Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) və Dövlət Turizm Agentliyi tərəfindən Qəbələ, İsmayıllı və Qax şəhərlərində xidmət sahəsində çalışan işçilər üçün təlimlər təşkil olunur.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, təlimlər Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qəbələ, İsmayıllı və Qax rayonlarının kənd təsərrüfatı və turizm sahələrində Dual Peşə Təhsili və Təlimi pilotlarının yaradılması” (EDVET) qrant layihəsi çərçivəsində keçirilir.
Ofisiantlar üçün nəzərdə tutulan təlimlər bu gün başlayıb və noyabrın 29-dək davam edəcək, mehmanxana qeydiyyatçıları üçün isə dekabrın 4-6-da baş tutacaq.
Qeyd edək ki, bundan əvvəl ilkin mərhələdə sözügedən bölgələrdə kiçik və orta sahibkarlıq subyektlərinin inzibati heyətlərinə 2 günlük təlimlər keçirilib.
Təlimlər turizm sektorunda göstərilən xidmətlərin yaxşılaşdırılması üçün kiçik və orta sahibkarlıq subyektlərində çalışan işçi heyətin bilik və səriştələrinin artırılmasını hədəfləyir. Eyni zamanda, turizm sahəsində çalışan nümayəndələrin turizm sektorunun xüsusiyyətlərini öyrənməsinə, eləcə də peşə bacarıqlarının artırılmasına dəstəyi nəzərdə tutur.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq yazıçısı Elçinin müəllifi olduğu eyniadlı əsər əsasında səhnələşdirilən “Baladadaşın toy hamamı” ikihissəli musiqili lirik komediya yenindən dekabrın 13-də teatrsevərlərin ixtiyarına veriləcək.
AZƏRTAC xəbər verir ki, teatrla kinonun sintez edildiyi bu tamaşada adət və ənənələrimizə söykənən hadisələr Bakı kəndlərinin birində cərəyan edir. Elə ilk premyera günündən indiyə qədər tamaşaçıların böyük marağına səbəb olan və mövsümün ən çox tələb edilən tamaşaları sırasında yer alan bu möhtəşəm səhnə əsəri görkəmli yazıçı Elçinin daxili dünyasının zənginliyinin bariz nümunəsidir.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, bəstəkarı Firudin Allahverdi, səhnələşdirəni Əməkdar artist Nofəl Vəliyev, quruluşçu-dirijoru Fəxrəddin Atayev, quruluşçu rəssamı Xalq rəssamı Tahir Tahirov, baletmeysterləri Yelena və Zakir Ağayevlərdir. Tamaşada səslənən mahnıların sözləri Vüqar Əbdülova məxsusdur.
Səhnə əsərində rolları Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Novruz Əliyev, Çingiz Əhmədov, Nahidə Orucova, aktyorlar Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Əmrah Dadaşov, Mehriban Zalıyeva, Ülviyyə Əliyeva, Məhərrəm Qurbanov, Əliməmməd Novruzov, Gülçöhrə Abdullayeva, Fərid Rzayev və başqaları ifa edəcək.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi sığorta haqqında” qanununa təklif edilən dəyişikliklərə aydınlıq gətirib.
Dövlət Agentliyindən "Report"a daxil olan məlumata görə, Milli Məclisdə mövcud qanuna təklif olunan dəyişikliklər müzakirə edilir.
Təkliflərə əsasən, 2020-ci ilin yanvar ayının 1-dən dövlət tərəfindən bütün əhali üzrə təqvim ili üçün adambaşına 90 manat icbari tibbi sığorta haqqının ayrılması nəzərdə tutulur.
Bildirilib ki, həmçinin dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqının tutulması müəyyən olunub: "Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən isə aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 1%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqının ödənilməsi müəyyənləşdirilib".
Dövlət Agentliyindən qeyd olunub ki, dünyada icbari tibbi sığortanın təməl prinsipi həmrəylikdir: "Bu prinsipə əsasən, qanunvericilikdə nəzərdə tutulan əhali kateqoriyalarından toplanan sığortahaqları tibbi xidmətlərə ehtiyacı olan şəxslər üçün xərclənilir.
