Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Gənclər Kitabxanasında tədbir – Ulu Öndərin Azərbaycan poeziyasının inkişafında əvəzolunmaz mövqeyi

    Mayın 6-da Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə “Heydər Əliyevin Azərbaycan poeziyasının inkişafında əvəzolunmaz mövqeyi” adlı tədbir keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyinin dəstəyi və "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin təşkilatçılığı ilə reallaşacaq.

    Tədbir çərçivəsində Ümummilli Liderin poeziyamızın inkişafı üçün gördüyü işlərdən danışılacaq, əvəzsiz xidmətləri vurğulanacaq.

  • Azərbaycan və Özbəkistan avtonəqliyyat vasitələrinin istehsalını genişləndirir

    İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi, "Azərbaycan Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyası" İctimai Birliyi və Özbəkistanın “UzAvtoSanoat” SC arasında "Azərbaycanda avtonəqliyyat vasitələrinin istehsalının genişləndirilməsi haqqında Əməkdaşlıq Memorandumu" imzalanıb.

    Report xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov "Tviter" səhifəsində bildirib.

    "Sənədin icrası ölkəmizdə maşınqayırma sənayesinin inkişafına töhfə verəcək", - deyə o qeyd edib.

  • Bakı Limanı Avropa limanları ilə əməkdaşlığını genişləndirir

    Bu gün İtaliyanın və Aralıq dənizinin ən böyük limanlarından biri Trieste limanının baş direktoru Zeno D'Aqostino Bakı Beynəlxalq Dəniz Ticarət Limanına səfər edib.

    Report bu barədə Bakı Limanına istinadən xəbər verir.

    Məlumata görə, səfərin məqsədi iki liman arasında yeni əməkdaşlıq imkanlarını araşdırmaqdır.

    Səfər zamanı qonaq Bakı Limanının əməliyyat qrupu ilə görüşüb, ərazinin əməliyyat imkanları ilə tanış olub.

    Görüşdə Avropanı Asiya ilə birləşdirən strateji marşrut olan Orta Dəhliz vasitəsilə Bakı Limanından keçməklə göndəriləcək yük həcminin arıtırlması müzakirə olunub. Bakı və Trieste limanları arasında beynəlxalq yükdaşımalarda əhəmiyyətli paya sahib olan logistika şirkətlərinin iştirakı qarşılıqlı faydalı əməkdaşlığı genişləndirilməsi də əsas hədəflərdən biridir.

    Digər müzakirə olunan mövzu Bakı Limanının genişləndirilməsi strategiyası olub. Xəzər dənizinin ən müasir limanlarından olan və Orta Dəhlizdə mühüm strateji paya sahib olan Bakı Limanı, bu dəhlizi gücləndirməyə və sürətləndirməyə kömək edə biləcək Avropa limanları ilə əməkdaşlıq etməklə öz fəaliyyətini genişləndirməyə çalışır.

    "Mərkəzi və Şərqi Avropaya giriş qapısı kimi strateji məkana sahib olan Trieste Limanı illik 60 milyon tondan çox mal dövriyyəsi ilə İtaliya və Aralıq dənizinin ən böyük limanlarından biridir. Bu səfər və potensial tərəfdaşlıq, qlobal təchizat zəncirində mühüm ticarət qovşaqları kimi hər iki limanın mövqelərqini gücləndirə, iqtisadiyyat və logistika sahəsində Azərbaycanla yanaşı region ölkələrinə da fayda gətirə bilər", - deyə məlumatda qeyd olunub.

  • Səlcuq Bayraktar Beynəlxalq Astronavtika Konqresinə dəvət olunub

    “TEKNOFEST” Müşahidə Şurasının sədri və Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) rəhbəri Səlcuq Bayraktar Beynəlxalq Astronavtika Konqresinə dəvət olunub.

    Reportun Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən verdiyi xəbərə görə, dəvət Türkiyənin İstanbul şəhərində keçirilən “TEKNOFEST Türkiyə” festivalı çərçivəsində “Azərkosmos”un pavilyonunu ziyarət edən S.Bayraktara təqdim olunub.

    "Azərkosmos" Türkiyənin İstanbul şəhərində keçirilən “TEKNOFEST Türkiyə” festivalı çərçivəsində 2-6 oktyabr tarixlərində Bakıda təşkil olunacaq Beynəlxalq Astronavtika Konqresi ilə bağlı aktiv təbliğat işləri həyata keçirib.

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə milli pavilyonda təmsil olunan Azərkosmos festivalın iştirakçılarına Azərkosmosun fəaliyyəti və konqres haqqında geniş təqdimatlar nümayiş edib.

