Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • “Şuşa mədəniyyətinin inciləri”: Saatlı məscidi

    Mədəniyyət Nazirliyi tərəfindən “Şuşa İli” münasibətilə həyata keçirilən “Şuşa mədəniyyətinin inciləri” layihəsi yeni təqdimatlarla davam edir.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihənin “Şuşanın memarlıq salnaməsi” bölməsi üzrə növbəti təqdimat qala-şəhərimizin Saatlı məscidinə həsr olunub.

    Şəhərin Saatlı məhəlləsində yerləşən eyniadlı tarixi məscid ölkə əhəmiyyətli memarlıq abidəsi kimi siyahıya daxil edilib. Saatlı məscidi Qarabağda bir neçə monumental dini və mülki tikilinin, o cümlədən Şuşada Aşağı və Yuxarı Gövhər ağa məscidləri, Ağdamda Cümə məscidi və Bərdə imamzadə türbəsinin memarı olan Kərbəlay Səfixan Qarabağinin layihəsi əsasında 1883-cü ildə inşa edilib.

    Saatlı məhəllə məscidi olsa da, şəhərin digər məhəllə məscidlərindən həm həcmi, həm də memarlıq quruluşu ilə fərqlənirdi.

    Tavana dayaq olan dörd səkkizbucaqlı daş sütunlara sahib olan ibadət zalı üçnefli məkana malikdir. Bunun nəticəsində zalda sanki sonsuz sayda tağ keçidlər yaranır. Divarların səthi həndəsi fiqurlar və nəbati naxışlarla tərtib olunub. Məscidin tək minarəsi binanın arxa tərəfində inşa olunub. Belə güman edilir ki, minarə məscidlə eyni vaxtda deyil, bir qədər sonrakı illərdə ucaldılıb.

    1992-ci il mayın 8-də Şuşa Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra Saatlı məscidi talan edilmiş, minarəsi dağıdılmışdı. Şəhər müzəffər Azərbaycan Ordusu tərəfindən azad olunandan sonra məsciddə təmizlik işləri aparılıb, müəyyən təmir işləri görülüb.

    Qeyd edək ki, Prezident İlham Əliyev 2021-ci il yanvarın 14-də Şuşaya səfəri zamanı Saatlı məscidini də ziyarət edib. Dövlət başçısı məscidə Məkkədən gətirilmiş “Qurani-Şərif” hədiyyə edib.

  • “Tor 4: Sevgi və ildırım” nümayişin ikinci həftəsində 46 milyon dollar gəlir gətirib

    Ötən həftə ABŞ satış kassalarında ilk pillədə yer alan “Tor 4: Sevgi və ildırım” nümayişinin ikinci həftəsində də siyahıda birinci yerdədir.

    AZƏRTAC xəbər verir ki, film nümayişin ikinci həftəsində 46 milyon gəlir gətirib. Ekran əsərinin gəliri ötən həftə ilə müqayisədə 68 faiz azalıb. Bu, “Marvel” filmləri arasında ikinci ən yüksək həftəlik enişlərdən biridir. Beləliklə, ekran işinin ümumi gəliri qlobal kassada 500 milyon dollara yaxınlaşıb.

    Amerikan animasiya komediyası “Minyonlar 2”, 26 milyon dollarlıq həftəlik gəlirlə ABŞ-ın film kassasında ikinci yerini qoruyub saxlayıb. Məşhur cizgi filminin ümumi gəliri 263 milyon dollara yaxınlaşıb.

    Yenicə işıq üzü görmüş “Kravdadların mahnı oxuduğu yer” filmi isə premyerasında 17 milyon dollar gəlir qazanaraq kassada üçüncü sıraya yüksəlib.

    Siyahıda dördüncü sırada olan Hollivud ulduzu Tom Kruzun yer aldığı "Top Gun: Maverick" filminin isə ABŞ prokatında ümumi gəliri 620 milyon dollara yaxınlaşıb.

