Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • “Netflix” Rusiyada bütün fəaliyyətini dondurub

    “Netflix” videoyayım şirkəti Rusiyada bütün fəaliyyətini və kontentin satın alınmasını dondurub.

    AZƏRTAC EFE agentliyinə istinadla xəbər verir ki, şirkətin rusdilli auditoriya üçün dörd layihəsi, o cümlədən Lev Tolstoyun “Anna Karenina” romanı əsasında çoxlarının gözlədiyi “Anna K” serialı və Sovet İttifaqının süqutu ilə bağlı çəkilmiş “Zato” filmi var idi.

  • “Eşitdiklərim, oxuduqlarım, gördüklərim...”lə ən çox oxunan və sevilən yazıçı

    Bu gün görkəmli yazıçı Manaf Süleymanovun anadan olmasının 110-cu ildönümü tamam olur

    Əməkdar mədəniyyət xadimi Manaf Süleymanovun adı çəkiləndə istər-istəməz dərhal yadımıza “Eşitdiklərim, oxuduqlarım, gördüklərim...” adlı kitabı düşür. Sağlığında iki dəfə nəşr edilmiş bu kitab oxucular arasında böyük əks-səda doğurdu. Uzun illər bilmədiyimiz, əslində bizdən gizlədilən elə həqiqətlər, məlumatlar, hadisələr var idi ki, biz onu ilk dəfə məhz bu kitabda oxuduq. Əsər 1984-cü ildə “Azərbaycan” jurnalında dərc edildi və ədəbi ictimaiyyətdə böyük rəğbət yaratdı. Əsərin maraqla qarşılanmasına səbəb birdən-birə bilmədiklərimizin üzə çıxması oldu. 1987-ci ildə isə kitab halında oxuculara çatdırıldı. Burada Bakının qədim keçmişindən, inqilab dövründə “neft səltənətində” baş verən hadisələrdən, paytaxtımızın qarışıq günlərindən, düçar olduğu bəlalardan, daşnakların şəhər sakinlərinin başına açdığı oyunlardan və s.-dən bəhs edilirdi. Bir həqiqəti də deyək ki, Manaf Süleymanov bu kitabı ilə o vaxt ən çox oxunan, sevilən yazıçılardan birinə çevrildi. Təsəvvür edin ki, yeni nəşr 50 min tirajla çap edilsə də, kitab mağazalarında tapılmırdı. 1989-cu ildə görkəmli yazıçıya şöhrət qazandırmış “Eşitdiklərim, oxuduqlarım, gördüklərim...” kitabı 70 min tirajla yenidən çap edildi.

    AZƏRTAC xəbər verir ki, bu gün görkəmli yazıçı Manaf Süleymanovun anadan olmasının 110-cu ildönümü tamam olur.

    Manaf Süleymanov 1912-ci il martın 3-də Azərbaycanın İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub. Pedaqoji təmayüllü 18 nömrəli Bakı şəhər məktəbini bitirib, sonra Azərbaycan Neft-Kimya İnstitutunun Geoloji kəşfiyyat fakültəsində təhsil alıb. İnstitutu birinci dərəcəli fərqlənmə diplomu ilə bitirib kəşfiyyatçı-dağ mühəndisi adını alıb. Əmək fəaliyyətinə Qaradağ Neft-Qaz Mədənləri İdarəsində mühəndislikdən başlayıb. Azərbaycan Sənaye İnstitutunda “Neft-qaz yataqlarının geoloji axtarışı” kafedrasının dosenti olub.

    Ədəbi yaradıcılığa 1947-ci ildə "Azərbaycan" jurnalında dərc olunan "Yerin sirri" romanı ilə başlayıb. İngilis dilindən bədii tərcümələr etmiş, dövri mətbuatda məqalələrlə də çıxış etmiş, bəzən onları “Fərəcoğlu” imzası ilə çap etdirmişdir.

    Oxucular onun tərcüməsində Cek London, Con Steynbek, O’Henri, M. Kopelen, A. Qrasi, Oqoto, Aleks La Çuma, Y.A. Makmani, Piter Abrahams, R. Riv, A. Paton, Fillis Altman, Somerset Moem kimi görkəmli ingilis yazıçılarının əsərləri ilə tanış olublar.

