"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin mərkəzi idarəetmə aparatında struktur dəyişikliyi olub.
Bu barədə Report-a qurumun mətbuat katibi Dilqəm Şərifov məlumat verib.
Onun sözlərinə görə, yeni sturuktura əsasən 7 şöbə, 3 sərbəst sektor və 11 tabeli sektor yaradılıb. Aparılan islahatlar kənd təsərrüfatı istehsalçılarının su tələbatının ödənilməsinə təkan verməklə yanaşı, idarəetmədə səmərəliliyin və şəffaflığın artırılması məqsədi daşıyır. Bununla da mərkəzi idarəetmə aparatının strukturu dəyişilərək daha müasir, günün tələblərinə uyğun, işin peşəkarlılığın artırılması, işin təşkilinin daha müasir formada görülməsi üçün yeni şöbə və sektorlar yaradılıb.
Cəmiyyət idarəetmədə təcrübəli kadrların cəlb olunması istiqamətində də addımlar atıb. Bu istiqamətdə cəmiyyətin mərkəzi aparatının strukturunun daha çevik idarəetmə qabiliyyətinə malik formada yenidən təşkili və bu sahəyə xarici dövlətlərdə təhsil almış, müasir biliklərə malik təcrübəli gənc kadrlar cəlb edilib. Bu ildə eyni zamanda müxtəlif ixtisaslı peşələrdə çalışan işçilərin ixtisas artırma kurslarına cəlb edilməsi nəzərdə tutulur.
"Ölkə rəhbərliyinin səhmdar cəmiyyəti qarşısında qoyduğu vəzifələrin icrası da sürətlə davam edir. Belə ki, meliorasiya və su təsərrüfatı sahəsi üzrə artan tələbatın təmin olunması, suvarma suyundan səmərəli istifadə edilməklə kənd təsərrüfatı istehsalçılarının suya olan tələbatının ödənilməsi istiqamətində, o cümlədən şəffaflığın və idarəetmədə səmərəliliyin artırılması məqsədilə müvafiq islahat tədbirləri həyata keçirilib. İslahat tədbirləri çərçivəsində büdcə vəsaitlərindən səmərəli və qənaətlə istifadə edilməsi, istismar tədbirlərinin keyfiyyətlə yerinə yetirilməsi, pərakəndiliyin aradan qaldırılması, satınalmaların vahid mərkəzdən idarə olunması və şəffaflığın təmin edilməsi məqsədi ilə ötən il bir sıra rayonlarda struktur vahidləri üzrə müəyyən dəyişiklik aparılaraq, bir-birini təkrarlayan 26 idarə ləğv edilib və həmin rayonlarda fəaliyyət göstərən Suvarma Sistemləri və digər idarələrlə birləşdirilib. Bu sahədə işlərin daha da təkmilləşdirilməsi üçün rayonlarda işlərin davam etdirilməsi nəzərdə tutulur", - deyə D.Şərifov əlavə edib.