  • Bu gün Xalq rəssamı Tokay Məmmədovun anadan olmasından 95 il ötür

    Tokay Məmmədovun müəllifi olduğu əsərlər Azərbaycan heykəltəraşlıq sənətinin çox uğurlu nümunələridir. O, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Üzeyir Hacıbəyli və başqa tarixi şəxsiyyətlərin heykəllərinin müəllifidir. Bakıda və Rusiyada təhsil alıb, böyük müəllimlərdən sənətin sirlərini öyrənən sənətkar özü də uzun illər Azərbaycanda heykəltəraşlıq məktəbinin inkişafına töhfələr verib, pedaqoji fəaliyyət göstərib, bu sənətdə bir neçə sənətkar nəslinin yetişməsində yaxından iştirak edib.

    AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan heykəltəraşlıq məktəbinin görkəmli nümayəndəsi, Xalq rəssamı, SSRİ və Azərbaycan dövlət mükafatları laureatı professor Tokay Məmmədovun anadan olmasından 95 il ötür.

    1927-ci il iyulun 18-də Bakıda dünyaya gələn T.Məmmədov Azərbaycanın ilk qadın heykəltəraşı Zivər Məmmədovanın ailəsində boya-başa çatıb. O, Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin üçüncü kursunu bitirdikdən sonra Leninqrada (indiki Sankt-Peterburq) gedərək İ.Repin adına Rəssamlıq Akademiyasının Heykəltəraşlıq fakültəsinə qəbul olunub. Ali təhsilini başa vuran T.Məmmədov Leninqradda heykəltəraş kimi fəaliyyət göstərib və orada Rəssamlar İttifaqına üzv seçilib. Bakıya qayıtdıqdan sonra Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində dərs deyib.

    Tokay Məmmədov bir çox şairlərin, alimlərin, sadə əmək adamlarının, dövlət xadimlərinin və öz sənət dostlarının büst portretlərini ustalıqla yaradıb. 1953-cü ildə ilk dəfə ağacdan dahi Nizami Gəncəvinin təsvirini yonub. Azərbaycan heykəltəraşlığında ağac materialdan ilk dəfə T.Məmmədov istifadə edib. Onun yaratdığı ağac portretlərdə yüksək psixoloji keyfiyyətləri göstərə bilməsi diqqəti cəlb edir. Bu qəbildən onun “Səməd Vurğun”, “Xalq rəssamı Qəzənfər Xalıqov”, “Nəriman Nərimanov”, uzunömürlü azərbaycanlı “Şirəli Müslümov” və başqa əsərlərini qeyd etmək olar.

    Heykəltəraş T.Məmmədovun yaratdığı portretlər qalereyasında, həmçinin mərmər, tunc, gips materiallardan hazırlanmış əsərlər var ki, sənətkar onlarda xarici görünüşlə daxili psixoloji keyfiyyətləri vəhdətdə verməyə nail olub. Bu baxımdan “Üzeyir Hacıbəyli”, “Rüstəm Mustafayev”, “Vəcihə Səmədova”, “Süleyman Rəhimov”, “F.Şopen”, “V.A.Motsart” və “Koroğlu” büst portretlərini qeyd etmək olar.

    Heykəltəraşın yaradıcılığı monumental əsərlərlə zəngindir. Tokay Məmmədov heykəltəraşlığın qabartma sahəsində də yaddaqalan nümunələr yaradıb. Bunlardan ən dəyərlisi Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin portretidir. Mərmərdən yaradılan bu əsərdə qəhrəman bir əlində qumbara tutmuş vəziyyətdə təsvir edilib. Heykəltəraşın gənclik illərində yaratdığı bu əsər beynəlxalq sərgilərdə uğurla nümayiş etdirilərək yüksək qiymətə layiq görülüb.