    Festival çərçivəsində İstanbul şəhərində Azərbaycanın Baş Konsulluğu ilə birgə Türkiyənin aparıcı universitet və təhsil müəssisələrində – Boğaziçi Universiteti, Yeditepe Universiteti, Yıldız Texnik Universiteti, “Baykar” şirkətinin də daxil olduğu Yıldız Qrup Texnoparkı, Qalatasaray Universiteti, İstanbul Texniki Universiteti, İbn Haldun Universitetinin rəsmi nümayəndələri ilə Bakı konqresinə həsr olunmuş görüşlər olub. Türkiyədən olan gənclər, tələbələr və alimlər konqresə qatılmaq üçün yüksək maraq göstəriblər.

  • Azərbaycanda ekologiya sahəsi üzrə yeni dövlət standartı qəbul edilib

    İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ISO 28540:2023 “Suda 16 politsiklik aromatik karbohidrogenlərin (PAH) təyini. Kütlə-spektrometrik aşkarlama ilə qaz xromatoqrafiyasından istifadə üsulu (GC-MS)” dövlət standartı qəbul edilib.

    Bu barədə Reporta AZSTAND-dan məlumat verilib.

    Dövlət standartı 0,005 μq/l-dən yuxarı kütlə konsentrasiyaları olan içməli suda və yeraltı sularda, 0,01 μq/l-dən yuxarı kütlə konsentrasiyası olan səth sularında ən azı 16 seçilmiş PAH-ın təyini üçün metod müəyyən edir. Dövlət standartı asılı maddə miqdarı 150 mq/l-ə qədər olan su nümunələri üçün də istifadə edilə bilər. Bu üsul bəzi dəyişikliklər edilərək tullantı sularının analizi üçün də uyğundur. Bu metod hər bir hal üçün təsdiqlənməsi şərti ilə digər PAH-lara da tətbiq oluna bilər.

    Yeni standart "Ekologiya” standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 09) müzakirəyə çıxarılıb və İnstitut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

  • Bakıda “Heydər Əliyev və müasir Türk dünyası” mövzusunda beynəlxalq konfrans olacaq

    Azərbaycan Ağsaqqallar Şurası tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi – “Heydər Əliyev İli” ilə bağlı tədbirlər planına uyğun olaraq silsilə tədbirlər davam edir. Artıq bu istiqamət üzrə bir sıra tədbirlər və layihələr həyata keçirilib.

    Bu sözləri Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev AZƏRTAC-a açıqlamasında deyib.

    O qeyd edib ki, may ayının 2-də Azərbaycan Ağsaqqallar Şurasının təşkilatçılığı ilə Bakı şəhərində Türk dünyası qarşısında əvəzsiz xidmətləri olan Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və müasir Türk dünyası” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək. Konfransda dili bir, dini bir, əqidəsi bir olan qardaş türk dövlətlərindən və digər ölkələrdən qonaqlar iştirak edəcəklər.

  • Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə Ədəbiyyat Forumu keçiriləcək

    Mayın 5-7-də Azərbaycan Yazıçılar Birliyi (AYB) Ədəbiyyat Fondunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” Forumu keçiriləcək.

    AYB-dən AZƏRTAC-a bildirilib ki, Quba şəhərində yerləşən “Şahdağ Quba-Truskavets” sanatoriyasının ev sahibliyi edəcəyi Forumda ölkənin ədəbi elitası bir araya gələcək.

    Heydər Əliyevi - bu böyük və müdrik insanı şəxsən tanıyıb, onunla yaxından təmasda olanlar onunla bağlı xatirələrini dilə gətirəcəklər, məruzəçilər Heydər Əliyevin ədəbiyyatımıza verdiyi töhfələrdən, qələm əhlinə diqqət və qayğısından söz açacaqlar.

    İki günlük Forum zamanı həm də Azərbaycan Yazıçılar Birliyinin Heydər Əliyevin 100 illiyinə hazırladığı töhfə - “Əbədi ömrün yüz ili” kitabının təqdimatı olacaq.

  • Emi Uaynhausun şəxsi gündəlikləri və mahnılarının əlyazmaları yeni kitaba salınacaq

    Emi Uaynhaus pərəstişkarları hazırlanan “Amy Winehouse: In Her Words” kitabında mərhum müğənninin fikirlərini və həyatını daha dərindən öyrənə biləcəklər. Kitabda onun şəxsi gündəliklərindən fraqmentlər və bir çox başqa materiallar təqdim olunacaq.

