Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası karantin dövründə vaxtını səmərəli keçirmək, yaradıcılığına təkan vermək və hədiyyə qazanmaq istəyən izləyicilərini təşkil etdiyi müsabiqəyə qoşulmağa dəvət edir. Belə ki, kitabxana ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ili münasibətilə 16-35 yaşarası gənclər arasında “Heydər Əliyev mənim qəhrəmanımdır” mövzusunda esse və şeir qiraət müsabiqəsi elan edib.
Kitabxanadan bildirilib ki, müsabiqədə iştirak etmək istəyən şəxslər mayın 10-dək ümummilli lider Heydər Əliyev haqqında hazırladıqları esselərin mətnini və ya Heydər Əliyev haqqında yazılmış şeirlərdən birinin səsləndirilmiş video yazısını (şeir müsabiqə iştirakçısı tərəfindən səsləndirilməlidir) kitabxananın e-mail ünvanına (ryl.az@mail.ru) təqdim etməlidirlər. Təqdim olunan esse və şeir qiraət videoları kitabxananın “İnstagram” və “Facebook” səhifələrində yerləşdiriləcək. Qaliblər onlayn səs çoxluğu əsasında (“Bəyənmə” sayına görə) müəyyən ediləcək. Qalib iki nəfər seçiləcək və kitabxana tərəfindən diplom və kitab hədiyyəsi ilə mükafatlandırılacaqdır.
Qeyd edək ki, müsabiqəyə göndəriləcək materiallar kitabxananın “İnstagram” və “Facebook” səhifələrində oxuculara təqdim ediləcək.
Dövlət “Yuğ” Teatrı Orxan Fikrətoğlunun “İtki” və bir neçə hekayəsi əsasında hazırladığı “Fəna” tamaşasını mayın 14-də sosial şəbəkədəki hesabları vasitəsilə onlayn təqdim edəcək.
Rejissor Mir Sahib Ağazadənin quruluşu əsasında göstəriləcək səhnə əsərində rəsmlərin quruluşu Əməkdar rəssam Rəşid Şərifə məxsusdur. Səhnə əsərində aktyorlar Qasım Nağı, Natəvan Qeybani, Oqtay Mehdiyev və başqaları iştirak edəcək.
“Özü”nü itirmiş bir kişi birdən-birə bunun fərqinə varır. Xanımı və dostu ilə bunun necə baş verdiyini araşdırmağa çalışır. Sonradan məlum olur ki, sən demə onlar da “özlərini” itiriblərmiş. Çox çək-çevirdən sonra hər üçü öz fitrətlərini insan surətində görüb “özləri”nə qayıdırlar.
Janrı “bir nəfəslik mərifət oyunu” kimi təqdim olunan tamaşada Mərcan Dədənin musiqilərindən istifadə olunub.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin həyata keçirdiyi “Klassik incilərimiz” layihəsi uğurla davam edir.
İdarədən bildirilib ki, Azərbaycan ədəbiyyatının klassik incilərini yaşatmaq və tanıtmaq məqsədi daşıyan layihə ötən həftə dahi Azərbaycan şairi Məhəmməd Füzuliyə, bu həftə isə görkəmli şair və mütəfəkkir Nizami Gəncəvi yaradıcılığına həsr edilib.
Nizami həftəsinə bölgələr də böyük maraq göstərib və Lənkəran Regional Mədəniyyət İdarəsinin Astara rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Pensər kənd kitabxana-filialının Multimedia resursları üzrə kompüter mütəxəssisi İstək Mürsəlova hazırladığı videoçarxı təqdim edib.
Kitabxana, həmçinin izləyiciləri Nizami Gəncəvi həftəsinə fəal qoşulmağa və hazırladıqları videomaterialları kitabxanaya təqdim etməyə dəvət edir.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Əzim Əzimzadənin Mənzil Muzeyi faşizm üzərində qələbənin 75 illiyi münasibətilə “Biz qalib gəldik, çünki həqiqət bizimlə idi” adlı rəsm müsabiqəsi elan edib.
İdarədən bildirilib ki, müsabiqədə M.Ə.Sabir adına şəhər kütləvi kitabxananın “Rəsm” kursunun şagirdləri Aysel Həsənzadə, Röya Kazımova, Leyla İsmayıllı, Şamil Hüseynli, Nuriyyə Təhməzova da iştirak ediblər.