    Manaf Süleymanov ilk dəfə olaraq Bakı tarixindən, Bakı milyonçuları və qoçularından, 1918-1920-ci illərində Azərbaycan Xalq Cümhuriyyətinin şəxsiyyətlərindən elmi-publisistik kitablar yazıb, nəşr etdirmişdir. Bu kitabların yazılmasında o, keçmiş SSRİ-nin və Azərbaycandakı Dövlət Arxivlərində 30 ilə yaxın çalışıb, qiymətli sənədlər əldə edərək gələcək nəsillərə qiymətli tarix, zəngin ədəbi irs toplayıb. Bütün bu sənədləri Manaf Süleymanov 1988-ci ildən başlayaraq vaxtaşırı Salman Mümtaz adına Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət arxivində mühafizəyə təqdim edb. Sənədlər əsasında onun 636 saylı şəxsi fondu yaradılıb. Şəxsi fondundakı sənədlər nəşr olunan kitablarının müxtəlif variantlarından, xatirələrindən, qeydlərindən, məktublarından ibarətdir.

    Manaf Süleymanov ingilis, fars, ərəb dillərini bilməklə yanaşı, rus dilində də yazıb yaradıb. Onun əsərlərinin ilk əlyazmaları sözsüz doğma Azərbaycan dilindədir, lakin ərəb əlifbasındadır. M.Süleymanovun zəngin ədəbi irsi arasında onun xatirələri xüsusi yer tutur. Məqalə, hekayə və təsviri sənədləri, fotoşəkilləri də şəxsi fondunda olan maraqlı sənədlərdəndir. "Şagirdlik illərim" adlı xatirəsi daha maraqlıdır. "Azərbaycan diyarı. Lahıc" ədibin Vətən, ocaq sevgisinin parlaq təsviridir.

    Onun 636 saylı şəxsi fondunda məşhur Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev haqqında topladığı arxiv sənədləri, Azərbaycan klassik musiqisinin atası, məşhur musiqiçi, bəstəkar, Şərqdə ilk operanın banisi Üzeyir Hacıbəylinin məktubunun surəti və s. arxiv sənədləri də qorunur.

    Romanları, povestləri, ssenariləri oçerk, hekayə, xatirə və tərcümələri müəllifin arxivdəki 2-ci elmi siyahısında rəsmiləşdirilib.

    Manaf Süleymanov 2001-ci il sentyabrın 12-də Bakıda vəfat edib.

  • Bakıda Müstəqil Teatrlar Festivalına start verilib

    Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Müstəqil Teatrlar Festivalının açılış mərasimi keçirilib.

    Report xəbər verir ki, tədbirdə Mədəniyyət Nazirliyinin rəsmiləri, tanınmış incəsənət xadimləri və mətbuat nümayəndələri iştirak ediblər.

    Festivalın təşkilatçılarından biri Xalq artisti Vidadi Həsənov bildirib ki, tədbir uzun müddətdən sonra Mədəniyyət Naziriliyinin yanında İctimai Şuranın köməyi ilə ilk dəfə keçirilir: "Bakıda 20-yə yaxın müstəqil teatr var. Buna görə sevindim. Düşünürəm ki, bu festival gəncləri daha da həvəsləndirəcək. Tədbir 7 gün davam edəcək. Festival çərçivəsində 11 tamaşa göstəriləcək, həmçinin panellər keçiriləcək. İnsanları festivalda iştiraka çağırıram".

    Daha sonra çıxış edən Fərəh Acalova festivalın işində uğurlar arzulayıb: "Bu təqdirəlayiq layihədir. Bütün layihələrdə özəl teatrlara yer ayrılır".

    Daha sonra Üzeyir Hacıbəylinin əsərləri əsasında hazırlanmış “Məsəl, ya...” tamaşası oynanılıb.

    Qeyd edək ki, festival martın 6-dək davam edəcək.

  • “Yaşasın maestro!” filmi “Amazon” və “Apple TV+”da

    Venesuelalı musiqiçi və bəstəkar Qustavo Dudamelin yaradıcılığından bəhs edən “Yaşasın maestro!” filmi ilk dəfə aprelin 8-də dünya kinoteatrlarında, daha sonra mayın 24-də “Amazon” və “Apple TV+”da nümayiş olunacaq.

    AZƏRTAC EFE agentliyinə istinadla xəbər verir ki, film, Los-Anceles Filarmoniyası və Paris Operasının Venesuela üzə filiallarının 2017-ci ildə direktoru vəzifəsində çalışan bəstəkarın, sosial etirazların alovlandığı bir vaxtda Maduro hökumətinə qarşı çıxışını nəql edir.