    T.Məmmədov bir neçə qəbirüstü abidənin də müəllifidir. Şuşa şəhərində musiqiçi alim, xəttat və rəssam Mirmöhsün Nəvvabın, Azərbaycan vokal məktəbinin banisi Bülbülün qəbirüstü abidələrini T.Məmmədov yaradıb.

    Tokay Məmmədovun yaradıcılığı hər zaman diqqət mərkəzində olub və daim yüksək qiymətləndirilib. O, bir çox ölkələrin mükafatları ilə təltif edilib. Müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından “Şərəf” və “Şöhrət” ordenlərinə, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb.

    Tokay Məmmədov 2018-ci il mayın 2-də vəfat edib və ikinci Fəxri xiyabanda dəfn olunub.

  • Türkiyənin Baybut şəhərində Dədə Qorqud Mədəniyyət və Sənət Festivalı keçiriləcək

    Türkiyənin Baybut şəhərində Beynəlxalq 26-cı Dədə Qorqud Mədəniyyət və Sənət Festivalı (Bayburt Uluslar Arası Dede Korkut Kültür ve Sanat Şölenleri) keçiriləcək.

    İyulun 18-dən start götürəcək festivalda Azərbaycanla bərabər bütün türk dünyasının təmsil olunması nəzərdə tutulub.

    Beş gün davam edəcək festival rəsmi hissə və zəngin mədəni proqramlardan ibarətdir. Ənənəvi olaraq 26-cı dəfə təşkil edilən festivalın məqsədi türk dünyasının ortaq dəyərlərindən olan Dədə Qorqudla bağlı görülən işlərə nəzər salmaq, bu sahədə yaradılan əsərlərlə bağlı fikir mübadiləsi aparmaq, qarşıda duran vəzifələri müəyyənləşdirməkdir.

    Qeyd edək ki, Azərbaycan Prezidenti Heydər Əliyev 1997-ci il aprelin 20-də "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyinin keçirilməsi ilə əlaqədar Fərman imzalayıb.

  • Azərbaycan mətbəxi “National Geographic Traveller” festivalında təbliğ edilib

    Dövlət Turizm Agentliyinin dəstəyi və Milli Kulinariya Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Turizm Bürosu və milli aşpazlardan ibarət nümayəndə heyəti iyulun 16-17-də Böyük Britaniyanın paytaxtı Londonda keçirilən “National Geographic Traveller” kulinariya festivalında iştirak edib.

    Report Agentliyə istinadən xəbər verir ki, tədbirdə milli mətbəx nümunələrimizlə yanaşı, Azərbaycanda çay mədəniyyəti, Qarabağ kətəsi də daxil olmaqla şəkərbura, paxlava, qoğal kimi milli şirniyyatlar, o cümlədən Azərbaycan şərabları təqdim olunub.

    Milli aşpazlarımız Cavid Həsənov, Ruslan Əlizadə və Samirə Əmrahovadan ibarət komanda festival iştirakçılarına, tədbiri ziyarət edən media nümayəndələrinə Azərbaycan mətbəxinin ən sevilən təamlarından olan qutab, yarpaq dolması, kələm dolması, müxtəlif növ plovlar, həmçinin kükünün bir sıra növləri hazırlayaraq təqdim edil.

    Festival çərçivəsindən milli mətbəximizin incilərini nümayiş etdirildiyi xüsusi masterklas keçirilib. 100 nəfərlik böyük auditoriya qarşısında baş tutan masterklasda aşpazlarımız tərəfindən 2017-ci ildə “Mədəni kimliyinin hissəsi olan dolmanın hazırlanma və paylaşma ənənəsi” nominasiyası üzrə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilən milli yeməyimiz dolma hazırlanıb.

    Dolmanın hazırlanma qaydası ilə yanaşı, auditoriyaya Azərbaycanın mətbəx mədəniyyəti, onun tarixi, fəlsəfəsi, mətbəxin formalaşmasına təsir edən əsas amillər barədə də məlumat verilib.