Qoy həmişə sülh olsun! Əsgərlər əllərində silah deyil, sülh carçısı olan göyərçinlər tutsunlar! Qələbə sevinci qəlbləri riqqətə gətirib, gələcəyə inamı möhkəmləndirsin!
Sülh arzulu, qələbə sevincli rəngarəng rəsm əsərləri uşaqların müharibəyə nifrətini, əmin-amanlıq diləklərinin boyaların dili ilə ifadəsidir.
İsveçdə Azərbaycan milli geyim və folklor təşkilatı fəaliyyətə başlayıb.
İsveç krallığının Onge əyalətində yaşayan Azərbaycanlı rəssam Kəmalə Kərimova Yansson bu ölkədə Azərbaycan - İsveç milli geyim və folklor təşkilatı yaradıb.
Kəmalə Kərimova Yanssonun sözlərinə görə, təşkilatın əsas məqsədi Azərbaycanın və İsveçin milli irsinin, zəngin mədəniyyətinin, adət-ənənəsinin, dastan və nağıllarının, milli musiqi-rəqs, mətbəx və el oyunları, habelə geyim və alətlərinin, məişət - el sənətkarlığının müxtəlif sahələrinin öyrənilməsi, yaşadılması və insanlara düzgün şəkildə təqdim edilməsindən ibarətdir. Bildirib ki, yeni təşkilatın formatı adı çəkilən ölkələrin və türkdilli millətlərin mədəniyyətini diqqətdə saxlanılması ilə yanaşı, digər xalqların da etnik-milli mədəni və folkloru ilə əlaqədar müxtəlif layihələr həyata keçirməyi nəzərdə tutur.
“Çox maraqlı və vacib fikirlərim var. Gələcək layihələrdə insanlar yaşından, milli-dini mənsubiyyətindən, çalışdığı vəzifəsindən asılı olmayaraq özünü, milli kimliyini, mədəniyyətini, ideya-arzularını sərbəst yaradıcılıq vasitəsilə ifadə edə biləcəklər. Bu təşkilatın bir mədəni birlik rəmzini daşıyan ocaq olması üçün çalışıram”,- deyə Kəmalə Kərimova Yansson bildirib.
O, digər təşkilatlarla da birgə olaraq Azərbaycan adına, uğuruna, nüfuzuna layiqli fəaliyyət aparılmasının mümkünlüyünü qeyd edərək deyib: “İnanıram ki, vətənimizi, millətimizi, dövlətimizi uğurlarımız ilə sevindirəcəyik”.
Xalqımızın mənəvi dünyasını, gözəllik duyumunu, fitri istedadını, dünyaya fəlsəfi baxışlarını sirli naxışlarda yaşadan Azərbaycan xalça sənətinin qədim tarixi var. Ölkəmizdə yüz illərdir xalça toxunsa da, xalçaçıların heç vaxt öz peşə bayramlarını qeyd etdiyi gün olmayıb. Artıq dörd ildir ki, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradıldığı gün - mayın 5-i “Xalçaçı Günü” kimi qeyd olunur.
Xalçaçılar öz peşə bayramlarını əlamətdar bir dövrdə - milli dəyərlərimizin hamisi, ulu öndər Heydər Əliyevin doğum günü ərəfəsində qeyd edirlər. Belə bir tarixi günün təsis edilməsi Ümummilli Liderimizin bizə bəxş etdiyi müstəqilliyimizin bəhrəsidir. Əgər müstəqil Azərbaycan olmasa idi, nə milli sənət növümüz olan xalçaçılıq belə geniş yayılardı, nə də Xalçaçı Günü qeyd olunardı.
Ümummilli Liderimizin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev xalçaçılığın inkişafına da böyük diqqət və qayğı göstərir. Ölkə rəhbərinin müvafiq sərəncamları ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması, “Xalçaçı Günü” peşə bayramının təsis edilməsi, respublikamızın şəhər və rayonlarında xalça istehsalı emalatxanalarının tikilib istifadəyə verilməsi bu sənəti yaşadanlara göstərilən böyük dövlət qayğısının parlaq təzahürüdür.
