Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Magistratura və rezidentura üzrə bəzi ixtisasların təsnifatında dəyişiklik edilib

    Nazirlər Kabineti “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda, “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı”nda dəyişiklik edib.

    Bu barədə Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov qərar imzalayıb.

    Qərara əsasən, ali təhsilin magistratura səviyyəsində Sərhəd təhlükəsizliyi və idarəetmə (sahələr üzrə), “Təbiət ixtisasları qrupu” bölməsinə yeni dövlət informasiya sistemlərinin təhlükəsizliyi və rəqəmsal hökumət, “Texniki və texnoloji ixtisaslar qrupu” bölməsinə neft-qaz çıxarmada nanotexnologiya, süni intellekt, məsafədən müşahidə, “Səhiyyə, rifah və xidmət ixtisasları qrupu” bölməsinə dərman preparatlarının keyfiyyətinin təminatı ixtisasları əlavə edilib.

     
  • Təhsil Nazirliyi: Sabahdan tələbələrin köçürülməsi prosesinə başlanılır

    Fevralın 1-dən etibarən tələbələrin köçürülməsi prosesinə başlanılır.

    Elektron sənəd qəbulu fevralın 7-dək davam edəcək. Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi transfer.edu.az portalı vasitəsilə həyata keçirilir.

    Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.

    Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir. Portal fəaliyyətə başladığı gündən bu günədək 6 minə yaxın tələbənin köçürülməsi həyata keçirilib.

  • Azərbaycan Dövlət Pedaqoji və Corc Vaşinqton universitetləri arasında ikili diplom proqramı imzalanıb

    Yanvarın 31-də Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və ABŞ-ın Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramı üzrə sazişin imzalanma mərasimi keçirilib.

    Mərasimdə Təhsil naziri Ceyhun Bayramov, Corc Vaşinqton Universitetinin Təhsil və insan inkişafı fakültəsinin dekanı Maykl Foyer, ADPU-nun rektoru Cəfər Cəfərov, ABŞ-ın ölkəmizdəki səfiri Örl Litzenberqer çıxış ediblər.

    Bildirilib ki, ölkə Prezidenti İlham Əliyevin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiqlənmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçiriləcək ikili diplom proqramı təhsil sahəsində menecerlər hazırlanmasını nəzərdə tutur.

    ABŞ tərəfi ilə aparılan danışıqlara əsasən, proqram çərçivəsində 2020-2021-ci tədris ilindən etibarən ADPU-da magistratura pilləsinə qəbul aparılacaq. Magistratura pilləsində təhsilin 2 il müddətinə ingilis dilində aparılması və hər il 25 tələbənin qəbulu nəzərdə tutulur. Abituriyentlər qəbul üçün ilk olaraq Dövlət İmtahan Mərkəzi, daha sonra Corc Vaşinqton Universiteti tərəfindən təşkil edilən imtahanlarda iştirak etməlidirlər. Tədris həm Corc Vaşinqton Universitetindən dəvət olunan, həm də yerli müəllimlər tərəfindən aparılacaq. Sonda məzunlara Azərbaycan Dövlət Pedaqoji Universitetinin və Corc Vaşinqton Universitetinin diplomları veriləcək.

  • Ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsi üzrə sınaq imtahanına qeydiyyat davam edir

    Ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsi üzrə sınaq imtahanına qeydiyyat davam edir.

    Dövlət İmtahan Mərkəzindən bildirilib ki, sınaq imtahanına qeydiyyat fevralın 10-u saat 11:00-dək aparılacaq. İştirakçılara 2020-ci ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsinin modelinə uyğun olaraq test tapşırıqları hər qrupda 3 imtahan fənni üzrə təqdim olunacaq.

    Abituriyentlər birinci qrupda riyaziyyat, fizika, kimya, ikinci qrupda riyaziyyat, coğrafiya, tarix, üçüncü qrupda Azərbaycan dili, tarix, ədəbiyyat, dördüncü qrupda isə biologiya, kimya, fizika fənlərindən imtahan verəcəklər.

