Fevralın 25-də Bakı şəhərində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlının “Böyüməyən uşaqlar” kitabının motivləri əsasında səhnələşdirilmiş eyniadlı tamaşa nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, Ukrayna Azərbaycanlıları Radasının, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) təşəbbüsü, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Mədəniyyət Nazirliyinin iştirakı ilə təqdim ediləcək tamaşa Ukraynanın “Qara kvadrat” improvizasiya teatrı tərəfindən Opera və Balet Teatrında təqdim ediləcək.
Qeyd edək ki, Xocalı soyqırımı nəticəsində hər iki valideynini itirmiş 25 uşağın faciəsinə həsr olunmuş tamaşa ilk dəfə 2019-cu ildə Kiyevin “Bravo” teatrında səhnəyə qoyulub. Maraqla qarşılanan əsər Kiyev tamaşaçılarında böyük rezonans doğurub.
Xatırladaq ki, layihənin rəhbəri UABD sədri Hikmət Cavadov, ideya müəllifi və koordinatoru UABD sədrinin müavini Murad Cəfərovdur.
Banqladeşin Fransadakı səfirliyinin təşəbbüsü, bu səfirliyin və UNESCO-nun Katibliyinin birgə təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Günü virtual tədbirlə qeyd edilib. Ölkəmizin qurum yanındakı Daimi Nümayəndəliyi tədbirdə “Şuşa İli” çərçivəsində Azərbaycan dili ilə bağlı videotəqdimatla iştirak edib.
AZƏRTAC xəbər verir ki, Ana Dili Günü virtual tədbirində Azərbaycan da daxil olmaqla, UNESCO-ya üzv 24 ölkə iştirak edib. UNESCO baş direktorunun təhsil üzrə müavini Stefania Cianni çıxış edərək, ana dili haqqında, təhsil və bu gün COVID-19 pandemiyasının təhsilə mənfi təsirlərindən söz açıb. Sonra ölkələrin Ana Dili Günü münasibətilə hazırladıqları videolar yayımlanıb.
Daimi Nümayəndəliyimizin hazırladığı videotəqdimatda Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə 2022-ci ilin “Şuşa İli” elan edilməsi barədə imzaladığı müvafiq Sərəncama uyğun olaraq, 2021-ci ildə yenidən təşkil edilmiş “Xarıbülbül” musiqi festivalı çərçivəsində gənc istedadlı musiqiçimizin ifasında UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş muğamın “Bayatı –Şiraz” dəstgahı təqdim olunub. Virtual tədbirdə Azərbaycanın musiqi beşiyi, mədəniyyət paytaxtı –Şuşada, Cıdır düzündə “Xarıbülbül” musiqi festivalında səsləndirilmiş “Qarabağ şikəstəsi” yayımlanıb.
Daimi Nümayəndəliyimizin diplomatı Nigar Qurbanova Azərbaycan dili, tarixi və dilimizin inkişafı haqqında məlumat verib. Ana dilinin mədəniyyətin və özünəməxsusluğun ayrılmaz tərkib hissəsi, eləcə də dəyər və biliyin daşıyıcısı olduğunu qeyd edib. Ana dilinin həyatımızı zənginləşdirən adət-ənənələrin, ifadələrin, nəğmələrin qorunub saxlanması və ötürülməsi üçün həyati əhəmiyyət kəsb etdiyini deyib. Bu gün dünyada 50 milyondan çox insanın Azərbaycan dilində danışdığını bildirib. Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olduğunu diqqətə çatdırıb.
Vurğulayıb ki, tarixi İpək Yolunun mərkəzində, Şərqlə Qərbin, Şimalla Cənubun kəsişməsində yerləşən Azərbaycan müxtəlif mədəniyyətlərin və dinlərin qaynayıb-qarışdığı məkandır. Uzun müddət davam edən bu mədəni və dini müxtəliflik Azərbaycanın müxtəlif mədəniyyətlərin və dinlərin dinc yanaşı yaşaması və harmoniyası modelini formalaşdırıb. Azərbaycanda bütün millətlərin, etnik azlıqların və qrupların nümayəndələri bir ailə, qarşılıqlı anlaşma çərçivəsində informasiya mühiti formalaşdırırlar.