Milli mədəniyyətimizin inkişafında böyük rolu olan Birinci vitse-prezident Mehriban xanım Əliyeva da xalçaçılığın yaşadılmasına öz dəyərli töhfələrini verir. Xalçaçıların problemlərinin aradan qaldırılmasında, onların fəaliyyət imkanlarının genişləndirilməsində, nailiyyətlərinin beynəlxalq miqyasda təbliğində Mehriban xanımın xidmətləri misilsizdir. Onun təşəbbüsü ilə Keniyanın Nayrobi şəhərində keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin V sessiyasında Azərbaycan xalçaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi İrsin nümunələri siyahısına daxil edilib.
Azərbaycanda xalçaçılıq sənətinin ölkə iqtisadiyyatındakı rolunu yüksək dəyərləndirən Prezident İlham Əliyevin diqqət və qayğısı ilə 2016-2020-ci illərdə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin 21 filialı yaradılaraq fəaliyyətə başlayıb.
Səhmdar Cəmiyyətin ilk filialı 2016-cı ilin noyabr ayında Füzuli rayonunun Horadiz şəhərində açılıb. 2017-ci ildə Ağdam, Şəmkir, Tovuz, Ağstafa, Qazax, İsmayıllı, Qəbələ, Quba və Xaçmaz rayonlarında xalça istehsalı emalatxanaları yaradılıb. 2018-ci ilin sonunda Səhmdar Cəmiyyətin daha 10 xalça emalatxanasının – Naxçıvan, Nardaran, Abşeron, Kürdəmir, Goranboy, Tərtər, Şabran, Qobustan, Cəbrayıl, Lənkəran filiallarının tikintisi başa çatdırılaraq istehsala başlanılıb. Ötən il isə İsmayıllı şəhərində ikinci xalça emalatxanası öz qapılarını toxucuların üzünə açıb. Bu emalatxanaların hər birində 150 nəfər toxucunun, 14 nəfər inzibati-təsərrüfat işçisinin çalışması üçün yüksək iş şəraiti yaradılıb, onların rahatlığının təmin olunması üçün nəqliyyat vasitəsi ayrılıb. Hazırda “Azərxalça”da 1700 nəfərdən çox işçi çalışır.
Dövlət başçısı “Azərxalça”nın ilk filialının açılış mərasimində iştirak etməklə, bu sahəyə nə qədər böyük diqqət və qayğı ilə yanaşdığını göstərdi. Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyev indiyədək “Azərxalça”nın Füzuli, Şəmkir, Quba, Xaçmaz, İsmayıllı, Lənkəran, Ağdam, Qəbələ, Qobustan, Kürdəmir, Goranboy, Qazax, Tovuz, Ağstafa filiallarının açılış mərasimlərində iştirak edib. Bu filiallardan 4-nün açılışında Mehriban xanın Əliyeva da iştirak edib.
Bu sahəyə göstərilən yüksək diqqət və qayğının nəticəsidir ki, dövlətimizin başçısının müvafiq Sərəncamı ilə “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” da təsdiq olunub. Dövlət proqramının uğurlu icrası bu sahədə daha böyük nailiyyətlərin qazanılacağından xəbər verir.
“Azərxalça”nın istehsalı olan məhsullar xalçaçı-rəssamlar tərəfindən hazırlanmış çeşnilər əsasında toxunur. Dünyada ilk dəfə olaraq məhz Azərbaycanda qədim və orijinal xalçaların əsasında yeni çeşnilərin elektron variantı hazırlanıb. Bu çeşnilər Bakı, Qarabağ, Naxçıvan, İrəvan, Təbriz, Şirvan, Quba, Gəncə, Qazax-Borçalı qrupları üzrə kataloqlaşdırılıb. Dünya muzeylərində və kolleksiyalarda saxlanılan nadir Azərbaycan xalça və xalça məmulatları əsasında çeşnilərin hazırlanmasına daha çox üstünlük verilir.
"Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı"nda xalçalarımızın ölkə brendi olaraq dünya bazarına ixrac olunması qarşıya qoyulan əsas vəzifələrdən biridir.
"Azerbaijan carpet" ("Azərbaycan xalçası") brendinin yaradılması, inkişaf etdirilməsi və xarici bazarlarda təşviqinin icrası İqtisadiyyat Nazirliyinə və "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinə tapşırılmışdı. Artıq "Azərbaycan xalçası" brendi yaradılıb. İndi dünya bazarına ixrac olunan milli naxışlı xalçalarımız "Azərbaycan xalçası" brendi adı ilə satılır.