    İmtahanlar Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Tovuz, Şəki, Mingəçevir, Zaqatala, Bərdə, Ağcabədi, Göyçay, Şamaxı, İsmayıllı, Füzuli, Sabirabad, Salyan, Kürdəmir, Şirvan, Quba, Xaçmaz, Lənkəran, Cəlilabad, Masallı şəhərlərində təşkil olunacaq.

    Abituriyentlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və ya mənbə əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddət istifadə olunan və cavabları kodlaşdırıla bilən hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır. İmtahanın müddəti 3 saatdır. Yazı tələb olunan açıq tipli tapşırıqların cavabları “cavab vərəqi”ndə nəzərdə tutulan müvafiq yerlərdə, digər tapşırıqların cavabları isə “cavab kartı”nda qeyd olunur. İmtahanın sonunda “cavab vərəqləri” və “cavab kartları” şagirdlərdən təhvil alınır.

    Sınaq imtahanına qeydiyyatdan keçmək üçün ekabinet.dim.gov.az keçidində “Şəxsi kabinet” yaradılmalıdır (şəxsi kabineti olmayanlar). “Şəxsi kabinet”in “hesab” bölməsinə imtahanda iştirak üçün nəzərdə tutulan məbləğ (40 AZN) yüklənilir. Hesaba lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar.

    Daha sonra DİM-in saytında yerləşdirilən qeydiyyat linki vasitəsilə “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə sistemə daxil olub “İmtahana buradan yazılın” düyməsini basmaq lazımdır. Açılan səhifədə imtahan yeri seçilir. Sonra isə şəxsiyyəti təsdiq edən sənədin məlumatları, telefon nömrəsi, şagirdin imtahan verəcəyi bölmə, ixtisas qrupu seçilir və “Qeydə al” düyməsi basılır. Bundan sonra “İmtahana buraxılış vərəqəsi”ni çap etmək mümkündür.

    Yazı işlərinin yoxlanılması ilə əlaqədar və iştirakçıların sayından asılı olaraq imtahanın nəticələri ən tezi 2 həftədən sonra elan ediləcək. Abituriyentlərə imtahanda topladıqları ballar 400 ballıq şkala üzrə təqdim olunacaq.

    Dövlət İmtahan Mərkəzi abituriyentlərin nəzərinə çatdırır ki, imtahan binalarına buraxılış yalnız abituriyentin şəxsiyyət vəsiqəsinin əsli və “İmtahana buraxılış vərəqəsi” əsasında həyata keçirilir. Göstərilən sənədlərdən biri olmadıqda, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn, başqasının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçən abituriyentlər imtahana buraxılmır.

  • Dilçilik İnstitutunda Gənclər Günü qeyd edilib

    Yanvarın 31-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib.

    İnstitutdan bildirilib ki, elmi müəssisənin direktoru, akademik Möhsün Nağısoylu tədbiri açaraq Azərbaycanda gənclər siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu xatırladıb. Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən gənclər siyasətindən danışan M.Nağısoylu bildirib ki, bu sahə ilə bağlı imzalanan fərmanlar, sərəncamlar, qəbul edilən proqramlar, qanunlar Azərbaycan gəncliyinin inkişafı yolunda mühüm amilə çevrilib.

    Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Aytən Allahverdiyeva dövlətin uğurlu siyasəti nəticəsində gənc alimlərin elmi-ictimai həyatın bütün sferalarında fəal iştirak etdiklərini deyib. Gənclərin elmi-mədəni, siyasi, humanitar və digər tədbirlərin reallaşmasında mühüm rol oynadığını söyləyən A.Allahverdiyeva institutda bu istiqamətdə həyata keçirilən tədbirlər barədə iştirakçıları məlumatlandırıb.

    Elmi işlər üzrə direktor müavini, dosent Baba Məhərrəmli, Türk dilləri şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov, filologiya üzrə fəlsəfə doktorları Turan Hüseynova, Qətibə Quliyeva və Elçin İsmayılov çıxışlarında gənclərin diqqətdən kənarda qalmadıqlarını, onların elmi yaradıcılığı və fəaliyyətlərinin yüksək qiymətləndirildiyini vurğulayıblar.