Qeyd edək ki, 2020-ci ildə icbari tibbi sığortanın ölkədə mərhələli şəkildə tətbiq olunması təklif olunub. Gələn ilin 1 yanvar tarixindən icbari tibbi sığorta haqlarının toplanılması nəzərdə tutulur. Məsələ ondadır ki, bəzi əmək müqaviləsi ilə işləyən şəxslərin çalışdıqları inzibati ərazi ilə qeydiyyatda olduqları inzibati ərazi eyni olmadığına görə icbari tibbi sığorta haqlarının mərhələli şəkildə toplanılmasını həyata keçirmək praktik olaraq mümkün deyil. Belə ki, 2020-ci ilin birinci rübündə icbari tibbi sığorta şimal bölgəsində (misal, Quba rayonu) qeydiyyatda olan sakinlərə şamil olunsa da, onların bir hissəsi digər regionlarda, xüsusən də Bakıda yerləşən müəssisələrdə çalışırlar.
Eyni zamanda qeyd edək ki, icbari tibbi sığorta fondunun büdcəsi artıq proqnozlaşdırılıb, gəlir və xərc istiqamətləri müəyyənləşdirilib. Dövlət büdcəsi tərəfindən adambaşına illik 90 manat olmaqla, ümumilikdə 900 mln. manat, işçi və işəgötürənlərdən hər biri üzrə 229 mln. manat, digər mənbələrdən 185 mln. manat vəsaitin toplanılması proqnozlaşdırılır.
Məlumat üçün bildirək ki, icbari tibbi sığortanın tətbiq ediləcəyi və edilməyəcəyi ərazilərdə fəaliyyət göstərən tibb müəssisələri arasındakı əsas fərq onların maliyyələşdirilməsi mexanizmi ilə bağlı olacaq. Belə ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) sığortanın tətbiq ediləcəyi tibb müəssisələrini göstərdikləri tibbi xidmətlərin həcminə əsasən maliyyələşdirəcək. İcbari tibbi sığorta tətbiq edilməyən tibb müəssisələrində isə maliyyələşmə müəssisənin saxlanma xərcləri üzrə aparılacaq.
Dövlət büdcəsi tərəfindən ödənilən adambaşına illik 90 manat vəsait də eyni qaydada mərhələlərə bölünməklə sığortahaqqı və ya saxlanma xərcləri qaydasında Agentliyə ödəniləcək. Həmin vəsaitlər vətəndaşların xidmətlər zərfi çərçivəsində tibbi xidmət əldə etmələri ilə yanaşı, tibb müəssisələrinin hazır olması üçün lazım olan sərmayə qoyuluşlarına, informasiya texnologiyaları infrastrukturunun gücləndirilməsinə yönəldiləcək.
Beləliklə, Agentlik səhiyyə resurslarını özündə cəmləşdirməklə 2020-ci ildə ölkə üzrə icbari tibbi sığortanın mərhələli şəkildə tətbiqini təmin edəcək. Nəticədə vətəndaşların tibbi xidmətlərə əlçatanlığı artacaq.
İcbari tibbi sığorta tətbiq edilməyən ərazilərdə tibbi xidmətlərdən yararlanmaq məsələsinə gəldikdə qeyd edilməlidir ki, əhali qanunvericilikdə nəzərdə tutulmuş qaydada tibbi xidmətlərdən istifadə etməyə davam edəcək".
"WhatsApp" tərtibatçıları, müəyyən bir müddətdən sonra istifadəçi mesajlarını avtomatik olaraq silmək üçün nəzərdə tutulmuş yeni bir funksiyanın sınaqlarını keçirdirlər.
Trend-in məlumatına görə, "Mesajları silmək" seçimi, Android əməliyyat sistemi üçün 2.19.348 mesenjerinin beta versiyasında ortaya çıxıb. Qeyd olunur ki, bu funksiya proqramın daha əvvəlki beta versiyasında qismən mövcud olub və "Yox olan mesajlar" adlandırılıb.
Mesenjerin test versiyasında opsiyanı "Əlaqə məlumatları" və ya "Qrup çat parametrləri" nişanlarında aktivləşdirmək olar, bu halda onları yalnız qrup idarəçiləri istifadə edə bilər.
