Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Azərbaycanın turizm imkanları Hindistanda nümayiş olunur

    Azərbaycan martın 14-də Hindistanın Mumbay şəhərində işə başlayan “OTM Mumbai 2022” beynəlxalq sərgisində milli stendlə təmsil olunur. Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycan Turizm Bürosu ilə yanaşı, sərgidə 10 yerli turizm şirkəti də iştirak edir.

    Azərbaycan Turizm Bürosundan AZƏRTAC-a bildiriblər ki, sərgi ziyarətçilərinə Azərbaycanın, o cümlədən işğaldan azad olunan ərazilərin turizm imkanları, postpandemiya dövründə ölkədə mövcud səyahət qaydaları, Azərbaycana səfər imkanları, yeni turizm məhsulları və istiqamətləri haqqında ətraflı məlumat verilir.

    Martın 16-dək davam edəcək beynəlxalq sərgidə Azərbaycan Turizm Bürosu tərəfindən ölkə turizminin təbliği və təşviqi ilə bağlı B2B görüşlərin və seminarların keçirilməsi nəzərdə tutulub. Bununla yanaşı, Azərbaycana tanışlıq səfərlərinin və birbaşa aviauçuşların təşkili ilə bağlı müzakirələrin də aparılması planlaşdırılır.

    Sərgi çərçivəsində panel müzakirələrində iştirak edən Azərbaycan Turizm Bürosunun Baş icraçı direktorunun müavini Bəhruz Əsgərov Hindistan bazarının Azərbaycan üçün prioritet bazarlardan biri olduğunu, hindistanlı turistlərin istirahətlə yanaşı, işgüzar turizm, toy və digər turizm növlərinə üstünlük verdiklərini diqqətə çatdırıb. O, cari il fevralın 15-dən Hindistanın hava yolu ilə Azərbaycana giriş-çıxışına icazə verilən ölkələr sırasında olduğunu, bunun iki ölkə arasında səfər saylarının artmasına müsbət təsir edə biləcəyini deyib.

    Qeyd edək ki, sərgiyə 55 ölkədən 1100-ə yaxın iştirakçı, 30 mindən çox turizm və səyahət üzrə ixtisaslaşmış mütəxəssisin qatılması gözlənilir.

  • "Artxronika" layihəsi çərçivəsində müzakirələr aparılacaq

    Martın 18-də XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində "Artxronika" layihəsi çərçivəsində müzakirələr aparılacaq.

    AZƏRTAC xəbər verir ki, müzakirələr Abşeron rəssamlıq məktəbinin Azərbaycan rəssamlarının yaradıcılığına təsiri, keçid prosesləri və müasir dövrümüzdəki rolu mövzularına həsr edilir.

    Tədbirin moderatoru Azərbaycan Milli Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, sənətşünas Shirin Melikova olacaq.

    Natiqlər qismində kulturoloq Elçin Şamilli və Bakı İncəsənət Mərkəzinin baş direktoru, təsviri incəsənət tədqiqatçısı Rafael Gülməmmədli iştirak edəcək. Onlar mövzu ilə bağlı fikir və təcrübələrini bölüşəcəklər.

    Həmçinin hazırda sərgisi XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində davam edən rəssam Mir Nadir Zeynalovun yaradıcılığında Abşeron məktəbinin təsirindən bəhs ediləcək.

  • Mədəniyyət naziri: "Şuşanın əhəmiyyətini beynəlxalq aləmdə də təbliğ edəcəyik"

    "Şuşa söhbətləri" layihəsi "Şuşa ili"nə həsr edilib. İstəyirik ki, bu il ölkəmizdə Şuşa bayramı əhval-ruhiyyəsi olsun. Bütün tədbirlərimizdə Şuşanı ana xətt kimi təbliğ etməliyik".

    Report xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov "Şuşa söhbətləri" layihəsinin təqdimatında deyib.

    Onun sözlərinə görə, bu il Şuşa şəhərinin təməlinin qoyulmasının 270 illiyi qeyd olunacaq. Nazir vurğulayıb ki, Şuşanın əhəmiyyəti təkcə onun tarixindən yox, həm də Azərbaycan mədəniyyətinin beşiyi olmasındadır.

    A.Kərimov keçirilən layihələrlə Şuşanın əhəmiyyətinin həm Azərbaycanda, həm də beynəlxalq aləmdə təbliğ olunacağını bildirib.

    O, həmçinin qeyd edib ki, bu cür tədbirlərlə il boyu müzakirələr həyata keçiriləcək.

  • Mədəni irsin rəqəmsallaşması məsələləri müzakirə olunub

    ADA Universitetində “Mədəni irsin rəqəmsallaşması” adlı konfrans keçirilib.

