Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • AZAL Bakı-Düşənbə reyslərinə aviabiletlərin satışına başlayıb

    Azərbaycanın milli aviadaşıyıcısı "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı ilə Düşənbə arasında reyslər üçün aviabiletlərin satışına start verib.

    “Report”un AZAL-a istinadən verdiyi məlumata görə, Bakıdan Tacikistanın paytaxtı Düşənbəyə ilk uçuş sentyabrın 17-nə planlaşdırılıb.

    AZAL Bakı-Düşənbə-Bakı marşrutu üzrə uçuşları həftədə iki dəfə – çərşənbə axşamları və cümə günləri həyata keçirəcək.

    Bakı və Düşənbə arasında aviareyslərin açılması Azərbaycan və Tacikistan arasında əlaqələrin möhkəmləndirilməsinə, eləcə də səyahət edənlərin rahatlığının və komfortunun təmin edilməsinə yönəldilib.

    Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.

  • Milli Kitabxanada “Şuşa əl işləri” adlı virtual sərgi açılıb

    Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar Azərbaycan Milli Kitabxanasının hazırladığı “Şuşa əl işləri” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub.

    Bu barədə AZƏRTAC-a kitabxanadan məlumat verilib.

    Bildirilib ki, virtual sərgidə Şuşa şəhərində XIX əsr tikmə nümunələri, onların təsnifatı, əyani-vizual görüntüləri və qısa tarixi öz əksini tapıb.

    Virtual sərgi ilə tanış olmaq istəyənlər linkindən istifadə edə bilərlər.

  • AZƏRBAYCANIN SƏNƏTKARLARI Elbəniz Təhməzova: Xalçada naxışların, ilmələrin hər biri sanki səninlə danışır

    AZƏRTAC Azərbaycanın sənətkarları haqqında məqalələr silsiləsinin davam etdirir. Növbəti həmsöhbətimiz Şabran şəhərindən olan xalça ustası Elbəniz Təhməzovadır. O, həm də Pirəbədil Tarix Muzeyində ekskursovod vəzifəsində çalışır.

    Elbəniz xanımın xalçatoxuma sənətinə həvəsi onun ailəsində yaranıb; nənəsinin ənənəsini anası, bacıları, xalaları davam etdirib. Onun sözlərinə görə, hələ kiçik yaşlarında anasının yun iplərdən xalça toxuduğunu, onları təbii boyalarla bəzədiyini müşahidə edirdi: “Babamın evində yaşayırdıq, kiçik yaşlarımdan anamın yun iplərlə xalça toxuduğunu, bu ipləri necə gözəl xalçaya çevirdiyini görürdüm. Bütün bunları müşahidə edərkən, məndə xalçaçılıq sənətinə həvəs yaranırdı”.

    Həmsöhbətimiz öz işinin nəticələrindən ilhamlanır. O, hər bir xalçanın necə alındığını görmək üçün onun ərsəyə gəlməsini səbirsizliklə gözləyir. Usta deyir: “Xalçanı toxuyub qurtardıqdan sonra qürurla və heyranlıqla onu süzürəm, çünki öz zəhmətimin məhsuludur”.

    Söhbətimizə qoşulan Pirəbədil Tarix Muzeyinin direktoru Pərvanə Mirzəyeva deyir: “Bölgəmizdə xalçanı istisnasız olaraq əllə toxuyurlar. Yunun emalından rənglənmə və toxumaya qədər bütün proseslər əl əməyinin məhsuludur”.

    Direktorun sözlərinə görə, xalçaçılıq rayonun mədəni həyatının mühüm tərkib hissəsi olaraq qalır. Gənclər bu sənətə maraq göstərirlər. Pirəbədil Tarix Muzeyində gənc qızların təcrübəli sənətkarlardan dərs ala biləcəkləri xalçaçılıq dərnəyi fəaliyyət göstərir.

    Pərvanə xanım qeyd edir: “Gənclərin, xüsusən də nənə və analarının məşğul olduğu ailələrdən olanların xalçaçılıq sənətinə marağı var. Muzeyimiz hər il bu qədim xalçaçılıq sənətinin sirlərini öyrətmək üçün gəncləri dərnəyimizə qəbul edir”.

    Pərvanə xanımın sözlərinə görə, Pirəbədil xalçaları beynəlxalq bazarda yüksək qiymətləndirilir. Bu unikal məhsulları almaq üçün İsraildən alıcılar gəlir. O, bunun səbəbini belə izah edir: “Xalçalarımız yüksək keyfiyyətinə və təbii boyalarına görə qiymətləndirilir. Bu, ailələr üçün mühüm gəlir mənbəyi və mədəniyyətimizin əhəmiyyətli bir hissəsidir”.