    Sonda institutun ictimai və elmi həyatında səmərəli fəaliyyətinə görə bir qrup fəal gəncə fəxri fərmanlar verilib.

     
  • Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə “Rusiyanın azərbaycanlı gəncləri” mövzusunda konfrans keçirilib

    Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə “Rusiyanın azərbaycanlı gəncləri” mövzusunda konfrans keçirilib.

    Konfransda RAGB-nin fəalları, Azərbaycan diasporunun, Rusiyanın dövlət orqanlarının, gənclər təşkilatlarının nümayəndələri, bloqqerlər iştirak ediblər. Tədbirdə elm və təhsil, idman, mədəniyyət və digər sahələrdə birgə layihələrin hazırlanması və həyata keçirilməsi məsələləri müzakirə olunub.

    RAGB layihələrinin əlaqələndiricisi Ramin Rəcəbov konfransı açaraq Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-nin sədri Leyla Əliyevanın adından iştirakçıları salamlayıb, onlara uğurlu iş arzulayıb. O qeyd edib ki, RAGB konfransının Azərbaycanda fevralın 2-də qeyd olunan Gənclər Günü ərəfəsində keçirilməsi əlamətdar haldır. Bu yaxınlarda 10 illik yubileyini qeyd etmiş RAGB-nin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə gördüyü işlərdən danışan R.Rəcəbov təhsil, mədəniyyət, ekologiya, səhiyyə və digər sahələrdə gerçəkləşdirilmiş layihələrdən söz açıb. “Fərəhləndirici haldır ki, azərbaycanlı gənclər Rusiya cəmiyyətinə fəal inteqrasiya etməklə yanaşı, öz köklərini, adət-ənənələrini də yaddan çıxarmırlar”, - deyə o bildirib.

    RAGB-nin məsul katibi Ceyhun Hüseynov çıxışında Azərbaycanda rus dili və ədəbiyyatına dövlət qayğısından danışıb. O vurğulayıb ki, gənclər Rusiyada və Azərbaycanda baş verən prosesləri diqqətlə izləyir, bir-birinin sevincinə şərik olurlar. Xalqlarımız arasında mehriban dostluq münasiblərinin qurulması dövlət başçıları İlham Əliyev və Vladimir Putinin müdrik siyasətləri sayəsində mümkün olub.

    “Yedinaya Rossiya” partiyasının “Molodaya qvardiya” təşkilatının Beynəlxalq istiqamət rəhbərinin müavini Valeriya Sidorenko RAGB ilə ən müxtəlif istiqamətlərdə müştərək layihələrin həyata keçirildiyini bildirərək deyib ki, siyasi-sosial yönümlü parlament debatları mövzusunda birgə tədbir uğurla keçirilib. “Düşünürəm ki, bu cür tədbirlərin ardıcıl keçirilməsi məqsədəuyğundur. Gənclər özləri də birgə işləməkdə maraqlıdırlar. Olduqca vacib məsələlərin müzakirə edildiyi bugünkü konfransda həm Moskvada, həm də regionlarda təhsil alan azərbaycanlı gənclərin iştirakı bizi çox sevindirir. “Molodaya qvardiya” və RAGB kimi təşkilatlar gəncləri istiqamətləndirir, onlara öz potensialından düzgün istifadə etməkdə yardımçı olur. Rusiya və Azərbaycan gəncliyinə yalnız irəli getməyi, çətinliklərdən qorxmamağı arzu edirəm”, - deyə V.Sidorenko vurğulayıb.

