Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Aşıqlar Birliyində gənclərin dastan ifaçılığına xüsusi diqqət yetirilir

    Son illərdə Azərbaycan Aşıqlar Birliyinin (AAB) həyata keçirdiyi uğurlu layihələrdən biri də aşıqların repertuarında dastançılıq ənənəsinin yaşadılmasına böyük önəm verilməsidir.

    Bu barədə AZƏRTAC-a məlumat verən AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, çağdaş aşıqlarımızın söylədikləri dastanlar lentə alınaraq televiziya vasitəsilə geniş ictimaiyyətə təqdim olunur, kitab halında nəşr edilir və nəticədə dastanlarımıza ikinci həyat verilir.

    “Bu, aşıqların repertuarının zənginləşməsinə kömək etməklə yanaşı, həm də dastanların unudulmaması, aşıq sənətinə yeni gələn gənclərdə dastançılığa marağın artırılması baxımından böyük əhəmiyyət kəsb edir. Gənc aşıqların dastan ifaçılığına sövq edilməsi də eyni məqsədi daşıyır.

    Ustadlarla yanaşı, gənc aşıqlar da AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının aparıcılığı ilə hər həftə “Mədəniyyət” kanalında efirə gedən “Saz-söz axşamı” verilişində vaxtaşırı dastan söyləyirlər. Hazırda Elməddin Hacıbayramlı və İlham Məmmədli “Əmrah”, Qəlbinur İbrahimli və Elnur Babayev isə “Mirzə Bilal” dastanları üzərində çalışırlar. Hər iki dastan yekunlaşdıqdan sonra geniş ictimaiyyətə təqdim olunacaq. Bu, həmçinin AAB-nin nəşri olan və artıq birinci cildi işıq üzü görən çoxcildlik “Aşıq dastanları” antologiyasının növbəti cildinə daxil ediləcək”,- deyə M.Nəbioğlu vurğulayıb.

  • Şuşada “Sözün repressiyası” sənədli filmi nümayiş olunub

    Vaqif Poeziya Günləri çərçivəsində iyulun 19-da Şuşa Otel-Konqres Mərkəzində Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilən “Sözün repressiyası” sənədli filminin nümayişi olub.

    AZƏRTAC xəbər verir ki, “Bulatfilm Production” şirkətinin istehsalı olan filmin rejissoru Rafiq Həşimov, ssenari müəllifi Səlim Babullaoğlu, operatoru Rüfət Süleymanovdur.

    Filmdə repressiya qurbanlarına çevrilmiş 31 yazıçı, şair və digər ədiblərimiz xatırlanır, bəzilərinin faciəvi tarixçəsi danışılır. Eyni zamanda, filmdə Stalin repressiyalarının retrospektiv planda faciəvi və tarixi fəlsəfəsi araşdırılır.

    Ekran əsərində Xalq yazıçısı Anar, tarixçi-cavidşünas Həmid Cəfərov, akademik Rafael Hüseynov, Siyasi Repressiya Qurbanları Muzeyinin rəisi Mirabbas Məmmədov, filoloq alimlərdən Firudin Qurbansoy və Bədirxan Əhmədovun Stalin repressiyalarının və kommunist siyasətinin mahiyyəti ilə bağlı fikirləri yer alıb.

    Ekran əsəri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

  • Bu gün Xalq artisti Ağababa Bünyadzadənin anadan olmasından 109 il ötür

    Opera ifaçılığı sənətinə qəlbən bağlanan, bu yolda fədakarlıq göstərərək musiqi xəzinəmizə töhfələr verən görkəmli sənətkarlarımızdan biri də Xalq artisti Ağababa Bünyadzadədir. Bu gün istedadlı opera ifaçısının anadan olmasının 109-cu ildönümü tamam olur.

    AZƏRTAC xəbər verir ki, Xalq artistinin həyat və yaradıcılığına qısa nəzər salır.

    1915-ci il iyulun 19-da Bakıda anadan olan Ağababa Bünyadzadə 1934-cü ildə orta məktəbi bitirib və Texniki peşə məktəbində çilingər peşəsinə yiyələnib. Ancaq o, bu sənətin dalınca getməyib. Bariton səsi olan Ağababa bədii özfəaliyyət kollektivlərinə yazılıb. Dram dərnəyində aktyorluq fəaliyyəti göstərməklə yanaşı, müğənnilik də edib.