Ana Dili Gününə həsr olunmuş tədbirdə görkəmli Azərbaycan şairi Səməd Vurğunun “Azərbaycan” poemasından bir parça söyləyib:
Könlüm keçir Qarabağdan,
Gah bu dağdan, gah o dağdan.
Axşamüstü qoy uzaqdan
Havalansın Xanın səsi,
Qarabağın şikəstəsi...
Daimi Nümayəndəliyimizin Ana Dili Gününə həsr olunmuş, üzərində görkəmli Azərbaycan şairi Səməd Vurğunun “Azərbaycan” poemasından, eləcə də Azərbaycan dili haqqında mühüm məlumatlar plakatlar nümayiş olunub. Milli musiqimiz səsləndirilib.
Bu gün görkəmli bəstəkar, musiqi xadimi Fikrət Əmirovun anım günüdür
Azərbaycanın musiqi mədəniyyəti tarixində zaman-zaman çoxçeşidli sənət əsərləri ilə zəngin olan möhtəşəm bir xəzinə yaranmışdır. Bu tarixlərin hansı bir mərhələsinə, səhifəsinə nəzər salanda xalqın yaddaşında bənzərsiz və təkrarsız mədəni-ədəbi varidatları ilə naxışlanan musiqi xadimlərimizin əzəmətli simaları canlanır. Milli musiqi alətlərimizin ustad ifaçıları, görkəmli xanəndələr, bəstəkarlar, dirijorlar... hər biri də zamanında sənətlərinin bilicisi, xiridarı olmaqla yanaşı öz məktəblərini yaratmışlar. Bu məktəblər bütün dövrlərdə yeni musiqiçilər nəslinin yetişib formalaşmasına öz təsirini göstərmişdir.
Bu gün təqvimdə 20 fevral 2022-ci ildir və bu tarix bizə Azərbaycan musiqi mədəniyyətinin görkəmli simalarından olan bəstəkar, musiqi xadimi Fikrət Məşədi Cəmil oğlu Əmirovun anım gününü xatırladır.
Korifey sənətkarın irsi haqqında ilk fikir kimi onu deməliyik ki, Fikrət Əmirovun yaradıcı qayğılarla süslü bitkin ömrü öz sehri, gözəlliyi ilə insanı heyran edən gülzarlığa bənzəyir. Bəstəkar bu gülzarlığı sənət yollarında çəkdiyi cəfaları, əziyyətləri, gecə-gündüz qatlaşdığı zəhməti sayəsində malik olduğu sənət inciləri ilə yaratmışdır. Əlbəttə, fikrimizin davamı olaraq, böyük fərəh hissilə ruhumuza rahatlıq gətirən, vətənpərvərlik hissimizi coşduran bu gülzarlığa yaşıl bir zolağın içilə yol almaq tam zamanında, həm də xoş niyyətdən yaranmışdır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər yazıçı, publisist Şəfəq Nasirin Fikrət Əmirovun anım günü ilə bağlı hazırladığı “Sənətdə əbədilik meyarı” sərlövhəli yazısında yer alıb.
Deyir, çox zaman valideynin yaşadığı tale, ömür yolu övladın da həyatını oxşar, hətta eyni ahənglə müşayiət edir. Tarzən, bəstəkar Məşədi Cəmilin uşaqlığı, musiqidə qət etdiyi yollar necə bir çətinliklərdən, zəhmətlərdən keçibsə (atanın sənətkar ömründən başqa bir yazıda bəhs edəcəyimdən bu yazıda xanəndə haqqında sözümü məqamına əmanət edirəm), oğlu Fikrətin də həyatı çəkdiyi ağrılardan, çətinliklərdən sonra üzünə günəş təki doğub. Əslən şuşalı olan bəstəkar 1922-ci il noyabrın 22-sində qədim Gəncə şəhərində dünyaya gəlib. Gözünü dünyaya açandan qulağı əsrarəngiz musiqilər – muğamlar, mahnılar eşidib.
