Mədəniyyət Nazirliyinin “Şuşa mədəniyyətinin inciləri” layihəsi müxtəlif bölmələr üzrə təqdimatlarla davam edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, “Şuşa İli” münasibətilə həyata keçirilən layihənin “Şuşanın milli geyim üslubu” bölməsinin ilk təqdimatı mədəniyyət paytaxtımızın qadın geyim dəstinə həsr olunub.
Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialının kolleksiyasında qorunub saxlanılan və XX əsrin əvvəlinə aid olan qadın geyim dəsti yaraşıqlı arxalıq və ətəkdən ibarətdir. Bu dəst pambıq astarlı, üzəri qızılı rəngli butalarla bəzədilmiş “zərxara” adlı qiymətli parçadan hazırlanıb.
Qarabağ arxalıqlarını fərqləndirən əsas cəhətlər yaxasının buta və ya oval “oyma” formalı olması, qatlama ətəyi və nilufər (yelpazəli) qolları olub. Arxalığın nilufər qolları dirsəyə qədər düz, dirsəkdən aşağıya doğru genişlənən biçimə malikdir. Geyimin şax durması üçün bel qurşağının yanına yonulmuş yastı çubuq dikinə tikişlə bənd edilib.
Onu da qeyd edək ki, azərbaycanlı qadınların qurşaqdan aşağı üst geyimi topuqlara çatan ətək (tuman) olub. Ətək “taxta” adlandırılan 10-12 hissə parçadan tikilirdi.
YARAT Müasir İncəsənət Məkanının uşaqlar üçün təşkil etdiyi “Little YARAT” proqramının ustad dərsləri davam edir.
AZƏRTAC xəbər verir ki, proqram çərçivəsində növbəti dərsi Rəngkarlıq Muzeyində Anar Şəmsinin iştirakı ilə "Kubizm" mövzusuna həsr edilib.
Xatırladaq ki, proqram çərçivəsində bu ayın sonuncu dərsi martın 19-da Gülnarə Xəlilovanın iştirakı ilə "Fırça ilə yazılan poeziya" mövzusuna həsr olunacaq.
Xatırladaq ki, qeydiyyat çərşənbə axşamı və bazar günü saat 12:00-dan 20:00-dək aparılacaq.
Amerikalı aktyor, “Oskar” mükafatı laureatı Uilyam Hert vəfat edib.
AZƏRTAC rus mediasına istinadla xəbər verir ki, 71 yaşlı Uilyam Hert bir çox serial və filmlərdə rol alıb. Rol aldığı “Hörümçək qadının öpüşü” filminə görə “Oskar” mükafatına layiq görülmüşdü.
Sabah Azərbaycanda Novruz bayramının İlaxır çərşənbəsi - Torpaq çərşənbəsi qeyd olunacaq.
Report xatırladır ki, digər çərşənbələrdən fərqli olaraq, xalq axırıncı çərşənbəni xüsusi təntənə ilə qeyd edir.
İlaxır çərşənbədə bütün günü davam edən mərasim axşam şənlikləri ilə daha da gurlaşır. Üzərlik yandırılır, tonqallar alovlanır, tonqallar üstündən tullanılır, bacalardan torbalar sallanır, qurşaq atılır, qulaq falları qurulur. Axır çərşənbədə yaşından və cinsindən asılı olmayaraq hamı tonqalın üstündən tullanmalıdır, tonqalı söndürmək olmaz, o özü sönəndən sonra cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb, evdən kənar bir yerə, çölə atmalıdır. Bu o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtçiliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır. Axırıncı çərşənbə axşamı yalnız yaxşı sözlər danışılması adət hesab olunur.
Qədim el adətlərinə və inanclara görə, həmin gün evdən duz, su, pul, çörək, od, kibrit, neft, ağartı verməzlər. Axır çərşənbə günü ailə üzvlərinin sayına görə şam yandırılır, adətə görə şamı yarımçıq söndürməzlər. Həmçinin axır çərşənbə gecəsi ürəyində niyyət tutub yatılmalıdır. Deyilənə görə, ilin axır çərşənbə gecəsini öz evində qeyd etməlisən. Əks halda Novruzu yeddi il dalbadal başqa yerdə qarşılayacaqsan.
Qeyd edək ki, fevralın 22-də Su, martın 1-də Od, 8-də Yel (Hava) çərşənbəsi qeyd olunub. Yaz fəsli Azərbaycana martın 20-si saat 19:33-də daxil olacaq.
Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən bu il mart ayının 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. Martın 20-si bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci bəndinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 25 mart qeyri-iş günü olacaq. Beləliklə, 19, 26 və 27 mart tarixləri də şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Novruz bayramı ilə əlaqədar 9 gün ardıcıl (19, 20, 21, 22, 23, 24, 25, 26 və 27 mart) iş olmayacaq.
Martın 17-də “Azərbaycan Xalçaçıları” İctimai Birliyi “NUR Art House” qalereyası ilə birgə “Təbiətin oyanışı” adlı Novruz sərgisi təşkil edəcək.
