Mən hələ işğal dövründə müsəlman ölkələrə müraciətlə deyəndə ki, ermənilər dəhşətli hadisələr törədir, bütün müsəlmanların müqəddəs ziyarətgahlarını təhqir edirlər, bəlkə də çoxları buna inanmırdı, lakin indi özləri bunu görəndən sonra necə qəbul edəcəklər? Yəni, burada baş verənlərin dərk edilməsində, bizim təkcə tarixi, hüquqi və siyasi baxımdan deyil, həm də xalis insanlıq baxımından haqlı olmağımızı dərk etməkdə daha bir dönüş baş verdi. Biz belə hərəkətlər etməmişik. Hazırda bizim nəzarətimizdə olan kəndlərdə, - mən ermənilərin yaşadıqları kəndləri nəzərdə tuturam, - hər şey salamatdır. Bir il keçib, mən Hadrutda olmuşam, orada bircə binaya da toxunulmayıb. İşğal dövründə orada əsasən ermənilər yaşayırdı. Bu, ümumiyyətlə, Azərbaycan xalqının xarakterinə ziddir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində bildirib.
Heç bir qəbirüstü daşın sındırılmadığını, heç bir kilsənin dağıdılmadığını vurğulayan dövlətimizin başçısı UNESCO ilə bağlı epopeyanı xatırladaraq deyib: “Onlar bizi az qala vandalizmdə təqsirləndirməyə çalışırdılar, düşünürdülər ki, indi biz kilsələri dağıdacağıq. Biz ermənilərin buraya gəlməsi marşrutunu onlarla razılaşdırdıq. Onlar da, onlarla əlaqədə olan bəzi ölkələr də çox təkidlə buraya gəlmək istəyirdilər. Biz işğaldan azad edilmiş ərazilərə xarici diplomatların və əcnəbi jurnalistlərin səfərlərini təşkil edəndə, onlar bu kilsələrin və bu qəbirlərin yerində olduğunu görəndə UNESCO-nun gəlməsi mövzusu gündəlikdən çıxarıldı. Məsələ belədir. Biz bütün illər boyu onları dəvət edirdik. Cavab necə olurdu? Deyirdilər ki, UNESCO siyasi məsələlərlə məşğul olmur. İkinci Qarabağ müharibəsi başa çatan kimi onlar təkidlə buraya gəlməyi xahiş etməyə başladılar. Biz marşrutları razılaşdırdıq və sair. Bu müddətdə baş verənlər məlumdur. Onlar özləri də gördülər ki, biz heç nəyi dağıtmırıq, amma buraya gələndə dağıdılmış məscidləri, dağıdılmış qəbiristanlıqları, tarixi abidələri, dağıdılmış şəhərləri görəcəklər, sadəcə, bunu kimin etdiyini deməyə məcbur olacaqlar. Deməli, bunu etmək istəmirlər. Bütün bu amillər, üstəgəl bizim fəal diplomatik işimiz bu reallıqların dünyada qəbul edilməsinə şərait yaratdı. Hesab edirəm ki, bu, böyük uğurdur”.
Azərbaycan Milli İncəsənət Muzeyi azyaşlı uşaqlar və yeniyetmələri (3-15 yaş) görkəmli rəssamların yaradıcılığını yaşatmaq və mədəni irsimizi yeni nəslə tanıtmaq məqsədilə “Bədii lövhələr” adlı layihəsinə qoşulmağa dəvət edir.
Muzeydən AZƏRTAC-a bildirilib ki, bu ay layihənin qəhrəmanı Azərbaycan təsviri sənətində koloritli yaradıcılığı ilə xalqımızın mədəni sərvətlər xəzinəsində özünəməxsus yer tutan, çoxşaxəli diapazona malik olan Xalq rəssamı Mikayıl Abdullayevdir.
Bu dəfə balacalar sənətkarın yaradıcılığına həsr olunmuş mühazirəni dinləyəcək, eləcə də təsviri sənətin müxtəlif növ və janrlarını kəşf edərək sənət əsərləri ilə tanış olacaqlar. Habelə, onlar “Öz tablonu yarat” adlı ustad dərsində rəssamın “Güllər” adlı bədii lövhəsinin “step by step” imitasiyasını yaradacaqlar.
Bütün azyaşlı sənətsevərlər “Bədii lövhələr” layihəsində iştirak etməyə dəvətlidir.
Təqdim olunan xidmətlərin yüksək keyfiyyətdə həyata keçirilməsi üçün öncədən qeydiyyatdan keçmək (+994 12 492 07 07) lazımdır.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Leyli və Məcnun” operası nümayiş edilib.