Fevralın 21-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində “Qarabağ – tarixi-mədəni irsimizdən” adlı kitabın təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə “İçərişəhər” Qoruq İdarəsinin Aparat rəhbəri Read Qasımov kitabın gözəl diyarımız olan Qarabağın dünya miqyasında tanınmasında xüsusi rol oynayacağını deyib: “Kitabda Azərbaycanın və ümumiyyətlə, bəşəriyyətin ən qədim və zəngin tarixə malik olan ilk insan məskənlərindən biri olan Qarabağın tarixini, numizmatikası, epiqrafik abidələri, xalçaçılıq, dulusçuluq, milli geyimləri, bədii metal və zinət əşyaları haqqında ətraflı və dərin məlumatlar yer alıb. Qarabağın tarixi zəngin mənbələr əsasında tədqiq olunduqca “Qarabağ" sözünün etimologiyası, qədim dövrlərdən bəri bölgənin tarixinə dair maraqlı məlumatlar üzə çıxıb. Kitabda toplanan materiallar Qarabağın xristian və İslam dövrü epiqrafik abidələrinin Azərbaycan xalqının mədəni irsi olduğunu bir daha təsdiqləyir. Əminəm ki, bu kitab alim, tarixçi və xüsusilə, gənc nəslin maarifləndirilməsində əhəmiyyətli yer tutacaq”.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru, professor Kərim Şükürov çıxış edərək qeyd edib ki, nəfis şəkildə Azərbaycan və ingilis dillərində nəşr olunan bu kitabla Azərbaycan Qarabağşünaslığı daha da zənginləşəcək. Bildirilib ki, kitabda Qarabağın xristian və islam dövrü epiqrafik abidələri ətraflı tədqiq edilib. Qarabağda mövcud olan xristian məbədlərinin Azərbaycan xalqının mədəni irsi olduğu bir daha epiqrafik abidələr əsasında təsdiqlənib. İslam dövrü abidələri üzərində olan epiqrafik yazılara əsasən Qarabağda yaşayıb fəaliyyət göstərən alim, memar, nəqqaş, xəttat, sufi şeyxləri, Qarabağ memarlıq məktəbinin banilərinin adları tarixə salınıb.
Daha sonra kitabın müəllifləri, tarix elmləri doktoru Vəfa Quliyeva və tarix üzrə fəlsəfə doktoru Qənirə Pirquliyeva, eləcə də professorlar Qafar Cəbiyev, dosentlər Pərvin Ahənçi, Hicran Mahmudova, Əsgər Əhməd çıxış edərək kitab haqqında öz təəssüratlarını bölüşüblər.
Çıxışçılar “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin layihəsi kimi hazırlanan və nəşr olunan bu kitabın mühüm əhəmiyyətindən danışıblar. Vurğulanıb ki, “Qarabağ – tarixi-mədəni irsimizdən” kitabı erməni vandalları tərəfindən Qarabağda Azərbaycan xalqına, onun mədəni irsinə qarşı aparılan soyqırımına bir cavabdır və mədəni irsin bərpası istiqamətində daha bir əhəmiyyətli vasitədir.
Nəşrdə İslam dövrü abidələri üzərindəki epiqrafik yazılara əsasən Qarabağda yaşayıb fəaliyyət göstərən alim, memar, naqqaş, xəttat və sufi şeyxlərin, Qarabağ memarlıq məktəbinin banilərinin adları çəkilir. Qarabağın əsrlər boyu bənzərsiz sənət əsərlərini yaradan istedadlı sənətkarları, onları yetişdirən sənətkarlıq məktəbləri haqqında geniş məlumat verilir. Bununla yanaşı, kitabda Qarabağ ədəbi mühitinin formalaşmasından, görkəmli ədib, şair, yazıçıların, mütəfəkkirlərin, musiqiçilərin həyat və yaradıcılığından da bəhs olunur. Kitabda, həmçinin ilk insan məskənlərindən biri kimi Qarabağın adı çəkilir və onun tarixi, numizmatikası, epiqrafik abidələri, xalçaçılıq məktəbi, dulusçuluq, milli geyimlər, bədii və zinət əşyaları, ədəbi mühit, musiqi və teatrı haqqında geniş məlumatlar verilib.
Tarixi əsərdə insan həyatında önəmli faktor olan pulaqədərki mübadilə vasitələrinin növləri, eynilə ərazidə yaşayan yerli tayfaların digər xalqlarla iqtisadi-mədəni münasibətlərinin inkişafı haqqında məlumat verilib.
Kitabda Qarabağın qədim dövrlərdən bəri, əsrlər boyunca bənzərsiz sənət əsərlərini yaradan istedadlı sənətkarları, onları yetişdirən sənətkarlıq məktəbləri haqqında geniş bəhs olunub.