  • Ənənələrin varisliyi

    Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəylinin əsasını qoyduğu gözəl ənənələr müasir musiqiçilərin yaradıcılığında inkişaf etməkdə və öz əksini tapmaqdadır. Məlumdur ki, Üzeyir bəy musiqi sənətinin bütün sahələrində bizə yol açmış və istiqamətləndirmişdır. Onun irsi və təmayülü əsasında dünya əhəmiyyətli bir çox əsərlər yaradılmışdır.

    Musiqi sənətinin çoxşaxəli sahələrindən biri də xor yaradıcılığıdır. Üzeyir bəy təkcə ilk Azərbaycan xor kollektivinin yaradıcısı deyil, həm də xalq musiqisinin möhtəşəm aranjeman nümunələrinin və xor üçün orijinal əsərlərin müəllifidir.

    Xor musiqisinin müasir inkişaf mərhələsində öz yaradıcılığı ilə müasir xor sənətinin inkişafında mühüm rol oynayan musiqiçilər çoxdur. Bu şəxsiyyətlərdən biri də Azərbaycan Respublikasının Əməkdar artisti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Yulizana Kuxmazovadır. Y.Kuxmazovanın yaradıcılıq fəaliyyəti çoxşaxəlidir. O, həm xormeyster, həm də müəllimdir, bundan əlavə bəstəkarlıq və elmi fəaliyyətlə də məşğuldur.

    Bu fikirlər sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən İbrahimovanın Yulizana Kuxmazovanın yaradıcılığı haqqında yazdığı “Ənənələrin varisliyi” sərlövhəli yazısında yer alıb. AZƏRTAC yazını təqdim edir.

    Yulizana Kuxmazova 28 ildir ki, Azərbaycan Respublikasının xalq artisti, professor Gülbacı İmanovanın rəhbərliyi ilə fəaliyyət göstərən Azərbaycan Dövlət Xor Kapellasında xormeyster vəzifəsində çalışır. Gülbacı İmanova haqqında danışarkən Y.Kuxmazova deyir: “Gülbacı xanım pedaqoji təcrübədən mənim müəllimim olub, sonra isə o məni kapellaya işə dəvət edib. Mən ona dəstəyinə görə çox minnətdaram”.

    Y.Kuxmazova 1996-cı ildən pedaqoji fəaliyyətlə məşğul olur. Bu illər ərzində o, Bülbül adına Orta İxtisas Musiqi Məktəbində, Şuşa Musiqi Kollecində və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında çalışıb. Şagirdləri sonralar onun öz tələbələri olub və uğurlu təhsil prosesində dəfələrlə həm ölkəmizdə, həm də xaricdə keçirilən mötəbər müsabiqələrin laureatı adına layiq görülüblər.

    Yaradıcı insan olan Y.Kuxmazova praktiki işlərlə yanaşı bəstəkarlıqla məşğul olmağa başlayır. Əvvəlcə bu, xalq mahnılarının xor işləmələri idi, sonra maraq daha da artır və o, xor və solo ifa üçün öz əsərlərini yazmağa başlayır. Xalq mahnılarının xor üçün aranjemanları “Laçın”, “Yallı”, “Çal-oyna”, “Gəlməz yola gedirəm”, “Yarıma bax”, “Mən gülü dəstə bağlaram”, “Bilay bilay” mahnılarıdır. Kara toprak”, “Anlamadan eyledik”, “Zəfər marşı” (müşayiəti ilə), səs və orkestr üçün “Ol sən” (N.Gəncəvinin sözlərinə görə) mahnıları isə müəllif əsərləridir.

    Qeyd edək ki, 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi ilə əlaqədar bu il də böyük şair və mütəfəkkirin yaradıcılığına həsr olunmuş tədbirlər davam etdirilir. 2022-ci ilin mart ayında TÜRKSOY beynəlxalq türk mədəniyyəti təşkilatının himayəsi altında konsert keçiriləcək və konsertdə Y.Kuxmazovanın səs və orkestr üçün “Ol sən” əsərinin də ifası nəzərdə tutulub. Nizami Gəncəvinin qəzəlləri əsasında hazırlanan kompozisiya xüsusi olaraq TÜRKSOY üçün yazılıb. Qeyd edək ki, musiqiçinin TÜRKSOY ilə əməkdaşlığı 2019-cu ildə başlayıb (həmin il TÜRKSOY tərəfindən “Aşıq Veysəl ili” elan edilmişdir).