Azərbaycan xalçalarının ixracı üçün ABŞ, Rusiya, Yaponiya, İsveç kimi ölkələrin şirkətləri ilə əlaqələr qurulub. 2019-cu ildə İsveçdə fəaliyyət göstərən "NGK-AZE" şirkəti Azərbaycan xalçalarının bu ölkəyə idxalı üçün "Azərxalça"ya müraciət edib. Təklif dəyərləndirilib, Stokholmun "Vikjö" ticarət mərkəzində açılan mağazada Azərbaycan xalçalarının Bakı, Qarabağ, Quba, Şirvan və Gəncə qrupları üzrə müxtəlifölçülü xalçalar satışa çıxarılıb.
Ötən il "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti ilə Amerika Birləşmiş Ştatları-Azərbaycan Ticarət Palatası arasında imzalanan niyyət protokoluna uyğun olaraq, ABŞ-da Azərbaycan xalçalarına həsr edilmiş tədbirlərin keçirilməsinə başlanılıb. Məqsəd ABŞ-da Azərbaycan xalçalarının təbliğ edilməsi, "Azərxalça"nın məhsullarının satış imkanlarının genişləndirilməsidir. Ötən ilin dekabr ayında Palatanın Vaşinqtonda yerləşən inzibati binasında Azərbaycan xalçalarından ibarət sərgi açılıb.
“Azərxalça”nın filiallarının yerli xammalla təmin edilməsi istiqamətində də mühüm tədbirlər həyata keçirilib. Sumqayıt Kimya Sənaye Parkında yaradılan Yunəyirici-Boyaq Fabrikinin tikintisi artıq başa çatdırılıb. Fabrikdə Türkiyə, Almaniya, Fransa, İtaliya, İsveçrə və Çin istehsalı olan avadanlıqların quraşdırılmasına başlanılıb. Bu fabrikdə təmiz yun, təbii və kimyəvi boyalarla boyanmış yun iplik istehsal ediləcək. Fabrik fəaliyyətə başladıqdan sonra respublikanın xalçaçılıq müəssisələrinin yun ipliyə olan tələbatı ödəniləcək, idxaldan asılılıq tamamilə aradan qaldırılacaqdır. Bu müəssisədə birnövbəli iş rejimində ildə 1500 ton yun emal ediləcək. Fabrikin iplik istehsal gücü isə birnövbəli iş rejimində ildə 250 tondur. Fabrikdə istehsal olunacaq iplik nəinki daxili tələbatı ödəyəcək, eyni zamanda, ixrac imkanı da yaradacaqdır. Burada istehsal ediləcək təmiz yun isə xammal kimi satışa çıxarılacaqdır.
Yunəyirici-Boyaq Fabrikinin 2020-ci ilin mart ayında istifadəyə verilməsi nəzərdə tutulmuşdu. Ancaq bütün dünyada yayılan koronavirus fabrikin qurulub başa çatdırılması prosesinə də təsirsiz ötüşməyib. Ölkələrarası nəqliyyat əlaqələri bərpa olunduqdan, xarici mütəxəssislərin ölkəmizə gəlməsi təmin edildikdən 14 həftə sonra Yunəyrici-Boyaq Fabriki fəaliyyətə başlayacaqdır.
Yunəyrici-Boyaq Fabrikinin xammalla təmin olunması məqsədilə Naxçıvan şəhərində, Qobustan, Şabran, Bərdə və Sabirabad rayonlarında regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri yaradılıb. Qobustandakı regional məntəqənin açılış mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Bu məntəqələrin hər birində 300 ton olmaqla, ildə 1500 ton yun tədarük ediləcək.
Bu sahənin inkişaf etdirilməsinin regionlarda məşğulluğun artırılmasında, xalqımızın milli dəyərlərinin, maddi və mənəvi irsinin qorunub saxlanılmasında, itirilmiş ənənələrin bərpa olunmasında əhəmiyyəti nəzərə alınaraq, ölkəmizdə xalçaçılığın geniş şəbəkəsi yaradılır. Səhmdar Cəmiyyətin istehsalı olan məhsulların "Azərbaycan xalçası" brendi kimi ixrac edilməsinə başlanılması milli xalçalarımızın tarixən bütün dünyada yayılmış şöhrətini özünə qaytarır. Bu, həm də dövlətimizin xalçaçılığa güclü ideoloji faktor kimi münasibətinin nəticəsidir. Xalçaçılığın inkişafı, xalça istehsalı emalatxanalarının yaradılması minlərlə iş yerinin açılmasına, ölkəmizin ixrac imkanlarının genişləndirilməsinə səbəb olur.
