Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Respublika Gənclər Kitabxanası akademik Zərifə Əliyevaya həsr edilmiş elektron məlumat bazası hazırlayıb

    Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli alim, ictimai xadim, Respublika Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyi münasibətilə elektron məlumat bazası hazırlanıb.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, elektron bazada görkəmli alimin həyatı, elmi və ictimai fəaliyyəti haqqında geniş məlumat verilib. Burada alimin Azərbaycan, rus və ingilis dillərində çap edilən əsərlərinin, dövri mətbuat materiallarının, haqqında qələmə alınan kitab və məqalələrin siyahısı əks olunub. Zərifə xanım haqqında görkəmli şəxslər tərəfindən söylənilən fikirlərin yer aldığı elektron bazada akademikin dünya kitabxanalarında saxlanılan nəşrlərinin siyahısı da təqdim edilib. Məlumat bazasında “Xatirəsinin əbədiləşdirilməsi”, “Fotoqalereya”, “Videoqalereya” bölmələri ilə yanaşı, görkəmli alim haqqında qələmə alınan “Ürəklərdə izi var” və “Unudulmaz alim, mehriban ana, qayğıkeş insan” adlı məqalələrin tam mətni də yerləşdirilib. Zərifə xanım Əliyevanın 100 illik yubileyi ilə əlaqədar hazırlanan elektron məlumat bazası kitabxananın rəsmi saytında linkində yerləşdirilib.

  • Aktyorlar arasında bədii qiraət müsabiqəsi təşkil olunacaq

    Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə mayın 3-dən 5-dək müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Sən elə bir zirvəsən..." adlı bədii qiraət müsabiqəsi təşkil ediləcək.

    AZƏRTAC xəbər verir ki, müsabiqənin məqsədi dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə hər zaman fəxr etmiş milli qürur və iftixar mənbəyimiz olan Ulu Öndər Heydər Əliyevə həsr edilmiş ədəbi-bədii nümunələri təbliğ etmək, habelə milli mədəniyyət məkanında baş verən yaradıcılıq proseslərini fəallaşdırmaq, bədii qiraətə olan marağı artırmaq, eyni zamanda yeni yaradıcılıq axtarışlarına şərait yaratmaqdır.

    Müsabiqədə ilk üç yerin sahiblərinə fəxri fərman və pul mükafatı təqdim olunacaq.

  • Dünyaşöhrətli Freddi Merkurinin şəxsi əşyalarından ibarət kolleksiya hərracda satılacaq

    Məşhur “Queen” musiqi qrupunun vokalisti Freddi Merkurinin şəxsi əşyaları İngiltərədə hərraca çıxarılacaq.

    AZƏRTAC TASS-a istinadla xəbər verir ki, “Sotheby's” hərrac evinin açıqlamasına görə, musiqiçinin şəxsi geyimləri, topladığı sənət əsərləri və mahnı əlyazmaları da daxil olmaqla ümumilikdə 1500-ə yaxın əşyanın satılması planlaşdırılır.

    Musiqiçi 1991-ci ilin noyabrında 45 yaşında QİÇS-dən vəfat edəndən bəri ona məxsus bütün bu çoxsaylı əşyalar Londonun Kensinqton bölgəsində onun şəxsi Garden Lodge malikanəsində saxlanılıb.

    Hərraca çıxarılacaq əşyalar arasında müğənninin 1986-cı ildə İngiltərədə “God save the queen” mahnısının rok aranjemanını ifa etmək üçün səhnədə geyindiyi tac və xəzli paltosu da var. Bu lot 80 min funt-sterlinqə (100 min dollar) qiymətləndirilir. Daha sonra dillər əzbəri olan “We are the champions” mahnısının əlyazması 300 min funt-sterlinqə (375 min dollar), fransız rəssamı Ceyms Tissonun (1836-1902) portreti 600 min funt-sterlinqə (750 min dollar) satıla bilər. Bundan əlavə, hərraca ifaçının şəxsi bığ darağı, “Carl Faberge” firmasının istehsalı olan saatı, həmçinin müğənninin qarderobunda olan bir çox geyimləri çıxarılacaq.