Qeyd edək ki, “Qarabağ – tarixi-mədəni irsimizdən” adlı nəfis əsərdə, həmçinin 44 günlük haqq savaşımızın təfərrüatları da əks olunub və bu əsər erməni vandalları tərəfindən Qarabağda Azərbaycan xalqının mədəni irsinə edilən soyqırımına qarşı bir cavabdır və mədəni irsin bərpası istiqamətində yardımçı vəsait ola bilər.
Azərbaycan mədəniyyətinin, incəsənətinin xaricdə təbliği ilə məşğul olan “İRS” jurnalının Çin dilində növbəti nömrəsi nəşr edilib.
AZƏRTAC xəbər verir ki, jurnalın bu sayında ölkəmizin, o cümlədən Qarabağın mədəniyyətinə, qədim tarixinə, Ermənistanın işğalçılıq siyasətinə və onun mənfur nəticələrinə, İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış yeni reallıqlara aid məlumatlar yer alıb.
Baş redaktor Musa Mərcanlı “Azərbaycanda tarixi ədalətin bərpası” başlıqlı “Ön söz”də jurnalın budəfəki nömrəsində əsas diqqətin Qarabağ və onunla bağlı hadisələrə yönəldiyini bildirib. Qeyd olunub ki, 30 ilə yaxın Ermənistanın işğalı altına olan Qarabağın azad edilməsinin tarixi əhəmiyyəti böyükdür. 2020-ci ilin noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri 44 günlük müharibənin nəticələrini rəsmiləşdirən və Azərbaycanın ərazi bütövlüyünün bərpasını qeyd edən üçtərəfli bəyanatı imzalayıblar. Bununla da ədalətsizliyə son qoyuldu və zəmanəmizin ən uzun münaqişələrindən biri dayandırıldı.
Jurnalda ötən ilin payızında baş verən və cəmi 44 gün davam edən müharibədə Azərbaycanın parlaq qələbəsindən sonra yeni geosiyasi vəziyyətin formalaşması barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun “Postmüharibə dövrünün reallıqları” adlı məqaləsində də geniş bəhs olunur. Məqalədə İkinci Qarabağ savaşındakı qələbə sayəsində Azərbaycanın beynəlxalq hüququn, BMT və digər beynəlxalq təşkilatların münaqişəyə dair qəbul etdiyi sənədlərin tələblərini yerinə yetirdiyi bildirilib.
Mədəniyyət naziri Anar Kərimovun “Qarabağın azadlığı ilə bütövləşən Azərbaycan mədəniyyəti” adlı məqaləsində Qarabağın Azərbaycan mədəniyyətinin tarixində və bu günündə mühüm yeri xarakterizə edilib. Məqalədə Pənahəli xanın əsasını qoyduğu Qarabağ xanlığının, saldırmış olduğu Şuşa şəhərinin, Qarabağda həmin dövrdə tikilmiş tarixi abidələrin, burada yaranmış mədəniyyət, ədəbiyyat və musiqi nümunələrinin Azərbaycan mədəniyyətində tutduqları yerin əhəmiyyətini qeyd olunub. 30 illik erməni işğalı dövründə dağıdılmış mədəniyyət abidələrinin bərpası, xüsusilə də azad Şuşada yenidən “Xarıbülbül” musiqi festivalının keçirilməsi hər şeydən əvvəl bunu göstərir: Qarabağın azad edilməsi ilə Azərbaycanın bu qədim diyarına mədəniyyət yenidən qayıdır, Azərbaycanın ərazisi kimi mədəniyyəti də birləşir, bütövləşir. Bunun sayəsində də Azərbaycan müstəqilliyini əldə etdikdən sonra ilk dəfə olaraq dünyaya öz mədəniyyətini bütövlükdə təqdim etmək imkanı qazanır.