Bu, bir reallıqdır ki, dünyanın heç bir ölkəsində xalçaçılığa belə diqqət göstərilmir. Azərbaycanda xalçaçılığın inkişafı böyük bir tarixi dövrə hesablanıb. Bu dövrdə isə bizim yaxşı xalça mütəxəssislərimiz yetişəcək, insanlar xalçaçılığın sirlərinə yiyələnəcək, beləliklə, xalçaçılıq yaşadılacaq. Onunla birlikdə Azərbaycanın tarixi, mədəniyyəti də yaşadılaraq gələcək nəsillərə ötürüləcəkdir.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi əsasında hazırlanmış eyniadlı ikihissəli komediya-tamaşa mayın 13-də onlayn nümayiş olunacaq.
Tamaşada görkəmli bəstəkar, Xalq artisti Qara Qarayevin “Ölülər” əsəri üçün bəstələdiyi musiqi yeni versiyada təqdim ediləcək.
Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsərinin elmi məsləhətçisi akademik İsa Həbibbəylidir.
“Ölülər”in Şeyx Nəsrullahı Xalq artisti Nurəddin Mehdixanlı, Kefli İsgəndəri isə Əməkdar artist Anar Heybətov olacaq.
Tamaşada digər rolları Xalq artistləri Laləzar Mustafayeva, Rafiq Əzimov, Hacı İsmayılov, Sabir Məmmədov, Əjdər Həmidov, Əməkdar artistlər Aslan Şirin, Elşən Rüstəmov, Əli Nur, Elxan Quliyev, Məzahir Cəlilov, Kazım Həsənquliyev, Mirzə Ağabəyli, aktyorlar Elçin Əfəndi, Ramin Şıxəliyev və başqaları canlandıracaq.
Xronometrajı 130 dəqiqə olan səhnə əsərində rəsmlərin quruluşu Azər Paşa Nemətova məxsusdur.
Əsərdəki mənəvi əsarət, fanatizm və cəhalət böyük cəsarətlə aktyorların ifasında özünəməxsus çalarlarla açılır. Belə ki, yaradıcı heyət Cəlil Məmmədquluzadə düşüncələrini yüksək məharətlə ifa edərək XX əsrin əvvəllərində Azərbaycanda baş verən prosesləri, mövhumat və cahilliyin poetik və dramatik lövhələrini dolğun təcəssüm etdirə bilirlər.
Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü ilə respublikada “Qavaldaş” zərb çalğı alətlərinin müxtəlif növlərinin ifası üzrə uşaq və gənclərin III Respublika və ilk dəfə olaraq I Beynəlxalq onlayn festival-müsabiqəsinin final mərhələsi keçirilib.
Səid Rüstəmov adına 13 nömrəli uşaq musiqi məktəbinin nağara ixtisası üzrə şagirdi Əliağa Cəfərzadə “Qavaldaş” I Beynəlxalq festival-müsabiqəsində birinci yerə layiq görülüb.
Müsabiqənin keçirilməsində əsas məqsəd uşaq və gənclərin milli-mənəvi ruhda inkişafı, onların istedadlarının üzə çıxarılması, zərb çalğı alətlərinin müxtəlif növlərinin təbliği, Azərbaycanın milli ritm sənətinin layiqincə təmsili, xalqımızın musiqi alətlərinin və mədəni irsinin qorunması, musiqi mədəniyyətinin inkişafının təmin edilməsi, nağara musiqi alətinin dünyada təbliği, bu sahədə gənc nəslin bilik və bacarıqlarının genişləndirilməsi və artırılmasından ibarətdir.
Azərbaycan Turizm Bürosu tərəfindən onlayn təlim platforması istifadəyə verilib.
Dövlət Turizm Agentliyindən bildirlib ki, “Azerbaijan 101: e-learning project powered by ATB” adlı platformanın yaradılmasında məqsəd beynəlxalq turizm sənayesinin nümayəndələrinə Azərbaycanın təqdim etdiyi turizm imkanları barədə təlimlər keçməkdir.
