Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • SOCAR Türkiyədə qazma üzrə tenderin qalibi olub

    “Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) tərəfindən Türkiyənin Batman vilayətində neft-qaz quyularının qazılması layihəsinin icrası məqsədi ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Kompleks qazma işləri” tresti (KQİT) pre-kvalifikasiya mərhələsindən uğurla keçərək tenderin qalibi olub.

    Report bu barədə SOCAR-a istinadən xəbər verir.

    Məlumata görə, TPAO ilə KQİT arasında 1 il müddətinə xidmət müqaviləsi imzalanıb.

    Layihə şərtlərinə əsasən, Batman vilayəti ərazisində 8 ədəd kəşfiyyat quyusunun qazılması nəzərdə tutulur.

    Hazırda müqavilə üzrə müvafiq avadanlıqların əməliyyat sahəsinə daşınması prosesinə başlanılıb. Batman vilayətinə ezam olunmuş KQİT-nin nümayəndə heyəti burada vilayətin mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələri ilə görüş keçirib.

    Görüşdə əməliyyat sahəsində işçilərin səmərəli fəaliyyəti üçün yaradılacaq əmək şəraiti, ekoloji və sosial məsələlər, habelə Türkiyə Respublikasının qanunvericiliyindən irəli gələn tələblər müzakirə edilib və potensial risklər qiymətləndirilib.

    Layihənin icrası ilə əlaqədar həmçinin, Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyi ilə görüş keçirilib. Görüşdə SOCAR-ın Türkiyədəki uğurlu fəaliyyətinin qazma işlərində də davam edəcəyi bildirilib, KQİT və TPAO arasında əməkdaşlıqdan məmnunluq ifadə edilib.

  • Bakının Nizami rayonunun bir hissəsində su kəsiləcək

    Magistral su kəmərində aparılan təmir bərpa işləri ilə əlaqədar bu gün Bakının Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

    Report bu barədə "Azərsu" ASC-yə istinadən xəbər verir.

    Məlumata görə, qurum narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.

  • “Azərbaycan – qədim sivilizasiya məskəni” adlı videolayihənin dördüncü buraxılışı təqdim olunur

    “Çıraqqala” adlı videoçarx IV-VI əsrlərə aid edilən tarixi abidəmizə həsr olunur.

    Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən bildirilib.

    Qeyd edək ki, qərinələr boyu təbii fəlakətlərə, dövrün qasırğalarına mətanətlə sinə gərərək əcdadlarımızın şanlı tarixini yaşadan Çıraqqala Şabran rayon mərkəzindən təxminən 25 kilometrdə sıldırım qayanın zirvəsində yerləşir. Vaxtilə Sasani hökmdarlarının tapşırığına əsasən istehkam məqsədi ilə tikilən bu əsrarəngiz memarlıq nümunəsi Gilgilçay səddinin baş qarovulxanası olub.

    Çıraqqalanın yerləşdiyi möhtəşəm Gilgilçay səddi, bəzi mənbələrə görə, məşhur Çin səddindən sonra dünyada ikinci nəhəng müdafiə istehkamıdır.

    Çıraqqala tarixi abidə kompleksi 2003-cü ildə qoruq elan edilib.

  • Bred Pitin yeni filmi yayımlanacaq

    Bred Pit və Marqot Robbinin baş rollarda çəkildiyi “Babylon” filminin yayımlanacağı tarix açıqlanıb.

    AZƏRTAC xəbər verir ki, Hollivudun 1920-ci illərindən bəhs edən filmin rejissoru “Oskar” mükafatlı Damien Şazelledir.

    Film Türkiyədə 2023-cü ilin yanvarında nümayiş olunacaq.

  • Bu gün Beynəlxalq Gözəllik Günüdür

    Hər il sentyabrın 9-u Beynəlxalq Gözəllik Günü kimi qeyd olunur.

    AZƏRTAC xəbər verir ki, XX əsrdə kosmetologiya sahəsində böyük irəliləyişləri nəzərə alaraq, Beynəlxalq Estetika və Kosmetologiya Komitəsi (SİDESKO) 1995-ci il sentyabrın 9-u tarixinin Beynəlxalq Gözəllik Günü elan olunması barədə qərar qəbul edib.