    “Molodyoj Daqestana” nəşrinin müxbiri Mariya Malova hələ tələbəlik illərindən RAGB ilə sıx əməkdaşlıq etdiyini bildirib: “O zamanlar da RAGB üzvləri hər zaman fəallıq göstərirdilər. İndi mən və yaşıdlarım artıq tələbə olmasaq da, tələbələri dəstəkləmək, onların problemləri və planları ilə maraqlanmaq üçün bu gün buraya toplaşmışıq. Nə yaxşı ki, azərbaycanlı dostlarımla əlaqələrimizi itirmirik”.

    Konfransda Azərbaycan diasporunun nümayəndəsi, iqtisad elmləri namizədi, dosent Aybəniz Rüstəmova, “Könüllü tibb işçiləri” Ümumrusiya İctimai Hərəkatının əlaqələndiricisi Olqa Nikitina, Dövlət Duması deputatının köməkçisi Yuliya Şmantsr, RAGB fəalı İlahə Ələkbərova və başqaları iki ölkə gənclərinin əməkdaşlığından, aktual sosial mövzularda birgə layihələrin hazırlanmasının əhəmiyyətindən danışıblar.

  • “Sinif yoldaşları” nümayiş olunacaq

    Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında məşhur rus yazıçı-dramaturqu Yuri Polyakovun eyniadlı pyesi əsasında hazırlanan “Sinif yoldaşları” tamaşası fevralın 2-də yenidən nümayiş olunacaq.

    Tamaşanın müəllifi, quruluşçu rejissoru və rəssamı Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, bəstəkarı xalq artisti Siyavuş Kərimi, rejissor assistenti Ceyran Həsənlidir.

    Yeni yaradıcılıq işində teatrın məşhur və sevilən aktyorları – Xalq artistləri Ramiz Novruz, Cəfər Namiq Kamal, Səidə Quliyeva, Əməkdar artistlər Sənubər İsgəndərli , Şəlalə Şahvələdqızı, Füzuli Hüseynov, Rövşən Kərimduxt aktyorlar Mətləb Abdullayev, İlahə Həsənova, Rüstəm Rüstəmov və Vüsal Mustafayev, Ziya Ağa, Vüsal Məmmədov və Mehman Fətullayev çıxış edəcək.

    Əsəri Azərbaycan dilinə yazıçı Etimad Başkeçid tərcümə edib.

    Tamaşa sinif yoldaşlarının 20 il sonrakı görüşü, yaxud insan mənəviyyatının deqradasiyası haqqındadır. Müharibədən - həyatın müxtəlif imtahanlarından çıxan sinif yoldaşları müharibə əlili İvanın ad günündə təkcə sosial vəziyyətlərindəki böhranı göstərmir, eyni zamanda, mənəvi simalarını hansı şəkildə itirdiklərini də tamaşaçıya nümayiş etdirirlər. “Sinif yoldaşları” tamaşası təkcə ölkəmizin mədəni həyatındakı hadisə deyil, həm də Rusiya-Azərbaycan teatr əlaqələrində körpü rolunu oynayan növbəti uğurlu addımdır.

    Qeyd edək ki, Yuri Polyokov “Əmrə yüz gün qalmış”, “Rayon miqyaslı fövqəladə vəziyyət”, “Süddə çəpiş” romanları ilə məşhurlaşıb. Əsərləri əsasında iyirmiyə yaxın bədii film çəkilib, pyesləri çoxlu sayda teatr səhnələrində tamaşaya qoyulub.

    Moskvada nəşr olunan “Literaturnaya qazeta”nın baş redaktoru, Rusiya Dramaturqlar Gildiyasının sədridir.

  • İşsizlikdən sığorta ödənişi minimum əməkhaqqı məbləğindən çox olmamaqla ödənilir

    Ölkəmizdə işsizliyi aradan qaldırılması sahəsində çoxlu məşğulluq tədbirləri görülür. Lakin bununla yanaşı işsizlikdən əziyyət çəkən, peşə və ixtisasına uyğun iş tapa biməyənlər də var. Dövlət Statistika Komitəsinin bu il yanvarın 1-nə olan məlumatına görə, məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış 81,3 min nəfər işsiz var. Onlara ödənilən müavinət və işsizliyə görə sığorta ödənişi ilə əlaqədar AZƏRTAC-ın müxbiri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəis müavini Cəmaləddin Quliyevlə həmsöhbət olub.