Belə ki, Azərbaycan da daxil olmaqla dünyanın istənilən ölkəsindən olan iştirakçılar “elearning.tourismboard.az” portalında qeydiyyatdan keçərək ödənişsiz təlimlərə qoşulmaq imkanına sahibdirlər.
Təlimlər 5 moduldan ibarət olmaqla Azərbaycan haqqında ümumi məlumat, müalicəvi turizm məhsulları, qastronomiya, şərab turları, ölkənin zəngin mədəni irsi kimi mövzuları əhatə edir.
Eyni zamanda yerli istifadəçilər üçün “Yenilənmiş azerbaijan.travel vebsaytının funksiyaları” və “Viator platformasından istifadə” adlı 2 modul da mövcuddur.
Artıq bir neçə gündür ki, fəaliyyət göstərən təlim portalında indiyədək 235 nəfər qeydiyyatdan keçib və onlar test mərhələsindən uğurla keçərək 427 sertifikat əldə ediblər.
Sertifikatlaşmanı uğurla adlayaraq “Azərbaycan turizmi üzrə ekspert” statusunu qazanmış iştirakçılar əsasən ABŞ, Böyük Britaniya, Almaniya, Yunanıstan, İsrail, Yaxın Şərq və Pakistan və s. vətəndaşlarıdırlar.
Bundan əlavə, Azərbaycan Turizm Bürosunun Azərbaycan və rus dillərində fəaliyyət göstərən, yenilənmiş rəsmi veb-saytında “COVID-19 (Coronavirus) update” (https://new.tourismboard.az/page/314-COVID-19) adlı mütəmadi olaraq yenilənən bölmə yaradılıb.
Bölmədə yeni növ pandemiya ilə əlaqədar ölkələr üzrə Azərbaycana səyahətlə bağlı məhdudiyyət tarixləri və ziyarətçilər üçün ümumi tövsiyələr yerləşdirilib.
Nazirlər Kabineti yanında Operativ Qərargahın rəsmi məlumatlarına istinad edilən və vahid informasiya bazası rolunu oynayan bölmədə əcnəbi ziyarətçilərin Azərbaycanda səfərdə olarkən riayət etməli olduqları gigiyena qaydaları, həmçinin onlar tərəfindən maraq doğuran suallara cavablar əksini tapıb.
Veb-saytda, həmçinin beynəlxalq bazarlardakı cari vəziyyət haqda məlumatların təqdimatı məqsədilə də “Markets” (https://new.tourismboard.az/markets) adlı xüsusi bölmə təsis edilib.
Bölmədə cədvəl formatında Azərbaycanın hədəf bazarlarında COVID-19 virusu ilə mübarizə tədbirləri barədə məlumatlar yerləşdirilib.
Cədvəldəki müvafiq məlumatlara əsaslanaraq bu bazarlarda kommunikasiya və marketinq fəaliyyətinə nə zaman başlanılması üçün mühüm məlumatlar əldə etmək olar.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Ölkəmizi tanıyaq” layihəsini davamlığını təmin edir. “Vətənimizə virtual səyahət” layihəsi ilə karantin rejimində olan Azərbaycanın gözəl guşələri silsilə videoçarxlar vasitəsi ilə tanıdılır.
Növbəti videoçarx respublika əhəmiyyətli şəhər olan Sumqayıt haqqındadır. Videoçarxda Sumqayıt şəhərinin tərkibində olan Corat və Hacı Zeynalabdin qəsəbələri əks olunub, şəhərlə bağlı ilk yazılı məlumat izləyicilərə çatdırılıb, şəhərin tarixi və aparılan tədqiqatlar haqqında ümumi məlumatlar verilib.
Videoçarxda Sumqayıt şəhərinin ilk qurucuları, şəhərdə yerləşən istehsalat və sənaye müəssisələri, park və xiyabanlar, burada ucaldılan görkəmli şəxsiyyətlərin abidələri və heykəllərinin fotoları verilib. Videoçarxda Sumqayıtın 70 illik yubileyi ilə əlaqədar maraqlı tədbirlərin fotoları da yer alıb.
Videoçarxda Xalq artisti, opera müğənnisi Lütfiyar İmanovun “Sumqayıt” mahnısı səsləndirilib.
Qeyd edək ki, “Vətənimizə virtual səyahət” adlı layihəyə daxil olan videoçarxlar “Kitabsevər uşaqlar” Facebook” səhifəsində və “YouTube” kanalında da yerləşdirilib.