    Əsəri Özbəkistandan olan solistlər, beynəlxalq müsabiqələr laureatları Feruza və Nasir Yusupovlar (mezzo-soprano və bariton) ifa edəcəklər. Müəllif artıq ifaçılarla onlayn məşqlərə başlayıb.

    Vurğulayaq ki, Y.Kuxmazovanın bu əsərinə Azərbaycan Dövlət Kamera Orkestri də maraq göstərib.

    Yulizana Kuxmazova bir sıra respublika və beynəlxalq müsabiqələrin laureatı, dünya əhəmiyyətli bir çox beynəlxalq layihələrin münsiflər heyətinin üzvüdür. Onun əsərlərinin ifasını idarə edən dirijorlar Azərbaycan Respublikasının Xalq artisti Elnarə Kərimova (TRT, Ankara) və professor Gülmira Kuttıbadamova (Qazaxıstan) olub. Fevralın 15-də Ankara Televiziya və Radio Verilişlərinin çoxsəsli xoru Elnarə Kərimovanın səhnə fəaliyyətinin 30 illiyinə həsr olunmuş konsertdə Yulizana Kuxmazovanın “Kara toprak” kompozisiyasını ifa etmişdir.

    Y.Kuxmazovanın əsərləri Bolqarıstan, Serbiya, Portuqaliya və Xorvatiya səhnələrində də səsləndirilib.

    Sevindirici haldır ki, musiqi xadimləri bir-birinə dəstək olur, kömək edirlər. Nəcib jesti olaraq bəstəkarlar müsabiqəsi üçün parlaq kompozisiya yaradılmasına, Yulizana Kuxmazovanın bəstəkarlıq istedadının üzə çıxarılmasına təkan verən Azərbaycan Respublikasının Əməkdar artisti İlham Nəzərovun yaradıcı münasibətini misal göstərmək olar. Məqalənin qəhrəmanı deyir: “Bəzən insanlar özləri də bilmədən başqa bir insanın həyatında mühüm rol oynaya bilirlər. “Həyatımda belə insanlar çoxdur. Mənə stimul verirlər və mən dərhal ideyadan ilham alıram. İlham Nəzərov da o insanlardan biridir. O, mənə bəstəkarlar müsabiqəsi haqqında danışdı, hətta bəstəmi oraya göndərməyimə də kömək etdi”.

    2019-cu ildə Y.Kuxmazova beynəlxalq müsabiqənin münsiflər heyətinin üzvü kimi Qazaxıstana dəvət olunub. Eyni zamanda o, Filarmoniyada Qazaxıstan kamera xoru ilə çıxış etməyə dəvət aldı və orada Azərbaycan xalq mahnıları əsasında öz işləmələrini təqdim etdi. Musiqiçi onların xoru ilə işləməkdən böyük zövq aldığını qeyd edir.

    Vətənə qayıdan sonra Əməkdar artist öyrənib ki, TÜRKSOY Aşıq Veysəlin 125 illik yubileyinə həsr etdiyi “Kara topraq” əsərini qəbul edib, “Gelmez yola gediyorum” mahnısının işləməsi üçün də sifariş verib. Kompozisiya doqquz ölkədə ifa olunub və böyük uğur qazanıb, bundan sonra təşkilat Y.Kuxmazova ilə əməkdaşlığı davam etdirib.

    Bəstəkarlıq fəaliyyətindən danışarkən o deyir: “2021-ci il Yunus Əmrə ili elan olundu, mən “Anlamadan eyledik” əsərini yazdım. Bu kompozisiyaya görə TÜRKSOY-un diplomu ilə təltif olundum və beynəlxalq müsabiqədə buna görə Qran-Pri aldım və mükafatlandırma mərasiminə Türkiyəyə dəvət olundum. Əsər Bakı Musiqi Akademiyasında “Xarıbülbül” xor ansamblı tərəfindən də ifa olunub. Konsertdə MDB ölkələrinin nümayəndələri iştirak edirdilər, onların işimə xoş münasibəti mənim üçün çox dəyərli idi. Bilmirəm, məni bəstəkar hesab etmək olarmı, lakin yaradıcılıq prosesini çox bəyənirəm. Əsərlərimin hər biri müəyyən bir mövzuda yazılıb.