    -Cəmaləddin müəllim, işsizlik müavinəti hansı hallarda və hansı meyarlarla verilir?

    -Sosial sığorta haqqında qanuna uyğun olaraq iş yerlərinin ləğvi və ya ixtisarı zamanı işsizlikdən sığorta ödənişi verilir. İşsizlikdən sığorta ödənişi almaq üçün vətəndaşın ən azı üç il sığorta stajı olmalıdır və son 24 ayın 12 ayından çox işləyən vətəndaşlar müavinəti işsizlikdən sığorta haqqında qanuna uyğun olaraq müvafiq hissələrlə ala bilərlər. Həmin vətəndaş 3 ildən 5 ilədək sığorta olduqda orta aylıq əməkhaqqının 50, 5 ildən 10 ilə sığorta olduqda 55, həmin müddətdən çox olduqda isə 60 faizini ala bilər.

    -Sığorta ödənişi nə deməkdir?

    -Vətəndaşın işlədiyi dövrdə ən azı 3 il əmək stajı olmalıdır və həmin şərt ödənildikdə sığorta ödənişi baş vermiş olur. İşlədiyi 24 ayın 12 ayından çox işləmiş olduqda ona tam sığorta ödənilir. Həmin şəxsin 18 yaşına çatmamış övladları varsa, 20 faizi keçməmək şərtilə hər uşağa 5 faiz sığorta stajı ödənilir. İşsizlikdən sığorta ödənişinin məbləği minimum əməkhaqqı məbləğindən çox olmamaqla ödənilir.

    -İşsiz şəxs həmin ödənişi almaq üçün hara müraciət etməlidir?

    -Hazırda işsizlikdən sığorta ödənişi baş verdikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dərhal həmin vətəndaşın mobil telefonuna SMS göndərilir. Vətəndaşın mobil telefonu olmadıqda və ya SMS gəlmədikdə hər rayonda fəaliyyət göstərən məşğulluq mərkəzinə də müraciət etmək olar. Məşğulluq mərkəzinə üz tutan vətəndaşa sığorta hadisəsi ətraflı izah olunur və sığorta ödənişi növbəti ayın 1-dən ödənilir.

    -İşsizliklə əlaqədar sığorta ödənişi üçün müraciət edənlərin sayı nə qədərdir?

    -Ötən il sığorta hadisəsi baş verənlərin sayı 1700 nəfərdən çox olub və onlara 2 milyon manata yaxın sığorta ödənişi verilib. Bundan başqa işsizlkidən sığorta fondu da fəaliyyət göstərir və burada aktiv məşğulluq tədbirləri aparılır. Yəni işsiz vətəndaşlar üçün özünüməşğulluq proqramı, peşə hazırlığı həyata keçirilərək işsiz vətəndaşların yenidən əmək bazarına qayıtması üçün addımlar atılır.

  • “Azerbaijan Best Awards”ın keçiriləcəyi vaxt açıqlandı

    Fevralın 3-də bir çox biznes və media nümayəndələrinin maraq dairəsində olan “Azerbaijan Best Awards”in mükafatlandırma mərasimi keçiriləcək.

    Nüfuzlu mükafat sayılıb-seçilən incəsənət nümayəndələri, iş adamları, media, tibb, idman, moda, ictimai xadimlər, memar-dizayner, elm xadimləri, müxtəlif sahələrdə uğur qazanmış şəxslərə təqdim olunacaq.

    Əvvəlcə qonaqlar möhtəşəm qırmızı xalı şousunda iştirak edəcəklər. Gecənin proqramına qonaqların müxtəlif markaların moda şoularını izləməyi daxildir. Mükafatlandırmada yerli məşhurlarla yanaşı, xaricdən gələcək tanınmış simaların da iştirakı gözlənilir.