AZƏRTAC xəbər verir ki, sərgidə “Azərbaycan Xalçaçıları” İctimai Birliyinin üzvlərinin hazırladıqları xalça, bədii tikmə, muncuqla tikmə, keçə, batika, zərgərlik, gəlinciklər və digər dekorativ-tətbiqi sənət nümunələri nümayiş olunacaq.
Sərgi “NUR Art House” qalereyasında açılacaq.
Prezident İlham Əliyev martın 14-də Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyi ilə bağlı Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, Xurşidbanu Natəvanın 190 illiyinə dair tədbirlər planını hazırlayıb həyata keçirmək Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla Mədəniyyət Nazirliyinə tapşırılıb.
Sərəncamda deyilir : “2022-ci ildə Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın anadan olmasının 190 ili tamam olur. Qarabağ xanlığının sonuncu varisi Xan qızı Natəvan mənbəyini doğma təbiətin gözəlliklərindən alan ədəbi yaradıcılığını xalqa məhəbbət nümunəsinə çevrilən xeyriyyəçilik fəaliyyəti ilə ahəngdar şəkildə uzlaşdırmış, yaşadığı Şuşa şəhərinin abadlığı və mədəni həyatının canlılığı üçün böyük zəhmət sərf etmiş, humanist təbiətinə və nəcibliyinə görə tanınıb fədakarlıq və mərhəmət mücəssəməsi kimi sevilmişdir. Xurşidbanu Natəvan Azərbaycan ədəbiyyatı tarixində diqqətəlayiq yer tutan söz ustalarındandır. İncəsənətin ayrı-ayrı növlərinə dərindən bələd olan sənətkar Şərq poetik ənənələrinə sədaqətlə yazıb yaratmış, mənəvi saflığa çağıran və insana məhəbbət, həqiqətə inam hissi aşılayan, zərif lirizmə malik və parlaq bədii boyalarla zəngin bir irs qoyub getmişdir. Onun başçılıq etdiyi ədəbi məclis öz ətrafında dövrün qabaqcıl ziyalılarını toplamış və Qarabağ ədəbi mühitinin inkişafına güclü təsir göstərmişdir.
Xurşidbanu Natəvanın yaradıcılığı həmişə diqqət mərkəzində saxlanılmış, xatirəsinin əbədiləşdirilməsi istiqamətində ölkəmizdə bir sıra tədbirlər həyata keçirilmiş, o cümlədən 1960-cı ildə Bakıda şairənin heykəli, 1982-ci ildə ulu öndər Heydər Əliyevin iştirakı ilə Şuşada büstü ucaldılmışdır. Ermənistan silahlı qüvvələrinin 1992-ci ildə Şuşanı işğal edərək buradakı tarixi-memarlıq və mədəniyyət abidələrini vandalcasına dağıdarkən güllə ilə zədələdikləri həmin büst 44 günlük Vətən müharibəsində şəhər şanlı Azərbaycan Ordusu tərəfindən azad olunduqdan sonra əzəli məkanına qaytarılmışdır. Bu gün Natəvanın Şuşada yenidən ucalan və möhtəşəm Zəfərimizin təntənəsini nümayiş etdirən büstü, eyni zamanda, xalqımızın milli mədəni irsə qayğısının rəmzi və mənəvi dəyərlərə ehtiramının təzahürüdür”.
Martın 17-də YARAT Müasir İncəsənət Mərkəzində belçikalı konseptual rəssam Mişel Fransuanın “Panoptikum: Təpəgözün baxışında donmuş anlar" fərdi sərgisi açılacaq.
AZƏRTAC xəbər verir ki, sərgi restriktiv, süni vasitələr və onu əhatə edən təbii elementlər arasındakı dialoq kimi nəzərdə tutulub və azadlıq ehtirasını simvolizə edir. İmmersiv instalyasiya, rəssamın Bakıdakı tədqiqat rezidenturasının nəticəsidir və ətrafdakı obyektlərə siklopik (təpəgöz) gözlə baxan müşahidə qülləsinin mərkəzi hissəsindən ibarətdir. Panoptikum hər şeyi müşahidə edir, həmçinin bizim varlığımızı çağırılmamış qonaqlar və ya şahidlər kimi əks etdirir. M. Fransuanın əsəri ilhamını, XVIII əsrdə sosioloq və filosof Ceremi Bentam tərəfindən ixtira edilmiş institusional həbsxana nəzarət sisteminin memarlıq modelindən alır. Dairəvi müşahidə otaqlarının pəncərələrini güzgülərlə əvəzləyən rəssam, qüllənin strateji məqsədini tərsinə çevirir.
Beləliklə, M. Fransuanın əsəri şəxsi həyatın toxunulmazlıq hüququnu sanki "oğurlayan və talayan" nəzarət cihazların sui-istifadəsindən bezmiş bugünkü cəmiyyətin skeptik tənqidi kimi başa düşülə bilər. Qüllə, həmçinin onun ətrafındakı boşluğu dolduran obyektləri əks etdirir. Digər heykəltəraşlıq müdaxilələri isə, tərk edilmiş çəkiliş meydançasında donmuş anları təqdim edirlər.
