Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Nazir: "Şuşada konservatoriya bərpa oluna bilər"

    "Şuşada konservatoriyanın bərpası ilə bağlı təkliflər var".

    Report xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov “Yaradıcı sənayedə çağırışlar və biznes imkanları” mövzusunda ictimai müzakirədə deyib.

    Onun fikrincə, Şuşanın ənənələri özünə qayıtmalıdır: "Müəssisələrimiz bərpa edilməlidir. Şuşanın Baş Planı hazırlanır və mədəniyyət mərkəzlərinin bərpası Baş Planda yer alıb".

  • Azərbaycan alimləri Baburilər sülaləsi ilə bağlı konfransda da iştirak ediblər

    Özbəkistan Elmlər Akademiyasının (ÖEA) Biruni adına Şərqşünaslıq İnstitutunda “Baburilər sülaləsi: tarixi, ədəbiyyatı, mədəniyyəti” adlı elmi konfrans keçirilib.

    AZƏRTAC xəbər verir ki, tədbirdə Özbəkistan və Hindistan alimləri ilə yanaşı, onlayn formatda Azərbaycan, Türkiyə, İran, İsveçrə və digər ölkələrin baburşünas alimləri də iştirak ediblər.

    Konfransı ÖEA-nın vitse-prezidenti, Biruni adına Şərqşünaslıq İnstitutunun direktoru Baxrom Abduhalimov açaraq şair və dövlət xadimi Zəhiriddin Məhəmməd Babur və Baburilər sülaləsi haqqında məlumat verib, bu sülalənin tarixdəki yerindən danışıb.

    Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov orta əsr Şərq mədəniyyətində, ədəbiyyatında və poeziyasında mühüm yer tutan yazıçı, özbək klassik ədəbiyyatının ən parlaq nümayəndələrindən biri, böyük şair, tarixçi, dövlət xadimi, istedadlı sərkərdə Zəhiriddin Məhəmməd Babur və Baburilər sülaləsi haqqında ətraflı söhbət açıb.

    O deyib ki, Babur Hindistanda Baburilər sülaləsini yaradıb və bu ölkənin tarixinə böyük dövlət xadimi kimi düşüb. Şairin özbək dilində yazdığı “Baburnamə” əsəri çox məşhurdur.

    Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri, professor Ramiz Əskər “Ankara Milli Kitabxanasında Baburun əsərləri”, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri Almaz Ülvi Binnətova “Baburnamə”də təzkirəçilik ənənələri” və həmin institutun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Bəxtiyar Məmmədov “Baburun əsərləri ümumtürk mədəniyyətinin tərkib hissəsi kimi” mövzularında məruzələr ediblər.

    Türkiyədən olan alim Tanju Seyhan, Şərqşünaslıq İnstitutunun əməkdaşları Salimaxon Eşonova, Aysara Madaliyeva və başqaları Babur və Baburilər sülaləsi haqqında ətraflı məlumat veriblər.

    Sonra tədbirdə fəal iştirak etdiyinə görə Samir Abbasova institutun diplomu təqdim olunub.

  • “Ana dilimiz milli sərvətimizdir” adlı tədbir təşkil olunub

    Fevralın 21-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon MKS-nin Uşaq şöbəsinin təşkilatçılığı ilə Xətai rayon 95 nömrəli tam orta məktəbdə Beynəlxalq Ana Dili Günü ilə əlaqədar “Ana dilimiz milli sərvətimizdir” adlı tədbir təşkil edilib.

    Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə AYB-nin üzvü, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, qiraətçi Xəzər Süleymanlı, AMEA kitabxanasının icraçı direktoru, dosent Şəhla Tahirqızı, ADNSU-nun dosenti Vəfa Abbasova, Vətən müharibəsi veteranı, tarzən Fərid Atazadə, gənc xanəndə Həmzə Həsənov, Cəbrayıl rayon Böyük Mərcanlı kənd orta məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

    Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

    Tədbirin aparıcısı Təranə Quliyeva bildirib ki, hər bir millətin varlığının mühüm amillərindən biri olan ana dili heç vaxt yaddan çıxmayan, unudulmayan qürur mənbəyidir. Tarix boyu başı bəlalar çəkmiş Azərbaycan xalqı zaman-zaman əzilsə də, repressiyalara məruz qalsa da, öz ana dilini qoruyub saxlaya bilib.

    Sonra Baba Vəziroğlu qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 44 günlük müharibədə torpaqlarımızı erməni qəsbkarlarından təmizlədi. Bu gün ana dilimiz vüsalına yetişdiyimiz Qarabağımızda səslənir və daim səslənəcək.

    Tədbirdə çıxış edən ziyalılar dilin hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitə olduğu bildiriblər.

    Daha sonra şeirlər oxunub, mahnılar ifa olunub.