  • “Qoca qartalın əbədi uçuşu” adlı sənədli filmin təqdimatı olub

    Yanvarın 30-da Rəşid Behbudov adına Mahnı Teatrında Aşıq Mikayıl Azaflıya həsr olunmuş “Qoca qartalın əbədi uçuşu” adlı sənədli filmin təqdimat mərasimi keçirilib.

    Film “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” QSC-nin bədii və sənədli filmlər studiyası tərəfindən istehsal olunub.

    Filmin təqdimatından öncə, ekran əsərinin quruluşçu rejissoru Elnurə Kazımova AZƏRTAC-a müsahibəsində deyib: “Bu filmdə biz portret janrından çıxış edərək Azərbaycandan kənarda, Türkiyə, İran və başqa yerlərdə Mikayıl Azaflının aşıq sənətinə qarşı münasibətini əks etdirmişik. Portret janrı ilk baxışda sadə görünsə də, onun öz çətinlikləri və məhdudiyyətləri var. Ən böyük məhdudiyyət də budur ki, süjetin sxemi əvvəlcədən bəllidir. Bu filmlə onu göstərmək istədik ki, M. Azaflı tək aşıq deyil, dövrün dissident şairidir. O, sənətilə Türkiyə və Gürcüstanda məşhurluq qazanıb. Bu filmlə biz, eyni zamanda, yeni nəsildə aşıq sənətinə maraq oyatmağa çalışmışıq”.

    Filmin ssenari müəllifi Məti Osmanoğlu diqqətə çatdırıb ki, çəkiliş qrupunun qarşısında iki yoldan birini seçmək dururdu.

    “Ya xalqın yaratdığı mifi dekonstruksiya etmək, “söküb yenidən yığmaq”, ya da mövcud əfsanənin obrazını “televiziya dilində” bərpa etmək. Tamaşaçının təsəvvüründəki obrazı kino estetikasının tələbləri əsasında görüntülərə çevirib əyaniləşdirmək... Biz ikinci yola üstünlük verdik və mənə elə gəlir ki, bu yanaşma özünü doğrultdu. Mikayıl Azaflının portreti əsasında Azərbaycan aşıq sənətinin keçdiyi enişli-yoxuşlu, bəzən də “ildırımlı” yolu, bu sənətin ölməz gələcəyini canlandırmağa çalışdıq. Təbii ki, buna nə dərəcədə nail olduğumuzun qiymətini tamaşaçı verəcək”, - deyə M. Osmanoğlu bildirib.

    Filmin elmi məsləhətçisi Qəzənfər Paşayev bildirib ki, ekran əsəri haqqında tənqidi sözlər demək çox çətindir.

    Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi Məhərrəm Qasımlı bildirib ki, burada Mikayıl Azaflının əfsanəvi obrazı canlanıb. Çünki M.Azaflının özü belədir və xalq bu obrazı sadəcə irəli çəkib. Qeyd edib ki, İranda onu çox yaxşı tanıyırlar. M. Azaflının qeyri adiliyi onu əfsanəvi aşığa çevirib.

    Rejissor Ramiz Həsənoğlu filmin ərsəyə gəlməsində çəkiliş qrupuna öz təşəkkürünü bildirib.

    Ekran əsərində Mikayıl Azaflının keçdiyi ömür yolu, Azərbaycan aşıq sənətinin inkişafında, coğrafi hüdudlarının genişlənməsində oynadığı əvəzsiz rol işıqlandırılıb.

    Filmin ssenari müəllifi Məti Osmanoğlu, quruluşçu rejissoru Elnurə Kazımova, redaktoru Sadıq Elcanlıdır.

    Sonda “Azaflı himni” havası təqdim olunub.

    Qeyd edək ki, filmin çəkilişləri əsasən Tovuz rayonunda, Əsrik çayının sahillərində, Mikayıl Azaflının qaçaq olduğu Şiş qaya deyilən dağda, aşığın ana yurdu Tovuz rayonunun Azaflı kəndində, eləcə də Cirdək, Qaralar, Əlimərdanlı və digər kəndlərdə aparılıb.