Bu vəziyyətdə istifadəçi mesajın "ömrünün" müxtəlif müddətlərini - saat, gün, həftə, ay və ya il olaraq seçə biləcək.
Prezident İlham Əliyev Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 fevral tarixli 927 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, “Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 fevral tarixli 927 nömrəli Sərəncamına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 2, maddə 258; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 oktyabr tarixli 1481 nömrəli Sərəncamı) Əlavə – “Lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi nəzərdə tutulmuş çoxmənzilli binaların şəhər və rayonlar üzrə bölgüsünə dair siyahı”nın “Binaların sayı, ədəd” sütununda “237” rəqəmləri “266” rəqəmləri ilə, “146” rəqəmləri “170” rəqəmləri ilə, “İstismara yararsız liftlərin sayı, ədəd” sütunlarında “751” rəqəmləri “798” rəqəmləri ilə, “542” rəqəmləri “581” rəqəmləri ilə, “620” rəqəmləri “664” rəqəmləri ilə, “413” rəqəmləri “449” rəqəmləri ilə, “131” rəqəmləri “134” rəqəmləri ilə, “129” rəqəmləri “132” rəqəmləri ilə, “Sayı, ədəd” sütunlarında “192” rəqəmləri “218” rəqəmləri ilə, “103” rəqəmləri “124” rəqəmləri ilə, “45” rəqəmləri “48” rəqəmləri ilə, “43” rəqəmləri “46” rəqəmləri ilə əvəz edilsin.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll edəcək.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun maliyyə və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə Milli İncəsənət Muzeyində “Sərhədsiz incəsənət” adlı beynəlxalq seminar öz işinə başlayıb.
Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, seminarın açılışında çıxış edən nazir müavini Sevda Məmmədəliyeva nazir Əbülfəs Qarayevin adından seminar iştirakçılarını salamlayaraq diqqətə çatdırdı ki, layihə mədəniyyət müəssisələrinin fiziki və əqli cəhətdən qüsurlu insanlar daxil olmaqla bütün ziyarətçilər üçün əlverişliliyinin təmin edilməsinə yönəlib.
Seminarda MDB ölkələrinin aparıcı muzeyləri, ali təhsil müəssisələrinin və özəl sektorun nümayəndələri, QHT və xeyriyyə fondları, əlil icmalarının və s. təşkilatların 45-dən artıq nümayəndəsi iştirak edir: “İnanırıq ki, müxtəlif ölkələrdən olan nümayəndələrin iştirakı ilə bölüşülən təcrübələr sərhədsiz mədəniyyət məkanının yaradılması istiqamətində öz bəhrəsini verəcək. Həmçinin seminar çərçivəsində bu mövzuya müxtəlif rakurslardan yanaşmalar fiziki məhdudiyyətli şəxslərin yaradıcılıqda bərabərhüquqlu olmalarına təminat yaradacaq. Layihənin ideyası muzey məkanı və onun informasiya resurslarının sağlamlıq imkanları məhdud şəxslərin maksimal rahat qavrayışı üçün uyğunlaşdırmaq məqsədilə dünyanın aparıcı muzeylərinin təcrübəsinin öyrənilməsi zamanı ərsəyə gəlib. Əlçatan mədəniyyətin yaradılması üzrə BMT-nin tövsiyələrini rəhbər tutaraq Azərbaycan Milli İncəsənət Muzeyi sərhədsiz mədəniyyət məkanının yaradılması sahəsində MDB-yə üzv dövlətlərlə fəal əməkdaşlıq platforması yaradır”.
Nazir müavini qeyd etdi ki, seminar çərçivəsində MDB ölkələrinin muzey məkanı və onun informasiya resurslarının sağlamlıq imkanları məhdud şəxslərin ehtiyaclarına uyğunlaşdırılması üzrə uğurlu təcrübəsi nəzərdən keçiriləcək. Bununla yanaşı, hüquqi məsələlər, turizm fəaliyyətinin təşkili, sağlamlıq imkanları məhdud şəxslərin incəsənət vasitəsilə inklüziv bədii təhsilin inkişafı, habelə bu qəbildən insanların sosiallaşması və əmək məşğulluğu məsələləri də diqqət mərkəzində olacaq. Tədbirdə ustad dərsləri, sağlamlıq imkanları məhdud şəxslərin əl işlərindən ibarət sərgilər təşkil ediləcək.