O da var ki, çox zaman uşaqlar hansı mühitdə doğulub boya-başa çatırsa, məhz tərbiyə aldığı, yetişdiyi həmin mühit də onların formalaşmasında mühüm rol oynayır. Sağlam, münbit mühitdə yetişəcəyi təqdirdə gələcəyin qapıları üzünə taybatay açılır. Fikrətin doğulduğu ailədə musiqiyə böyük məhəbbət olduğundan təbii ki, onun mayası, canı-qanı da musiqilə yoğurulmuşdur. Uşaq özünü dərk edəndən saatlarla, günlərlə atasının tarda ifasına qulaq asmaqdan yorulmur. Beləcə, tar onun uşaq qəlbində böyük sevginin qığılcımlarını yaradır. Lakin bu xoşbəxtlik, tara heyranlıq, qəlbində yaşatdığı şirin xəyallar qəflətən yarıda qırılır. O, 6 yaşında atasını itirməklə həyatının ilk ağır zərbəsini alır. Elə həmin vaxtdan anası Dürdanə xanımla yeddi baş külfətin dolanışığını, ağır güzarını hələ bərkiməmiş çiyinlərində çəkməli olur. Amma nə qədər məhrumiyyətlər yaşasa da fikri-zikri tarda olur. Məqam tapdıqca atasının qrammofon vallarına qulaq asır. Fikrətin balaca ürəyində tara elə bir sevgi yaranır ki, həyatını bu sehrli alətdən ayrı təsəvvür etmir. İllər sonra görkəmli musiqiçi, bəstəkar bu çalğı alətinə bağlılığını xatirələrində belə ifadə edəcəkdi: “Məni bəstəkar edən Azərbaycan tarıdır... Tar öz ahənginə, tembrinə, diapazonuna, gücünə görə təkcə bir alət deyil, sanki bir orkestri əvəz edir...” Budur musiqiyə sevgi, sənətə bağlılığın meyarı! Bu sevgiyə əlvanlıq, tər-təzə nəfəs qatan mühüm səbəblərdən biri də heç şübhəsiz, mayasında olan Şuşanın saf havası, gözəl, əsrarəngiz təbiəti, eyni zamanda yaşadığı qədim Gəncənin musiqi mühiti olmuşdur. Balaca Fikrətin bir xoşbəxtliyi də gözəl səsi olan bacısı Yaxşı ilə məktəbli çağlarından birlikdə çalışması idi, belə ki, bacısının ifa etdiyi xalq mahnılarını qardaşı tarda müşayiət edirdi. Belə məqamların birində istedad axtarmaq məqsədilə Gəncəyə gələn Üzeyir Hacıbəyli bu uşaqlarla tanış olur.
Fikrət, 1939-cu ildə ümumtəhsil məktəbi ilə yanaşı, orta musiqi məktəbini də bitirdikdən sonra Bakıya gələrək anası Dürdanə xanımın seçimi, məsləhətilə Konservatoriyaya daxil olur. Deyilənə görə, məşədi Cəmilin fitrətən istedadlı oğlu Fikrətin bu musiqi məbədində təhsil almasını Bülbül məsləhət bilmişdi. Xalqın sənətkar oğlu səhv etməmişdi, Fikrət Əmirovun böyük sənətə yolu məhz bu məbədgahdan başlamışdır. “Mənim yaradıcılığım, həyatım daha çox Bülbüllə bağlıdır”, - deyən Fikrətin sənətdə yaşadığı ilk dövr məhz Bülbüllə Üzeyir Hacıbəylinin qayğısı, köməyi sayəsində uğurlu olmuşdur. Gənc Fikrət ilk olaraq Üzeyir bəyin sinfində "Azərbaycan xalq musiqisinin əsasları" fənnini müvəffəqiyyətlə öyrənir. Xalq musiqisinə tükənməyən məhəbbətinin təsirilə xalq yaradıcılığı üslubunda bir sıra əsərlərini yazır. Onun gələcəkdə mükəmməl sənətkar kimi yetişməsində heç şübhəsiz, tələbəlik illərindən görkəmli musiqiçilərlə birgə ekspedisiyalarda olarkən folklor nümunələrini – mahnı və rəqslərini toplayaraq onları nota köçürməsi olmuşdur.