    Azərbaycan stendini ziyarət edən qonaqların ən böyük marağına səbəb olan yeməklərdən biri də məhz “Cənub çələngi” olub. 6 növ plov, ləvəngi növləri və turşuqovurmanın vəhdətindən formalaşan bu özünəməxsus təqdimat üsulu milli mətbəximizin müasir təqdimatı istiqamətində atılan mühüm addımdır. Bununla yanaşı, bu yeməkdə ölkənin əsas turizm marşrutlarından biri olan cənub istiqamətinin flora və faunası, həmçinin biomüxtəlifliyi də təmsil olunub.

    Tədbirdə iştirak edən Azərbaycan Turizm Bürosunun İdarə heyətinin sədri Florian Zenqstşmid hər bir ölkənin qastronomiyasının onun mədəniyyətinin güzgüsü olduğunu qeyd edərək əlverişli coğrafiya və fərqli iqlim zonalarının təsiri ilə yaranan biomüxtəlifliyin, həmçinin tarixi İpək yolunun bir parçası kimi müxtəlif xalqların və mədəniyyətlərin qovuşma mərkəzi kimi çıxış etməsinin Azərbaycan mətbəxinin dünyanın ən qədim, zəngin və ləziz mətbəxlərindən biri kimi formalaşmasına təsir göstərdiyini vurğulayıb.

    Milli Kulinariya Mərkəzi Azərbaycanın zəngin kulinariya ənənələrinin təbliğatı və qastronomiya turizminin inkişaf etdirilməsi məqsədilə nüfuzlu beynəlxalq sərgilərdə və platformalarda irimiqyaslı işlərin icrası üzrə fəaliyyəti davam etdirir.

  • İsraildə rəssam Rami Meirin və ənənəvi Quba xalçaçılıq məktəbinin xalça kolleksiyası sərgilənir

    “Xalça İncəsənət əsəri kimi: Sərhədlərdən uzaq. Zamansız ” sərgisi 2022-ci il iyulun 13-də Təl-Əvivdəki Herbert Samuel dokunda ziyarətçilərin ixtiyarına verilib.

    AZƏRTAC xəbər verir ki, ekspozisiya Azərbaycan Turizm Bürosunun İsraildəki nümayəndəliyi və “Azərxalça” ASC tərəfindən təşkil olunub.

    Layihə dünya incəsənətinin ayrılmaz parçası Azərbaycan mədəniyyəti, adət-ənənələri və sənətkarlığının, eləcə də dövlətdə uzun əsrlər boyu sülh şəraitində mövcud olan İsrail irsinin unikallığına həsr olunub.

    Təşkilatçılar tərəfindən dəvət olunan dağ-yəhudi əsilli İsrail rəssamı Rami Meirin (Rəhəmim Migirov) yaradıcılığı izləyənləri ölkənin xarakteri və rəngləri ilə tanış etməyə kömək edəcək.

    Ekspozisiyada İudaikaya həsr olunmuş silsilə rəsm əsərləri, “Rami Meir Art” və “Azərxalça” ASC-nin birgə əməkdaşlığı ilə Meirin rəsmlərinin süjetləri əsasında yaradılmış xalça pannoları nümayiş etdirilir. Bundan əlavə, mərkəzdə “Azərxalça” ASC-də toxunmuş ənənəvi Quba xalçaçılıq məktəbinə aid xalça kolleksiyası da sənətsevərlərin diqqətinə təqdim olunur.

    “Meir kimi məhşur sənətkarı İsraildə qəbul etməkdən çox şadıq. İrs, adət-ənənələr və mədəniyyət, eləcə də orijinal incəsənət turistləri hər zaman cəlb edən əsas amillərdəndir və Azərbaycan sadaladıqlarımın hər biri ilə zəngindir. Biz xüsusilə Rami Meirin təsirli yaradıcılığı ilə yanaşı, yəhudi irsinə və onun Azərbaycandakı köklərinə diqqəti cəlb etməyi hədəfləyirik”, - deyə ATB-nin İsraildəki nümayəndəsinin direktoru Cəmilə Talıbzadə sərginin açılışı zamanı bildirib.

