Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Dəhşətli filmlərin ssenari müəllifi özünü qətlə yetirib

    “Uşaq oyunları” (1988), “Uşaq oyunları 2” (1990) filmlərində Çaki kuklası obrazını yaradan ssenarist Con Lafiya ömrünün 64 yaşında özünü qətlə yetirib.

    TASS agentliyinə istinadən xəbər verilir ki, bu barədə onunla rejissor Don Mançinin filmlərində birgə çalışan həmkarı bildirib.

    Məlumatda bildirilib ki, ssenarist Los Ancelesdə dünyasını dəyişib.

    Con Lafiya 1957-ci ildə dünyaya gəlib. “Uşaq oyunları”, “Uşaq oyunları 2” filmlərindən başqa “Mavi iguana” (1988) və “İnsanın ən yaxşı dostu” (1993) filmlərində ssenari müəllifi və rejissor qismində iştirak edib.

  • Milli Teatr onlayn tamaşalarını ingilis dilində subtitrlə təqdim edir

    Akademik Milli Dram Teatrı onlayn tamaşalarını ingilis dilində subtitrlə təqdim edir.

    Teatrın mətbuat xidmətindən verilən məlumata görə, mayın 2-də ilk tamaşa kimi “Cəhənnəm sakinləri” səhnə əsəri təqdim olunub. Növbəti günlərdə tamaşaların subtitrlə rus dilində nümayişi də nəzərdə tutulub.

    Mədəniyyət Nazirliyinin tövsiyəsi əsasında həyata keçirilən tamaşaların onlayn nümayişi əvvəlcədən müəyyən edilmiş virtual repertuara uyğun olaraq, saat 12:00 və 19:00-da “Facebook” sosial şəbəkəsində, eyni zamanda teatrın rəsmi internet saytı və “YouTube” kanalında təqdim olunur. İzləyicilər tərəfindən böyük maraqla qarşılanan tamaşalar ölkə daxilində olan teatrsevərlərlə bərabər Amerika, Türkiyə, Rusiya, İsrail, İngiltərə, Almaniya və başqa ölkələrdə yaşayan soydaşlarımız tərəfindən də baxılır.

    Teatrın may repertuarında 28 tamaşanın nümayişi planlaşdırılır. Virtual repertuarda müxtəlif illərdə premyerası keçirilən, lakin hazırda cari repertuarda olmayan “Mesenat”, “Generalın son əmri”, “Özümüzü kəsən qılınc”, “Aydın”, “Mənim ərim dəlidir”, “Uçqun” və başqa tamaşalar da var.

    Milli Teatrdan bildirilib ki, bu, “Evdə qal, özünü və yaxınlarını qoru”, “Biz birlikdə güclüyük” şüarları ilə həyata keçirilən sosial izolyasiya tədbirlərinə mədəniyyət ocağının rəhbərliyinin və kollektivinin mənəvi dəstəyidir.

    Qeyd edək ki, Akademik Milli Dram Teatrı onlayn tamaşalarını “Sənət maneə tanımır” sloqanı ilə təqdim edir.

     
  • ABŞ-da yaşayan azərbaycanlı icma nümayəndələri görkəmli pianoçu Fərhad Bədəlbəyli ilə görüşüb

    Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzinin (USACC) “Şənbə Söhbətləri” layihəsinin növbəti qonağı Azərbaycanın fortepiano sənətinin görkəmli nümayəndəsi, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli olub.

    “Zoom” platforması üzərindən baş tutmuş görüşə ABŞ-ın müxtəlif ştatlarında – Virciniya, Merilənd, Texas, Nyu-York, Kaliforniya, Meyn, Ohayo, Massaçusets ştatları və Kolumbiya dairəsində, eləcə də Kanadada yaşayan soydaşlarımız, o cümlədən ABŞ-ın İndiana Universiteti, Çikaqoda Northwestern University, Florida Tech University və sair kimi tanınmış universitetlərdə musiqinin müxtəlif sahələrində professor olaraq çalışan azərbaycanlılar qoşulub.