    Bəzən qeyri-peşəkarlarla da işləyirəm. Məsələn, ravvin Meyer Bruk ilə bir layihə hazırladıq. O, peşəkar musiqiçi deyil, amma gözəl musiqi duyumu var və gitarada mükəmməl ifa edir. Onun bəstələrini lentə aldım, aranjeman etdim və ondan sonra çoxsəsli oğlanlar xorunun ifası üçün işlədim. Hətta onun mahnılarından ibarət disk də çıxartdıq”.

    Qeyd edək ki, Y.Kuxmazova yaradıcılıq fəaliyyətində Azərbaycan xalq mahnılarının işləmələrinə xüsusi diqqət yetirir. Əsasən o, uzun müddət ifa olunmayan, bəzi Azərbaycan bəstəkarlarının heç vaxt istifadə etmədiyi motivləri seçməyə çalışır.

    Onun yaradıcılığında Azərbaycan xalq rəqsi “Yallı”nın işləməsi xüsusi yer tutur. Yulizana Kuxmazova deyir: “Yallı” çox spesifik əsərdir və digər əsərlərdən fərqlənir. Mən onu olduqca qeyri-adi formatda tərtib etmişəm. Burada musiqi müşayiəti yoxdur, lakin mən insan səsləri və bədən plastikası vasitəsilə orkestr effekti yarada bilmişəm. Əl çalmalar, çırtma vurmaq, step müşayiət rolunu oynayır və orkestri əvəz edir, hətta nağara belə insan səsi ilə təsvir olunur. “Body. Human. Sound” (“Bədən. İnsan. Səs”) adlanan bu layihə Azərbaycanda ilk dəfə idi. Kompozisiyanın premyerası 2016-cı ildə baş tutmuşdur”.

    Yulizana Kuxmazova həm də elmi işlə məşğuldur. O, “Vestnik” beynəlxalq elmi jurnalının redaksiya heyətinin üzvüdür, həmçinin QS Intelligence Unit (QSIU) təşkilatının ekspertidir. Y.Kuxmazova Azərbaycan xor sənəti haqqında, xor miniatürü janrına müraciət edən Azərbaycan bəstəkarları haqqında müxtəlif məqalələr yazıb və çap etdirib. O, hələ də yaradıcılıq axtarışındadır, yeni layihələrə hazırlaşır, daim öz üzərində işləyir və yaradıcılığı ilə ölkənin musiqi mədəniyyətinə töhfə verməkdə davam edir.

  • Belçikalı rəssamın əsəri Londondakı hərracda 80 milyon dollara satılıb

    Belçikalı sürrealist rəssam Rene Maqritin (1898-1967) “İşıq imperiyası” əsəri Londonda 59,4 milyon funta (təqribən 79,8 milyon dollar) satılıb.

    AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə “Sotheby's” hərrac evi məlumat yayıb.

    1961-ci ildə çəkilmiş bu tabloda toran vaxtı villa təsvir edilib. Evdə artıq işıq, binanın qarşısında isə ağ buludlu parlaq səma ilə tam ziddiyyətdə olan fənər yandırılıb.

    2009-2020-ci illərdə əsər Brüsseldə Maqrit muzeyində nümayiş olunub. Tablo Belçikanın paytaxtı ilə yanaşı, Paris, Vyana, Milan, Seul, Edinburq və San-Fransiskoda da nümayiş etdirilib. Bu seriyadan digər işlər Venesiya, Nyu-York, Hyuston və Brüssel muzeylərinin kolleksiyalarına daxildir.

  • "Şəhidlər ölməz" adlı videoçarx hazırlanıb

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının xidmət şöbəsinin müdiri Y.Babayeva "Şəhidlər ölməz" adlı videoçarx hazırlayıb.

    Baş İdarədən AZƏRTAC-a bildirilib ki, şəhid Ağabala İlqar oğlu Ağayevə həsr edilən videoçarxda şəhidin ömür və şərəfli döyüş yoluna geniş nəzər salınıb.

    Ağabala Ağayev 1997-ci il martın 3-də Azərbaycanın Şabran rayonunun Çölquşçu kəndində anadan olub. O, həmin kənddə orta təhsilini alıb. Ağabala Ağayev 2015-ci ildə hərbi xidmətə yollanıb. Kiçik çavuş olan A.Ağayev MAXE hərbi qulluqçusu vəzifəsində çalışıb. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Ağabala Ağayev Füzulinin və Cəbrayılın azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. O, oktyabrın 13-də, 23 yaşında Füzuli-Cəbrayıl istiqamətində şəhid olub. Ağabala Ağayev oktyabrın 14-də Çölquşçu kəndində dəfn edilib.