Sevda Məmmədəliyeva həmçinin diqqətə çatdırdı ki, Azərbaycan dövləti BMT-nin Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyasına uyğun olaraq qurumun əlilliklə bağlı tövsiyələrini nəzərə alaraq bu sahəyə hər zaman qayğı ilə yanaşır. Bu il ərzində Prezident İlham Əliyevin sərəncamı ilə əlilliyə görə ödənilən müavinətin məbləği 94 faizə qədər qaldırılıb. Əlilliyi olanları himayə edənlərin də müavinətləri iki dəfəyə qədər artırılıb. Qarabağ əlillərinin müavinətləri də son ildə iki dəfəyə qədər artırılıb, onlar Prezident təqaüdü və digər sosial təminatlarla əhatə olunublar. Hazırda ölkəmizdə 80-ə yaxın təşkilat sağlamlıq imkanları məhdud şəxslərin problemləri ilə məşğul olur: “İlk növbədə Heydər Əliyev Fondu və onun rəhbəri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahəyə diqqətini xüsusilə vurğulamaq istərdim. Həmçinin Prezident İlham Əliyevin sərəncamına əsasən, “Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 2018-2020-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq uşaqlar arasında əlillik və fiziki qüsurluluğun dərəcəsi azalıb. Seminarda respublikamızda fəaliyyət göstərən xüsusi reabilitasiya mərkəzləri nümayəndələri də edirlər. Qanunvericiliyə əsasən, fiziki məhdudiyyəti insanların işlə təmin olunması ilə bağlı ölkədə beş faizlik kvota həyata keçirilir. Görmə məhdudiyyəti insanlar üçün musiqi məktəbləri, kitabxana, o cümlədən "ƏSA" adlı inklüziv teatr fəaliyyət göstərir. İnanıram ki, dörd gün davam edəcək seminar çərçivəsində təqdim olunacaq məruzələrdə muzey, ali təhsil müəssisələri və xeyriyyə fondlarının bölüşdükləri təcrübələr faydalı olacaq”.
Sonra Beynəlxalq Muzeylər Şurasının (İCOM) Rusiya üzrə nümayəndəsi Dinara Xalikova “İnklüziv muzey” layihəsi: əməkdaşların öyrədilməsindən ziyarətçilərin cəlb olunmasınadək”, Rusiya Dövlət Tretyakov Qalereyasının maarifləndirmə və nəşriyyat fəaliyyəti üzrə baş direktor müavini Marina Elsezzer “Tretyakov qalereyası – hamı üçün açıq muzey” mövzusunda məruzələrlə çıxış etdilər
Seminarın ikinci panel iclasında mövzu ilə bağlı üç təqdimat oldu. İlk olaraq “İnklüziv muzey. Eşitmə əlilliyi və zəifliyi olan ziyarətçilər” layihəsi üzrə İCOM-un Rusiya üzrə məsləhətçisi, Dövlət Tarix Muzeyinin əlçatanlıq proqramının kuratoru Vladislav Kolesnikov “Eşitmə əlilliyi və zəifliyi olan ziyarətçilərlə iş: sosial və mədəni potensial”, A.Kasteyev adına Dövlət İncəsənət Muzeyinin əməkdaşı Gülmira Şalabayeva “Sərhədsiz muzey: əlilliyi olan ziyarətçilər üçün muzeyin əlçatanlığı”, “QARAJ” müasir incəsənət muzeyinin bələdçisi Lyudmila Luçkova “QARAJ” muzeyinin layihələri: nəzəriyyə və təcrübələr” mövzusunda çıxış etdilər.
Günün ikinci yarısında seminar məruzələrlə öz işini davam etdirdi.
Beynəlxalq Muğam Mərkəzində “Azərbaycan Dizayn Forumu 2019” adlı tədbir keçirilib.