    “Report” xəbər verir ki, Macarıstanın Azərbaycandakı səfirliyinin dəstəyilə keçirilən tədbirdə səfir Viktor Szederkenyi iki ölkə arasında bir sıra sahələrdə, o cümlədən mədəniyyət və humanitar sahələrdə yaxından əməkdaşlıq əlaqələrinin qurulduğunu diqqətə çatdırıb.

    Macarıstan səfiri mədəni irsin rəqəmsallaşdırılması sahəsindəki təcrübələrini Azərbaycanla bölüşməyə hazır olduqlarını da qeyd edib.

    ADA Universitetinin prorektoru Fariz İsmayılzadə də günümüzədək gəlib çıxmış mədəni irsi, arxivləri, qədim xəritələri qoruyub saxlamağın əhəmiyyətinə toxunaraq Cümhuriyyət dövrü qəzetlərinin rəqəmsallaşdırılmasına dair yeni layihədən danışıb.

    Daha sonra Macarıstanın “Arcanum” şirkətinin nümayəndəsi çıxış edib. Həmin şirkət 2010-cu ildən qəzetlərin və tarixi xəritələrin bərpa və rəqəmsallaşdırılmasını həyata keçirir.

  • Filarmoniyada Novruz bayramına həsr olunan konsert keçirilib

    Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Novruza - təbiətin oyanmasını tərənnüm edən, insanların həyatına yaxşı dəyişikliklər gətirən qədim bahar bayramına həsr olunmuş konsert keçirilib.

    AZƏRTAC xəbər verir ki, konsert proqramında Əməkdar artist Almaz Orucova, respublika və beynəlxalq müsabiqələr laureatı Taleh Yəhyayev və Rəvanə Qurbanovanın ifasında xalq mahnıları və müəllif kompozisiyaları səsləndirilib.

    Azərbaycanın Xalq artisti Ağaverdi Paşayevin bədii rəhbəri və baş dirijoru olduğu Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı kollektivinin çıxışı da bayram əhval-ruhiyyəsi, xoş ovqat yaradıb. İfaçıların çıxışları tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.

  • İspaniya böyük turizm transformasiyası yolundadır

    İspaniyanın turizm sənayesi üçün problem, sektorun pandemiyadan əvvəlki göstəricilərini bərpa etmək və ölkənin qlobal turizm meyarını qorumaqdır.

    AZƏRTAC xəbər verir ki, Ümumdünya Turizm Təşkilatının (UNWTO) məlumatına görə, 2019-cu ildə pandemiyadan əvvəl İspaniya Fransadan sonra dünyada ən çox ziyarət edilən ölkə olub və ölkəyə 84 milyona yaxın səyahətçi gəlib. 2019-cu ildə turizm sektorunun İspaniya iqtisadiyyatına töhfəsi ÜDM-in 12,4 faizini təşkil edib. 2020-ci ildə COVID-19 pandemiyası səbəbindən turizmin payı ÜDM-də 4,3 faizə, xarici səyahətçilərin sayı isə 1968-ci ildən bəri ən aşağı səviyyəyə düşüb. Səyahət agentlikləri, mehmanxanalar, aviaşirkətlər, turoperatorlar və restoranlar dövriyyədə görünməmiş azalma yaşadı. İspaniyanın “Exceltur” Turizm Federasiyasının məlumatına görə, turizm sahəsində 300 minə yaxın iş ixtisara düşüb.

    İspaniya turizm sənayesi üçün bugünkü məqsəd 2019-cu ilin göstəricilərini daha davamlı, səmərəli və rəqəmsal yanaşma sayəsində geri qaytarmaqdır. İspaniyanın turizm sektoru ölkənin qastronomiyasına, incəsənətinə, tarixi və mədəni irsinə əsaslanan daha az mövsümi təkliflərlə “günəş və çimərlik” modelini birləşdirmək və beləliklə, turistlərin İspaniyada qalmasını zənginləşdmək niyyətindədir.

    İspaniya Hökumətinin COVID-19 pandemiyasından sonra NextGenerationEU (Next Generation EU) Avropa İqtisadi Bərpa Fondunun vəsaitlərindən istifadə edən "İspan İqtisadiyyatı üçün Bərpa, Transformasiya və Dayanıqlılıq Planı" İspaniya iqtisadiyyatının strateji mühərriklərdən biri olan turizm sektorunu canlandırmaq üçün 3,4 milyard avro ayırır.

    Bununla belə, turizm İspaniyada iqtisadiyyatın digər sahələrinin də inkişafını stimullaşdırmaqla yanaşı, bu sektor xüsusilə İspaniyanın Aralıq dənizi və cənub sahilyanı ərazilərində ətraf mühitə mənfi təsir göstərir.