    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Ağabala Ağayev ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

    Videoçarx kitabxananın sosial media hesabları üzərindən paylaşılıb.

  • Kitabtoplama kampaniyası davam edir

    Erməni işğalından azad olunmuş ərazilərdə 90-cı illərin əvvəllərinədək fəaliyyət göstərmiş kitabxanaların kitab fondlarının bərpası ilə əlaqədar Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə keçirdiyi kitabtoplama kampaniyasına Azərbaycan Bəstəkarlar İttifaqı da qoşulub.

    Milli Kitabxanadan AZƏRTAC-a bildirilib ki, martın 3-də Azərbaycan Bəstəkarlar İttifaqı 22 nüsxə kitabı və Azərbaycan bəstəkarları və musiqiçiləri haqqında 54 nüsxə bukleti işğaldan azad olunan bölgələrdəki kitabxanaların fonduna hədiyyə edib.

  • Beynəlxalq Muğam Mərkəzində şair, tərcüməçi Ələkbər Ziyatayın xatirəsi anılıb

    Beynəlxalq Muğam Mərkəzində şair, tərcüməçi Ələkbər Ziyatayın xatirəsinə həsr olunmuş tədbir keçirilib.

    Mərkəzdən AZƏRTAC-a bildirilib ki, gecədə Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu, Əməkdar müəllim Ofeliya Babayeva çıxış edərək Ələkbər Ziyatay yaradıcılığından, şairin tərcümələri, lirik şeirləri və uşaq ədəbiyyatına verdiyi töhfələrdən söz açıblar.

    Bildirilib ki, müəllifin ürəkləri riqqətə gətirən şeirləri, qəlbləri ovsunlayan nəğmələri ötən əsrin Azərbaycan ədəbiyyatı tarixində öz yerini tutur. Yaradıcılığa keçən əsrin 30-cu illərində “İkibaşlı qartal”, “Berlində yanğın”, “İki cahan” şeirləri ilə gələn şair ədəbiyyatımızı çox dəyərli sənət inciləri ilə zənginləşdirib. Tərcüməçi kimi Əlişir Nəvainin, Puşkinin, N.Nekrasovun, T.Şevçenkonun və başqalarının əsərlərinə Azərbaycan dillində həyat verməklə bədii tərcümənin qabil ustası kimi tanınıb.

    Qeyd olunub ki, Ə.Ziyatay əsasən, nəğməkar şair kimi tanınırdı. Onun qəlb oxşayan mahnıları, incə qəzəlləri müğənnilərimizin, xanəndələrimizin sevə-sevə üz tutduğu ədəbi nümunələrdir.

    Çıxışların sonunda şairin qızı Pərvin Cəfərova atasının xatirəsinə olan diqqətə görə təşkilatçılara minnətdarlığını ifadə edərək atası ilə bağlı xatirələrini bölüşüb.

    Gecə bədii hissə ilə davam edib. Aktyorların ifasında şairin şeirləri və dillər əzbəri olan mahnılar səsləndirilib. Konsert proqramında Xalq artistləri Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, Əməkdar artist Zakir Əliyev, müğənnilər Rövşən Əziz, Sədəf Budaqova, Səbinə Ərəbli, Nicat Cəfərzadə, Kamilə Nəbiyeva, Günay İmamverdiyeva, Vüsal Hacıyev və Gülzar Fərəcova çıxış ediblər. İfaçıları Xalq artisti Adil Bağırovun rəhbərliyi ilə Əhsən Dadaşov adına “Xatirə” Xalq Çalğı Alətləri ansamblı müşayiət edib.

  • Azərbaycan Respublikasının mədəniyyət naziri vətəndaşları qəbul edəcək

    Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov martın 11-də saat 11:00-da Astara rayon Heydər Əliyev Mərkəzində Lənkəran, Lerik və Astara rayonlarından olan vətəndaşları qəbul edəcək.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, vətəndaşlar nazirliyin info@culture.gov.az elektron poçt ünvanı və (012) 493-30-02 telefon nömrəsi vasitəsilə martın 9-dək qəbula yazıla bilərlər.

    Qəbula gəlmək istəyən vətəndaşların, həmçinin yuxarıda adları qeyd edilən rayonların mədəniyyət şöbələri ilə əlaqə saxlamaları xahiş olunur.