Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı mayın 8-də quruluşçu rejissoru Xalq artisti Vaqif Əsədov olan “Yarımçıq qalmış” tamaşasını növbəti dəfə sosial şəbəkədəki hesabları vasitəsilə təqdim edəcək.
Teatrdan bildirilib ki, Yevda Abramov və Leyla Bəyimin “Yarımçıq qalmış...” (Xəyalpərvər oğlan”) əsəri əsasında hazırlanan eyniadlı tamaşa 2016-cı ilin aprel ayında cəbhə xəttində gedən döyüşlər zamanı şəhid olan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsinin məzunu Samir Kaçayevin xatirəsinə həsr olunub. Səhnə quruluşçu rəssamı Elşən Sərxanoğlu, rejissoru Gülnar Hacıyeva, plastik səhnələrin rejissoru Pərviz Məmmədrzayev, musiqi tərtibatçısı Ramiq Nəsirov, rejissor assistenti isə Sevda Hacışəmiyevadır.
Tamaşada əsas rollarda Əməkdar artistlər Elnur Kərimov, Leyla Vəliyeva, Elşən Rüstəmov, Rasim Cəfərov, aktyorlar Bəhram Həsənov, Anar Seyfullayev, Günel Məmmədova, Asya Atakişiyeva, Zemfira Əbdülsəmədova, Elnur Hüseynov, Manaf Dadaşov, Vahid Orucoğlu, Ramil Məmmədov, İlqarə Tosova, Nuriyyə Əliyeva və Elgün Yəhyayev çıxış edəcək.
Akademik Milli Dram Teatrı onlayn tamaşalarını ingilis dilində subtitrlə təqdim edir. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, mayın 2-də ilk tamaşa kimi “Cəhənnəm sakinləri” səhnə əsəri təqdim olunub. Növbəti günlərdə tamaşaların subtitrlə rus dilində nümayişi də nəzərdə tutulub.
Mədəniyyət Nazirliyinin tövsiyəsi əsasında həyata keçirilən tamaşaların onlayn nümayişi əvvəlcədən müəyyən edilmiş virtual repertuara uyğun olaraq, saat 12:00 və 19:00-da facebook sosial şəbəkəsində, eyni zamanda teatrın rəsmi internet saytı və “YouTube” kanalında təqdim olunur. İzləyicilər tərəfindən böyük maraqla qarşılanan tamaşalar ölkə daxilində olan teatrsevərlərlə bərabər Amerika, Türkiyə, Rusiya, İsrail, İngiltərə, Almaniya və başqa ölkələrdə yaşayan soydaşlarımız tərəfindən də baxılır.
Teatrın may repertuarında 28 tamaşanın nümayişi planlaşdırılır. Virtual repertuarda müxtəlif illərdə premyerası keçirilən, lakin hazırda cari repertuarda olmayan “Mesenat”, “Generalın son əmri”, “Özümüzü kəsən qılınc”, “Aydın”, “Mənim ərim dəlidir”, “Uçqun” və başqa tamaşalar da var.
Milli Teatrdan bildirilib ki, bu, “Evdə qal, özünü və yaxınlarını qoru”, “Biz birlikdə güclüyük” şüarları ilə həyata keçirilən sosial izolyasiya tədbirlərinə mədəniyyət ocağının rəhbərliyinin və kollektivinin mənəvi dəstəyidir.
Qeyd edək ki, Akademik Milli Dram Teatrı onlayn tamaşalarını “Sənət maneə tanımır” sloqanı ilə təqdim edir.
Azərbaycan Dövlət “Yuğ” Teatrı R.Akutaqavanın “Cəngəllikdə” novellası əsasında hazırlanmış “Müəmmalı bir qətlin üç versiyası” adlı tamaşasını növbəti dəfə mayın 9-da onlayn göstərəcək.
Tamaşanın quruluşçu rejissoru, teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Vüsal Rəhim, musiqi tərtibatçısı Vüqar Camalzadədir.
Səhnə əsərində Əməkdar artist Gülzar Qurbanova, aktyorlar Oqtay Mehdiyev, Əbdülqəni Əliyev, Vüqar Hacıyev, Amid Qasımov, Elşən Əsgərov çıxış edəcəklər. Tamaşanın janrı postmodern oyun kimi müəyyənləşdirilib.