Həmin dövrdə Bakının musiqi mühiti ürəkaçan idi. İstedadlıların yaradıcı imkanlarını üzə çıxarması, yetişməsindən ötrü güclü istək, şərait vardı. Fikrət də heç bir məqamı ötürmədən musiqinin çoxçeşidli və rəngarəng sahələrinə bələd olmağa çalışırdı. O, Azərbaycan Dövlət Filarmoniyasında müntəzəm olaraq keçirilən konsertlərdə iştirak edir, qərb və rus bəstəkarlarının əsərləri ilə yaxından tanış olur və onlardan öyrənməyə səy edirdi. Eyni zamanda, təhsil illərində uğurlu çalışmaları ilə mükəmməl bilik və təcrübəyə yiyələnirdi. Fikrət Əmirovun tələbə taleyində mühüm əhəmiyyət kəsb edən amillərdən biri, onun tərcümeyi-halından öyrəndiyimiz kimi, Musiqi Akademiyasında müəllimləri bəstəkar Üzeyir Hacıbəyli və həmin dövrdə ustad musiqi xadiminin dəvəti ilə Bakıya dərs deməyə gəlmiş Boris İshakoviç Zeydman olmuşdur. Onu da xatırladaq ki, Azərbaycanın musiqi çələngində hər birinin öz ətri olan bəstəkarlardan Soltan Hacıbəyov, Süleyman Ələsgərov, Cahangir Cahangirov, Ədilə Hüseynzadə, Şəfiqə Axundova da məhz B.İ.Zeydmandan dərs almışdılar. Lakin deməliyik ki, Fikrət Əmirovun bəstəkarlıq ixtisasına yiyələnməsinin səbəbkarı, onun musiqiçi kimi yetişməsinə məhz Üzeyir Hacıbəylinin təsiri böyük olmuşdur.
Fikrət Əmirovun həyatı, yaradıcılıq taleyi ilk gənclik illərindən o qədər məhsuldar və uğurlu olub ki, bəzən musiqi mədəniyyətimizdə hərəsi bir varidat timsalında xalqın mənəvi xəzinəsinə daxil olan xeyli sayda çoxçeşidli əsərlərin cəmi-cümlətanı 62 illik ömürdə ərsəyə gəldiyinə heyrət etməmək olmur. Bu əsərlərin küll halında təkcə Azərbaycan cəmiyyətində deyil, bir çox dünya ölkələrində də yaratdığı təsiri göz önünə alanda, bəstəkarın zamanında şöhrətinin sərhədlər aşdığını biləndə necə heyrətlənməyəsən! Onun əsərləri bir çox xalqların da sevərək dinlədiyi, nümayişini böyük sevgilə izlədiyi sənət nümunələri sırasında öndəydi. Xalq yazıçısı Mirzə İbrahimov onun yaradıcılığında mühüm əhəmiyyət kəsb edən bu xüsusiyyəti belə qiymətləndirirdi: “Fikrət Əmirov musiqisi milli olduğu qədər də beynəlmiləldir. Onun sənətinin pərəstişkarları dünyanın hər yerindədir. Fikrət Əmirovun sehrkar musiqisi sevimli bəstəkarımızın ömrünü əbədi edəcək. Sorağını əsrlərdən-əsrlərə aparacaq...”