Rusiyalı politoloq, tarix elmləri namizədi, professor Oleq Kuznetsov “Təcavüz üçün yaradılmış dövlət” məqaləsində belə bir tezis irəli sürülür ki, Azərbaycana qarşı təcavüz siyasət erməni dövlətinin əsas hüquqi sənədlərindən, o cümlədən Ermənistanın Dağlıq Qarabağ ilə birləşməsi haqqında 1989-cu ildə qəbul edilmiş sənəddən irəli gəlir. Belə çıxır ki, müasir Ermənistanın konstitusion-hüquqi əsasları yenidən nəzərdən keçirilməyincə bu siyasət davam edəcək.
Rusiyalı jurnalist Andrey Vasilyevin “Qarabağ haqqında kənardan qeydlər”ində mətn və fotoşəkillərin dili ilə işğalçıların Qarabağda törətdikləri dağıntıların miqyası, o cümlədən dini ibadətgahlara və qəbristanlıqlara qarşı hörmətsizlik əks göstərilib.
Jurnalın budəfəki nömrəsinə publisist və fotoqraf Səbinə Tumanskayanın “Azərbaycanı kəşf edərkən: Karvansaradan vulkan kraterinə qədər”, tarix elmləri namizədi Aygün Məmmədovanın “Qarabağ adı çəkilən ilk sikkələr”, Konfutsi İnstitutunun Azərbaycanda ilk könüllü müəllimi olmuş Sun Yanın "Mənim gözümdə Azərbaycan" və ölkəmizdə yaşayan Liu Lipinin "Mən və Azərbaycan 15 il" məqalələri də daxil edilib.
Nəşrin Çin dilinə redaktoru Rəşad Kərimov bildirib ki, bu jurnal vasitəsi ilə çinli oxucular Azərbaycan haqqında reallıqları ilk mənbədən Çin dilində oxuması olduqca vacib faktorlardan biridir. Bu baxımdan “İrs” jurnalı çinlilərin Azərbaycanı daha da yaxından tanımaları üçün mükəmməl məlumat toplusudur. Jurnalın nüsxələri Çinin elmi-tədqiqat institutlarına, kitabxanalara, strateji araşdırma mərkəzlərinə, nüfuzlu ali təhsil ocaqlarına göndərilir.
Azərbaycan Dövlət Pantomima Teatrı fevral ayı üçün nəzərdə tutulan repertuarını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, fevralın 5-6-da sənət ocağının səhnəsində “6+1 nömrəli palata”, 12-də “Kişilər və qadınlar”, 13-19-da da “Ağ bığlılar” tamaşaları göstəriləcək.
Səhnə əsərləri müvafiq olaraq saat 18:00-da təqdim olunacaq.
HD (High Definition – yüksək dəqiqlikli) formatda yüksək keyfiyyətli yayıma keçid televiziya kanalları üçün hər hansı əlavə xərc yaratmayacaq.
Bunu Report-a açıqlamasında Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov deyib.
R.Rüstəmov bildirib ki, yeni yayım istifadəçilərin rahatlığına hesblanıb:
"Burada həmçinin tamaşaçıların, yəni istifadəçilərin də hər hansı xərcinin olması gözlənilmir. Yalnız rəqəmsal televiziya qəbulediciləri olmayan vətəndaşlar ola bilər ki, onların kökləmələri yenidən düzəltməsinə ehtiyac ola bilər [bu halda istifadəçilər 25 manata qəbuledici əldə etməlidir].
Yüksək keyfiyyətli yayıma keçidə Milli Televiziya və Radio Şurası ilə artıq bir neçə aydır ki, hazırlaşırdıq və bu gündən etibarən o keçid baş tutacaq. Məqsədimiz tamaşaçıları daha keyfiyyətli yayımla təmin etməkdir".
Xatırladaq ki, bu gündən etibarən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Azerspace-1” telekommunikasiya peykindən yayımlanan yerli televiziya kanallarının HD (High Definition – yüksək dəqiqlikli) formatda yayımına başlanıb.