    Avropanın bərpa planının məqsədi ölkənin təbii ehtiyatlarının qorunmasını birləşdirəcək turizmin inkişafını təmin etməkdir.

    Otel Texnologiyaları İnstitutunun (ITH) baş direktoru Alvaro Karrillonun sözlərinə görə, mobil proqramlar, beşinci nəsil 5G mobil rabitəsi və kibertəhlükəsizliklə bağlı texnoloji layihələrə təxminən 80 milyon avro ayrılacaq. Rəqəmsal texnologiyaların inteqrasiyası turizm şirkətlərinə biznesin yeni formalarını tapmağa və səyahət edənlərə göstərilən xidmətlərin keyfiyyətini artırmağa imkan verəcək.

    Ən iddialı layihələrdən biri destinasiyanın bütün turist təkliflərini və xidmətlərini bir tətbiqdə birləşdirən intellektual platformanın yaradılmasıdır. 100 milyon avroya qədər vəsait turist təklifinin şaxələndirilməsinə və yay aylarından sonra alış-veriş, təbiət, incəsənət kimi digər əyləncə növləri axtaran səyahətçiləri cəlb etməyə xidmət edəcək. Kanar və Balear adaları günəş və çimərlik təklifləri ilə beynəlxalq səyahətçilərin təxminən yarısını təşkil edir, bununla da iqtisadiyyatlarını turizm fəaliyyətləri ilə sıx bağlayır və deməli, adalar pandemiyadan böyük itkilərə məruz qalıb.

    İndi problem Kanar adalarında alış-veriş turizmini və ya Balear adalarında təbiət turizmini təşviq etmək kimi alternativlərlə ilin qalan hissəsi üçün arxipelaqların turist təklifini genişləndirməkdir.

    Avropa İqtisadi Bərpa Fondu Kanar və Balear adalarında turizm innovasiyalarını təşviq etmək, köhnə infrastrukturu yeniləmək, çimərlikləri və yolları bərpa etmək, daha ekoloji cəhətdən təmiz tullantıların idarə edilməsinin təşkil etmək, özlərini peşəkarcasına turizmə həsr etmək istəyən gənclər üçün xüsusi təlimlər keçirmək üçün 200 milyon avro ayıracaq.

    İspaniya UNESCO-nun Ümumdünya İrs Siyahısına ən çox yer verilmiş ölkələrdən biridir.

    Avropa fondlarından təqribən 500 milyon avro abidələrin və irs obyektlərinin, eləcə də turizmə açıq olan 50 tarixi binanın daha dayanıqlı olması məqsədilə bərpasına sərf olunacaq.

    Bu irimiqyaslı layihələrin həyata keçirilməsi ilə İspaniya hökuməti dünya turizm güclərinin reytinqində lider mövqeyini möhkəm saxlamaq niyyətindədir.

  • Xalça Muzeyində növbəti mühazirə

    Azərbaycan Milli Xalça Muzeyində “Dekorativ-tətbiqi sənətdə miniatür motivləri” adlı mühazirə keçirilib.

    Xalça Muzeyindən AZƏRTAC-a bildirilib ki, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyevin iştirakı ilə reallaşan mühazirədə miniatürün yaranma tarixi, onun Azərbaycan dekorativ-tətbiqi sənətində yeri və rolu barədə ətraflı məlumat verilib.

    Mühazirə müzakirələrlə davam edib.

  • “Qavaldaş” animasiya filmi Qobustan qoruğunda nümayiş edilib

    Qobustan Milli Tarix-Bədii Qoruğunda “Qavaldaş” animasiya filmi nümayiş edilib.

    AZƏRTAC xəbər verir ki, filmin bir hissəsi ABŞ, bir hissəsi Türkiyədə çəkilib, montaj hissəsi isə Azərbaycanda tamamlanıb. Filmdə uşaqlar Qobustanla bağlı öz fikirlərini bölüşürlər. Bundan sonra qoruğa ekskursiya edən uşaqlar filmi orada izləyə biləcəklər.

    Xatırladaq ki, yaxın zamanlarda ekran əsərinin rus və ingilis dillərinə dublyaj etdirilməsi də nəzərdə tutulur.

    Hazırda filmi qoruğun yutub kanalında izləmək olar.

  • BAFTA mükafatı qaliblərinin adı açıqlanıb

    BAFTA-nın (Britaniya Kino və Televiziya Sənəti Akademiyası) növbəti laureatlarının adı açıqlanıb.

    AZƏRTAC xəbər verir ki, qaliblər Britaniya Film Mükafatlarının 75-ci yubiley mərasimində elan edilib.

    Yeni Zelandiyalı dram rejissoru Ceyn Kempionun "The Power of the Dog" filmi ən yaxşı film mükafatına layiq görülüb. C.Kempion ən yaxşı rejissor mükafatını britaniyalı aktyor Benedikt Kamberbetçin oynadığı eyni filmə görə qazanıb.