    Xatırladaq ki, Rami Bakıda anadan olub. Bakının yeri onun qəlbində daim özəldir. Onun bütün yaradıcılıq layihələrinin özəlliyi isə mənəvi dolğunluq, yəhudi xalqının müqəddəs kitablarının müdrikliyi, fəlsəfəsi və biliyinin əksidir.

  • “Dəyirmi masa” layihəsinin növbəti tədbiri Azərbaycanın qadın pianoçusu Xədicə Qayıbovaya həsr olunub

    Beynəlxalq Muğam Mərkəzinin (BMM) “Dəyirmi masa” layihəsinin növbəti tədbiri Azərbaycanın ilk qadın pianoçularından biri Xədicə Qayıbovaya həsr edilib.

    AZƏRTAC xəbər verir ki, layihənin koordinatoru filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı pianoçunun həyat və yaradıcılığından bəhs edib.

    O, deyib: “Mövzunun aktuallığı onunla şərtlənir ki, Xədicə Qayıbova yaradıcılığı müxtəlif araşdırmaçılar, musiqişünaslar tərəfindən tədqiq olunsa, mətbuatda müxtəlif qəzet və jurnallarda haqqında məqalələr çap olunsa da yaradıcılığı daha ətraflı şəkildə ayrıca tədqiqat mövzusuna çevrilməyib”.

    Bildirib ki, Azərbaycanın ilk peşəkar qadın pianoçusu, muğamlarımızın fortepianoda ilk mahir ifaçısı kimi tanınan Xədicə Qayıbova haqqında çox yazılıb. Onun faciəli taleyi haqqında akademik Ziya Bünyadov, professorlar Rafael Hüseynov, Fərəh Əliyeva araşdırma və məqalələrində geniş bəhs ediblər. Professor F.Əliyeva “XX əsr Azərbaycan musiqi tarixi-totalitar zaman kəsiyində” adlı məqaləsində XX əsrdə repressiyaya məruz qalan incəsənət, musiqi xadimlərindən söz açarkən Xədicə xanımın da taleyinə işıq salır.

    Milli Konservatoriyanın professoru Abbasqulu Nəcəfzadə çıxışı zamanı deyib: “Tələbəm Məryəm Hüseynovanın Xədicə Qayıbova yaradıcılığı ilə bağlı apardığı tədqiqat, magistr işi, çox uğurlu nəticələr verib, bu günə kimə məlum olmayan faktlar aşkarlayıb. O, Bülbülün ev muzeyində Xədicə Qayıbovanın fonovalikə yazılmış ifasını, “Rast” muğamını aşkarlayıb. Həmçinin pedaqoji fəaliyyəti haqqında çox yazılsa da biz bu günə kimi onun tələbələrindən heç kimi tanımırdıq.

    “Magistr işimlə əlaqədar olaraq araşdırmam zamanı Bülbülün ev muzeyində Xədicə Qayıbovanın ifalarını aşkar etdik. Gələcək işimiz bu ifanı yeni rəqəmsal vasitələrə köçürüb ictimaiyyətə təqdim etmək, haqqında kitab yazaraq fəaliyyətini və yaradıcılığını bir nəşrdə cəm edərək oxuculara təqdim etməkdir”, - deyə Məryəm Hüseynova əlavə edib.

    Sənətşünaslıq üzrə fəlsəfə doktoru Minəxanım Babayeva, tədqiqatçı Turan İbrahimov, yazıçı Kənan Hacının çıxışları zamanı vurğulanıb ki, Xədicə Qayıbova ifa tərzi ilə təkcə musiqi həvəskarlarını deyil, musiqidən uzaq adamları belə heyran qoyurmuş. Evinin qapısı musiqi salonu kimi yerli və Bakıya gələn əcnəbi artistlər üçün daim açıq idi. Xədicə xanım enerjili, nikbin və təşəbbüskar bir qadın olaraq musiqi salonunun sahibəsi kimi musiqiçiləri, şair və yazıçıları, elm xadimlərini, aktyorları öz evinə toplayardı. Fortepianoda muğam improvizasiyaları ifa etməsi, dastanların toplanması və bu qəbildən olan fəaliyyəti onun yaradıcılığının əsası idi.