    Görüşdə Azərbaycan mədəniyyət və incəsənəti, Azərbaycanda maarifçilik məsələləri və sair mövzular ətrafında müzakirələr aparılıb. Fərhad Bədəlbəyli Azərbaycan musiqisinin tarixi inkişafı və hazırkı vəziyyəti ilə bağlı fikirlərini bölüşüb. Söhbət əsnasında qonaq 2007-ci ildə, hazırda erməni silahlı birləşmələrinin işğalı altında olan Azərbaycanın musiqi paytaxtı Şuşaya bir qrup Azərbaycan ziyalısı ilə səfərini xatırlayıb və öz təəssüratlarını paylaşıb.

    Görüş zamanı tanınmış pianoçu, hazırda ABŞ-da yaşayan Emil Əfrasiyab və xanımı Leyla Babayeva Əfrasiyab Tofiq Quliyevin “Yol ayrıcında” əsərindən bir parça ifa ediblər.

    Fərhad Bədəlbəyli ilə görüşə qoşulmuş soydaşlarımız tərəfindən qonağa müxtəlif mövzularda suallar ünvanlanıb, ABŞ-da Azərbaycan musiqisi və incəsənətinin təbliği ilə bağlı konkret təkliflər irəli sürülüb. Görüşün moderatoru ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov olub.

    Qeyd edək ki, Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzinin (USACC) “Şənbə Söhbətləri” layihəsinin əsas məqsədi Azərbaycanın tanınmış elm və mədəniyyət xadimlərinin ABŞ-da yaşayan azərbaycanlı icma nümayəndələrinə təqdim edilməsi və onlarla birbaşa ünsiyyətin qurulmasıdır.

    Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzi 2000-ci ildə, iki ölkə xalqları arasında münasibətlərin təşviqi, eləcə də ABŞ-da yaşayan azərbaycanlı icmaya yönəlik layihələrin həyata keçirilməsi məqsədilə Vaşinqtonda fəaliyyət göstərən ABŞ-Azərbaycan Ticarət Palatası tərəfindən Palatanın nəzdində təsis edilib.

     
  • “Koroğlu” romanı çapdan çıxıb

    AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, yazıçı-publisist Vüqar Əhmədin “Koroğlu” romanı çap olunub.

    İnstitutdan bildirilib ki, kitabın "Ön söz"ünün müəllifi AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoydur. Bədii əsərin rəyçisi “Ədəbiyyatşünaslıq plyus” Yaradıcılıq Birliyinin sədri, filologiya üzrə fəlsəfə doktoru Zəkulla Bayramlı, redaktoru isə Mətbuat tarixi və publisistika şöbəsinin kiçik elmi işçisi Təhminə Vəliyevadır.

    Tarixi mövzuda qələmə alınan əsər “Ecoprint” nəşriyyatında çap olunub. 352 səhifədən ibarət əsər müəllifin 4-cü romanıdır.

     
  • Azərbaycanın Əməkdar artisti İstanbuldan onlayn konsert verib

    Azərbaycan Diasporuna Dəstək Fondunun təşəbbüsü ilə Azərbaycanın Əməkdar artisti, dirijor, bəstəkar və pianoçu Turan Manafzadə Türkiyənin İstanbul şəhərindən onlayn konsert verib.

    Konsert proqramı COVID-19 pandemiyasına qarşı qabaqlayıcı tədbirlər çərçivəsində “Biz birlikdə güclüyük” kampaniyasına dəstək məqsədilə keçirilib.

    Klassik piano musiqisindən ibarət konsertdə müxtəlif ölkələrin bəstəkarlarının kompozisiyaları ifa edilib. Onlayn musiqi gecəsi Fondun rəsmi “facebook” hesabından yayımlanıb.