  • Fransa xəbər portalı Xocalı haqqında məqalənin yayımına başlayıb

    Fransanın populyar “Musulmans en France” xəbər portalı Dövlət Tərcümə Mərkəzinin (ADTM) “Azərbaycan həqiqətləri beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Xocalı faciəsinin 30 illiyinə həsr olunmuş “Xocalı soyqırımı” məqaləsinin yayımına başlayıb.

    Dövlət Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, məqalənin müəllifi – ADTM-nin əməkdaşı, tanınmış jurnalist Hacı Abdulla, fransız dilinə tərcümə müəllifi, mərkəzin fransız dili mütəxəssisi Fuad Həsənoğludur.

    Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənilən “Musulmans en France” portalı müntəzəm olaraq səhifələrində dünya müsəlmanlarının tarixi, ədəbiyyatı, görkəmli şəxsiyyətləri ilə bağlı materiallar yayımlayır.

  • “AirBaltic” Riqa-Bakı uçuş reyslərini bərpa edəcək

    Latviyanın “AirBaltic” aviaşirkəti 2022-ci il mayın 1-dən etibarən Riqa-Bakı uçuş reyslərini bərpa edəcək.

    “Report” xəbər verir ki, uçuşlar həftədə 2 dəfə həyata keçiriləcək. Bir istiqamətə biletin qiyməti 145 avro təşkil edir.

    “AirBaltic” aviaşirkətinin Baş direktoru Martin Qauss bildirib ki, turist axını artdıqca, səfərlər üçün sərnişinlərə daha çox imkanlar təqdim edilə bilər.

    Xatırladaq ki, Azərbaycan və Latviya arasında hava əlaqəsi koronavirus pandemiyası səbəbindən dayandırılıb.

  • Azərbaycan neftinin qiyməti yenidən 100 dollara yaxınlaşır

    Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,45 ABŞ dolları, yaxud 1,48 % artaraq 99,34 ABŞ dollarına çatıb.

    Bu barədə Report-a neft bazarındakı mənbə məlumat verib.

    Dünən “Brent” markalı neftin bir bareli 92,22 ABŞ dolları olub.

    Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.

    Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

  • “Azərpoçt” yeni mobil tətbiqini istifadəyə verib

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyiniə məxsus “Azərpoçt” MMC kuryer xidməti üzrə mobil tətbiqini istifadəyə verib.

    Report bu barədə nazirliyə istinadən xəbər verir.

    Məlumata görə, vətəndaşlar mobil tətbiq vasitəsilə şəxsi və biznes məqsədli göndərişlərini indi daha rahat şəkildə göndərə bilərlər. Müştərilərə sürətli, keyfiyyətli, eləcə də münasib qiymətə çatdırılma təklif olunur. Bununla yanaşı, istifadəçi təcili və ya adi kuryer xidmətlərindən birini seçməklə göndərişin nə zaman təyinat nöqtəsinə çatmasına özü qərar verir.

    “Android” və “iOS” sistemli mobil cihazlar üçün nəzərdə tutulan tətbiqi “Apple Store” və “Play Market”dən yükləmək mümkündür:

    Göndərişlər ölkədə sürətli poçt rabitəsi xidmətləri (Express Mail Service – EMS) göstərən “Azərekspresspoçt” Rabitə Müəssisəsi vasitəsilə çatdırılır.

    Kuryer xidməti ilkin mərhələdə yalnız Bakı şəhərində göstərilir, gələcəkdə isə onun bütün ölkəni əhatə etməsi planlaşdırılır.

  • Milli Kitabxanada “Khojaly genocide – 30” adlı ingilis dilində virtual sərgi açılıb

    Xocalı soyqırımının otuzuncu ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və Mədəniyyət Nazirliyinin tədbirlər planına uyğun olaraq M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Khojaly genocide – 30” adlı ingilis dilində virtual sərgi açılıb.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, ingilis dilində virtual sərginin hazırlanmasında əsas məqsəd xarici oxucuları Xocalı soyqırımı haqqında məlumatlandırmaqdan ibarətdir. Virtual sərgidə Xocalı faciəsini özündə əks etdirən ingilis dilində kitablar və altyazılı fotoşəkillər nümayiş olunur.

    Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Khojaly_genocide_30/index.htm linkindən istifadə edə bilərlər.

    Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi ərazisində baş verən silahlı münaqişə zamanı törədilmiş ən qanlı cinayətlərdən biri idi.