    Tədbirin sonunda Xədicə Qayıbovanın nəticələri Nuridə Sultanova və Heydər Sultanov layihənin təşkilinə görə BMM-nə minətdarlıqlarını bildiriblər. Evlərində nənələri ilə bağlı arxiv sənədlərinin olduğunu və bu sənədləri hər zaman mətbuata və araşdırmaçılara böyük məmnunluqla təqdim etdiklərini qeyd ediblər.

    Tədbirin bədii hissəsində BMM-nin solistləri Rəvanə Qurbanova və Elgiz Əliyevin ifasında xalq mahnıları və muğamlarımızdan parçalar təqdim edilib. Xanəndələri BMM-nin solistləri Rövşən Qurbanov (tar), Təbruz Usubov (kamança), Rəfael Əsgərov (balaban) və Amil Mustafayev (nağara) müşayiət edib.

  • “Lara Martin's Jazz Club” tamaşası bu gün nümayiş olunacaq

    Bu gün Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünya ədəbiyyatının görkəmli nümayəndəsi Aleksandr Ostrovskinin “Cehizsiz qız” pyesi əsasında hazırlanan “Lara Martin's Jazz Club” tamaşası nümayiş olunacaq.

    Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, rus bölməsində ərsəyə gələn əsərin quruluşçu rejissoru İradə Gözəlova və layihənin bədii rəhbəri Əməkdar incəsənət xadimi Əliqismət Lalayevdir. Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, musiqi tərtibatçıları Əməkdar artist Nərgiz Kərimova və adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılan Nərminə İsmayılova, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Emin Əliyev, rejissor assistenti Tamilla Aslanovadır.

    “Lara Martin's Jazz Club”da baş rolun ifaçısı Əməkdar artist Nərgiz Kərimovadır. Tamaşada Əməkdar artistlər Fərid Əliyev, Şövqi Hüseynov, Nahidə Orucova, aktyorlar Əliməmməd Novruzov, Rauf Babayev və Emil Heydərov iştirak edirlər.

    Fərqli səhnə tərtibatı ilə seçilən bu tamaşada aktyorların canlı ifalarında məşhur caz kompozisiyalarından nümunələr təqdim olunacaq.

    Qeyd edək ki, piano ifaçısı Nərminə İsmayılova və "DJ Maqa" – Məhəmməd Məmmədov da aktyorlarla eyni səhnəni bölüşəcəklər.

    Xatırladaq ki, İradə xanım bundan əvvəl Musiqili Teatrda Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir?”, SSRİ Xalq artisti Fikrət Əmirovun musiqiləri və “1001 gecə” nağıllarının motivləri əsasında “999-cu gecə” və İlyas Əfəndiyevin “Mənim günahım” (SSRİ Xalq artisti Q.Qarayevin musiqiləri əsasında) əsərlərinə quruluş verib. Peşəkar rejissorun hazırladığı tamaşalar teatrsevərlər tərəfindən hər zaman rəğbətlə qarşılanır.

  • Bu gün Xalq artisti Sədayə Mustafayevanın andan olmasından 96 il ötür

    Bu gün Xalq artisti Sədayə Mustafayevanın doğum günüdür.

    AZƏRTAC xəbər verir ki, 78 il ömür yaşamış sənətkar bir-birindən maraqlı obrazlar qalereyası yaradıb.