    A.Bünyadzadə Üzeyir Hacıbəylinin məsləhəti ilə 1938-1939-cu illərdə Moskvada Qnesinlər adına Musiqi məktəbində təhsil alaraq 1940-cı ildə vətənə dönüb. Elə həmin il Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki Opera studiyasında Xalq artisti K.Knijnikovun sinfində səs quruluşundan dərs alıb. Beləliklə, gənc müğənni əmək fəaliyyətinə Opera və Balet Teatrında başlayıb. Əvvəlcə studiyanın xor dəstəsində çıxış edib, bir müddət sonra isə teatrın solistləri arasında yerini tutub.

    Ağababa Bünyadzadə Opera və Balet Teatrında çalışdığı illər ərzində 60-dan çox məsul partiya oxuyub. Yaradıcılığı dövründə Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının operalarında müxtəlif xarakterli yaddaqalan obrazlar yaradıb.

    Araşdırmalarda göstərilir ki, A.Bünyadzadənin Ü.Hacıbəylinin “Leyli və Məcnun”unda Nofəl, “Koroğlu”da Həsən xan və Alı, R.Qlierin “Şahsənəm”ində Xan, F.Qalevinin “Kardinal qızı”nda Rudjiero və digər operalarda ifa etdiyi partiyalar öz dramatik vüsəti, psixoloji tamlığı və səslə hərəkətin üzvi vəhdəti ilə seçilib. O, həmçinin Şahvələd (“Aşıq Qərib” - Z.Hacıbəyov), Hökmdar (“Nizami” - Ə.Bədəlbəyli), Yavər (“Azad” - C.Cahangirov), Atakişi (“Sevil” - F.Əmirov), Ağalar bəy (“Nərgiz” - M.Maqomayev), Şeyx Nəsrullah (“Ölülər” - V.Adıgözəlov), Şapur (“Xosrov və Şirin” - Niyazi), Mərdan (“Vətən” - Q.Qarayev və C.Hacıyev), Fiqaro (“Sevilya bərbəri” - C.Rossini) və digər partiyaların mükəmməl ifası ilə tamaşaçıların rəğbətini qazanıb.

    A.Bünyadzadə 1967-ci ildə M.Maqomayevin “Şah İsmayıl” operasını tamaşaya hazırlayıb və səhnə əsərində yaratdığı Aslan şah obrazı ilə ilk böyük uğurlarından birinə imza atıb. Ü.Hacıbəylinin “Koroğlu” operasında Həsən xan partiyası isə sənətkarın ən böyük səhnə uğuru hesab edilir.

    O, Üzeyir bəyin şəxsiyyətini və onun zəngin yaradıcılığını yüksək qiymətləndirib, hər zaman minnətdarlıqla yada salıb. 1962-ci ildə mətbuatda dərc olunan “Ölməzlik” adlı məqaləsində A.Bünyadzadə dahi bəstəkar haqqında xatirələrində yazır: “Üzeyir bəy daim yeni axtarışlar, tapıntılar sorağında idi. Belə “tapıntılar” arasında mən də var idim. Mən “Koroğlu” operasında ilk tamaşadan iştirak etmişəm, əvvəlcə xorun tərkibində, daha sonra carçı obrazında. Sonra düşündüm ki, Həsən xanı hazırlayım. Buna görə də yavaş-yavaş obraz üzərində işləməyə başladım. Ariyaları hazırlayıb İsmayıl Hidayətzadəyə nümayiş etdirməyi qərara aldım. İ.Hidayətzadə ifamı dinlədikdən sonra bəyəndiyini dedi. Biz Üzeyir bəyə sürpriz hazırlamaq fikrinə gəldik. Səhnədə gənc və yeni sima olan Həsən xanı Üzeyir bəyə göstərmək məsuliyyət və sevinc idi. Tezliklə bu partiyanı mənə tapşırdılar və yaradıcılığımda ilk uğurlarımdan biri oldu”.

    A.Bünyadzadə respublikanın hüdudlarından kənarda - Moskva, Leninqrad (indiki Sankt-Peterburq), Kiyev, Tiflis və keçmiş SSRİ-nin digər şəhərlərində, habelə Bolqarıstan və Rumıniyada qastrol səfərlərində olub, mədəniyyətimizi layiqincə təmsil edib. Sofiya Opera Teatrında J.Bizenin “Karmen” operasında Eskamilyonun partiyasını oxuyub. Teatr sənəti sahəsindəki xidmətləri yüksək qiymətləndirilən sənətkar “Lenin” və “Qırmızı Əmək Bayrağı” ordenləri ilə təltif olunub. 1943-cü ildə “Əməkdar artist”, 1955-ci ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb.