  • Bəstəkarlar İttifaqında görkəmli musiqişünas Elmira Abasovanın xatirəsi anılıbElmira Abasovanın xatirəsi anılıb

    Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli musiqişünas-alim, Əməkdar incəsənət xadimi, professor Elmira Abasovanın anadan olmasının 90 illiyinə həsr olunmuş elmi konfrans keçirilib.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə qonaqları salamlayaraq Elmira Abasovanın Azərbaycan musiqi mədəniyyətindəki rolundan, verdiyi töhfələrdən, gözəl oratorluq qabiliyyətindən, həm ictimai, həm də pedaqoji fəaliyyətindən söz açıb.

    Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova Elmira Abasovanın çoxşaxəli yaradıcılığından danışıb, onunla birgə iş fəaliyyətlərindən, Elmira xanımın mühazirələrindən, professional pedaqoq kimi yetişdirdiyi çoxsaylı tələbələrindən bəhs edib, onun hər zaman öz işinə ciddi və məsuliyyətlə yanaşdığını vurğulayıb.

    Azərbaycanın Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə Elmira Abasovanı Üzeyirşünas alim kimi təqdim edib, onunla bağlı xatirələrini bölüşüb, Elmira xanımın çətin və gərgin 90-cı illərdə təşkil etdiyi konsert və konfransalrdan danışıb.

    Azərbaycanın Əməkdar müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Ülviyyə İmanova daha çox Elmira Abasovanın pedaqoji fəaliyyətinə istinad edib.

    Bildirilib ki, Elmira Abbasova 1932-ci il yanvarın 10-da anadan olub. O, 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını (hazırda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası) musiqişünaslıq ixtisası üzrə bitirib, həmin ildən ömrünün sonunadək bu müəssisədə pedaqoji fəaliyyət göstərib.

    E.Abbasova 1958-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, 1962-ci ildən musiqi tənqidi bölməsinin sədri, 1975–1999-cu illərdə ittifaqının katibi, o cümlədən SSRİ Bəstəkarlar İttifaqı İdarə heyətinin üzvü olub.

    Musiqişünas-alim, ictimai xadim E.Abbasovanın əməyi dövlət tərəfindən yüksək qiymətləndirilib. 1967-ci ildə Əməkdar incəsənət xadimi adına layiq görülüb, 1977–1991-ci illərdə isə Azərbaycan Dövlət Konservatoriyanın rektoruolub. O, yaradıcılıq boyu Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin yaradıcılığına böyük məhəbbət bəsləyib və ömrünün sonunadək onun əsəsrlərinə müraciət edib, öz təhlillərini dəfələrlə nəzərdən keçirərək yeni fikirlərlə genişləndirib. Görkəmli bəstəkar Qara Qarayevin yaradıcılığı da musiqişünası daim cəlb edib. O, 5 kitab və broşür, bir çox jurnal və toplularda nəşr olunmuş onlarla məqalə və oçerklərin müəllifidir.

    Elmira Abbasova eyni zamanda müxtəlif nəsillərdən olan görkəmli bəstəkarların və ifaçıların yaradıcılığını araşdırmışdır. Onun bu sahədə yazdığı "Cövdət Hacıyev", "Rəşid Behbudov", "Soltan Hacıbəyov", "Səid Rüstəmov", "Qurban Pirimov", "Bəhram Mansurov" və s. kitabçaları, elmi məqalələri Bakıda, Moskvada, keçmiş SSRİ respublikalarında çap olunub.

    Diqqətə çatdırılıb ki, E.Abbasovanın pedaqoji fəaliyyəti də geniş və məhsuldardır. O, onlarla musiqişünas, sənətşünaslıq namizədi yetişdirib.

    Konfransda tanınmış musiqişünas haqqında xatirələr səslənib, onun yaradıcılığının müxtəlif aspektləri işıqlandırılıb, alimin çıxışlarının videoyazıları təqdim olunub.

    Tədbirdə Elmira xanımın yaradıcılığı ilə birbaşa əlaqəli olan bəstəkarlar – Üzeyir Hacıbəyli və Qara Qarayevin əsərləri səslənib.

    Sonda Ülviyyə Hacıbəyova Elmira xanımın oğlu, istedadlı bəstəkar Elnar Məmmədovun Fortepiano üçün variasiyalarını və Qara Qarayevin “Eskiz” əsərini təqdim edib.

    Sonda Elmira Abasovanın qızı fəlsəfə doktoru, dosent Kamina Məmmədova hamıya öz təşəkkürünü bildirib.

  • Yeni “The Batman” filminin fraqmenti yayımlanıb

    Məşhur “Batman” filminin yeni bölümünün ilk fraqmenti paylaşılıb.

    AZƏRTAC türk mediasına istinadla xəbər verir ki, Robert Pattinsonun baş rolda oynadığı film martın 4-ü tamaşaçılara təqdim olunacaq.

    Qeyd edək ki, filmdə Zoe Kraviz, Paul Dano, Ceffri Uric, Endi Serkis, Kolin Farel və Con Turturro yer alıb.