Mədəniyyət Nazirliyi martın 11-dən 14-nə kimi Çin Xalq Respublikasının Honkonq şəhərində keçirilən Beynəlxalq Film və Televiziya Bazarında (FILMART) təmsil olunub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Honkonq Ticarət İnkişafı Şurası (HKTDC) tərəfindən təşkil olunan və Honkonq Konqres və Sərgi Mərkəzində keçirilən FILMART Bazarında 41 ölkədən və regiondan istehsal, distribusiya, satış agentləri, xidmət təminatçıları, investorlar və 7300-dən çox sənaye mütəxəssisi iştirak edib.
Azərbaycan mədəniyyətinin təbliği çərçivəsində yaradıcılıq sahələrinin inkişafının dəstəklənməsi, o cümlədən ölkəmizin kino potensialının təbliğ olunması və yerli kino sənayesinin inkişafına xarici mütəxəssislərin cəlb edilməsi baxımından əhəmiyyətini nəzərə alaraq bu nüfuzlu kino konqresində Azərbaycan nümayəndə heyəti ilə təmsil olunub.
Tədbir çərçivəsində Azərbaycanın film çəkilişi məkanı olaraq təbliğ olunması, birgə istehsal üçün imkanların araşdırılması məqsədilə müxtəlif ölkələrin film sənayesi nümayəndələri ilə görüşlər keçirilib.
AZƏRTAC beynəlxalq müsabiqələr laureatları olmuş Azərbaycanın gənc istedadlı musiqiçiləri barədə məqalələr silsiləsini davam etdirir.
Növbəti həmsöhbətimiz Rəşid Behbudov adına 2 nömrəli 11 illik musiqi məktəbinin 3-cü sinif şagirdi, pianoçu, həm məktəbdaxili, həm də beynəlxalq müsabiqələrinin iştirakçısı və laureatı Suada İşıkkentdir.
Suadanın 9 yaşı var, Bakı Atatürk Liseyində 4-cü sinifdə oxuyur. Qızcığaz riyaziyyatı sevir, ingilis dilini öyrənir, karate ilə məşğul olur və aktrisa olmaq xəyalı ilə yaşayır. Suada özü musiqi ilə məşğul olmağa qərar verib və ifa etdiyi aləti də özü seçib. O, evdə pianoçu böyüklərin nəzarəti olmadan müstəqil şəkildə məşğul olur. Qızcığaz bəstəkarların və pianoçuların çıxışlarını izləməyi sevdiyini söyləyir.
Məktəb daxilində keçirilən etüd müsabiqəsində Suada iki dəfə birinci yeri tutub. Beynəlxalq müsabiqələrdə onlayn iştirak edib. 2023-cü ildə Suada I International Art Competition Stars of Arts (Almaniya - Türkiyə) beynəlxalq müsabiqəsində 2-ci yeri tutub.
Suada deyir: “Səhnəyə çıxmazdan əvvəl həyəcan keçirirəm və narahat oluram. Sonra öz- özümə deyirəm: mən birinci olacağam. Bundan sonra həyəcan yox olur".
Gənc ifaçı deyir ki, çıxışlar zamanı onun yanında dostları olanda, özünü daha inamlı hiss edir.
Suadanın müəllimi Kəmalə Tağızadənin sözlərinə görə, qızcığaz bütün tapşırıqları həmişə vicdanla yerinə yetirir və bunun sayəsində yaxşı nəticələr əldə edir.
Kəmalə xanım bildirir: “Uşaqla ilk dəfə görüşəndə, əlbəttə ki, onun nəyə qadir olduğunu bilmirik. Məktəbə qəbul zamanı uşağın musiqini düzgün qavrama qabiliyyəti, ritmi, musiqi yaddaşı yoxlanılır və nəticə çıxarılır. Qəbul zamanı Suada əla qiymətlər almışdı. Lakin bununla kifayətlənmək olmaz. O, bundan sonra da öz üzərində çalışmalıdır. Uşaq istedadlı, lakin tənbəldirsə, uğur qazana bilməz. Hər bir ifaçı, hətta virtuoz belə, öz üzərində işləməli, inkişaf etməli, əldə etdiyi nailiyyətlərlə kifayətlənməməlidir".
