İdarədən bildirilib ki, layihə çərçivəsində Mərkəzi Kitabxana nəşrlərin pdf formalarının daxil olduğu “Birlkdə mütaliə edək” adlı elektron kitabxana-kataloqunu hazırlayıb. Oxucular elektron kitabxana-kataloqunda Azərbaycan və dünya, o cümlədən uşaq ədəbiyyatının qızıl fonduna daxil olan bədii əsərlərlə yanaşı, elmi-kütləvi ədəbiyyatın ən maraqlı nümunələri ilə tanış olacaq və onları mütaliə edə biləcəklər.
“Birlikdə mütaliə edək” adlı kitabxana-kataloqun sizə təqdim olunan ilk buraxılışı ilə Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin http://sabail.cls.az/documentCategory/123 saytına daxil olaraq tanış ola bilərsiniz.
A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı mayın 10-da rusdilli tamaşaçılar üçün maraqlı səhnə əsəri ilə çıxış edəcək.
Sənət ocağının kollektivi rus xalq nağılı əsasında hazırlanan “Durna balığı” tamaşası ilə teatrsevərlərin görüşünə onlayn gələcək.
Tamaşanın quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı Əfşan Əsədovadır. Musiqili səhnə işində uşaqlara sehrli nağıl dünyasına səyahət vəd olunur.
Qeyd edək ki, saat 12:00-da təqdim ediləcək səhnə əsəri teatrın sosial şəbəkədəki hesabları vasitəsilə göstəriləcək.