Rejissor tamaşanın yozumu barədə belə deyir: “Mütləq həqiqət yoxdur. Nə irrasional, nə mistik, nə intuisiya, nə fideizm prinsipi burda əsas götürülə bilməz. Heç yerdə həqiqət birmənalı deyil. Hadisəyə hər baxış bucağında bir həqiqət var. Kimsə əksini sübut edə bilmədiyi kimi, əslində, baş verənlərin tam sübutu da mümkün deyil. Hadisə var - müəmmalı bir qətl. İştirakçılar qiyabi və əyanidir. Həqiqət isə iştirakçıların sayı qədərdir. Əsər detektiv təsiri bağışlasa da, daha çox fəlsəfi metaforik üsluba meyillidir. Cəngəllikdə bir ölüm, bir zorlanma hadisəsi baş verib. Əsas sual ortadadır. Kim kimi öldürüb? Bu suala üç müxtəlif cavab-yanaşma var. Cavab-həqiqət isə yoxdur. Əslində, hadisə necə baş verib? Tamaşada bu suala cavab axtarılır. Bu axtarışda tərəflərin və insan sifətlərinin kəşfi baş verməlidir. Sonuc isə yenə də eyni... birmənalı həqiqət yoxdur. Hətta intersubyektiv həqiqət mütləq həqiqətə çatmır.
Onlar da öz səhhətlərini təhlükəyə ataraq, vətəndaşlarımızın sağlamlığının keşiyini çəkir, virusa yoluxma riskini azaltmaq üçün xüsusi karantin rejimi qaydalarına ciddi riayət edilməsinə nəzarət edir. Azərbaycan polisi xidməti borcunu layiqincə yerinə yetirməklə yanaşı, çətin vəziyyətdə olan insanların köməyinə də çatır, onlara yardım əli uzadır.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi (Baku Media Center) və C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının birgə hazırladığı yeni videoçarx bu dəfə məhz polislərimizə həsr olunub
Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə rəssamlıq istedadına malik olan uşaqlar, yeniyetmə və gənc rəssamların yaradıcılığında COVID-19 pandemiyası zamanı səhiyyə işçilərinin, hüquq-mühafizə orqanlarının əməkdaşlarının və Azərbaycan polisinin göstərdiyi çoxsaylı fədakarlıq nümunələrinin təsviri sənət əsərləri vasitəsilə təbliği və tərənnümü, milli həmrəylik, milli birlik duyğularını və insanların bədii zövqünü inkişaf etdirmək, rəssamların yaradıcılığını stimullaşdırmaq, doğma Vətənə məhəbbət hisslərini aşılanmaq məqsədi ilə təşkil edilən “Minnətdarıq” adlı respublika rəsm müsabiqəsi davam edir.
Müsabiqədə iştirak etmək üçün uşaqlar, yeniyetmələr və 30 yaşa qədər gənc rəssamların www.xsm.az saytında tədbirlər bölümündəki “Minnətdarıq” afişasına toxunmaları və ya (http://xsm.az/site/minnetdariq) linkinə daxil olub 1 və ya 2 əsərinin fotosunu daxil etməklə göstərilən anketi doldurmaları tələb olunur.
Qeydiyyat mayın 15-dək aparılacaq. Seçim 3 yaş kateqoriyası üzrə (5- 12, 12-17, və 17-30 yaş) aparılacaq və 3 hər yaş kateqoriyasına ayrıca sərgi keçiriləcək. Sərgi Xətai Sənət Mərkəzində açılacaq.
Festivalda Azərbaycanda yaşayan xarici ölkə vətəndaşları da iştirak edə bilər.
Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq və hər yaş qrupu üzrə qaliblər elan edilərək Mədəniyyət Nazirliyi tərəfindən mükafatlandırılacaq.
İlk üç yerin qalibi ilə yanaşı, hər yaş kateqoriyasında həvəsləndirici mükafatlar da nəzərdə tutulub.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə tanınmış Azərbaycan şairi, maarifçisi Seyid Əzim Şirvaninin 185 illik yubileyi münasibəti ilə Vikipediya Beynəlxalq Elektron Ensiklopediyasında özbək dilində bölmə yaradılıb, Azərbaycan və rus dillərində olan bölmələr zənginləşdirilib.