    Hərrac öncəsi sərgilər isə Nyu-York, Los-Anceles, Honkonq və Londonda açılacaq. Britaniyanın paytaxtında əşyalar avqustun 4-dən Freddi Merkurinin doğum günü olan sentyabrın 5-dək sərgilənəcək. Hərracın özü isə sentyabrın 6-na təyin edilib.

    Qeyd edək ki, hərracdan əldə edilən gəlirin bir hissəsi Merkuri Xeyriyyə Fonduna, eləcə də dünyada HİV/QİÇS probleminə diqqət çəkən müğənni Elton Conun Fonduna veriləcək.

  • Bu gün Xalq artisti Məhluqə Sadıqovanın doğum günüdür

    Azərbaycan radiosunda “Bulaq” verilişini dinləmiş hər kəs Məhluqə Sadıqovanı yaxşı xatırlayır. “Bulaq” verilişinin qızıl səsli aparıcısı teatrda da yaddaqalan obrazlar canlandırıb - Pəri, Yaxşı, Gülüş, Turac, Sona… saymaqla bitməyən xarakterik rollar.

    AZƏRTAC xəbər verir ki, bu gün Xalq artisti, görkəmli aktrisa Məhluqə Sadıqovanın anadan olmasından 106 il ötür.

    Məhluqə Sadıqova 1917-ci il aprelin 28-də Şuşa şəhərində anadan olub. Yaradıcılıq fəaliyyətinə 1936-cı ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında başlayan görkəmli aktrisa ömrünün 60 ildən artıq bir dövrünü bu sənət ocağı ilə bağlamışdır. Azərbaycan teatr məktəbinə xas olan yüksək peşəkarlıq, böyük emosional təsir gücü, zamanın ruhunu gözəl əks etdirmək bacarığı onun yaradıcılığında öz parlaq ifadəsini tapıb. Aktrisa Azərbaycanın böyük sənətkarlar nəslinin yaradıcılıq ənənələrinə həmişə sadiq qalıb. Öz oyununda xarakterik ifadə vasitələrinə üstünlük verən Məhluqə Sadıqova “Oqtay Eloğlu”, “Solğun çiçəklər”, “Almaz”, “Sevil”, “Dönüş”, “1905-ci ildə”, “Göy quş”, “Skapenin kələkləri”, “Pəri cadu”, “Vaqif”, “Fərhad və Şirin”, “Xanlar”, “Günahsız müqəssirlər”, “Şeyx Sənan”, “Qış nağılı”, “Vanya dayı”, “Şeytanın şagirdi”, “Nazirin xanımı”, “Lənkəran xanının vəziri”, “Qadın faciəsi”, “Yalan”, “Atayevlər ailəsi”, “Şöhrət və ya unudulan adam” və digər səhnə əsərlərində mükəmməl obrazlar yaradıb.

    Doğma səhnədə, əsasən, lirik və xarakterik rolların yaddaqalan ifaçısı kimi tanınan görkəmli sənətkar yaratdığı dolğun və rəngarəng obrazlarla Azərbaycan teatr sənətinin inkişafına mühüm xidmətlər göstərib. Məhluqə Sadıqovanın ifasında təbii və gözəl səhnə təcəssümünü tapdığı üçün tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanan bu qadın obrazları böyük aktyor sənətinin qiymətli nümunələri olub, Azərbaycan milli teatr salnaməsinin unudulmaz səhifələrini təşkil edir.