    Görkəmli səhnə xadimi 1974-cü il dekabrın 17-də Bakıda vəfat edib, İkinci Fəxri xiyabanda dəfn olunub.

  • Şuşada “Məhəmməd Füzuli. Zamanın fövqündə” mövzusunda konfrans təşkil olunub

    Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Vaqif Poeziya Günləri davam edir.

    AZƏRTAC xəbər verir ki, iyulun 19-da poeziya günləri çərçivəsində Şuşa Otel-Konqres Mərkəzində “Məhəmməd Füzuli. Zamanın fövqündə” mövzusunda konfrans keçirilib.

    Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhminin moderatorluğu ilə gerçəkləşən konfrans dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530 illik yubileyinə ithaf olunub.

    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva bu konfransın “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn vəzifələrin icrası çərçivəsində hazırlanmış tədbirlər planına əsasən təşkil edildiyini söyləyib.

    “Beş əsrdən çoxdur ki, Məhəmməd Füzulinin poetik nümunələri, hər biri bir kəşf səviyyəsində olan elmi əsərləri Azərbaycan və dünya oxucuları tərəfindən sevilərək oxunur. Füzulinin yazıb-yaratdığı dövrdən əsrlər ötsə də, əsərlərinin cazibəsi ildən-ilə nəinki zəifləmir, əksinə yeni-yeni nəsillər, dəyişən zamanlar içərisində insanlar öz zəka və idraklarının gücü ilə dahi şairin yaradıcılığını fərqli müstəvilərdə dərk edərək dünyagörüşlərinə uyğun halda yenidən mənalandırırlar”, - deyə akademik vurğulayıb.

    G.Baxşəliyeva diqqətə çatdırıb ki, böyük şairin 530 illiyi münasibətilə AMEA-da silsilə tədbirlərlə yanaşı, şairin elmi irsinin də öyrənilməsi istiqamətində mühüm işlər görülür.

    Akademik dahi Füzulinin dəyərli əsərlərindən, bənzərsiz ədəbi irsindən söz açaraq, son illər rəhbərlik etdiyi institutda bu istiqamətdə aparılan elmi axtarışlardan da danışıb.

    AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli xatırladıb ki, 1994-cü ildə ölkəmizdə böyük bir tarixi və ədəbi hadisə baş verməkdəydi. Belə ki, Məhəmməd Füzulinin 500 illik yubileyi tamam olurdu. “Ölkəmizin taleyi üçün son dərəcə ağır olan həmin illərdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ozamankı təbəddülatlı vəziyyətə baxmayaraq, dahi şairin yubileyinin keçirilməsini təxirə salmamış, əksinə Füzulinin yubileyinin həm Azərbaycanda, həm də qonşu ölkələrdə silsilə bayramlar şəklində yüksək səviyyədə qeyd olunmasını təmin etmişdir”, - deyə alim vurğulayıb.

    Akademik deyib ki, Ulu Öndər Heydər Əliyev Füzuli yubileyinin keçirilməsinin ölkəmiz üçün mənəvi əhəmiyyətini qeyd edərkən “Respublikamızı təkcə müstəqil bir dövlət, zəngin təbii sərvətlərə malik ölkə kimi yox, zəngin tarixi, mədəniyyəti olan ölkə kimi tanıtmalıyıq. Mənə belə gəlir ki, bizdən ötrü bu yubileyin ən böyük nəticəsi bundan ibarətdir” söyləyirdi.

    Azərbaycan Yazıçılar Birliyinin üzvi, şair Fərid Hüseyn dahi Füzulinin bənzərsiz söz dünyasından söhbət açıb. Onun yaratdığı ölməz irsin bütün zamanlarda aktuallığını qoruyub saxlayacağını, insanlar tərəfindən sevilərək oxunacağını söyləyib.

    Gənc şair bildirib ki, Füzulinin 530 illiyi ilə bağlı müvafiq Sərəncam bütövlükdə ölkəmizdə sözə, şeirə, söz adamlarına verilən ən böyük qiymətin bariz nümunəsidir.

    Konfransda mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxış edərək deyib ki, tarixi Zəfərdən sonra biz artıq dördüncü dəfədir mədəniyyət paytaxtımız Şuşada Vaqif Poeziya Günlərinin keçirilməsi münasibətilə bir araya gəlirik.