    Sədayə Mustafayeva 1926-cı il iyulun 15-də Şəki şəhərində anadan olub. 5 illik orta təhsilini bitirdikdən sonra Böyük Vətən müharibəsi başladığından atası İsmayılı və qardaşı Məhəmmədi müharibəyə yola salan Sədayə Şəkidə fəaliyyət göstərən İpəkçilik kombinatında Lətifə adlı bir ustanın yanında işləməyə başlayıb.

    Sonradan Şəki Dövlət Dram Teatrına aktrisa kimi gətirilib. Bir müddət burada bir-birinin ardınca maraqlı obrazlar qalereyası yaradan Sədayə Mustafayeva daha sonra fəaliyyətini Ağdaş və Göyçay teatrlarında davam etdirib.

    1950-ci ilin mart ayında Gəncə Dövlət Dram Teatrının direktoru, Xalq artisti, teatr və kino aktyoru, rejissor Məhəmməd Bürcəliyevin dəvəti ilə Sədayə xanım Gəncə Dövlət Dram Teatrına aktrisa kimi dəvət alıb. Bu teatrın səhnəsində 400-dən artıq maraqlı obrazlar yaradıb. "Vaqif"də Xuraman, Gülnar, "Aydın"da Gültəkin, "Pəri Cadu"da Pəri, "Solğun çiçəklər"də Sara, Pəri, Gülnisə, "Otello"da Emilya, "III-Riçard"da Yelizaveta, "Sokratla söhbətlər"də Ksantipa, "İtkin gəlin"də Səbihə, "Yad qızı"nda Həcər xanım, "Dairəni genişləndirin"də Aliyə, "Təbilçi qız"da Nila, "Kəndçi qız"da Bənövşə, "Dəli Kür"də Şahnigar, "Ana vüqarı"nda Ana, "Bəraət"də Rəşidə xanım, "Atayevlər ailəsi"ndə Dilşad xanım, "Xurşidbanu Natəvan"da Natəvan, "Qonşular"da Mətanət, "Almaz"da Almaz, "Sən həmişə mənimləsən"də Nargilə, "Mahnı dağlarda qaldı"da Rəxşəndə xanım və s. obrazları S.Mustafayeva yaradıcılığının ən gözəl nümunələrindəndir. Bu gün Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərən əksər aktyor və aktrisa truppası məhz S.Mustafayeva məktəbinin yetirməsidir.

    Xalq artisti S.Mustafayeva, həmçinin Azərbaycan filmin istehsalı olan 20-dən artıq filmə çəkilib. "Qanun naminə"də Xatun, "Mən ki gözəl deyildim"də Gözəl, "Şərikli çörək"də Şamama, "Qaynana"da Mülayim, "Ölsəm bağışla"da Suğra xala, "Ağ atlı oğlan"da Mirvari nənə, "Həm ziyarət, həm ticarət"də Ana, Amerika kinematoqrafçılarının istehsal etdiyi "İlk körpü" filmində Əsmər və s. filmlərini misal göstərmək olar. 1958-ci ildə "Əməkdar artist", 1981-ci ildə isə "Xalq artisti" fəxri adlarına, həmçinin 2003-cü ildə Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdünə layiq görülüb.

    Sədayə Mustafayeva 2004-cü il avqustun 13-də Gəncə şəhərində vəfat edib.

  • “Cadenza” orkestri mövsümün son konsertini verəcək

    İyulun 22-də “Cadenza” orkestrinin (Cadenza Contemporary Orchestra) Beynəlxalq Muğam Mərkəzində “Yaz və Yay! 2022” adlı növbəti və mövsüm üçün son konserti olacaq.

    AZƏRTAC xəbər verir ki, konsertdə orkestrin aprel ayında keçirilmiş “Partituralar üçün çağırış” müsabiqəsinin qaliblərinin əsərləri səslənəcək. Həmçinin konsertdə Azərbaycanda ilk dəfə hollandiyalı bəstəkar Louis Andriessenin “Workers Union” əsəri ifa olunacaq.

    Giriş sərbəstdir.