Bəstəkarın yaradıcılıq qayəsi, əsərlərinin ruhu təbii ki, onun melodiyasıdır, yenilikçi düşüncəsi ilə süslü olan melodiya. Bu yenilikçi ruh ilk olaraq bəstəkarın “Sevil” operasında özünü daha aydın büruzə vermişdir. Təsadüfi deyil ki, musiqi cəmiyyətində böyük coşqu ilə qarşılanan bu opera zamanında Üzeyir Hacıbəylinin “Koroğlu” operasından sonra ən uğurlu və ən yaxşı əsərlərdən biri hesab edilmişdir.
Fikrət Əmirovun ömür yolu Böyük Vətən müharibəsindən də keçir. Ağır keçirdiyi xəstəlikdən sonra ordudan tərxis olunaraq Gəncəyə qayıdır. Burada bir müddət Gəncə Dövlət Filarmoniyasında, Dram Teatrında fəaliyyət göstərir. "Böyük Vətən müharibəsi qəhrəmanlarının xatirəsinə" simfonik poeması da cəbhə həyatının mübarizlik səhifəsini əks etdirir. 1943-cü ildə Konservatoriyada yarımçıq qoyduğu təhsilini davam etdirmək üçün Bakıya yol alır.
Bir qədər əvvəldə qeyd etdiyimiz kimi, Fikrət Əmirovun böyük yaradıcılıq eşqilə qurduğu, düzən verdiyi gülzarlıq bir-birindən gözəl, özünün ideya-qayəsi ilə çox dəyərli, uzunömürlü olan, əbədiyyətə qədər yol salan çoxçeşidli əsərləri bütün zamanların mədəni sərvəti timsalındadır. "Ürəkaçanlar" və "Gözün aydın" musiqili komediyaları ilə musiqi aləminə qədəm qoyan Fikrət Əmirovun bir-birindən fərqli, mübarizlik, vətənpərvərlik, milli, bəşəri mahiyyət kəsb edən çoxlu sayda sənət nümunələri meydana gəldi. Simfoniyalar, operalar, baletlər, simfonik muğamlar, kamera instrumental əsərləri ona dünyaşöhrəti qazandırmışdır. Bunların sırasında... “Şur” “Kürd-Ovşarı”, “Xəzəri fəth edənlər”, “Ulduz”, “Sevil”, “Nəsimi”, “Gülüstan-Bayatı-Şiraz”, “Min bir gecə”, “Nizami”... kimi əsərləri bu gün də nəinki Azərbaycanda, dünyanın bir çox ölkələrinin böyük səhnələrində dünyanın ən məşhur dirijorları tərəfindən böyük məhəbbət və heyranlıqla ifadə olunub. Bəstəkar Azərbaycanın bir çox mədəniyyət və incəsənət xadimlərinin, klassik şairlərin obrazlarını da güclü intuisiyaya malik musiqisinin ecazı ilə yaratmışdır.
F.Əmirov yeri gəldikcə əsərlərinin ideyası, mənəvi temperamenti ilə bağlı fikirlərini də qələmə alırdı. Nizami poeziyasının dərinliyindən boy göstərən hikmətə, ibrətamizliyə, insana olan hüdudsuz və dəruni sevgidən vəcdə gələn bəstəkar “Nizami” baletini musiqi ictimaiyyətinə təqdim edəndən sonra yazırdı: “Nizami poeziyası gözəlliyi, onun məna dərinliyi və mahiyyəti, surətlərin əyaniliyi, yüksək mənəvi-etik idealları, ehtirasların çarpışması, ən başlıcası isə dramatikliyi və bəzən faciəvi gərginliyi ilə diqqəti cəlb edir. İstər şairin həyatında və istərsə də onun qəhrəmanlarının həyatında çox ağır təəssüratlar olmuşdur – mən bunlara biganə qala bilməzdim. Nizami Gəncəvi poeziyası musiqi tələb edir, bu poeziyanın özünəməxsus tonallığı, öz muğamı var”.