AZƏRTAC xəbər verir ki, səhnə əsərində əsas partiyaları - Məcnun obrazını - Xalq artisti Mənsum İbrahimov, Leyli obrazını isə Əməkdar artist Arzu Əliyeva ifa ediblər. Rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev olan operada digər rolları Əməkdar artistlər Cahangir Qurbanov (Nofəl), Təyyar Bayramov (İbn-Salam), Elnur Zeynalov (Məcnunun atası), Aytən Məhərrəmova (Leylinin anası), Rza Xosrovzadə (Leylinin atası), Afaq Ağayeva (Məcnunun anası) canlandırıblar. Səhnə əsəri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva tərəfindən idarə edilib.
Qeyd edək ki, Müsəlman Şərqinin ilk operası, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli tərəfindən yazılan “Leyli və Məcnun” operası 1908-ci il yanvarın 12-də tamaşaya qoyulub.
Orta əsr Azərbaycan şairi Məhəmməd Füzulinin eyniadlı poeması əsasında yazılan “Leyli və Məcnun” operasının rejissoru Hüseyn Ərəblinski, dirijoru Əbdürrəhim bəy Haqverdiyev olub.
Məcnun rolunu ilk dəfə görkəmli teatr və musiqi xadimi Hüseynqulu Sarabski, Leyli rolunu isə Əbdürrəhman Fərəcov ifa edib.
Üzeyir Hacıbəyli musiqisini muğam və təsniflər üzərində qurduğu bu opera ilə musiqi tarixində operanın yeni növünü – “muğam opera”sını yaradıb.
Azərbaycan mədəniyyətinin incilərindən hesab edilən “Leyli və Məcnun” bu günə kimi Azərbaycan səhnələrində oynanılır.
Yanvarın 12-də Heydər Əliyev Sarayında istedadlı rəssam, “Nargiz Art Studio”nun rəhbəri Nərgiz Quliyevanın fərdi sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgi Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalının birgə həyata keçirdiyi “Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində təşkil olunub.
Sərgidə Azərbaycan Rəssamlar İttifaqının üzvü Nərgiz Quliyevanın müxtəlif mövzularda çəkdiyi rəsmlər nümayiş edilib. N.Quliyevanın əsərlərində əsasən, multikulturalizmə, təbiət mövzularına, peyzaj janrına üstünlük verilib. Rəssamın çəkdiyi rəsmlərdə əsas məqsəd ətrafdakı gözəllikləri canlandıraraq tamaşaçılara çatdırmaqdır.
Tədbirdə layihənin ideya müəllifi, Heydər Əliyev Sarayının direktoru, Əməkdar artist Ramil Qasımov çıxış edərək layihənin əhəmiyyətindən danışıb. Bildirib ki, layihə böyük uğur qazanmaqdadır. Çünki, bizi bir-birimizə zəngin köklərə malik olan mədəniyyətimiz bağlayır.
Sonra iştirakçılar sərgi ilə tanış olublar.
Məşhur amerikalı rejissor Steven Soderberghin çəkdiyi “KIMI” filminin treyleri yayımlanıb.
AZƏRTAC xəbər verir ki, amerikalı aktrisa Zoe Kravitzin baş rolu ifa etdiyi film detektiv bir hekayədən bəhs edir.
Filmdə aqorafobiyadan əziyyət çəkən bir texnologiya şirkətinin əməkdaşı, yeni layihə üzərində işləyərkən şiddətli cinayətin qeydə alınmış sübutlarını aşkar edir.
Nə edəcəyini bilməyən gənc qadın, öz şirkətinin rəhbərlərinin ətaləti qarşısında qətlin sahibini tapmaq qərarına gəlir.
Yanvarın 19-da KION platformasında zorakılıq və uşaq travmaları ilə mübarizə mövzusundan çəkilən “İlbizlərin qaçışı” serialının premyerası keçiriləcək.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, rejissor Devid Linçin müəllif üslubundan ilhamlanaraq ekranlaşdırdığı filmdə əsas rolları Daria Ursulyak və Lyubov Tolkalina ifa ediblər.
Süjetə görə, iki qəhrəman - böhran mərkəzinin əməkdaşı və araşdırmaçı jurnalist – başına gələn zorakılıqdan sonra mərkəzə düşmüş Lera adlı qızın tarixçəsini öyrənirlər. Hər iki rolu Ursulyak ifa edib. Müəllifin Linç üslubuna istinad edərək hadisələri ardıcıl formada düzməsi sayəsində tamaşaçı mistik atmosferə qərq olur. Layihənin rejissoru Stas İvanovdur.