    Səhnəmizə Azərbaycan qadınının sadə və təmkinli danışığını, şirin ləhcəsini gətirən Məhluqə Sadıqova XX əsr milli mədəniyyətimiz tarixində məharətli bədii qiraət ustası kimi də yaxşı tanınıb. O, 40 ildən çox Azərbaycan radiosunda “Bulaq” verilişinin əvəzsiz aparıcısı olub, özünün dərin təsir gücünə malik, emosional və bənzərsiz səsi sayəsində tükənməz xəzinə olan xalq yaradıcılığını Azərbaycan dinləyicisinə sevdirməsi ilə yaddaşlarda silinməz iz qoyub.

    Ali insani keyfiyyətləri özündə toplayan Məhluqə xanım Azərbaycan qadınının canlı təcəssümü kimi tamaşaçıların həmişə sevimlisi olub, öz sənətkar şəxsiyyəti ilə bir neçə nəslin yüksək milli-mənəvi dəyərlər ruhunda yetişməsində əhəmiyyətli rol oynayıb.

    Məhluqə Sadıqovanın milli teatr sənətimizin inkişafı sahəsində hədsiz sədaqətlə göstərdiyi xidmətlər yüksək qiymətləndirilib. O, 1949-cu ildə Əməkdar artist, 1978-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.

    Aktrisa 2003-cü il avqust ayının 15-də Bakıda vəfat edib.

  • Məcid Behbudovun 150 illiyi ilə bağlı tədbirin vaxtı dəyişdirilib

    Bu il Azərbaycan xanəndəlik məktəbinin görkəmli nümayəndəsi, dünyaşöhrətli müğənni Rəşid Behbudovun atası Məcid Behbudovun (1873-1945) anadan olmasının 150 illiyi tamam olur. Bu münasibətlə mayın 2-də Beynəlxalq Muğam Mərkəzində xanəndənin yubileyi münasibətilə keçirilməsi nəzərdə tutulan tədbirin vaxtı dəyişdirilib.

    Beynəlxalq Muğam Mərkəzindən AZƏRTAC-a bildirilib ki, tədbir mayın 5-də keçiriləcək.

    Tədbirdə xanəndənin ailəsinin təqdim etdiyi qrammofon valları əsasında repertuarına müraciət olunacaq və gənc xanəndələrin ifasında Məcid Behbudovun vaxtilə ifa etdiyi xalq mahnıları və muğamlar səslənəcək.

    Qeyd edək ki, Məcid Behbudalı oğlu Behbudov 1873-cü il aprelin 18-də muğam-sənət beşiyimiz Şuşa şəhərində dünyaya göz açıb. Uşaqlıqdan məlahətli səsi ilə seçilən Məcid Behbudov gənc yaşlarından xanəndəliyə başlayıb. O, ilk vaxtlar xüsusi məclislərdə, sonralar isə toy şənliklərində iştirak edib, professional xanəndə və opera müğənnisi kimi şöhrət qazanıb.

    Dahi bəstəkar Üzeyir Hacıbəyli dünyaşöhrətli "Arşın mal alan" operettasının qəhrəmanı tacir Əsgərlə məhz Məcid Behbudovun obrazını yaradıb.

  • Akademik Zərifə Əliyevanın 100 illiyinə həsr olunan poçt markasının möhürlənmə mərasimi keçirilib

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın 100 illik yubileyinə həsr olunan poçt markasının möhürlənmə mərasimi keçirilib.

    "Report" nazirliyə istinadən xəbər verir ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev çıxışında Zərifə xanım Əliyevanın oftalmoloq-alim və ictimai xadim olaraq ölkəmiz üçün göstərdiyi xidmətlər haqqında danışıb. Nazir Zərifə xanımı şəxsən tanıyanların daim onu böyük insan, əsl ziyalı, nəcib, qayğıkeş xanım kimi xarakterizə etdiyini və onun Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı kimi həmişə böyük sevgi və ehtiramla anıldığını qeyd edib.

    Nazirlik yanında İctimai Şuranın sədri Siruz Abasbəyli və “Azərbaycan Filatelistlər İttifaqı” İB-nin sədri İntiqam Bağırlı akademik Zərifə Əliyevanın Azərbaycan tibb elminə verdiyi töhfələr və zəngin irsi barədə danışıblar.