    Pərvanə xanım əmindir ki, xalçaçılıq mədəni irsin və adət-ənənələrin qorunmasında mühüm rol oynayır. Xalçalar təkcə evləri bəzəmir, həm də ailələrdə hörmət və ehtiramın rəmzidir.

    “Xalçaçılıq təkcə sənət deyil, həm də mədəni irsimizin qorunub saxlanmasının bir vasitəsidir. Hər bir xalça öz hekayəsini danışır, xalqımızın adət-ənənələrini, dəyərlərini nəsildən-nəslə çatdırır”, - deyə Pərvanə Mirzəyeva sözlərinə yekun vurur.

    Xalçatoxuma Elbəniz xanım üçün təkcə iş prosesi deyil, həm də ailə həyatının və mədəniyyətin mühüm tərkib hissəsidir. Nənəsi hər zaman deyərdi ki, xalça qızın və qadının şərəf və ləyaqətidir.

    Usta deyir: “Xalçatoxuma gözəl, həm də böyük səbir tələb edən sənətdir. Hər bir naxış, ilmə sanki səninlə danışır”.

  • “Paris Notr-Dama ithaf” növbəti dəfə səhnədə

    İyulun 18-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrı “Paris Notr-Dama ithaf” tamaşasını yenidən nümayiş etdirəcək.

    Bu barədə AZƏRTAC-a teatrın mətbuat xidmətindən bildirilib.

    Dünyaşöhrətli yazıçı Viktor Hüqonun “Paris Notr-Dam” əsərinin motivləri əsasında rejissor Samir Qulamovun səhnələşdirdiyi və quruluş verdiyi eyniadlı tamaşanın ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir.

    Səhnə əsərində bəşəriyyətin nadir tarixi memarlıq incisi, Avropanın əzəmətli simvollarından biri olan Paris Notr-Dam kilsəsində 2019-cu il aprelin 15-də baş vermiş yanğın hadisəsinə ithaf olunub.

    “Paris Notr-Dama ithaf”da “Notre-Dame de Paris” müziklına görə “Ginnesin rekordlar kitabı”na düşən Riçard Konçiantenin və dünyaşöhrətli bəstəkarların: Rixard Ştraus, Tomaso Albinoni, Jorj Bize, Samuel Barberin əsərlərindən istifadə edilir.

  • Ornitoloji turizm imkanları “Global Bird Fair” sərgisində tanıdılıb

    Böyük Britaniyanın Rutland vilayətində keçirilən Qlobal Quş Müşahidəçiliyi (“Global Bird Fair”) turizm sərgisində ölkəmizin ornitoloji turizm imkanları tanıdılıb.

    Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, sərgidə ölkəmizdə quş müşahidəçiliyi potensialının mövcud olduğu dağlıq ərazilər və su hövzələri, nadir quş növləri və onları müşahidə üçün əlverişli mövsümlər, bütövlükdə ornitoloji turizm üzrə təbiət əraziləri və milli parklardakı biomüxtəliflik üzrə məlumat verilib, B2B formatlı görüşlər keçirilib.

    Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən beynəlxalq ekspertlər və Azərbaycan Ornitoloji Cəmiyyəti ilə sıx əməkdaşlıq edilərək, ekoturizmin vacib bir istiqaməti kimi ornitoloji turizmin inkişafı üzrə müxtəlif istiqamətli tədbirlər görülüb, o cümlədən broşürlər hazırlanaraq təbiət turizmi üzrə ixtisaslaşan bələdçilər üçün təlimlər keçirilib.

    60-dan çox ölkənin təmsil olunduğu Qlobal Quş Müşahidəçiliyi (“Global Bird Fair”) turizm sərgisi ornitoloji turizmin təbliği üzrə beynəlxalq tədbir kimi hər il keçirilir.

  • Xalq artisti Mirzə Babayevin anadan olmasından 111 il ötür

    Onu hamı sevirdi. Şövqlə ifa etdiyi “Liman”, “Saçlarına gül düzüm”, “Sən uzaq, yaşıl ada”, “Kimlər gəldi, kimlər getdi”, “Kəpənək”, “Zəfəran”, “Çay” və yüzlərlə belə mahnılarla hər kəsin qəlbini ovsunlayır, yaddaşlara əbədi həkk olunurdu.

    AZƏRTAC xəbər verir ki, bu gün Xalq artisti, “Şöhrət” ordenli, bir çox mükafatların laureatı, Azərbaycan estradasının banilərindən olan Mirzə Babayevin anadan olmasından 111 il ötür.