Yaradılan bölmələrdə dahi şairin həyatı, yaradıcılığı, pedaqoji fəaliyyəti, əsərləri, şeirləri, təmsilləri, qəzəlləri, müxəmməsləri, müsəddəsləri, rübailəri haqqında məlumatlar yer alır, onun barəsində maraqlı faktlar işıqlandırılır. Bölmədə habelə onun haqqında deyilən fikirlər öz əksini tapır.
Seyid Əzim Şirvani öz yaradıcılığnda maarifçilik ideyalarını yayaraq elmin və təhsilin səmərəsini, məktəb və tərbiyə məsələlərini, pedaqoji fəaliyyəti ardıcıl təbliğ edib, Azərbaycan uşaq ədəbiyyatı üçün olduqca maraqlı əsərlər yaradıb.
Qeyd edək ki, XIX əsr Azərbaycan ədəbiyyatında qəzəl ustadı kimi məşhurlaşan Seyid Əzim Şirvaninin yaradıcılığında əxlaqi-tərbiyəvi əsərlər mühüm yer tutur, onun elm, maarif, mədəniyyət, mətbuat, mütaliə, tərbiyə mövzularında yazdığı şeirlər didaktik poeziyanın ən gözəl nümunələrindən sayılır.
Vikipediyada Seyid Əzim Şirvani haqqında özbək dilində yaradılan bölmə ilə bu ünvanda tanış olmaq mümkündür. https://uz.wikipedia.org/wiki/Said_Azim_Shirvoniy
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanası koronavirus pandemiyası şəraitində ölkəmizdə keçirilən ciddi karantin rejiminin tələblərinə uyğun olaraq internet üzərindən fəaliyyətini davam etdirir.
Mərkəzi Kitabxana Baş İdarənin təşəbbüsü ilə həyata keçirilən #mənoxudumsəndəoxu layihəsi çərçivəsində “Nagıl saatı”nda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin "Sirlər xəzinəsi” poemasından “Kərpickəsən kişinin dastanı" hekayəsini təqdim edib. Əsəri kitabxananın əməkdaşı Şəfa Əliyeva səsləndirib.
Dahi şair N.Gəncəvinin "Kərpickəsən kişinin dastanı" hekayəsində kərpic kəsərək çörək pulu qazanan və bundan zərrə qədər utanmayan yaşlı qoca dövrümüzdəki zəhmətkeş insanların şərəfli həyatını əks etdirir. Həyatın mənasını anlamayan gəncin onu məsxərəyə qoyması və sonra öz hərəkətindən peşman olaraq üzr istəməsi əsərin əsas süjet xəttini təşkil edir.
Karantin dövründə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası biri-birindən maraqlı aksiyaları ilə izləyicilərə virtual xidmət göstərməkdə davam edir.
Növbəti belə layihələrdən biri Böyük Vətən müharibəsinin 75 illiyi münasibətilə həyata keçirilən “Böyük Vətən müharibəsində Azərbaycan səhifəsi” aksiyasıdır.
Aksiyada ümummilli lider Heydər Əliyevin bu sözləri deviz kimi istifadə edilib: “Azərbaycan xalqı İkinci Dünya müharibəsində həm
döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərmişdir. Müharibə başlanandan keçən qısa müddət ərzində Azərbaycan Respublikası ərazisində 87 qırıcı batalyon, 1124
özünümüdafiə dəstəsi təşkil edilmişdir. 1941-45-ci illərdə respublikanın 600 mindən çox oğlan və qızları cəbhəyə getmişdir".