Məsuliyyətli qızcığaz özü də musiqiçi üçün çox çalışmanın nə qədər vacib olduğunu başa düşür.
Pianoçu qeyd edir: “İstənilən əsəri ifa etdiyimdə hər şeyi unuduram. Buna görə də sonra həyəcan keçirirəm... düşünürəm ki, görəsən, səhvə yol verdimmi? Sonra görürəm ki, artıq qalib gəlmişəm. Hesab edirəm ki, nəyəsə nail olmaq üçün çox və davamlı çalışmaq lazımdır”.
Pedaqoq qeyd edir: “O, çox məqsədyönlüdür, əgər həqiqətən də nəyəsə nail olmaq istəyirsə, bunu edə bilir. Buna görə də Suadanın sinifdə olduğundan daha yaxşı ifa etdiyini hiss edirəmsə, həmişə ona tam etibar edirəm. O, böyük daxili gücə malikdir”.
Suada deyir ki, müsabiqələrdə iştirakçılar arasında rəqabət var, hər kəs ifası ilə rəqibini ötüb keçməyə çalışır. Eyni zamanda, qızcığaz müsabiqə iştirakçıları ilə dostluq münasibətləri saxlayır.
“Hansısa bir əsərin üzərində işləməyə başlayanda, hər zaman müəyyən obrazın yaradılması məsələsini müzakirə edirik. Hansısa bir obraz, xarakter göz qabağında olsun deyə. Mən onu öncədən buna hazırlayıram, - deyə Kəmalə xanım bəhs edir. - Hər çıxışdan sonra ifanı müzakirə edirik, əgər səhvlər varsa, onları müəyyən edirik. Yaxud əksinə, onu qüsursuz ifasına görə tərifləyirəm. Suadanın ən yaxşı ifaçı olmaq istəyi var. Bu, onu irəli aparır”.
Müəllimin fikrincə, müsabiqələr və festivallar uşaqların və gənclərin inkişafında, onların cəmiyyətə inteqrasiyasında ən vacib rol oynayır.
“Bu, bir uşaqda və ya gəncdə yaradıcılıq fəaliyyətini təşviq etməyin ən təsirli üsullarından biridir. Bu, əslində iştirakçıların ən yaxşı ifaçını müəyyənləşdirmək məqsədi daşıyan bir yarışmadır. Müsabiqələrdə iştirak etmək uşaqlara daha gözəl həyat yaşamaq, bacarıq səviyyələrini artırmaq, ən yaxşılarla rəqabət aparmaq, uşaqlıq və gənclik dövründə başqalarına nümunə olmaq üçün unikal bir şans verir”.
Kəmalə xanım vurğulayır ki, festival və ya müsabiqə iştirakçıya öz ideyalarını təqdim etmək, nailiyyətlərini göstərmək və əlbəttə ki, şagird və müəllimin gördüyü işə peşəkar qiymət vermək imkanı verir ki, bu da çox vacibdir.
“Hesab edirəm ki, Azərbaycanımızda şagirdlərini beynəlxalq səhnəyə çıxara biləcək kifayət qədər peşəkarlar var”, - deyə müəllim bildirir. - Müasir cəmiyyətin öz daxili aləmi, maraqları, ehtiyacları və yaradıcılıq imkanları olan intellektual şəkildə inkişaf etmiş şəxsiyyətə ehtiyacı var. İstedadlı və çox qabiliyyətli uşaqların müəyyənləşdirilməsi, inkişafı və dəstəklənməsi məsələsi ölkəmiz üçün son dərəcə aktualdır. İstedadlı, çox bacarıqlı uşaqlar və gənclər hər hansı bir ölkənin potensialıdır!”- deyə Kəmalə Tağızadə vurğulayır.
Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Kinomuzu yaradanlar...kinomuzu yaşadanlar" layihəsinə start verilib.