    Xatırladaq ki, pandemiya günləri ərzində Manafovlar ailəsi dünyanın müxtəlif bölgələrindən konsertlər verirlər.

  • “Qadınlar və güllər” adlı virtual sərgi keçiriləcək

    Azərbaycan Dövlət Rəsm Qalereyası “Evdə qal-qalib gəl!” layihəsi çərçivəsində mayın 5-də saat 18:00-da “Qadınlar və güllər” adlı virtual sərgi keçirəcək.

    Qalereyadan bildiriblər ki, sərgidə Azərbaycan Dövlət Rəsm Qalereyasının kolleksiyasına məxsus, Azərbaycan rəssamlıq sənətinə böyük töhfələr verən sənətkarlarının müxtəlif üslub və texnikalarda işlədiyi natürmort və portret janrına aid əsərlər virtual şəkildə sərgilənəcək.

    Toğrul Nərimanbəyov, Güllü Mustafayev, Xalidə Səfərova, Tələt Şıxəliyev, Altay Sadıqzadə, Qafar Seyfullayev, Mirnadir Zeynalov, Yelena Haqverdiyeva, Niyaz Nəcəfov və s. kimi rəssamların əsərləri ilə sənətsevərlər virtual şəkildə tanış olacaqlar.

    Azərbaycan Dövlət Rəsm Qalereyası sənətsevərləri xüsusi karantin rejimi və sosial izolyasiya şəraitində sərgi salonlarının müvəqqəti bağlı olmasını nəzərə alaraq virtual sərgini izləməyə dəvət edir.

    “Qadınlar və güllər” adlı virtual sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izləmək mümkündür.

     
  • “Mənim balaca Şahzadəm” Cənubi Koreyada keçirilən beynəlxalq film festivalında yarımfinala yüksəlib

    “Azanfilm” animasiya studiyasının istehsalı olan “Mənim balaca Şahzadəm” (“My little prince”) qısametrajlı animasiya filmi Cənubi Koreyada keçirilən 8-ci Seul Kuroqu Beynəlxalq Uşaq Filmləri Festivalının (8th Seoul Guro International Kids Film Festival) yarımfinal mərhələsinə yüksəlib.

    Mədəniyyət Nazirliyindən bildirilib ki, festivalın final mərhələsi və mükafatlandırma mərasimi iyulun 2-8-də keçiriləcək.

    Mədəniyyət Nazirliyinin sifarişi ilə 2019-cu ildə ərsəyə gələn filmin quruluşçu rejissoru Arif Məhərrəmov, bədii rəhbəri Elçin Əfəndiyev, ssenari müəllifi İman İsmayıl, quruluşçu rəssamı Amil Quliyev, bəstəkarı Azər Hacıəsgərli, səsləndirmə üzrə rejissoru Mehriban Zəki, prodüseri Müşfiq Hətəmovdur.

    Filmdə M.Ələkbərlinin “Balaca şahzadə” əsərinə həsr etdiyi yağlı boya ilə işlənmiş tabloların təsviri animasiya hissələrinin tərkibində verilib. Rəssam M.Ələkbərli Ekzüperinin “Balaca şahzadə” əsəri haqqında düşüncə və duyğularını 3D animasiya stili ilə təsviri əlaqələndirməklə yeni bir stilistika ərsəyə gətirib.

    Qeyd edək ki, “Mənim balaca Şahzadəm” animasiya filmi daha öncə Banqladeşdə 13-cü Beynəlxalq Uşaq və Türkiyədə UNIVERSAL KIDS Beynəlxalq Film festivallarında nümayiş etdirilib.