Bu yenilik Milli Televiziya və Radio Şurası, nazirlik yanında Kosmik Agentlik ("Azərkosmos"), “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi və Dövlət Radiotezliklər İdarəsinin birgə razılığına əsasən yerli televiziya kanallarının yayımında təsvir keyfiyyətinin daha üstün səviyyəyə gətirilməsi məqsədilə həyata keçirilir.
Yeni formata keçidlə əlaqədar olaraq yanvarın 28-nə qədər yerli telekanallar öz infrastruktur və yayım tezliklərini HD keyfiyyətində yayımı mümkün edən vəziyyətə gətirəcək. Yayım texnologiyası “MPEG-2” sıxlaşdırma metodundan “MPEG-4” sıxlaşdırma metoduna keçiriləcək.
HD formatlı təsvirdə SD formatla müqayisədə, kontentdən asılı olaraq, piksel (təsviri formalaşdıran element) sayı bir neçə dəfə çox olur. Bu isə təsvirin keyfiyyətinin bir o qədər yüksək olmasını təmin edir, nəticə etibarilə tamaşaçıya daha dəqiq və aydın görüntü izləmək imkanı verir.
Yerli televiziya kanalları HD formatda “Azerspace-1” peyki üzərindən 11175/H/30000 tezliyi ilə yayımlanacaq.
Kanalları HD formata keçirmək üçün təlimatdan istifadə etmək tövsiyə olunur.
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,67 ABŞ dolları, yaxud 0,71 % azalaraq 93,17 ABŞ dollarına düşüb.
Bu barədə Report-a neft bazarındakı mənbə məlumat verib.
Dünən “Brent” markalı neftin bir bareli 89,70 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
"Bakı Metropoliteni" QSC-nin “Cəfər Cabbarlı” stansiyasının əsaslı təmiri və yenidən qurulmasının növbəti mərhələsi başlayıb.
Report səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, görüləcək işlər çərçivəsində stansiyanın birinci yolunun 155 metr hissəsində ağac şpallar sökülərək dəmir-beton bloklar üzərində yeni yol infrastrukturu qurulacaq.
Stansiya yolundan əvvəl metropolitenin tarixində istismar olunan tunel yolunda ilk dəfə dəmir-beton bloklar quraşdırılıb. Avqust ayında başlanmış yenidənqurma tədbirləri artıq yolun yeni üstquruluş elementlərinin quraşdırılması ilə davam edir. Buna qədər “Xətai” stansiyası istiqamətində tunelin 481 m hissəsinin təmas relsi, yol relsi və ağac şpalları sökülərək beton özülü dağıdılmışdı. Yeni yol yatağı normativlərə uyğun betonlandıqdan sonra müvafiq konstruksiya qurulmaqla yola dəmir-beton bloklar düzülüb və betonlanıb.
Betonun texnoloji proseslərə uyğun quruyub möhkəmlənməsi gözlənilərək, yola düzülmüş relslər termik üsulu ilə qaynaq edilib. Qarşıdakı dövrdə burada yolun digər üstquruluş elementləri qurulacaq.
Yenidənqurma işlərinin stansiya yolu ilə davam etdirilməsinə gödək şpalların və relslərin sökülməsi ilə başlanılıb. İlkin hazırlıq tədbirləri yekunlaşdırıldıqdan sonra betondağıdan mexanizmlər təmir meydançasına gətirilib. Yaxın günlərdə sərt beton özül tam dağıdılaraq, yeni yol infrastrukturunun qurulması üçün hazır vəziyyətə gətiriləcək.
Buna qədər dəmir-beton konstruksiyalar “Cəfər Cabbarlı” və “Xətai” stansiyalarının bir yolunda da dəyişdirilib. İlk dəfə isə “Nərimanov” elektrik deposunun qatarların sınaq yolunda tətbiq edilmiş dəmir-beton bloklar “Elmlər Akademiyası” stansiyasının hər iki yolunda da tətbiq edilib.