AZƏRTAC xəbər verir ki, tədbirin açılışında çıxış edən Azərbaycan Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev bildirib ki, layihə Milli kino ənənələrinin qorunması və gələcək nəsillərə çatdırılması, kino sənətkarlarının irsinin tamaşaçılara daha yaxından tanıdılması və yaşadılması məqsədilə Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Kino Agentliyi, Nizami Kino Mərkəzi, Azərbaycan Dövlət Film Fondu və C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının dəstəyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin iştirakı ilə milli kino sənətkarlarının yubileyinə həsr olunub.
O qeyd edib ki, layihə çərçivəsində görkəmli və unudulmaz milli kino sənətkarlarının iştirakı ilə yaradılmış Azərbaycan filmlərinin 2024-cü il ərzində hər ay bir kino xadiminə həsr edilməklə Nizami Kino Mərkəzində mütəmadi olaraq nümayişləri təşkil ediləcək. Belə ki, mart ayından başlayaraq ilk üç ay Xalq artistləri Mirzə Babayevin 110, Rasim Ocaqovun 90, Həsən Məmmədovun 85 illiyinə həsr olunub. Nümayişlər hər həftənin cümə günü saat 15:00-da baş tutacaq.
"Mən çox qürur duyuram ki, biz yenidən Mədəniyyət Nazirliyinin dəstəyilə Nizami Kino Mərkəzində toplaşmışıq. "Kinomuzun yaradanlar...kinomuzu yaşadanlar" layihəsi ölkəmizin görkəmli mədəniyyət xadimi Mirzə Babayevə həsr olunub. Mirzə Babayev çox istedadlı musiqiçi və ifaçı idi. Bununla yanaşı, o kino yaradıcılığında Azərbaycan incəsənətinə böyük tövhələr verib. Xalq artisti, “Şöhrət” ordenli, bir çox mükafatların laureatı, Azərbaycan estradasının banilərindən olan Mirzə Babayev ilk dəfə 1958-ci ildə Azərbaycan kinomatoqraflığına addım atıb. Mirzə Babayevin ömür kitabını vərəqlədikcə gözlərimiz qarşısında xalqımızın musiqi tarixinin unudulmaz bir dövrü canlanır. Görkəmli estrada ifaçısının Tofiq Quliyev, Emin Sabitoğlu, Rauf Hacıyev və digər bəstəkarlarla birgə yaratdığı mahnılar musiqi mədəniyyətimizin parlaq incilərindəndir. Onun repertuarında xarici ölkə xalqlarının mahnıları da yer tapmışdı. Mirzə Babayevin aktyor kimi müxtəlif rolları yüksək peşəkarlıqla ifa etməsi və bənzərsiz səsi ilə kino tariximizin qızıl səhifələrini yazıb", - deyə C.Quliyev qeyd edib.
Tarix elmləri doktoru, professor Dilarə Seyidzadə çıxışında Seyidzadələr nəslinin görkəmli nümayəndəsi, rejissor Hüseyn Seyidzadənin yaradıcılığından söz açıb. Vurğulayıb ki, Azərbaycan kinosunun tarixini yaşadan, salnaməsini yaradan mədəniyyət xadimlərindən biri məhz Hüseyn Seyidzadə olub. Rejissorun “Dəli Kür” filmində rəqs səhnəsində Mirzə Babayevin ifasına bu gün də emosiyasız baxmaq mümkün deyil. "Dəli Kür" filminin Azərbaycan kino tarixində çox önəmli rolu var. Onun milli musiqi mədəniyyəti sahəsindəki xidmətləri yüksək qiymətləndirilib, Vətənin ən yüksək fəxri adlarına layiq görülüb, bir sıra orden və medallarla təltif olub. İllər, qərinələr keçəcək, lakin unudulmaz estrada ulduzu Mirzə Babayevin zəngin musiqi irsinin şölələri heç vaxt sönməyəcək. Bu böyük sənətkarın yaradıcılığından bir məktəb olaraq neçə-neçə nəsillər bəhrələnəcək", - deyə D.Seyidzadə əlavə edib.