Bu gün Qətərin paytaxtı Doha şəhərində keçirilən Beynəlxalq Kitab Sərgisinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təmsil olunduğu sərgidə Azərbaycana dair ekspozisiya qurulub.
Ekspozisiyada Prezident İlham Əliyevin 2021-ci ili “Nizami Gəncəvi İli” elan etməsi ilə bağlı Sərəncamına müvafiq olaraq nəşr olunmuş dahi şairin “Xəmsə”si, professor Y.Bertelsin “Böyük Azərbaycan şairi Nizami” kitabının ingilis və ərəb dillərindəki nəşrləri, Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən ərəb dilində nəşr olunmuş kitablar və ölkəmizin tarixinə, mədəniyyətinə, ədəbiyyatına, eləcə də 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığına və şücaətinə həsr olunmuş kitablar nümayiş olunur.
10 gün davam edəcək sərginin açılışında Qətərin mədəniyyət naziri və digər rəsmi şəxslər iştirak ediblər.
"GoMap.Az" elektron platformasına yerləşdirilən məlumatlar xüsusi serverlərdə saxlanılır.
Report xəbər verir ki, bunu “GoMap.az” elektron platformasında Qərbi Azərbaycanın toponimləri bərpası ilə bağlı tədbirdə “Sinam” şirkətinin prezidenti Elçin Əliyev deyib.
E.Əliyev əlavə edib ki, həmin serverləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi təmin edib:
"Biz gözləyirik ki, bu platformaya Ermənistandan haker hücumları olsun. Ona görə də məlumatları Nazirliyin xüsusi serverlərində qoruyub saxlayırıq".
Qeyd edək ki, "GoMap.Az" elektron platformasında 1 000-dən çox toponimin bərpa olunub.
“GoMap.az” elektron platformasında Qərbi Azərbaycanın toponimləri bərpa olunub. Ermənistanın regionda dəyişmiş olduğu bütün mədəni və tarixi abidələrin adları artıq Azərbaycan dilindəki tarixi adları ilə nümayiş olunur.
"Report" xəbər verir ki, “Qərbi Azərbaycanın yaddaşı” layihəsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) dəstəyi ilə "Sinam" şirkəti tərəfindən həyata keçirilib.
“Sinam” şirkətinin prezidenti Elçin Əliyev layihənin təqdimatında bildirib ki, Qərbi Azərbaycandakı tarixi adların bərpası tarixi ədaləti bərpa etməyə imkan verib.
Onun sözlərinə görə, rəqəmsal inkişaf dövründə tarixi silmək mümkün deyil. “Elektron platforma sayəsində bütün dünyaya həqiqi adları nümayiş etdirə bildik”.
O deyib ki, layihə çərçivəsində 1000-dən çox toponimin bərpa olunub: “Ümid edirik ki, həmin ərazilərdən olan məcburi köçkünlər elektron platformaya daxil olaraq, doğulduqları yerləri qeyd edəcək, həmçinin həmin yerlərin şəkillərini əlavə edəcəklər”.
E. Əliyev əlavə edib ki, bu, regionunun tarixi toponimləri haqqında həqiqətləri dünyaya çatdırmağa imkan verəcək.
Dünya bazarında müxtəlif amillər neftin qiymətinə təsir göstərir.
"Report" xəbər verir ki, “Brent” neftinin mart fyuçersləri 0,12% ucuzlaşaraq, 1 bareli 83,62 ABŞ dollarına satılıb. WTI neftinin fevral fyuçerslərinin qiyməti isə 0,05% artaraq, 1 bareli 81,26 ABŞ dolları təşkil edib.
Amerika Neft İnstitutu (API) yanvarın 7-dək olan həftə ərzində ABŞ-da neft ehtiyatlarının 1,077 milyon azaldığını açıqlayıb. Analitiklər isə azalmanın 1,95 milyon barel təşkil edəcəyini güman edirdilər. Rəsmi məlumatları gün ərzində ABŞ-ın Energetika Nazirliyi dərc edəcək.
Neftin qiymətinə müsbət təsir edən amil Liviya neft hasilatının artması haqqında xəbərlər olub.
Bundan başqa, treyderlər ABŞ-ın Energetika Nazirliyinin Enerji Məlumatlarının idarə edilməsi Proqnozunu (EIA) qiymətləndirirlər. Belə ki, nazirliyin proqnozlarına görə, 2022-ci ildə dünyada neftin qlobal istehlakı gündəlik 3,6 milyon barel artaraq, 100,5 milyon barelə çatacaq. 2023-cü ildə isə gündəlik istehlak 1,8 milyon barel artaraq, 102,3 milyon barelə olacaq.