    Həmin tarixdən etibarən hər il sentyabrın 9-da dünyada insanlara estetik və mənəvi zövq verən nə varsa xüsusi diqqət obyektinə çevrilir.

    Məhz bu gün bir sıra ölkələrdə və şəhərlərdə gözəllik müsabiqələri keçirilir.

  • Şuşa Dövlət Musiqili Dram Teatrı yeni mövsümü iki tamaşa ilə açacaq

    149–cu teatr mövsümü Şuşa Dövlət Musiqili Dram Teatrının tarixində yeni bir başlanğıc olacaq. Teatr mövsümünü sentyabrın 10–da iki tamaşa ilə açacaq.

    Bu sözləri AZƏRTAC-a açıqlamasında teatrın direktor müavini Azad Məmmədov söyləyib.

    “Sentyabrın 10-da yeni mövsümü teatrımız Azərbaycan xalq nağılı əsasında hazırlanmış “Göyçək Fatma” və Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşası ilə açacaq. İnanırıq ki, bu teatr mövsümü Şuşa teatrı üçün çox uğurlu və unudulmaz olacaq”, - deyə teatrın direktor müavini vurğulayıb.

    Qeyd edək ki, hər iki tamaşanın quruluşçu rejissoru, teatrın baş rejissoru, Əməkdar artist Loğman Kərimovdur.

  • “Naxçıvan” gəmi-bərəsi əsaslı təmir edilib

    “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Naxçıvan” gəmi-bərəsi əsaslı təmir edilib.

    Report xəbər verir ki, bu barədə ASCO məlumat yayıb.

    Məlumata görə, təmir “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılıb. Gəmi-bərənin baş və köməkçi mühərrikləri, nasos və soyuducuları təmir edilib, köməkçi buxar qazanında və köməkçi qazanında zəruri işlər yerinə yetirilib, gövdə qaynaq, boruquraşdırma, avtomatika işləri görülüb, elektrik avadanlıqları təmir olunub, yeni kompressorlar quraşdırılıb.

    Rabitə və elektroradionaviqasiya avadanlıqları təmir edilib, nasaz vəziyyətdə olan ehtiyyat hissələr yenisi ilə əvəz olunub. Bundan başqa, gəmi-bərənin yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir edilib.

    “Naxçıvan” gəmi-bərəsinin sualtı və suüstü hissəsi, baş göyərtəsi obraziv qumla təmizlənərək rənglənib. Dəniz-sınaq yoxlamasından uğurla çıxan gəmi-bərə yenidən istismara qaytarılıb.

  • “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı”: Araqçın

    "Şuşa İli" ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən "Şuşa - Qarabağın dünəni, bu günü, sabahı" adlı layihə çərçivəsində müxtəlif mövzular üzrə təqdimatlar davam edir.

    AZƏRTAC xəbər verir ki, növbəti təqdimat mədəniyyət paytaxtımız Şuşanın qadın baş geyiminin elementlərindən biri olan Araqçına həsr olunur.

    Şuşanın ənənəvi qadın geyim kompleksi içərisində baş geyimləri həmişə xüsusi yer tutub. Abır-həya, ismət, qadın gözəlliyinin ülviyyət meyarı sayılan baş geyimləri şərqli qadınların daim milli ləyaqət göstəricisi olub.

    Şuşanın ənənəvi qadın baş və ayaq geyimləri çeşidlərinin müxtəlifliyi, yüksək bədii tərtibatı və bəzək harmoniyası, başlıcası isə öz mühafizəkarlığı ilə digər geyim tiplərindən daha çox fərqlənmiş, Azərbaycan qadınlarının sosial-iqtisadi vəziyyətini və estetik zövqünü aydın əks etdirmişdir.

    Qadın baş geyimləri geymə (qoyma) və bağlama (örtmə) olmaqla iki qrupa bölünürdü.

    Birinci qrup baş geyimlərinə tac, təsək, çutqu, araqçın, dingə, ikinci qrup baş geyimlərinə isə müxtəlif ölçülü və adlı ləçəklər, çalmalar, kələğayılar, şallar, örpəklər, eləcə də rübənd, papaqqabağı, çadra, çarşab, duvaq və s. aid idi.