Uzun müddət Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında fəaliyyət göstərdiyini qeyd edən D.Seyidzadə bildirib ki, Azərbaycan xalqını sevən və xidmət edənlərdən biri məhz Ulu Öndər Heydər Əliyev olub. Hüseyn Seyidzadənin çəkdiyi filmlərin kinomuzun “Qızıl fondu”na daxil edildiyini diqqətə çatdıran D.Seyidzadə əlavə edib ki, bu filmlər və Mirzə Babayev kimi insanlar gənclərimiz üçün örnək rolunu oynamalıdır.
Mirzə Babayevin nəvəsi Emin Babayev çıxışı zamanı ailələri adından Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib. O, xatırladıb ki, ötən ilin noyabr ayında Heydər Əliyev Sarayında Mirzə Babayevin anım günü keçirilib. Babası haqqında xatirələrini bölüşən E.Babayev çıxışı əsnasında kövrələrək qeyd edib ki, M.Babayevin öz evində əlyazma şəklində çəkildiyi filmlərin siyahısını saxlayıb və o, 50-dək filmə çəkilib.
Əməkdar artist Rahib Azəri çıxışında bildirib ki, Mirzə Babayev çox unikal bir insan olub. İfa etdiyi mahnılar, kinolarda oynadığı rollar Mirzə Babayev tərəfindən unikal şəkildə reallaşdırılıb.
Çıxışlardan sonra layihə çərçivəsində rejissor Hüseyn Seyidzadənin Xalq artisti Mirzə Babayevin iştirakı ilə çəkdiyi "Dəli Kür" bədii filmi nümayiş olunub.
Martın 21-də - gecə-gündüz bərabərliyində “Nine Senses” yaradıcılıq və özünüinkişaf mərkəzi yaranmasının ilk ildönümünü qeyd edəcək.
“Report” xəbər verir ki, “Nine Senses” ötən il ərzində 420 master-klas keçib, 90 xeyriyyə aksiyası və mühazirə təşkil edib, 6 sərgi təqdim edib.
Mərkəzin işinin mühüm hissəsi isə 3 fərqli məkanda mindən çox iştirakçını birləşdirən beynəlxalq mənəvi və fiziki təcrübələr festivalı idi.
“Biz Azərbaycan auditoriyası üçün pulsuz mühazirələr aparan müdrik ruhani müəllimləri cəlb etməkdən qürur duyuruq. Belə ki, bu, yaradıcılığı və özünü inkişaf etdirməyi hər kəs üçün əlçatan etmək öhdəliyimizin bir hissəsidir. Biz böyüklər, uşaqlar və ailələr üçün paket daxil olmaqla, yeni üzvlüklər təqdim etməklə bu yaz bərabərliyi və yenilənmə gününü qeyd edirik. Əminik ki, hər bir ailə üzvünün paralel olaraq inkişaf etmək imkanı olmalıdır.
Ən sərfəli qiymətə bütün fəaliyyətlərimizi özündə cəmləşdirən üzvlüklər təklif edərək sizi icmamızın bir hissəsi olmağa dəvət edirik. Gələcək festivallar və ailə yaradıcılıq layihələri üçün böyük planlarımız var. Bu barədə tezliklə məlumat veriləcək”, - “Nine Senses”in akademik direktoru Natalya Jukova bildirib.
Saat 11:00-dan 18:00-a kimi hər kəs rəsm, nevroqrafiya, suda rəsm, animasiya və rəqəmsal fotoqrafiya dərslərində iştirak edə, meditasiya və özünə kömək vasitəsilə nəfəs alma texnikalarını öyrənə, səs vannası qəbul edə və canlı musiqilər dinləyə, axşamlar isə “Vida” sağlam qida kafesinə baş çəkə bilər.
Bu gün “Nine Senses” studiyasının hazırladığı yeni animasiya filminin təqdimatı planlaşdırılır. Təxminən 3 metrlik art-obyektin rənglənməsi üzrə yaradıcı performans Mərkəzin yaxınlığındakı küçədə keçiriləcək.
Azərbaycan təmsilçisi Fahree (Fəxri İsmayılov) “Avroviziya 2024” beynəlxalq mahnı müsabiqəsində "Özünlə apar" mahnısını ifa edəcək.
"Report" xəbər verir ki, artıq mahnı müsabiqənin rəsmi yutub səhifəsində yerləşdirilib.
Müasir pop və ənənəvi etnik musiqi janrlarını özündə birləşdirən mahnının üzərində Fahree ilə birgə gənc, istedadlı yerli musiqiçilər - Mado Salikh, Edqar Ravin, Həsən Heydər və Mila Miles çalışıblar.
Mahnının muğam hissəsini digər təmsilçimiz İlkin Dövlətov ifa edib.
“Bakcell” şirkətinə yeni ictimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar üzrə direktor təyin edilib.
"Report"a şirkətdən bildirilib ki, bu vəzifə Aysel Süleymanovaya həvalə olunub.
A. Süleymanova "Bakcell"ə qoşulmazdan öncə Azərbaycanın milli aviadaşıyıcısı olan "Azərbaycan Hava Yolları" aviaşirkətində (AZAL) Kommunikasiya Direktoru və “PwC Azərbaycan” beynəlxalq konsaltinq şirkətində Marketinq və Kommunikasiya rəhbəri kimi fəaliyyət göstərib.
A. Süleymanova eyni zamanda "AmCham Azerbaijan"da Marketinq, Kommunikasiya və Biznesin İnkişafı Komitəsinin qurucusu və sədridir.
"Bakcell" şirkəti NEQSOL Holdingin tərkibinə daxildir.
“Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun ödənişli hissəsinin hər iki tərəfində dayanacaq yerlərinin tikilməsini təklif edilib.
“Report” xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Azər Badamov çıxış edib
"Çox yüksək standartlara uyğun ödənişli yol tikilib istifadəyə verilib. Ödəniş haqqı ilə bağlı müxtəlif fikirlər olsa da, yolun rahatlığından hamı razıdır. Lakin yolun kənarında yol boyu dayanıb istirahət etməyə və ya yaranmış bir nasazlığı aradan qaldırılması üçün avtomobili saxlamaq yerləri tikilməyib. Yol sürətli olduğundan kənarında avtomobil saxlayıb gözləmək çox təhlükəlidir”, - A. Badamov deyib.
Bu səbəbdən də deputat ödənişli yolun hər iki tərəfində dayanacaq yerlərinin tikilməsini təklif edib.
Qeyd edək ki, “Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Prezidentinin sərəncamına əsasən H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni 150 kilometrlik avtomobil yolunun 129 kilometr hissəsi ödənişli yol kimi müəyyən edilib.
Novruz bayramı münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Novruz - xalqımızın əziz bayramı” adlı virtual sərgi istifadəçilərə təqdim olunub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə Novruz adət-ənənələrini, Novruz deyimlərini və s. özündə əks etdirən materiallar və fotolar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/novruz/index.htm linkindən istifadə edə bilərlər.
Bu gün Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın 86 yaşı tamam olur. Anar yazdığı əsərləri ilə nəinki ölkəmizin, bütün türk dünyasının sevimli yazıçısı kimi tanınır. Onun çoxşaxəli yaradıcılığı, bədii və publisistik əsərləri, kinofilmləri xalqa sədaqətlə xidmət еtmək nümunəsidir.
AZƏRTAC xəbər verir ki, bu ali məqsəd naminə Anar dünən də, bu gün də həm nasir və dramaturq, həm ssenarist və kinorejissor, həm də publisist və ictimai xadim kimi yaşayıb yaradır, çalışır və geniş fəaliyyət göstərir.
Anar 1938-ci il martın 14-də Bakıda tanınmış Xalq şairləri Rəsul Rza və Nigar Rəfibəylinin ailəsində dünyaya gəlib. Anar, eyni zamanda, Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olmuş Xudadat bəy Rəfibəylinin nəvəsidir. O, 1955-ci ildə hazırda Bülbülün adını daşıyan musiqi məktəbini bitirərək, Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. Universiteti bitirdikdən sonra Nizami adına Ədəbiyyat muzeyində kiçik elmi işçi, Dövlət Radio və Televiziya Komitəsində redaktor işləyib. Radioda çalışdığı vaxtda “Axşam görüşləri”, “Tərcümə saatı”, “Səslər muzeyi” kimi daimi verilişlərin əsasını qoyub.
1962-1964-cü illərdə Moskvada Ali Ssenari kurslarında, 1971-1972-ci illərdə Rejissor emalatxanasında təhsilini davam etdirib. 1964-1967-ci illərdə Dövlət Radio və Televiziya Komitəsində Uşaq şöbəsinin, daha sonra İncəsənət şöbəsinin müdiri vəzifəsində çalışıb.
İlk bədii yazıları olan “İki dəniz” hekayəsini və Amerika həyatından bəhs edən pyesini 1952-ci ildə Şuşada yazıb. Mətbu əsərləri isə 1960-cı ildə “Azərbaycan” jurnalının dekabr nömrəsində dərc olunmuş “Keçən ilin son gecəsi” və “Bayram həsrətində” hekayələridir. “Bayram həsrətində” adlı ilk kitabı 1963-cü ildə Bakıda çapdan çıxıb.
Azərbaycan dilində və başqa dillərdə 120-dən artıq nəsr, dram, publisistika, esse, şeir və bədii-bioqrafik kitabları nəşr edilib. Bakıda Azərbaycan dilində yeddicildliyi, rus dilində beşcildliyi və dünyanın müxtəlif ölkələrində kitabları çap olunub.
“Ağ liman”, “Beş mərtəbəli evin altıncı mərtəbəsi”, “Macal”, “Dantenin yubileyi”, “Əlaqə”,” Otel otağı”, “Ağ qoç, qara qoç”, “Göz muncuğu”, “Keçən ilin son gecəsi”, “Asqılıqda işləyən qadının söhbəti”, “Mən, sən, o və telefon”, “Gürcü familiyası”, “O gecənin səhəri”, “Qırmızı limuzin”, “Vahimə”, “Yaxşı padşahın nağılı” adlı povest, roman və hekayələri, “Molla Nəsrəddin 66” satirik hekayələr silsiləsi qırxa yaxın dilə çevrilib.
Ulu Öndər Heydər Əliyevə həsr olunmuş “Unudulmaz görüşlər” kitabının, Nazim Hikmət haqqında Azərbaycanda və Türkiyədə nəşr edilmiş “Kərəm kimi” sənədli romanının, valideynlərini itirdiyi ağır günlərə həsr olunmuş “Sizsiz” xatirə romanının, Ənvər Məmmədxanlıya həsr olunmuş “Həyatım ağrıyır” xatirə povestinin, Rəsul Rzanın həyat və yaradıcılığı barədə “Mübarizə bu gün də var” kitablarının müəllifidir.
Azərbaycan, türk, rus və dünya klassik və çağdaş yazıçıları, sənət adamları haqqında onlarla esse, memuar xarakterli yazıların müəllifidir. Ən qədimlərdən bu günə qədər Azərbaycan ədəbiyyatına, musiqisinə, təsviri, tətbiqi sənətinə, memarlığına, teatr və kinosuna, mətbuatına, elminə, tarixinə həsr olunmuş yazıları toplanmış üçcildlik “LİK (Literatura, İskusstvo, Kultura) Azerbaydjana” kitabı rus dilində nəşr olunub. Bakıda çap olunmuş ikicildlik “Min beş yüz ilin oğuz şeiri” və Ankarada nəşr edilmiş “Min ilin yüz şairi” antologiyalarının tərtibçisi, “Dədə Qorqud ensiklopediyası”nın təşəbbüskarı və “Ön söz” müəllifidir.
Anarın səkkiz pyesi - “Keçən ilin son gecəsi”, “Qaravəlli”, “Adamın adamı”, quruluşunu Tofiq Kazımov verdiyi və Azərbaycanın Dövlət mükafatına layiq görülmüş “Şəhərin yay günləri” tamaşası, “Səhra yuxuları”, “Sizi deyib gəlmişəm”, “Təhminə və Zaur”, “Telefon gecələri” ölkəmizdə və dünyanın müxtəlif ölkələrinin teatrlarında səhnəyə qoyulub, tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Görkəmli bəstəkar Fikrət Əmirovun “Nəsimi dastanı” baletinin, Vasif Adıgözəlovun “Aldın payını, çağır dayını” musiqili komediyasının librettosu Anara məxsusdur.
Anar bir sıra televiziya tamaşalarının, filmlərinin və sənədli filmlərin -“Evləri köndələn yar”, “Nigarançılıq”, “Bu - Səttar Bəhlulzadədir”, “Bu - Cavaddır”, “Daş saatın səsi”, “Dədə Qorqud dünyası”, “Çinar ömrü” və s. ssenari müəllifidir. Onun ssenariləri əsasında “Torpaq. Dəniz. Od. Səma”, “Gün keçdi”, “Dədə Qorqud”, “Ötən ilin son gecəsi”, “İmtahan”, “Əlaqə”, “Təhminə”, “Otel otağı”, “Cavid ömrü”, “Sübhün səfiri” tammetrajlı bədii filmlər çəkilib. “Dantenin yubileyi” filmini öz ssenarisi əsasında Anar və Gülbəniz Əzimzadə çəkib. Anar həm də hər biri iki seriyalı olan “Üzeyir ömrü” və “Qəm pəncərəsi” filmlərinin ssenari müəllifi və quruluşçu rejissorudur.
Əsərləri ölkəmizdən kənarlarda da kinematoqrafçıların diqqətini cəlb edib. “Mən, sən, o və telefon” hekayəsi əsasında “Mosfilm”də “Hər axşam 11-də” filmi çəkilib və həmin hekayə Türkiyədə də ekranlaşdırılıb. Türkiyədə “Dantenin yubileyi” povesti əsasında “Aktyorun əsgisi” adlı bədii film çəkilib. Moskvada mərkəzi televiziyası “Mən, sən, o və telefon” hekayəsini və iki müxtəlif quruluşda “Keçən ilin son gecəsi” hekayəsini ekranlaşdıraraq nümayiş etdirib.
Yazıçı haqqında Bakıda Azərbaycan və rus dillərində onlarla kitab, Türkiyədə, Rumıniyada da kitablar nəşr olunub. Onun yaradıcılığına Azərbaycan, Türkiyə, İran, Moskva, MDB, Avropa və ərəb ölkələrində ümumi sayı yüzlərlə ölçülən məqalələr, resenziyalar, dissertasiya və monoqrafiyalar həsr edilib.
Rejissor Ramiz Həsənoğlu müxtəlif illərdə Anara həsr olunmuş “Anarla üz-üzə” və “Anarlı anlar” televiziya filmləri çəkib. Anarın sözlərinə Emin Sabitoğlu, Xəyyam Mirzəzadə, Cavanşir Quliyev mahnılar bəstələyiblər.
Anarın yaradıcılığı və fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, Azərbaycanın yüksək ordenləri - “İstiqlal” və “Şərəf” ordenləri ilə təltif edilib.
M.F.Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası Heydər Əliyev Sarayının səhnəsində iki tamaşanı - “Qu gölü” və “Qıpçaq rəqsləri”ni nümayiş etdirib.
AZƏRTAC xəbər verir ki, hər iki birpərdəli balet baletmeyster, Rusiyanın Əməkdar artisti Ruslan Proninin təqdimatında və yenilənmiş xoreoqrafiyada tamaşaçılara təqdim olunub.
“Qu gölü” Yuri Qriqoroviçin özünəməxsus xoreoqrafik üslubunu çox incə hiss olunan bədii-tarixi kontekstdə nümayiş etdirdi. O, burada öz orijinal variantında kölgələrin metafizikasını qoruyub saxlamaqla yanaşı, həm də onu inkişaf etdirərək, süjet xəttini iki universal prinsipin dərin oyununa çevirdi. Baş qəhrəmanın ruhu fonunda kişi ilə qadın, ağla qara döyüşə girir. Ruslan Pronin tərəfindən birpərdəli pyes formatında reproduksiya edilmiş tamaşa Əməkdar artist Makar Verstandtın ifasında şər dahisi Rotbartın obrazının və İlya Manenkovun canlandırdığı qəhrəman şahzadə Ziqfridin qara dublyor kimi göründüyü andan başlayır. Qeyd etmək lazımdır ki, hər iki hissə Çaykovskinin simfonik əsərlərində insanı qarabaqara izləyən amansız taleyi təsvir edən musiqi mövzularına yaxın olan eyni şəxsiyyət dualizmini əks etdirən xoreoqrafik cəhətlərlə zənginləşir. Odettanın partiyasını beynəlxalq balet müsabiqələri və Humay Milli Mükafatı laureatı Ayan Eyvazova ifa edib. İfaçı “Ağ Adagio”da qəhrəmanının zərifliyini həssaslıqla çatdırıb, qu quşunun obrazını dəqiq hərəkətlərlə vurğulayıb və onun romantik xəyallar dünyası şahzadəni ideala doğru aparıb.
“Qu gölü”, həmçinin ayrı-ayrı nömrələrlə qadın kordebaleti üçün baletdir. Tamaşaçılar Cəmilə Məmmədova, Yuliya Verstandt, Səbinə Hacıyeva və Dilarə Mehdiyevanın ifasında Pitep-İvanovun “Balaca qu quşlarının rəqsi”nin kanonik versiyasına baxa bildilər. Böyük qu quşları qismində Əməkdar artist Elmira Süleymanova, Liana Praqa və Samirə Məmmədova çıxış ediblər.
Orkestrə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Azərbaycanın Əməkdar artisti Əyyub Quliyev dirijorluq edib.
Gecənin ikinci hissəsi iyirminci əsrin ən parlaq musiqi əsərlərindən birinə - Aleksandr Borodinin uzun müddət səhnə həyatı yaşamış “Knyaz İqor” operasından “Qıpçaq rəqsləri”nə həsr olunub. “Qıpçaq rəqsləri” böyük populyarlıq qazanıb və rus klassik musiqisinin dünyada ən məşhur və tanınan fraqmentlərindən birinə çevrilib.
Tamamilə qısa bir kontrastlı rəqs silsiləsi kaleydoskop şəkilləri kimi tamaşaçının gözləri önündə parlayır. Bu şəkillərdə Bakı ictimaiyyətinə Mixail Fokin və Kasyan Qoleyzovskinin üzvi şəkildə birləşmiş xoreoqrafiyası təqdim olunub, onlar tamaşa zalını həssas gözəllik və alovlu enerji mühitinə qərq ediblər. Cariyələrin zərif və çevik rəqsi (“Küləyin qanadlarında uçun”), oxatanların “sıx” rəqsi, döyüşçülərin əzələ-ritmik rəqsi də bu qəbildəndir.
Kölə qadın partiyasını Liana Praqa, şıltaq və çılğın xasiyyətli Çağanı ram edən yaraşıqlı döyüşçü Kumanın rəqs-qarşıdurmasının fırtınalı, sürətli burulğanını təsvir edən rəqsləri isə Seymur Qədiyev və Fatimə Xələfova ifa ediblər.
Möhtəşəm musiqi palitrası Xalq artisti, Əməkdar incəsənət xadimi, Humay Milli Mükafatı laureatı, professor Yalçın Adıgözəlov tərəfindən təqdim edilib və onun əlləri İqor Borodinin “türk çalarları” ilə zəngin musiqisinin sözün əsl mənasında “alovlandığını” bir daha sübut edib. Əməkdar artist Sevil Hacıyevanın rəhbərliyi ilə rəqsləri müşayiət edən xor özünün canlı səsləri ilə zala süzülən “azadlıq eşqi ilə parıldayan quru çöl havasını” hiss etdirib. Tamaşanın xoreoqrafik süitası alqış fırtınasına və “bravo” sədalarına səbəb olub.