    Hər dəfə M.Babayevin sənət dünyası haqqında fikirləşəndə adama elə gəlir ki, o, ifa etdiyi mahnının musiqisini də, sözlərini də özü yazıb. Sənətkarın özünəməxsus üslubu - ifa zamanı bəzən pıçıltı ilə dediyi sözlər belə dinləyicinin bütün varlığına hopur.

    Mirzə Babayevin ömür kitabını vərəqlədikcə gözlərimiz qarşısında xalqımızın musiqi tarixinin unudulmaz bir dövrü canlanır. Görkəmli estrada ifaçısının Tofiq Quliyev, Emin Sabitoğlu, Rauf Hacıyev və digər bəstəkarlarla birgə yaratdığı mahnılar musiqi mədəniyyətimizin parlaq incilərindəndir. Onun repertuarında xarici ölkə xalqlarının mahnıları da yer tapmışdı.

    Mirzə Əbdülcabbar oğlu Babayev 1913-cü il iyulun 16-da Bakıda, ziyalı ailəsində dünyaya göz açıb. O, 1935-1940-cı illərdə M.Əzizbəyov adına Sənaye İnstitutunun Memarlıq fakültəsində oxuyub. Böyük Vətən müharibəsini başlanması onun gələcək həyatını büsbütün dəyişdi, cəbhəyə getdi, bir çox döyüşlərdə igidliklər göstərdi. Musiqiyə böyük marağı onu 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına gətirdi. 1953-cü ildə Konservatoriya təhsilini başa vuran istedadlı müğənni vokal sənətinin incəliklərinə yiyələnərək ürəyəyatımlı səsi, gözəl ifa tərzi, dərin musiqi duyumu və yüksək səhnə mədəniyyəti ilə qısa müddətdə tamaşaçıların böyük rəğbətini qazandı.

    Müğənni 30-dan artıq filmdə rol alıb. O, müxtəlif illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin estrada orkestrində, Azərbaycan Dövlət Filarmoniyasında, Azərbaycan Dövlət Konsert Birliyində çalışıb. Görkəmli estrada müğənnisi dünyanın bir çox ölkələrində yüksək ifaçılıq məharəti ilə Azərbaycanın musiqi sənətinin təbliğatçısı kimi çıxış edib, milli estrada musiqimizi çox-çox yüksəklərə qaldırıb.

    Mirzə Babayevin aktyor kimi müxtəlif rolları yüksək peşəkarlıqla ifa etməsi və bənzərsiz səsi ilə kino tariximizin qızıl səhifələrini yazıb. “Kölgələr sürünür”, “Qaraca qız”, “Sən niyə susursan”, “Dəli Kür”, “Dərviş Parisi partladır”, “Qorxma, mən səninləyəm”, “Bəyin oğurlanması” filmlərindəki epizodik rolları tamaşaçının yaddaşına əbədi həkk olunub. Onun bənzərsiz ifası obrazların daha qüvvətli alınmasına əhəmiyyətli dərəcədə təsir göstərib. “O olmasın, bu olsun” filmində Məşədi İbadın mahnılarını Mirzə Babayev oxuyub. Yaxud “Onu bağışlamaq olarmı?” filmində Tərlanın mahnısı hər birimizin qəlbindədir.

    Ensiklopedik biliyə malik olan Mirzə Babayevin fəaliyyətində, şübhəsiz, əsas yeri müğənnilik tutur. Çox məhsuldar yaradıcılığa malik sənətkarın 1998-2002-ci illərdə 3 diski çıxıb, 1999-cu ildə isə Heydər Əliyev Sarayında solo konserti olub.

    Mirzə Babayev 2003-cü il yanvarın 13-də, ömrünün 90-cı ilində dünyasını dəyişib.

    Onun milli musiqi mədəniyyəti sahəsindəki xidmətləri yüksək qiymətləndirilib, Vətənin ən yüksək fəxri adlarına layiq görülüb, bir sıra orden və medallarla təltif olub.

    İllər, qərinələr keçəcək, lakin unudulmaz estrada ulduzu Mirzə Babayevin zəngin musiqi irsinin şölələri heç vaxt sönməyəcək. Bu böyük sənətkarın yaradıcılığından bir məktəb olaraq neçə-neçə nəsillər bəhrələnəcək.