Fikrət Əmirovun yaradıcılığında Azərbaycan mövzusu böyük əhəmiyyət kəsb etmişdir. “Azərbaycan süitası” adlanan bu əsərdə, “Gənclik, gözəllik”, “Çoban bayatı”, “Kəndimizdə”, “Nəğməmsən, Bakı” adlı bölmələrdə bəstəkarın cahana sığmayan Azərbaycan sevgisi dinləyicilərin gözündə, könlündə munis duyğular oyadır. Bundan başqa, onun yaradıcılığında vokal əsərləri və musiqili komediyalar, kinofilmlərə bəslədiyi musiqilər, bəstəkarın böyük həssaslıqla, ürəyinin odu ilə yazdığı mahnılar da əhəmiyyətli yer tutur.
Adını çəkdiyimiz və çəkmədiyimiz əsərləri yarandıqca bəstəkara ana südü qədər halal olan fəxri adlar – “Stalin” mükafatı, “Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi”, “Azərbaycan SSR Xalq Artisti”, “Qırmızı Əmək Bayrağı Ordeni”, “Azərbaycan SSR Dövlət mükafatı”, “SSR Dövlət Mükafatı”, “Sosialist Əməyi Qəhrəmanı”... həm də Azərbaycan mədəniyyətinə verilən yüksək dəyər timsalında qiymətləndirilməlidir.
Nə xoş ki, Fikrət Əmirovun əsərləri zamanında öz dəyərini alıb, müəllif özü də yaradıcılığı ilə bağlı xatirələrində mühüm məqamlardan söz açaraq, əsərlərinin yazılmasında, musiqinin düşüncəsində yaratdığı hiss və həyəcanları, mövzularını, ədəbi tarixi şəxsiyyətlərin obrazları haqqında düşüncələrini xatirələrində qeyd edib. Bütün bunlar əsərlərini qavramağa, onlardakı temperamenti, musiqinin çoxçalarlı situasiyalarını duymağa, dərindən dərk etməyə yönəlmişdir. Təkcə musiqi xadimləri deyil, ədəbiyyat adamları, zövqlü ziyalı tamaşaçılar da bəstəkarın hər hansı bir baleti, simfonik əsəri, mahnıları haqqında xoş fikirlərini, heyrət və sevgilərini bölüşüblər.
Su kimi axıb-gedən insan həyatı özündən sonra silinməz iz qoyursa, bu, mənalı, tutya bir ömürdü. Bəstəkar Fikrət Əmirovun yaşadığı barlı-bəhrəli, mənəvi gözəlliklə süslü olan həyatı da qəlbimizdə həmişə duyğusal melodiya kimi səslənəcək. Səsləndikcə də gözümüzün qarşısında nurlu obrazı canlanacaq...
Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 30 il ötür.
Xocalı soyqırımının otuzuncu ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və Mədəniyyət Nazirliyinin tədbirlər planına uyğun olaraq M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Xocalı soyqırımı – 30” adlı virtual sərgi hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Xocalı faciəsini özündə əks etdirən kitab və dövri mətbuat materialları, fotoşəkillər nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Xocali_soyqirimi_30/index.htm linkindən istifadə edə bilərlər.
Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz vəhşiliklə qətlə yetirildi, 487 dinc sakin ağır yaralandı, 1275 nəfər isə girov götürüldü.
Xocalı qətliamı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi. Soyqırımının törədilməsinə görə Ermənistanın o zamankı siyasi-hərbi rəhbərliyi məsuliyyət daşıyır.
Heydər Əliyev Fondunun dəstəyi ilə fevralın 21-dən martın 1-dək Moskvada Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyinə həsr olunmuş silsilə mədəniyyət tədbirləri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, “Moskvada Azərbaycan günləri” adlı tədbirlər çərçivəsində Yeni Tretyakov qalereyasında Azərbaycanın Xalq rəssamı Tahir Salahovun “Tretyakov qalereyası kolleksiyasından olan əsərlər” (“Произведения из коллекции Третьяковской галереи”) sərgisi açılacaq.
Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri sərgisindəki “Azərbaycan” pavilyonunda isə “Azərbaycan xalçası - yeni baxış” (“Азербайджанский ковер — новый взгляд”) sərgisinin açılışı olacaq. Həmçinin “Azərbaycan” pavilyonunda Rusiyanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” poeması əsasında “Dildən-dilə” (“Из уст в уста”) ədəbiyyat layihəsi təqdim ediləcək.