    AZƏRTAC xəbər verir ki, kitab müğənninin nümayəndələri tərəfindən aparılan Uaynhaus sosial şəbəkələri vasitəsilə anons edilib. Kitabda “əfsanə olmaq üçün böyüyən qız uşağının şüuruna nəzər salmaq” üçün “müğənninin bundan öncə heç kimin görmədiyi şəxsi gündəlikləri, mahnılarının əlyazmaları və birgə çəkilən ailə fotoşəkilləri» təqdim olunub.

    “Amy Winehouse: In Her Words” nəşri avqustun 29-da qalın cildli 288 səhifəlik kitab şəklində çap ediləcək. Kitabın relizi müğənninin 40 illiyinə iki həftə qalmış keçiriləcək.

    Eminin ailəsi kitabın satışından əldə olunan bütün qonorarları Emi Uaynhaus fonduna bağışlayacaq.

    Hazırda Emi Uaynhaus haqqında «Back to Black» adlı bioqrafik film çəkilir. Bu ekran əsərində əsas qadın obrazını ingilis aktrisası Marisa Abela canlandıracaq, rejissor isə Sem Teylor-Conson olacaq.

  • “Netflix” “The Crown” serialının 6-cı sezonunun ilk kadrlarını yayımlayıb

    “Netflix” striminq xidməti “The Crown” serialının 6-cı sezonundan şahzadə Vilyam və Keyt Middltonu təsvir edən ilk kadrları yayımlayıb. Görüntülər platformanın sosial şəbəkələrində yayılıb.

    AZƏRTAC “Daily.afisha” saytına istinadla xəbər verir ki, görüntülərdə gələcək Kembric hersoqu və hersoginyasını universitet illərində görmək olar. Cütlüyü teatr aktyorları, kinoda ilk dəfə çəkilən Ed MakVey və Meq Bellami oynayır.

    Bir qədər əvvəl Bellami Keyt Middltonu oynamaq imkanını şərəf, serialda iştirakı isə - “xəyalın səyahəti” adlandırıb. MakVey, öz növbəsində, bildirib ki, o, serialın çəkilişində mümkün olan hər şeyi öyrənməyi səbirsizliklə gözləyir.

    “The Crown” serialının 5-ci sezonu 2022-ci ilin noyabrında “Netflix”də yayımlanıb. Burada kraliça II Yelizaveta rolunu İmelda Stonton (“Harri Potter”) ifa edib.

    Lesli Menvill şahzadə Marqaret, Conatan Prayc - şahzadə Filip obrazlarını canlandırıblar. Elizabet Debiki şahzadə Diana, Dominik Vest - şahzadə Çarlz rollarını oynayıb. Şahzadə Vilyam rolunu Senan Vest və Timoti Sambor, şahzadə Harri rolunu — Teddi Houli və Vill Pauell ifa ediblər. Altıncı sezon 2023-cü ildə çıxacaq.

  • Milli Kitabxanada sərgi: “Qaranlığa nur saçan zəka – Zərifə Əliyeva”

    Aprelin 28-də Azərbaycan Milli Kitabxanasında akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümü münasibətilə tədbir və Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən hazırlanan “Qaranlığa nur saçan zəka – Zərifə Əliyeva” adlı ənənəvi kitab sərgisinin açılışı olub.

    AZƏRTAC xəbər verir ki, tədbirdə görkəmli alimin özünün çoxillik fəaliyyəti dövründə neçə-neçə gözə şəfa bəxş etdiyi, ən ağır, mürəkkəb əməliyyatlar aparıb görmə qabiliyyəti zəif olanların, yaxud tamamilə görməyənlərin qaranlıq dünyasını işıqlandırdığı bildirilib. Qeyd edilib ki, bu işdə ona təkcə biliyi, savadı və səriştəsi deyil, həm də gendən və böyüdüyü ailədən irəli gələn yüksək keyfiyyətlər dəstəkçi olurdu.

    Diqqətə çatdırılıb ki, görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqat işlərinin uğurlu nəticələrinə görə akademik Zərifə Əliyeva keçmiş SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər mükafat olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb. Keçmiş SSRİ-də bu mükafatı alan ilk qadın alim kimi onun adı oftalmologiya elminin tarixinə düşüb.

    Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin ömür gün yoldaşı olan Zərifə xanım görkəmli alim olmaqla yanaşı, həm də fəal ictimai xadim, qayğıkeş ana olub. Zərifə xanımın ən gözəl xidmətlərindən biri İlham Əliyev kimi böyük bir insanı, bütün dünyada tanınan siyasətçini Azərbaycan xalqına bəxş etməyi olub.

    Tədbir çərçivəsində “Qaranlığa nur saçan zəka – Zərifə Əliyeva” adlı geniş kitab sərgisinin açılışı olub. Sonda tədbir iştirakçıları sərgi ilə tanış olublar.