    Təsək (araqçın) tipli qadın baş geyimləri XIX-XX yüzilliyin əvvəllərində Azərbaycanın Gəncəbasar, Şirvan, Qarabağ, Şəki-Zaqatala və Qərb bölgələri üçün daha xarakterik olmuşdur. Şuşada əsas təsək növü araqçın adlanırdı.

    Qalın və qiymətli parçadan tikilən araqçının alın hissəsinə bəzək elementi kimi iki cərgədə qızıl pullar tikilirdi. Araqçının altından isə bir neçə kiçik və iki iri hörük buraxılır, birçək düzəldilirdi.

    Azərbaycanın hər yerində olduğu kimi, Şuşada da qadın araqçını yüksək zövqlə işlənmiş, üzəri müxtəlif asma və tikmə bəzəklərlə zəngin olmuş, qadın gözəlliyini bir qədər də tamamlamışdır. Bölgədə araqçının üstündən, bir qayda olaraq, kəlağayı bağlayırdılar.

    Naxçıvan və Qarabağ bölgələrində “aygün”, “ulduz”, “buta”, “qönçəçi-çək”, “zəncirə” və s. bəzəklər salınmış araqçınlara üstünlük verilirdi.

    Araqçınların möhkəmliyini təmin etmək üçün onlar əsasən tirmə parçadan tikilir, quşgözü və güləbətin tikmə üsulu ilə bəzədilirdi. Bəzi hallarda muncuq tikmə üsulu ilə bəzədilən araqçınlara da rast gəlinirdi.

  • Xəzər rayon Mərkəzi Kitabxanasının əməkdaşları şəhid ailəsini ziyarət ediblər

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının əməkdaşları şəhid Bəhram və İman qardaşlarının ailəsini ziyarət ediblər.

    Baş İdarədən AZƏRTAC-a bildirilib ki, şəhid ailəsi ilə görüşdə kitabxananın əməkdaşları, fəal oxucuları və Binə Mədəniyyət Mərkəzinin kollektivi iştirak edib.

    Ziyarət zamanı ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərdən, Bəhram və İman qardaşlarının müharibədə göstərdiyi şücaətlərdən bəhs edilib. Yurd yerlərimizin düşməndən azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olmuş igid Vətən övladlarının xatirəsinin həmişə xalqımızın qəlbində yaşayacağı vurğulanıb.

    Bəhram və İman Məmmədzadələr oktyabrın 27-də Xocavənd rayonu uğrunda gedən döyüşlərdə şəhid olublar. Qəhrəman qardaşlar Bakının Binə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn ediliblər.

    Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Bəhram və İman Məmmədzadələr şəhadətlərindən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunublar.

    Qeyd edilib ki, vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsini daim uca tutmaq, yaşatmaq, doğmalarına diqqət göstərmək hər bir azərbaycanlının vətəndaşlıq borcudur.

  • Kraliça II Elizabetanın ölümü səbəbindən “Tac” filminin çəkilişləri dayandırılıb

    “Netflix” istehsalı olan, Kraliça II Elizabetanın idarəçiliyi dövründən bəhs edən “Tac” adlı ekran əsərinin 6-cı mövsümünün çəkilişləri Britaniya monarxının ölümü ilə əlaqədar dayandırılıb. Buna səbəb Böyük Britaniya Kraliçası II Elizabetanın sentyabrın 8-də 96 yaşında vəfat etməsi olub.

    AZƏRTAC kinonews.ru saytına istinadla xəbər verir ki, serialın yaradıcısı Piter Morqan ekran əsərini “Kraliçaya sevgi məktubu” adlandırıb və hörmət əlaməti olaraq bir müddətlik çəkilişlərin dayandırılacağını təsdiqləyib.

    ”Tac” filmi ona bir sevgi məktubudur və hələlik əlavə edəcəyim bir şey yoxdur, yalnız susmaq və hörmət etmək vacibdir. Biz hörmət əlaməti olaraq çəkilişləri dayandıracağıq", - deyə P.Morqan bildirib.

    Qeyd edək ki, ssenarist Piter Morqan 2006-cı ildə çəkilən “Kraliça” bədii filminin ssenarisinə görə “Qızıl qlobus” və “Oskar” mükafatı alıb.