Azərbaycan xalqının Böyük Vətən müharibəsində göstərdiyi əzmkarlıq və qəhrəmanlıqları açıqlamaq ciddi elmi-nəzəri, siyasi və əməli əhəmiyyətə malikdir. Hərbi vətənpərvərlik ruhunu özündə daşıyan bu aksiyanın əsas məqsədi gənc nəslə 75 illik tarixə malik Böyük Vətən müharibəsi və bu müharibədə bilavasitə iştirak edən Azərbaycan xalqı haqqında məlumat verməkdir. Respublika Gənclər Kitabxanasının əməkdaşları aksiyaya başlayarkən ilk növbədə bu geniş mövzunu bir neçə bölməyə ayırmış və bölmələrə uyğun materiallar toplanmağa başlamışlar. “Tarix”, “İqtisadiyyat”, “Bakı nefti”, “Azərbaycanlı partizanlar”, “Qəhrəman Azərbaycan qadınları”, “Böyük Vətən müharibəsi və Azərbaycan kinosu”, “Böyük Vətən müharibəsi və Azərbaycan musiqisi”, “Böyük Vətən müharibəsi mövzusu Azərbaycan dramaturgiyasında” və s. kimi bölmələrdən ibarət bu aksiya çərçivəsində müharibə illərində Azərbaycan xalqının müxtəlif sahələrdə göstərdikləri qəhrəmanlıq, mübarizə əzmi videoçarxlar və virtual sərgilər vasitəsilə nümayiş etdirilir. Kitabxana əməkdaşları aksiya çərçivəsində Sovet İttifaqı Qəhrəmanı, əməkdar elm xadimi Ziya Bünyadov, Bakı nefti, Azərbaycan təyyarəçiləri, qəhrəman qadınları, milli atıcı diviziyalar və s. haqqında videoçarxlar hazırlayıblar. Onu da qeyd edək ki, sözügedən aksiya qısa müddət ərzində öz ətrafında kifayət qədər geniş izləyici auditoriyası toplayıb və bu aksiya “Baxış” saylarına görə liderliyi ələ almışdır.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası “Böyük Vətən müharibəsində Azərbaycan səhifəsi” adlı aksiyası çərçivəsində hazırlanmış videoçarxlarla aşağıda qeyd olunmuş “İnstaqram” və “Facebook” səhifələri vasitəsilə tanış ola bilərsiniz: https://instagram.com/c_cabbarli_resp_genc_kitabxana?igshid=nndqfexh28sb
https://www.facebook.com/profile.php?id=100011349961279
Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 6 nömrəli filialının karantin günlərində fəaliyyəti sosial şəbəkələrdə maraqla izlənilir.
Kitabxanadan bildirilib ki, kitabxananın zəngin kitab fondundakı Azərbaycan mədəniyyəti, incəsənəti, ədəbiyyatı, tarixi, ictimai, siyasi xadimləri haqqında olan məlumatları özündə əks etdirən kitablarının sosial şəbəkələrdəki hesablarında yerləşdirilən foto və videoları həm yerli, həm də əcnəbi izləyicilərin marağına səbəb olub.
Türkiyənin Elazığ şəhərinin sakini Şener Bulut kitabxananın "Facebook" hesabındakı Azərbaycanın böyük şairi Almas İldırım haqqında olan videoçarxı izləyərək onu şairin Türkiyədə yaşayan oğlu Azər Almasa və digər qohumlarına da baxmaq üçün tövsiyə edib. Xatırladaq ki, Şener Bulut Türkiyənin "TRT Avaz" kanalında mütəmadi olaraq əslən Qala kəndindən olan qürbət şairimiz Almas İldırım haqqında verilişlər hazırlayır və bu verilişlərdə çox zaman şairin Şüvəlanda yaşayan qardaşı oğlu Hacıağa müəllim də iştirak edir. Aparılan danışıqlar əsasında karantin bitdikdən sonra kitabxanada Almas İldırım yaradıcılığı ilə bağlı olaraq birgə tədbirlər keçirilməsi haqqında razılığa gəlinib.
Bundan əlavə, kitabxana sosial şəbəkələrdəki hesablarında paylaşımlar edərkən həm yerli, həm də beynəlxalq haştaqlardan istifadə etdiyi üçün əcnəbi izləyicilərinin də sayı kifayət qədərdir.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialı Azərbaycanın görkəmli dramaturqu, naşir, publisist Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinə həsr olunmuş videoçarx hazırlayıb.
Kitabxanadan bildirilib ki, videoçarxda ədibin həyat və yaradıcılığı öz əksini tapıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 31 yanvar tarixli Sərəncamı ilə bu il ölkəmizdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq, nasir, publisist və teatr təşkilatçısı, tanınmış ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyi qeyd edilir.