Fevralın 22-də axşam isə “Qelikon-opera” musiqili teatrının səhnəsində “Azərbaycanın musiqi ulduzları Moskva səhnəsində” (“Музыкальные звезды Азербайджана на московской сцене”) adlı qala-konsert olacaq. Azərbaycanın Əməkdar artisti Fuad İbrahimovun dirijorluğu ilə keçiriləcək konsertdə Ceyla Seyidova, Dinara Əliyeva, Elçin Əzizov, Elvin Qəniyev, Murad Adığözəlzadə, Sahib Paşazadə, Şəhriyar İmanov, Yusif Eyvazov Azərbaycan və Rusiya bəstəkarlarının əsərlərindən ibarət repertuar təqdim edəcək.
Məşhur kanadalı müğənni Castin Biber yeni növ koronavirus infeksiyasına yoluxub və Las-Veqasdakı konsertini təxirə salıb.
“Report” xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.
Müğənninin nümayəndəsinin sözlərinə görə, Biber özünü yaxşı hiss edir. Konsert 28 iyuna təyin edilib.
Biberin növbəti konserti çərşənbə axşamı Arizona ştatının Qlendeyl şəhərində keçirilməlidir, lakin o da ləğv edilə bilər.
Gürcüstanın Batumi şəhərinin əsas simvollarından biri olan “Əli və Nino” abidəsi yeni işıqlandırma sistemi ilə təchiz edilib.
Report-un yerli bürosu xəbər verir ki, Batumi bulvarındakı məşhur monumentin hərəkət sistemi də yenilənib.
Bulvar idarəsindən bildirilib ki, abidənin müəllifi Tamara Kvesitadzenin iştirakı ilə həyata keçirilmiş işlər çərçivəsində gecə işıqlandırma sistemi tam dəyişdirilib, rəng effektləri əlavə olunub.
“Əli və Nino” abidəsi ötən gündən yenilənmiş işıqlandırma sistemi ilə Batumi bulvarının ziyarətçilərini valeh edir. İdarədən monumentin yeni həyat əldə etdiyi vurğulanıb.
Qeyd edək ki, Qurban Səidin dünyaca məşhur “Əli və Nino” romanının qəhrəmanları – azərbaycanlı gənc Əli və onun sevdiyi gürcü qız Ninonu təcəssüm etdirən abidə 2010-cu ilin oktyabrında açılıb. 2015-ci ilin avqustunda monumet demontaj olunaraq dəniz sahilindən 50-60 metr aralı yerə köçürülüb. Səbəb dəniz suyunun abidənin özülünə ziyan vurması olub.
Poladdan olan səkkiz metrlik abidənin özəlliyi ondan ibarətdir ki, hər axşam saat 19:00-dan etibarən Əli və Ninonun fiqurları hər 10 dəqiqədən bir vəziyyətlərini dəyişərək bir tam olana qədər yavaş-yavaş üz-üzə gəlirlər, bundan sonra əks proses başlayır.
Qazax rayon Daş Salahlı kəndinin Şahin Cəbiyev adına 2 nömrəli tam orta məktəbində “Biz sizdən öyrəndik qəhrəmanlığı!” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, məktəbin müəllim və şagirdlərinin, kənd ziyalılarının iştirakı ilə keçirilən tədbir Yasamal Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Xurşidbanu Natəvan adına 4 nömrəli kitabxana-filialının nəzdində fəaliyyət göstərən “Səməd Vurğun Poeziya Ocağı”nın və kəndin gənc yaradıcı gənclərinin birgə təşkilatçılığı ilə reallaşıb.
Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri Poeziya ocağının rəhbəri, şair-publisist Zərəngiz Dəmirçi Qayalı açaraq bacısı, könüllü döyüşçü Vəfa Dəmirçioğlu haqqında məktəblilərə məlumat verib.