    “Xoş təsadüfdür ki, bu il Füzulinin 530 illik yubileyi ili də ölkəmizin dünyamiqyaslı tədbirlərə ev sahibliyi etdiyi (COP29) bir dövrə təsadüf edir. Gərək biz bu yubiley ilində də Füzuli ilə bağlı dolğun məlumatları xarici ölkələrin yazar və şairlərinə çatdırmaqla yanaşı, həm də onlara Qarabağ Zəfərimiz, 30 illik işğal dövrünün həqiqətləri barədə bilgilər verək”, - deyə nazir müavini vurğulayıb.

    O, Mədəniyyət Nazirliyi tərəfindən Məhəmməd Füzulinin 530 illiyi ilə bağlı keçirilmiş tədbirlərdən danışıb. Diqqətə çatdırıb ki, bu il Milli Kitabxana tərəfindən Məhəmməd Füzuli adlı onlayn məlumat bazası yaradılıb, Xalça Muzeyi tərəfindən Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş sərgi açılıb. Özbəkistanda təşkil olunan Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində “Məhəmməd Füzuli və Əlişir Nəvai: ortaq ədəbi-mənəvi dəyərlərimiz” mövzusunda konfrans keçirilib, şairin özbək dilinə tərcümə olunmuş əsərlərinin təqdimatı olub.

    Ölkəmizin iştirak etdiyi beynəlxalq kitab sərgilərində - Dohada, Pekində və digər şəhərlərdə dahi şairin irsi təbliğ olunub, ona aid Azərbaycan stendində xüsusi guşələr yaradılıb.

    Nazir müavini deyib: “Ölkəmizin ən böyük kütləvi tədbirlərindən biri olan, bu ilin oktyabrında keçirilməsi planlaşdırılan 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi dahi şair Məhəmməd Füzuliyə həsr ediləcək. Eyni zamanda, nazirlik tərəfindən hazırda dahi şairin həyat və yaradıcılığına aid kitablar çapa hazırlanır”.

    Sonda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri Əməkdar artist Anar Mikayılov və Roza Zeynalova tərəfindən Məhəmməd Füzulinin “Leyli və Məcnun” əsərindən kompozisiya təqdim edilib.

  • Vaqif Poeziya Günləri çərçivəsində Şuşada ilk dəfə etnocaz konserti

    Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə iyulun 18-də Şuşada başlanan Vaqif Poeziya Günləri açılış mərasimindən sonra rəngarəng tədbirlərlə davam edib.

    AZƏRTAC xəbər verir ki, günə Xurşidbanu Natəvanın evinin qarşısında etnocaz konserti ilə yekun vurulub.

    Konsertdə cazmen, pianoçu, Əməkdar artist Emil Əfrasiyab rəngarəng proqramla çıxış edib. Onu Əməkdar artist İsgəndər Ələsgərov (zərb alətləri) və Elvin Nəbiyev (bas gitara) müşayiət ediblər.

    Konsertdən əvvəl tamaşaçıları salamlayan Emil Əfrasiyab Şuşada keçirilən Vaqif Poeziya Günlərinin tarixi əhəmiyyətindən söz açıb. Bildirib ki, azad Qarabağ müasir, müstəqil Azərbaycanın simvoluna çevrildiyi kimi Vaqif Poeziya Günləri də azad Şuşanın simvoluna çevrilib.

    O, ilk dəfə Şuşada təşkil oluna etnocaz konsertinin hər bir dinləyicinin yaddaşında uzun zaman qalacağını söyləyib və belə konsertlərin qala-şəhərimizdə bundan sonra daha tez-tez təşkil olunacağına inamını ifadə edib.

    Sonra bir-birindən maraqlı ifalar təqdim olunub.

    Proqramda “İki dünya”, “Əlavə iz”, “And I love her”, “Aziza”, “Rainy Day”, “Ataya məktub”, “Fantaziya”, “Prayer”, “Nueva” və digər musiqi nömrələri səslənib.

    Konsert tamaşaçıların gurultulu alqışları ilə qarşılanıb.

    Qeyd edək ki, Vaqif Poeziya Günlərinə iyulun 19-da yekun vurulacaq.

  • Milli Kitabxanada virtual sərgi - Şuşanın məişət əşyaları

    Milli Kitabxananın əməkdaşları tərəfindən “Şuşanın məişət əşyaları” adlı virtual sərgi hazırlanaraq onlayn rejimdə istifadəçilərə təqdim olunub.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Şuşa şəhəri əhalisinin istifadə etdiyi məişət əşyaları, onların təsnifatı haqqında məlumatlar, əyani-vizual görüntüləri və qısa tarixi öz əksini tapıb.