Ölkə xaricindən gətirilən ağac şpallardan fərqli olaraq, dəmir-beton bloklar metropolitenin özünün istehsalat sahəsində alman texnologiyaları əsasında qurulmuş sexdə hazırlanır. Bu isə əsaslı maliyyə qənaəti, iqtisadi və texnoloji səmərəyə şərait yaradır. Texniki qulluğa ehtiyacı yoxdur, uzunömürlüyü 50 ildən az deyil, ekoloji cəhətdən daha təmizdir. Müqayisə üçün qeyd edək ki, ağac şpallar 15-20 il istismar olunursa, “Cəfər Cabbarlı-Xətai” mənzili kimi mürəkkəb hidrogeoloji şəraitdə onların ömrü iki dəfə azdır.
Yeni yol infrastrukturu müvafiq diaqnostika yoxlama-nəzarət tədbirləri şəraitində qurulur. Yenidənqurma tədbirləri müasir üstquruluş elementlərinin, o cümlədən “Vossloh UTS-300” rels bəndləyiciləri, hərəkət və təmas relslərinin qoyulması ilə davam etdiriləcək.
Yeni yol quruculuğunun 3 ay ərzində tamamlanması və platforma səviyyəsində mərhələli əsaslı təmir işləri ilə davam etdirilməsi nəzərdə tutulub.
Musiqi məktəblərinə işə qəbul prosesinin imtahan yolu ilə keçirilməsi müzakirə edilir.
Bu barədə Report-un sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.
"Məsələ ilə bağlı hələ yekun qərar qəbul edilməyib", - qurumdan vurğulanıb.
Xatırladaq ki, mədəniyyət naziri Anar Kərimov 2021-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında musiqi məktəblərinə işə qəbul prosesinin imtahan yolu ilə keçirilməsinə başlanılacağını söyləmişdi.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 nömrəli filialı Şuşa şəhərinin mədəniyyət abidələri haqqında videoçarx təqdim edib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, videomaterialda mövzu ilə bağlı ətraflı məlumat verilib.
Belə ki, dövlətimizin, tariximizin ayrılmaz parçası olan Şuşanın milli mədəniyyətimizin inkişaf tapdığı şanlı bir diyar olduğu, şəhərin ərazisinin qədim abidələrlə zənginliyi barədə, habelə şəhərdə 549 qədim bina, ümumi uzunluğu 1203 metr daş döşənmiş küçələr, 17 məhəllə bulağı, 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, 2 qəsr və qala divarlarının olduğu haqqında məlumatlar yer alır.
Nərimanov rayonu 207 nömrəli tam orta məktəbdə Vətən müharibəsi şəhidi, baş leytenant Səid Rəşidzadənin barelyefinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, şəhidin yaxınları, rayon icra hakimiyyətinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Azərbaycan Yazıçılar Birliyinin sədrinin müavini Rəşad Məcid şəhid Səid Rəşidzadənin keçdiyi döyüş yolundan danışıb.
Milli Məclisin deputatları Adil Əliyev, Sabir Rüstəmxanlı və Aqil Abbas çıxışlarında 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən bəhs edib, bu qələbənin şəhidlərin və qazilərin sayəsində əldə olunduğunu vurğulayıblar. Mərasimdə Vətən müharibəsinin qəhrəmanları, qazilər də çıxış ediblər.
Sonra məktəbin şagirdləri tərəfindən şəhid Səid Rəşidzadəyə həsr olunmuş kompozisiya təqdim olunub.
Qeyd edək ki, Səid Rəşidzadə oktyabrın 11-də Hadrut qəsəbəsində Azərbaycan Bayrağını yüksəkliyə sancan zaman şəhid olub. Füzuli rayonunda dəfn olunub. Ölümündən sonra “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə", “Vətən Uğrunda” medalları və “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.