     
  • Tanınmış şair Salam Sarvanın şeirləri Gürcüstanın ədəbiyyat portalında yer alıb

    Gürcüstanın populyar arilimag.ge ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı virtual aləmdə” layihəsi çərçivəsində, tanınmış Azərbaycan şairi Salam Sarvanın gürcü dilinə tərcümə edilmiş “Cığır”, “Xətlər”, “Kənd və qənd”, “Soyuducunun səsi”, “Tramvaylar kimi”, “And”, “Darıxmağa dəyməz”, “Körpü”, “Sevgi”, “Kişi”, “Kəndirbaz”, “Unudulmuş”, “Həyat”, “Bir səhər”, “Gediş”, “Yaşayış”, “Şəkil və fon”, “Baxış” kimi şeirlərinə yer ayırıb.

    Tərcümə Mərkəzindən bildirilib ki, şeirləri gürcü dilinə İmir Məmmədli tərcümə edib.

    2008-ci ildən fəaliyyətə başlayan portal mütəmadi olaraq səhifələrində Qustav Flober, Tomas Eliyot, Alber Kamyu, İosif Brotski, Mario Varqas Lyosa, Zbiqnev Herbert, Magda Novakovski və Silviya Palat kimi dünya ədəbiyyatı yazarlarının əsərlərini yayımlayır.

     
  • “Kitabxanaçı tövsiyə edir” layihəsi çərçivəsində oxuculara Məhsəti Gəncəvinin yaradıcılığı haqqında məlumat verilib

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 nömrəli filialı “Kitabxanaçı tövsiyə edir” layihəsi çərçivəsində oxuculara görkəmli şair və yazıçılar haqqında məlumat verir.

    Kitabxanadan bildirilib ki, bu dəfə oxucular Məhsəti Gəncəvi yaradıcılığı haqqında məlumatlandırılıb.

    Qeyd edilib ki, XII əsrin birinci yarısında yaşayıb-yaratmış Məhsəti Gəncəvi ədəbiyyat tariximizdə gözəl rübailər ustadı kimi tanınır. Şairənin farsca yazdığı rübailərində humanizm, səmimi hisslər, dərin fəlsəfi mühakimələr, gözəl təbiət təsvirləri öz əksini tapıb. Məhəbbət lirikası onun yaradıcılığında əsas yer tutur.

    Şairənin məhəbbət mövzusunda olan rübailərində lirik qəhrəmanın şikayətləri-dövrdən, cəmiyyətdəki vəziyyətdən narazılığı da öz əksini tapıb. Məhsəti Gəncəvi Gəncə sarayında böyük nüfuza sahib olub. Şairənin müasiri olan Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasındakı qeydinə görə, Gəncə sarayında Məhsətiyə bir qəzəli üçün xəzinə bağışlanıb. Məhsətinin lirik qəhrəmanı yalnız sevən aşiq deyil, sevginin mənasına, məzmununa varan aşiq-filosofdur.

    Məhsəti rübailəri gözəl və rəngarəng təbiət təsvirləri, mükəmməl təbiət obrazları ilə də zəngindir.

    M.Gəncəvinin həyatı ilə bağlı “Əmir Əhməd və Məhsəti” adlı dastan da var. M.S.Ordubadi “Qılınc və qələm” romanında, M.Hüseyn “Nizami” əsərində Məhsətinin bədii obrazını yaradıb. Şairənin rübailəri müxtəlif vaxtlarda Nigar Rəfibəyli və Xəlil Yusifli tərəfindən Azərbaycan dilinə tərcümə edilib.

     
  • Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi münasibətilə onlayn tədbir keçirilib

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialı Nəsimi rayonu N.Axundzadə adına 1 nömrəli tam orta məktəbin müəllim və şagirdləri ilə birlikdə Azərbaycanın görkəmli dramaturqu, naşir, publisist Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi ilə əlaqədar onlayn tədbir keçirib.

    İdarədən bildirilib ki, tədbirdə yazıçının həyat və yaradıcılığı haqqında məlumat verilib, daha sonra şagirdlərin çıxışları dinlənilib.

    Sonda bildirilib ki, evdə qalaraq birlikdə mübarizə aparmaq və gücümüzün birlikdə olduğunu nümayiş etdirmək vacibdir.