    Şərq ölkələrinin mədəniyyət mərkəzlərindən olan, milli memarlıq üslubu və şərqlilərə məxsus memarlığı, mədəniyyətimizə, ədəbiyyatımıza bəxş etdiyi tarixi şəxsiyyətləri ilə seçilən, muğamın beşiyi, Qarabağın dilbər guşəsi sayılan Şuşa həqiqətən özü boyda tarixi abidədir. XVIII-XIX əsrlərdə Şuşa və Qarabağ bölgəsinə aid məişət əşyaları öz formasının gözəlliyi, zərif və yüksək zövqlü bədii naxışları ilə hər zaman seçilir.

    Virtual sərgi ilə buradan tanış olmaq mümkündür.

  • Saleh Məmmədov Şabranda vətəndaşları qəbul edib

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov Şabran rayonunda vətəndaşları qəbul edib.

    “Report”un agentliyə istinadən verdiyi məlumata görə, Şabran rayonu Heydər Əliyev Mərkəzinin inzibati binasında keçirilən qəbulda Şabran və Xaçmaz rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib.

    Qəbul zamanı müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.

    Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

  • “Microsoft” bəzi xidmətləri bərpa edə bilib

    Sistemlərində böyük bir texniki nasazlıq yaranan “Microsoft” bəzi xidmətlərin işini bərpa edə bilib.

    “Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə şirkətin saytında məlumat verilib.

    "Məlumatlarımız və müştəri əlaqəmiz göstərir ki, bəzi xidmətlər bərpa olunub", - bu barədə serverlərin vəziyyəti haqqında xəbərdə deyilir.

    Yenidən bərpa olunan xidmətlər arasında “Microsoft Defender”, “Microsoft Intune”, “Microsoft OneNote”, “OneDrive for Business”, “SharePoint Online”, “Windows 365”, “Viva Engage” və “Microsoft Purview” var.

    Bununla belə, “PowerBI”, “Microsoft Fabric”, “Microsoft Teams” və “Microsoft 365 admin center” ilə bağlı problemlər hələ də qalmaqdadır.

    Bildirilib ki, şirkət sistemlərin bərpası üzərində işləri davam etdirir.

    İlkin olaraq, nasazlığın əsas səbəbi “Azure” bulud hesablama platforması ilə bağlı ola bilər.

    Qeyd edək ki, Avstraliyada “Microsoft” noutbuklarının işləməsi ilə bağlı qlobal texniki nasazlıq baş verib, bunun nəticəsində telekommunikasiya operatorları, banklar və aviaşirkətlər kütləvi şəkildə zərər çəkib.

    Avstraliyanın "WA Today" qəzetinin məlumatına görə, "Apple Pay" də daxil olmaqla ödəniş sistemləri də bundan təsirlənib.

    Bundan başqa, qlobal nasazlıq Avropanın ən böyük Rotterdam limanında fəaliyyət göstərən şirkətlərə də təsir edib.

  • Bakıda iki küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

    Bu gün saat 13:00-dan 23 iyul saat 13:00-dək Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində (Mətbuat prospekti ilə kəsişmədəki dairədən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi qarşısındakı dairəyədək) aparılan təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb.

    Bu barədə “Report”a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

    Bildirilib ki, tətbiq edilən məhdudiyyətlə əlaqədar 29, 31, 53 və 206 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Parlament prospekti, Abbasqulu Abbaszadə küçəsi, Ə.Haqverdiyev küçəsi, Nazim Hikmət küçələrindən təşkil edilib.

    İyulun 19-u saat 00:00-dan 22 iyul saat 06:00-dək Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsində də (Təbriz küçəsi ilə kəsişmədən Şah İsmayıl Xətai prospektinə qədər) aparılan təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

    Tətbiq edilən məhdudiyyətlə əlaqədar 11 və 199 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Nurəddin Süleymanov küçəsi və Təbriz küçəsindən təşkil ediləcək.

  • Bakının Əhməd Rəcəbli küçəsinin bir hissəsi təmir olunur

    Bakının Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində (Akademik Həsən Əliyev küçəsindən Fətəli xan Xoyski prospektinədək) təmir işləri aparılır.

    Bu barədə “Report”a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

    Bildirilib ki, təmir çərçivəsində hazırda ərazidə frezlənmə və yararsız səki daşlarının yenilənməsi işləri yerinə yetirilir. Daha sonra küçəyə yeni asfalt-beton örtüyü döşənəcək.

    “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və üfüqi nişanlanma xətlərinin çəkilişi işləri icra olunacaq.

    Təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulur. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.