    Daha sonra Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunan poçt markasının möhürlənməsi proseduru həyata keçirilib.

    Qeyd edək ki, Zərifə Əliyevaya həsr olunmuş xatirə markası bir markadan ibarət blok şəklində “Azərpoçt” MMC tərəfindən hazırlanıb və Belarus Respublikasının “Bobruisk Integrated Printing House” mətbəəsində 4 000 tirajla çap edilib. Poçt blokunun tərtibatında rəng psixologiyasına da xüsusi diqqət yetirilib. Rənglərin simvolikasında yaşıl rəngin bir çox pozitiv mənaları var və ən əsası da həyat, sağlamlıq, xoşbəxtlik, harmoniya və mənəvi zənginliyi ifadə edir.

  • AZAL “Boeing”dən 8 ədəd “787-8 Dreamliner” təyyarəsi alır

    "Azərbaycan Hava Yolları" QSC (AZAL) və ABŞ-ın “Boeing” korporasiyası 8 ədəd “787-8 Dreamliner” təyyarəsinin tədarükünə dair razılıq əldə edib.

    Bu barədə Reporta AZAL-dan bildirilib.

    Təyyarələrin 5-nin 2030-cu ilə qədər, 3-nün isə 2030-cu ildən sonra təhvil verilməsi nəzərdə tutulur.

    “Azərbaycanın mülki aviasiyasının uğurlu inkişafı Prezident İlham Əliyevin davamlı dəstəyi və diqqəti sayəsində mümkün olub. Müasir geniş gövdəli “Boeing 787 Dreamliner” təyyarələrinin əldə olunması üçün “Boeing” şirkəti ilə müqavilənin imzalanması AZAL-ın donanmasının modernləşdirilməsi, aviadaşımaların səviyyəsinin yüksəldilməsi çərçivəsində mühüm addımdır”, – deyə AZAL-ın prezidenti Cahangir Əsgərov bildirib.

    Çevikliyi, uzaq məsafəli uçuşları və yanacağa qənaəti sayəsində “Boeing 787 Dreamliner” təyyarələri aviaşirkətlərə 350-dən çox yeni birbaşa marşrutlar açmağa imkan verib. Yeni “Dreamliner” təyyarələri AZAL-ın Avropa, Asiya və digər regionlarda öz şəbəkəsini genişləndirməyə imkan verəcək.

    “Boeing 787" təyyarəsi sayəsində AZAL Mərkəzi Asiyanın aviaşirkətləri sırasında liderliyini möhkəmləndirib. Laynerin çevikliyi və imkanları Azərbaycanda turizm və iqtisadi artım üçün yeni perspektivlər açır. AZAL-la uğurlu əməkdaşlığımız 20 ildən artıqdır ki, davam edir və yeni “Dreamliner” təyyarələrinin sifarişi məhsullarımızın əhəmiyyətini və iki şirkət arasındakı münasibətlərin dərinliyini göstərir.” – deyə “Boeing Commercial Airplanes” şirkətinin prezidenti və baş icraçı direktoru Sten Dil bildirib.

    AZAL Mərkəzi Asiyanın ən iri aviadaşıyıcılarından biridir, donanmasında “Boeing” 757, 767 və 787 təyyarələri də daxil olmaqla müxtəlif model hava gəmilərindən istifadə edir.

    Dünyanın aparıcı aerokosmik şirkəti olan “Boeing” 150-dən çox ölkədə müştəriləri üçün mülki təyyarələrin, kosmik gəmilərin, müdafiə məhsullarının istismarı və texniki xidməti üçün xidmətlər və sistemlər hazırlayır, istehsal və təmin edir.

  • Ailə dəyərlərinə həsr olunmuş seminar keçiriləcək

    Mayın 5-də Bakıdakı Rus evində ailə dəyərlərinə həsr olunmuş tədbir - “Nəsil-şəcərə ağacı” adlı seminar keçiriləcək.

    Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, seminarın spikeri Başqırdıstanda ailə ağacları və gerblərinin tərtibi üzrə eyniadlı studiyanın yaradıcısı, RF Dövlət Duması nəzdində gənclər parlamentinin mədəniyyət şurasının üzvü Lira Süleyman olacaq. O, “Öz köklərin barədə bilik uğur təməli kimi” mövzusunda çıxış edəcək. L.Süleyman, həmçinin türkdilli əcdadlardan danışacaq, nəsil kitabının qədim zamanlarda necə tərtib olunmasından və bu kitabların hazırkı görünüşündən söhbət açacaq, öz nəsil kitabınızın necə hazırlanması, bu işdə hansı proqramlardan istifadə etmək barədə praktik məsləhətlər verəcək.

    Neopsixoloq Gülnaz Batırova öz çıxışını “Soykök dəyərləri nəslin güclənməsinə necə kömək edir. Genetik yaddaş resursları” mövzusuna həsr edəcək.

    Başqırdıstan nümayəndə heyətinin tərkibinə Başqırdıstan Respublikasındakı “Azərbaycan Milli-Mədəni Mərkəzi” regional ictimai təşkilatının idarə heyətinin sədri Mətanət Əmrahova da daxildir.

  • Azərbaycanda kümçülərə ipəkqurdu toxumunun paylanmasına başlanılıb

    Azərbaycanda 2023-cü il barama mövsümü üçün kümçülərə hibrid ipəkqurdu sənaye toxumlarının paylanmasına start verilib.

    Bu barədə Reporta Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, bu il kümçülərə əvəzsiz olaraq 11 500 qutu ipəkqurdu sənaye toxumunun (qrena) paylanması nəzərdə tutulur. İpəkqurdu toxumunun inkubasiya prosesi Qax Damazlıq İpəkçilik Stansiyası ilə yanaşı, Bərdə, Ağsu, Zərdab və Zaqatala rayonlarında inşa edilmiş yeni baramaqurutma müəssisələrində də həyata keçirilib. Barama mövsümü ərəfəsində bütün kümxanalar dezinfeksiya edilib, kümçülər təlimlərə cəlb olunub.

    Bu gün Qax Damazlıq İpəkçilik Stansiyasında hibrid ipəkqurdu toxumlarının kümçülərə paylanmasına həsr olunmuş tədbir keçirilib. Tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov, nazir müavini Sarvan Cəfərov, Nazirliyin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov, Qax rayon rəhbərliyi, müxtəlif rayonların Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) direktorları, Qax Damazlıq İpəkçilik Stansiyasının əməkdaşları və mütəxəssislər iştirak ediblər.

    M.Məmmədov bildirib ki, barama mövsümü ərəfəsində bütün hazırlıq işləri tam başa çatıb. Kümxanalar aqrozootexniki tələblərə uyğun hazırlanıb, dezinfeksiya işləri həyata keçirilib, kümçülər təlimlərə cəlb olunublar. Baramaçılığın və ipəkçiliyin Azərbaycanda qədim ənənələrinin olduğunu deyən nazir bu sahənin inkişafı üçün dövlət tərəfindən davamlı dəstək tədbirlərinin həyata keçirildiyini deyib.

    Tədbirdə qeyd olunub ki, baramaçılıq və ipəkçiliyin inkişafına dövlət dəstəyi kümçülərin bu sahəyə marağını ildən-ilə artırır. Onlarla imzalanmış müqaviləyə əsasən, istehsal olunmuş yaş barama müvafiq qurum tərəfindən 5 manata təhvil alınacaq, dövlət isə istehsal olunan hər kiloqram yaş baramaya görə kümçülərə 6 manat subsidiya ödəyəcək.

    Tədbirdən sonra yaş barama istehsal olunan rayonların DAİM-lərin rəhbərləri ilə görüş keçirilib, onlarla yeni başlayan mövsümdə görüləcək işlər barədə fikir mübadiləsi aparılıb, tövsiyə və tapşırıqlar verilib.