Məktəbin direktoru Rəna Bayramova, gənc yaradıcı qrupun rəhbəri Elmar Sahib və başqaları Vəfa Dəmirçioğlunun yaddaşlara həkk olunan igidliyindən, darda qalan yurdu, doğma Daş Salahlı kəndi üçün etdiyi fədakarlıqlardan söhbət açıblar. Bildirilib ki, igid döyüşçünün xatirəsi hər zaman yad edilir. Xatirəsinə ehtiram əlaməti olaraq Qazax Rayon İcra Hakimiyyəti tərəfindən rayonun mərkəzində salınmış “Şəhidlər xiyabanı”nda, “Şəhidlərin qız qardaşı - Vəfa Dəmirçioğlu (Mansurova)” xatirə bulaq-kompleksi məktəblilər tərəfindən həmişə ziyarət olunur, abidəsi önünə tər çiçəklər düzülür, məktəbin foyesində böyüdülmüş şəkli daimi nümayiş edilir. Bildirilib ki, ötən ilin noyabrın 24-də general Həzi Aslanov adına Zabitlər Evində igid döyüşçünün 55 illiyi zabitlərin, əsgərlərin və ziyalıların iştirakı ilə təntənəli şəkildə qeyd olunub.
Çıxışlarda Vəfa Dəmirçioğlunun döyüş yolundan, göstərdiyi şücaətdən, Vətənə, torpağa sonsuz sevgisindən söz açılıb. Bildirilib ki, onun döyüş yolu gənc nəslin vətənpərvərlik ruhunda böyüməsi üçün əsl nümunədir. Vəfa Dəmirçioğlunun simasında bugünkü tədbirin də bir məqsədə - şəhidlərimizi, qəhrəman oğul və qızlarımızı tanıtmağa xidmət etdiyi vurğulanıb.
Tədbirdə, həmçinin Daş Salahlı şəhidlərinin və canlarını Vətənin azadlığı uğrunda qurban verən itkin düşmüş iki gəncin - Göycə və Vasif Eyvazovların da şərəfli ömür yolundan söhbət açılıb. Göycə Eyvazovun döyüş yoluna həsr edilmiş lent yazısı səsləndirilib. Şagirdlərin ifasında şəhidlərimizin igidliyini vəsf edən marş oxunub.
Məktəbin şagirdlərinin hazırladıqları Vətənin igid oğul və qızlarına həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim edilib.
Sonda tədbir iştirakçıları məktəbin foyesində Vəfa Dəmirçioğlunun və döyüş yoldaşlarının xatirəsinə həsr edilmiş sərgi ilə tanış olublar.
Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “21 Fevral – Beynəlxalq Ana dili Günü” adlı virtual sərgi hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Azərbaycanın görkəmli şəxsiyyətlərinin ana dili haqqında fikirləri, fotolar, mövzu ilə əlaqəli kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş edilir.
Qeyd edək ki, fevralın 21-i dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Əlamətdar gün 1999-cu ildə Banqladeşin təşəbbüsü ilə UNESCO tərəfindən elan olunub.
Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.
Azərbaycanda ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması Ulu Öndər Heydər Əliyevin dilin qorunmasına yönələn siyasətinin nəticəsidir.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Beynelxalq_ana_dili_gunu/index.htm linkindən istifadə edə bilərlər.
Energetika naziri Pərviz Şahbazov Qətərin enerji məsələləri üzrə dövlət naziri Saad Şerida al-Kaabinin dəvəti ilə bu ölkəyə səfər edib.
Report xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Məlumata görə, nazir bu gün və sabah paytaxt Dohada keçiriləcək Qaz İxrac edən Ölkələr Forumunun (GECF) Nazirlər İclasında, GECF-in dövlət və hökumət başçılarının 6-cı Sammitində iştirak edəcək.
GECF-in toplantılarında qlobal qaz bazarının mövcud vəziyyəti, inkişaf perspektivləri və qaz ixrac edən ölkələr arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə ediləcək. P.Şahbazovun hər iki tədbirdə çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.