  • Azərbaycan mədəniyyəti Niderlandda “Mədəni müxtəliflik” bayramında təqdim olunub

    Niderland Krallığının Almere şəhərində beynəlxalq məktəbdə “Mədəni müxtəliflik” bayramı təntənəli şəkildə qeyd edilib. Beynəlxalq məktəbin müxtəlif xalqlardan olan şagird və müəllimləri milli mədəniyyətlərini təqdim ediblər.

    AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan da təmsil olunub. “Mədəni müxtəliflik” bayramında bu məktəbdə çalışan azərbaycanlı müəllimlər- Nəzakət Rəhimli və Natella Mehdiyevanın təşəbbüsü və “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Assosiasiyasının dəstəyi ilə Azərbaycan milli stendi təşkil olunub. Milli stendimizdə ölkəmizin tarixi və mədəniyyətindən bəhs edən kitablar, milli musiqi alətləri və milli geyim nümayiş olunub.

    Ziyarətçilərə ölkəmizin tarixi və mədəniyyəti haqqında məlumat verilib. Tədbir çərçivəsində iştirakçı ölkələrdən olan şagirdlər milli geyimdə ölkələrinin rəqslərini, musiqisini təqdim ediblər. Həmçinin ziyarətçilər tədbir çərçivəsində digər ölkələrlə yanaşı Azərbaycan milli mətbəxinin təamlarını dadıblar.

    Azərbaycan stendi, eləcə də mətbəxi ziyarətçilər tərəfindən maraqla qarşılanıb. Tədbirin təşkilatçısı Jose Zuniga “Mədəni müxtəliflik” bayramı ilə bağlı fikirlərini bölüşərək bildirib ki, müxtəlif mədəniyyətlərin belə nümayişi milli mədəniyyətləri qarşılıqlı tanınmasına, eləcə də müxtəlif mədəniyyətlərə hörmətlə yanaşmaya töhfə verir. Belə tədbirlər şagirdlərin dünya görüşünün formalaşmasına imkan yaradır və onları qlobal vətəndaş olmağa hazırlayır. Şagirdlər və valideynlər tədbirdən məmnun olduqlarını bildiriblər.

    Müxtəlif xalqların mədəniyyətlərinin təqdimatı ilə davam edən tədbir məktəblərdə mədəni müxtəlifliyin və inklüzivliyin nə qədər əhəmiyyətli olduğunu bir daha əyani şəkildə göstərib.

  • Teylor Sviftin Milan konserti izdihamlı keçib

    Amerikalı müğənni Teylor Sviftin Milanın “San Siro” stadionunda keçirilən konsertini 65 min tamaşaçı izləyib.

    AZƏRTAC xəbər verir ki, “The Eras Tour” konsert turu çərçivəsində “San Siro”da ikigünlük konsert proqramının ilk günündə səhnəyə çıxan pop musiqisinin kraliçası sevilən hitlərini və yeni albomundan mahnıları səsləndirib. Tamaşaçıları italyanca salamlayan dünyaşöhrətli müğənni bu unudulmaz gecə üçün hər kəsə təşəkkürünü bildirib.

    İyulun 14-dəki konsertində isə o, dünyanın hər yerindən gələn 70 min insanın qarşısında çıxış edəcək.

    Teylor Svift sonuncu dəfə 13 ildən bundan əvvəl İtaliyada konsert verib.

  • Molla Pənah Vaqif yaradıcılığı ABŞ ədəbiyyat portalında

    Amerika Birləşmiş Ştatlarının “Poetry.com” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin ingilis dilinə tərcümə edilmiş “Bənəfşə” şeirinin yayımına başlayıb.

    Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirin ingilis dilinə tərcümə müəllifi tanınmış ingilis tərcüməçisi və filoloqu Tom Bottinqdir.

    Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən portal mütəmadi olaraq səhifələrində Uilyam Şekspir, Edqar Allan Po, Fridrix Şiller, Emili Dikinson, Ceyn Ostin, Pablo Neruda kimi dünyaşöhrətli şair və yazıçıların yaradıcılığına yer ayırır.

  • Mingəçevirdə şəhərdaxili avtobus marşrutları müsabiqəyə çıxarılır

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı aparılan işlər çərçivəsində Mingəçevir şəhər 4 və 6 saylı şəhərdaxili avtobus marşrutlarını müsabiqəyə çıxarır.

    Bu barədə "Report" AYNA-ya istinadən xəbər verir.

    Sənədlər 14 avqust 2024-cü il saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, e-poçt: elsevar.gadimov@ayna.gov.az) qəbul ediləcək. Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

    İddiaçıların təklifləri komissiya tərəfindən hər 2 Lot üzrə avqustun 26-da baxılacaq. Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.

    Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

    Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.