Mərkəzdən Trend-ə verilən məlumata görə, tədbir Mədəniyyət Nazirliyinin dəstəyi, “Azerbaijan Digital Arts School” (ADAS) və “Graphic Design Azerbaijan” (GDAZ) qrupunun təşkilatçılığı ilə gerçəkləşib.
Tədbirin aparıcısı, “Baku Bloggers School”un təsisçisi Yelena Sidorenko forum haqqında məlumat verdi. Bildirdi ki, forumun keçirilməsində əsas məqsəd Azərbaycan fəaliyyət göstərən dizaynerləri bir araya gətirmək, təcrübə mübadiləsi və müzakirələr aparmaq və bu məsələlərdə ən innovativ yanaşmaları bölüşməkdir.
Tədbir çərçivəsində həmçinin Bakı şəhərinin bu yaxınlarda UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi”nə daxil edilməsinin əhəmiyyətindən söz açıldı, eləcə də Azərbaycan Dizayn Şurasının yaradılması məsələsi müzakirə olundu.
Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini-Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə çıxış edərək bildirdi ki, Bakı səhərinin UNESCO-nun "Yaradıcı şəhərlər şəbəkəsi"nə qoşulması ölkəmiz üçün tarixi hadisədir: "Ümumilikdə bu şəbəkəyə 246 şəhər daxildir. Şəhərlər bu siyahıya incəsənət və sənətkarlıq, xalq sənəti, dizayn, kinematoqrafiya, qastronomiya, ədəbiyyat, media və musiqi kateqoriyaları üzrə salınır".
İtaliyanın məşhur “La Skala” teatrının solistləri Heydər Əliyev Mərkəzində çıxış ediblər.
AZƏRTAC xəbər verir ki, tanınmış ifaçılar Covanni Qualyardo, Massimiliano Pizapia və Marina Naçkebiyanı Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib.
Konsert proqramında dünya klassikasının qızıl fondu sayılan əsərlər - C.Verdinin “Traviata”, “Riqoletto”, J.Bizenin “Karmen”, C.Puççininin “Toska”, V.A.Motsartın “Don Juan”, P.Çaykovskinin “Yevgeni Onegin” və digər operalardan solo partiya və duetlər, romanslar, populyar italyan mahnıları ifa olunub.
Tovuz rayon Aşıq Hüseyn Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin toplusuna məxsus eksponatın – “Üçlük” aşıq kompozisiyasının bərpa və konservasiyaya ehtiyacı olduğu müəyyənləşdirilib.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar eksponat Elmi-Bərpa Mərkəzinin ali-dərəcəli bərpaçıları tərəfindən “Azərbaycan Respublikası Muzey Sərvətlərinin və Muzey Kolleksiyasının Uçotu və Mühafizəsinə dair Təlimat”da müəyyən edilmiş qaydada 3 gün ərzində yerində bərpa olunub.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin göstərişi ilə bu kimi daşınması çətin olan muzey əşyalarının yerində bərpası mərkəz tərəfindən əvvəlki illərdə də həyata keçirilib. Onların sırasına Şəmkir, Masallı, Qax, Tovuz və digər tarix-diyarşünaslıq muzeylərinin, eləcə də N.Nərimanov, B.Kəngərli, C.Məmmədquluzadə, Ü.Hacıbəyli və Azərbaycanın digər görkəmli ictimai xadimlərinin memorial muzeylərinin toplusunda olan nadir əşyalar da daxildir.
Noyabrın 28-də Nizami Kino Mərkəzində dünya kinosunun dahi sənətkarı Çarli Çaplinin 130 illiyinə həsr olunmuş tədbir keçiriləcək.
Mədəniyyət Nazirliyindən bildirilib ki, Əməkdar incəsənət xadimi Ayaz Salayevin aparıcılığı ilə reallaşacaq gecədə tamaşaçılar dünya şöhrətli aktyorun haqqında son dərəcə maraqlı məlumatlar əldə edəcək, onun bəstələdiyi musiqini eşidəcəklər.
Gecədə hər kəsin iştirak etmək imkanı olacaq.