    Aktyor Vill Smit ən yaxşı kişi roluna görə BAFTA mükafatına layiq görülüb, 53 yaşlı sənətçiyə mükafat "Kral Riçard" filmində tennisçilər Serena və Venus Uilyamsın atası rolunu qazandırıb. Bu, V. Smitin karyerasında ilk BAFTA mükafatıdır.

    Britaniyalı aktrisa Coanna Skanlan rejissor Alim Xanın "After Love" filmində Meri Hüseyn roluna görə “Ən yaxşı qadın rolu” mükafatını qazanıb.

  • Rüstəm İbrahimbəyovun əsərləri dövrünün reallıqlarını parlaq şəkildə əks etdirir

    Moskvada Rüstəm İbrahimbəyov ilə vida mərasimi keçirilib

    Moskvada müasir Azərbaycan mədəniyyətinin və kinosunun görkəmli nümayəndəsi, Xalq yazıçısı Rüstəm İbrahimbəyov ilə vida mərasimi keçirilib.

    AZƏRTAC xəbər verir ki, mərasim Moskvadakı Mərkəzi Kinematoqrafçılar Evində təşkil olunub. Görkəmli soydaşımız, məşhur incəsənət xadimi ilə vidalaşmağa gələnlər arasında mərhumun qohumları, dostları və yaxınları, ictimaiyyətin, Azərbaycan diasporunun nümayəndələri, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin və səfirliyimizin əməkdaşları, elm və mədəniyyət xadimləri var idi.

    Vida mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-Prezident Mehriban Əliyevanın imzaladıqları nekroloqun mətni və Rusiya Prezidenti Vladimir Putinin Rüstəm İbrahimbəyovun ailəsinə ünvanlandığı başsağlığı məktubu oxunub.

    Daha sonra çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu qeyd edib ki, Rüstəm İbrahimbəyovun adı və parlaq yaradıcılığı əsrlər boyu insanların qəlbində yaşayacaq. O, Rüstəm və Maqsud İbrahimbəyovlarla bağlı xatirələrini bölüşərək deyib: “Rüstəm İbrahimbəyov görkəmli dramaturq, yazıçı idi. Onun kino, teatr, ədəbiyyat sahələrində çox böyük uğurları var. Rüstəmin əsərləri dövrünün reallıqlarını parlaq şəkildə əks etdirir. Əlbəttə, belə böyük şəxsiyyət haqqında keçmiş zamanda danışmaq çətindir. O, Azərbaycanın, Sovet İttifaqının və Rusiyanın ən ali mükafatlarına layiq görülüb. Rüstəm İbrahimbəyovun adı əsrlərlə qəlblərdə yaşayacaq”.

    Kinorejissor və ssenariçi, Rusiyanın Xalq artisti Andrey Konçalovski bildirib ki, Rüstəm İbrahimbəyov həm Azərbaycan, həm də Rusiya kinematoqrafında bütöv bir dövrün yaradıcısıdır. “O, parlaq simalardan biri idi. Təəssüf ki, rus kinematoqrafiyasının borclu olduğu bir nəsil gedir. Biz və sözsüz ki, Azərbaycan mədəniyyəti Rüstəm İbrahimbəyovu unutmayacağıq”, - deyə rejissor vurğulayıb.

    Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy qeyd edib ki, Rüstəm İbrahimbəyov Vətəni Azərbaycanı çox sevirdi. M.Şvıdkoy deyib: “Heydər Əliyev Azərbaycan Mərkəzi Komitəsinin Birinci katibi vəzifəsində işləyərkən onun həyatında çox mühüm rol oynamışdı. “İstintaq” filmi 1978-ci ildə sovet kinematoqrafiyası sahəsində və siyasi aləmdə kəskin müzakirələrə səbəb olmuşdu. Lakin o zaman məhz Heydər Əliyev Rüstəm İbrahimbəyovun yaradıcılıq cəsarətini dəstəkləmişdi”.

    Mərasimdə görkəmli yazısı və rejissorun dostları, həmkarları, yaxınları çıxış ediblər.

    Rüstəm İbrahimbəyovun oğlu Fuad İbrahimbəyov atasının xatirəsinə göstərilən dərin ehtirama görə təşəkkürünü bildirib.

    Azərbaycan ədəbiyyatının və kino sənətinin görkəmli nümayəndəsi, tanınmış nasir, dramaturq, ssenarist və rejissor, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi, Xalq yazıçısı Rüstəm İbrahimbəyov 2022-ci il martın 10-da ömrünün 84-cü ilində Moskvada vəfat edib. Mərhumun nəşi martın 15-də dəfn olunmaq üçün Bakıya gətiriləcək.