    Səfər çərçivəsində M.Məmmədov Qax DAİM-in binası ilə tanış olub, kollektivlə görüşüb, rayondakı təsərrüfatlara baş çəkib, Şəkidə payızlıq əkin sahələrinin vəziyyəti ilə yerində tanış olub, quraqlığın taxıl sahələrinə vurduğu zərər yerində dəyərləndirilib.

  • Mehmanxana və mehmanxana tipli obyektlərdə gecələmələrin sayı 26,2 faiz artıb

    2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 26,2 faiz artaraq 549,2 min olub.

    Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, gecələmələrin ümumi sayının 55,3 faizi Bakıda, 9,6 faizi Qusarda, 5,0 faizi Qubada, 4,6 faizi Qəbələdə, 3,7 faizi Naftalanda, 3,4 faizi Naxçıvan Muxtar Respublikasında, 3,1 faizi Şabranda, 2,9 faizi Lənkəranda, 1,2 faizi Mingəçevirdə, 1,1 faizi İsmayıllıda, 1,1 faizi Gəncədə, 0,9 faizi Şuşada, 0,9 faizi Şamaxıda, 0,7 faizi Şəkidə, 0,6 faizi Qaxda və 5,9 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda və mehmanxana tipli obyektlərdə qeydə alınıb.

    Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə 79,7 faiz artaraq 309,2 min olmuşdur ki, bu da ümumi gecələmələrin 56,3 faizini təşkil edir. Gecələmələrin ümumi sayının 19,3 faizi Rusiya Federasiyası, 9,5 faizi Türkiyə, 8,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 7,3 faizi Hindistan, 5,7 faizi Səudiyyə Ərəbistanı, 4,6 faizi Küveyt, 3,5 faizi Böyük Britaniya, 2,9 faizi Qazaxıstan, 2,8 faizi Gürcüstan, 2,6 faizi Pakistan, 2,3 faizi ABŞ, 2,2 faizi İsrail, 1,6 faizi Belarus, 1,4 faizi Almaniya, 1,4 faizi Özbəkistan, 1,2 faizi Qətər, 1,2 faizi İran, 0,9 faizi Ukrayna, 0,9 faizi Çin, 0,9 faizi İtaliya, 0,7 faizi Fransa, 0,6 faizi Oman, 0,5 faizi Niderland, 17,4 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşmüşdür.

    Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 80,1 faizi Bakıda, 8,9 faizi Qusarda, 3,5 faizi Naftalanda, 3,2 faizi Qəbələdə, 1,8 faizi Qubada, 0,4 faizi Naxçıvan Muxtar Respublikasında, 0,3 faizi Şabranda, 1,8 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.

    Azərbaycan Respublikası vətəndaşlarının keçirdiyi gecələmələrin sayı 240,0 min olmuşdur ki, bu da ümumi gecələmələrin 43,7 faizini təşkil edir.

    2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 42,8 faiz artaraq 85,2 milyon manat olmuşdur ki, onun da 55,5 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 28,9 faizi ictimai iaşə xidmətlərindən, 6,0 faizi müalicə və sağlamlıq xidmətlərindən, 9,6 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir.

    2023-cü ilin yanvar-mart aylarında mehmanxana və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 13,4 faiz səviyyəsində olub (2022-ci ilin yanvar-mart aylarında 10,9 faiz). Bu göstərici Naftalanda 37,0 faiz, Qusarda 30,3 faiz, Şabranda 29,0 faiz, Beyləqanda 25,7 faiz, Bərdədə 22,8 faiz, Şuşada 20,2 faiz, Bakıda 19,9 faiz, Qubada 19,6 faiz, Sabirabadda 18,6 faiz, Naxçıvan Muxtar Respublikasında 16,7 faiz, Ağcabədidə 15,3 faiz, Lənkəranda 14,8 faiz, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub.