Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • “Azərbaycan” pavilyonunda “Moskva-Bakı: iki sevgi şəhəri” festivalı keçirilib

    Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (XTNS) yerləşən “Azərbaycan” pavilyonunda “Moskva-Bakı: iki sevgi şəhəri” festivalı keçirilib.

    AZƏRTAC xəbər verir ki, sentyabrın 10-11-də Moskva şəhərinin 875 illiyinə həsr olunmuş tədbir “Azərbaycan” pavilyonu, “MBA-Moskva” Bankı, “Sergey Andriyakanın Akvarel və Zərif Sənətlər Akademiyası”, “Restomarket by Vasilchuk Brothers” tərəfindən birgə təşkil edilib.

    Moskvalılara və paytaxtın qonaqlarına xoreoqraf Rəna İbrahimovanın rəhbərlik etdiyi “Alagöz” və Fatma Nəzərlinin rəhbərlik etdiyi “Xarıbülbül” ansambllarının ifasında Azərbaycan rəqsləri, müğənni Emil Qədirovun ifasında mahnılar, açıq səma altında Azərbaycanın şah plovunun hazırlanması və ənənəvi süfrəyə verilməsi şousu təqdim olunub, milli şirniyyatların bəzədilməsi, eləcə də qutab bişirilməsi üzrə ustad dərsləri keçirilib.

    Tədbirin azyaşlı qonaqları valideynləri ilə birgə “Sergey Andriyakanın Akvarel və Zərif Sənətlər Akademiyası”nın ustad dərslərində iştirak ediblər: nar şəklində keramika məmulatlarına naxış vurub, Moskva və Bakıya həsr olunan viktorinada, dulusçuluq sənətində bilik və bacarıqlarını sınayıblar.

    XTNS-də yerləşən “Moskvanın maketi” pavilyonunda əsas tədbir – “Mədəniyyət körpüləri: Rusiya-Azərbaycan” filminin təqdimatı keçirilib. “Azərbaycan” pavilyonunun direktoru Səadət Qədirova filmdə tamaşaçılara Rusiya və Azərbaycan arasında olan dərin mədəni və tarixi əlaqələrdən söhbət açır, Moskvanın vaxtilə Azərbaycanda yaşamış şəxsiyyətlərlə bağlı olan tarixi yerlərinə virtual ekskurs keçirir.

    “Azərbaycan” pavilyonunun direktoru Səadət Qədirova AZƏRTAC-a verdiyi müsahibəsində deyib: “Moskva Günü təntənələrində tədbirlər dörd yerdə - “Ostankino” parkında, “Restomarket”də, “Moskvanın maketi” pavilyonunda və əlbəttə ki, “Azərbaycan” pavilyonunda təşkil olunub. Bayramın əsas tədbiri isə “Mədəniyyət körpüləri: Rusiya-Azərbaycan” filminin təqdimatı olub. Azərbaycan və Rusiya müxtəlif sahələrdə sıx əməkdaşlıq edirlər. Həm Azərbaycana, həm Rusiyaya mənsub olan dünya miqyaslı şəxsiyyətlər tariximizdə mühüm yer tuturlar. Bu film belə məşhur şəxsiyyətlər və yerlər barədədir. Biz tamaşaçıları Azərbaycanın Moskvadakı səfirliyinin binası, səfir Polad Bülbüloğlu ilə tanış etdik, Rusiya paytaxtında heykəlləri ucaldılmış dahi şairlər – Nizami və Nəsimi, dünyaşöhrətli müğənni Müslüm Maqomayev barədə danışdıq”. S.Qədirovanın sözlərinə görə, ölkəmizin mədəniyyətini və tarixini təbliğ etməyi özünə hədəf seçən “Azərbaycan” pavilyonu iki xalqın tanınmış şəxsiyyətləri barədə silsilə filmlər yaratmağı planlaşdırır.

    Festival çərçivəsində təşkil olunan miniyarmarkalarda tədbirin keçirildiyi iki gün boyunca qonaqlar ənənəvi Azərbaycan çayı ilə Azərbaycan və dağ yəhudiləri mətbəxinin ən gözəl şirniyyat növlərinin dadına baxıb, eləcə də azərbaycanlı istehsalçıların məhsullarını əldə ediblər.

    Bayramın qonaqlarından biri, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov qeyd edib ki, “Azərbaycan” pavilyonunun proqramı XTNS-dəki digər pavilyonlarla müqayisədə ən maraqlı və daha parlaqdır. O deyib: “Gözəl pavilyon, təşkilatçıların, ilk növbədə, direktor Səadət Qədirovanın fəal işi çox yaxşı bayram ab-havası yaradır. “Mədəniyyət körpüləri: Rusiya-Azərbaycan” filmi çox xoşuma gəldi. Fikrimcə, çəkilişi davam etdirmək, tamaşaçıları Azərbaycanın görkəmli şəxsiyyətləri ilə bağlı olan yerlərlə tanış etmək lazımdır. Heydər Əliyev, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda işləmiş Azərbaycan Prezidenti İlham Əliyev və Mehriban Əliyeva ilə bağlı yerlər barədə öyrənmək maraqlı olardı”

  • Respublika Gənclər Kitabxanası Yusif Vəzir Çəmənzəminlinin 135 illiyi münasibətilə silsilə materiallar hazırlayıb

    Bu gün azərbaycanlı dövlət xadimi və yazıçı, Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı Türkiyəsində ilk səfiri Yusif Vəzir Çəmənzəminlinin anadan olmasından 135 il ötür.

    AZƏRTAC xəbər verir ki, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları tərəfindən bu münasibətlə yazıçının həyat və fəaliyyətinə həsr edilmiş silsilə materiallar, videoçarx, virtual kitab sərgisi və biblioqrafik siyahı hazırlanıb. “Yusif Vəzir Çəmənzəminli” adlı videomaterial və virtual sərgidə yazıçının həyat və yaradıcılıq fəaliyyəti, əsərləri haqqında geniş məlumatlar öz əksini tapıb.

    Materiallarda ədibin “Qızlar bulağı”, “Bir gəncin dəftəri” və s. əsərlərinin qısa məzmunu ilə yanaşı, “Əli və Nino”, “İki od arasında”, “Studentlər” əsərləri haqqında da məlumat verilir. Biblioqrafik siyahıda isə Y.V.Çəmənzəminlinin ədəbi fəaliyyəti ilə yanaşı, görkəmli şəxslərin onun haqqında söylədikləri fikirlər, həmçinin 10-dan çox kitabının biblioqrafik təsviri və kitab sərgisi əks olunub.

    Qeyd edək ki, hazırlanan materiallar kitabxananın rəsmi saytında yerləşdirilib.

  • Azərbaycanlı tələbələr Özbəkistanda jurnalistika təhsili ala bilər

    "Özbəkistanlı tələbələrin Azərbaycanda ali təhsil almalarını istəyirik. Bildiyimiz qədər, hazırda sizdə təhsil sahəsi çox inkişaf edib. Dünya səviyyəsində inkişaf etmiş ali təhsil ocaqlarınız var. Azərbaycan tərəfi razılaşarsa, “double degree” proqramı əsasında bizim tələbələr sizin ölkəyə, sizinkilər isə Özbəkistana təhsil almağa yollanardı".

    Bunu Həştərxanda keçirilən "Xəzər Mediası. Gəncliyin ölçüsü" mövzusunda beynəlxalq media forumda iştirak edən Özbəkistanın Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinin birinci prorektoru Sancarbek Rəşidov Reportun suallarını cavablayarkən bildirib.

    "Azərbaycan və özbək xalqları qardaşdır. Biz istərdik ki, bu qardaşlıq təhsil sahəsində də davam etsin. Bir müddət öncə Özbəkistanda Azərbaycan parlamentindən olan nümayəndə heyəti qonaq oldu. O zaman heyət üzvləri birgə təhsili, Azərbaycandan olan tələbələrin Özbəkistanda təhsil almasını təklif etdilər. Azərbaycanlı tələbələr bizim universitetdə jurnalistika və kütləvi kommunikasiyalar ixtisasları üzrə özbək və yaxud rus dillərində təhsil ala bilərlər. Eyni zamanda, biz də öz tələbələrimizin Azərbaycanda təhsil almalarını istəyirik. Bildiyiniz kimi, bizim ortaq tariximiz, oxşar mədəniyyətlərimiz, bənzər mentalitetimiz var. Dillərimiz də anlaşılan olduğu üçün tələbələr üçün dil baryeri olmayacaq”, - o qeyd edib.

    S.Rəşidov təmsil etdiyi universitetin özəllikləri haqqında da məlumat verib: “Bizim universitet öz formatında MDB məkanında təkdir. Gələcək medianın əlində olduğu üçün bizim təqdim etdiyimiz ixtisas tələbata uyğundur. Bizim universiteti bitirənlər bütün MDB məkanında özlərini peşəkar kimi sübuta yetirə bilərlər. Əgər “double degree” proqramı ilə burada tələbələriniz təhsil alarsa, onlar sonda iki diplom alacaqlar”.

  • Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalında 14 ölkə iştirak edəcək

    Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Üzeyir musiqi gününün keçirilməsi haqqında” müvafiq Fərmanına uyğun olaraq ölkəmizdə hər il ənənəvi şəkildə Üzeyir Musiqi Günü keçirilir.

    AZƏRTAC xəbər verir ki, sentyabrın 18-dən 26-dək keçiriləcək festivalda 14 ölkədən musiqiçilər iştirak edəcək. Avstriya, Bolqarıstan, Almaniya, Gürcüstan, Fransa, Macarıstan, Yaponiya, Qazaxıstan, Norveç, Rusiya, Cənubi Koreya, Türkiyə, ABŞ, habelə yerli musiqiçilər Bakı, Gəncə, Bərdə, Ağcabədi, həmçinin Şuşada çıxış edəcəklər.

    Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalının bir neçə konserti Beynəlxalq Muğam Mərkəzində təşkil olunacaq. Belə ki, Beynəlxalq Muğam Mərkəzində sentyabrın 19-da “Üzeyir sənətinin gənclik sədaları”- “Clarte” klarnet kvartetinin konserti, 20-də “Cadenza” orkestrinin konserti 21-də Pikə Axundovanın “Qələbədir adın” adlı mono tamaşasının təqdimatı, 22-də ABŞ-da keçirilən Fikrət Əmirova həsr olunmuş bəstəkarlıq müsabiqəsinin yekun konserti, 23-də “Bir əsrin pavanası” adlı vokal musiqisi axşamı, 24-də isə Kamera musiqisi axşamı (Ülvi Həsənli - violin, Azərbaycan, Norveç, Kiril Kutin - piano, Bolqarıstan, Norveç) təqdim olunacaq.

  • Xalq artisti Gülyanaq Məmmədova Daşkənddə möhtəşəm konsert proqramı ilə çıxış edəcək

    Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən qardaş ölkənin müstəqilliyinin 31-ci ildönümü münasibəti ilə və iki ölkə arasında dostluğa xidmətlərinə görə Özbəkistanın Xalq artisti adına layiq görülən Gülyanaq Məmmədova sentyabrın 14-15-də Daşkənd şəhərində möhtəşəm konsert proqramı ilə çıxış edəcəkdir.

    Bu barədə AZƏRTAC-a Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən bildirilib.

    Azərbaycanın Xalq artistləri Gülyanaq və Gülyaz Məmmədova bacıları Daşkənddə keçiriləcək “İpək yolunun dürdanəsi” adlı Beynəlxalq Kino Festivalında iştirak, habelə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Daşkənd şəhəri və Bektemir rayonunda təşkil olunacaq “Ulug‘lardan ulug‘imsan Vatanim” adlı möhtəşəm konsert proqramı ilə çıxış edəcəklər.

    Xalq artistləri Daşkənddə sentyabrın 14-də açılışı olacaq “İpək yolunun dürdanəsi” adlı Beynəlxalq Kino Festivalında qırmızı xalıdan keçəcəklər. Sentyabrın 15-də isə onların Beynəlxalq Kino Festivalı çərçivəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində açılışı olacaq “Azərbaycan kino günləri” tədbirində konsert proqramı ilə çıxışı nəzərdə tutulub. Həmçinin sentyabrın 17-də Gülyanaq və Gülyaz Məmmədova bacılarının Özbəkistanın Buxara şəhərində mərkəzi sarayda konsert proqramı ilə çıxışı gözlənilir.

    Qeyd edək ki, bu, Özbəkistanın Xalq artisti adına layiq görüləndən sonra Gülyanaq Məmmədovanın dost və qardaş ölkədə ilk konserti olacaq.

  • AZAL-da yeni təyinat olub

    "Azərbaycan Hava Yolları" QSC-də İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi vəzifəsinə təyinat olub.

    Report AZAL-a istinadən xəbər verir ki, bu vəzifə Nərmin Xəlilovaya həvalə edilib.

    O, Azərbaycanın KİV-ində böyük təcrübəyə malikdir, uzun müddət televiziyada çalışıb.

    Xatırladaq ki, İctimaiyyətlə əlaqələr xidmətinə Paşa Kəsəmənski rəhbərlik edir.

  • Şamaxıda arıçılarla görüş keçiriləcək

    Sentyabrın 15-də, saat 11:00-da Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzində İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə "Arıçılıq və bal istehsalı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin çətinliklərinin öyrənilməsi" məqsədilə görüş keçiriləcək.

    Bu barədə Reporta KOBİA-dan bildirilib.

    Məlumata görə, görüşdə Şamaxı Rayon İcra Hakimiyyətinin, Qida Təhlükəsizliyi Agentliyinin, KTN yanında Aqrar Kredit və İnkişaf Agentliyinin, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyi yanında ABAD publik hüquqi şəxsinin, "Azərbaycan Arıçılar Assosiasiyası" İctimai Birliyinin və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri iştirak edəcək. Tədbir çərçivəsində arıçılıqla məşğul olan sahibkarların müraciətləri dinləniləcək və onları maraqlandıran suallar cavablandırılacaq.

  • Ədəbiyyat tariximizi dəyərli əsərləri ilə zənginləşdirən, vətən sevdalısı Yusif Vəzir Çəmənzəminli

    Bu gün dövlət xadimi və yazıçı, Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı Türkiyəsində ilk səfiri Yusif Vəzir Çəmənzəminlinin anadan olmasından 135 il ötür

    Sözümüzə giriş: Yusif Vəzir Çəmənzəminlinin doğum günü ilə bağlı məqalə hazırlamaq niyyətində olduğumdan yazıçının oğlu Orxan Vəzirovun “Atam Yusif Vəzir Çəmənzəminli haqında” kitabı ilə tanış oldum (Azərnəşr, 1997). Bu yazıda məqsədim yazıçının ümumən əsərlərindən deyil, həyat və yaradıcılığından, azərbaycançılıq amalından bəhs etmək olduğundan ən düzgün halda həmin kitabı oxumağı və ondan bəhrələnməyi məqsədəmüvafiq sandım. Zənnimcə, oğulun atası haqqında xatirələri daha səhih və təsirli olur. Çünki burda yer almış çox hadisələr canlı şahidliklə xatırlanır. Bu səbəbdən də həmin xatirələrin işığında məqaləni ərsəyə gətirməyi düşündüm...

    Bu fikirlər filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Şəfəq Nasirin Yusif Vəzir Çəmənzəminlinin doğum günü ilə bağlı hazırladığı “Ədəbiyyat tariximizi dəyərli əsərləri ilə zənginləşdirən, vətən sevdalısı Yusif Vəzir Çəmənzəminli” sərlövhəli yazısında yer alıb. AZƏRTAC həmin yazını təqdim edir.

    XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Yusif Vəzir Çəmənzəminli 1887-ci il sentyabr ayının 12-də qədim Şuşa şəhərində Şərq əfsanələrinə və ədəbiyyatına yaxından bələd olan, fars və türk dillərini mükəmməl bilən Mirbaba Vəzirovun ailəsində dünyaya gəlmişdir. Yusifin uşaqlıq çağları Aşağı meydanda, Bəylik eşiyində, Qapandibi adlanan böyük meydançada keçmişdir. Ömürlük hafizəsinə həkk olan, vaxt-bivaxt yaddaşını közərdən xatirələr ona hər zaman şirin bir nağılı xatırladırdı. Mirbaba bəy açıqgözlü bir insan olduğundan oğlanlarının mükəmməl savad almasını istəyirdi. Odur ki, balaca Yusifi əvvəlcə Şuşada Molla Mehdinin məktəbinə qoyur. Lakin az keçmir ki, onun yanında təhsilin çox aşağı səviyyədə olduğunu bilən Mirbaba Vəzirov oğlunun təhsili ilə özü məşğul olmaqdan ötrü Yusifi Ağdama gətirir və burada ona dərs keçir. O, oğlundan ötrü türk və fars dillərinə aid lüğət yazır, əvvəlcə də elə bu lüğətləri öyrətməklə dərs keçirdi. Onun oxumağa səy etdiyini, dərsini yaxşı qavradığını görüncə Yusifə Füzulinin, Sədinin şeirlərini əzbərlədirdi. Oğlunun rus dilini də mükəmməl bilməsindən ötrü Mirbaba bəy onu Ağdamın Muradbəyli kəndinə göndərir. Bir ildən sonra isə Şuşaya qayıdıb realnı məktəbə daxil olmaqdan ötrü böyük qardaşı Əbülhəsənin ciddi nəzarəti altında hazırlaşır və məktəbə daxil olur. Bundan sonra Əbülhəsən onu mütaliəyə həvəsləndirir və özünün kitabxanasını onun ixtiyarına verir. Yusif ingilis və rus şairlərini mütaliə etdikcə ədəbiyyata böyük marağı yaranır. Təhsilini rus dilində aldığından ilk şeiri olan “Şikayət”i rus dilində yazır. Rəsmə böyük həvəs göstərdiyindən boş vaxtlarında rəsm çəkməklə məşğul olur. Beləcə, ailədə ona yaradılan şəraitdən həvəsə gələn oğlan özünü yetişdirməklə məşğul olur. Qarşıda isə hələ taleyin arxasınca çəkib apardığı böyük və çətin qət olunan yollar var...

    Deyirlər, insan doğulan zaman Tanrı onun taleyini də alnına yazır. Bəşər övladı da bundan xəbərsiz həyatına, gələcəyinə böyük ümidlər, arzularla yaşayır. Hələ uşaqlıqdan doğma şəhərinin gözəlliyinə məftun olan Yusif Vəzirin qəlbində vətən təəssübündən yana atəşin bir məhəbbət çağlayırdı. Şuşa həm də onu özünə ahənrüba kimi çəkən bir ilham pərisi olmuşdu. O, bütün həyatında ən mühüm, əhəmiyyətli iş saydığı ədəbi fəaliyyətində bu ilham pərisinin eşqi ilə yazıb-yaratmışdır. Buna görə də təbiətin əsrarəngiz tablosu olan yurdunu vəsf edərək yazırdı ki, dağ başında yazı-yayı yaşıllığa, payızı-qışı dumana və qara bürünmüş bir şəhər təsəvvür ediniz. Bu mənim şəhərimdir...

    Yeniyetmə çağlarından yüksək təhsil almağı, özünü yetişdirməyi düşünən, savadsızlığın, dini-fanatizmin cəngində boğulan xalqın gözünü açmaqdan ötrü yollar axtaran Yusif Vəzir çox çətin, məşəqqətlər dolu əziyyətli bir həyat yaşamışdır. Lakin buna baxmayaraq o, əlinə qələm aldığı vaxtdan ömrünün sonuna kimi hansı şəraitdə yaşasa belə, xalqın avamlıq, savadsızlıq içərisində ömür sürdükləri həyatın ağrılarını təsvir edən məqalə, felyeton, hekayələr və romanlar yazmışdır.

    Yusif Vəzir hələ Şuşada realnı məktəbdə oxuduğu vaxtda özünü ədəbiyyata həsr edir. Əmisi oğlu Mirhəsən Vəzirovla birlikdə 1904-cü ildə yumoristik, karikaturalar əks olunan, materialları əllə yazılmış “Fokusnik” adlı bir jurnal çıxarırlar. 1905-ci ildə başlayan rus-yapon müharibəsi Şuşa realnı məktəbinin tələbələrinə də özünün güclü təsirini göstərir. Tələbələr məktəbdə dözülməz rejim yaradan, onlarla kobud rəftar edən müəllimlərə qarşı çıxır, mitinqlər edirdilər. Yusif də bu iğtişaşların mərkəzində olur. Onlar tətil edir, məktəbin müdirinə tələblərini təqdim edirlər. Tətilə və tələblərə cavab olaraq müdiriyyətin çıxardığı qərara əsasən məktəbi bağlayırlar. Bundan sonra tale Yusifi Aşqabada aparır. Şuşadan başlayan təlatüm həyatı boyu onu təqib edir...

    Yusif Vəzir Çəmənzəminlinin mətbuatda ilk çıxışı Bakı realnı məktəbində oxuduğu zaman, 1907-ci ildə “Molla Nəsrəddin” jurnalının 37-ci nömrəsindən başlamışdır. Qarabağda pir və ocaqları kəskin tənqid edən gənc Yusif onların təqibi, hədə-qorxuları ilə üzləşir. Yazısına gizli imza qoymaması, Şuşada, Aşqabadda dindarların, eləcə də Bakıda yaşayan qarabağlıların qəzəbinə səbəb olur. Qara-qorxu içərisində yaşayan Yusifin bir qədər sonra təhsil aldığı Bakı realnı məktəbi də bağlanır. Maddi imkansızlıq ucbatından acınacaqlı hala düşən Yusif Vəzirə Bəşirbəy Aşurbəyov kömək edir...

    Y.V.Çəmənzəminlinin Bakı həyatı bir tərəfdən çətin olsa da, o, böyük bir ədəbiyyat, mədəniyyət mühitinin içərisində görünür. Yaxın qohumu Üzeyir Hacıbəyli ilə görüşür, “Leyli və Məcnun” operasının ilk tamaşasında olur və tamaşa onda böyük təəssürat yaradır. 1908-ci ildə o, yeni yazdığı “Saranın hekayəsi” adlı əsərini Ü.Hacıbəyliyə oxumaq üçün “İsmailiyyə” mehmanxanasına gedir və onun mənzilində Ə.Haqverdiyevi, H.Ərəblinskinin truppasının artistlərini, S.S.Axundovu görür. Bunlar onun ədəbi yaradıcılığına böyük təsir etsə də vətəni Şuşa üçün çox darıxır. Əlinə qələm alaraq, doğma vətəni haqqında yazır: “Şuşa qartal yuvası kimi uca dağın başında dayanıb, ətəklərini vüqarla aşağı yönəldərək mavi səmanın boz, soyuq dumanına bürünür. Onun gurultuyla axan iti çayları köpüklənərək daha hərarətlə və qüvvətlə irəliyə qaçmağa can atır. Çiçəklərlə örtülmüş yaşıl təpəciklər yüksəklərə qalxaraq sıldırım qayalar əmələ gətirir. Orada isə kolların arasından sürünən ilana bənzəyən boz cığır ziqzaqlarla meşəyə doğru gedir...”

    Bu, doğulduğu ata-baba yurduna bütün varlığı, ruhu ilə bağlı olan görkəmli yazıçı Yusif Vəzir Çəmənzəminlinin Bakıda realnı məktəbdə oxuduğu zaman Şuşanın həsrətilə yaşadığı vaxtda vəsf etdiyi tablodan bir görüntüdür. İllərlə qərib diyarlarda yaşadığı zamanlarda da yazıçının Məkkəsi, Mədinəsi tez-tez xatırladığı qədim tarixə malik aristokratlar şəhəri Şuşa idi...

    1909-cu ildən Yusif Vəzir Çəmənzəminli bir-birinin ardınca yazdığı felyeton, hekayə və məqalələrlə “Yeni həqiqət”, “Yeni İrşad” və “İqbal” qəzetlərində çıxışlar edir. Elə həmin il təhsilini davam etdirmək üçün Peterburqa gedərək sənədlərini Mülki Mühəndislər İnstitutuna verir. Lakin riyaziyyatdan müvəffəq qiymət ala bilməyəcəyini yəqin etdiyindən sənədlərini geri götürür və düşünür ki, meyili rəsm çəkməyə və yazmağa olduğundan yalnız bu sahədə məşğul olmalıdır. Peterburqda olduğu zaman “Cənnətin qəbzi” hekayəsini yazır. 1910-cu ildə isə Kiyevə gedib müqəddəs Vladimir adına İmperator Universitetinin hüquq fakültəsinə qəbul olunur. Burada oxuyarkən onu ən çox düşündürən məsələlərdən biri Azərbaycan dilində kitabçaların nəşri, eyni zamanda, yayılması olmuşdur. Bunun üçün də Kiyevin ali məktəblərində oxuyan tələbələrdən ibarət xüsusi nəşriyyat heyəti təşkil etdir. O, xalq nağılları əsasında uşaqlar üçün yazdığı məşhur “Məlik Məmməd” nağılını 1911-ci ildə “Kaspi” mətbəəsində çap etdirir. Və Azərbaycan tarixinin yazılması barədə ilk dəfə Y.V.Çəmənzəminli təşəbbüs irəli sürür, bununla bağlı ”Sədayi-həqq” qəzetində “Biz kimik?” məqaləsi ilə çıxış edir.

    Yazıçı 1912-ci ildə Kiyevdə “Həyat səhifələri” adlı kitabçalarını nəşr etdirir. Yazıların dili barədə də fikirlərini “Dil məsələsi” adlı məqaləsində açıq bildirilərək deyir ki: “Dil öz kökü üstə bitər, qalxar, qol-qanad açar və bu asudəlik sayəsində elə gözəl, zərif və geniş bir hala gələr ki, hamını heyran qoyar. Dilin kökü camaatımızın yaratdığı el ədəbiyyatındadır, gərək onlar toplanılsın, öyrənilsin, əzbərlənsin...” İlk gəncliyindən xalqına xidmət etmək arzusunda olan Yusif Vəzir balalarımızın gözüaçıq, savadlı, vətənpərvər yetişməsindən ötrü bütün ədəbi-ictimai fəaliyyəti boyu müxtəlif istiqamətlərdə çalışmışdır. Kiyevdə təhsil aldığı 5 il müddətində “Bizim məqsədimiz və amalımız Azərbaycanımızdır”, deyərək qadınların savadlanması, dini-fanatizmə qarşı mübarizə, balalarımızın düzgün tərbiyə olunmasına dair başqa dillərdə çıxan kitabları əldə edərək onlardan oxuyub öyrənir və özü də bu mövzularda məqalələr yazırdı. Azərbaycanda milli marşın olmaması onu düşündürür və 1917-ci il dekabrın 17-də “Açıq söz” qəzetində bununla bağlı məqaləsi çap olunur. Y.Vəzir yana-yana deyir ki, hər bir millətin özünəməxsus bir milli nəğməsi var. O nəğmə oxunduqda millət fərdlərinin ruhu ucalır. Mübarizə edib öz xalqını mühafizə etmək xahişi artır. Bizim isə bu nəğməmiz yoxdur. Odur ki, milli ruhumuz da yoxdur. Düşməni yıxmaq üçün də milli ruh lazımdır... Burda onu da xatırladaq ki, AXC hökuməti Y.V.Çəmənzəminlini ölkəsinin Türkiyədə ilk səfiri kimi İstanbula göndərdi. O, burda diplomatik işlə məşğul olmaqla yanaşı ədəbi fəaliyyətini də davam etdirirdi. Yusif Vəzirin yolu bir çox ölkələrdən keçib və yazıçı, ictimai xadim harada olubsa, o xalqın dilini də öyrənib. Belə ki, Şərq və Avropa dillərini, o cümlədən, rus, ukrayna, fransız, ərəb, fars, türk, özbək və türkməncəni mükəmməl bilib. Y.V.Çəmənzəminlinin Azərbaycandan kənarda yaşadığı bütün zamanlarda qələmə aldığı əsərlərində xalq həyatı, millətin gözünün açılması, ədəbiyyatımızın, mədəniyyətimizin yaranması, inkişafı məsələləri işıqlandırılıb. Parisdə olduğu vaxtda da “Paris xəbərləri” qəzeti ilə əməkdaşlıq edərək, “Şərq məktubları” başlıqlı məqalələrini də həmin qəzetdə dərc etdirməyə nail olub. Onun “Azərbaycan ədəbiyyatına bir nəzər” kitabını elə o zaman L.Bonvat tərcümə edərək, “Revue du mond musulman” məcmuəsində nəşr etdirmişdir.

    Y.V.Çəmənzəminli 1926-cı ildən mühacirət həyatına son qoyaraq vətənə qayıdır, bununla da onun Bakı həyatı başlayır. Burada o, müxtəlif sahələrdə çalışır, müəllimlik fəaliyyətilə məşğul olur. Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq və pedaqoji fakültələrində, sonralar isə Pedaqoji, tibb və neft institutlarında dərs deyir. 10 il onun həyatı enib-qalxmalarla müşayiət olunur. Gec də olsa ailə qurur, övladları dünyaya gəlir. Qayğıları artan yazıçının işsiz qalan vaxtları da olur, çətinliklərlə üzləşir, iş tapmaq ümidi ilə başqa şəhərlərə də üz tutur, heç yerdə bir məşğuliyyət tapmadığından yenə vətəninə qayıdır. Bu illərdə az vaxtda da olsa yaradıcılığından ayrılmır. Bakının ədəbi mühitinə qaynayıb-qarışan Yusif Vəzir S.Vurğun, M.Müşfiq, S.Rüstəm, M.S.Ordubadi, M.Hüseyn və digər yazıçı, şairlərlə ədəbi dostluq münasibətləri ona qol-qanad verir. Bu illərdə o, hekayələr, romanlar, səhnə əsərləri yazır, tərcümə əsərləri üzərində işləyir. L.N.Tolstoyun “Dirilmə”, İ.S.Turgenevin “Xam torpaq”, “A.Neverovun “Daşkənd çörəkli şəhərdir”, N.V.Qoqolun “Köhnə dünya mülkədarları” B.A.Lavrenyevin “Ulduz rəngi”, “Qırx birinci”, “Külək”, L.N.Seyfulinanın “Qanunpozanlar” əsərlərini rus dilindən, V.Hüqonun bir neçə əsərini isə fransız dilindən Azərbaycan dilinə tərcümə etmişdir. Ümumiyyətlə, bu illər Yusif Vəzirin yaradıcılığının ən məhsuldar çağları olub. Lakin həyatın acı üzü onu tez-tez işsizliklə sınağa çəkir. Belə vaxtlarda yazıçı ailəsini dolandırmaq üçün şəxsi kitabxanasından qiymətli kitablarını – L.N.Tolstoyun külliyyatını, “Molla Nəsrəddin” jurnalının cildlənmiş nömrələrini satdırırdı.

    Yusif Vəzir Çəmənzəminli çoxlu sayda hekayələr, felyeton, məqalə və romanlarını ərsəyə gətirib. Onun “Studentlər”, “Qızlar bulağı”, “Qan içində” (bu əsərin ilkin adı “İki od arasında” olub. Həmin əsəri 1960-cı ildə ilk dəfə Əkbər Ağayev nəşrə hazırlayıb və roman “Azərbaycan” jurnalında çap olunub)ona böyük şöhrət qazandırıb. 1936-37-ci illərdə yazıçının “Studentlər”, “Qızlar bulağı” əsərləri kəskin tənqid olunub. Əslində bu əsərlərlə bağlı tənqidçilərin bir-birinə zidd fikirləri olub. Gah tərifləyib, gah da zərərli əsərlər kimi tənqid ediblər. Bunun da səbəbi məlum idi. Həmin illərdə Yazıçılar İttifaqının III Plenumunda B.Talıblı, Əli Nazim, Əli Nəzmi, Almas İldırım, Hacı Kərim Sanılı, M.Müşfiq, S.Mümtaz da haqsız yerə tənqid olunur, repressiya maşınının ağzına verilirdi. Bir qədər sonra, isə Yusif Vəzir Çəmənzəminlinin adı “qara siyahı”ya düşür. Bunu hiss edən yazıçı çoxlu sayda əlyazmalarını, gündəliklərini, İstanbul və Parisdən gətirdiyi açıqcaları sobaya atıb yandırır...

    Onun həbsindən sonra quruluşun başında duranlar, milli ziyalıların qanına susayanlar, onun, ümumən “xalq düşməni” adı ilə həbs olunanların ailəsinin də başına müsibətlər gətirirlər. Çəmənzəminli 1940-cı il yanvar ayının 27-də Özbəkistan SSR-nin Urgənc şəhərində (burada o, yaxşı pedaqoq kimi tanınmış, rus, xarici dillər və ədəbiyyatları kafedrasının müdiri vəzifəsində çalışırdı) həbs olunaraq Bakıya gətirilir. Həmin ilin fevral ayında ittiham olunur, barəsində qərar çıxarılır. 6 ay Keşlə həbs düşərgəsində saxlanıldıqdan sonra onu Nijni-Novqorod vilayətinin Suxabezvodnaya stansiyasındakı həbs düşərgəsinə göndərilir. 1943-cü ildə Y.V.Çəmənzəminli həmin həbsxanada vəfat edir...

    Haqsız yerə həbs olunaraq güllələnən, həbs düşərgəsinin ağır şəraitinə dözməyib məhv olan millət fədailəri 1956-cı ildə bəraət alsalar da, xalq özünün yüzlərlə aydınlarını itirir... Həmin il Y.V.Çəmənzəminlinin də işinə yenidən baxılaraq ona da bəraət verilir. İllərlə əsərlərinə, adının belə çəkilməsinə yasaq qoyulmuş yazıçının romanları, hekayələri, məqalələri yenidən çap olunur, yubileyləri keçirilir. Amma doğmalarının ürəyində şırım açılan yaralar qaysaq bağlamır, yaddaşlarını göynədir...

    Ədəbiyyat tariximizi özünün dəyərli, unikal əsərləri ilə zənginləşdirən maarifpərvər ziyalı, millət, vətən sevdalısı, Yusif Vəzir Çəmənzəminlinin adı bu gün də, sabah da xalqın yaddaşına işıq kimi saçılacaq mənəvi ömrü hələ qərinələr, əsrlərlə yaratdığı əsərlərində yaşayacaq...

  • Teatr Muzeyinin “Cənnətim Qarabağ” adlı layihəsi davam edir

    “Şuşa İli” çərçivəsində Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi tərəfindən həyata keçirilən “Cənnətim Qarabağ” adlı layihə davam edir.

    Muzeydən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində növbəti təqdimat şərqdə opera teatrının inkişafında özünəməxsus rolu olan Azərbaycanın və Türkmənistanın Əməkdar artisti Xanlar Haqverdiyevə həsr olunub.

    Xanlar Məmməd oğlu Haqverdiyev 1906-cı il sentyabrın 26-da Ağdam rayonunun Seyidli kəndində, bəy ailəsində anadan olub. Şəhərin əsilli, hörmətli ailələrindən birinə mənsub olduğundan, onun mükəmməl elmə, biliyə yiyələnməsinə xüsusi diqqət yetirilirdi. Dövrünün məşhur xanəndələrinə olan rəğbəti hələ uşaq vaxtlarından onda musiqiyə maraq oyadır və o, el şənliklərində ara- sıra ifaçı kimi görünməyə başlayır. Məlahətli səsi ilə hamını özünə valeh edən gəncin öz yolunu seçməsində aktyor Əhməd Ağdamskinin də böyük rolu olur. Məhz onun təşəbbüsü ilə Xanlar Üzeyir Hacıbəylinin yanına yollanır. Onun səsi və istedadı dahi bəstəkarımız tərəfindən bəyənilir. Beləliklə, o, 1928-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) vokal şöbəsinə daxil olur. Oxumaq həvəsi, çalışqanlığı və qabiliyyəti sayəsində ilk günlərdən buradakı müəllimlərin diqqətini cəlb edir. Qısa müddət ərzində milli, habelə dünya klassik musiqi sənətinin sirlərini dərindən mənimsəyə bilir. Bununla kifayətlənməyərək Xalq artisti Seyid Şuşinskidən Azərbaycan muğamlarının və Qarabağ xanəndəlik məktəbinin incəliklərini də öyrənir. Onun istedadı sənət adamlarının nəzərindən yayınmır. Belə ki, 1929-cu ildə Azərbaycan Dövlət Opera və Balet Teatrının xor bölməsinə qəbul edilir. Lakin gözəl səs diapazonu ilə yanaşı, həm də səlis nitqə malik olan gənc Xanlar yalnız xorda oxumaqla kifayətlənmir, həm də epizodik rollarda səhnəyə də çıxır. O, Ü. Hacıbəylinin “Leyli və Məcnun”unda Zeyd, Əbül-Qeys, “Əsli və Kərəm”ində Sofi, Z. Hacıbəylinin “Aşıq Qərib”ində Aşıq Səlim kimi obrazların öhdəsindən məharətlə gəlir. Xanəndə eyni bir tamaşada gah “Mənsuriyyə” zərbli muğamı, gah da “Şur” dəstgahı üstə füsunkar bir avazla oxuyaraq hamını səsinə heyran edə bilir. 1931-ci ildə ali təhsilini uğurla başa vurduqdan sonra Azərbaycan Dövlət Opera və Balet Teatrına geri qayıdan aktyor-xanəndə artıq bütün muğam operalarında baş rollarda çıxış etməyə başlayır. Hüseynqulu Sarabski, Şövkət Məmmədova, Hüseynağa Hacıbababəyov, Əli və Qəmbər Zülalov qardaşları, İsmayıl Eloğlu, Münəvvər Kələntərli, Həqiqət Rzayeva və s. kimi dövrünün peşəkar sənətkarlarla eyni səhnəni bölüşmək, qastrol səfərlərinə çıxmaq X. Haqverdiyevin yaradıcılığına müsbət təsir göstərir. Sənət dostlarının zəngin təcrübəsi onun səhnə səriştəsinin artmasında müstəsna rol oynayır. Xanəndə təkcə opera tamaşalarında iştirak etməklə kifayətlənmir, həm də muğamat və xalq mahnılarının mahir ifaçısı kimi də Azərbaycan Dövlət Şərq Orkestrinin müşayiətilə tez-tez konsertlər də verirdi.

    O, milli teatr və musiqi mədəniyyətimizin ölkə hüdudlarından kənarda təbliğində, sevilməsində əhəmiyyətli rol oynayır. Lakin qazandığı uğurlara baxmayaraq qəlbində vətən nisgili çəkən xanəndə 1942 – ci ildən yenidən Bakıya qayıdır. Həmin ildən 1963-cü ilədək indiki Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində müxtəlif illərdə Ü. Hacıbəylinin “Koroğlu”, “Leyli və Məcnun”, M. Maqomayevin “Nərgiz”, F. Əmirovun “Sevil”, Q. Qarayev və C. Hacıyevin “Vətən”, Ə. Bədəlbəylinin “Nizami”, P. Çaykovskinin “Yevgeni Onegin”, R. Qliyerin “Şahsənəm”, R. Mustafayevin “Vaqif”, C.Verdinin “Siciliya axşamları” və başqa opera və operettalarda Alı kişi, Ehsan paşa, carçı, Məcnun, İbn Səlam, Cəfər, Əlyar, Babakişi, Aşıq Səlim, Kəmaləddin, Trike, Aşıq Həsən, gürcü əsiri, Tibo kimi irili-xırdalı rollara öz imzasını atır. O, təqaüdə çıxdıqdan sonra belə teatrdan ayrılmayır, gənc aktyorların, yeni xanəndələrin yetişməsi üçün heç vaxt öz dəstəyini əsirgəmir.

    X.Haqverdiyev musiqili səhnə sənətinin inkişafında göstərdiyi mədəni xidmətlərə görə 1939-cu ildə Türkmənistan respublikasının və 1956-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adlarına layiq görülüb. Bundan əlavə fəxri fərmanlarla və "Əməkdə fərqlənməyə görə" medalı ilə də təltif olunub. 1959-cu ilin may ayında Moskvada keçirilmiş Azərbaycan incəsənəti və ədəbiyyatı ongünlüyündə iştirak edib. Onu da qeyd edək ki, o, yazıçı-dramaturq Marat Haqverdiyevin atasıdır.

    Xanlar Haqverdiyev 1980-ci il dekabrın 5-də 74 yaşında vəfat edib.

  • “Rezanın daxili Odisseyası” adlı fotosərgi davam edir

    Heydər Əliyev Mərkəzində açılan “Rezanın daxili Odisseyası” adlı fotosərginin vaxtı sentyabrın 15-dək uzadılıb.

    AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondu, Fransa Respublikasının Azərbaycandakı səfirliyi və Azərbaycanda Fransız İnstitutunun birgə təşkil etdiyi sərgi Azərbaycanla Fransa arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə həsr edilib.

    Qeyd edək ki, dünyaşöhrətli fotoqraf Reza Deqatinin əsərlərindən ibarət sərginin açılışı iyunun 28-də olub. Sərgidə fotoqraf Reza Deqatinin müxtəlif illərdə Azərbaycana və Fransaya səyahətləri zamanı çəkdiyi fotolar yer alıb. Bu əsərlər ziyarətçilərə Azərbaycan və Fransaya poetik və duyğulu səyahət təklif edir.