Bir çox digər öz sərgilərində olduğu kimi, rəssam daima "qaçış planı"nı axtarır. Elə görünür ki, o, bu azadlığı təbii elementlərin ram olunmayan gözəlliyində, məsələn: ətrafa bürünc fıstıqlar səpən xəyali fəvvarənin coşqun görünüşündə və ya qəribə bulud kimi səmada süzülən gümüş səddin eleqantlığında tapır. Eyni azadedici həzzi, YARAT-ın sifarişi ilə rəssam tərəfindən çəkildiyi filmdə, Azərbaycanın palçıq vulkanları landşaftının elmi fantastikaya bənzəyən sehrinin təkrar görüntülərini müşahidə edərkən hiss etmək olar. Burada fasiləsiz transformasiyada sönən qaz qabarcıqları ilə püskürən lava təsvir edilir. Onlar bir zamanlar sürrealistlərin "partlayış təhlükəli" adlandırmaq istədikləri sirli "məhvedici" gözəlliyə malikdir. Təqdim edilmiş digər heykəltəraşlıq kompozisiyalarının əksəriyyəti ölkənin həqiqi gizli xəzinəsi olan təbii resurslarına müəyyən üsulla istinad edən, diqqətlə seçilmiş zəif, demək olar ki, bayağı materiallardan ibarətdir.
Sərgi bizi reallığın və hər günümüzün dalğaları üzərində gəzinməyə dəvət edir, qısa bir zaman kəsiyində rəssamın melanxolik absurd teatrında iştirak edən təsadüfi turistlərə və ya aktyorlara çevirir. Onun əsərlərinin mərkəzində kiçik, sadə təsvirlərin və predmetlərin mürəkkəb dünyada bizim bəşər övladları olaraq necə davrandığımıza qərar verən əsas elementlər kimi çıxışını təhlil etmək ideyası durur.
Sərginin kuratoru Barselonada yaşayan belçikalı rəssam-kurator Erix Vaysdır (Erich Weiss). Hazırda o, Kasseldə keçirilən “Documenta fifteen” sərgisində ekspozisiya meydançasının koordinatoru kimi fəaliyyət göstərir.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşkilatçılığı ilə “Natəvan” klubunda “Dünya ədəbiyyatı” jurnalının “İsrail” nömrəsinin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə İsrailin Azərbaycandakı səfiri Corc Dik, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, AYB-nin sədri Anar, Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev, KİV və QHT təmsilçiləri iştirak ediblər.
Qənirə Paşayeva İsrailin Azərbaycan üçün dost ölkə olduğunu, əlaqələrimizin uzun bir zaman içərisində inkişaf edərək indiki yüksək səviyyəyə qalxdığını qeyd edib. O, İsrail tərəfindən Azərbaycanın haqq işinə güclü mənəvi dəstək verildiyini, xalqlarımız arasında bağlılığın daha da möhkəmləndiyini bildirərək, təqdim olunan nəşrin də bu cəhətdən xüsusi önəm daşıdığını dilə gətirib.
Belə ədəbi-mədəni layihələrin münasibətlərdə çox səmərəli rol oynadığını bildirən Q.Paşayeva Azərbaycan-İsrail arasında mədəni əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb. Bildirilib ki, ölkələrimiz arasında sıx əlaqələrin davamlı olacağına inamını ifadə edib. Komitə sədri bu cür layihələri dəstəkləməkdən məmnun olduqlarını deyərək, jurnalın redaksiya heyətinə “İsrail” nömrəsi üçün təşəkkür edib və yeni uğurlar arzulayıb.
Gəncə Dövlət Tarix Diyarşünaslıq Muzeyindən yoxa çıxan kitab hələ də tapılmayıb.
Bu barədə Report-a Mədəniyyət Nazirliyindən bildirilib.
"Araşdırmalar davam edir", - qurumdan qeyd olunub.
Xatırladaq ki, mədəniyyət naziri Anar Kərimov fevralın 3-də Gəncə şəhərində səfərdə olub. O, Gəncə Dövlət Tarix Diyarşünaslıq Muzeyinə də baş çəkib. Bu zaman məlum olub ki, muzey eksponatlarının qeydiyyat kitabı itib. Nazir buna görə muzey rəhbərliyinə iradını bildirib.
40 ildən artıq uşaq televiziya serialında “Sesame Street”də Luis obrazını canlandıran aktyor Emilio Delqado 82 yaşında vəfat edib.
AZƏRTAC rus mediasına istinadla xəbər verir ki, aktyorun Nyu-Yorkdakı evində qan xərçəngindən dünyasını dəyişdiyini həyat yoldaşı Kerol Delqado təsdiqləyib.
Delqado 1940-cı ildə Kaliforniyada anadan olub. Onun aktyorluq karyerası 1968-ci ildə PBS serialında "Song of the Race"də oynadığı rolla başlayıb.